AZAD QARADƏRƏLİ LORKA VƏ ELDAR BAXIŞ (Esse, tam versiya.)
AZAD QARADƏRƏLİ
FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ
–
birini güllələdilər, o
birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
1.
Tələbə vaxtı, gərək ki, birinci
kursun ortalarında eşitmişdim Lorka haqqında.
Bir də onu eşitmişdim ki, Lorkanı
İspaniyada Aydanamar bulağının yanında faşistlər güllələmişdilər – o bulaqdan
adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı qarışmış deyə...
Eldarı isə bir az əvvəl, zavodda fəhlə
işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu yataqxanasına bir dəstə şair görüşə
gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki nisbətən geniş foyedə baş tutan
o görüşdə digər şairlər nə etdi, nə etmədi, bilmirəm, amma uzun, arıq bir gənc
olan Eldar orada bir şeir oxudu, bir
şeir oxudu ki, hamının alqışına səbəb oldu – hətta yataqxanamızdakı ruslar,
tatarlar belə az-maz anladıqları dildə oxunan şeirdən təsirlənib, əl
çalırdılar... Şeirdə belə misralar vardı: “Oğlun yoxdu Ballı qarı... Keçir məni
köynəyindən oğlun olum Ballı qarı...” Müharibədən dönməyən oğlunu ağlayan Ballı
qarıya həsr olunmuşdu şeir...
İoffe effekti deyilən bir şey var: hər
hansı bir əşyanın, məsələn, vərəqin üzərində
balaca bir kəsik, qopuq, çat olduqda onu sonradan asanlıqla parçalamaq olur.
Bunu məşhur rus akademiki İiffe təcrübədən keçirdib. Mən isə böyük alimimiz
Azad Mirzəcanzadənin təcrübələrindən bilmişdim bu effekt barədə...
Bir parça işıq
düşdü
çarpayımın
üstünə -
işıqdımı,
dişdimi, -
Sən ölümdə dişə
bax,
haqq yolunda
döyüşdə
ölmək istəyirdim
mən,
amma yorğan-döşəkdə
öləcəyəm, işə
bax!..
Və ya:
Heybədə rənglər
–
rast gəldiklərinizin
fikirlərini
boyamaq üçün.
Cibdə iki
yaylıq var bu gün –
yaralarımızı
sarımaq üçün...
Birinci şeir Eldar Baxışın, ikinci
Lorkanındır. Birincini güllələdilər, ikincini güllələmədilər – zəhərlədilər...
Sizə bir şey deyimmi? Lorkanı sevənlər
Lorka mənzilli olurlar. Nizami Aydın adlı şəhid şairimiz olub. Lorkanı sevib. Hətta
Lorkanı orjinaldan oxumaqçün və dilimizə çevirməkçün ispancanı öyrənməyə
çalışıb... Fəqət nə öz şeirlərini doyuncan yaza bildi, nə Lorkanı sonacan oxuya
bildi... Qarabağda açılan faşist güllələri sözünü ağzında yarımçıq qoydu. Eynən
Lorka kimi...
Eldar da Lorkanı sevərdi. Hətta mənə
tapşırmışdı ki, Lorkanın hansısa pyesini bizim radio teatrı üçün səhnələşdirim.
Qismət olmadı. Zəhərə tuş gəldi...
Lorka portağal aşiqiydi, şeirlərində
də portağal boy verir:
Sübh tezdən
özünlə,
ürəyinlə baş-başa qalasan sən.
Axşam üstü
oxuyasan
bülbül səsi ahəngində.
Könül,
eşqnən yanırsan,
Məhəbbət –
portağal rəngində...
Eldar isə iydə çiçəyini sevərdi. Bu adda bir kitabı da olmalı. Fəqət onun iydələri daha
çiçəkləməz:
Oğlan
damın üstündən
Qızı
papaqlamırdı.
İydə
çiçəkləmirdi.
Palıd
yarpaqlamırdı...
Lorkanın
metaforaları ilə Eldarınki niyə belə bağrı badaşdı, əcaba? Hələ bu sözün
deyilişinə bax, sən allah?! Adamın əti çimçəşir. Elə bil bu saat o işıq seli
ağacı doğrayacaq, qanı basacaq aləmi?! Kefin oldun, ay Lorka:
İşıq
ülgüc kimidi
Ağacın
barmağında.
Ürəyimi
axtarır
Könlümün
budağında...
Hələ
Eldara baxın! Onun misralarındakı “quş-qəfəs” deyimi adamı haralara aparmaz?!
Sanki qəfəsdəsən, boğularsan, “quruyub qalarsan”, əlin bir yana çatmaz:
Olacaq...
olmuşam belə,
Saralıb,
solmuşam belə.
Quruyub
qalmışam belə,
Dərdim
quşdu, qəfəsəm mən...
Lorka
ilə bağlı bir gənclik xatirəm var. Lap əlini uzadıb tutacaqmış kimi. “Renessans
həsrəti”nin bu yaxınlarda çapdan çıxan 3-cü cildində getmiş:
”Kəndimizdən 7-8 kilometr aralıda, Mincivan qəsəbəsində
9-cu sinifdə oxuyurdum. Bir gün dərsdən sonra xaraba Tərəkəmə kəndinin yanından
evə qayıdanda çadırlar qurulduğunu gördüm. Çalğı, oxumaq səsləri də gəlirdi.
Qorxa-qorxa çadırlara yaxınlaşdım. Diqqətlə baxandan sonra arada-bərədə gəzişənlərin
təhər-töhründən qaraçılar olduğunu anladım. (Biz tərəflərə dəstə ilə gələr,
baxıcılıq edər, çalıb-oxuyar, hətta dilənərdilər də. Kəndimizdən yuxarı Qaraçı
qışlağı deyilən yer də vardı.)
Birdən
iki uzun hörüklü qızın alaçıqdan çıxıb mənə tərəf gəldiklərini gördüm. Biri
8-9, o biri isə 14-15 yaşlarında idi. Böyük qız mənə çatan kimi kobud türkcədə
"ovcuma pul qoy, əlini aç, sənə baxım" (əlini aç, bəxtinə baxım
anlamında) dedi. Cibimdə cəmi 20 qəpiyim vardı. Utana-utana çıxardıb qıza
uzatdım. O, qəpiyi alıb, əlimi açdı, nələrsə söylədi. Onun dediklərindən iki kəlmə
yadımda qaldı. "Niyə belə kədərlisən?" və "Payızdan özünü gözlə..."
(Mincivandan Naxçıvana, oradan da İravana qatarlar gedərdi və mən hər gün o
qatar yolunun kənarı ilə geib-gələrdim. Elə bildim, "poyuzdan - qatardan
özünü gözlə dedi. Sonra fikir verib gördüm ki, deyir payız gələndə ağır xəstə
olursan...)
O gecə səhərəcən
yata bilmədim. Qızın uzun hörükləri çatı kimi boyun-boğazıma dolanır, əlimi
tutanda bədənimdən keçən cərəyan payız afatı kimi axırıma çıxırdı - nə bəla
idisə hər payızda, həqiqətən bərk xəstələnərdim. Nənəm buna payız afatı deyərdi.
Sonralar
uzun müddət o qızı unuda bilmədim. Ta Lorkanı tanıyanacan o qız mənimlə olurdu
gecələr.
Keçən
payız karona virusa yoluxanda yenə yuxuma gəlmişdi. "Öləcəm?" dedim.
Başını bulayıb güldü. Sonra kədərlə Lorkadan oxumağa başladı:
icazə ver
bu əkin yerində
bir doyunca ağlayım...
Bir arzum
var. Zəngilana, Qaradərəyə dönəndə Qaraçı qışlağına gedəcəm, oradakı iri
daşlardan birinə Lorkanın adını yazacam. O qızın da xoşuna gələr, elə bilirəm.”
Daha
bir arzum var. Hökümətin izni çıxsa, Zəngilana gedəndə bir yolumu Qubadlıdan –
Müskanlıdan da salacam. Orda, o kəndin xarabalığında bir “Eldar heyyyyyyy!” naləsi
çəkib ağlayacam.
Bu sətirlər
də yuxarıda adını çəkdiyim kitabdandır: “Eldarla (Baxış) Lorkanın (Qarsiya)
arasında qəribə bir oxşarlıq görmüşəm həmişə. İkisi də düzünəqulu adam olub.
İkisi də qabağından yeməyib. İkisi də yonulmamış, külçə sözləri sevib. İkisi də
gülləyə həris olub. Birini qurşun öldürüb, birini zəhər gülləsi.
Hərdən onların misralarını dəyişik salıram. Elə ölkələrini
də. Elə düşmənlərini də... Hə düşmənləri eynidir. Sözün, azadlığın düşməninin
milliyyəti olmaz ki!
Mənə qələm veirb bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm...
Könül
deyir ki, özünü bas yerə, bu iki şairdən bir kitab yaz. Nə olacaq ki?! Biri
dostun, biri də ki...
Lorka mənim
nəyim düşür, ay ana?
22.06.2022
2.
80-lərin
sonlarıydı. Eldar bizim rayona tez-tez gəlirdi. Dostu və eloğlusu katibdi -
bir, iki – gərək ki, orta məktəb yoldaşı olan bir polis işçisi bizdə müavin
idi. Yekə çıxmasın, mən də vardım – bu da üç.
Yəni,
Eldar rayon səviyyəli tədbirlərə gələr, məni də özünə qoşardı. Daha doğrusu,
indi mənə raykomda bir balaca iş də vermişdilər, əli mənə tez çatırdı. (Bu o
vaxtlar idi ki, mənim “Dumduru su” adlı hekayələr kitabım təzə çıxmışdı və
katib həmin kitabı kitab mağazasında görmüş, hətta pul verib birini almış,
kitabla tanış olduqdan sonra məni raykoma işə çağırmışdı. Bu haqda bir neçə dəfə
yazmışam, ona görə təkrarçılıq edib mətləbi uzatmayacağam. Sadəcə, onu qeyd
edim ki, mənim kimi arxasız birinin raykoma işə aparılmasını min yerə yozanlar
olmuşdu: uzaq qohumumuz rəhmətlik Məhəmməd Əsədovla bağlayan kim, Eldar Baxışın
üstünə yıxan kim... Yazıq o bapbalaca kitabımı heçə sayam kim...) Bir dəfə həmin
polis bizə hindüşka kababı verdi və o qonaqlıqda Eldar o qədər lətifə danışdı
ki, adamlar az qaldı şalvarlarına işəsinlər gülməkdən...
Həmin
lətifələrin çoxu az sonra onun “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabında
çap olundu. Biri elə az qala o polisin özü və rəisi haqqında idi. Məşhur
“Kapital”ı kim yazıb?” sualı və polisin bunu zorla bir nəfərin boynuna
qoması...
İki
ay sonra qəribə yerişli-duruşlu, intilgentsayaq bir qoca gəldi mənim yanıma və
dedi ki, mənim qoyunlarımı polis rəisinin müavininin əli ilə oğurlayıblar. Dəlil-sübut
da göstərirdi. Həmin rəis müavininə zəng vurdum, dedim bu nə məsələdir? Gülüb
dedi ki, sən o kişinin sözlərinə inanırsan?! O özü maşennikin biridir...
Hirslənib
getdim katibin yanına. Məsələni ona da danışdım. Katib nə desə yaxşıdır? “O
qoca agent olub, casus olub. Vaxtilə İrana işləyib. Burdan ora partbilet daşıyıb...
Belə birisinin sözünə necə inanmaq olar?! Sən yazıçısan, rayonumuza gələn qələm
adamları ilə otur-dur, özünı bir gün ağla, gələcəyini düşün...”
Növbəti
dəfə Eldar gələndə əhvalatı ona danışdım. Başını buladı və həmişə gülən gözləri
hirsindən alacalandı:”Vay səni əclaf! Gedəndə bir erkək cəmdəyi qoymuşdu mənə!
Dəqiq o kişinin qoyunlarından imiş... O dəfəri qapatdıq... Bir də onunla görüşməyəcəyəm...
Bu nə ölkədi, bu nə dünyadı?!”
Sonra
yeni çapdan çıxmış kitabını mənimçün imzalayıb, havalı-havalı qonaq evinə
getdi. Səhəri eşitdim ki, Qubadlıya yollanıb. Mən isə onun yeni kitabından bu sətirləri
oxuyanda əlim üzümdə qaldı:
Dəyişib
elə bil hər şeyin tamı,
Bal
var zəhər dadır, zəhər bal dadır.
Quzunun
qurd üzü aldada bilmir,
Qurdun
quzu üzü bizi aldadır...
...Dostum
Camal Yusifzadə ilə ədəbiyyatdan danışırıq. Qəfil Lorkadan söz salır və elə
danışır ki, sanki Lənkəranda bir futbol komandasında oynamışdılar, ya da Qranadada
dərnək yoldaşı olmuşdular. Qanaddan, qayıdışdan bəhs edən bir bəndi rusca
oxudu, sonra da şairin o qanadlarını əclafların qırdığını deyib doluxsundu – elə
bil əziz dostunu, sirdaşını güllələmişdilər. Sonralar mən o şeirlə gənc bir
şairin tərcüməsində yenidən qarşılaşdım. Nədənsə yenə Eldarı xatırladım,
Camalın nurlu siması siqaret dumanında çəkildi və ömründə siqaret çəkməyən Eldarın
(mən onu siqaret çəkən görməmişəm, bəlkə gəncliyində çəkmişdi, bilmirəm) şaqqa
çəkib gülən siması göründü, fəqət o simanı da boz bir duman aldı... Lorkanın
misralarında Eldarla Lorka ilk dəfə üz-üzə gəldilər:
Qanadlarıma
görə geri qayıdacağam,
qoy geri qayıdım,
ağ rəngli bir diyarda ölmək istəyirəm,
Dünənlərin diyarında...
Qanadlarıma görə geri qayıdacağam
qoy geri qayıdım,
dənizin gözündən uzaqda,
Sərhədsiz bir diyarda ölmək istəyirəm...
Sonra
eşitdim ki, Eldar “ala-bula” adamların güdazına gedib. Sinəsinə dağ çəkmək üçün
oğlunu maşınla vurub öldürdülər – təbii bunun adı bir qəza kimi düşdü tarixə. Fəqət
bu qəzanın nə qəza olduğunu bir Eldar bilirdi, bir o “ala-bula” adam bilirdi,
bir də o gözəgörünməz kişi... O da ki, hələm-hələm reaksiya verən deyil. Səbri
gendi. Əlli il, yüz il...
Eldar
isə kənddə, düzün ortasında maşınla vurulan balasına ağı deyirdi:
Ay
ölüm, ağlama sən də,
Gözlərində
yaş görməyim.
Didib-dağıtma
sinəni,
Sinən
daşdı, daş görməyim.
Sən
də bir tale qarğışı,
Qapıda
dolanma, yaxşı...
Düşüb
üzüyümün qaşı,
Üzüyündə
qaş görməyim...
Keç
içəri... dərd dərində,
Dərd
mənim can dəftərimdə.
Uzan
Andayın yerində,
Mən
o yeri boş görməyim.
Lorka
da elə bil ona doğru gələn xatanı duyurdu. Sanki anlamışdı ki, həbsi ilə
qurşuna düzülməyi cəmi üç gün çəkəcək. Əli qanlı adamlarçün güllələnənin
kimliyi maraqlı deyil, onlarçün ölüm statistikadır. Lakin neçə şeiri, pormanı,
dram əsərini güllələdiklərinin fərqində deyildilər! Elə bilirdilər hər atılan
güllə ətə dəyir – anlamırdılar ki, kağıza, qələmə, mürəkkəbə, ədəbiyyata dəyir
onların məşum güllələri!
Sanki
şair bunları duyurmuş kimi yazırdı:
Unut
bizə gələn yolu.
Kəsilmə
qapıda qənim...
Eldar
ölümün həyatdan üstün olduğu, ölümün meydan suladığı, ölümün başda oturduğu
yerdə yazırdı ölümsüz şeirlərini. Sovet höküməti deyilən şər imperiyası özü
boyda bir ölüm makinasıydı. Qabağına çıxanı udurdu. Yarandığı gündən həyatla
deyil, ölümlə uğraşırdı bu qondarma dövlət. Lenin deyibən Lenin ola bilməyən
kişinin cildinə girmiş Stalin adlı bir İblis od püskürür, qan qusur, ölkəni də
qana bələyirdi. Ən çox ziyalı qanı içən bu diktatoru bizimkilər Koba deyib qəhrəmana
çevirir, ellər atası eləyib yarımallaha bənzədirdilər... Və nə yazıqlar ki, bu
“yarımallahlar” hələ də canımızda, qanımızda gizlənən gizli kodla bizi idarə
edir, demokratiyanın, saf sözün deyil, çiy sözün, yalanın, saxtalığın yanında
olmağa itələyir bizi... və biz də himə bəndmiş kimi gedirik...
Eldarın
davası bunlarla idi. Bizi ora itəliyənlərlə və o itələnən yerə it kəmsiyə gedən
kimi gedən bizlərlə:
Dizini
çək, diz yiyəsi,
Nə
qədər dizləmək olar.
Nə
qədər sevinci qovub,
Dərdi
əzizləmək olar.
Bu
aslan o aslan deyil,
Bu
yastan o yastan deyil,
Dünya
axı bostan deyil,
Nə
qədər üzləmək olar.
Bir
çiçəyi dərməyəndən,
Bir
yetimə verməyəndən,
Ölümünü
görməyəndən,
Nə
desən, gözləmək olar...
Lorkanın
şeirləri də, pyesləri də ölümə, qana qarşı idi. Bu misralarda “rüzgar
qovaqların saçlarını yelpikləyir”, “sevgililərin ürəyi atır”, “bülbülün cəhcəhi”
duyulur və “məhəbbət portağal rəngində” dil açır. Və belə bir sevgi, eşq aləmində
kimsə tüfəng axtarır, kimsə silah istəyir, kimsə bıçaq tələb edir. Onda milliyyəti
bilinməyən bir ana (böyük ədiblərin qəhrəmanlarının milliyyəti olmur – onlar
böyük hərfli insanlardırlar) nalə təpərək hayqırır: “Tüfənglərə, tapançalara, ən
balaca bıçaqlara belə, hətt toxaya, yabaya da lənət olsun!” (Lorka “Qanlı toy”
pyesindən, çevirən Əfqan Xəlilli.)
Lorka
da, Eldar da ictimai motivli əsərlərində xalqının özgürlük istəyini dilə gətirir,
zira onların ikisində də daha çox bəşərin arzuları önə çıxır. Lorka yağışı vəsf
edəndə insan bütün kin-küdurəti unudur, dünyanın gözəlliyinə valeh olur, sevib,
sevilmək istəyir:
Canlanır
qədim bir əsatir kimi,
Mavi
bir busətək öpür torpağı.
Odur
qovuşduran səmayla yeri
Aramla
düşərkən bir axşamçağı...
Bu
da Eldarın qənaətidir: insan oğlu bu dünyaya gələndə bir əlçim bulud kimi ümid
başının üstündən əskik olmur. O gərək o ümiddən bərk yapışsın. Biri “Həşimin oğlu”,
biri “Vəlişin oğlu”, biri də “Həmidin oğlu” olsa da, sən “ümidin balası, ümidin
oğlu” olduğunu unutmamalısan. Sənə verilən bu missiya həm də bir şairlikdir ki,
hər kəsə nəsib olma. Ona görə də kimlərinsə əli ümiddən üzülə bilər, səninki əsla:
Elə
bil dünyanı verdilər mənə,
Dünyanın
içindən seçdim ümidi.
Təndir
çörəyi tək yedim ümidi,
Bulaq
suyu kimi içdim ümidi...
***
Bu
yazı bir tədqiqat işi deyil, zira buracan uzanmağına səbəb də gələcəkdə bir əli
qələmli, qoltuğu netbuklu gənc ədəbiyyatşünasın
yol bələdçisi ola bilmək amacıdır. Mən yazdım ki, kimlərsə davam etsin.
Ayrı-ayrı ölkələrdə, ayrı-ayrı paralellərdə yaşamış iki böyük ola biləcək, fəqət
böyümələrinə imkan verilməyən, sözləri ağızlarında güllələnən, sözlərinə zəhər
qatılan şairin yaradıcılıqlarına bir güzgü tutduq. Lorkanı dilimizə çevirən,
kitabını çap edən Elçin İskəndərzadəyə var olun deyibən yadına bir nəsnəni
salmaya bilmirəm: 2004-də Lorkanın Azərbaycanda kitabını buraxmaq nə qədər
böyük fəzilətdirsə, 1988-dən bu yana Eldarın kitabını buraxmamaq o qədər... Bu
məsələnin ona, əlbəttə bir dəxli olmamalı... Axı Lorkanın ölümündən 88 il ötüb,
Eldarın ölümündən isə 26 il! Yəni, 62 il ötməlidir ki, Eldarın da əsərləri nəinki
bizdə, hətta İspaniyada çap olunsun...
62
il...
Gözləyək...
Ölənlər
öləcək, Lorka ilə Eldarsa əbədidir.
Əbədiyə
illər nə edər ki?..
S.A.(Söz
ardı.)
1.Eldarın
“Sərçə balası” şeiri var. Elə o Sərçə balası özü də var. İndi qarıyıb, yəqin. Mən
onun şıq vaxtlarını görmüşdüm. Güləndə adamın ürəyi fərəhlə dolurdu. Eldarı necə
sevirdi, ilahi?! Bəs Eldar onu necə sevirdi? Bunun cavabı var: “Sərçə balası”
boyda...
…Sən
ey yeri, göyü yaradan kişi,
Uzaq
görünürmü ordan yer sənə?!
Bu
qıza bu boyda sevgi vermisən,
Mənə
də bir azca sevgi versənə.
Səni
də düşəsən mənim günümə,
Sənin
göyün olsun,
quşun
olmasın.
İlahi,
neyləsən, sən mənə eylə,
İlahi,
bu qızla işin olmasın…
Hər
il iyunun 22-də Xırdalan məzarlığına Eldarı ziyarətə gedərdi. Bu dəfə baxdım
ki, gedə bilməyib. Onun qoydğu gülləri uzaqdan tanıyıram axı. Yoxdu o çiçəklər.
Yol yoldaşımla məzara çiçək düzəndə möcüzə baş verdi: bir dəstə sərçə çivildəşə-civildəşə
uçub başımızın üstündən keçdi. Eldarı yaxşı tanıyan dostum quruyub qalmışdı. Mən
tez dilləndim: “Balaları uçub bu tərəfə gəlib, onu axtarırlar, yəqin.” Molla isə
istidə qaranafəs oxuyurdu... “ihdinəs siratəl mustəqim...”
Bu
vaxt sərçələr... Yox, daha sərçə-filan görmədik. Amma mən səslərini hələ də
eşidirdim...
Maşında
geri dönərkən yol yoldaşımdan soruşdum ki, sərçələrə fikir verdin?
Heyrətlə
üzümə baxdı:”Nə sərçə?!”
2.Lorkanın
da Lolası varmış. Yox, varmış niyə?! Yenə var. Deyirlər ki, (kim deyir?!) hər
il iyunun 5-də Qranadada adı Lola olan bütün qızlar əllərində gitara nəğmə
oxuyar, Lorkanın xatirəsini yad edərlər... Nə xatirə canım?! Lorka ölmədi ki!
Neçə ki, Lolitalar var, Lorkanı ölməyə qoymazlar:
Mart
körpüləri üstündə gecə
çılınçılpaq
qürub nəğmə oxuyur.
Qızılgül
ləçəyində çimir Lolita
çılpaq
gecə sübhədək gül qoxuyur...
Hə,
hə. Lorka ölmədi. Baxın, görün özü nə deyir bu barədə:”Başqa ölkələrdə ölüm hər
şeyin sonudu. Ölüm gəlir və pərdə enir. İspaniyada isə bir az başqa cürdü,
burada çox şey dörd divar arasında gizlənir və yalnız ölümdən sonra gün işığına
çıxırlar. İspaniyada ölüm həmişə sağdı.”
3.Eldar
da ölümlə dost idi. Bir dəfə bir dostunun kafesinə gedirdik. Yolda soruşdu ki,
sən ölümü görmüsən? Onda hələ indiki kimi ölüm-filan tanıyan halda deyildim.
Selbəmin ağacdan qoz saldıran vaxtlarıydı. Gülümsündüm. “Mən ölümün dadını
görmüşəm. Xalamın üç yaşında qızı ölmüşdü. Mənim də on yaşım-zadım olardı. Çox
istədiyim qızcığazın ölüsünü öpdüm. Bir ay ölümün acı tamı ağzımdan getmədi...”
“Hə,
- dedi. –Heylə olur... Mənim də qızım öləndə...”
Daha
dalısını demədi. Dalısını mən onun kitabından oxudum.
Aldı görək Eldar Baxış nə dedi:
Ölüm
qara qarışqadı,
Torpaq
qarışqa yuvası.
Bu
dünya bir tərəzidir,
Biz
də pərsəngi, arbası.
Düzüb
boy-boya aparır,
Kimini
toya aparır,
Kimini
vaya aparır,
Taleyin
at arabası.
Çox
yay gördüm, çox qış gördüm,
Alqış
gördüm, qarğış gördüm,
Ölüm
boyda bayquş gördüm,
Dünya
boyda xarabası...
4.Lorka
ürəklərdə yaşayan şairdir. Faşistlər onun özünü güllələsələr də, sözünü nəhv edə
bilmədilər. Lorka yüz ildir gəzir dünyanı. Səs-səs, söz-söz, nəğmə-nəğmə. Neçə
ki, bəşər var, Lorka da olacaq. Özü nə demiş:
Amarat
çay gəmisi
uçub
getdi yelkənsiz.
Arzularım
dənizdə
dəfn
olundu kəfənsiz.
Hamı
üçüm yaşayıram yer üzündə
hamı
üçün yaşayıram bu gün də...
Eldarsa
deyirdi ki, hər şey, hər kəs unudacaq məni. Təkcə bu torpaq unutmayacaq,
“yoluxacaq” məni...
Düz
deyir. Getdm. Gördüm. Həmin torpaqdı, həmin Eldardı. Həmin Xırdalan məzarlığıdı,
həmin sərçələrdi... Və həmin torpaqdı. Bərk-bərk qucaqlamışdı şairi. Heç kimə
verəsi deyildi.
Ümidim
bircə torpağadə,
üstündə
gəzdiyim bu torpağa;
bu
torpaq yoluxacaq məni,
yoxlayacaq
məni...
hər
şeyi unutsa da,
qəbrimi,
başdaşımı
yadında
saxlayacaq mənim...
25.06.2022
Yorumlar
Yorum Gönder