AZAD QARADƏRƏLİ CAMALIN AĞ KİTABI
AZAD
QARADƏRƏLİ
CAMALIN AĞ
KİTABI
(Dostumun ağ kitabı haqqında ağ kəlmələr)
Dostum
Camal Yusifzadə ilə ilk dəfə işlədiyi “Ədəbiyyat və incəsənət” qəzetində görüşəndə
çaşıb qalmışdım: Camal Yusifzadə, yəni mənim oxuduğum Camal, o şeirləri yazan
Camal - bu fağır, sakit, çox astadan danışan adammıdır? Axı biz görmüşdük ki,
şairlər qışqırar, nərə çəkər, nalə təpər...
Camalsa
çox sakit səslə “hekayəni oxuduq, xoşumuza gəldi, həmişə belə aydın yaz, rahat
yaz, bir də bildiyini yaz...” demiş və ustad Sabir Əhmədliyə işarəylə,
“yaxşısın o kişi bilir” deməyi də unutmamışdı. Bizi, deyəsən, elə Sabir müəllim
özü tanış eləmişdi. Çayxanaya gedəndə də “Sabirin bərəsindən hər adam keçməz
ha” demiş, sonra da bir xeyli bilmədiyim şeylərdən məni agah etmiş, “amma İsini
çox oxu, onda təbii şeylər hədsizdi, İsi ayrı aləmdi” - əlavə etmişdi.
O gün
Camalın mənə bağışladığı “Atlılar,
qanadlılar”, bir də kitab mağazasından aldığım İsi Məlikzadənin “Küçələrə su səpmişəm”
kitablarını oxumağa başlamışdım...
Camal
fərqli yazırdı. O qədər fərqli ki, ilk baxışda gözümüz o misralara alışa
bilmirdi. Bir xeyli sonra anladıq bu sirri. Camalın misraları sanki piano dilləri
idi və o dillərdən qalxan musiqili səslər ahəngə dönüb beynimizi döyəcləyir, nələrsə
bizə izah etməyə çalışırdı. Nələri?
Bunun
ən yaxşı cavabını böyük Əli Kərim veribmiş:”Camalda nə xoşuma gəldi? Onun elmə,
savada, həyata dərin meyli. Camal, sözün yaxşı mənasında, təmkinli şairdir, bu
onun misralarını yersiz hay-küydən, pafosdan, obraz ədasından təmizləyir. Adətən,
təmkinli sözü ilk baxışda, laqeydlik, quruluq, soyuqluq assosasiyası kimi səslənir.
Mən xoşagəlimlik, necə olursa-olsun ürəyə yol tapmaq məqsədi güdən yalançı
davranış təmkinini yox, istiqanlı, kövrək təmkini nəzərdə tuturam...” (Əli Kərim
“İntellekt və poeziya” məqaləsindən.)
Gəlini
köynəkdən keçməyən anam,
Toyuma
al paltar biçməyən anam,
Kətan
köynəyinin yaxası yaşmı? –
deyən Camalda qəfil peyda olan sözə bir şimşək münasibəti
var: “Kətan köynək nazik bədən” deyən xalqa birdəncə “Kətan köynəyin yaxası
yaşmı?” sualını vermək qədər ustalıq, zərgərlik məharəti tələb olunur şairdən.
Sonrakı misralarda daha amansız cavab var:
İblis
köynəyindən keçən adam var –
...Kətan
köynəyini düymələ barı...
Camal
şeirimizə bir akustika gətirdi. Oxunmayan sözlərin eşidilməsi akustikası. Sözün
alt qatında yatan, illərdir mürgü döyən sözləri oyatmaq, onların çıxmayan səsini
çıxartmaq, əks-səda kimi eşidilməyən qulaqlara yönəltmək...
Mənim
yaşımda
Heç
kim məhəbbətdən
Ölməyib
hələ,
Mən də
ölmərəm
Ölmərəm
ancaq
Görünür,
yaşamaq çətin olacaq...
Sonuncu
misrada nələr yoxdur? Nələr gizlənməyib? 37-də yəqin ki, buna görə Camalı güllələyərdilər,
77-də isə Camala güllə atmasalar da,
yazıçıların evlərinə daşınan o dəstərxan-dəstərxan pullardan (biri
danışırdı ki, bir kitabıma görə bir dəstərxan arası pul almışdım), o
ad-sanlardan, o maşın-muşunlardan Camalı uzaq tutdular, çox, eeeeee, lap çox
uzaqda saxladılar...
Camal
da Camal idi. Gözünün ucu ilə də baxmadı o pullara, xalq-malq şairi adlarına,
mükafatlara, ad batıran ad-sanlara...
Əli Kərimin
dediyi kimi, hay-küysüz poeziyası ilə gəldi, nəğməsini oxudu və getdi...
Yox,
getmədi Camal. Gedən cismi idi, torpağa verdik. Sevdiyi torpağa.
Bir
kitabı, pir kitabı - son kitabı var ki, onun haqqında ayrıca danışacam. Orda mənə
yazdığı avtoqrafda da o TORPAQ var:”Azad bəy, bizim də ucalmağa zirvəmiz, cücərməyə
torpağımız olacaq! Vətən Sənə dar gəlməsin!
Camal...”
Bu o
günlər idi ki, mənim torpağım yox idi, yurdum talan-tarac olmuşdu, ocağımın
külü soyumuşdu... Buna, bu külü soyumuş ocaq yerinə də Camalın öz yanaşması var
axı!
…Qapıda
soyumuş bir əl yeri var,
Həyətdə
qurumuş ayaq yeri var,
Alça
ağacının sol tərəfində
Külü
laxtalanmış ocaq yeri var;
Ay
qonşu, bu evin yiyəsi hanı?
Bu
şeir Camalın mənə bağışladığı, yuxarıda yazdığı sözlərin yer aldığı ağappaq rəngli
“Poeziya” adlandırdığı 490 səhifəlik bir cildliyindəndir. Bu AĞ KİTAB sanki
Camalın taleyinin – poeziya və həyat taleyinin rəmzidir. Bu kitabda Camalın ürək
ağrılarından qidalanan fövqəladə şeirləri toplanıb. Camalın ürəyi xəstə idi. Bu
adi ürək xəstəliyi deyildi. Bu ağ kitabdakı şeirlər onun venasına oturmuş,
ordan qan əmir, boy atır, şah misralara çevrilirdi:
LƏNKƏRAN
Gözü
yaşlı,
Buludu
kövrək,
Yatağı
nəm,
Mənim
İslanmış,
Yaşıl,
Zərif
nənəm.
Yaxud
başqa bir missal:
Salam,
salam,
Mənim
səfil həsrətim.
Sən
hara, bura hara?
Harda
idin, ay avara?
Ay mənim
dəcəlim,
Sənə
nə deyim…
O
vaxt sən yox idin…
Əlbəttə,
şeirin ardı var. Zira oxucu onun ardını oxumasa da, onu nələrin gözlədiyini
yaxşı bilir. Təkcə bu bəsdi elə:”O vaxt sən yox idin…”
Bu ağ
kitabda şairin bu dünyanın qara üzünə uyuşmayan, dünyamızı ağ-aydın,
günlü-gündüzlü görmək istəyən böyük bir insana – Elçibəyə həsr etdiyi şeir də
var. Mən o şeiri Camaldan heç eşitmədim. Yazıb, ürəyində saxlayıb. Onun ürəyindən
qan soran şeirlərdəndəndir. Sevə-sevə yazıb, sevə-sevə kitabına salıb. İlk
misranı oxuyanda elə bil cərəyan vurdu məni. “Ümid yaşıldı hələ…”
Ümidlərin
hər zaman yaşıl olma ehtimalı varkən, bu şeiri yazanın, bu şeirin yazlanının
yaşılı nə oldu bəs?! Bizim insanımız o “yaşıllara” haçan dönəcək?
Gəlin
ürəyində qoruduğu, ağ kitabında saxladığı o müqəddəs şeirdən misralara baxaq:
Ümid
yaşıldı hələ,
İnanmakı
eşq ölə.
Nifrət
eşqlə hamilə -
Zamana
ehtiyac var.
Haqqa
dirənib ölkə,
Min
paradı bir tikə,
Dost
da düşməndi bəlkə?
Gümana
ehtiyac var.
Ağrı
gərək od tökə,
Nifrət
gərək qıy çəkə,
Yağı
gərək diz çökə,
Yamana
ehtiyac var.
Güllə
tuşlanıb sözə,
Torpaq
dirənib dizə,
Ağı
çəkilib gözə,
Yumana
ehtiyac var.
…Düşmən
qəvi, dərində,
Yiyəsi
var şərin də,
Sən
TANRI qənşərində,
Zamana
ehtiyac var!
Zamana
ehtiyac var!!
Ağ
kitab söhbətini burda bitirərdim, zira bu misraları gözüm almasaydı(siz mənim
belə kövrəlib asi-kafir olmağıma baxmayın, Camal təpədən dırnağa ümid,
başdan-ayağa inam, içi ləbələb həyat dolu bir adamdı; aşağıda oxuyacağınız
misraları Camal yazmayıb – namərd dostlar, üzvü olduğu birlik, daha nə bilim,
kimlər, kimlər yazdırıb şairə) :
ADAMDAN
qorxasan gərək, qardaş,
Qorxasan
gərək!
İllah
ki, çiy süd iyi gələn adamdan,
İllah
ki, adama oxşayan adamdan,
İllah
ki, dostdan,
İllah
ki, ömrün payız çağında!..
…Camalın
70 yaşı tamam olurdu. Özümə borc bildim ki, şair dostum haqqında bir yubiley
yazısı yazım. “Uşaqlıqdan xoşlamıram ovalı” adlı yazı bir neçə saytda, o vaxtın
qəzetlərində yayımlandı.
(https://kulis.az/index.php/xeber/edebi-tenqid/xeber____________________________________-17009)
İşlədiyimiz idarənin həmkərlar təşkilatı gücü çatan qədər
qeyd etdi bu əlamətdar günü. Biz də dostlarla yığışıb bir yüngün süfrə qurduq
şairə.
Həmin
günlərdə çox kədərli idi. Elə bildim 70 yaşın kədəridir. Bir az söhbətə çəkəndən
sonar qəmli-qəmli dedi: “Bilirsən, sənə haq verməyə başlamışam. Yadındadı, sənə
təkid edirdim ki, ərizə yaz, biz də zəmanət verək, gir İttifaqa?.. Sən isə bunu
etmədin… İndi mən o İttifaq üzv olmaqda günah eləmişəm… Bircə dəfə çağırıb demədilər
ki, ay Camal, nə yaxşı 70 il yaşamısan?!”
Dedim
ki, bəlkə unudublar, bir eşitdir, kimlərsə yadlarına salsınlar?
Acı-acı
güldü. “Sənin yazını neçə qəzet verib, neçə sayt tirajlayıb… Məgər görmürlər?!
Yaxşı bilirlər… Sadəcə…”
Əlini
yelləyib getdi.
O,
bir gün isə bu dünyaya əlini yellədi. Özünəxas ironiya ilə gülüb getdi…
Yazbaşı…
Yazbaşının
göz yaşı…
Ümid
yaşıl,
Kədər yaş.
Uzaq
bir yurd yerində
Çatlayıb,
göyərdi daş…
29.07.2022.
Yorumlar
Yorum Gönder