AZAD QARADƏRƏLİ KAMİLLİYİN ZİRVƏSİNDƏ
KAMİLLİYİN ZİRVƏSİNDƏ
(Ustad
alim, görkəmli dilçi, İstanbul Aydın universitetinin professoru Kamil Vəli Nərimanoğlunun
anadan olmasının 75 illiyi münasibəti ilə)
İnsan
anadan, atadan bəzi hazır genlərlə həyata atılsa da, qalanı həyatda
qazandığıdır. Məlum alimin ağ lövhə nəzəriyyəsi tam olmasa da, əsasən doğrudur.
Biz kənd uşaqları doğularkən ailədən, məktəbdən və universitetlərdən
aldıqlarımızla o ağ lövhəmizi zənginləşdirmədikmi? Hətta biz Bakıya gələnə qədər
hələ kamilləşmənin heç ilk basamağında deyildik. Bizə kamillik şərbətini içirən
müəllimlərimiz, ustadlarımız oldu. O kamil insanlardan biri haqqında söz açmaq
istəyirəm...
...Kənddə
müəllim işləyidim. Elə tətil olan kimi Bakıya qaçır, redaksiyalara gedir, hekayələrimi,
bəzən də məqalələrimi qəzet-jurnallara təqdim edir, cavab gözləyirdim. Artıq
bir tutacaq yerim vardı: ustad Sabir Əhmədli mənə “Ədəbiyyat və incəsənət”də
qucaq açmış, hekayələrimi çap etməyə başlamışdı. Və bir dəfə bir hekayəmi
oxuyub, “bunu apar “Ulduz”a, Mövlud Süleymanlıya ver” dedi... (Bu barədə bir
neçə essemdə yazmışam, təkaraçılıq etməyim.)
“Ulduz”da
Mövlud müəllim hekayəni mənimlə birgə redəktə edərkən qoltuğunda qovluq bir nəfər
içəri girdi. Diqqətlə baxıb, tanıdım – Kamil Vəli idi. Dilçi, həm də elmi-tənqidi
yazılar yazan gənc alim. Mövludla səmimi görüşdülər. Mövlud müəllim məni ona təqdim
etdi: Azaddı, V.Azad. Azad Vəliyev. Zəngilannandı. Yaxşı hekayə yazır. Bu nömrədə
“Diringə” adlı hekayəsini verəcəyik... (Onda hələ Azad Qaradərəli deyildim.
Hekayələrim əvvəlcə Azad Vəliyev, sonra isə V.Azad imzası ilə çıxırdı. Burada
79-un yanvar nömrəsində gedən hekayəmdən bəhs olunur.)
-“Diringə”?
Nə maraqlı adı var?! Mütləq oxuyacam!.. Təbrik edirəm!..
Gənc
alimin bu sözləri onsuz da yüksək olan ruh yüsəkliyimi bir az da artırdı.
Havayı deyil, elə bu dərginin hansısa sayında Kamil müəllimin maraqlı bir
yazısını oxumuşdum - gərək ki, adı “Sözün
sehri” idi. Belə tanınmış bir alimin məni təbrik etməsi sevincimə səbəb
olmuşdu.
Bilmirəm,
Kamil müəllim o hekayəni oxudumu?
Sonralar
universitetin tanınmış professoru olan Kamil müəllimi bir də xalq hərəkatının
öncüllərindən biri kimi tanıdım. O zaman az qala hamımız orada idik – havayı deyil,
xalqımıza ikinci dəfə müstəqil olmaq şansı verilmişdi! (Bunu da uzun illər bizdən
gizlətmişdilər. Bizdən yaşlı alim və yazıçılarımızın, siyasət adamlarının sayəsində
Rəsulzadəni, Azərbaycan Xalq Cümhuriyyətini və onun üçrəngli bayrağını
tanımışdıq.) Bu şansı dəyərləndirmək üçün bəzi yazarlarımız hətta qələmi yerə
qoyub, hərəkatın fəallarından oldular. Kamil müəllimsə həm hərəkatda sözünü
dedi, həm elmi işlərini davam etdirdi.
Yadımdadır, onun “Elin yaddaşı, dilin
yaddaşı”, “Elimizdən, obamızdan”, “Dastan poetikası” əsərləri Zəngilandakı şəxsi kitabxanamın incilərindən
idi.
Kamil
müəllim baş nazirin müavini kimi yeni yaranan müstəqil dövlətin elm və dil
siyasətində mühüm rol oynadı.
Sonra
isə məlum məsələlərlə əlaqədər olaraq Tükiyənin çeşidli universitetlərində dərs
dedi, professor kimi ümumtürk dili və ədəbiyyatlarına öz töhfəsini verdi.
Lap
bu yaxınlarda Kamil müəllimlə yolumuz bir də kəsişdi. İşlədiyi İstanbul Aydın
universitetindən bir təklif gəldi. Həmin universitetin professoru Hacı Duranın
moderatorluğu ilə Kamil müəllimlə mən 80-90-ların Bakı çayxanalarından onlayn söhbət edəsi olduq. (Məsələ bu ki, mənim “Çayxana
və meyxana ədəbiyyatı” adlı essem Türkiyədə böyük ilgi çəkmiş, müzakirəyə səbəb
olmuş, ilk olaraq çayxanalar, sonrakı mərhələdə isə meyxanələr barədə söhbət
etməyi qarşıya məqsəd qoymuşdular. Çayxanalar haqqında söhbətimiz çox maraqlı
alındı və hətta mən deyərdim ki, gözlədiyimdən də maraqlı! Nə yazıq ki, o söhbətin
mətnini mən internetdə yaymaq imkanında deyiləm, bunu yalnız Kamil Vəli ilə
Hacı Duran edə bilər və bunun geniş dinləyici auditoriyasına çıxarılmasını çox
istərdim.)
Üçüncü
qiyabi görüşümüz isə böyük şair Eldar Baxışın 75 illiyi münasibəti ilə mənim “Vətən
şairi” kitabıma dəstək verməsi, kitabın elmi redaktorluğuna razı olması ilə rəvac
götürdü.
Bu
yazını yazarkən təsadüfən bilmişəm ki, professor Kamil Vəli Nərimanoğlunun
doğum günü və üstəlik də, 75 illiyi imiş!
Hörmətli
professorumuzu, doğma adamı qəlbdən qutlayır, elmi nailiyyətlər və yeni
yaradıcılıq uğurları arzulayıram!
Çox
yaşayın, professor! Cəbrayılın azad torpağına birlikdə ayaq basaq, ordansa Zəngilana,
bütün Qarabağa gedək. Ustadımız Sabir Əhmədlinin, ikimizin də dostu Eldar
Baxışın ayağı dəyən o doğma yerlər bizi çağırır, Kamil bəy!
Kamilliyin
zirvəsində möhkəm dayanın! Ora sizə çox yaraşır!
18.08.2022
Yorumlar
Yorum Gönder