AZAD QARADƏRƏLİ QUYRUQ DOĞDU
AZAD
QARADƏRƏLİ
QUYRUQ DOĞDU,
yaxud
quyruq dondu deyimlərinə bir ötəri baxış
Kamran Məhərrəmliyə
Bu
barədə, bir neçə dəfə yazmışam, radioda dönə-dönə veriliş hazırlamışam deyə,
çalışacağam ki, məsələni qısa kəsim.
Radioda
yeni işləyən vaxtlarım idi. Baş redaktorumuz Eldar Baxış xəstələnmiş, xəstəxanaya
düşmüş, sonra da o məşum zəhərlənmədən vəfat etmişdi. Bir növ başsız qalmışdıq.
Müvəqqəti də olsa, baş redaktorun vəzifəsini müavin Qaçay Köçərli icra edirdi.
Bir
gün Qaçay müəllim bizi toplayıb bir neçə məsələdən danışdı, sonra elan etdi ki,
bəs, indiyə qədər səhv yazmışıq, “quyruq doğdu” deyil, “quyruq dondu” olmalıdır
və bu barədə fikri qətidir. Qarşıdan quyruq doğan günlər gəlirdi və tapşırdı
ki, uşaqlara bu barədə səhih məlumat verin.
Hamı
mənə baxdı. Yəni, sən nə düşünürsən?
Qaydaya
görə, baş redaktorun vəzifəsini icra edənin dediyini müzakirə etmirlər. (Yəni
bizim ölkədə belə bir xəstəlik hökm sürüb, sürür və sürməkdədir: rəhbər desə
ki, qatıq qaradır, sən denən lap zil qaradır. Türkiyə türkləri demişkən,
malesef, bu yolxucu xəstəlik karona virusdan da qorxuludur və elə onun kimi
yayğındır.)
Mən
isə bildirdim ki, “quyruq doğdu” bir xalq sözüdür və min illərdir ki, bütün
türk xalqlarında bu gələnək var. “Quyruq doğdu” adi deyim deyil, bir astronomik
vahiddir: quyruq doğanda, yəni avqustun
6-da yay yarı olur. İlk balı onda süzürlər, küləşi tarladan yığışdırır, yay
şumu aparırlar. Axar sular sərinləyir, gecələr otların üzərinə şeh düşür. Quzuları
qırxar, yaylaqdan bir az aşağılara enmək hazırlığı aparılır. Deyilənə görə,
quyruq doğandan sonra dəvələr yaylaqda üzü arana yatarlar... O ki qaldı “quyruq
dondu” deyiminə, bu, sadəcə, onun izahlarından biri ola bilər və s... Hə, bir də
Firidun bəy Köçərli, Həsən Bəy Zərdabi kimi mütəfəkkirlərimiz “Quyruq doğdu”
yazıblar, elə bilirəm ki, biz də bu cür yazmalıyıq...
Müzakirə
böyük mübahisəyə səbəb oldu, sonra da az qala qanqaraçılığına dönəcəkdi...
Allah
Qaçay müəllimə rəhmət etsin. Özünəməxsus şeirlər yazardı, baxmayaraq ki, şeir
estetikası baxımından baxışlarımızda fərqlər vardı, amma kişinin də klassik
üslubu və müəyyən dairədə oxucuları
mövcud idi. Və o romantika dolu 90-lardan gəlmə bir yaxşı adət vardı ki, yeni
sözlər yaratmaq, əcaib söz və ifadələrdən qurtulmaq, rus və ərəb dillərindən gəlmə
bir çox ağır ifadələrə əlvida demək kimi
mətləblər də daxil, hər deyimə şübhə ilə baxır, yenisini yaratmağa cəhd
edirdilər. Bunlar yaxşı hal olsa da, bəzən aşırı romantika üzündən səhvlərə də
aparıb çıxarırdı...
(Açığı,
o inqilabi-romantika dolu günlərin xiffətini hərdən çəkirəm. Nə olaydı, bir gün
hamımızı yığıb deyəydilər ki, milli soyadlarımızı bərpa edirik, sabahdan hamı
–ov, -yev şəkilçisi əvəzinə -lı,-li,-lu, -lü soyadına keçir! Və bir də deyəydilər
ki, sabahdan dilimiz Azərbaycan türk dili adlandırılır! Və bir də...)
Bir
neçə gün sonra mənim uşaqlar üçün yazdığım bir neçə kiçik hekayəni rəhmətlik Əhəd Muxtar “Şəhriyar” qəzetində
çap etmiş, mənə də bir nüsxə qəzet və müəyyən miqdarda qonarar da gətirmişdi.
O, qəzetdən birini də Qaçay müəllimə verib getdi. Kişi qəzeti vərəqlədi və mənim
uşaqlar üçün yazdığım “Məhsətinin nağılları” silsiləsindən hekayələri, o cümlədən
“Quyruq doğdu” hekayəmi oxudu, bir siqaret yandırdı, bir qədər dəhlizdə gəzişdikdən
sonra içəri girib əlini mənə uzatdı, dedi:
-Sən
haqlısan. “Quyruq doğdu” olmalıdır. Bu hekayəni
“Günlərin bir günü” verilişinə salacam...
(“Günlərin
bir günü” uşaqlar üçün ədəbiyyat proqramı idi və Qaçay müəllim yazır, o vaxt
balaca uşaq olan Bəxtiyar Səxavətoğlu – mərhum müğənni Səxavətin oğlu - aktyorlardan
biri ilə aparırdı.)
İçimdə
bir fərəh vardı. Ona görə yox ki, məndən yaşlı adamı fikrindən döndərə
bilmişdim, ona görə ki, qatığın qara olmadığını vəzifəli adama və onun
tabeliyindəkilərə inandıra bilmişdim...
O
ki qaldı o hekayəyə...
O
uşaq hekayəsi budur...
QUYRUQ
DOĞDU
(“Məhsətinin
nağılları” silsiləsindən)
Avqustun
əvvəlləri idi. Yaylaqda havalar soyumağa başlamışdı. Bir gün bizə qonaq gələn
çoban Qələndər dedi:
-Həəə,
havalar soyuyur yavaş-yavaş. Quyruq ki, doğdu, yaylaqda, elə aranda da hava
sınar, istilər səngiyər...
Çoban
gedən kimi Məhsəti yaxamdan yapışdı ki, bəs “quyruq doğdu” nə deməkdir?
Mən
nə qədər çalışsam da, onu başa sala bilmədim. Sonra onu dürüst bilgiləndirmək
üçün meşəyə yollandım.
Palıd
ağacının yarpaqları üzərində qoyun quyruğuna oxşayan, ağ-çəhrayı rəngə çalan
qovucuqları qırıb alaçığa döndüm. Sonra Məhsətini yanıma çağırıb dedim:
-Quzum,
bax, avqustun əvvəllərində palıd yarpağı üzərində qoyun quyruğuna bənzəyən belə
şeylər əmələ gəlir. Bir də səmada bu vaxtlar quyruqlu ulduz görünür. Buna görə
“quyruq doğdu” deyirlər. Bir də deyirlər ki, bu günlərdə havalar soyumağa
başladığı üçün, dağ yerində quyruq yağı donur. Ona görə bəzi yerlərdə buna
“quyruq dondu” deyirlər.
Məhsəti
üstü “quyruqlu” palıd yarpaqlarına baxa-baxa dedi:
-Ata,
day bəsdi yaylaxda qaldıx, gedək arana, evimizə.
Mən
təəccüblə soruşdum:
-Niyə
mənim balam, axı aran hələ istidir?
O,
başını bulayıb dedi:
-Yox,
ata, gedək. Qoyunlarımızın quyruğu donar axı...
Yorumlar
Yorum Gönder