AZAD QARADƏRƏLİ AQŞİN YENİSEY – NOVATOR ŞAİR, İNTELLEKTUAL NASİR
AQŞİN YENİSEY – NOVATOR ŞAİR,
İNTELLEKTUAL NASİR
Radioda
15 il işlədim. Ümumi rəhbərimiz Mövlud Süleymanlı idi. Xırım-xırda məişət səviyyəli
narazılıqlarımız olsa da, bu adam sözə həssas, yazıya son dərəcə tələbkar idi. Yaxşıya
pis deməzdi. Bir kiçik hekayəmi efirdən dinləyib, çaparaqda xüsusi təşəkkür
etmişdi. “Efir-üfür” desək də, bura dövlət idarəsi idi və mətnlərimiz, lent
yazılarımız diqqətlə dinlənildikdən sonra efirə verilirdi.
Radioya
ayaq basan istedadlı gənclərlə hökmən məni görüşdürərdi. Etimad Başkeçidin şeirlərini
mənə oxuyanda gözləri yaşarmış, 14 yaşlı Alik Əlioğlunun şeirlərini efirə verəndə
çağırıb şəxsən təşəkkürünü bildirmişdi. (Eldar Baxışın vəfatı münasibəti ilə Teyfur
Çələbi ilə hazırladığımız xüsusi buraxılışa yazdığı şeiri oxuyanda göz
yaşlarını gizlətmək üçün vərəqi üzünə tutduğunu heç vaxt unutmaram.)
Bir
gün yenə məni çağırdı. Gənc, qıvrımsaç bir oğlan yanında əyləşmişdi. “Aqşindi”
– dedi. Çox istedadlı gəncdir. Bilmirəm, bu şeirlərlə biz nə edə bilərik... belə
təzə nəfəsdir e, özün görəcəksən... Tərslikdən səndə də ancaq uşaq verilişləridir...
Yenə bir bax gör, nə etmək olar?”
Aqşini
az-maz tanıyırdım. “Alma” qəzetində, “Ədalət”in xüsusi səhifəsində görmüşdüm
şeirlərini. İndi kiçik bir kitabı da çıxıb. Amma radioluq deyil. Bu və bunun
kimi gənclərə daha geniş meydan lazımdı – üstündə nəzarət olmayan, qoruq-qaytaqsız,
senzurasız...
Aqşinlə
bizim redaksiyada bir xeyli söhbət etdik. Üstüörtülü radiodakı mühiti də
anlatdım. Və beləcə, ilk görüşümüzdə yaddaqalan bir şey olmadı...
Sonra
“Alatoran”da, başqa mətbuat orqanları və saytlarda Aqşinin şeirlərini izlədim.
Daha sonra ilk romanı haqqında yazı yazdım. Və “Yazı”da “Bir kitab şeir”
rubrikasında şeirlərini verdim.
Aqşin
sübut etdi ki, yeni ədəbi prosesdə bir dəst istedadlı adamla bir yerdə ədəbiyyata
gəlmək olar və onlardan seçilmək də olar. Nəzərə alsaq ki, onlaın içərisində
Rasim Qaraca, Həmid Herisçi və Murad Köhnəqla kimi istedadlar vardı, bunun
balaca məsələ olmadığını anlamaq olar.
Aqşinin
misralarını anlamaq üçün bir az gərilməli, düşünməli olursan. Bir şeirindən
seçdiyim tək misralara baxın:
Heç
tanımadığım bir ölümün əyninə biçilmiş bədən...
Yaxud;
Gələcəyə
gedən yol bağlı, buraxmırlar, yenidən keçmişə qayıdır vətən!
Və belə:
Yol
yoxdursa, çıxış yolu hələ ki, azmaqdır...
Bu
da bu:
Öyrədib
ki, gözdürsə şəxsidir, ağlamaqdırsa bəşəri!
...Artıq radiodan bir komitəyə işə getmiş, iki il
tamam olmamış yazdığım yazılara görə işdən uzaqlaşdırılaraq işsiz qalmışdım.
Belə bir vaxtda kulis.az-da Qanturalı, 37.az-da Aqşin köməyimə çatdı. Hər iki
saytda hər həftə yazılarım və hekayələrim yayımlanırdı. O vaxtın hesabıyla
babat da qonarar alırdım.
Və
bir gün Aqşini baş redaktorluqdan uzaqlaşdırdılar.
Sonra
səsi Türkiyədən gəldi.
İkinci
romanı – “Tarix və tale” onun yaradıcılığında yeni mərhələ idi.
Bu
əsəri oxuyanda anladım ki, tamam yeni bir nəsrdir bu – intellektual nəsr,
intellektual roman!
Azərbaycanın
Milan Kunderası doğulurdu bu romanla.
Sonra
yeni romanım “Ucubuluğ”un hələ çap olunmamış vörd variantını Aqşinə göndərdim. (Bir
neçə gənc dosta da yollamışdım. Yeni tərzdə yazılan bu əsərin tutub-tutmadığına
tam əmin olmaq üçün çapqabağı dost rəyinə ehtiyacım vardı.) Az bir zamanda
oxumuş, yaxşı bir rəy də yazmışdı...
Aqşinlə
37-az-dakı görüşlərimizi çıxsaq, heç üzbəüz əyləşmədik, bir stəkan çay içmədik.
Amma mənə min ildir tanıdığım çox doğma adam kimi gəlib. Hər uğuruna ədəbiyyatımızın
uğuru kimi sevinmişəm.
...Bu
gün doğum günü imiş. Ürəkdən qutlayıram! Çox yaşa, çox yarat deyirəm. Təzə-təzə
açdığın o cığır böyük yola dönüşsün. Bir də sağlam ol. Bizi qorxutmuşdun axı...
S.A.
(Söz Ardı)
Eşitdim
yeni romanı çıxıb. Onu da qutlayıram. Şəhərə yolum düşəndə hökmən alıb
oxuyacam. Həmişə var ol, uzaqdakı yaxın adam...
(“Məndən sonra” memuar romanından)
05.09.2022.
Yorumlar
Yorum Gönder