AZAD QARADƏRƏLİ ÇAYIN ALTINDAKI LABRİNT (uzun hekayə)
AZAD
QARADƏRƏLİ
(uzun hekayə)
“ İdealist düşüncədə millət böyük bir ruhdur, ruhun törədicisidir;
deməli, o parçalana bilməz. Millətimiz
yalnız ərazi
baxımından parçalanıb.”
Ə.Elçibəy
MÜƏLLİF
Onunla
Ankarada, Sincan istasyonundakı* kafelərin birində təsadüfən rastlaşdım. Üzü
divara tərəf oturmuşdu və siqaretini tüstülədə-tüstülədə qarşısındakı parçdan
pivəsini qurtumlayırdı. Mən də pivə içirdim və onu görməsəydim, axırıncı
qurtumumu içəndən sonra çıxıb gedəcəkdim.
(Ankaralı dostumun işı çıxmışdı və mən yeni gəldiyim bu şəhərdə bir saata
yaxın vaxtı belə öldürməyi düşünürdüm.) Amma o bəs niyə üzü divara əyləşib?
Aramızda iki masalıq məsafə
olduğundan hərdən dönüb ona baxırdım. Qəfil məni hiss etdi və bir an nəzərlərini
üstümdə saxladı, cəld ayağa qalxıb masama yaxınlaşdı.
-Azərbaycandansan? – Həyacanla
soruşdu.
Çaşdığımdan özümü itirdim. Çünki
onun mənə tərəf gəldiyini yaxşı analiz edə bilməmişdim. Elə düşünmüşdüm ki, ona
tez-tez baxdığıma görə əsəbləşib, buna görə də cavabım bir qədər gecikdi:
-Hə-ə...
-Vay səni! Bu saat ürəyimnən keçirdi
ki, bir bakılı ola burda, bir az dərdləşəm. Qurdumu tökəm... Gəl səni
qucaqlayım bir!..
--------------------------------------------------------------------------------------------------------------------------------
*Sincan istasyonu – Ankarada dəmiryol stansiyası və
rayon. Çində uyğurların yaşadığı yerin adı da Sincandır (çincə Sinziyan). Azərbaycanda
Qəbələ rayonunda da Sincan adlı kənd var. Bu söz ətirli gül anlamındadır, həm də gəmiricilər fəslindən kiçik heyvana – sincaba
verilən addır. Ankarada bu adda ədəbiyyat
dərgisi yayımlanır.
İri qollarını açıb məni qucaqlayır. Birtəhər ayağa qalxıb mən də qarşılıq
verirəm...
Sonra ordan-burdan danışırıq. Heç nə
danışdığımızı da doğru-dürüst bilmirik. Eləcənə bu adam mənim səsimi eşitmək
istəyir. Arada üzü divara oturmağının da sirrini açır – o tərəf Azərbaycanmış!
O yatanda da üzü Azərbaycana yatırmış...
Öyrənirəm ki, adı Nazimdir, bizimlə
qonşu rayondandır. Burada bir şirkətlə ortaq alver işi qurub. Bakıda,
İstanbulda, Ankarada, Dubayda mağazaları, obyektləri var. Məndən on yaş cavan
olsa da, saç-saqqalı ağappaqdır. Hər ikimizin rayonu, kəndi erməni
işğalındadır...
Sonra rakı sifariş veririk – pivə
yanğımıza kömək etmir. Və bir də gördüm ki, həmyerlim ağlayır... Göz yaşlarını
boğub başlayır 25 il qabaq olanları danışmağa. Rayonlarının necə işğal
edildiyini, rayonu necə tərk etmələrini danışır... Rakı içə-içə danışır...
NAZİM
Hamı qaşqabaqlıydı. Adamlar gülmürdülər.
Çoxdandı toy da olmurdu kəndimizdə. Heç ölən də yox idi. İki əsgər şəhid
olmuşdu, onları da aparıb rayon mərkəzində salınan Şəhidlər Xiyabanında dəfn
etmişdilər. Nigarançılıq çarəsiz dərd kimi qəfil almışdı üstümüzü.
Qonşu rayonlar bir-bir işğal olunsa da,
biz rayonumuzdan çıxmamışdıq. Atam deyirdi ki, yerli batalyonun komandiriylə
danışmışıq: bədəbəddə bir gecəyə Meğrini aradan götürüb Naxçıvanla birləşəciyik.
Nənəm də qəmli-qəmli əlini yelləyirdi atamın sözlərinə. Bu nə əl yelləməsiydi,
anlamırdım.
Biz
uşaqlar atalarımızın bu qorxmazlığını qazlı-qazlı müzakirə edən vaxtlarda kəndin
dəlisi Dınış turş almasını duzla yeyə-yeyə ağzını marçıldadıb dedi ki, dədənizin
başı haqqı İraşul Quluyev telefonnan deyib ki, maa belə gəlir ki, Mığrı Dağlıq
Qarabağın ərajisi dəyil, orya girməy olmaz... ATƏT biji tutub şi...əcəy...
(Dəli
Dınış “s” yerinə “ş”, “z” yerinə “j” deyirdi.)
Sonra da ləzzətlə bir “març” eləyib davam elədi
ki, bəş bijimkilər də götürüb təjə prejident şeçilən Heydər Əliyevə jəng eləmək
iştiyiblər ki, necə yanı Mığrı Dağlıq Qarabağ ərajisi deyil? Bəş Cəbrayıl,
Qubadlı Dağlıq Qarabağın ərajisidimi? Yo-ox! Onda niyə onnar oranı tutdular? Bəş
ATƏT onnarı niyə tutub şi..mir?
Dəli Dınış növbəti “març”dan sonra ağzının suyunu
qoluyla silib çiynini çəkdi: “Dəən, ATƏT də erməniyə işdiyir, İraşul Quliyev də,
hələ... Dədənijin başı haqqı...”
***
Neçə
gün idi ki, kimlərsə Bakıdan rayonumuza yük maşınlarından ibarət karvan
göndərirdi.
(Üstündən iyirmi iki il keçib, hələ də
bilmirik o maşınları kim göndərirdi? Özləri gələ bilməzdi, ona görə ki, hamısı
bir rəngdə, bir markada olan bu maşınların sürücüləri də bir-birinə
oxşayırdılar.) İlk vaxtlar adamlar bu maşın karvanlarını daşa basır,
sürücüləri döyür, qovurdular. Amma elə ki, qonşu rayonlar bir-bir işğal olundu,
bizim rayonun da “köçməyəcəyik!” deyib möhkəm dayanan adamlarının cərgəsinə xal
düşdü. Əvvəllər gecələr gizlincə köçməyə başlayanlar, indi günün günorta çağı
evlərinin ağır-yüngülünü yük maşınlarına doldurur, arvad-uşağı da üstünə qoyub
rayondan çıxarırdılar. Kimi Bakıya (təbii
orada qohum-qardaşı olanlar), kimi də təhlükəsiz rayonlara aparırdı köçünü.
Rayon mərkəzi və rayonun ikinci böyük yaşayış məntəqəsi olan dəmiryolçular qəsəbəsi
tamam boşalandan sonra kəndlərə də ayaq açdı bu yük maşınları. Əvvəllər köçü
pulsuz daşısalar da, indi neçə manatsa
pula, bir balon (3 litr) tut arağına,
yaxud bir quzuya aparırdılar köçləri.
Bir dəfə anam bu köçlər barədə
atamla danışanda kişi elə bozardı
yazığın üstünə, xırp səsini kəsdi. Amma xəbər çıxanda ki, Qaradiz yolu
bağlana bilər, kişi havalanan kimi oldu. Özünü-sözünü bilmir, ora-bura çovuyur,
siqareti siqaretə calayırdı. Nəhayət,
bir gün atamın bu halına dözməyən nənəm onun yaxasından tutub silkələdi:
-Nədi,
ə?! Niyə özüu gözgörəti hələk eliyirsən?! Tata nə gəlib, türkə də onnan gələcək,
nolub?
Kişi
udqundu, udqundu, handan-hana dedi:
-Qızdardan,
sənnən, Gülannan qorxuram... Ələ düşərsiniz... Onda gərək elə ermənidən qabax
özüm sizi gülləliyəm...
Kişi
ağlamaq istəsə də, ağlaya bilmədi. Elə ayaq üstəcə içi keçmiş, gözlərinin işığı
sönmüşdü. Nənəm bu dəfə lap hökmlə çığırdı:
-Bə
niyə durmusan?! Bir maşın tab, arvad-uşağını çıxart bu xaraba qalmışdan...
onsuz da yiyəsizdi...
-Qabaxcan
quru fors dolmuşdu içimə, çıxarda bilmirdim... indi də maşın tapayilmirəm... O
gələn maşınnar da indi qəfil yoxa çıxıblar...
-Get
Cümşüdgilə! Nə təhər olmasa da qahımıx... nolsun aramızda soyuxlux var... biz
onnarnan qan qahımıyıx... get...
Cümşüd
atamın dayısı oğluydu, bir az sonra sizə tanıdacağım Məti kişinin atabir, ana
ayrı ögey qardaşıydı. Qapısında iki
maşını vardı. Biri oğlunun sürdüyü yük maşını, bir də QAZ – 69 villis. Amma bu
ailəylə bizim əskidən ədavatımız vardı. Cümşüdün böyük qardaşı
Xanlar mənim bibim Narışı (əslində atamın bibisiydi, amma biz də ona
bibi deyirdik) alıb iki uşaqla
boşamışdı. Bizdə bu ən ağır təhqir sayılırdı. Atam and içmişdi ki, ölüncən
onlarla barışmayacaq. İndi nənəm ona işarə vururdu.
-Kəs
ay arvad, kəs!.. Batalyona gedirəm,
komandirdən maşın istiyəcəm...
***
Yola
hazırlaşanda atam məni çağırıb evin arxasına apardı. Özünə tərəf çəkib
qucaqladı, üzünü üzümə söykəsə də, öpmədi. Bunları qulağıma fısıldadı:”Nazim! Səni arvad-uşağın
üstündə kişi qırığı kimi qoyuram. Yolda-kolda özünü kişi kimi apar. Sən
Babalı tayfasından Fərhadın oğlusan. Hələ bir adam mənim – atanın yayını əlləyə
bilməyib. Bir adama bir manat borcum yoxdu. Sən də kişi ol!”
(Hə, az qala unutmuşdum: Nazim mənəm. Fərhad
atamın, Babalı da tayfamızın adıdır.)
Gecə saat birə işləyəndə yola
çıxdıq. Kabinədə nənəm və balaca qardaş-bacım oturmuşdu. Biz anamla maşının
banında yorğan-döşəyin arasında özümüzə yer eləmişdik. Sağımızda
bibim və qız nəvələridir. Maşın darvazadan çıxanda anam ağı deyirmiş
kimi gumuldanmağa başladı. Mənasını başa düşmədiyim bu sözlər içimi-içalatımı
sızıldatdı. Aşağıdan nənəm də onun səsinə səs verdi. Elə bil patefonun iynəsi
valın sonunda fırlanır və çox mənasız, amma qəlbə toxunan səs çıxardırdı...
***
Maşın
təzəcə kənddən çıxmışdı ki, dayandı. Nənəm
kabinədən başını çıxardıb anamı səslədi:
-Eynihayat,
ay Eynihayat...
Anam
cavab vermədən səssizcə maşından düşdü. Onlar ağız-ağıza bir xeyli danışandan
sonra maşını kəndin lap çıxacağındakı evə
tərəf sürdülər. Pəncərədən zəif lampa işığı görünürdü. Anam elə maşındanca
cağırdı:
-Ay
Məti dayı!
Quyunun
dibindən gələn səsə oxşar, o lampa işığı təki zəif bir səs eşidildi:
-Heyyyy...
-Bir
çölə çıx...
Nənəm
də maşından düşdü. Kişiylə bir xeyli
danışdı, öcəşdi, hələ bir onu acıladı da. Axırda kişi hıqqıldaya-hıqqıldaya içəri
girdi, kiçik bir bağlama əlində geri
qayıtdı və sürücünün köməyi ilə bizim yanımıza çıxdı. Maşın tərpəndi. Kişi birdən
vaysına-vaysına dedi:
-Pəh!
Ləmpəni söndürmədim...
Mən
onun solğun işıq saçan lampasının işığına ötəri də olsa baxıb qəhərləndim. Zəif
mehin əsməsinə dözməyəcək dərəcədə öləzimiş o lampa işığı zülmətdə əriyən kəndimizin
son nişanəsi kimi yadımda qaldı. İllər sonra belə o zəif lampa işığı qədər də
olsa ümid yaşayır içimdə: o işıq hələ də sönməyib. Biz qayıdıb o lampanın
işığını artıracayıq...
***
Həəə,
bu Məti kişi ki var, bizim babamızdır. Amma nə biz ona baba demişik indiyəcən,
nə o bizə yaxın düşüb. Eləcə, yad adam kimi olub bizə. Təkcə nənəmiz Xasa
arvadın həftədə bir dəfə məni onun evinə
göndərməsini nəzərə almasaq. Göndərəndə də qoltuğuma iki-üç büküm (dörd sulanmış lavaşı tək-tək qatlayıb
üst-üstə yığanda buna bir büküm deyərdilər) cunanın arasına qoyulmuş çörək
verər, deyərdi: “Ağrın maa gəlsin, get o Məti kişinin evinə, bı çörəyi də ver
ona, bir də gör halı nə təhərdi, ölər-elər, biyabır olarıx el içində...”
Kişi
çörəyi məndən alar, heç sağ ol da deməz, amma geri qayıdanda gizlicə arxamca
baxıb fərəhəoxşar bir hiss keçirərdi. (Bilmirəm,
ya bəlkə bu mənə belə gələrdi.) Nədənsə bu qoca haqda məndə də qəribə duyğu
baş qaldırardı bir anlıq. Onun yanına qaçmaq, oturub söhbət etmək, buyruğuna
baxmaq keçərdi könlümdən. Amma bir anlıq olardı bu hiss. Və o bir an ötəndən
sonra çıxıb gedərdim.
Axır
ki, bir gün nənəmin saqqızını oğurlaya bildim. Yalvardım, yaxardım, soruşdum
ki, Məti kişi bizim nəyimizdir, niyə tək yaşayır, niyə mən ona hər həftə iki-üç
büküm lavaş aparıram? Niyə hamı deyir ki, o bizim babamızdır? Babamızdırsa, niyə
tək qalır?
O
da üzünü anama tutub acı-acı gülümsündü, üz ifadəsiylə sanki “nə eləyim?” demək istəyirdi. Anam qaş-qabağını töküb
bozardı nənəmə:
-Ayrısı
beşin də qoyub üstünə danışacax havaxtsa, onda yaxşı olacax? Yaxşısı budu, qoy
düzünü sənin ağzınnan eşitsin... On dörd yaşı var e. Day uşax dəyil...
...Məti
kişi ilə mənim nənəm Xasa dayıoğlu-bibiqızı imişlər. Bir-birilərindən ötrü dəli-divanə
olsalar da, adlı-sanlı adam olan babam qızını bacısı oğlu Mətiyə vermək istəməyib.
“Kökü yoxdu bunların deyib. Bacımı
verdim o nəsilə, qızı bədbaxt elədi. Getdi Mığrıda gündə bir erməni həçiyinə
atıldı, o da iyrəndi, tüpürdü üstünə. İndi gözüm görə-görə uşağımı bu biqiryətin
balasına necə verim?! İt qursağı yal götürməz! Mən ölərəm, bu işə qol
qoymanam!”
Nənəm
demişkən, sən saydığını say, gör fələk nə sayır. Daha doğrusu, Mətiynən Xasa nə
sayır! Bir axşam üstü Xasa nənəm atasının atını hörükdən açır, Mətini də
çağırır, tərkləşib çapırlar Baharlı çayına. Ordan da Meğriyə gedən qatara minib
qaçırlar Mətinin qardaşı Xanların yaşadığı
Lehvaz kəndinə.
İki ilin tamamında nənəm Xasa qucağında da mənim
atam qayıdır kəndimizə. Bunu görən atası elə durduğu yerdə, ayaq üstəcə ölür.
Xasa nənəm and içirdi ki, kişi yıxılmadı, elə divara söykəli ayaq üstəcə
öldü...
Bir
il sonra Məti də qayıdır kəndə. Amma nənəm onu qəbul eləmir. Bu da ailə-zad
qurmur, nənəmin bir gün onu bağışlayacağını gözləyir. Kəndin ayağında özünə bir
otaqlı ev tikir, elə o vaxtdan tək yaşayır...
Bəs
babamla nənəmin arasında nə olub ki, ayrılıblar? Bax bunu hələ də bilmirəm.
***
Zil qaranlıqda əli silahlılar yolu kəsdilər.
Sürücü düşüb nə isə danışır, hirsli-hirsli geri qayıdıb deyinir: “Surətin adamlarıdı, yalan-gerçək
deyirlər ermənilər Qaradiz yolunu bağlayıblar, getsəniz əsir düşərsiniz”. Sonra
maşını geri sürmək istəyir. Məti kişi əli ilə maşının kabinəsinin üstünə döyəcləyir
və sürücüdən nəsə soruşur. O da içəridən “Xudafərin səmtdəyik” deyir.
Onlar nə barədəsə danışırlar. “Tiriynən
Qumlağın arasından bir yol var, ora sür” deyir Məti kişi. Sürücü maşını
fırlayıb geri sürür. Hərdən başımı qaldırıb zil qaranlıqda ətrafa baxıram.
Maşının zəif işığı olmasa adamı vahimə basar. Tərslikdən sürücü də biz tərəf
adamı deyil – yol-yolağanı düz-əməlli tanımır. Arada saxlayıb Məti kişidən yolu
soruşur. Maşın isə ağlayırmış kimi səs çıxardaraq çınqıllı-daşlı yolla harasa
irəliləyir. Anamın ağlamsınan səsi məni lap hövülləndirir:
-Ay
Məti dayı, sən yola fikir ver, elə bil gəldiyimiz yol dəyil axı... Aparıb bizi
erməni postuna-zadına çıxardar, ələ düşərik... Həm qırılarıq, həm də...
Dalısını
demir. Deyə bilmir. “Həm də” özü boyda bir daşa dönüb üstümə çökür. Atam axı bu
külfəti mənə tapşırıb. Mənim isə bu heyndə kipriklərimdən daş asılıb.
Yuxulamamaq üçün barmağımı dişləyirəm, üzümə şapalaq vururam, xeyri olmur. Göz
qapaqlarım yumulur...
...-ə,
ə, ay uşax! Bir saxla görüm!...
Məti kişi kabinəni döyəcləyir və
mən səsə oyanıram. Hiss edirəm ki, nəsə olub. Sürücü maşından düşür. Məti kişi əli
ilə zil qaranlıqda gümüş kimi bərq vuran çaya işarə edir:
-Bu,
Arazdır. Demək, gəlib Dəlləkli səmtə çıxmışıq. Yuxu ölümdü deyiblər. Özgə vaxt
yuxum gəlməzdi. Bir quş yuxusu kimi azar
endi kipriyimə. Havaxt mürgüləmişəm, bilmirəm. Sən də elə qazı basmısan, əvi
tikilmişin oğlu!..
Kişinin
səsi dəyişir. Az qalır ağlasın. Maşının işığında hiss edirəm ki, qəhər dolub
boğazına. Siqaret yandırıb əlini hara isə qaranlığın içinə uzadır:
-Bax,
ora bizim kənddi... O zayıf işıq da mən xanəxarabınkidi... Gör taleyə bax: neçə
sahatdı yol ölçürük, kəndimizin başına dolanmışıx... Bırdan, bı yiyəsiz
torpaxdan uzaxlaşa bilmirik... Əyə, əyə, mən niyə vaxtında ölmədim?! Ay
Eynihayat, nağayrım?! Hayana gedəy?! Başımıza haranın daşın tökəy?!.
Nənəmin
hıqqıltısını eşitsəm də, nə dediyini anlaya bilmirəm. Amma başını kabinədən
çıxardıb astadan nələrsə pıçıldadığını hiss edirəm.
Kişi
bir qədər sonra toxdadı. Papirosunu sümürüb tamam ciddi səslə dedi:
-Sür
geriyə. Bayaxkı yerı – Surətin gədələrinin
durduğu posta sür. Qalanıynan işin olmasın...
Bir xeyli – təxminən bir saata yaxın
- yol gedəndən sonra hansısa kəndin girəcəyində dayanırıq. Kənddə tək-tük evlərdən
zəif lampa işığı gəlir. Orda-burda it hürür, eşşək anqırır. Anam azaylanır:
”İttərə, eşşəklərə qalan ellərimiz vayyyy,”
Bir
azdan Məti kişi (heç bilmirəm buna baba
deyim, Məti kişi deyim, eh...) sürücünün köməyi ilə maşının banından enir.
Sürücüyə qoşulub Araza tərəf düşürlər. Sürücü əlindəki fənərlə haranısa
işıqlandırır. Təxminən yarım saatdan sonra sürücü tək geri qayıdıb bir daşın
üstündə oturaraq siqaret çəkir. Nənəm həyəcanla soruşur:
-Ədə,
bala, bu kişini hara azdıdın? Bizim axırımız noolacax? Bəlkə geri qayıdaq
xarabamıza?
Sürücü
əli ilə qeyri müəyyən səmti göstərir:
-Bu
kişiyə agent deyirdilər, yadımdadır... İndi maa dedi ki, fanarı ver, buralardan
Arazın o tayına yeraltı yol var... Mən oranı tapım, sonra gəlib sizi də
apararam... Vəziyyət pisdir, dünən ermənilər rus tanklarıynan bizim
pazisiyalara yaxınlaşıblar. Qaradiz yolu da bağlansa, bizi Araza tökəcəylər...
Geri hara qayıdax, ay xala? Gerimi var?
Təxminən
iki saat yarım vaxt ötüb. Uşaq-muşaq yatıb. Təkcə sürücü, anam, nənəm, bibim və
mən oyaqıq. Handan-hana Məti kişi qayıdır. Fanarın işığında görürəm ki,
paltarları yaşdır. Fanarı söndürüb, üzünü nənəmə tutub deyir:
-O termosda varsa, maa bir istəkan isti çay
verin, canım qızsın, düşək yola... Neçə illərdi bu yol işdək dəyil. İçini
ilan-çayan basıb. Amma mən yarıyacan gedib qayıtdım... Bəzi yerlərə su sızıb. Gərək
elə eliyək ki, uşaq-muşaq suya düşməsin... Ağırdan-youldan götürün,
düşək yola...
***
Üstünü
böyütrkən kolu basmış lay dəmiri kənara
çəkirlər. İki adam keçə bilən dəlik
açılıb, amma yük-zad keçməz axı. Nənəm, anam, bibim hərəsi bir dəst yorğan-döşək
şəllənib. Ona görə mən də kömək edirəm, dəmiri lap sonacan basıb dəliyin ağzını
böyüdürük. Əvvəl Məti kişi, ardınca da
biz aşağı düşürük. Beton divarlarla (sonra bildim ki, beton deyilmiş, qədimi ağ
daşdan tikilib) əhatələnmiş adamboyu
yeraltı yolla təxminən iki yüz
metr rahat getdik. Sonra alayı-dolayı pillələr gəlir. Bakıda eskalatorla
metronun içinə necə düşürsən, elə. Fərq ondadır ki, burada yol o qədər
fırlamadır ki, adamın başı gicəllənir. Bir də ki, ayağımızın altını Məti kişidəki
fanar çox zəif işıqlandırır. Qaranlıqda yerimək olmur. Bir onu bilirəm ki, həm
fırlanırıq, həm də aşağı enirik.
Bəzi
yerlərdə dik ayaq üstə gedə bilsək də, bəzisində əyilə-əyilə irəliləyirik. Bəzən
çaşıb başını qaldırırsan, “tarap” başın dəyir yuxarıdakı tağbənd divarlara. (Bir usta əl daşlardan elə oval şəkilli
hörgü hörüb ki, ağzım açıla qalır.) Bu hörmə divarlardakı daşın rəngindən
bilinir ki, çox qədimi hörgüdür. Xudafərin körpüsünün daşlarını görən gözünüz
bu daşları görsün. Eynən elədilər: paxır basmış mis rəngində.
Bir
az gedəndən sonra Məti kişi divardakı palıdrəngi bir tuf daşın üstünü işıqlandırır və əski əlifbayla
yazılmış mətni höccələyə-höccələyə oxuyur:
Ussun varsa, ey akıl,
Aldanıb kıl zinhar
mala.
Şol nəsnə ya ki, sən
koyub,
Gidəsin ol bunda
kala...*
-----------------------------------------------------------------------------------------
*Misralar Şəms Təbrizinindir
(1185-1248).
Mənasını
yaxşı başa düşmədiyimiz bu kəlmələri cibimdəki dəftərimə yazıram. Sonra yenə irəli
gedirik
Gəlib bir yerə çıxmışıq - iri otaq kimidir. Divarlarından hörümçək toru sallanır. Və iş ondadır ki,
burdan belə iki yol var. Məti kişi isə hansıyla gedəcəyimizi unudub. Daha
doğrusu, onun dediyinə görə qabaqlar cəmi bir yol varmış, bu ikincini yəqin
sonradan qazıblar. Bəs niyə qazıblar?
(Nənəm kişinin bu halını görüb mızıldanır:
“Hhhhhıııı... Hap-haplamısan day, qabaxki yernən-göynən əlləşən Məti dəyisən...
Belə olarsan e...”
Kişinin qulağı nənəmin mızıldanaraq
dediklərini alır və elə bu zıppıltının içində gülümsünür. Anamla bibim
bir-birinin yanlarını basırlar. Yəni işin içində iş var. Əcəba, nə iş? Heyf ki,
yaşım-başım, bir də canımı çuğlamış qorxu hissi bundan ötəsini anlamağa imkan
vermir.)
-Belə ola bilər ki, köhnə yol ya batıbmış, ya
da İran sərbazları o yolun yerini bilibmişlər. Ona görə bu ikinci lağımı
atıblar... Siz oturub dincinizi alın, mən bir qabağı yoxlayım, gəlim...
Nənəm
içini çəkir:
-Ay
Məti, amanın günüdü, muğayat ol...
Zəif
işıqda qocanın dodağının qaçdığını gördüm. Nənəm kişini gözdən qoymaq istəmirdi.
Ay səni, nənə, nənə... Deyəsən, mən də nələrsə qanmağa başlayıram axı?
Biz
qaranlıqda otururuq, Məti kişi yollardan birinə girib yox olur. Qoca təxminən
iki saatdan sonra bu biri yoldan gəlib
yanımıza çıxır. Fanarı yandırıb-söndürür və üzünün ifadəsindən görünür ki, pərtdir.
Həm də yorğun. Kibrit çəkib siqaretini yandırır. İşıqda bığları titrəyir, əli əsir.
Sanki pərtliyini gizlətmək üçün yanan çöpü tez üfürür.
-Bu
yolların ikisi də hərlənib-fırlanıb bura gəlib çıxır... Heç nə başa düşmürəm? Bu nə işdir? Mən səhv
eliyə bilmərəm axı?! Bu yolla azı iyirmi dəfə gedib-gəlmişəm e mən...
Anam
dizinə döyür:
-Vaşşş,
vaşşş, bu nə iş idi düşdük?!
Nənəm
də azaylanır:
-Ə,
nağayraq? Gerimi qayıdaq?
Kişi
hirslə lağıma dönür və gedə-gedə:
-Yox,
qocalıq fəhmimi bir heylə apardı? Tapacam o yolu! – deyib bu dəfə o biri yolla
gedir.
Uşaqlar qaranlıqda nənəmlə anama
qısılıblar. Təkcə mən ayaq üstəyəm. Məti kişinin kibrit çöpünü yandırması
yadıma düşür. Elə ayaq üstdəcə yadıma
kimya dərsində apardığımız bir təcrübə düşür: indi kibrit çəkəcəm, əgər axıracan yansa, demək yaxında haradasa bayıra
yol var və oradan hava gəlir. (Tək bir
giriş bu boyda yeraltı tuneli oksigenlə
təmin edə bilməz axı. Elə bayaqdan rahat nəfəs almağımızdan da şübhəliyəm.) Tez
sönsə?...
Kibrit
çəkirəm və bircə anda bu otaq kimi yer işıqlanır. Gözləyirəm, sönmür! Sevincək
qışqırıram:
-Buradan
bayıra yol var hardasa! Kibrit axıracan yandısa, demək yaxında hava çəkir...
Nənəm
də haranısa qurdalayıb şam çıxardır və ikinci cəhddə şamı alışdırıram. Bu işıq
burada bir möcüzə kimi olur. Hamının eyni açılır. Hətta nənəm düyünçələrindən
çörək, pendir, yumurta çıxardıb uşaqlara verir. Mən də bir dürmək alıb dişimə çəkirəm.
***
Burada
nə qədər qaldığımızı anlamağa çalışıram. Zaman durub elə bil. Fəhmnən duyuram
ki, gecə keçib, bir gün gedib, yeni gecə gəlib. Və bu daş divarlar arasında
taleyimizin necə olacağını heç cür anlaya bilmirəm. Bir onu bilirəm ki, özünü
ora-bura çovuyan bu qocadan mənə güclü bir enerji axır. Nədənsə onun adi adam
olmadığı qənaətindəyəm. Sanki mən də
labirintə oxşayan, üstündən nəhəng bir çay keçən bu yeraltı yolla bir dəfə
gedib-gəlmişəm. Mənə yad gəlmir buralar. Uşaq ağlımla xəyalımdan keçən düşüncələrimə
özümün də gülməyim gəlir.
Əllərimlə
divarları yoxlaya-yoxlaya kibrit işığında qabağa gedirəm. Təxminən iyirmi addım
gedəndən sonra fanar işığı düşür
və Məti kişinin ayaq səsləri eşidilir. Qoca yorğun halda lağımın divarına söykənir.
Mən ona baxıram və bayaqkı fikrimi ona da deyirəm. “Doğrudan?” deyib sevincək o
da mənimlə bərabər divarları barmaqlarıyla yoxlayır və bir azdan məndən bir
xeyli aralıda qışqırır:
-Nazim!
Bura gəl, deyəsən tapmışam!
Bu,
bir kanalizasiya qapağına oxşayan, amma ondan bir az iri olan dəmirdir. Üstündə
qəribə oymalar var – paslansa da fanar işığında aydınca oymalar görünür. Kişi
barmaqlarıyla dəmirin üstünü təmizləyir və fanarı ora tutur:
-Bu
qapaq tuncdan tökülüb. Təzə şeyə oxşamır... Bax bir, bu yazıdı elə bil?
Mən
də baxıram və heyrətlə qışqırıram:
-Hə,
təzə əlifbayladır... Bu qapağın köhnəliyin,
təzəliyin bilmirəm, amma yazılar təzədi!
Kişi
pencəyinin qoluyla dəmirin üstünü təmizləyir və mən səkkizguşəli ulduzun içərisindəki
yazını soldan sağa hərfləyə-hərfləyə oxuyuram:
-Az-ər-bay-can...
Sonrası
da var, amma ərəb əlifbasıyladır. Bunu da ki mən bilmirəm axı. Amma Məti kişi
bilir! O döş cibindən eynək çıxardıb
gözünə taxır və eynən mənim kimi, amma sağdan sola barmağını qoyub höccələyə-höccələyə oxuyur:
-Təb-riz...
Ba-kı... Bir olsun...
Kişi
sevincək deyir:
-Dayan...
Bizə çekistlər belə şeyləri öyrədirdilər o zaman... bu elə-belə yazı deyil...
Bu həm də açardır... Sağdan sola oxunursa... “bir olsun”... Bəlkə bu bir dəfə
bur deməkdir, hə? Gəl köməkləşək, bu qapağı bir dəfə sağdan sola buraq...
Dayan, burda tutacağı da varmış ki! Hə, fırla!
Pas
elə tutub ki, qapaq tərpənmir. Artıq anam da bizə köməyə gəlib. Kişi disrəyi ilə
qapağın üstündən döyəcləyir, bir dəfə buran kimi qapaq açılır və açılmağıynan
da təmiz hava ağzımıza dolur! Gözümüz təzə şəraitə alışır. Alaqaranlıqdan başa
düşürük ki, hələ səhər tam açılmayıb.
Qocanın
köməyi ilə mən qapağın içindən çölə çıxıb ayağımı torpağa vururam. Təxminən əlli
metr aralıda şəfəqdən gümüş kimi parıldayan Araz axır. O tayda isə bizi gətirən
maşının silueti güclə seçilir. Mən tez geri dönüb gördüklərimi Məti kişiyə
danışıram. Kişi “ssss” eləyib məni başa salır ki, İran sərbazlarının diqqətini
özümüzə çəkməyək. Və biz sevincək anamgilin yanına qayıdırıq.
***
Məti kişi (ha istəsəm baba deməyə hələ də dilim dönmür) nənəmlə diz-dizə
oturub. Hərdən başını qaldırıb arvada baxsa da, nənəm gözünü yerə zilləyib. Nəhayət,
onların pıçıldaşmalarını eşidirəm:
-A Xasa, yadındadı, sən maa sual verərdin ki, gejələr hara yoxa
çıxırsan? Bax, məni gah pala ilə Arazın
üstünnən, gah da bu yeraltı yolla Arazın altınnan İrana keçirirdi bizim
kekebeynən urus saldatdarı... Orda Sovet hökümətinin propaqandasını aparardım,
adamlara partbilet paylayardım... Amma onda saa bunnarı deyə bilməzdim... Desəydim,
məni öldürərdilər... Sən də ayrı şey fikirləşdin, həyatımızı korladın, o boyda
kişini də infakt eləyib öldüdün... Oğlumuzu
da atasız qoydun... Amma sağ ol ki, ərə getmədin... Könlümü qırsan da,
ordan o tərəfini eləmədin...
-Eliyə
bilməzdim axı... Mən sənnən ayrı kişiylə baş yastığa qoyamməzdim... Sənin də
zalımın çıxsın... Heç olmasa, ucunnan-qulağınnan çıtızsaydın, bəlkə səni
annıyardım... nəvlim axı... Savadsızdıx belə şeydi... Oxumuş olsaydım, səni
annayardım...
...-Haydı,
qalxın! Sizinkilər bir az yuxarıdadılar!
İran
sərbazlarıdır. Gəlib bizi tapıblar. Elə bilirlər, Araza toxuyub keçmişik. Xəbər
verirlər ki, rayonumuz artıq ermənilər tərəfindən bu iki gündə işğal olunub.
Bizim camaat da Arazdan adlayıb 20-25 kilometr aralıda – Buyduz kəndinin yan-yörəsindədilər.
Bizi
maşına yığıb atamgil düşən yerə apardılar.
Yolda
Məti babam əlini əlinə vurub bir “pəh!” dedi. Nənəm ona sarı döndü:
-Noldu,
ə genə?
Kişi
siqaretini odlaya-odlaya o taya boylandı:
-Bu
üzdəki lağımın ağzını bağladım, o üzdəki açıq qaldı... Ədə bala saxla maşını...
Kişi
qıvraq addımlarla lağıma tərəf yönəlir, sərbazlara baxıb şalvarının qabağını
açır. (Guya ki, subaşı eliyəcək.) Az
aonra o qayıdır.
Anam
hirslənir:
-Onsuz
da qaldı erməniyə!
Qoca
siqaretini odlayıb ona tərəf baxmadan
qaralandı:
-O
lağımın neçə yüz yaşı var. 1924-də
balşeviklərnən vuruşanda Bəhlul Əfəndi ordan addamışdı İrana. Sohra Sovet hökuməti
məni yolladı oruynan... Sohra urusdan ayrıldıx, ayrıca hökümət oldux... Elçibəy prezident olanda adam göndərmişdilər
yanıma... Yolun yerini soruşurdular... Su gəlmiş arxdı...
***
(Bayaqdan təsvir etdiyimiz o alayı-dolayı
yeraltı lağım kimi bizim də yazının səmti dəyişdi burda. Mənə bunları babam Məti
kişi danışmışdı. O da Bəhlul Əfəndinin əsgəri
olmuş, sonradan qaçaqlara qoşulan Keçəldən eşitdiyini deyirdi. Yazıya aldım ki,
itib-batmasın.)
Ağır döyüşdən sonra atlı dəstənin üzvlərinə
Araz qırağına çəkilmək əmri verilir.
Niyə dağlara deyil, məhz Araz
qırağına? Axı Zəngəzurun uca zirvəli dağlarında, qalın ormanlarında daha rahat
gizlənmək olardı? Əlbəttə, belə ağır vaxtda sorğu-sualın yeri deyildi. Onlar
haqqında əfsanələr dolaşan rəhbərlərinin nəyə qadir olduğunu bilirdilər. Cəmi
bir-iki il əvvəl onun dini islahatlarına qarşı çıxan çolaq bir seyidi əlinin və
nəfəsinin gücü ilə bir saatın içində sağaltmamışdımı? Sapasağlam olan seyid çəliyini
tullamış, onun ayaqlarına düşüb biət etməmişdimi? (Həbsxana yoldaşları danışırmışlar ki, həbs olunaraq Bayıla gətiriləndən
iki gün sonra Əfəndinin qaldığı kamera əsl şəfa evinə bənzəyirdi. Buradakı xəstə
dustaqlara yardım edir, bayırdan gətirtdiyi ot-ələfdən hazırladığı məlhəmlə
döyülməkdən taqətdən düşən dustaqları həyata qaytarır, onlara şəfadan başqa, həm
də mənəvi ruh aşılayır, sınmalarının qarşısını alırdı. Mir Cəfər Bağırovun
özünün şəxsən baş çəkdiyi bu kamera həbsxana kamerasından çox, həyat mənbəyi
imiş.) Camaatın hörmət əlaməti olaraq Əfəndi dediyi bu adam dövrünün görkəmli
alimi, din xadimi, indi isə düşmənə qarşı vuruşan silahlı dəstənin başçısı Bəhlul
Əfəndi Behcət* idi. Əmr ondan gəlmişdi.
Dəstə Araz qırağına çatanda bir
göz qırpımında Bəhlul Əfəndi də ağ atın üstündə yerdən çıxıbmış kimi peyda oldu.
Yaralıların yaralarını sarıtdırdı. Sonra bir-bir hamısının yarasını əli ilə
sığadı, güclərinə güc qatdı.
Əfəndi hündür bir daşın üstünə çıxıb dedi:
-Qardaşlar!
Siz dinimiz və vətənimiz uğrunda gavurlara qarşı igid kimi vuruşdunuz. Buna görə
həpinizə cani-gönüldən təşəkkürümü bildirirəm! Vətən və tarix bu şücaətinizi
unutmayacaq, bunu bilməyiniz gərəkir. İndi isə məni dinləyin: Qaçaq Fərzalı mənə
xəbər göndərmişdi ki, üstümüzə rus alayı gəlir. Onsuz da biz iki cəbhədə
vuruşurduq: həm özümüzün satqın bolşevik dəstələrimizlə, həm də erməni
daşnak-bolşevik bölükləri ilə. Üçüncü cəbhəyə təhəmmülümüz qalmazdı. Ona görə
Araz qırağına çəkilmək əmri verdim. Biz atlardan enib İran Azərbaycanına –
oradakı dil və din qardaşlarımızın yanına gedirik. Amma bu gediş könüllüdür.
Kim istəsə buradakı üç yüzdən artıq atın
gücü çatan hissəsini götürüb kəndlərimizə qayıda bilər. Amma bilin:
orada sizi həbs, edam gözləyir... Ən yaxşısı dostumuz Qaçaq Fərzalının dəstəsinə birləşməkdir. Qərar
sizindir...
Hadisənin şahidi olmuş və Arazın
o tayına getməmiş Keçəl ayamalı bir nəfər danışırmış ki, üç yüzəcən döyüşçü
atdan endi. Bəhlul Əfəndi əllərini göyə açıb ərəbcə bir dua oxudu. Sonra Əfəndi
ayağını yerə vurdu, yer yarıldı və əvvəl özü, sonra döyüşçülər qeyb oldular...
Bu
əhvalat kəndlərda adamlara necə təsir etmişdisə, onlar ümidlə yerə batmış Bəhlul
Əfəndinin öz dəstəsi ilə bir gün zühur edəcəyinə inanırmışlar. Hətta onu da
danışırmışlar ki, bolşeviklərin nökəri olmuş bir Xanlıq sakini güdükçü kimi Əfəndinin
dəstəsinin ətrafında bir xeyli aralıdan fırlanır, NKVD-yə məlumat ötürürmüş.
Deyilənə görə, o mürtəd də döyüşçülərin bircə anda yox olmasını görmüş, o hadisədən
sonra havalanaraq küçələrə düşüb dəli olmuşdu. Adı unudulsa da, kənd-kəsəyi
ayaqdan salaraq ayağını yerə vurub, “Əfəndi ha, Əfəndi!” deyə qışqıran bu
adamın adı da elə Əfəndi qalıbmış – Dəli Əfəndi...
***
Bir gün sonra İran höküməti biz qaçqınlara maşın verdi, İmişlinin
Çaxırlı kəndindəki keçiddən adlayıb öz tərəfimizə gəldik. Bir-iki nəfər Arazda
boğulmuşdu, bir-iki nəfərin ürəyi partlamışdı, bir-iki nəfər girov
düşmüşdü. Rayonumuzun yerdə qalan bütün əhalisi
sağ-salamat İrandan keçib gəlmişdi. Təkcə Dınış gəlməmişdi. Elə kəndin arasıyla
o baş-bu başa qaçır, “dədənizin başı haqqı erməni-zad yoxdu” deyirmiş. Amma
Dınışın sözü olmasın, kimi dindirdimsə, “erməni gördüm” deyən olmadı. Deyirəm,
bəlkə onlar gözəgörünməz imişlər? Gərək bunu daha baba dediyim Məti kişidən
soruşam bir.
-----------------------------------------------------------------------------------------------------------------------------------
*Bəhlul Behcət Əfəndi – 1868-ci ildə
Zəngəzur qəzasının Dondarlı kəndində (indiki Qubadlı rayonunun ərazisindədir)
doğulmuş bir üləma, tarixçi və hüquqşünas idi. 1890-cı illərdə İstanbul
universitetinin fiqh fakültəsini bitirmiş, Təbrizə, Şama gedərək elmi və dini
biliklərini artırmışdı. Vətənə qayıdanda atrıq bütün Rusiya ərazisində olduğu
kimi, Azərbaycanda da bir təlatüm, oyanış görür. Müsavat partıyasının Zəngəzurda
təbliğatçısı olan Bəhlul Əfəndi tezliklə müstəqilliyini elan edən Azərbaycan
Cümhuriyyətinin Zəngəzur üzrə nümayəndəsi, eyni zamanda Zəngəzurun qazısı təyin
olunur. Həm dini, həm elmi, həm də hərbi sahədə bacarığı olan bu gənc aydın
bölgədə bir sıra islahatlar həyata keçirir. İlk növbədə İmam Cəfəri Sadiqin,
sonralarsa Nadir Şahın sünnü-şiə məsələsində tutduqları mövqeni müdafiə edir və
belə bir fətfa verir ki, Zəngəzurda sünnü-şiə məsələsi salanı yüksək cəza gözləyir!
Daha sonra rusların əli ilə
devrilən Cümhuriyyətin ağrılarını ürəyində cəmi iki il yaşatsa da, sonda dözmür, cihad çağırışı ilə ordu
toplayır, Xanlıqda sovet hökümətini devirir, rus-erməni-azərbaycanlı bolşevik dəstələrinə
qarşı qəhrəmanlıqla vuruşur. Rus ordusu ilə ağır döyüşdən sonra İrana adlayır.
Bir il orada qaldıqdan sonra geri dönür. Həbs olunaraq buzlu cəhənnəmə -
Solovkiyə sürgün olunur. On il sonra sürgündən geri dönür və Azərnəşrdə
korrektor işləyir. Sonra yenidən həbs olunaraq güllələnir.
Hə, bir zabit də danışırmış ki, axırıncı dəfə Dınışın yanına gedib onu
dilə tutdum ki, gəl gedək, əhalinin Arazdan addamasını gözləyirik, bir azdan bizim əsgərlər də Arazı
keçəcəklər, onda ermənilər gəlib səni tutacaqlar. Üzümə baxıb ağladı. Gözünün
yaşını qoluyla silib dedi:
-Rəiş,
bəş təhvil-təşlimi kim eliyəjək? Bijdən bir nəfər qalıb buraları düşmana təhvil
verməlidi axı? Deyirsən yanı, bir kopolu da olmaşın o zaman? O anqıran eşşəklər,
o uluyan itdər, o yiyəşiz torpax... Yox, rəiş, yox... Mən qalıram...
MÜƏLLİF
Bu yazı adi hekayə kimi (yəni uzun
hekayə deyil) dərc olunandan sonra facebook ünvanıma bir mesaj daxil oldu: ”Salam. Mən sizin hekayənizi oxudum. Sağ
olun, yaxşı yazmısınız. Amma adam birindən yazanda, deməz ki, ay adam, ay köpəy
oğlu, sənnən yazı yazmışam, bir qulaq as, gör qələti-zadı yoxdu ki? Ya bəlkə sən
də bu gədə-güdələr kimi üstümüzü unnu görüb adımızı dəyirmançı çağıracaxsan?!”
Yazan
dostluğumdakı biri deyildi. Sadəcə, messengerdən girib yazmışdı. Adı da beləydi:
ƏLİ ƏLDƏN ÜZÜLƏN.
Əvvəl
fikir vermək istəmədim. Çünki hətta dostluğumda olan bəzi kəmsavadlar da vardı
ki, hekayə ilə məqalənin fərqini bilmirdilər. Hər hansı bir hekayəmdəki ad
oxşarlığına görə axmaq-axmaq sözlər yazırdılar. Hətta biri yazmışdı ki, Eteri mənəm
(“Eteri” adlı hekayəm var – müəllif), amma siz orda düz yazmamısınız. Mən
sizinlə heç vaxt eşq-filan yaşamamışam və həkaza...
Amma
burda açıq ittiham vardı: “adam birindən yazanda...”, yaxud “bir qulaq as, gör
qələti-zadı yoxdu ki...”, yaxud “gədə-güdələr kimi...” və bunun imzası”: “Əli əldən
üzülən...”
Götürüb
cavab yazdım: “Sizi tanımıram. Bu hekayədəki hadisələrə bir iradınız varsa, mənə
yazın, görüşək. Onu da deyim ki, hekayədə
təxəyyül məhsulu olan yerlər də var. Amma özək tamamən olmuş hadisədir.
Sayqıyla: Müəllif.” Sonra telefon nömrəmi yazdım.
Üstündən
bir neçə saat keçmiş mobil telefonuma zəng gəldi. Salam-kəlamdan, qısa
tanışlıqdan sonra bunları dedi: ”Hekayədəki Məti kişi mənəm. Adımı bir az dəyişmisən,
canın sağ olsun. Adım Məhidir. Çox şeyi olduğu kimi yazmısan. O labirint
dediyin yeri isə düzgün təsvir eliyə bilməmisən. Neyniyəsən ki? Görməmisən axı?
Hə... Əyəm, vaxtın varsa, görüşək, mən saa daha düzgün məlumat verərəm...”
Vədələşdik.
İki gün sonra onunla Əcəmi metrostansiyasının yaxınlığındakı çayxanada görüşəcəyimizə
söz verdik.
***
...-Qardaşoğlu,
onnan başdıyax ki, bu əhvalatı saa kim danışıb? Yanı ki, bu elə bir sirdi ki,
onu bilən ya bir olar, ya iki? O mahnıda nə təhər deyir? “İsmi Pünhan ya bir
olar, ya iki...” – Kişi gülümsünür və sanki buna peşman olub qaş-qabağını tökür.
Qalın bığı sallanıb ağzını tamam örtür. Arıq sifəti bir az da ölgünləşir. Onsuz
da quyunun dibində olan gözləri daha da dərinə çəkilir. Canımdan üşütmə keçir.
Bu adamı agent kimi təsəvvür etməyə çalışıram...
-Bilirsiniz...
axı...
-Hə,
bilirəm, deyəssən ki, maa daldada hamı Agent Məhi deyirmiş... nolsun, ona qalsa
mənnən barabar bu işdə iki adam da vardı... Birin urus saldatdarı vaqonnan atıb
öldüdülər, biri də Arazda boğuldu... Əslində onu boğub ora atmışdılar
saldatdar... amma maa dəymədilər. Bilirsən niyə? Ona görə ki, mən onnara nömrə
gəlmədim. Dilimi saxladım... Sən yeganə adamsan ki, indi olanları eşidirsən...
Amma...
-Hə,
amma sz bir başqasına da danışmısınız axı...
-Hə,
lap... az qala yadımnan çıxmışdı...
-Məti...
Məhi dayı, bəs niyə feysbukdakı adınız “Əli əldən üzülən”dir?
-Sən
gərək biləydin axı? O ölənnən sonra... – Kişinin yarasına elə bil duz
basmışdın. İçini çəkə-çəkə, isti çaydan sonra ağzı yanmış adam fasonu soyuq
havanı özünə çəkirmiş kimi gah üfürür, gah ufuldayırdı. Anladım ki, bu adam
möcüzə sayəsində həyatda qala bilir bu anlarda. Əgər yazıçı marağım güc gəlməsəydi,
ona sual verməzdim.
-Həəəə...
Bakıya gələnnən sohra cəmi on il yaşadı. Mən getdim yanına, ayağına düşdüm,
danışdım başıma gələnnəri... O da məni bağışdadı... Amma bir şərtnən: onlarla
bir evdə yox, bir az aralıda tutduğum bir otaqlı mənzildə qalacaqdım... Belə də
elədim. Di gəl, allah bunu da maa çox gördü. Onca il bir göyün altında qala
bildik. Sohra yaman dərd tapdı onu. Mənim gözəl qadınım bir dəri, bir sümük
oldu... – Kişi hönkürür. Elə ağlayır ki, məni də qəhər tutur. Çayçıdan su alıb
ovcuna tökürəm, isladır üzünü.
-Sən
bilirsənmi nooldu sohralar? – Atrıq özünə gəlib. Dili söz tuta bilir. – Doxsan
ikiydimi, ya üçüydümü, bilmirəm, bizdə bir seyid vardı, cəbhəçiydi, məni
çağırdı ki, bəs Əbülfəz Elçibəy gəlib. Səni görmək istiyir...
-Prezident
olan vaxtıydı?
-Hə...
-Görüşdünüz?
-Geciynən
gəldilər bizə. Məni maşına qoyub apardılar Cəbreyildə bir adamın evində
görüşdürdülər. Ev sahibi hərbçiydi. Soyuq bir gündü. Çay içdik. Sonra ərişdə gəldi.
O kişi ərişdəni görəndə gözləri bir işıqlandı ki!.. Həə... Mən də bir qab içdim
utana-utana... Ürəyimdə dedim, ə, ayıbdı, ə! Bu kişiyə bir əmliy quzu kəsərəm,
şişlərə çəkərəm, Əbdüləzimin zoğal arağınnan da qoyaram stola... Amma sonralar
eşitdim ki, o kişi ərişdəni özü sifariş veribmiş... Nəysə... Çörəyimizi yeyib,
Səlyan istəkanlarında* çayımızı işdik, qalxdıq ayağa. O evdə mənnən bir kəlmə də
söz soruşan olmadı. Mən, əslində niyə çağırıldığımı bilirdim. Amma bənsitmirdim.
Bizim agentura işçilərinə urus çekistləri də, özümüzünkülər də ayrıca dərslər
keçirdilər. Belə vəziyyətlərdə susmaq və işin axırını gözləmək lazımdır...
Yola çıxanda maşında ikimiz oturduq.
Şofer yerdə qaldı. Bəy üzünü mənə tutub dedi ki, maşını sən sürəcəksən. Az
qaldım soruşam ki, maşın sürməyimi hardan bilirsən, soruşmadım. Bu üzü üzlər
görmüş villisi işə salıb düz Araz qlrağına sürdüm. Yolda dedi:
-Mən
tapşırmışdım ki, sənin Sovet hökümətinnən aldığın aylığı bərpa eləsinlər. Elədilərmi?
Alırsanmı?
--------------------------------------------------------------------------------------------------------------------------------------------
*Səlyan stəkanı
- ortası boğmalı armudu stəkanlara biz tərəflərdə
belə deyirlər. Niyə belə deyildiyini araşdırmağa çalışsam da, bir nəticəyə gələ
bilmədim. Yalnız iş gümana qaldı: ola bilsin ki, ticarət işçiləri ilk dəfə bu
stəkanı Salyandakı satış bazalarından alıb bizim tərəflərə gətiriblər.
Soruşanda da “Səlyandan gətirmişəm” deyiblər. Stəkanın adı qalıb “Səlyan stəkanı”.(Müəllifin
qeydi)
Başımla “hə” işarəsi verdim. Sonra
dedi:
-Mən
sənin kimliyini yaxşı bilirəm. Bu ölkənin prezidenti kimi Azərbaycanda sənin
kimi 10-12 nəfər qiymətli adamın
olduğundan xəbərdaram. Başımızı çox qatırlar... Sizin kimi adamlarla özüm ilgilənə
bilmirəm... Amma səni görməliydim. Özü də
təkbətək. Dünya etibarsızdır... Mən o yeraltı sarayı – keçidi görmək istəyirəm.
Göstərə bilərsənmi?
Yenə
başımla “hə” elədim. Gülümsündü. Maşını xeyli aralıda saxladım.
-Burdan
belə ayaqla getməliyik.
-Nə
qədər məsafə olar?
-Bir
kilometr.
-Niyə
maşınla... Hə aydındır. Gedək...
Arxamızca
gələnlərə “burada gözləyin” deyib qabağa düşdük. Bu vaxt ev sahibi bizə
yanaşdı. Çiynindəki balaca avtomatı çıxardıb mənə uzatdı. Mən prezidentə
baxdım, o da başıyla “hə” dedi və avtomatı çiynimə salıb qabağa düşdüm. Əbülfəz
bəy də ardımca... Daha qalanını bilirsiniz... Yəni oranı bir dəfə təsvir eləmişəm...
Yazdıqlarınız...
-Mənə maraqlıdır, siz necə eləmisiniz ki, o yolu sizdən başqa bilən
olmayıb? Ən azından uşaq-muşaq, çoban-çoluq tapa bilərdi?
-Yer elə seçilib ki, o səmt tamam
böyürtkən kollarıyla çərhalğa əhatəyə alınıb... Yəni istəsən də, o kol-kosun
içindən bir şey tapa bilməzsən... O ətraf həm də sirli bir məkan kimidir. Bir
az aşağıda iki Xudafərin körpüsü var. O tayla burun-burunasan az qala. Bu yerlərdə
Qurbani gəzib, Xətainin ayağı dəyib bura, Nadir şah keçib buralardan... Burda hər
daş, hər ağac da dil olub dillənə bilər... Əyəm danışdıra bilsən...
Bu
miskin görkəmli qocada sözlər varmış! Mən də səhərdən buna acıyıram ki, indicə
yıxılıb öləcək. Amma gör bu nələr danışır. Həm də qoca özünə mübhəm söhbətin
içinə girənnən, fikir verirəm ki, elə bil gümrahlaşıb.
-Bəs
o biri tayda?
-Elə
orda da hər yan böyürtkənlikdir. Onu qazanlar, içəridə tikinti aparanlar
bunları qabaqcadan fikirləşiblər yəqin.
-Bəy
səninlə o yeraltı yolu gəzəndə nə dedi? Oranın tarixi-filanı barədə danışdımı?
O rəhmətlik tarixçiydi axı?
-Hə, dedi nələrsə. Lağım daha qədimdir qədimliyinə.
Amma içdən tağbəndlərlə hörgü Nadirşahın
dövrünə aiddir dedi... İçəridə işlədilən daşlara fikir vermişəm, məncə birinci
Xudafərin körpüsünü tikən adam tikib o yeraltı yoldakı tağbəndləri, divarları.
Niyə? Ona görə ki, daşlar eynidi...
-Bəs?..
Sözümün
dalısını gətirməyə qoymur:
-Bəsdir.
Day mən heç nə danışmıyacam. Mən tarixçi deyiləm. Bir də bunları, hələ yazmaq
olmaz...
-Heç
mən də soruşmayacam, narahat olma. Gördüyümü gördüm. Arxayın oldum. Bu labrinti
mənə danışmışdılar... Amma bir əfsanə kimi, rəvayət kimi bilmişdim. İndi
anladım ki, hər əfsanənin də kökündə bir reallıq var...
-Bəy lağımları gəzdikcə şövqə gəlirdi.
Elə bil tamam dəyişirdi. Ayrı adam olurdu. Gözləri alışıb yanırdı. Əlini o tağbənd
daşlara sürtə-sürtə deyirdi ki, buranı, başımız aydınasın, bir yaxşıca təmir eləmək
lazımdır... Amma hələlik gizlicə, gecələr eləməliyik ki, farslar duyuq düşməsinlər...
Ehhhh... Məhi kişi, hələ görüləsi işlərimiz çoxdu. Lap çox... Siz isə bu sirri
necə qorumusunuz indiyəcən, elə də qoruyun... Biz yenə görüşəcəyik...
Qoca
kövrəldi. Əyilib gülün dibindən bir parça daş götürüb mənə uzatdı:
-Bu
daşın da dərdi var. Hansısa qayadan qopub bura düşüb... Bizim dərdimiz isə çox
böyükdür... Elə bu daşınki kimi...
Ayrılanda
lap astadan dedi:
-Bəyin
bir dostu vardı – Talehdi adı. Bir gün hardansa gəlib məni qaldığım yataqxanada
tapdı. (Bəylə görüşəndə o da orada idi.
Bir-birimizi tanıyırdıq.) Xoş-beşdən sonra mənə bir açar verib dedi:
-Mən
kəndimizə qayıdıram. İki otaqlı evim var. Onu sənə bağışlayıram. Get, rayonunuz
alınana qədər yaşa...
-Dedim,
birdən allah eləməsin, rayonumuz alınmasa?
Dedi,
evi onsuz da sənin adına keçirmişəm. Mən də evi nəvəm Nazimə verdim... O da
satdı, o pulla çıxdı getdi Türkiyədə
biznes qurdu... İndi namxuda, beş kişidən biri olub. Bəyin nəfəsi toxunan yerdə
bərəkər var, artım var... Yeri behişt olsun.
***
Qar yağıb. Özü də çox. Buralar bəlkə
də belə qarı yüz il qabaq görməyib... Yox əşşi, nə yüz il?!.
Yaddaşını qurdala. Sən Bakıya gələndə neçənci il idi? Dayan? Yetmiş bir?
Hə. Yetmiş birinci il idi. İnstitutdan kəsildin, neftayırma zavodunda işləyirdin.
Yetmiş ikinin yanvarında bir qar tutdu ki, zavoda işə ayaqla gedəsi oldun...
Sonralar danışırdılar ki, kəndinizdə Səttar kişi ilə Həsənalı kişi ölübmüş. Qəbirin
əhlədinə döşəmək üçün sal daş lazım olub, qar hər tərəfi basdığından gedib
çayın içindən uzun daşlar çıxardıb gətiriblər qəbirsanlığa...
İndi molla deyir ki, niyə qəbirin əhlədini bu qədər gen qazmısınız? Ağ
lay daşlar ki, əhlədə döşəmisiniz, sınar, qəbir batar axı?
Kimsə dillənir:
-Ay molla əmi, qəbir gərək itsin,
batsın də... Qoy itsin. Biz o boyda el, torpaq itirmişik... Bu qəbir nədir
onların yanında?!
-Molla əmi, meyid şişmişdi...
Qorxduq ki, qəbirə yerləşməz.... Ona görə əhləd elə gen qazılıb... –Kimsə az
qala pıçıltıyla deyir.
Bu kimin səsidir? Dayan, dayan.
Həəə... Məti kişinin – ölən adamın oğludur bu. Hekayəmizin əvvəlində başını
itirmiş adam... Bəs onun arxasında qara gözlüklü kimdir? Mən bu adamı harda
görmüşəm? Bəyaz saçları, çal bığları, sivri burnu var. Gözlərini qara gözlük
örtməsəydi kaş... Mənim ona baxdığımı sezib başını yerə dikir elə bil.
-Salam. – Gözlüklü adama
yaxınlaşıb salam verirəm. Gözlüyünü çıxarmadan salamımı alıb əlini uzadır. Mənim
israrla onun gözlüklə qapanmış gözlərinə baxdığımı görüb gülümsəməyə çalışır.
-Mən Talehəm... Bəyin dostu.
Sizi yaxşı tanıyıram. Bəy haqqında yazdıqlarınızı oxumuşam. Tam ürəyimcə deyilsə
də... amma yenə də sağ olun...
-Onlar ədəbiyyatdır... Hekayələr...
Nəsr... Proza... Orda hər şey həyatdakı kimi olmaya bilir...
-Hə, elə olmağına elədir...
Amma bu Bəydir hər halda...
-Düzdür... Amma Bəy sizin,
bizim gördüyümüz Bəy idimi?
Səksənir. Gözlüyünü
çıxardır. Siqaret yandırır.
-...Vəhdəhula şərikələ...-Molla
meyid duası verir. Biz səsimizi bir az da qısırıq.
-Yox, təbii. Biz Bəyin 20,
uzağı 30 faizini görür və dərk edirdik. O bu zəmanənin adamı deyildi... Bu Məti
kişini bilirsinizmi hardan tanıyıram?
-Siz də Bəylə getmişdiniz o
yeraltı labrintə?
Səksənir. Nədənsə
gözlüyünü taxır. Siqaretini qarın içinə atır. Cızıldayan qarda siqaret qəribə
sarı ləkələr buraxır. Biz qəbiristanın yüz metirliyindəki Yanardağ vulkanına tərəf
addımlayırıq. Vulkan iki il əvvəl aktivləşibmiş. Yaxındakı qəbirlərin bir
çoxunu palçıq basıb, itiblər. Bizim kənddən də burada basdırılan bir neçə qəbir
yoxa çıxıb. Acı-acı gülümsünürəm.
-Dəhşətdir. Bizim
adamların bir çoxu bu vulkanın o üzündə qeyri-qanuni satılan torpaqlarda icazəsiz
evlər tikib qorxa-qorxa yaşayırlar. Sonra da ölüb bu üzdəki qeyri-qanuni qəbiristanda
basdırılırlar və vulkan püskürəndə qəbirlərini basır, silir yer üzündən... Bu Məti
kişinin də qəbri bir gün itəcək... Elə bil bu sözü bu bədbəxtlər üçün deyiblər:
”Müsəlmanın qəbri itməlidir.”
-Siz bilirdiniz ki, vaxtilə Həkəri
çayının altı ilə Şəhri-Şərifandan Məmmədbəyli türbəsinə yeraltı yol varmış?
-Yooox, - deyə heyrətlə cavab
verirəm. O vulkanın bayıra atdığı parlaq süxurları ayağı ilə tərpədib
gülümsünür.
-Bəyin anası siz tərəfdən,
Qafanın hansısa kəndindən idi... Onunla bir dəfə sizin rayonu gəzə-gəzə gedib Şəhri-Şərifanın
xarabalıqlarına çıxdıq. Əlini çayın o tayındakı Məmmədbəyli türbəsinə uzadıb
dedi ki, bax, bu çayın altından o türbəyə yol varmış. Babəki o qalaçada dustaq
saxlayıblar. Sonra o yeraltı yolla gətirib Şəhri-Şərifandan Samirəyə
aparıblar... Məti kişi danışırmış ki, o yolu da bilir. Bəy düşünürdü ki, Xudafərindəki
yeraltı yolu da, Şərifandakını da təmir etdirsin... Bir tarixi abidə kimi...
Əksər arzuları kimi o da həyata keçmədi... Məti kişi ilə biz hərdən
görüşürdük...
Hirslə dillənirəm:
-Nolsun?! Mən də görüşmüşəm...
Söz qopartmaq olmurdu ki?!
-Həəə... O peşəkar idi... Eləsi
sirr verməz...
-Siz Məti kişi ilə dost ola
bildinizmi?
-Yox, canım! Adamı yaxına buraxırdı
ki!?.. Sözü maqqaşla çəkirdin elə bil... Çekistlərin bir çoxu beləydi... Onun
kapitan rütbəsi varmış. Amma əlində heç
bir sənədi yoxuymuş. Sovet vaxtı hər ay paketlə nə qədərsə təqaüd alırmış...
Müstəqillik zamanı düz altı ay o təqaüd kəsilir. Və bəy hardansa xəbər tutur,
kişinin təqaüdünü bərpa etdirir... Fikir verirsiniz? Əgər təqaüd bərpa
olunmasaydı, səsini çıxartmayacaqdı... Adam
öz işinə, andına necə də sədaqətliymiş!?. Bilirsiniz də, çekistlər işə qəbul
zamanı and içirlər. Adam andına necə sadiq qalıb... Bəy belələrinin aşiqi idi.
Deyirdi ki, bizim ən böyük çətinliyimiz kadr məsələsidir. Gərək on iləcən bu məsələni
qəti həll edək. Türkiyəyə göndərilən tələbələr, əslində buna hesablanmışdı...
Səsi qırılır. Hiss edirəm
ki, qəhər tutub. Əyilib bir çəngə qar götürüb üzünə sürtür. Elə bil bədəninə
dolmuş odu bu yolla qovmaq istəyir.
-Bu günlərdə o gənclərdən
biri ilə görüşdüm. Saqqal buraxıb, təsbeh sallayır. Soruşdum bu nə haldır? Dedi
ki, neyniyim, iş vermirlər, bir türkiyəli iş adamıyla burda biznes qurmuşam...
O da dindardır. Deyir gərək halal biznes quraq. Bunun da yolu dindən, imandan
keçir... Günümüzə bax də...
Xəbərimiz olmadan
danışa-danışa gəlib vulkanın lap ağzına çıxmışıq. Taleh pıqhapıqq qaynayan
vulkanı görüb maraqla ona doğru gedir. Mən: “Çox irəli getməyin, təhlükəlidir”
demək istəsəm də, özümü saxlaya bilmirəm və onun kimi düz vulkanın gözünə
yaxınlaşıram. Bu zaman hala gəlmiş xəmir kimi qəfil qalxan vulkan üstümüzə
sıçrayır... Şalvarımızın ayaqlarına ləkələr düşür. Amma geriləmirik. Bu sönmüş
vulkan bizi özünə çəkir...
Bir qədər aşağıda isə bir
zaman püskürmüş vulkanın gümüş kimi parıldayan qalıqları bərq vurur...
2015 - 2017
Yorumlar
Yorum Gönder