MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLİB

 

 

 

              MƏHƏMMƏD BAHARLININ 75 İLLİK YUBİLEYİ QEYD EDİLİB



 

            İstedadlı jurnalist, gözəl qələm sahibi, bacarıqlı mətbuat xadimi  Məhəmməd Baharlının 75 illik yubileyi Mətbuat Şurasının iclas zalında qeyd olunub. Tədbiri Mətbuat Şurasının Ahıl Jurnalistlər Birliyinin sədri Tahir Aydınoğlu açıq elan edərək sözü  yazıçı Azad Qaradərəliyə verib. A.Qaradərəli Məhəmməd Baharlının həyat və fəaliyyətindən, yaradıcılıq yolundan və bir şəxsiyyət kimi cəmiyyətdəki rolundan bəhs edib. O qeyd edib ki, jurnalist fəaliyyətinə  “Azərbaycan gəncləri” qəzetində sıravi müxbir kimi başlayan mərhum Məhəmməd Baharlı o zamanın məşhur nəşrləri olan “Azərbaycan məktəbi”, “Kənd həyatı”, “Gənclik”, “Molodost” dərgilərinin məsul katibi, “Təhsil” və “Azərbaycan müəllimi” qəzetlərinin baş redaktoru işləmişdir. Xüsusilə, “Azərbaycan müəllimi” qəzeti bu bacarıqlı jurnalistin peşəkarlığının və rəhbər işçi məharətinin üzə çıxmasında müstəsna rol oynamışdır. Həyatı təhsillə, pedoqoji mətbuatla sıx bağlı olan Məhəmməd müəllim   2002-ci ildən dünyasını dəyişənə qədər Təhsil Nazirliyinin elmi-metodik jurnalı olan "Azərbaycan dili və ədəbiyyatı tədrisi"nin baş redaktoru vəzifəsində çalışmışdır. Gözəl jurnalist olmaqla bərabər, o həm də ədəbiyyat sahəsində də qələmini sınamış, hekayələri, şeirləri və elmi-tarixi araşdırmaları ilə də tanınmışdır. Müəllifin “Azərbaycan tarixi: Baharlılar” elmi araşdırması tariximizin çox mühüm dövrünə həsr olunmuşdur.

            Tədbirdə yubliyarın dostu və tələbə yoldaşı  yazıçı Məmməd Oruc, uzun müddət dostluq etdiyi, qonşusu şair Ağacəfər Həsənli, Baharlılar soyunun tədqiqatçısı Orxan Baharlı, iş yoldaşı olmuş alim-jurnalist Pəri Soltanqızı, pedoqoji elmlər namizədi, ADPU-nun müəllimi  Adil Balıyev, “Azərbaycan müəllimi”, “Azərbaycan məktəbi” və “Azərbaycan dili və ədəbiyyat tədrisi” nəşrlərinin kollektivi, Zəngilan ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri iştirak etmişlər.

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)