AZAD QARADƏRƏLİ CÜLYETTANIN SAĞ DÖŞÜNƏ TOXUNMAQ” ROMANINDAN PARÇA (Deyim kimi fikirlər)

 

AZAD QARADƏRƏLİ

“CÜLYETTANIN SAĞ DÖŞÜNƏ TOXUNMAQ” ROMANINDAN PARÇA

                          (Deyim kimi fikirlər)

 


 

           “ -Mən bu dünyada haqqın və ədalətin yanında çox az adam gördüm... Amma gördüm.

         -Sözün, illah da düz sözün qiyməti, doğrudan da yoxmuş. Kimisi üçün bu əskiklik, kimisi üçün isə ən böyük qiymət anlamındadır.

         -Kitab oxuyanları hörmətli gördüm – kitabdan aldıqları bilgilər onların hörmətini birə min artırmışdı.

         -Yaltaqlıq səndən uzaqdadırsa,  ona bulaşmamısansa, qorxulu deyil. Elə ki, yaltaqlandın, sonundur – rəzil olacaqsan. Hamı bunu səndən umacaq.

         -Şirə ölüm deməkdir. Həşarat şirəyə batanda öldüyü kimi, insan da harama bulaşanda özünün qəbrini qazır. Ona əbədilik yaddır. Öləndən sonra lənət payı şirə payından çox olar.

         -Ağac yarpaqla diridir, insan ruhun qidası ağılla. Yarpaqsız ağac adi odundursa, ruhsuz bədən də qoxuyan  meyitdir – abırını torpaq örtər.

          -Torpaqla insan bədəninin tərkibində kimyəvi yaxınlıq var: o səbəbdən insan doğulandan ölənəcən torpağa can atır.

         -Mən yazılarımdakı əzəmətli, köhnə dillə desək, müsbət qəhrəmanları uydurmalı olmuşam, çünki onların həyatda prototipi ya yox idi, ya da mənə bu 70 ildə rast gəlməyib. Mənfiləri isə bir az rəngləmişəm ki, sizə mənfi enerji ötürə bilməsinlər.

         -Əgər sizi əhatə edən ortamda xeyirxah adam yoxsa, onu uydurun, yoxsa yaşamaq çətin olar. Amma mən beləsiylə rastlaşmışam. Məsələn, Sabir Əhmədli. Ona görə özüm də yorulmadan xeyirxahlıq etməyə çalışmışam. Qəhrəmanlarımın da içində belələri yox deyil – hətta uydurma olsalar belə.

         -Yazılarımda sənə oxşayan surət görsən, özünü o yerə qoyma. O sən deyilsən, sadəcə sənə oxşayır, vəssalam.

         - Qəhrəmanım səninlə adaşdırsa, bu o demək deyil ki, səni nəzərdə tutmuşam – ağlına da gətirmə.

         -Mən dinsiz biri deyiləm, amma gözəl qadını qara çarşaba, gözəl üzlü kişini qapqara saqqala  bükməyi din saymam, lütfən.

         -Mənə bir 70 il də yaşamaq imkanı verilsəydi, yenə yazıçı olardım. Gözəl insan qəlbindən (bu qadın qəlbi olanda nə xoş!) və yazıdan aldığım həzzi heç nədən almadım.”

            (Azad Qaradərəli, Bakı, 2024, Qanun yayın evi, 5-ci cild.)

        

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ SARI SİMİ QIRILAN TAR...