AZAD QARADƏRƏLİ KƏDƏRLİ YAZILARIN DOĞURDUĞU SEVİNC (Gənc yazıçı Əli Zərbəlinin hekayələri üzərinə)
AZAD
QARADƏRƏLİ
KƏDƏRLİ YAZILARIN
DOĞURDUĞU SEVİNC
(Gənc
yazıçı Əli Zərbəlinin hekayələri üzərinə)
1976-cı
ildə böyük müəllimim Sabir Əhmədli ilk hekayələrimdən olan “Yazdagülün yaz günləri”ni
(“Yaz günləri” kimi getmişdi qəzetdə) o zamanın etalon qəzetlərindən olan “Ədəbiyyat
və incəsənət”də çap etmiş və bu sevinci tam həzm edib qurtarmamış, elə həmin
zamanın görkəmli ədəbiyyatşünası Akif Hüseynov ilin hekayələrini (1976-nın) təhlil
edərkən həmin hekayə haqqında da xoş sözlər demiş və necə deyərlər, sevincimi
ikiqat artırmışdı...
Bunu
niyə xatırladım?
AMEA-nın
Ədəbiyyat İnstitutu xoş bir layihə həyata keçirir: gənc yazıçıların (təbii, hər
gəncin deyil!) kitablarını müzakirəyə çıxardır, onları tənqid-təhlil edir, üstəlik,
müzakirəni açıq şəkildə aparır – kim istəsə gedib iştirak edər, ədəbiyyatla məşqul
olan alimlərlə “söz güləşdirə bilər”...
Sosial
şəbəkədə oxudum ki, gənc yazıçı Əli Zərbəlinin yeni çıxmış hekayələr kitabını
da eyni aqibət gəzləyir. (Bu cümlənin hüznlü çıxmasından qorxmayın: oradakı
tənqid də sağlam tənqiddir. Nədən ki, işin başında dayanan akademik çevrəyə mənsub
olsa da, kəssən, qanı bizə tərəf axandır, bizdəndir, özümüzünküdür.)
Nə
isə, Əli Zərbəlidən danışacaqdım axı...
Nə
yazıq ki, gənc dostumuzun kitabını əldə edə bilməmişəm. Bu aralarda cəmi bircə
dəfə şəhərə çıxmaq imkanım olub, o da atüstü. Yəni kitab marketlərinə yolumu
sala bilməmişəm. (Ah bu qocalıq!..)
Xüləs
ki...
Kitabı
oxumasam da, bu imzanı tanıyıram axı! Hələ sosial mediada ilk müzakirələr
başlayanda təxminən belə sözlər yazmışdım:” Bu müəllifin bir, ya da iki hekayəsin
oxumuşam. Sözü tanıyan birisidir. Heyf ki, kitabı hələ ala bilməmişəm. Düşünürəm,
düz seçim etmisiniz. Yazmağa gələndə isə... Elə bilirəm ki, təhlil elm adamları
arasında gedirsə, mütləq yazılmalıdır və yayımlanmalıdır. Ən azı tarix üçün.
Tehran Əlişanoğluna və onun komandasına salam olsun!”
Hə.
Əli Zərbəli, bildiyim qədəri ilə gəncdir, hətta çox gəncdir. Bəs mən niyə onun
haqqında “Sözü tanıyan birisidir” kimi zəhmli cümlə işlətmişəm?
Buna
səbəb müəllifin “Ürəkbulanma” adlı hekayəsi oldu. Bu hekayə məni çox-çox
uzalara, hətta 100 il əvvələ apardı. Sartr kimi bir dahinin 100 il əvvəl qələmə
aldığı “Ürəkbulanma” romanına, mənim bu əsəri ilk dəfə oxuyub sarsılmağıma, illər
sonra ikinci dəfə oxumağıma və Sartrı daha rahat anlamağıma səbəb olmuşdu... Və
taledə mənim bu romanı üçüncü dəfə vərəqləməyim (məhz vərəqləməyim!) varmış –
Əli bəyin hekayəsi, təbii ki, yadıma Sartrı və onun məşhur romanını saldı və
öz-özümə dedim ki, əcəba, bu gənc adam qurd ürəyimi yeyib ki, Sartr kimi bir nəhəngdən
(o qədər nəhəng olmalısan ki, Nobel mükafatından imtina edəsən!) sonra eyniadlı
əsər yazır?!.
İnanın,
səmimi deyirəm, hekayəni iki dəfə oxudum və anladım ki, adam ekzistensialist
cərəyana aşinadır, yazılarında bu ədəbi cərəyanın müasir ab-havasını yaşada
bilir...
Təbii,
bu “Ürəkbulanma” o “Ürəkbulanma”nın yanında çox kiçik, çox zəif görünə bilər,
amma məhz sönük görünmür! (Təbii ki, Sartr Sartrdır! Üstəgəl bir romanla bir
hekayəni müqisə edəcək deyilik. Amma təkrar edirəm, bu cəsarəti mən təqdir edirəm!
Orta səviyyəli Sovet yazıçılarımıza bənzəməkdənsə, dahi Sartrla çilingağac
oynamaq daha maraqlı olardı!)
Müəllifin
ikinci bir hekayəsindən də qısaca bəhs edəcəm. Hələ bu cümlələrə baxın:” Lopa-lopa
yağan qarın iliyə işləyən soyuğunun dərimə toxunub nəfəsimi kəsməsinə imkan
vermədən yenidən bədənimi yorğanın altında gizlədirdim... Qar dənələri gah
balacalaşıb düyü kimi yumru sərt yağır, gah da böyüyüb pambıq kimi çəkisiz və yumşaq
olurdu.”
Müəllifin
dili sadə və rəvandır, sözü sözdən seçə bilir. Yuxarıdakı sətirlər adamı “üşüdə”
bilir...
Ona
görə yazmışdım ki, sözü tanıyandır...
Hekayələri
təhlil-filan etmədən bir şeyi qeyd edim: gənc yazıçının mətnlərinə bir kədər
hakimdir. Cəmiyyətin, dünyanın, günün, ayın, ilin, bəşərin ovqatından
içimizə ələnən kədər...
Misal
gətirdiyim hər iki mətndə insan narahatdır. Əgər avqustda yuxarıdakı qar-boran
gözlənilirsə, yaxud olacaqsa, təhlükənin miqyasını anlamaq elə də çətin
deyil...
Zatən
ekzistensial dəyərlər insanın, dünyanın mövcudluğunun qorxu ilə çuğlaşdığına işarə
edir və bu qorxunu yazıçılar əsərlərinin mayasında bişirir...
Əli Zərbəlinin hekayələrinin mənə aşıladığı kədərli sevinc budur...
(Əslində,
bu fikirlər mənə çox doğmadır. Bəlkə elə bu yazını da ona görə qələmə almışam.
Axı mən də bir ədəbi cərəyana – yeni ədəbu naturalizmə tapınmışam və
zaman-zaman hekayələrimdə, romanlarımda, eləcə də esselərimdə - üç cildlik
“Renessans həsrəti” kitablarımda – bunları ehtiva etməyə çalışmışam.
Dünyamızın, bəşəriyyətin get-gedə öz ipini-sapını itirməsi, insanlığı gözləyən
qorxu, həyəcan, sunami, yanğınlar, susuzluqlar Domokl qılıncı kimi bizi təhdid
etmədə...)
Əli
Zərbəlinin oxuduğum üçüncü kekayəsini xatırlaya bilmədim. İnterneti ələk-vələk
eləsəm də o hekayə yoxa çıxmışdı. (Nə bilim, bəlkə gənc qələm hələ o hekayəni
yazmayıb, gələcəkdə yazacaq?)Bəlkə də, bu onun ən yaxşı hekayəsi idi?..
Kitabı
isə mütləq alıb oxuyacağam.
Gənc
dostumuza daha böyük başarılar arzulayıram!
S.A.
(Söz Ardı.)
Əslində,
dostum Tehan Əlişanoğlunun rəhbərliyi ilə təşkil olunan o müzakirəyə gəlmək,
orada bu və buna bənzər bir çıxış da etmək fikrim vardı. Fəqət, yaş imkan vermədi.
“Gəzmə” dediyimiz payız qripinə yoluxmağım mane oldu. Bütün tədbir
iştirakçılarını salamlayıram.
23.09.2024.
Yorumlar
Yorum Gönder