AZAD QARADƏRƏLİ ANANIN OĞULLARI Hekayə Şəhidlərimizin xatirəsinə
AZAD QARADƏRƏLİ
ANANIN OĞULLARI
Hekayə
Şəhidlərimizin
xatirəsinə
Qapı bərk
döyüldü. Elə
döyüldü ki, elə bil sındırmaq istəyirdilər. Ana qapıya yönələn oğlunu saxlamaq
istəsə də, gec idi, o, artıq cəftəni qaldırmışdı.
İçəri hövlanak girən oğlan salamsız-kəlamsız mətləbə keçdi:
- Qoşun şəhərin
girəcəyindədi. Təpədən-dırnağacan silahlıdırlar. Uşaqlar məsləhət gördülər ki,
səni çağırım. Düşmənin qabağına necə çıxmağı götür-qoy eləməliyik…
Qonaq qəfil gəldiyi
kimi də çıxıb getdi. Ayrı vaxt olsaydı, yəqin ki, bir stəkan çay içməmiş buraxmazdılar. Elə Alxan da
qonağın dalınca çıxmaq istəyirdi, anası qoymadı. O, oğluna sirr açırmış kimi,
xoflu-xoflu dedi:
- Qulaq as,
gör nə deyirəm. Mən səndən bu uzun illərdə bir neçə sirri gizlətmişəm. Bu
xalçanın altında divardan asılan tüfəng babanındır. Bu hökumət həmin tüfəngin
üstündə babanı tutub güllələyib. Sonra atanı da xalq düşməninin oğlu kimi həbs
etdilər… Mən bunları sənə ona görə deməmişdim ki, bu hökumətə qarşı nifrət bəsləməyəsən…
Daha bunu səndən gizlətməyə elə bir ehtiyac yoxdur. İndi həmin hökumət sənin
üstünə gəlir. Götür bu tüfəngi! Qana qan eləməyin çağı gəldi!
Oğlu
anasının gözlərində qəribə bir işıq gördü – indiyə qədər görmədiyi işıq!
Hamının həlim, mülayim qadın kimi tanıdığı anası məclislərin başında
oturdurardı. Oğlunu zəhmətkeş böyütmüşdü. Həm də qəhrəmandı oğlu. Yox, o qəhrəmanlıqdan
yox, bu hökumətin dövründə dəbdə olan əmək qəhrəmanı! Nədən ki, ananın oğlunun əlindən
qılıncı alıb əvəzində çəkic vermişdilər. Oğlu çəkic qəhrəmanı idi… Indi
anasının gözlərində gördüyü işıq haçansa tanış gələn işıq idi. Amma haçan
görmüşdü o işığı? Nə işığıydı bu?! Oğlan nə qədər düşünsə də tapa bilmədi. Amma
bir onu bildi ki, anasının gözlərindən süzülən işıq onun da qanını coşdurur. Axırda
qanı o qədər coşdu ki, ürəyini çapalatdı, az qaldı sinəsini deşib çıxa. Birdən
həmin döş cibindəki partbilet yadına düşdü və işıq-filan çəkilib getdi o dəqiqə.
Üzünü anasına tutub dedi:
- Yox,
anacan, biz onlarla silahla yox, musiqiylə, şerlə vuruşacağıq!
Ana qiyyə çəkdi:
- Yox,
qoymaram gedəsən! Əliyalın ordu üstünə gedərlər?! Yuxuda qan görmüşəm!
Alxan
anasının saçlarını sığalladı:
- Özün deyərdin
ki, qan qovuşuqdur. Narahat olma, o əsgərlərlə biz yaşıdıq. Bir-birimizi başa
düşərik. Hələ bəlkə dostlaşdıq da…
- Gələn
dedi ki, onlar təpədən-dırnağacan silahlıdırlar. Dolu silah boşaldılmalıdır! Mən
bu hökuməti yaxşı tanıyıram. Bunun mayası qanla yoğrulub. Gəl, qayıt, getmə.
- Yox,
ana. Əvvəla, səhər dost-tanışın üzünə çıxa bilmərəm. Ikincisi də, biz onların
qabağına çıxmasaq, elə bilərlər ki, bu şəhərin yiyəsi yoxdur…
Alxan
qapıdan tülyan çıxdı. Ananı dərdiylə baş-başa qoydu.
Yer-göy
ünnəşdi. Top səsi, şəhərin üstüylə uçuşan odlu güllələrin vahiməsi ananın qəlbini
paralayırdı. Elə bil soyuq yanvar gecəsində şəhərə qırmızı dolu yağırdı. Bir az
da 9 may atəşfəşanlığına bənzəyirdi.
Ana pəncərəylə
qapının arasında qalmışdı. Qəfil qopan nalə ananı balkona atdı:
- Kömək
edin! Qansızlar yaralıları güllələyirlər! Meyitləri yığıb aparırlar! Kömək
ediiiiiin!
Qapıdan
haçan çıxdığını bilmədi. Bir də gördü ki, qışqıran adamın yanındadır. O, sürüyə-sürüyə
gətirdiyi cavanı anaya verib geri dönə-dönə qışqırdı:
- Bu gənci
evlərin birinə sal, gəl dalımcan! Yaralıları, meyitləri onların əlindən almaq
lazımdır!
Ana yaralını elə ilk blokun qapısındaca başqa bir
adama təhvil verib, həmin adamın dalınca qaçdı. Ananın yan-yörəsindən güllələr
şütüyüb keçirdi. Qəribə də olsa, ana bu güllələrdən qorunmurdu. Deyəsən, güllələr
də anadan qaçırdı. Sağında-solunda partlayan güllələrin arasından boylanıb
bayaqkı qadının sürüdüyü yeni yaralını gördü və özünü ona tərəf atdı. Növbəti
yaralını həmin qadından alanda o dedi:
- Mən də
yaralanmışam. Əgər qayıtmasam, bil ki, ölmüşəm. Bu cavanı da apar, sonra gəl
dalımca. Orada bizim oğullarımızı maşınlara doldurub harasa aparırlar…
Ana
yaralını artıq ona qoşulmuş qonşusuna verib geri döndü və qadının yeni bir gənci çox çətinliklə sürüdüyünü gördü. Anaya
çatanda qadın yerə sərildi. Yaralı da al-qan içində inildədi. Ana yaralının
gözlərini görəndə diksindi: bu onun ciyər-parası idi! Güllə köksünü dəlib
keçmişdi!
Ana oğlunu
köksünə sıxdı. Oğlunun qanı anasının sinəsinə axdı.
Ana oğlunu
binalarına tərəf sürüyəndə yaralı qadın zəif səslə zarıdı:
- Bacı, ay
bacı… Mən özümə görə demirəm… Orada hələ çoxlu yaralı var. Apardığın adam sənin
nəyindi, bilmirəm. Çalış o biri yaralıları da xilas edəsən… Mənim daha gücüm
qalmayıb…
Ana oğlunu
arxasınca gələn qadına verib yalvardı:
-
Qurbanınız olum, bu mənim oğlumdur. Onu tez xəstəxanaya çatdırın!
Özü də tez
geri qayıtdı. Axı orada hələ yaralı çoxdu…
Ana
qızılgül kollarının arasına sərilib zarıyan yaralını qaldırmaq istəyəndə çaşıb
qaldı: bu onun oğlu Alxan idi! Bəs onda bayaqkı kim idi?
- Oğlum! Mən də bayaqdan elə bilirəm ki, səni
xilas eləmişəm?! Düşmən gülləsi səni nə tez tapdı! Nə çox qan itirmisən, ay
anan ölsün…
Ana yaralı
oğlunu arxasınca gələn qadınlara verib bir də geri döndü. Belə-belə ana neçə-neçə
yaralı xilas etdi – hamısı da oğlu Alxan cilidində! Küçələrdən, meydanlardan,
barrikadalardan Alxanın səsi gəlirdi:
- Ana!
Anacan! Mən burdayam! Gəl məni xilas elə! Gəl! Gəl!
Ana hər dəfə
eşitdiyi səsə doğru qaçır, yaralı oğlunu qolları üstünə alaraq geri dönürdü.
Özü də indi bu yaralılara yazığı gəlmirdi. Elə bil onlar hansısa döyüşdən müzəffər
bir əsgər kimi qayıtmışdılar!
Ana başı
qayçılanmış bəzək kollarının arasından keçəndə zarıyan uşaq səsi eşitdi:
- Ana, ay,
ana! Susamışam… Haradasan?
On-on iki
yaşlarında bir oğlan al-qan içində gah sayıqlayır, gah da zarıyırdı. Uşağın səsi
anaya o qədər doğma gəldi ki, əyilib nə vaxt bağrına basdığını bilmədi.
- Ana, ay, ana!
Onlar şəhərimizi gülləbaran elədilər, igidlərimizi qırdılar, meyitləri özləri
ilə yığıb harasa apardılar… Biri rusca o birinə deyirdi ki, aparıb yandıraq…
Qoyma, anacan, məni də aparıb yandırarlar… Mən oddan qorxuram…
Ana əsim-əsim əsirdi:
- İlahi, bu nədir?! Bu yuxudu, ya mənim başıma hava gəlib? Bu ki mənim balaca Alxanımdır?! Məgər mənim Alxanım
böyüyüb igid oğlan olmamışdımı? Bəs bu uşaq niyə mənə ana deyir? Ey qadir
Tanrı! Sən mənə güc-qüvvət ver ki, mən dəli olmayım! Mən axı sənin məsləhətinlə
dünyaya bircə oğul gətirmişdim… Indi bütün şəhərin döyüşən, çarpışan oğulları mənim
oğlum olublar?!
Qanlı şənbənin
səhəri ana şəhərin bütün məhəllələrini, küçələrini, meydanlarını gəzə-gəzə
«Alxan hey!» deyib qışqırır, oğlundan bir xəbər bilmək istəyirdi. Amma onu
gördüm deyən olmurdu.
Axşamüstü
ana dünən tankların yarıb keçdiyi barrikadanın yanında gül kollarının arasında
düşüb qalmış kəsik bir qol gördü.
Qol ananı
görcək dil olub dilləndi:
- Ana!
Anacan! Mənəm, Alxanın qoluyam! Əclaflar məni kəsib yerə saldılar… Elə bildilər
ki, məni kəsməynən sənin oğlunu, igid Alxanı təslim edəcəklər… Amma mənim o
biri tayım dartıb əsgərlərin birinin silahını əlindən aldı, düşmənləri qırıb
tökdü!
Ana tələsik
soruşdu:
- Bəs sonra
nə oldu?!
- Sonrasını
görə bilmədim… Bir onu bilirəm ki, bizi ağlamayın. Biz yağını onun üstünə əliyalın
getməklə məğlub elədik…
Ana
oğlunun düşmənlə döyüşdə şəhid olmuş əlini sinəsinə sıxıb şəhərin ən yüksək
yerinə – şəhidlər evinə doğru irəlilədi. Ananın qoynunda uyuyan qəhrəman Əl isə
ağır döyüşdən sonra ilk dəfə rahatlıq tapmışdı.
Yanvar 1998
Yorumlar
Yorum Gönder