AZAD QARADƏRƏLİ ONUN QAFQAZLI BAXIŞI (Aktyor dostum Kərəm Hadızadənin 60 yaşına)
KƏRƏM HADIZADƏ – 60
AZAD
QARADƏRƏLİ
ONUN QAFQAZLI BAXIŞI
(Aktyor
dostum Kərəm Hadızadənin 60 yaşına)
Onunla
ilk dəfə yaşadığım Sabunçu qəsəbəsində rastlaşanda bir-birimizi sadəcə süzmüş və
aralanıb getmişdik. Sonra bu rastlaşma təkrar olunanda hansımızsa ayaq saxladı
(deyəsən, mən idim) və beləcə, əl tutuşub tanış olduq. Elə ilk təmasdaca öyrəndim
ki, o da bu qədim qəsəbənin sakinişmiş. Sonra tez-tez rastalşdıq və söhbətimiz
təkcə iki qonşunun deyil, bir yazıçı ilə aktyorun görüşünə çevrildi. Mən ona
kitablarımı hədiyyə etdim, o isə məni aktyoru olduğu Gənc Tamaşaçılar Teatrının
yaddaqalan tamaşalarına dəvət etdi...
...İkinci
Qarabağ Müharibəsi qələbə ilə başa çatmış, ordumuz düşməni torpaqlarımızdan
qovub çıxartmış, xalqımız qələbə sevincini böyük coşqu ilə qeyd edirdi. Belə
bir gündə televiziya kanallarının birində təsirli bir veriliş verildi. Aktyor Kərəm
Hadızadə heç bir qrim-filan etmədən gedib Qarabağda hansısa bir kənddə viran
qalmış bir evin xarabalığında əyləşərək ürəkdən gələn bir səslə danışır,
danışırdı. Əgər onu əvvəlcədən tanımasaydım, elə biləcəkdim ki, elə bu uçuq
evin qaçıqın-köçkün sakinidir ki, öz dağıdılmış dudumanının xarabalığında ağı
deyirmiş kimi ozalanırdı...
Və
elə o andaca telefonu qaldırıb zəng vurdum Kərəm bəyə, təbrik etdim sarsıdıcı,
amma möhtəşəm verilişə görə. Ardınca soruşdum ki, ay Kərəm, qardaşım, heç indiyənəcən
səndən soruşmamışam, doğrudan e, sən haralısan, birdən qarabağlı olarsan ha?!
O
da gülə-gülə dedi ki, indi hamımız qarabağlıyıq, amma mən qazaxlıyam həm də. Və
gülüşdük...
...Kərəmin
dəvəti ilə onun aktyoru olduğu teatrda oynadığı bir neçə tamaşada iştirak
etmiş, hətta esse də yazmışdım. Görkəmli fransız dramaturqu Jan Anuyun
“Antiqona” faciəsinin tamaşasında onun oynadığı Keron rolu diqqətçəkəndir.
İkinci Dünya savaşının ağır illərində yazılan bu əsərdə vəzifə hərisliyi,
qardaş qırğını önə çəkilib. Tamaşadan təsirlənərək yazdığım yazıdan bir parçanı
burada da vermək istədim:” Bir məqamı vurğulamalıyıq: Antiqona yeni
çar Kreonun oğluna nişanlıdır. Kreon gözətçilərin həbs edib işgəncə verdiyi
Antiqonanı onların əlindən alır və qızı dilə tutur ki, gələcək qaynatası olan
çarın qərarına qarşı çıxmasın. Lakin Antiqonanı fikrindən döndərə bilmədikdə
özü çılğına dönür, əlindəki əsası ilə qıza, sözün əsl mənasında işgəncə verir.
Bu zaman əsərin əsas süjet xəttini təşkil edən bu iki aktyorun (Kərəm Hadızadə
və Aygün Fətullayeva) oyunu rəğbətlə izlənildi
və sonda böyük alqış topladı...”
Böyük
ədibimiz Hüseyn Cavidin “Şeyx Sənan” faciəsinin əsasında hazırlanan tamaşada da
Kərəm Hadızadənin oyunu ön planda idi. Düzdür, onun Papazı baş qəhrəman deyil,
amma baş qəhrəman Şeyx Sənan boynuna saldığı xaçı onun əlindən alır...
Kərəm
bəyin baxışı, duruşu tam bir qafqazlı ədasıdır. Qafqaz insanının
baxışı var Kərəmin göz bəbəklərində. O elə plastik aktyordur ki, qədim alpan türklərindən (alban türklərindən) tutmuş bütün qafqazlıların obrazını yaratmağa qadirdir. Özünün eniş dövrünü yaşayan Azərbaycan kinosu belə bir nadir aktyordan istifadə
imkanlarını, təəssüf ki, əldə etməkdən çox uzaqdadır...
Və
bu günlərdə sosial şəbəkə xəbər verdi ki, gözəl aktyor, gözəl dost və gözəl
insan Kərəm Hadızadənin 60 yaşı tamam olur...
Düzünü
deyim ki, inanmadım. Hətta özünə telefon açanda gülə-gülə dedi ki, ay qardaş,
vallah mən özüm də inanmıram...
İnansaq
da, inanmasaq da, faktdır. Kərəm Hadızadəni bu böyük yubiley yaşı münasibəti ilə
ürəkdən təbrik edirəm!
Aktyoru
olduğun teatrda hələ səni bir-birindən gözəl rollar gözləyir. Yaşa, yarat,
tamaşaçılarımıza zövq aşılamaqda davam et.
Sonda
səni sevdiyimiz Cavid Əfəndinin misraları ilə bir daha qutlayıram:
Böyüklükdə,
mərhəmətdə seçilmiş,
Alicənablıq
boyuna biçilmiş...
15.09.2025.





Yorumlar
Yorum Gönder