AZAD QARADƏRƏLİ MƏHƏMMƏD FÜZULİNİN QARABAĞ SƏFƏRİ (Yarı fantastik, yarı gerçək dramatik hekayə)
AZAD
QARADƏRƏLİ
MƏHƏMMƏD FÜZULİNİN QARABAĞ SƏFƏRİ
(Yarı fantastik, yarı gerçək
dramatik hekayə)
Keçmiş
tələbə yoldaşım, dostum Azad Əsədova sayqı və sevgilərlə!
Gur
işıq səhnəni işıqlandırır. Daha doğrusu, sonradan bilinir ki, bura səhnə deyil,
Füzuli rayonunun Kərimbəyli kəndidir. Azad kişinin həyəti. Toyuq-cücələr
ora-bura qaçışır, bir xoruz ortada key-key gəzişir. Yaşı 70-i ötmüş Azad kişi
siqaretini alışdırıb düyü artlayan qadınına tərəf dönür.
AZAD
KİŞİ:-Gecə pis yuxu görmüşəm. Nəysə içimdə bir nayrahatlıx var.
QADIN:-Nolasıdı,
allaha şükür. Nənən bir az xarabıydı, o da düzəlir yavaş-yavaş... Bir də ki...
Vallah nə deyim axı, qoja arvatdı, doxsanı keçib... Day nolasıdı bınnan sohra..?
AZAD
KİŞİ:-Orası heylədi ye... Füzuli rəhməttiy yaxşı deyip...
Fələy qəddimiz xəm qıldı kin, yanı,
Vaxtdı dünya qapısınnan çıxmağa, əyilin...
QADIN:-Doğrudan
e, saalah, o kişi niyə heylə qəliz yazıp? Başa düşəyilmirəm...
AZAD
KİŞİ:-Nə qəliz, ağız?! 500 il qabax yazılıb, amma elə bil indi deyilib. Hələ
bıra bax:
Məni cannan usandırdı, cəfadan yar
usanmazmı?
Fələylər yandı ahımnan, muradım şamı
yanmazmı?
Saallah,
sözdərə bax e, “mən”, “cannan”, “usanmax”, “cəfadan”, “yar”... Elə bil indi, bu
sahat bizim Kərimbəylidə deyib bı kəlmələri... (Fikrə gedir.) Bə niyə
heylə yuxu gördüm?
QADIN:-Yuxunu
danışallar... Nə gördün, danış, yozax...
AZAD
KİŞİ:-Gördüm, bir dəvə karvanının ardıycan düşmüşəm, gedirəm əyağım yer
tutduxcan... Hamı atda, dəvədədi, təycə mən ayaxnan gedirəm... Amma heş gör
yoruldum deyirəm?! Bı yaşımda allah elə bil manğa* ayrıca güj vermişdi...
Sarbannan soruşdum hara gediriy, dedi Kərbalaya... Mənim axı bir arzum
varıydı... Kərbalaya getməyinə gedəjəhdim, amma qabaxcan Füzulinin qəbrini
ziyarət eliyəjəhdim...
QADIN:-Tova-tova
de, allaha naxoş gedər... Elə sənin özünnən eşitmişəm ki, Fizuli İmamsöynün qəbrinin
əyağı altında basırılmağını vəsiyyət eliyip... Day sən niyə qabaxcan İmamı dəyil,
onun əyağı altında basırılanı ziyarət eliyəssən?.. Kiri, kiri... Hə, sohra nə
oldu?
AZAD
KİŞİ:-Sohra o oldu ki, dəvə karvanı qum fırtınasına düşdü, ölən öldü, itən
itdi, bir dəvə manğa sarı qaçanda qorxdum ki, ayağ altında qallam, qışqırıb
ayıldım... Gördüm yuxuymuş...
QADIN:-Nənəm
deyərdi kin, arvad yuxusu yan yorar, kişi yuxusu can yorar... Can yormaxdı səninki...
Canın yorulajax, amma axırı aydınnıx olajax... Bax, bu düyünün bərəkəti haqqı, əzəl-axır,
ya Kərbalaya gedəssən, ya da...
AZAD
KİŞİ:-Ya da nə?! Ya da Kərbala bıra gələjəh?!
(Həyət qapısı döyülür)
AZAD
KİŞİ:-(Oturduğu yerdən) –Kimdi?
SƏS:-
(Qayibanə səslə) Allah qonağı...
AZAD
KİŞİ:-(Qapıya yönəlib yolağanı açır və qarşısında gördüyü adama baxıb
şaşırır) – Allaha da qurban, qonağına da... (Və elə bil qonağı
tanıyırmış kimi olur.) Siz?..
QONAQ:(Topa
saqqallı, iri gözləri olan, başında əmmamə, qoltuğunda tablet)-Hə, mənəm...
Nə yaxşı tanıdınğız*?
AZAD
KİŞİ:(Heyrətlənsə də, sevincək qonağa əl uzadır):-Mən axı ədəbiyyat müəllimi
idim... Bir neçə ildi təqaüdə çıxmışam... Sizi... Sizin əsərlərinizi... Qəzəllərinizi,
hələ “Leyli və Məjlum”u sevə-sevə tədris edərdim şagirdlərə... Düzdü e, sizin əsərlərinizi
heylə səndeyən dərinnən örgənəmmədim... Amma nə də olmasa, Füzulini biz çox
sevirik... Əsərlərinizin həngi, ahəngi bizi bizdən alır... O söz var e, deyirlər,
Füzuli belə deyib, biz belə annıyırıx, bax, orası doğrudur. Hər kəs Füzulidə
özünü axtarır... Bə qoltuğunuzdakı nədi?
QONAQ:-Tabletdi
də... Day indi kitab oxuyan yoxdu deyə, mən də keçmişəm komp... kompüterdi, nədi
ona... bu tabletə-zada...
AZAD
KİŞİ:(Xanımına) –Ay qız, bizim əziz qonağımız gəlib! Füzuli kişi...
Zaddı... Füzili baba... Məhəmməd Füzuli gəlib e... Tez ol, süfrə sal bu masaya.
Keçin içəri... Qapıda niyə durmuşuq ki?! (Əllərini göyə qaldırır.) Şükür
sənin kərəminə! Xanım dedi axı, allah onun ağzıynan dedirtdi! Dedi ki, Kərbala
bura gələcək! (Füzuliyə dönür) İşə bax e, bir az qabax, sizin misralarınqızı
söylüyürdüm xanıma... Fələk qəddimiz xəm qıldı ki...
FÜZULİ:
(Sevincək) – Nə yaxşı! Mən bəs deyirdim?..
(Doluxsunur.)
Nola ağlarsa Füzuli rövzeyi kuyin
anıb,
Lacərəm, giryan olur, qılğac Vətən
yadın qərib...
AZAD
KİŞİ: -A kişi, sən nə danışırsan, nə qərib, biz bu ili Füzuli şəhəri ili elan eləmişiy
e... Ay qardaş, bax, bu rayonun adı da Füzulidir!
FÜZULİ:
(Stuldan dik qalxır) –Nə danışırsan?! Mənim adımı veriblər buralara?!
Şükür sənə, ilahi! Min kərə sənə şükürlər olsun! Görüm necə demişdim...
Füzuli buldu gənci-afiyət
meyxanə küncündə,
Mübarək mülkdür, ol mülk
viran olmasın, ya rəbb!
Qəfil
yadına nə isə düşür. Kefi qaçır. Ev sahibinə diqqətlə baxır, sonra tableti açıb
nə isə axtarır.
FÜZULİ:
- Viran demişkən, axı mən yol boyu çoxlu xarabalıxlar gördüm? Burada zəlzələmi
olub? O evlər niyə o kökdə idi? Bude, rəsmini də çəkmişəm...
AZAD
KİŞİ:(Başını bulayır) - Eeeee, ay Füzuli kişi, sənin bu mübarək mülk
dediyin yerlərin başına bilirsən nə oyun açmışdılar?! Xristiyan dünyasının, ələlxüsus
rusların silahlandırdığı ermənilər bu torpaqları işğal etmişdi... Yurdumuzu
xarabazara çevirmişdi... torpağımızı torba ilə daşımışdı...
FÜZULİ:
(Heyrətlə) –Rus kimdi?! Erməni nəmənədi?! Mən belə xəlq tanımıram axı?!
AZAD
KİŞİ: -Heç tanımasan yaxşıdı! Bizim türk babalarımızın üfləyə-üfləyə, püfləyə-püfləyə
saxladığı əcnəbi qadınların doğduğu vələdüzina uşaqlardan törədi ruslar... Törədi
və artıb bir Ucubuluğa* dönərək üstümüzə gəldi... Adına erməni dediyimiz, əsil
adları hay olan başqa bir qövmü silahlandırıb soxdu torpaqlarımıza!.. A kişi, otuz il idi biz bu torpaqlara həsrət
idik! Təzəcə, lap bir-iki il qabaq özümüzü toplayıb onları qovmuşuq
buralardan...
FÜZULİ:
(Ah çəkir) – Hay? Yox, e yox... Bizim zamanımızda olmuyub belə qövm...
Erməni isə... Hə, hə! Ərmən! Ərməniyyə! Onlar axı müsliman olsun gərək? Ya xaçpərəst
idilər? Dinini bilməm, amma gerçəkdən türk qövmü idi ərmənlər... Rəhmətlik Nəsiminin
Ərmən qızınına yazdığı məşhur qəzəl də var... Görüm yadıma sala billəm? Hə-hə...
Belə misraları vardı:
Dərdmənd etdin məni, ey dərdə dərman ərməni,
Olmuşam eşqin yolunda bəndəfərman, ərməni.
Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, ərməni?..
Ustadın
ruhu şad olsun. Yaxşı oldu böyük şairi də yad etdik... Eeeeeehhhh...
Dünya işinin mədarı yoxdur,
Heç kimsəyə etibarı yoxdur...
AZAD
KİŞİ: – (Öz-özünə.) Gör e, saalah, biz uzun illərdir ki, Nəsiminin o qəzəli
bir erməni-hay qızına yazdığını düşünürdük... (Füzuliyə dönür.) Nə gözəl dedin, ay Füzuli müəllim... Eeeee...
Füzuli baba.... (Öz-özünə) Nə pis iş oldu... Müəllim nədi, baba nədi? Mənim
özümün yetmiş yaşım var, bu kişiyə necə baba deyim? Bəlkə elə şair deyim?..
Yaxşısı elə şairdi... (Yenə Füzuliyə dönür.) Şair, bəli, o yerdə ki,
indi haylar yaşayır, oranın adı Ərməniyyə, əhalisi də ərmənlər, türk tayfaları
olan ərmənlər olub... Adını dilimə almaq istəmədiyim ruslar onlara armenin, yəni
erməni, yaşadıqları yerə də Armeniya dedilər ki, biz də onların dilinnən qapdıq
o kəlməni... Şair, heç bizim öz qövmümüzün də adını dəyişib o ruslar... Türk
ola-ola, adımızı azərbaycanlı, dilimizi də Azərbaycan dili eliyiblər...
FÜZULİ
KİŞİ: - Vay, vay, vay! Elə bil o yanıq iyi verən misranı sizlər üçün demişəm:”Mən
nihali-gülşəni dərdəm, məlamətdir bərim”... İsminizi də soruşmadım, öz isminiz
nəymiş?
AZAD
KİŞİ:-Adım Azaddı, şair. Sənin mənim adıma da sözün olsun gərək!..
FÜZULİ:-Oooooo!
Nə gözəl! Dayan görüm necəydi?!
Ey Füzuli, nə gözəldir sözü azadəliyin,
Hanı bir sərv bu aləmdə ki, vardır səməri...
Azadlıq,
azadəlik yer üzünün ən böyük nemətidir... Zira hər adama nəsib olmaz... Heç hər
adam da ona yaxın durmaz... Azadəlik o ariflərin hünəridir ki, qanları, canları
bahasına ona yetmiş olarlar... Pəh! Buna da sözü var Füzulinin!
Eşigin daşini qan ilə yudu çeşmi-tərim,
Bəs ki, pakəm, daşı ləl eylədi feyzi-nəzərim...
AZAD
KİŞİ: - Allah köməyin olsun! Nə gözəl demisən!.. Nə gözəldir sözü azadəliyin...
Amma ay şair, sizin zamanı bilmirəm, mən bu yetmiş ildə heç azadəliyi sevən
adam görmədim... Gördüm e, sözü sevirlər, amma özünü əsla...
FÜZULİ:-Orası
elə olmağına elədi... Mən də yandım belə dedim o zaman:
Tökdükcə qanım oxu, ol asitan içər,
Bir yerdəyəm əsir ki, torpağı qan içər!
Neçə
padişahlar gəldi-getdi, bir tazə söz, bir də əyilmiyən söz xridarının adı qaldı
tarixdə. Azadəlik böyük nemətdir, Azad kişi!.. Azadəlik əmanəti!
AZAD
KİŞİ:-Hə, elədir. Azadlıq ki var, biz millət olaraq ona da cəmi otuz neçə ildir
qovuşmuşuq... Yüz il qabax azad, müstəqil dövlət qurduq, amma bayaq adını çəkdiyim
ruslar qoymadı yaşasın... Bir qazancımız oldu ki, milli kimliyimizi, dilimizi
qoruya bildik müstəmləkə dövründə.
FÜZULİ:-Nə
gözəl! Milli varlığınızı və ana dilinizi qoruya bilməyiniz böyük lütfdür!
AZAD
KİŞİ:-Sən o zaman dilimizi ucaltdın, amma biz basqılardan qoruya bilmdək. Ərəb
gəldi biət dedi, fars gəldi məzhəb dedi, rus gəldi net dedi! Türk adımızı belə
bizdən çaldılar, düşmanımız haylardan başqa bizi türk çağıran olmadı, onlar da ələ
salaraq tork deyirlər... Sən də o zaman türkcənin düşvarlığınnan danışırdın...
“Nəzmi-nazik türk ləfzi ilə ikən düşvar olur” dedin...
FÜZULİ:-(Fikirli)
Bu adam məni düzgün anlamayıb, deyəsən? (Azad kişiyə) Axı mən sonda bunu
da demişəm:
Məndə töffiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikənnən bərgi-gül izhar
olur...
Mən
sizlərə kürreyi-ərzin yarısının danışdığı bir dil verdim: türki... İndi siz onu
necə qullanmısınız... Neyləməli ki,
Dünya
işinin mədarı yoxdur...
Heç kimsəyə
etibarı yoxdur...
AZAD
KİŞİ:-Şair, heç soruşmadım axı, nə əcəb belə uzun yola çıxmısan? Camaat sizin
torpağa gedir ki, kərbalayı olsun, sən isə...
FÜZULİ:-Bilirsən,
biz şairlər şəhidlər kimiyik – ölməzik. Özü də hər gələn hökmüdar özünü bizlərə
istətmək üçün bir fərman verər, kitabımızı buraxar, əmma bu bizə təfavüt eləməz
– bizi hökmdar yox, xəlq maraqlandırar. Desələr ki, bizim kitablarımızı məktəblərdə,
mədrəsələrdə, el şənliklərində oxurlar, bax bu ürəyimizə sərin su kimi səpilər!..
Bu yaxınlarda sizin vilayətdən bir ziyarətçimiz vardı, İmam Hüseynin məzarını
ziyarət edənnən sonra gəldi mənim qəbrimə, diz çökdü, ağladı, sıtqadı, sinə
daşımı öpüb dedi: “Şair, mən sənin sayəndə böyük elm adamı oldum. Sənin əsərlərinin
fəlsəfəsini açmaq üçün cild-cild kitab yazdım, elmi iş ortaya qoydum... Dilin qəliz
olsa da, mənim ölkəmdə, Azərbaycanda sənin qəzəllərini el şənliklərində, ziyafətlərdə
oxurlar, feyziyab olurlar. İbtidai, orta məktəblərdə, ali məktəblərdə Füzulidən
imtahan verə bilməyənə qapı açmazlar... Hətta bu il mənim ölkəmdə Füzuli ili əlan
olunub... Bu il orada sənin ilindir...”
Mən
bəsirət gözümlə gördüm o adamı, duydum dediklərini və allahdan bir əhd dilədim.
Dedim, ya rəb, deyilənə görə, sən biz şairləri ölənnən sonra da eşidirsən, nə
olar, səsimi eşit, dipdiri ruhuma bədən əta elə, gedim o ölkəyə, gəzim oraları,
görüm nə diyarmış ki, bir ilini Füzuli ili əlan eləyib...
Möcüzə
baş verdi: Allahım mənə belə bir dədən biçdi, diri ruhumu da təzədən o bədənə
qaytardı, get, dedi...
(Göz yaşlarını yaylığı ilə
silir.)
Ona
görə, bu misraları demişəm:
Nə
mövcud olmasa, əsbabi dünyadan deyil müşkil,
Nə
müşkildir ki, mövcud olamaya bir hakimi-adil...
AZAD
KİŞİ:(Son dərəcə təsirlənmiş halda) – Xoş gəlib, səfa gətirmisən, şair!
Gözümüz üstdə yerin var! Bir dayan görüm! Bax, sənin bu görünüşünü bizim bir rəssamımız
fırçayla çəkmiş, tabloda yaratmış obrazını...
FÜZULİ:(Qəhərlənir)
– Hə, hə! O alim mənim qəbrimə bir dəst kitab, bir də bir tablo buraxıb
getmişdi. Düzü, mən o tablodakı adamın özüm olduğuna şübhə edərkən, qəfil bir
nida keçdi beynimnən:”A kişi, sən Bağdada, Kərbalaya nələr yazmadın, dünyada sənin
qədər bu topraqları şöhrətləndirən olmadı, axırı nə oldu? Nə qiymət verdilər sənə?!
Amma bax, o ölkədə səni özlərininki bilirlər... A kişi, sənə nələr yazmayıblar!
Sənin ata-babanın ordan Bağdada gəldiyini yazırlar! Get də, get, sən də o
yurdun dam-daşını öp, havasını ud, suyunu iç, əkməyini dad... Ciyərim kabab
oldu, Azad kişi, bir içim su olarmı?
AZAD
KİŞİ:(Ötkəm) – Ay uşaq, ay bala, görmürsünğuz qonağımız var, niyə süfrəni
düzəltmirsinğız? Kişiyə çaydan-sudan gətirin görüm!
Azad
kişinin xanımı şairə bir parç su verir. Sonra mizin üstünə süfrə salıb çaynik,
stəkan-nəlbəki, şirniyyat düzür.
QADIN:
(Alçaq səslə) – Şair xoş gəlib bizim ellərə...
FÜZULİ:
(Son dərəcə təsirlənmiş) – Xoş gününüz olsun, xanım. (Öz-özünə) Bura
nə gözəl ölkədir!.. Qadını da, kişisi də bərabərmiş... Yaşınmayan, kişisi kimi
düşünən, danışmağa cəsarət edən pak, ülvi qadın... “Leyli və Məcnun”da necə
demişdim:
Mən
eşq gazərgəhində xakəm,
Elcümlə bilirməni ki,
pakəm!...
Çöl
qapı döyülür. Kimsə “Ay Azad müəllim hey” deyib qışqırır.
AZAD
KİŞİ: -Kimsən, a bala? Gəl, qapı açıxdı.
Gənc
bir oğlan, yanında da özü kimi iki gənc həyətə girib salam verirlər.
AZAD
KİŞİ: - Rasim, gəl a bala, niyə aralıda durursan, gəlin, qonağımızla da hal-xoş
eliyin...
RASİM:
- Azad müəllim, bizə dedilər ki, sizə qəribə bir qonax gəlib... Hətta dedilər
ki, Füzuli özü gəlib?..
AZAD
KİŞİ: (Riqqətlə) –Hə, hə! Şair Məhəmməd
Füzuli özüdü ki, var!
Rasim
də, onunla gələnlər də şairin əlini öpürlər.
RASİM:
- Bizdə əl öpülməz, amma Füzulinin mübarək əlini öpmək şərəfdir!
AZAD
KİŞİ: - Hə, şair, Rasimin sözünə qüvvət, Osmanlı türklərində böyüklərin əlini
öpərlər, bizdə belə adət yoxdur... Amma sizin əliniz müşərrəfdir...
FÜZULİ:(Az
qalır ki, bu adamları qucaqlayıb bir-bir öpsün) – Mən nə gözəl ölkəyə gəlmişəm,
allahım!
RASİM:
(Azad kişiyə) – Azad müəllim, bir halda ki, şair gəlib, bəlkə onun qəzəlləri
üstdə bir-iki ağız oxuyaq?
AZAD
KİŞİ: (Füzuliyə) Şair, heç mən sizi düz-əməlli tanış eləmədim ki! Bu
oğlan bizim mədəniyyət evinin müdiridir, adı da Rasimdir. Özünün həm də gözəl səsi
var. Bunlar da biri tarzən, biri kaman ustasıdır... Bizdə, Qarabağda hər kəsin
səsi var... Hamı musiqiilə nəfəs alır... Hətta bir zamanlar o qədər də
tanınmayan bir şair yazmışdı:
Gər
Qarabağda təpinsən uşağa.
Muğamat
üstündə ağlar deyirlər...
Bəlkə, deyirəm, bizim
gənclər sizi bir balaca feyziyyab eləsinlər?
FÜZULİ:
(Sevincək) – Nə yaxşı deyib o şairiniz. Ruhu şad olsun. (Öz-özünə)
Bu hələ bunların tanınmayan şairinin dediyidir!.. (Azad kişiyə.) Yaxşı
olar, Azad kişi.
Gənclər
həyət qapısının arxasında qoyduqları musiqi alətlərini gətirib köynəyindən
çıxardır və kökləyirlər. Bu vaxt Füzuli ev sahibəsinin süzdüyü kəklikotulu
çaydan içir, əlini göyə qaldırıb dua edir. Musiqiçilər isə kökləməni bitirib,
rast muğamı çalmaqdadırlar. Xanəndə üzünü Füzuliyə tutaraq onu öz misraları ilə
vəsf edir.
Rasim:-Ey
mələksima, səndən özgə heyrandır sana,
Həq
bilir, insan deməz, hər kim ki, insandır, sana.
Verməyən
canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid
ona derlər ki, qurbandır sana...
Çöl
qapı açılır, həyətə beş-beş, on-on insan kütləsi daxil olur. Rasim isə
oxumağındadır.
Aləmi-pərvaneyi-şəmi-cəmalın qıldı
eşq,
Cani-aləmsən,
fəda hər ləhzə min candır sana.
Aşiqə
şövqünlə can vermək ikən mümkün deyil,
Çün
Məsihi-vəqtsən, can vermək asandır sana.
Artıq
həyət dolmuş, demək olar ki, ayaq üstdə durmağa yer yoxdur. Ona görə, gələnlər
hasarın üstünə dırmaşır, yaxud həyətdəki meyvə ağaclarının budağına çıxıb
oradan məclisi seyr edirlər.
Çıxma,
yarım, gecələr əğyar tənindən saqın,
Sən
məhi-övci-məlahətsən, bu, nöqsandır sana.
Padişahim,
zülm edib aşiq sana zalim demiş,
Xubrulardan
yaman gəlməz, bu, böhtandır sana.
Ey
Füzuli, xubrulardan təqafüldür yaman,
Gər
cəfa həm gəlsə onlardan, bir ehsandır sana...
Muğam
bitər-bitməz yüzlərlə adam gurultu ilə əl çalır. Şair səsdən diksinir, ətrafa
boylanır və bir belə insanın haçan bura yığışdığını düşünüb heyrətlənir və
üzünü həyətə yığışan kütləyə tutub deyir:
FÜZULİ:
- Bir zamanlar mən bu misralarla başlayan bir şeir yazmışdım:
“Mən kiməm? – Bir
bikəsi, biçarəvü bixaniman”...
Gedib
deyərsiniz, Füzuli dedi ki, mən o sözləri dəyişib, bir qəzəlimlə təsərrüf edərək
belə yazıram:
Mən
kiməm? –Fikri qamu sevdalərin sərmayəsi,
Olmasın
başimdən əskik sərvqəddin sayəsi...
Başımdam
əskik olmayın! Sevdim sizi! İndi anladım ki, niyə sizin bölgəyə mənim adımı
veriblər?! Çünki Füzulinin əsərlərini sizin bölgədə - Qarabağda sevən qədər heç
kim sevə bilməz! Bax mən ol səbəbdən demişəm ki:
Hər
kimin var isə zatında şərarət küfrü,
İstilahti-ilum
ilə müsəlman olmaz.
Gər
qara daşı qızıl qan ilə rəngin edəsən,
Təbə
təğyir verib, ləli-bədəxşan olmaz.
Eyləsən
tutiyə təlim ədayi-təlimat,
Nitqi
insan olur, əmma özü insan olmaz.
Hər
uzun boylu şücəat edə bilməz dəva,
Hər
ağac kim boy ata, sərvi-xuraman olmaz...
Olmaz
e, olmaz! Füzuli sözünü ancaq Füzuli elinin sakinləri fəhm edər!
Səhnənin
işıqları daha da gur yanır. Füzuli kənd əhlinin hardansa qalaq-qalaq daşıyıb gətirdiyi
kitabları imzalayır və o kitablar bircə anda ağ göyərçinlərə dönüb səmaya
qalxır, əvvəl Kərimbəyli kəndinin, sonra isə bütün Qarabağın üstü ilə uçur,
uçurlar. Uzaqlardan “Şəbi-hicran” kantatasının musiqisi eşidilir, əvvəl xor
oxuyur, Azad kişi əl atıb ağacsan bir çubuq qırır, ayağının altına stul qoyub eynən
mayestro Niyazi kimi drijorluq edir, həyətə yığılan kənd əhli isə oxumağa
başlayır.
Xor:-Məni
candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi
yanmazmı?
İşıqlar
sönür. Yarıqaranlıqda Azad kişi yatağından qan-tər içində qalxır, əlini uzadıb
divardan işıq açarını tapır, tilişkəsini yuxarı qaldırıb işığı yandırır. Saata
baxır. Və xanımını səsləyir.
AZAD
KİŞİ:-Ay qız, dur ayağa... Bu boyda çal-çağırı heşmi eşitmirdin?!
QADIN:-Nə
çal-çağır, ay kişi? Saatdan xəbərin var? Dörddü e...
AZAD
KİŞİ:-Nolsun? Füzuli burda idi...
QADIN:-Fizuli
kimdi?!
AZAD
KİŞİ:-Məhəmməd Füzuli...
QADIN:-Yaxşı
sən allah! Dedim axı sanğa, pulunğu yığ, get Kərbalaya, bu çək-çevirdən canın
qutarsın... Yoxsa, il boyu Kərbala, Bağdad, Fizuli söhbətləri qutaran dəyil...
Pensiyaya çıxannan da lap fəlfəlləmisən...
AZAD
KİŞİ:-(Əsəbi) Mən nə deyirəm, sən nə deyirsən?! Özü də Fizuli yox,
Füzuli demək lazımdır!
Siqaret
yandırır, mətbəxdə su içib kitab rəfləri olan otağa gedir. Rəfdən Füzulinin
divanını götürüb sığallayır, divanda əyləşib kitabı vərəqləməyə başlayır...
AZAD
KİŞİ:-Bu nə yuxuydu ə?! Allah sənə rəhmət eləsin, əziz müəllimimiz İmran
Babayev! Sən deyərdin ki, Füzuli ruhu diri şairlərdəndir... Həqiqətən beləymiş...
Azad
kişi yerinə girib yatmaq istəsə də, yata bilmir. Səhəri diri gözlü açır. Səhər
yeməyindən sonra həyətə düşüb təmiz hava almaq istəyir. Bu vaxt onun cib
telefonu çalır.
AZAD
KİŞİ: - Bəli, eşidirəm.
SƏS:-Azad
müəllimdir?
AZAD
KİŞİ:-Bəli, mənəm.
SƏS:-Azad
müəllim, mən sizin telefonunuzu çətinliklə tapmışam... Yadınızda olar, iki il əvvəl
44 günlük Vətən Müharibəsi başlayanda sizin evinizə gecə ikən bir yaralı əsgər
gətirmişdilər?..
AZAD
KİŞİ:-Ay oğul, mən o vaxt kənd sovetinin sədri idim, ordu ilə yaxın əlaqələrim
vardı... Ona görə bizim evdə çoxlu yaralı, yaralı olmayan döyüşçülər olub... Sən
onlardan hansısan?
SƏS:-Azad
müəllim, mən ağır yaralı olmuşam. Yoldaşlarım məni ölmüş bilib sizin evə qoyub
gediblər... Üstümdə olan sənədlərim də itibmiş... Tək adımı sənə söyləyiblər
yoldaşlarım – Nizami...
AZAD
KİŞİ:-Hə, Nizami... Nizami... Ay bala, sən məni də, xanımımı da çox
ağlatmısan... Biz də əvvəl səni ölmüş bildik... Amma gecənin bir aləmi zarımağa
başladın, onda mən səni öz maşınıma qoyub ən yaxın xəstəxanaya sürdüm... Düz
iki gecə xəstəxanada qaldım, həkimlərdən xahiş etdim ki, səni xilas etsinlər...
Çünki yoldaşların demişdilər ki, evin yeganə oğlusan, könüllü getmisən davaya...
Şükür ki, səni həkimlər xilas edə bildi...
SƏS:-Hə,
komadan çıxannan sonra həkimlər mənə danışdı ki, səni Füzulinin Kərimbəyli kəndinnən
Azad adlı bir kişi öz maşınında gətirmişdi, öz övladı kimi əsirdi üstündə...
Dedilər ki, mənimçün göz yaşı tökmüsünüz...
AZAD
KİŞİ:-Hə, ay bala, şükür, çox şükür ki, zəhmətimiz bada getmədi, sən
sağalmısan... Düzü, mən arxayın olannan sonra evə qayıtdım... Şükür. Şükür ki,
salamatsan...
SƏS:-Azad
müəllim, mən sizə minnətdarlığımı bildirirəm! Allah əvəzini versin...
AZAD
KİŞİ:-Ay oğul, nə minnətdarlıq, biz hamımız sənə və sənin kimi igidlərə
borcluyuq... Bir gün bizim evə qonaq gəlsən, şad olaram...
SƏS:-İnşallah.
Azad müəllim. Sağlıqla qalın.
Bir
həftə sonra. Kənd meydanı. Bir neçə adam bir gəncin başına yığışıb söhbətləşirlər.
BİRİNCİ
GƏNC:-Ay Füzuli, sən canın danış görək, necə yerdi o Kərbala?! İndi sanğa necə
müraciət edək, Kərbalayı Füzulimi deyək?
Gülüşmə.
FÜZULİ:-Vallah,
necə müraciət edirsiniz, edin, özünüz biərsiniz, amma şair Füzuli demiş, mübarək
yerdir ora... Sehrli, sirli məkandır... Əvvəl-əvvəl İmam Hüseynin, sonra da Məhəmməd
Füzulinin məzarını ziyarət elədim...
Bu
vaxt Azad kişi də bura gəlib çıxır. Füzuli deyilən gənc ona sarı gedib əl
tutur.
FÜZULİ:-Azad
müəllim, bəs ora gedəcəkdiniz, niyə mənə deməmişdiniz, bir yerdə gedərdik?
AZAD
KİŞİ: (Təəccüblə) –Hara, a bala?
FÜZULİ:-Kərbalaya
də... Mən axı Kərbaladaydım... İmamın qəbrinnən sonra Məhəmməd Füzulinin qəbrini
ziyarətə başlayanda sizi də orda gördüm... Çağırdım, amma eşitmədiniz... Adam
da çox idi... Daha üstünü vurmadım...
AZAD
KİŞİ: (Heyrətlə) –Nə bilim, a bala... (Kişini ağlamaq tutur.) Bəlkə,
gözünə görünmüşəm? Ya bəlkə, kiməsə oxşatmısan?
FÜZULİ:-Yox
e, yox, məgər mən müəllimimi tanımıram? Hətta telefonla şəklinizi də çəkmişəm,
Füzulinin məzarına gül qoyduğunuz yerdə... (Telefonunu çıxardıb axtarır və
Azad kişinin səcdəyə endiyi vəziyyətdə çəkilmiş şəklini göstərir.) Müəllim,
siz olmasaydınız, mən nə bilərdim Füzuli kimdi, qəzəl nədi, qəsidə nədi?
Qulağımızı çəkə-çəkə öyrətdiniz bunları bizə... İndi şükür. Ali məktəbi bitirib
iş adamı olmuşam, Hətta Kərbalaya bu dəfə özümdən başqa iyirmi adam aparmışam
öz hesabıma... Siz də olardınız iyirmi birinci...
O
gün bütün kəndə qəribə bir xəbər yayıldı ki, indi təqaüddə olan Azad müəllim Kərbalaya
gedibmiş. Onun şagirdi, hansı ki, özündən başqa iyirmi adamı da Kərbalaya
aparmış olan Füzuliyə deyil, Azad müəllimə hamı Kərbalayı deməyə başladı. Azad
kişi bu təzə xəbəri bir az bir təhər qarşıladı. Amma sonra özü də buna inanmağa
başladı. Əlini əlinə vurub dedi:
AZAD
KİŞİ:-Vallah, dünya hikmətdən xali deyil! Qosqoca Məhəmməd Füzuli qəbirdən
çıxıb adını daşıyan Füzuli rayonuna gəldiyi bəs dəyil, məni də Kərimbəylidən Kərbalaya
apardı bir göz qırpımında!
QADIN:-Ay
kişi, vallah, məni qınama, Qarabağın, Fizulinin işğaldan azad olunması Məhəmməd
Füzuliyə də agah olub...
AZAD
KİŞİ:-Hə, elədi. O bir hikmət kanı idi. Keçmişi də bilirdi, gələcəyi də
görürdü. “Ənisül-qəlb”də belə deyərdi ustad:
Demə can boş qəfəsdir, bir düşün, əslini
tədqiq et,
Bəsirət əhlini
gör kim, bu sirrin olmuş heyrani...
5
sentyabr – 25 oktyabr 2025
-------------------------------------------------------------------------------------------
*Mətn dramatik olduğundan, daha doğrusu,
yalnız tələffüz üzərində qurulduğundan əlifbamızda işarəsi olmayan, lakin Azərbaycan
türklərinin bol-bol işlətdiyi ng (sağır nun) samitindən də yararlanmağa
çalışılmışdır.
**Ucubuluq – Zəngəzurda, Təbrizdə dildə-ağızda
bu gün də yaşayan bir mifin qəhrəmanıdır. Əfsanəyə görə, bu nəhəng varlığın
yüzlərlə əlləri və qoları var ki, insanların var-yoxunu talayır. Müəllifin bu
adda bir romanı da var.

Yorumlar
Yorum Gönder