AZAD QARADƏRƏLİ ƏLİ ÇAĞLANIN ŞEİRİNDƏKİ VƏTƏN (Güneyli gənc şair Əli Çağlanın şeirləri üzərinə oxunmuş sətirlər)

 

                      AZAD QARADƏRƏLİ      

               ƏLİ ÇAĞLANIN ŞEİRİNDƏKİ VƏTƏN

            (Güneyli gənc şair Əli Çağlanın şeirləri üzərinə oxunmuş sətirlər)

 

 


 

            Neçə gündür Təbriz ağrısı, Güney acısı canımı yandırır, qanımı durulmağa qoymur. Ağzımın dadı  itib, burnum qoxu tanımır, dilim söz tutmur...

            Yox, bunlar gəlişigözəl söz-zad deyil. Bilənlər bilir, mənim Təbriz yanımı, Güney tərəfimi. Ən azı bir cüt nəvəmin torpağıdır Təbriz, qızımın sevdası, kürəkənimin ürəyidir o şəhər. Şəhərlər şəhəri Təbriz...

            Və bir ad da qoşulub adlara Təbriz heyyyyy deyib, qıya çəkir neçə vaxtdır! Əli Çağla adında çağlayır, çağırır, haray salır... (Mən AYB-çı olmadığımdan orda olub-bitənlərə biganəyəm.)

            Axırı dözmədim, axtardım bu adın ün çəkdiyi misraları...

            Adı qədər varmış...

 

Bir şəhər görürəm yuxularımda

Məcnun dəyişib cinsiyyətini

Ah Leyla, Leyla, laylayla, layla...

Fərhadı vazektomiya elətdirib Xosrov

Şirin külüng götürüb qazır Bistunu

Leyli Nəcdin düzlərində Məcnunlaşmır, lezbiyənləşir...

 

            Və İraqi-ərəbdən (İrqaq olsun), əsrlərin o üzündən Füzulinin səsi gəlir:

            “Tutuşdu qəm oduna şad gördüyün könlüm...”

 

            Bu da Şağlayan gəncin misralarıdır:

 

Əsarətin zəncirini qırmağa çalışmağımı

Sərhəd kənarında uçan quşların qanadlarından öyrəndim!

 

            Və bunu da Əli Çağla yazıb, lap O taydan Bu taya ismarıç kimi! (Yadıma 37-nin qasırğaları düşür, ətim ürpəşir!)

           

İki çaqqal şeir yazır bu gecə!

Və sabah tribuna arxasında şər oxuyacaqlar.

Aslanın əlindən “Xalq şairi” ordeni almaq üçün...

 

            Və nəhayət, “Uçurum” adlı şeirində şair yerini müəyyənləşdirir – bu, əslində Güney əhlinin yeridir! Uçurum kənarındadır Güney. Ya illərdir o xaraba qalan yurdu düzləyib Vətən edəcək, ya da...

 

Səssiz uçurumun ucundayam

Geriyə baxdığımda qanadı yolunmuş quşları görürəm

Dəmirləri paslanmış qəfəslərin açıq qapılarını

Çevrilirəm, baxmaq istəmirəm.

Yaşıllığa inanmadığım üçün, bozarır önümdəki mənzərə!

 

            Müstəmləkələr bir-bir bağımsızlığına qovuşur. Xalqlar hür, ölkələr azad olur. Qoy bu əsr Güneyin, Təbrizin azadlıq əsri olsun!.. Əli Çağlaların şeiri çağlasın!

 

                                                                                                          09.03.2026


 

            S.A.(Söz Ardı)

            Demək, yazı bloqumda yayımlanandan az sonra ərki çatan bir dost yazdı ki, bir az ətraflı olmazdımı?

            Zarafatla cavab verdim ki, Əli Çağlanın 23 yaşı var, o yaşa elə bu qədər düşər...

            Çox heyf! Bizim saytlarda Əlinin şeirlərini deyil, yaşını-başını müzakirəyə çıxartmışdılar. Hətta o dərəcədə ki, guya bu gənc böyük imkanlara malikdir, guya o qədər ki, AYB-ı da idarə edə bilir və həkaza...

            Əlinin yaşında ustad Sabir Əhmədli hekayələrimi “Ədəbiyyat və incəsənət”də çap etmişdi və gözüm ayağımın altını görmürdü...

            Amma daha kamil nümunələr var: görkəmli rus ədəbiyyatşünası N.Dobrolyubov 25, gözəl şair M.Mğşfiq isə 30 il ömür sürmüşdü.

            Demək, yaş məsələsi önəmli deyil. Önəmli olan isə odur ki, Əli Çağla, təxminən 10 il sonra öz yerini tapmış önəmli qələm adamı olacaq. Yuxarıdakı kiçik həcmli yazını da o səbəbdən yazdım...

 

                                                                                                          10.03.2026.

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ KÜR HƏSƏN II yazı (Şair, qazi Həsən Kürün yarımçıq ömrünə mərsiyə əvəzi)