AZAD QARADƏRƏLİ AZƏR ABDULLANIN RUHUNA EHTİRAMLA...
AZAD QARADƏRƏLİ
AZƏR
ABDULLANIN RUHUNA EHTİRAMLA...
Bakıda
olduğum müddətdə bir neçə adm vardı ki, onlarla epizodik görüşmüş, dadışmış,
bir qədər yaxın olmuş, simsarlıq etmişdik. Əlbəttə, buna dostluq demək olmazdı,
sadəcə ədəbiyyat adamı kimi bir-birimizə könül bağlamışdıq. Belə adamlardan
biri AZƏR ABDULLA idi. Onun haqqında yazdığım kiçik bir xatirə yarpağı var. O yazıdandır bu
parça:
“...Demək, hansısa deputat
seçkisidir, ya nədir, unutmuşam; işlədiyim Bilik Cəmiyyətinin işçisi kimi
(raykomun binasında oturduğuma görə, məni də raykomun işçisi hesab edirdilər) Rəzdərə
kəndindəki seçki məntəqəsinə təhkim ediblər. Səhər alatorandan mənə ayrılmış maşına minib, bir başa Rəzdərəyə yollandım. Bu kənd və onun
yan-yörəsindəki Şəfibəyli, Məşədisimayıllı kəndləri mənə çox doğma idi, çünki
bu kəndlərin qarşısından axan Bəsit çayının bir adı da Baharlı çayı idi və eyni
zamanda adını çəkdiyim kəndlərin bir adı da Keçəllər Baharlısı idi, yəni bizim
bu kəndlərin adamları ilə qan bağımız vardı – məşhur Baharlı soyunun övladları
kimi. İkincisi, bizim kənd də daxil, Ördəkli, Qaragöz kəndləri həmin kəndlərlə
birlikdə 1 May sovxozunda birləşmişdi. Sovxozun direktoru Xasay Məmmədov da Rəzdərə
kəndindən idi. Üçüncüsü, Bəsit çayı boyunca yerləşən məşhur Çinar meşəsi və
Kinav bulağı da burada idi. (Məlumdur ki, bu Çinar meşəsi Avropada birinci,
dünyada ikincidir.)
Nə isə, idarə binasına çatanda
bildirdilər ki, sizi gözləyirik, qutulara və bülletenlərə baxışa başlaya bilərik.
(Mən raykomun nümayəndəsi kimi məsul şəxs sayılırdım.) Elə məntəqə üzvləri ilə
təzəcə görüşürdüm ki, bir az aralıda, sovxoz direktoru Xasay kişi ilə bizə
doğru gələn adamı gözüm aldı. Bir xeyli aramız olsa da, tanıdım – Azər Abdulla
idi. Əvvəl əllə görüşdük. Sonra qucaqlaşdıq.
Xasay gülümsündü və dedi:
-Mən də hazırlaşırdım sizi tanış eləyim...
Mən məntəqə sədrinə bəzi
tapşırıqlarımı verib, Azərlə bir tərəfə çəkildim. Əslində, orada bizlik bir şey
yox idi. Bizimki burada, bu dağlar qoynunda inanılmaz qarşılaşmamız idi. (Azər də hansısa təşkilatı təmsil edirdi seçkidə.)
Azər bir az aralıda siqaret çəkən Xasayı
göstərib dedi ki, biz Xasayla qohumuq. Təəccüblə, “necə qohumsunuz”? dedim.
Məlum
oldu ki, Azərin anası bu kənddən imiş. Bu yeniliyi müzakirə edirdik ki, Xasay
bizə yaxınlaşıb,
harasa getməli olduğunu dedi və bildirdi ki, tapşırmışam, burda sizə necə lazımdır
qulluq edəcəklər. Onunla sağollaşıb ayrıldıq. Və sovxozun binasının
qarşısındakı həyətdə gəzişərək söhbətləşməyə başladıq. Seçkini tamam
unutmuşduq. Mövzu ədəbiyyat və təbii ki, ölkədəki son durum, ermənilərin fəallaşması,
hərəkatın hansı istiqamətdə irəliləməsi və s. idi. İkimiz də 80-cı illərin sonunda ölkəmizin gözlənilən fəlakətlərdən necə yan
keçə biləcəyini, müstəqillik savaşımızın necə nəticələnəcyini, ölkədə gələcəkdə nələrin ola biləcəyini
qızğın müzakirə edir, hətta arada özümüzdən asılı olmayaraq səsimizi də
qaldırırdıq.
Günorta məntəqə üzvləri ilə yemək təklifini
mən rədd etdim və xahiş etdim ki, bizə Kinov bulağının üstündə yüngülcə süfrə
açsınlar. İki ədəbiyyat adamı kimi yemək zamanı da söhbətimizə kimsənin mane
olmasını istəmirdik...
Axşam tərəfi maraqlı bir əhvalat da
oldu. Azər dedi ki, bəlkə buranın dəyirmanına gedək? Mən bildirdim ki, dəyirmana
getməyinə gedərik, amma burada bir məktəb direktoru bizə yaxşı bir süfrə
açdırıb, bəlkə yemək yeyək, sonra gedək?
Hələ
Xasay kişinin də adamı yanımızda hazır dayanıb bizi hara isə yeməyə dəvət etmək
üçün müntəzir idi.
Azər
təkid etdi ki, əvvəl dəyirmana gedək. Payi-piyada yolun ağına düşüb getdik su dəyirmanına.
Elə qapıdaca dəyirmançı bizi qarşıladı, mənimlə əllə görüşəndən sonra üstü unlu-urfalı
Azərə sarıldı, öpüşdülər. Mən də mat-mat baxıram. Adı gərək ki, İsmixan olan bu
maraqlı adamın Azəri hardan tanıdığına təəccüb edirdim ki, o özü dilləndi:
-İsmixan
mənim xalam oğludur...
Və
elə dəyirmana girib, unluğa, dəyirman daşlarına, təknəyə bir xeyli tamaşa edəndən
sonra çölə çıxmışdıq ki, İsmixanın iki daşın arasında qaladığı ocağa şişləri
düzdüyünü gördüm.
-Sizi heç yana buraxan dəyiləm... Əziz qohumum gəlib
bir, rayonumuzun yazıçısı gəlib, bu da iki...
-A
kişi, yazıçının böyüyünü qoyub nə yapışmısan mənnən? Əsl yazıçı elə qohumundu
e! – Bunu da mən deyirəm və gülüşürük.
Sonra
dəyirmanın donuzluğundan bir az aralıda, suyun şırhaşır axdığı yerdə göy otun
üstündə oturub İsmixanın dadlı kababından yeyir, özünün çəkdiyi tut arağından
içirdik. Seçki-zad yada düşmürdü...
...Mən
“Yazı” dərgisini təsis edəndən bir xeyli sonra yadıma düşdü ki, oğlu Alpayın
hekayələrini tez-tez versək də, heç Azərə “yazı göndər” deməmişəm. Ona görə
telefonla zəng etdim və xahiş etdim ki, ya şeirlərini, yad da hekayələrini göndərsin.
(Buradaca qeyd edim ki, Azər mənə görə ilk növbədə yaxşı şair idi. Sonradan bir
çoxlarında olduğu kimi, Azərdə də nəsr şeiri üstələdi.) Səhv etmirəmsə, “Gül
yağışı” hekayəsini göndərdi və növbəti sayda çap etdik.
Lap
son illərdə Azərin “Qəmərlidən keçən qatar” hekayəsi haqqında bir esse
yazmışdım. Təəssüf ki, o yazı saytlarda yayımlanandan az sonra o müdhiş koronavirus
bəlası yayıldı və Azərlə nə görüşə bildik, nə zəngləşdik. Və sonradan da Azəri
itirdik...
Azər
Abdulla bizim Zəngilan rayonuna çox yaxın olan Meğri rayonunun Lök kəndindən
idi. (Bəzən səhv olaraq bu rayonun adını Mehri kimi yazırlar. Halbuki, söz məhz
“Meğri”, yaxud bizim camaatın dediyi kimi “Mığrı”dır. Bu qədim türk sözü “maq”
türk tayfalarının adından alınıb. “Muğan”, “Muğadəm”, “Muğla” kimi yer adları
da bu qəbildəndir.) Necə deyərlər, əlini
uzatsan, çatar. Ancaq ikimizə də yerliçilik hissi yad idi. Tapındığımız yazıya,
adama bağlılığımız bizim şəxsi münasibətlərimizə qəti mane olmurdu. Azərbaycan
Yazıçılar Birliyinə, onun sədri Anara çox böyük hörmətinin olduğunu bildiyimdən
heç vaxt onun yanında bu mövzuya toxunmazdım, o da mənim AYB və sədr Anarla
bağlı kəskin yazılarım haqqında bir söz deməzdi.
Tofiq
Abdinin yas yerində görüşümüzü heç unutmaram. Redaktoru olduğu “Yazıçı”nın Əli
bəy Hüseynzadəyə həsr olunmuş sayını mənə uzadıb qəmli-qəmli gülümsündü. Mən də
“Yazı”nın hansısa sayını ona verdim. Ayrılanda əlimi əlində bir xeyli saxlayıb
dedi:”Bizim də qapımız döyülür... Tofiq getdi...”
İkimizin
də gözlərimiz doldu... Ən əziz adamımızı itirmiş kimi idik...
...Koronavirus
bizlərə təkcə dostlarımızı, qohumlarımızı, yaxınlarımızı öldürməklə zərbə
vurmadı. Həm də onların təziyəsində iştirak edə bilməmklə zərbə vurdu. Mən bu
doğma adamın vəfatını kədərlə xatırlayıram... Ancaq feysbukda oğlu Alpaya
başsağlığı yazmaqla, bir də haqqında yazdığım esseni təkrar paylaşmaqla ürəyimi
soyutdum...
Ürəyimdə
bir istək qalıb. Gərək bir gün Alpaya zəng vurum, məsələn Azərin doğum, yaxud
anım günündə, yaxud elə hər hansı adicə bir vaxtda gedək onun məzarını ziyarət
edək...
Yoxsa
onun ruhu qarşısında ömürlük xəcalətli qalaram.
S.A.
(Söz Ardı)
1.Bu
yazını illər əvvəl yazmışam və ona heç nə əlavə etmək fikrim yox idi. Sadəcə,
neçə vaxtdır ürəyimdə qövr edən arzumun
gerçəkləşməsi bu sözardını yazmağa səbəb oldu. Axı mən mərhum Azərin oğlu
Alpaya bir dəfə eşitdirmişdim ürəyimdə qalan arzumu. Sağ olsun, o da bunu
yadında saxlayıbmış. Bu günlərdə feysbuk üzərindən yazdı ki, müəllim, məsləhətiniz
olsa, bu bazar atamın məzarını ziyarət edə bilərik. Mən də belə məsələlərdə
etibar etdiyim qəlb dostum Mübariz Örənə zəng vurdum və beləcə, bizim bu ziyarətimiz
baş tutdu. Dostumuzun məzarına güllər düzdük, fatihə oxuduq…
2.Yuxarıdakı xatirə yarpağına bir əlavə etmək istərdim.
(Köhnə yazılara toxunmamaq kimi bir öhdəliyim var, amma bəzən keçə bilmirsən...)
Fikir
verdinizsə, Azər məktəb direktorunun evindəki haşan-kaşanlı qonaqlığı deyil, dəyirmançı
xaloğlunun unlu dəyirmanındakı halal çörəyi seçmişdi. Bizlər, seçim edərkən, bəzən
fərqində olmuruq. Axı dəyirman təkcə halalıq yeri deyil, həm də bərəkət rəmzidir...
Seçiminizi
edəndə yaxşı götür-qoy edin. İllah da ki, qələm adamısınızsa...
(Azad
Qaradərəli “Məndən sonra” memuar romanından parça.)

Yorumlar
Yorum Gönder