AZAD QARADƏRƏLİ BİR CAVAN... hekayə Vətən Müharibəsi şəhidi Həsən Rzazadənin xatirəsinə
AZAD QARADƏRƏLİ
BİR CAVAN...
Vətən Müharibəsi şəhidi Həsən Rzazadənin xatirəsinə
2019-cu
ilin yayı. Əfqanıstan dağları. Azərbaycan sülhməramlıları tapşırıqdan
qayıdırlar. İsti qumu qovurğa kimi qovurur. Göydən yerə millənən odlu lava dəstəni
tələsik maşına doluşmağa vadar edir. Yorğun görünsələr də, kefləri yaxşıdır.
Tapşırığa layiqincə əməl olunub. Bu odlu səhrada təkcə üzü gülməyən baş
leytenantdır. Əsgərlər komandirin qaşqabağının
elə-belə tutulmadığını bilirlər və ona görə də onlar da susurlar. Nəhayət,
bir əsgər dillənir:
-Komandir,
niyə tutuldunuz? Maşallah, tapşırığa layiqincə əməl etmişik... Niyə eyniniz
açılmır?
Komandir
maşının pəncərəsinnən Əfqanıstan dağlarına işarəylə deyir:
-Uşaqlar,
bu dağları gördüm, könlüm bulandı. Yadıma mənim anamın, atamın doğma yurdu Zəngilan,
Qarabağ düşdü... Mən anamın bətnində olanda rayonumuz ermənilər tərəfinnən
işğal edilib... Sumqayıtda dünyaya göz açmışam... Sənin doğma rayonun işğalda
ola, özün də hərbçi olasan, atan hərbçi ola, dayıların general, polkovnik ola,
amma torpağın işğalda qala... Üstəlik, öz torpağını deyil, hansısa Əfqanıstanı
qorumağa göndəriləsən... Sizcə, adamın kefi açılarmı?..
Son dərəcə
ciddi görkəmli, zəhmli və ağırtəbiətli, boy-buxunlu olsa da, arada xalq mahnılarını zümzümə etməyi
sevən, bu zaman uşaq kimi olan baş leytenant Həsən Rzazadə qəfil doluxsundu, hətta
gözləri də doldu. Onu heç belə görməyən döyüşçü dostları çaşıb qaldılar. O,
maşını saxlatdırdı, yerə düşüb üzünü qibləyə tərəf tutub dedi:
-Uşaqlar,
gəlin sizinlə bir əhd bağlayaq... Hamınız üzümüzü o məchul qibləyə tutaq və
böyük Allahdan dilək diləyək: qoy gələn il bu vaxt ölkə başçımız bizə əmr
versin, əlimizə silah alıb doğma Qarabağımızı, o cümlədən mənim də ata yurdum Zəngilanı
düşməndən azad edək...
Sonra
leytenant bir kitabdan oxuduğu əhvalatı döyüş dostlarına danışdı:
“Biz
tərəfdə Mincivan adlı qəsəbə var. Atamın yurdudur ora. Babamnan soruşmuşdum ki,
niyə ora Mincivan deyirmişlər? Dedi rəvayətə görə, Babək zamanında Təbriz əhalisi
darda imiş. Düşmənə qəhrəmanlıqla sinə gərən şəhərin mühasirəsi daraldıqca vəziyyət çətinləşir. Xəbər
salırlar ki, hər vilayətdən Təbrizə kömək gəlsin. Araz qırağındakı kənddən də min cavan silah
qurşayaraq döyüşə yollanır. Uzun zaman keçsə də, o döyüşçülərdən xəbər çıxmır.
Aylar sonra Arazdan pala* ilə keçən palaçı zəif səs eşidir. Kimsə zarıyırmış.
Diqqətlə qulaq asır. Arazın gur suları səsi eşitməyə imkan vermir. Palaçı hirslə
çayı qarğayır: “Lal olasan, Araz! Qoy görüm zarıyan kimdir?!”
Arazın
səsi xırp batır. O gün, bu gün lal qalır...
O səs
indi aydın eşidilir. Zarıyan deyirdi:
-Min
cavan... min cavan... min cavan...
Yaxına
gələndə yaralı döyüşçünü görüb tanıyır. Dili güclə söz tutan döyüşçü anladır
ki, min cavan şəhid oldu, amma Təbriz qurtuldu... Min cavan... min cavan... min
cavan...
O
günnən o qədim kəndin də adı Mincivan qaldı...”
İndi
ay dostlar, arzu edirəm ki, biz də o min cavan kimi bir gün Vətən uğrunda döyüşək,
dustaq torpağımızı yağıdan azad edək, o min cavan kimi şəhid olaq...”
Bu
say-seçmə oğlanlar komandirləri kimi üzlərini günəşin batan səmtinə tutub
“amin” dedilər...
Sonra
maşına əyləşib qərərgaha yol aldılar. Bir azdan Həsənin zümzüməsinə səs verdi
taqım yoldaşları: “Gəlmişəm otağına, Qaragilə, oyadam səni...”
***
-Komandir, siz bir az arxaya çəkilin,
snayper yerimizi təyin edib!..
-Əsgər,
sən özün diqqətli ol və o snayperi susdur ki, bizə mane olmasın!
Snayperi
susdurmaq mümkün olmadı. Əvəzində baş leytenant Həsənin döyüşçüləri onu çaşdırdı: bir göz qırpımında sel kimi
axaraq irəlilədilər. Döyüşün şirin yerində (ilahi, döyüşün də şirini olarmış!)
komandir irəli atıldı və bir göz qırpımında bütün taqım şığıyıb düşmən səngərinə
girdi. Yağılar bunu gözləmirdilər və qəfil zərbədən özlərini itirib qaçmağa belə
macal tapmadılar. On dəqiqə içərisində bir itki vermədən düşmən əlbəyaxa döyüşdə
məhv edildi, yüksəklik ələ keçirildi.
O,
döyüş zamanı həmişə dəstənin önündə olardı. Əslində, bu müharibənin ildırım sürəti
ilə və qələbə ilə başa çatmasının bir səbəbi də zabitlərin arxada deyil, öndə
olması idi. Təsadüfi deyil ki, 3000 nəfərə yaxın şəhidimizin az qala yarısı
zabit heyətinin payına düşür...
***
-Komandir,
siz niyə belə çox tələsirsiniz? Elə bil qabaqda sizi nəsə gözləyir? – Gənc əsgərin
çəkinə-çəkinə verdiyi suala o bir müddət cavab vermədi. Sonra durbini gözünə
yaxınlaşdırıb uzaqlara baxdı, baxdı və ah çəkdi:
-Bax,
o uzaqlardakı dağları görürsünüz? Ora mənim anamın, atamın yurdu Zəngilan,
Mincivan, kəndimiz Cahangirbəylidir... Heç zaman görmədiyim torpağım... Babam Sərdar
kişi el ağsaqqalıydı... Torpaq həsrətiynən köçdü dünyadan... Əgər Zəngilanın
azadlığı uğrunda mənim qanım tökülməsə, o torpaqlar cana gəlməz... Torpaq şəhid
verməsə, nə azad olar, nə də abad. Hə, tələsirəm, çox tələsirəm! İstəyirəm ki,
ora, o müqəddəs yerə ilk mənim ayağım dəysin... Babalarımın əvəzinnən də o
torpaqları qucaqlayım, qışqırım:
“Eheyyyyyy! Mən hərbçi Vüqarın oğluyam! Mən Cahangirbəylidən Sərdar Cəbrayılovun,
Mincivannan Bəhmən Rzayevin nəvəsiyəm! Mən Həsən Rzazadəyəm!.. Elə bilirəm ki,
onda rayonumuz diksinib ayılacaq, dağlarımız səsimi əks-səda kimi bir-birinə
ötürəcəklər... Əskülüm, Şükrataz dağları, Araz, Xan Çinar meşəsi, Ağoyuq,
Qaraoyuq düzləri, Həkəri, Oxçu çayları tanıyacaq məni... Ehhhhh, uşaxlar, çətindi...
Heç baş leytenant da qaçqın olar? Mən bu adı üstümüzdən bacardıqca tez götürməyə
çalışıram... “
Zəhmli,
zəhmli olduğu qədər də yaraşıqlı olan zabiti onlar heç belə görməmişdilər. İçlərində
zarafatcıl bir əsgər gülümsündü:
-Komandir!
İnşallah az qalıb, sənin Zəngilanını da, Şuşanı da, bütün qarabağı da alacağıq!
Onda ölkənin ən gözəl qızları gənc baş leytenanta vurulacaqlar...
Qısa
fasilədən istifadə edib dincələn dəstə üzvləri gülüşdülər. Zarafatcıl əsgər isə
davam etdi:
-Komandir,
bilirsən, Həsən sözü hüsn sözünnəndir... Yəni gözəl, ləyaqətli, yaraşıqlı...
Yenə
gülüşmə. Bu dəfə komandir qaşqabağını sallayıb dedi:
-Bəsdirin,
az naqqallıq edin! Yox bir gözəlləmə! Qarabağı azad etməyincən, bizim gözümüz
heç kimə, heç yerə baxmamalıdır!
***
Danışırlar
ki, Zəngilanın azad edilməsi uğrunda döyüşlərdə yaralansa da, bir an belə əlini
tətikdən çəkməyib Həsən. Həmişəki kimi öndə olub. “Bu axşam Ali baş komandan ən
azı on kəndimizin işğaldan azad olunduğunu elan etməlidir! Ona görə nəfəs dərmək
yoxdur!..”
Sonra
üzünü əsgərlərinə tutub deyir:
“Bilirsinizmi,
mən Əfqanıstanda sülhməramlı taqımın tərkibində olmuşam, düz altı ay? Ora yola
düşməzdən öncə bir az araşdırdım ki, görüm bu ölkə haqqında nə öyrənə bilərəm?..
Əlimə bir yazı keşdi. “Qadağan zonası” adlı həmin povestdə Əfqanıstanda Sovet
ordusunun tərkibində döyüşmüş bir azərbaycanlıdan söz açılırdı. Həmin gənc bir az sonra keçir əfqanların
tərəfinə və adlı-sanlı bir sərkərdə olur... Ruslar isə onun sapoqlarını sink tabuta
qoyub Zəngilana göndərir və kekebenin əli ilə gecə vaxtı “dəfn edirlər.” Bu
hadisəni niyə xatırladım? Biz döyüşkən xalqıq, amma bu ruslar ki, var, onlar həmişə
ermənini müdafiə ediblər. Əgər Birinci Qarabağ savaşında onlar olmasaydılar,
atalarımız erməniyə məğlub olardlarmı? Əsla!.. Bu gün inşallah Zəngilanı alıb
Qubadlıya yola düşürük. Oradan isə Laçına! Hədəfimiz Laçın dəhlizidir! Bu
faşistlərin Ermənistanla bağlantısını kəsməliyik!..
***
Tapşırıq
qəti idi: dəhliz bağlanmalıdır!
Baş
leytenantın dəstəsi arxada qoyduğu doğma
Zəngilan və Qubadlıdan sonra Laçına doğru irəliləyirdi. Bu qəhrəman igid su
kimi axır, civə kimi şütüyürdü. Qabaqlarına qatıb qovduqları düşmənsə məkrli
idi. Çıxdığı yerləri od vurub yandırır, torpağı minalayırdı.
“Mədəni
xalqlar torpağa taxıl əkər, tum salar... Hardasa oxumuşdum ki, kultura sözünün
kökü gedib torpağa çıxır... Əkməyən,
biçməyən, qurmayan, yaratmayan
xalq mədəni ola bilməz axı... Bunlar da torpaqlarımızı işğal edənnən
sonra şəhərlərimizi xarabazara çeviriblər, kəndlərimizi yandırıblar...
Prezident yaxş dedi, elə bil buralardan bir vəhşi tayfa keçib... vəhşiyə isə gərək
yeruni göstərəsən... İnşallah, bir neçə günə onları ölkəmizdən süpürüb
atacağıq...”
***
Baş
leytenantın dəstəsi gərgin döyüşdə Laçın dəhlizini tutdu. Amma...
Böyük
döyüş yolu keçən, Şuşaya getmək istəyən, hərb elminin bütün incəliklərinə yiyələnib
general olmaq istəyən gənc zabit ağır yaralanaraq şəhid oldu...
Ölkə
prezidentinin sərəncamı ilə şəhid Həsən Rzazadə “Qarabağ” ordeni, “Vətən
uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”,
“Laçının azad edilməsinə görə” medalları ilə təltif edilib.
Uzaqlarda
buludlar dağlara salama gəlmişdi. Əyilib qəmli dağların qanlı sinəsinnən öpən
bulud az sonra göz yaşları ilə dağın sinəsinin qanını yudu. Torpaq üstünnən
buludun göz yaşı qarışmış qanlı su axdı. Az sonra o qanlı su selə dönüb Oxçu
çayına qarışdı. Zəngilanın, Cahangirbəylinin, Mincivanın sahillərini yalayan
sular dağ cüssəli igidin şəhadət xəbərini aləmə yaydı:
“Bir
cavan... bir cavan... bir cavan...”
21.12.2020.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Pala – içi üfürülmüş keçi dərilərini salların altına
bağlanılaraq çaya buraxılırdı. Buna pala deyirdilər.

Yorumlar
Yorum Gönder