AZAD QARADƏRƏLİ NÜSRƏTİN NÜSRƏTLİYİ (“Məndən sonra” memuar romandan parça)

 

                        AZAD QARADƏRƏLİ      

 

                  NÜSRƏTİN  NÜSRƏTLİYİ

 

            (“Məndən sonra” memuar romandan parça)

 


            Nüsrətlə tanışlığım 9-cu sunfə oxumağa gəldiyim Mincivandakı 36 saylı məktəbdə oldu: onların sinfinə düşmüşdüm. Kənddən gəlmiş, başı dibindən qırxılmış ürkək uşağa hərə bir söz atsa da, ilk təsəlliverici sözü də ondan eşitmişdim:”Qada, fikir eləmə. Sən oxuyan uşağa oxşuyursan. Bizim də əslimiz sizin kənddən bir xeyli yuxarıda olan Sobudandı. Yerri sayılırıx...”

            Riyaziyyatı “semiçka” kimi çırtdayan mənim bu “yerrim” hər səhər məktəbə gözləri qızarmış gələrdi. Bir dəfə çəkinə-çəkinə soruşdum:

            -Sən gecələr yatmırsan?

            Uğunub getdi:

              -Yatana nə verillər, ə? Axşamlar toyda oluram, beş-on manıt qazanıram...

            -Toyda neynirsən?

            -Nağara çalıram... Hərdən oxuyuram da...

            Sonra partaya əli ilə şappıldadıb, o vaxtın dəbdə olan müğənnisi mərhum Məmmədbağır    

Bağırzadənin avazıyla oxuyardı:

 

            Cilvələnib nə qarşımda durubsan.

            Anam sənə qurban, ay sarıköynək!

            Mələksən, çıxıbsan cənnət bağından,

            Heç kim olmaz sənə tay, sarıköynək!

           

            -Bəs dərsi nə vaxt oxuyursan?

            -Ə, nə dərs, ə? Sənnən belə danışaq:  riyaziyyatdı, fizikadı, kimyadı, bınnar heç, amma tarixdi, ədəbiyyatdı... bınnarı sən maa danışassan, mən də çıxıb müəllimə danışacam. Riyaziyyatdan, fizikadan, kimyadan nə lazım olsa, mənnihdi...

            Nüsrətə tarixi danışırdım, çıxıb söyləyir, “5” alırdı. Sonra mən çıxırdım, danışırdım, Fərzəli müəllim “4” verirdi...

            Fizikanın, kimyanın düsturlarını əzbərləyib, qiymət alırdım, bu cəbri ilə həndəsə mənimçün əsl zülm idi. Onda da Nüsrət girirdi qanımın arasına: vərəqə yazıb ötürürdü, bir təhər canımı qurtarırdım...

            Hə, axı, Nüsrətin adının mənası  “dada yetən, kömək olan” deməkdir...

            ...Nüsrətinki vergi idi. Allah bütün riyazi terminləri gecənin hansı vədəsisə gətirib onun beyninə yazıb getmişdi. Rəhmətlik İsfəndiyar müəllim, Əhliman müəllim lövhədə məsələni, misalı yazıb, yarıda saxlayar, sonra Nüsrəti çağırardılar:

            -Gəl, davam elə!

            Adam gözüyumulu misalları təbaşirlə lövhəyə yazar, yazardı...

            Eşidəndə ki, Nüsrət ali məktəbin riyaziyyat fakültəsinə qəbul olunub, təəccüblənmədim. Axı “Allah bütün riyazi terminləri gecənin hansı vədəsisə gətirib onun beyninə yazıb getmişdi.”

            Və eşidəndə ki, Nüsrət artıq Zəngilan toylarının nömrə bir müğənnisidir, buna heç təəccüblənmədim... (Bir şeyi deməyi unutmuşam: onların nəsli-kökü hamılıqla istedadlı idi. Qardaşı Gülalı da, dayıları Ağa da, xalası oğlu Aşur da vergili idilər. Aşurun zil səsi hələ də qulaqlarımdadır.)

            Amma yoox, bir şeyə təəccübləndim: riyaziyyatla müğənnilik necə bir başda yola gedir axı?!

 

            ...Nüsrət nə qədər ciddi adamdırsa, o qədər də şən və yumor duyumlu biridir. Manıs olsa da, ailəcanlı və dostcanlıdır.

            Bakıda hərdən görüşürük...

            Heyf ki, hərdən...

            Və bir gün gözümüzü açdıq ki, 70-dəyik. İkimiz də martdanıq...

            Dostuma həmişə formada olmağı, səsini və sağlamlığını saz vəziyyətdə saxlamağı arzulayıram! Bir də Nüsrətin nüsrətliyi həmişə var olsun!

            70-in qutlu olsun, dost!

            Zəngilana, Mincivana, Qaradərəyə, Sobuya gedib o torpağa baş qoymaq eşqi ilə sənə qucaq dolusu salam göndərirəm!

 

                                                                                                                         Mart – 2024

 

            S.A.(Söz Ardı)

            Bu yazını itirmişdim. Nə qədər axtarsam da bir şey çıxmsdı. Hələ bitməyən “Məndə sonra” memuarında da yox idi. İş elə gətirdi ki, lap bü günlərdə o yazı kimi Nüsrəti də itirdik. Kədərin gücündən aşağıda oxuyacağınız ağı yazıldı. Və bu gün dostumun 70 yaşına bir zamanlar sevə-sevə yazdığım o yazı kompüterimdə qarşıma çıxdı. Elə bil Nüsrətin özünü tapmışdım. Elə sevindim ki!..

            Eh... Nüsrət, Nüsrət... Bu isə dediyim şeir-ağıdır...

 

DOSTUM NÜSRƏTƏ

            AĞI

 

Araz qırağında çınar yıxıldı,

Bir elin kölgəlik yolu bağlandı.

Dostların ürəyi yandı, yaxıldı,

Sanki ərənlərin qolu bağlandı.

 

“Nüsrət dada yetən demişdim” axı,

Bəs Arazım niyə tərsinə axdı?

Qarayel indi də biz səmtə baxdı?

Dostların sağı, solu bağlandı.

 

Kaş qəlb qəm xalısı toxumayaydı,

Kaş bülbül son nəğmə oxumayaydı!

Mincivan qara gül qoxumayaydı,

Arazın çağlayan qolu bağıandı.

 

Azad ağı yazmaz səbəbsiz yerə,

Qələmim, yas saxla dostuma görə,

Sən layiq deyildin o qara yerə,

O gözəl səsinin balı bağlandı.

                                                      24.06.2026.               

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

İSMAYIL KAZIMOV – 70 TÜRKOLOGİYAMIZIN LƏNGƏRLİ YOLLARINDA (Görkəmli alim, keçmiş tələbə yoldaşım professor İsmayıl Kazımovun yubiley yaşına dost sözü)

AZAD QARADƏRƏLİ QARABAĞIN AĞCA BULUDU (İşğaldan azad olunmuş torpaqlardan qeydlər)

AZAD QARADƏRƏLİ ANAMIN AĞ ŞALI Hekayə Qardaşım Canpolada, o biri qardaşlarıma və bacım Arzuya