AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 14-CÜ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 14-CÜ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 14-cü cildi çapdan çıxmışdır.
Kitab müəllifin tədqiqatçılarından olan Vaqif Osmanlının “Özünüyaradan
yazıçı” ön sözü ilə açılır.
Bu
cildə müəllifin “Xeyrat”, “Özünüyaradanlar” romanları və iki hekayəsi
daxil edilmişdir.
Cilddə
yer alan hər iki roman müəllifin son illərdə qələmə aldığı əsərlərdəndir. Onu
da deyək ki, romanlar sosial şəbəkədə - “Xeyrat” yazıldıqdan sonra kulis.az, “Özünüyaradanlar
isə edebiyyat.az saytlarında - oxucalara çatdırılmışdır.
“Xeyrat”
Azad Qaradərəlinin illər əvvəl başladığı, fəqət hansısa mətnlərin ortaya düşməsi
nəticəsində ikinci plana keçdiyi üçün, uzun zaman tamamlaya bilmədiyi əsərlərindəndir. 2023-cü ilə qədər 10-15 səhifəsi yazılan
romanı müəlləf, nəhayət ki, həmin ilin
yanvar-may aylarında yazıb başa çatdıra bilmişdir.
Romanın
mövzusu bir raykom katibi xanımla təhsil şöbəsinin müdiri olan gəncin
nəticəsiz sevgisinin üzərində qurulub. Adamları marionetkaya çevirən
kommunist rejimi onların ən ümdə hisslərini belə məhv edir və nəticədə gənclər kommunizm idealları xülyası ilə həqiqi sevgilərini
kommunist partiyasına olan “sevgilərinə” qurban verirlər.
Atasını
məhv etmiş Sovet hökumətindən qisas almaq üçün əlinə düşən ilk fürsətdən
yararlanaraq yaşadığı rejimin əleyhinə
Türkiyədə casusluq edən Sənubər, 1956-sı ildə Qız qalasının üzərinə milli
bayrağımızı sancan Çingiz Abdullayevlə Cahid Hilaloğlunun şücaəti və onların həyatlarının
acı sonluğu, dünya şöhrətli dirijor Niyazinin oğulluğu Ceyhun Kafinin Niyazilər
ailəsinə vurduğu yaralar, raykomun birinci katibi Məsumə xanımın bacısı oğlu
Dıqranın (Tiqranın) həyat dramı da əsərdəki maraqlı xətlərdəndir.
Bir
sıra tarixi fakt və hadisələrlə zəngin olan romanda Sovet vaxtı şöhrətin zirvəsinə
çatmış qəhrəmanın həyatının acı sonluqla – koronavirus pandemiyası ilə başa
çatması bir rəmz kimi qəbul edilə bilər. Bütün çirkinliklərə - rüşvətə,
korrupsiyaya, ətalətə, saxta sovet ehkamına yoluxmuş şər imperiyasının yetirməsi
dəhşətli virusun qurbanı olur və özündən
sonra bir iz qoymadan dünyanı tərk edir…
“Özünüyaradanlar”ı
(ilk adı “Siftə” olmuşdur) fəlsəfi roman da adlandırmaq olar. Yazıçı,
Filosof və Mühəndisin xəyali və bəlkə də elə həqiqi səyahətlərindən
doğan hadisələr əsərin əsas nüvəsini təşkil edir. Sokratdan başlayıb əsərin qəhrəmanlarından
olan Filosofla bitən ÖZÜNÜYARATMA fəlsəfəsi “Özünüyaradanlar”ın leytmotivini təşkil
edir. 20-ci əsrin əvvəllərindəki Azərbaycanda Milli Oyanışın aktiv
iştirakçılarından olan Qaçaq Fərzalı, Bəhlul Əfəndi Behcət (Birinci Behcət –
İkinci Bəhlul), Qaçaq İsrafil, Galladar Surxay və bunların əleyhdarı olan Sovet
çekisti Gəncinski romanın müasir obrazları ilə elə çuğlaşır ki, bəzən kimin kim
olduğunu ayırd etmək çətinləşir.
Romanda
tez-tez müşahidə olunan şüur axını əsərə bir əlavə qatqı gətirir.
Bir
çox əsərlərində olduğu kimi burada da müəllif oxucunu əsərə şərik edib. Məlumatlı
oxucu əsəri oxuyanda çətinlik çəkməyəcək...
Cilddə
yazıçının süjet “qohumluğu” olan iki hekayəsi də yer almışdır.
Qanun
nəşriyyatında işıq üzü görən yeni cildin redaktoru Vaqif Osmanlı, rəssamı
Sehran Allahverdi, tərtibçisi Türkan Azadqızıdır.
Kitabı
yaxın günlərdə Milli Kitabxanadan (əski M.F.Axundov adına kitabxana), AMEA-nın,
ADPU-nun (əski APİ), Folklor İnstitunun, Xəzər Universitetinin, Zəngilan
rayonunun Mərkəzi kitabxanalarından əldə edib oxumaq olar.

Yorumlar
Yorum Gönder