AZAD QARADƏRƏLİ NƏMNAZİK KİTABIN YERİ (Şəxsi kitabxanamda baş verən dəyişikliklər barədə...)
AZAD QARADƏRƏLİ
NƏMNAZİK KİTABIN YERİ
(Şəxsi kitabxanamda baş verən dəyişikliklər
barədə...)
Adətimdir,
ildə bir dəfə şəxsi kitabxanamı söküb-tökürəm, silirəm, yerlərini dəyişirəm; bu
arada bəzi kitabları ilk dəfə görürmüş kimi təəccüblə əlimə alır, vərəqləyir, bəs
etməsə, gündəlik baxdığım kitabların yanına qoyuram. (Əvvəllər ailə kitabxanası
yazardım fəxrlə! Çünki ora həqiqətən ailə kitabxanası idi. Uşaqlarım, bizə
qonaq gələnlər, məndən müsahibə-filan almağa gələnlər o kirabxananın içində
fırın-fırın fırlanardılar. İndi isə kitabxanada tək qalmışam. Uşaqlarımın özlərinin
pis-yaxşı kitabxanaları var evlərində, nəvələrim isə kitabdan cin dəmirdən
qorxan kimi qorxurlar... Müsahibə-filan götürənlər isə...)
Hə,
mətləbdən uzaq düşdük. Yenə bu yay günündə kitabları laxlamadan tökmüşəm.
Beş-altı kitab heyrətimi çəkib, amma bir az vərəqləyən kimi qaytarıb yerinə
qoymuşam. Daha mənim təəccüblənən vaxtım da deyil axı...
Bəs
bu nədi? Nəmnazik, qaravış, üstündə də əcaib-qaraib şəkillər...
Həəəəəə...
Bildim... Nərmin Kamaldı bu. “Qadın ilk dəfə”...
Köhnə
tanışlar kimi baxışırıq. Bir vaxtlar bunlar da mənim kitabxanam kimi vurhavurlu
idilər, ocaqları alatorandan yanardı...
Nərmin
Kamal ki var... Elə bax, bu kitabdakı bir şeir mənə “Ərizə” hekayəsini
yazdırmadımı? Daha doğrusu, hekayəni yazmışdım, amma arxivimdə yatıb qalmışdı.
Niyə? Ondan ki, orda-burda eşidirdim ki, haqqımda deyirlər ki, müəllim ağ eləyib,
söyüş demir, tabu demir, hamısın doldurur hekayə-romanlarına... Mən də bu mübhəm
“Ərizə”ni qoymuşdum dəmə... Ki, hekayədə,
ayıbolmasın aybaşı olmuş kolxoz sədri qadının katibdən bir neçə günlüyə işə çıxmamaq barədə
icazə almasına dair ərizəsindən bəhs olunurdu... Ki, elə bu dəm həmin bu nəmnazik
kitab eyzən indiki kimi çıxdı qarşıma və həmin bu əcaib-qəraib hekayəni arxivimdən çıxaracaq misralar dəydi gözümə:
...əlinizin
altında işləyən qadınlar
daha istəmirlər gizlətmək bəzi
günlər
sizə yazdıqları icazə ərizələrində
əsl səbəbi bəhanələrlə
Əmək Məcəlləsindəki
üstüörtülü xəstəlik bəndləri kimi də deyil,
onlar
apaçıq
yazmaq istəyirlər gözəlliklərini...
Və o misralar oldu hekayənin epiqrafı...
Bilmirəm,
nədənsə, şeirin əvvəlindəki “Xahiş
edirəm, inciməyin, cənab Ağayev” misraları ya mənim, ya da nəşriyyatın səhlənkarlığ(ımız)ından
düşmüşdü...
Hə,
unutdum deməyi: bu şeir o nəmnazik
kitabda “Stakattolar” silsiləsindən idi və onda hələ təzə-təzə boy verən
vikipediyadan öyrəndim ki, “stakatto” qırıq-qırıq, kəsik-kəsik musiqiyə
deyilirmiş...
Silsilənin
ilk misrası buydu:
Uşaqlar
Ramstor mağazasında
Pul
satıldığına inanırlar...
Babam
demiş, pəh!
Bu
da ikinci şeirdəki ilk misralar:
Deyirlər,
narkotik belə itirib
əvvəlki
keyfiyyəti...
Yenə
pəh və yadıma “Günəş tutulan yerdə” romanımdakı
hər gün ucuz və geydirmə araq içən qəhrəmanımın başına gələn olay düşür:
imkanlı ailədən olan gənc dostu onu zor-xoş varlı ailənin toyuna aparır və o, həmin
toyda ən bahalı araqlardan içib zəhərlənir...
Bu
da o silsilənin beşincisinin ilk misraları:
Axşam
külək qalxdı
adlarımızı
mənasız
əhvalatlarımızı
allahdan
arzularımızı
yazdığımız
çərpələngi apardı...
İki
dəfə pəh!
...Kitabı
əlimdə bir xeyli saxlayandan sonra
bilmirəm hara qoyam. Yerinə qəti qoymayacam, bu, dəqiqdir. Orda qalsa, it-bata
düşəcək. Təzə çıxan 14-cü cildimin qalaqlanmış cildlərinin yanına qoyum bəlkə?
Yooox, bunları tezliklə kitabxanalara göndərməliyəm... Bəs onda...
Həəəə...
Kompüterimin
arxası! Orda hər gün baxdığım qaralamalarım və bəzi oxuyacağım kitablar durur.
Elə
ora qoyub rahat nəhəs alıram...
...Yaxşı,
bəs bu Nərmin Kamal xanım bu kitabdan sonra şeir kitabı yazıb?
Romanını
oxumuşam. Hekayələrini də ləzzətlə dadmışam...
Bəs
şeir?
Bilmirəm,
nə yazıq ki...
Bir
də elə bu nəmnazik kitab da bir şairin nə deyə biləcəyini rahatca deyibsə, daha
göy üzünə daş atıb allahı acıqlandırmağın nə mənası?
...Hə,
bir şey deyim, bu kitab söküntüsünü-töküntüsünü bitirək: Nərmin Kamal o müəlliflərdəndir
ki, elə kitablarının üstündə rahatca Kamal da yaza bilər...
25.07.2026.

Yorumlar
Yorum Gönder