AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman
AZAD QARADƏRƏLİ
BAŞ NAZİRİN FRAKI
roman
Allahım, ilk öncə dağa, daşa ver,
ormana, heyvanlara, suya ver. Ondan sonra
insanlara, qapı
qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”
(Əski
türk dualarından)
***
“Münəccimbaşı ərz elədi ki:
-Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki,
Novruzdan
on beş gün keçmiş Mərrixin Əqrəb ilə
iqtiranı vaqe olacaq və bu
qirani nəhseynin
təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-
səltənətin
vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-
səniyyənin
müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti
piş-əz-hadisə
qibleyi-aləmə məruz edim.”*
(M.F.Axundov “Aldanmış kəvakıb”)
***
“İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya
çoxdan düzəlmişdi...”
Yazıçının cib dəftərindən
----------------------------------------------------------------------
*Bu variant bloqumda hissə-hissə
yayımlanarkən bəzi texniki əlavələr etməli oldum. Məsələn, romanı bölümlərə
ayırdım ki, oxu zamanı rahat izlənilə bilsin. (Müəllifin əlavəsi)
*Anlamı:
“Münəccimbaşı
dedi ki:
-
Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş
gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması
nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir
səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də
şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl
xəbər verməyi özümə
borc bildim...”
İKİNCİ BÖLÜM
-6-
Vəziri
dirəmişəm divara.
-Sən
rus dili haqqında nə tapşırıq vermisən?
-Qardaşım
Qardaş, əvvala, mən sizin dil haqqında bütün məqalə və tezislərinizi oxumuşam.
Elə götürək, bloqunuzda yayımlanan “Bizim sözlər, yaxud yenə dil məsələsinə
dair” yazınızı. Mən artıq o yazını “Xəlq
qəzeti”ndə çap etdirmişəm. Buyurub, baxa bilərsiniz...
Qəzeti
mənə verir və birinci səhifədəki yazımı yeni yazı kimi maraqla oxumağa
başlayıram...
BİZİM SÖZLƏR, YAXUD YENƏ DİL MƏSƏLƏSİNƏ DAİR FİKİRLƏRİM
GUPPUN ən qədim sözlərimizdəndir. Təqlidi (yamsılama yolu ilə yaradılan)
sözdür. Vaxtilə müstəqil feil kimi işlənmiş, lakin sonrakı mərhələlərdə nidaya
çevrilmiş GUP (gup!gup!) sözündən törəmişdir. Orfoqrafiya lüğətində gup,
gupamaq, gup-gup, guppultu, guphagup və
s. sözlər olsa, da guppun ismi verilməmişdir. Az qala bütün əhalinin rusca
kuvald dediyi bu əşyaya biz tərəflərdə GUPPUN, yaxud GUPPU deyilir. Düzdür,
dilimizdə bu sözün qarşlığı kimi gürz, yaxud əmud sözləri işlənir, lakin əvvəla
bu sözlər daha çox hərbi termin kimi işlədilmiş tarixizmlərdir, ikincisi isə
alınma kəlmələrdir. Halbuki öz ana dilimizin sözü şivədə də olsa günümüzəcən
yaşamaqdadır. Mən mətnlərimdə bu sözü sevə-sevə işlədirəm. Məsələn, yazmaqda
olduğum “Xeyrat” uzun hekayəmdə bu sözdən yararlanmışam: “... başın
guppuldayar: gup, gup, gup... (küt alətlə, bizdə çəkiclərin ən böyüyünə elə
guppun deyərlər, bax, elə bil onunla
vururlarmış kimi) başağrı dərmanı da kar eləməz...”
S.A.(Söz
Ardı)
Gənclərin,
xüsusilə bədii tərcümə ilə məşqul olan yazı adamlarının dilimizin söz
ehtiyatının azlığı ilə bağlı fəryadlarına qoşulsam da, o sözlərin müəyyən
qisminin şivələrimizdə gizləndiyi qənaətindəyəm. Odur ki, bədii yazılarımda o
sözləri işlətməyimə baxmayaraq son
zamanlar bu tip mətnlər də yazır, işlətdiyim
sözləri oxucularıma tanıdıram. Bu, yolun biri olsa da, xilas üsulu deyil. Yəni,
yazıçıların dil baxımından özfəaliyyəti həmişə olub və yenə də olacaq. Bütün sahələrdə olduğu kimi, dil məsələsi də
dövləti məsələdir və başı iç və dış davalardan aydınlayan kimi dövlət baba təcili
surətdə böyük maliyyə resursu ilə əhatə olunmuş DİL QURUMU yaratmalı, dilimizdə
az olan və ya heç olmayan bir çox söz və ifadələrin, terminlərin – məsələn, gəmiçilik,
maşınqayırma, hərbi, tibbi və s. termin
və sözlərin yaradılması, dialekt və şivələrimizdən götürülməsi, habelə qonşu
türk dillərindən, məsələn Türkiyə türkcəsindən alınması, bunların dilin
bazasına daxil edilməsi və məcburi surətdə işlədilməsini təmin etməlidir. Dil
Qurumuna xüsusi səlahiyyətlər verilməli, şəhər və kəndlərimizdə rus, ingilis və
qeyri dillərdəki reklam və bannerlərin sökülməsi, o elanların asıldığı bina
sahiblərinin cərimə olunması, bəzi hallarda cinayət məsuliyyətinə cəlb olunması
təmin edilməlidir. Dövlət rəhbərlərindən tutmuş adi fəhləyəcən bütün əhalinin təmiz
Azərbaycan türkcəsində ünsiyyət saxlaması, ölkəmizə gələn qonaqlardan başqa
bütün Azərbaycan vətəndaşlarının ölkə ərazisində dövlət dilində danışması və
yazışma aparması tələb edilməlidir.
Hesab
edirəm ki, itirilmiş torpaqlarımızın* qaytarılması, ərazi bütövlüyümüzün bərpası
qədər əhəmiyyətli olan dil məsələsini yaxın zamanlarda həll etməsək, tarix bizi
bağışlamayacaq. Sayları bizdən bir neçə dəfə çox olan Güney Azərbaycan türkləri
və dünyaya səpələnmiş bütün Azərbaycan türklərinin də bu qərarı ümidlə gözlədiyini, 50 milyonluq
xalqımızın gözünün Bakıya zilləndiyini düşünsək, məsələnin necə aktual olduğunu
anlayarıq.”
Yazını
oxuduqdan sonra vəzirə baxıb, bir qədər ciddi görkəm alaraq deyirəm:
-Vəzir,
sağ ol, yazını çapa verdiyinə görə. Amma bu dördüncü səhifənin materialıdır
axı... Bunu niyə birinci səhifədə veriblər?!
Vəzir
baş endirir:
-Qardaşım
qardaş, siz artıq yazıçıdan ötə, dövlət adamısınız... O yazı əsasında Dövlət
Dil Qurumunun yaranmasına dair sərəncam hazırlanır, qulluğunuza gətirəcəyəm,
imzalayın. Bir də mən sizin rus sözlərindən əziyyət çəkdiyinizi görüb, tez əmr
verdim ki, rus məktəbləri bağlansın, rus televiziyalarının ölkədə yayımı
dayandırılsın!.. Əlbəttə, bunu hələ şifahi etmişəm, əmrin layihəsi isə sizin
önünüzə bu gün təqdim ediləcək... İmzalayın, bu ruslardan birdəfəlik
qurtulaq...
-Bəs
ingilis dili?
-O
dil haqqında da şifahi göstəriş vermişəm ki, bütün ingilisdilli məktəblərdə Azərbaycan
dili məcburi keçirilsin!
-Azərbaycan
dili yox, Azərbaycan türk dili! Belə yaz əmrdə. Dilimiz bunnan sonra Azərbaycan
türk dili adlanacaq. Ölkədə Azərbaycan türk dili bütün əhali üçün məcburi öyrənilməli
olan dövlət dilidir. Yad dillərdə, o cümlədən rusca və ingiliscə danışan hər kəs
(turistlərdən başqa) ölkədən deportasiya ediləcək, daha doğrusu, çıxarılacaq!
Bütün elanlar Azərbaycan türk dilində yazılmalıdır. Bu dəyişim üçün bir həftə
vaxt verilir!
Birdən
yadıma haçansa yazdığım, amma hələ heç yerdə yayımlanmayan kiçik bir essem
düşür. Onu beynimdən keçirərkən artıq vəzirin onu oxumaqda olduğunu duyub, lap
məktəbli kimi əzbərdən söyləməyə başlayıram:
“Hollandiyada
qəribə hadisə baş verib. Bir məktəbli futbol oynayarkən dizindən ağır zədə alıb
və anesteziya altında əməliyyat olunduqdan sonra oyanıb və özünü ABŞ-ın Yuta
ştatında zənn edib. Daha qəribəsi o olub ki, uşaq amerikan ləhcəsi ilə ingilis
dilində danışmağa başlayıb. Ən əcaibi hələ dalda imiş: uşaq öz ana dilini
unutmuş, ailəsini, şagird yoldaşlarını belə tanımayıb.
Məktəbdə
yalnız ingilis dilində dərs keçən bu uşaqda baş verən hallar həkim personalı
üçün də böyük marağa səbəb olub. Tibbdə buna bənzər hal olmuşdu - əməliyyatdan
sonra yaddaşını itirənlər rast gəlinən hal idi. Amma ana dilini unudub, yad
dildə danışmaq, nadir hadisə idi.
Həkimlər
uzun konsilimdan sonra yeniyetməyə “Xarici dil sindromu” adlı diaqnoz qoyublar.
Bu vəziyyət insanın öz ana dilini unutması və müvəqqəti olaraq başqa dildə
danışmağa başlaması kimi müəyyən edilir.
-------------------------------------------------------------
*Bu əsər yazılmağa başlayanda hələ 44
günlük Vətən Müharibəsi olmamış, torpaqlarımız işğalda qalmışdı. Təbii, əsər
bitəndə artıq düşmən məğlub olmuş, torpaqlarımız azad edilmişdi.
Həkimlərin
gəldiyi qənaət budur:”Xarici Dil Sindromu (FLS) və Xarici Vurğu Sindromu (FAS)
fərdlərin öz ana dilindən fərqli bir dil və ya vurğu ilə danışmağa başlamasına
səbəb olan nadir nevroloji xəstəliklərdir. İnsan tam o dildə danışmasa belə,
nitqi yad ləhcəni xatırladır.
Bu hallar;
-danışıq sürətində,
-intonasiyada,
-həcmdə,
-artikulyasiyada,
-heca vurğusunda dəyişikliklərə səbəb ola bilər. Bu, beyin şişi, insult,
ciddi kəllə-beyin travması və ya beyin qanaması kimi səbəblərdən Broca bölgəsi
adlanan danışma mərkəzi zədələndikdə baş vermiş olur. Bu sindromu ilk dəfə
1907-ci ildə fransız nevroloqu Pierre Marie təsvir edib və o vaxtdan bəri cəmi
100-ə yaxın hadisə qeydə alınıb.”
Mən
bu müdhiş faktı niyə xatırladım?
Nə
yazıqlar ki, biz, millət olaraq Xarici dil sindromuna yoluxmuşuq. Əgər bir gecə
yatıb, səhər oyananda hamımız bir nəfər kimi ana dilimizi unutsaq, rus və ya
ingilis dilində danışsaq, mən təəccüblənmərəm...
O
halda bizim millət kimi yaşamağa haqqımız olmayacaq. O zaman, doğrudan da biz
Azərbaycan türkündən çıxıb azərbaycanlı olacağıq. Yad dildə danışan azərbaycanlı...
Allah
bizi o gündən qorusun...”
Vəzir
bir anlığa duruxur, sanki çətinə düşübmüş kimi görkəm alır. Mən isə heç nə
olmamış kimi davam edirəm:
-Vəzir yaz! Rüşvət alanlar xalqın gözü
qabağında küçədə soyundurulacaq, hamı onların üzünə tüpürəcək! Qadına, uşağa,
ümumən hər hansı bir insana əl qaldıran Bulla adasına sürgün olunacaq, oradakı
islah işlərinə cəlb olunacaq. Saxta dərman, saxta içkilər, GMO məhsullar satan
adamlar ən yüksək cəzaya – Şərəf Yoxsulu
medalına layiq görüləcək və bir illiyinə o medalı sinəsində daşıyacaq. Qonşu
malına göz dikənlər, uşaqlara yaxşı dərs keçməyən orta məktəb müəllimləri, tələbədən
rüşvət alan ali məktəb müəllimlərinin alnına alçaq damğası vurulacaq və ömürlük
bu damğa ilə yaşamalı olacaq...
Vəzir
gərilir və astadan deyir:
-Qardaşım
qardaş, bu damğa həqiqi damğa olacaq? .. Bu bir az...
-Vəzir,
bu damğa möhür kimi bir şey olacaq. Siləndə gedəcək, lakin hamı biləcək ki...
Eh... Davam edək...Yaltaqlıq edənlər, yalan danışanlar da məlum medalı daşımalı
olacaqlar. Yaltaq yazıçılara, kağız korlayan istedadsız şairlərə yazmaq qadağan
ediləcək. AYIB bağlanacaq. O biri yaradıcılaıq təşkilatları da bağlanacaq və
yazıçılara, bəstəkarlara, rəssamlara, aktyorlara və digər yaradıcı təşkilatlara
beş illiyinə ssuda veriləcək ki, əsərlərini yaya, sata bilsinlər və öz
yaradıcılıq işlərini qura bilsinlər. (Bu hər kitab çıxardana, ara mahnısı
yazana şamil edilməyəcək. Bunun üçün xüsusi komissiyalar yaradılacaq və onların
rəyi ilə iş aparılacaq.) Bütün fəxri adlar, məsələn, xalq şairi, xalq rəssamı,
xalq artisti və sair ləğv ediləcək. Maaşlar üç qat, qocalığa görə təqaüdlər beş
qat artırılacaq.
-Qardaşım
Qardaş, üzr istəyirəm, cəsarətimə gprə, bəs bu artımlar hansı hesabdan ödənəcək?
Bilirsiniz də, ölkədə neft krizi yaşanır?
-Ora
gəlirəm. İlk olaraq Neft Fondundakı pullardan istifadə olunsun. Sonra isə...
İndiyə kimi və iyirmi il əvvələ kimi vəzifədə olmuş hər bir nazirə, rayon rəhbərinə,
polis rəisinə, prokurora... və bu kimi vəzifə sahiblərinə bir milyondan 500 min
manatacan büdcəyə kömək adı ilə pul istəniləcək, vəfat edənlər xaric. Verməyənlərin
mal-mülkünə əl qoyulacaq... Xarici banklarda gizlədilən pullar geri
qaytarılacaq...
Vəziri
ağlamaq tutur. Hiss olunur ki, qələmi kağız üzərində yaxşı işləmir.
-Sən,
vəzir qardaş, niyə hələ də qələmlə yazırsan?! Sabahdan kompüterlə, daha doğrusu
planşetlə gəl yanlma... Hələlik, bu qədər.
Hə, qardaşım vəzir! İlk nümunə kimi sən büdcəyə bir milyon bağışlayacaqsan! Bu
gün günortadan sonra bank çekini mənə təqdim edərsən və ölkənin aparıcı qəzetində
çap etdirərsən, nümunə kimi... Günortayacan heç kimi qəbul etmək istəmirəm.
Dövlət Təhlükəsizliyi Xidməti rəisini, Daxili işlər nazirini, Baş prokuroru və
ordu başçısını yanıma çağır, get, dincəl... Onlardan sonra Gömrük naziri ilə
vergi nazirini yanıma çağırarsan... Sonra Şexülislamı, Təhsil nazirini və Mədəniyyət
nazirini çağırarsan...
Vəzir
çıxır və tez də geri dönür:
-Qardaşım
Qardaş, Rusiyanın səfiri Rusiya dövlətinin notasını göndərib. Rus dili məsələsi
və rus məktəblərinin bağlanması ilə bağlı...
-Yadımdadır,
2025-ci ildə də buna bənzər işlər olmuşdu. Rusiya bizim sərnişin təyyarəsini
vurmuş, çoxlu sayda insanımız həlak olmuşdu. Onda da Rusiyaya bağlı bir sıra
obyektlər, habelə Rusiya Mədəniyyət Mərkəzi bağlanmışdı. Eyni hay-həşiri
çıxartdı Putin və onun əlaltıları... Rədd elə getsin...
Xarici işlər nazirliyinə göndərin, cavab versinlər.
Arqument kimi yazsınlar ki, Rusiyada rəsmi məlumata görə bir milyon, qeyri-rəsmi
olaraq üç milyon Azərbaycan türkü yaşayır. Onların dilində Rusiyada məktəb
açılanda biz də bağlanan məktəblər haqqında düşünə bilərik. Bu qədər sadə...
Bunları da yaz: “Türkiyə ilə indiyə qədər olan bütün hərbi, mədəni müqavilə və
memerandumlarımız qüvvədə qalır, qardaş ölkə ilə münasibətlərimiz daha da
inkişaf etdirilir. Daha sonra bunu da yaz:”Ölkənin hərbi potensialını inkişaf
etdirmək üçün Türkiyə, İsrail, Pakistan və ABŞ-la rəsmi danışıqlar aparılsın.
Çatışmayan hərbi ləvazimatlar artıqlaması ilə alınıb ölkəyə gətirilsin. Ölkənin
təhlükəsizliyi üçün konsepsiya hazırlansın. Ölkənin hərbi sənaye potensialı
gücləndirilsin. Qısa müddətdə hərbi zavodların məhsullarının sınağı və sərgisi
keçirilsin. Xaricdən ən güclü mütəxəssislər dəvət edilsin... Və... Və... Son dərəcə
məxfi bir tapşırıq... Xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən nüvə mütəxəssisləri
ölkəyə çağrılsın, onlarla ən yüksək səviyyədə müqavilə bağlansın və Pakistannan
dəvət edəcəyimiz mütəxəssislərlə birgə əldə edəcəyimiz uranın zənginləşdirilməsi
işinə bir an belə gecikmədən başlanılsın...
Vəzirin
qəddi bir az da əyilir, gözləri bərəlmiş halda nəsə mızıldanır.
-Qardaşım
qardaş... Bizi... Bizi... Iıııı... Belə...
-Vəzir,
nə oldu, niyə bu hala düşdün?! – Hirslə soruşuram.
-Bizi
yaşatmazlar, qardaşım qardaş!.. – O az qalır ağlasın.
-Vəzir!
Mənim, o cümlədən sənin öhdənə xalqının, dövlətinin gələcəyini qorumaq kimi bir
missiya düşüb! Unutma, bu tapşırığı bir mən, bir sən, bir də barmağıma bu üzüyü
taxaraq məni bu saraya gətirən fövqəlbəşər o varlıq bilir. Bu addım bizə ölkəmizin
gələcəyini qarantiya altına almaq üçün lazımdır. Bax, İsrail bizdən, bəlkə də
daha kiçik bir ölkədir, amma illərdir nüvə silahına sahibdirlər. İyirmidən çox ərəb
dövləti var, birinin nüvə arsenalı cəhənnəmə, düzəməlli silah bazası yoxdur,
halbuki allah onlara neft, qaz kimi böyük sərvət verib. İstəsəydilər, çoxdan
bunu etmişdilər... Amma edə bilmədilər. Niyə? Çünki milli düşüncəyə malik rəhbərləri
olmayıb indiyəcən. Əvəzində, aftafası və unitazı qızıldan olan rəhbərləri
olub... Eh, ay vəzir! Tarix qarşımıza belə bir şans çıxardıb, ya bunu edib, Azərbaycan
dövlətini və xalqını qoruma altına alacağıq, ya da dünya səhifəsindən silinəcəyik...
Yaxşı... Özünə gəldin, deyəsən... Masada su var, götür iç, davam edək...
Vəzir
su dolu fincanı başına çəkib toxtayır. Davam edirik.
-Belə... Daha sonra... Orduda “dedovşinanın”, əsgər ölümlərinin qarşısı
alınsın, işgəncə üsullarından istifadə qadağan edilsin. Ölkədəki polislərin
sayı yarıbayarı azaldılsın, ixtisar edilən polislər hərbi polisdə yerləşdirilərək
ölkə sınırlarının mühafizəsinə cəlb olunsunlar. Ölkədə Yol polislərinin sayı
yarıbayarı azaldılsın, yol polisində rüşvət hallarının qarşısı qətiyyətlə
alınsın. Orduda, polisdə, başqa orqanlarda dini örgütlərin iş aparması qadağan
edilsin. Rusiyaya, İrana və başqa ölkələrə işləyən agentura şəbəkələri aşkar
edilib ləğv edilsin. Həmin adamlar Vətən xaini elan edilsinələr və haqlarında ən
ağır cəza tətbiq edilsin. Ölüm hökmü müvəqqəti olaraq qüvvəyə minsin və yeni
seçiləcək Milli Məclisin təsdiqinə verilsin...
-Qardaşım
qardaş, üzr istəyirəm... Qulağımdakı aparata xəbər göndəriblər ki, təcili məsələ
var... Mən özüm də sizə deyəcəkdim... Arif
Həkimoğlu adlı bir dostunuz gəlmiş... İstədim bayaq geri qaytaram ki, hələlik
ölkə başçısının vaxtı yoxdur, amma çox pəzəvəng adamdır, qorxdum mənə xətər
toxundura... İndi qulaqcığıma xəbər verirlər ki, israrla yanınıza gəlməyi tələb
edir... Əmriniz nədir?
-Burax
gəlsin, - deyib gülümsünürəm. –Mən utanıb birdən çox saxlayaram içəridə, sən de
ki, beş dəqiqə vaxtın var...
-7-
-Oooooo,
cənab baş nazir! Azadcan, ölmədik, bu günü də gördük! Alə, bu necə oldu, birdən-birə?!
Nöş bizi xəbərdar eləmürsən? Tilvizir deməsə, mən bilmiyəcəm, qədeş canı!
Qollarını
açıb məni qucaqlayır. Öpüşürük. Sonra mən soruşuram:
-Arif,
küçədə-zadda nə danışırlar? Az vaxtda bir yenilik-zad hiss olunur?
-Alə,
qədeş canı, bütün xalq sənin arxandadur! Xəbərin var, bütün şəhərin
rekalamlarını sökürlər. Harda rusca, ingiliscə yazı var, söküb atırlar, gecikəni
də cərməliyirlər... Alə, Səlyanda da elənçikdür! Bütün rayon çıxıb küçələrə ki,
Əli bəy Hüseynzadənin heykəli qoyulsun Səlyanda!.. Şayə gəzir ki, tezliklə
metro, avtobuslar bezbilet olacaq...
-Arif,
ayıb deyil?! Bezbilet nədi?! Rus sözü işlətmək qadağandır! Sənin yerlin vardı,
şair Xəlil Rza, allah rəhmət eləsin... Rus sözü işlədəndən 5 köpüklük tələb
edirdi... İndi biz də səndən beş köpük alaq? Ha-ha-ha...
-Ha-ha-ha...
Gülüşürük.
Və birdən Arif salondakı saata baxır:
-Alə,
mənim iki dəqiqəm getdi ki!.. Səni təbrik edirəm, Azadcan!..
-Sağ
ol, Arif. Bir xahişin-zadın var? - İnamsız soruşuram.
-Belə...
əslində, var e... Sən də heç... Meçid tikilməmiş kor hasasın dayadı məsəli
olmasın...
-De,
Arif, de...
-Bilirsən
də, mən kino adamıyam... Bizim bir filmimiz var... Kstati... Eeee, zəhrimar bu
rus sözlərini mən necə dilimnən çıxardım, alə?! Azad, karoçi... çort
vazmi!........ bağışda sən allah! Hə, bəlkə sənin bir romanına, məsələn, “Erməni
doktorun gündəliyi”nə film çəkey? Özün maliyyəsin təşkil edərsən yəqin...
-Yox,
Arif, mənim romanlarımı qoy qalsın, sən öz xahişini söylə...
-Hə,
Sabah studiyasında bir filmimiz var... Mən də ordan dolanıram, bilirsən... Əlli
min ayıra bilsən... Nə bilim?..
-Vəzir,
bu adam mənim tələbə yoldaşım, can dostumdur, tapşır, filminə 50 min manat
ayırsınlar... Özü də təcili!
Arif
gedir. Sonra geri qayıdıb göstəri barmağını qaldırır:
-Azadcan,
bi dağğa olar? Bizim dəstəmiz vardı ye, sən də kapitan kamandaydın... Vağif,
İsmayıl, Sehran, Behbud, sən, mən... İndi nə olacax bu dəstənin halı? Biz sənsiz
yığışa bilmiriy axı?
Əlimi
yelləyib Arifi başımdan eləyirəm. O könülsüz halda qapıdan çıxır.
Növbədə
gözləyən güc nazirləri qəbula gəlməlidirlər. Güzgüyə baxıb, qalstukumu düzəldirəm.
Üzümə ciddi ifadə verməyə çalışıram. Bu vaxt telefonum çalır. Tanış nömrə
deyil. Birdən vacib xəbər-zad olar? Qoy açım...
-Bəli,
eşidirəm.
-Salam.
Tanımadun? Ay vəfasız! Nəbidi, Nəbi! Nəşə tanımersan?! Tay prezident olannan
bizi şeyivə almırsan, xeyir ola?
-Ayıbdır,
sən baş nazirlə danışırsan. Hansı Nəbi?
-Ə,
belə göbəhtalalı Nəbi, tələbə yoldaşın Nəbi!
-Bay,
bay, səni allah, bağışla, ay Kərbalayı! Ə, ay Nəbi, oralarda nə var, nə yox?
İmişlidə bu məsələlərə necə baxırlar? Bizim islahatlar, filan oralara gəlib
çıxıb?
-Sən
öl, səyə malades!
-Malades
nədi, ə!? Rus sözü işlətmək...
-Dayan
görüm, ə! Sən öləsən, burda bir tuthatutdu ki, gəl görəsən! Bir məktəb
direktoru, bir bələdiyyə sədri, bir də bir baş həkimi uje damluublar, mən ölüm!
Halaldı, vallah! Cəmi bir neçə saatdır prezidentsən, amma rayonda bir gərginlik
var, gəl görəsən!
-Nəbi,
de görüm sadə xalq nə deyir? Bizi dəstəkləyirlərmi?
-Dəstəkləyirlər,
nədi, sənə məçidlərdə xütbə oxuyurlar! Qocalar, kimsəsizlər sənə alxış deyir.
Ə, doğrudur ki, prezident sarayını Xalq qapısı adlandırmısan?
-X
yox, H! Yəni Haqq qapısı! Biz haqqın adamıyıq. Haqq yolunda, lazım gəlsə,
canımızdan da keçərik... Öldü var, döndü yoxdur!
-Əyə,
biy az ehtiyatlı ol, səni də Yusif Sərrac kimi eləməsinnər haaaa!.. Yaxşı, gəlsəm
ora, məyə bir vəzifədən-zaddan verərsən?
-Ay
Nəbi, 70-dən sonra nə vəzifə?! Təqaüdləri beş qatına artırmışam, get, kef elə!
Neynirsən vəzifəni?
-Nəşə?!
Səyə olar, bizə yox?!
Vəzir
başının işarəsi ilə bildirir ki, nazirlər hazırdır. Nəbi ilə sağollaşıb qırmızı
düyməni basıram.
-8-
Qapı açılır, nazirlər bir-bir içəri keçib baş endirirlər. Mən oturduğum
məqamımda çox ciddi görkəm alıb, onları əyləşməyə dəvət edirəm.
-Sizləri
xoş gördük. Mənim haqqımda bilginiz hara qədərdir? Məni əvvəllər
tanıyırdınızmı?
-Qardaşım
baş nazir, biz sizi bir məşhur yazıçı və ədalətli adam kimi tanıyırdıq...-Bu
sözləri daxili işlər naziri deyir. O birilər də başları ilə təsdiq edirlər. Digərlərinin
boğazdan yuxarı danışıb qanımı qaraltmamaları üçün sözə başlayıram:
-Bax,
Qardaşlar, bu sualı niyə verdim? Bildiyiniz kimi mən yazıçıyam. Heç bir vəzifəyə-filana
iddiam da yoxdur... sadəcə, bu görəvi daha böyük yerdən lazım bildilər... Mən də
razılaşmalı oldum. Sizi xəbərdar edirəm, qoyduğum qaydaları kim pozsa, cəzası
ağır olacaq... Cənab nazir! Polis ölkəmizdə pis ad çıxardıb, bu sirr deyil. Yol
polisi özünü lap batırıb... Mən polislər üçün ixtisar əmri imzalamışam...
Prokurorluq orqanlarının əməkdaşları, məhkəmələr haqqında qanuna dəyişikliklər
olacaq... Bu qanunları kimsə pozsa... Bu medalı görürsünüz? Kim, bir il Şərəf
yoxsulu medalını daşımaq istəyir, buyursun, gəlsin... (Maketini kağızda
hazırladığım şəkili yuxarı qaldırıram.)
Ailəsinin, qohumlarının yanında, nəslinin-kökünün qabağında rəzil olacaq...
KKB, toyes... Eeee, sizin idarənin təzə adı nədi? Hə o... Təhlükəsizlik Xidməti...
Bax, Qardaşım, sizin görəviniz müqəddəs görəvdir. Amma and olsun kitaba, eşidəm,
biləm bir adamı nahaqdan şərləmisiniz, sizi öz əllərimlə... Vallah, yazıçı
olmağıma baxmayın, güllələyərəm! Məni qatil etməyin!.. KKB xalq qarşısında üzü
qara təşkilatdır! Gedin, dövləti və dövlətçiliyi qoruyun!.. Əks təqdirdə,
özünüzü bir təşkilat kimi buraxmalı olacaqsınız... Gedə bilərsiniz... Müdafiə
naziri, siz qalın!
Baş
prokuror ayağını yubadıb, çəkinə-çəkinə
qarşıma bir şəkil qoyur və saralmış şəkili izah edir:
-Qardaşım
baş nazir, bu şəkil 82-ci ildə Zəngilanda çəkilib. Mənim atam o vaxt orada baş
obexeses işləyib...
-Obexeses
nədi, a kişi?! Eşitməmisiniz ki, rus sözü işlətmək yasaqdır?!
-Üzr
istəyirəm, Sosialist Əmlakını Dağıdanlarla Mübarizə İdarəsində çalışırdı... O
vaxtlar belə vəzifə vardı... Bu atam, bu biri isə sizin atanızdır... Ailəvi
dost olublar... Mən çox-çox sonralar doğulmuşam... Yəqin onda siz də gənc oğlan
imişsiniz... – deyib gülümsəməyə çalışır.
O
biri nazirlərin hələ də qapı ağzında olmasını görüb onların da eşidəcəyi uca səslə
deyirəm:
-Allah
atalarımıza rəhmət eləsin. Biz onlar kimi rüşvətxor, yerlibaz, arvadbaz,
qumarbaz olmayacağıq. Övladlarımızın gələcəyi naminə adam kimi işləməyə
çalışacağıq. Gedin, işinizin üstündə olun. Ən kiçik bir səhv, adi bir narazılıq
işinizi itirməklə nəticələnəcək, hələ mən başqa cəza tədbirlərini demirəm...
Müdafiə
nazirinə cəbhədəki vəziyyətlə bağlı məlumat verməsini tapşırıram. O yuxusuz
gözlərini ovuşdurub qoltuğundakı qovluqdan xəritə çıxartmaq istəyir. Mən işarə
edirəm ki, xəritə lazım deyil, məlumat ver.
-Cənab...
Qardaşım Ali Baş Komandan! Əmrinizlə səhərin alatoranından ordumuzun sərhəd məntəqələrindəki
bölmələri ayık-sayık şəkildə sərhədlərimizi qorumağlarında davam etdirməkdir...
Zəngilan, Laçın istiqamətlərində postlarımız iri çaplı silahlardan atəş edilib.
Düşman cavab atəşi ilə susdurulub. İtki yoxdur!.. Zəngilan...
-Dayan
görüm... O nə cür danışmaqdır?! Ayıbdır, sən bu ölkənin müdafiə nazirisən.
Xarici ölkələrin zabitləri ilə görüşürsən, Türkiyənin şəkər dilli komandosları
ilə görüşürsən?! Ayıbdır, bu nə danışıqdır!? Get, özünə müəllim tut, ana
dilimizi öyrən... Sonra... Mən hakimiyyətdə olduğum müddətdə bir qarış torpaq
itirsək, səni də, özümü də güllələyərəm! Eşidirsən?!
-Eşidirəm,
cənab... qardaşım Ali Baş Komandan!
-Və...
Və səni xəbərdar edirəm: mən zəngilanlıyam deyə bu rayonun adını tez-tez
hallandırmağı tərgit! Mən indi zəngilanlı
deyil, bütöv azərbaycanlıyam!..
Sonra
nazirlə təxminən qırx dəqiqəyə yaxın son dərəcə qapalı, hətta vəzirin özünə də
qapalı olan bir söhbət aparıram ki, o söhbəti bura yazmaq haqqım yoxdur...
Qalxıb
gedəndə nazir irişə-irişə deyir:
-Qardaşım
Ali Baş Komandan! Mən əmr imzalamışam ki, bütün hərbçilər sizin “Cabrayıl əfsanəsi”
romanınızı oxusunlar. Amma əsər az tirajla çap olunduğu üçün, nəşriyyatla
doqovor, oy... mükavilə bağlamışıx ki, roman otuz min tirajıynan çap edilənəcək...
Başımı
bulayıram: “Mən bu yaltaq sürüsüylə necə işləyəcəyəm? Yaxşı, tutaq ki,
çıxartdım, bəs yerinə kimi qoyacam? Mənim komandam yoxdur axı... Axı bu axmaq
işi niyə məhz mənə tapşırdılar?!”
-Get,
o əmrini ləğv elə! Mənim kitabımı hər hansı nəşriyyat öz hesabına çap edərsə,
bununla işim yoxdur, amma bu işə dövlətin bir quruşu xərclənərsə, işim sizinlədir!..
O ki qaldı əsgərlərin romanı oxumağına, əsər kulis.az saytında var, orada hissə-hissə
yayımlanıb... Kim istəsə, girib telefonla da oxuya bilər... Gedə bilərsiniz!
-9-
Mədəniyyət
naziri ilə Təhsil naziri ayaq üstdəcə ölüblər. İkisini də alıb-yatmışam.
Xüsusilə Təhsil nazirini topa tutmuşam:
-Son
on gündə hansı bədii əsəri oxumusan?
-“Kuma-Manıç
çökəkliyi”ni... Bir də “Cəbrayıl əfsanəsi”ni... Hər iki povestdə...
-Əvvala,
onlar povest deyil, romandır. İkincisi də, povest rus sözüdür, uzun hekayə demək
lazımdır... Bir də mənim romanlarım olduğu üçün adlarını çəkirsən.... De görüm,
Sabir Əhmədlini, Cəmənzəminlini oxumusanmı? Əhməd bəy Ağoğlunun hansı kitabını
oxumusan?
Mədəniyyət
naziri dərsini bilən uşaq kimi əlini qaldırır:
-Mən
Bəhram Bağırzadənin və Qaz emalı zavodunun direktoru, yazıçı-deputat...
-Saxla!
Oxuduğu yazıçılara bax! Təhsil naziri, kurrikulum bu gündən ləğv edilir! Məktəblərdə
və evlərdə hazırlıq kursları ləğv edilir! Təbii, dövlət nəzarətində olan özəl
hazırlıq kursları xaric... Bir aya respublikanın bütün məktəbləri təmir olunur.
Mədəniyyət naziri, bağlanan kitabxanalar təzədən açılır! Bakıxanovdakı, yəni
köhnə Razin qəsəbəsində yerlə yeksan edilən Adil İskəndərov adına mədəniyyət
sarayı üç aya tikilir, istifadəyə verilir! Yalançı Qızıl kələm mükafatı və bu
kimi mükafatlar ləğv olunur! Yazıçılar, rəssamlar, bəstəkarlar üçün münbit şərait
yaradılır. Onlara beş illiyinə rahat yazıb-yaratmaq üçün dövlət dəstəyi
verilir. Yaltaq, yalançı, ikiüzlü qələm adamları və incəsənət sahəsinin belə
heyvərələri ifşa edilir, bu sahədən uzaqlaşdırılır. Mehdi Məmmədov, Tofiq
Kazımov teatr ənənələri, Üzeyir Hacıbəyov, Qara Qarayev musiqi dünyası müvafiq
təhsil ocaqlarında ayrıca kurs kimi öyrədilir. İnkişaf etmiş xarici ölkələrdə,
Avropanın və ABŞ-ın öndə gedən mədəniyyət sahələrinin təcrübəsi öyrənilib tətbiq
olunur... Bu günnən Elm və ali məktəblər Komitəsi yaradılır və bu yeni idarəTəhsil
nazirliyindən ayrılır. Azad Mirzəcanzadə, Xudu Məmmədov, Yusif Məmmədəliyev,
Yaşar Qarayev kimi görkəmli elm xadimlərimizin ənənələrini yaşatmaq üçün və onların
ardıcıllarını yetişdirmək üçün operativ təlimlər keçirilir. Elmə və mədəniyyətə
ən yüksək faizli yatırım verilir. Ölkənin
elm və təhsil idarələrində yüksək ayarlı mükafatlar yaradılır. Məsələn, Azad
Mirzəcazadə adına, Xudu Məmmədov adına mükafat. Dəyəri, təxminən 500 min manat
olan bu mükafatlar ən yüksək ranqlı elmi tədqiqat işinə verilir. Mədəniyyət və ədəbiyyat
sahəsində də bunun eynisini etmək lazımdır. Üzeyir Hacıbəyli adına, Qara
Qarayev adına mükafatlar... Ədəbiyyat sahəsində də Çəmənzəminli, Sabir Əhmədli,
Əli Kərim mükafatları təsis edilsin. Bu mükafatların da dəyəri 500 min manatdan
az olmasın. Ən yaxşı bədii və elmi əsərlər ingilis dilinə tərcümə olunaraq
xaricə çıxarılsın. Bununçün ayrıca Mərkəz yaratmaq olar və bunun başında elə
adam qoyacağıq ki, özü azı bir neçə dil bilsin və tərcümə mədəniyyətindən
anlayışı olsun...
Sabahdan məni mədəniyyət şöbələrindəki və məktəblərdəki video sistemə
qoşursunuz. İstədiyim an istədiyim mədəniyyət evinin rəhbərləri, işçiləri ilə,
məktəblərlə, müəllimlərlə açıq video-dialoqa qoşulacam. Dərsləri dinləyəcəm, müəllimləri,
şagirdləri danışdıracam... Mədəniyyət naziri! Sabahdan Ahıllar evi ilə Uşaq evlərini
birləşdiririk. Bu mənim ideyam deyil, Kanadada belə ediblər və yaxşı da nəticəsi
olub. Yaşlı adamlar özlərinə nəvələr tapıblar orada. Gedin, təşkil edin, bir
uğurlu gündə məni də dəvət edərsiniz, gedib onlarla yemək yeyər, bir tədbirdə
iştirak edərik...
Vəzir
müdaxilə edir və əyilib qulağıma pıçıldayır: “Sizin qızınızı bir rayona təhsil
şöbəsinə müdir qoyublar...”
Qəzəblə
ayağa qalxır və dəli kimi bağırıram:
-Təhsil
naziri! Bu nə biyabırçılıqdır?! Mənim qızımı niyə müdir qoymusunuz?! Buradan
gedən kimi o əmri ləğv edin, sonra da istefa ərizəsi yazın!..
Təhsil
naziri az qalır yıxılsın. Mədəniyyət naziri ilə vəzir qoluna girib bayıra
çıxardırlar.
Bu
vaxt gözüm divardakı televiziya ekranına sataşır, Az.Tv-də bir ara müğənnisi elə
oxuyur ki, elə bil studiyada deyil, toyxanadadır. Az qalıram ki, mən də Ayxan
kimi televizorun ekranına stəkan atım.
-Vəzir!
Az.Tv-nin sədrini təcili yanıma çağır.
-Qardaşım
Qardaş! Gəlib, burdadır. Çağırımmı?
Hirslə
bağırıram:
-Necə
yəni burdadır?! Bunların işləri-gücləri yoxmu?! Burda nə qayırır ki?!
-Qardaşım
Qardaş, mən bütün nazirləri, komitə sədrlərini, icra başçılarını çağırıb
yığmışam gözləmə otağına ki, çağırsanız, tez tapa bilim...
-Ə,
sən nə ... Nə isə! Get çağır gəlsin. Siz də gedin, işinizin üstündə olun.
Sədrin
də gözləri qızarıb, hiss olunur ki, gecəni yatmayıb.
-Niyə
gözünüz qızarıb? Gecəni yatmamısınız?
-Qardaşım
Baş nazir, biləndə ki, siz ölkə rəhbəri olmusunuz, gecəni yatmayıb, sizin
könlünüzə yatan verilişlər hazırlamışıq... Həm televiziyada, həm də sizin bir
zamanlar işlədiyiniz radioada... Bilmirəm, baxa bildinizmi?
-Hə,
əlbəttə baxmışam... Elə indilərdə bir toy müğənnisi ekranda meydan sulayırdı...
özü də Nəsiminin sözlərinin üstdə söyürdü bizi... Ə, heç utanırsan?! Gecə
yatmayıb mavi ekranı belə toyxanaya
çevirmisən?!.
-Bağışlayın,
mənim burada olmağımdan istifadə edib, o cındır qadını studiyaya buraxıblar...
Burdan gedən kimi onların payını verəcəm!.. Bu fləşkanı sizə hədiyyə edirəm...
Burada sizin bir hekayəniz səhnələşdirilib, bu səhər saat altıda efirə
gedib....
Doğrusu,
yazıçılıq eqom bir az baş nazirliyimi üstələyir, az qalıram təşəkkür edib,
hansı hekayəm olduğunu soruşam. Amma yadıma düşəndə ki, bu işi bu gecə, mən baş
nazir olandan sonra görüblər, qanım qaralır və qışqırıram:
-Get,
ərizəni yaz, çıx get o televiziyadan! Mənə yaltaq sədr lazım deyil!
Vəzirə
üzümü tuturam:
-O
məşhur telejurnalist var, Məhərrəmli, yanıma çağır!.. Daha doğrusu, çağırma,
get onun əmrini yaz, göndər Az.Tv-yə sədr... Deyəcəklər yerlibazlıq edir, cəhənnəmə
desinlər! Sonra o biri televiziyalardan
Zaurların ikisini də, Xoşqələmi də çıxardıb qovsunlar və əmək
kitabçalarına yazsınlar ki, televiziyada işləmək qadağan edilir.
Bu
vaxt vəzir əlində bir telefon içəri girir:
-Qardaşım
qardaş, qızınızdır.
-Bəli,
qızım.
-Ata,
repititırlığı ləğv eləmisən, bəs biz necə dolanacağıq?
-Ay
qızım, belə boş şeylər üçün... – Telefonun qırmızı düyməsini basıram.
-Bu
da təhsil şöbəsinə müdir qoyulan qızınızdır...
-Hə,
qızım?! Nə olub?! Niyə imkan vermirsiniz işləyim?!
-Ata,
mən onsuz da o vəzifədən imtina edəcəkdim... Yaxşı ki, sən özün ləğv etdirdin əmri...
Ata, başqa məsələyə görə zəng eləmişəm e...
-Buyur,
qızım. Balaca xəstə-zad deyil ki?!
-Yox,
e, ata, yox. Narahat olma. Amma gələn həftə mənim müdafiəmdir axı... Demişdin gəlib
iştirak edəcəm...
-Ay
qızım, sən vəziyyəti bilirsən də... Bir də, xahiş edirəm, sən müdafiəni bir neçə
ay geri atdır... Bilirəm, təqvimlə sənin müdafiə günündür... Amma istəmirəm
desinlər ki, atası ölkə başçısı olan kimi qızını müdafiəyə buraxdılar... Nə
bilirlər ki, sən o elmi işi düz beş ilə yazmısan... Hə, mənim balam, xahiş edirəm,
müdirinizə mənnən salam söylə, de ki, atam dedi ki, sənin müdafiəni beş-altı ay
uzatsın...
-Ay
ata, mən bu günü neçə ildir həyəcanla gözləyirəm e... Bilsəydim, zəng eləməzdim
sənə...
Qızım
“odboy” verir və telefon əlimdə quruyub qalıram. Mən ailəm üçün əməlli-başlı
narahatlıq yaratmışam ki... Hələ görək oğlum nə təpki verəcək...
-10-
Sonra
yorğun halda kresloya sərilir, televiziya sədrinin verdiyi fləşkartı qapağı
açıq kompüterin yuvasına taxıram. Gülərüz diktor xoşbəxtcəsinə gülümsəyərək
deyir:
-İstəkli
tamaşaçılar, sizi böyük yazıçımız
...-nin “Aprel havası” hekayəsi əsasında hazırladığımız televiziya
tamaşasına baxmağa dəvət edirik...
Əvvəl
hirslənirəm. Tək-tük alim və yazıçı dostlarımı çıxsaq, hələ heç kim mənə “böyük
yazıçı” deməyib. Nə oldu, bircə günün içində belə “böyüdük?!”
Və
birdən ekrana baxıb kövrəlirəm. Tamaşada bir kəndin ayağındakı evdə və onun
bağında baş verən hadisələr göstərilir. Bir uşaq (məni qınamayın, bu, lap bizim
Ayxandır) əlində cəviz şitili həyətə girib qışqırır:
-Zeynal
dayı, ay Zeynal dayı! Bu cəviz şitilini dədəm verdi, deyir ki, Ordubad
sortudu... Beşini bir əlində sıxsan, sınır...
Aparıcının
kadr arxasından səsi:”Cavan ev sahibi şitili alıb arvadına göstərir:
-Cəviz
şitili gətiriblər... Aparım bitirim...
-Əkmə,
ay Zeynal. Sən allah, əkmə!..
-Niyə
aaz?! Sən demirdin ki, həyətimizdə cəvizimiz yoxdu?!
-Əkmə...
Nənəm deyərdi ki, cəviz əkən barın yeməz... Əkmə, başına dönüm...
-Səfehləmə,
aaz!..
Qapının
yanı açılır, vəzirin başı görünür:
-Üzr
istəyirəm, qardaşım qardaş, tələbə yoldaşlarınız gəlib... Bir xeyli
adamdılar... Nə edim?
-Burax
gəlsinlər... – deyib, kompüterin qapağını örtürəm.
-Booooo,
ə, cənab qardaş baş nazir, səni xoş gördük, ayə! – Nəbi bığlarını burub irəli
cumur, məni qucaqlayıb göyə qaldırır.
-Yavaş,
Kərbalayı Nəbi, yavaş... Axı sən əməliyyat olunmusan?!
Gəncəvi,
Talıb, Ələmdar, Azad Əsədov, Seyid İsmayıl və daha bir dəstə kişi içəri girir.
Nəbi o biri gələnləri də təqdim edir:
-Bunlar
da bizim patok yoldaşlarımızdır... Yəqin yadındadır... – Başlayır adlarını
sadalamağa.
-Rus
sözü işlətmək olmaz, Kərbalayı! Birləşmə de.
-Ə,
nəşə olmur?! Day urus nəzir? Hamısı s...di çıxdı getdi dənə...
Nəbi
pis bir söz işlədir və gələnləri gülmək tutur, mən də gülsəm də tez
acıqlanıram:
-Ədəbli
danış. Bura dövlət idarəsidir.
-Ə,
nə ədəb?! Səyə olar, bizə yox?! Sən romanlarında oxəntənə söyüş yazırsan ki...
Yenə
gülüşmə.
Gələnlərin
biri biri qabağa durur:
-Qardaşım,
mən icra hakimiyyətində işləyirəm... Uje bu gündən rayonda söz yayılıb ki, mənim
tələbə yoldaşım baş nazir olub, demək mən də başçı olacam...
Hirslə
əlimi qaldırıram:
-Baxın,
xoş gəlmisiniz. Birincisi, uje yox, artıq de. İkincisi də, heç kim, nə ailəm, nə qohumlarım, nə
dostlarım və tələbə yoldaşlarım, mənim vəzifədə olmağımdam sui istifadə etməməlidir
və bu olmayacaq! Sizdən xahiş edirəm, gedin adamların içərisinə, bizim fərman və
göstərişlərimizi təbliğ edin. Əhalini başa salın. Siz hamınız ədəbiyyat fakültəsini
bitirmiş milli kadrlarsınız. Mən elan etmişəm ki, ölkədə hamı qardaşdır, bu
günnən hamı bir-birinə qardaş deyə müraciət edəcək... Heç kim imtiyazlı deyil.
Bəli, imtiyazlılar var. Bunlar şəhid ailələri, qazilərdir. Bir də xalqın
yolunda canını qoymuş əmək veteranları, təqaüdçülər. Bir də elm xadimləri...
Xahiş edirəm, təqaüdçülərə başa salın, izah edin ki, təqaüdləri beş qat
artırılıb bu gündən etibarən... İşləyən əhalinin əmək haqqı isə üç qatına
artırılacaq... Bu saatdan etibarən, qəbuluma gələn qohumlar, tanış-bilişlər və
yaxınların növbə gözləməsini tapşıracam. Dövlət əhəmiyyətli bir təklifiniz
varsa, buyurun, deyin.
-Qardaşım,
demək bizim rayonda bir dəstə din adamı var ki, adamların inancına sataşır,
sünnü-şiə söhbəti salır, hətta bəzən adamlara açıqca hücum edirlər. Özləri də
hardansa maliyyələşirlər, imkanlıdırlar, mağazaları, satış nöqtələri var. Xalq
onlardan açıqca çəkinir. Bunlara qarşı bir tədbir görülsə, yaxşı olar...
Bunu
saçı tökülmüş, adını unutduğum mühazirə yoldaşımız söyləyir. Başqa birisi ayağa
qalxıb az qala qışqıra-qışqıra çıxış edir:
-Qardaşım
qardaş! Bizim rayonun məsçidinin axundu bu səhər sənin, bağışlayın, sizin
adınıza xütbə oxuyub və deyib ki, siz qeybə çəkilmiş on ikinci imam Sahib əz-Zamansınız,
dirilib gəlmisiniz. Sonra deyib ki, siz din adamısınız, ilk işiniz gedib Təzəpir
məsçidində namaz qılmaq olub... Bu sözlərdən sonra rayon əhalisi məsçidin
qabağına axın edib...
-Vəzir,
yazırsan?
-Bəli,
Qardaşım Qardaş!
-Başqa
sözü olan yoxsa, düşün aşağı, bizm nazirlik yeməkxanasında sizə xüsusi qulluq
ediləcək. Orada yeyib-için, sonra hərə öz ev-eşiyinə, rayonuna gedib
qayda-qanuna nəzarət etsin. Aşağıda sizə xüsusi telefon veriləcək. Rayonda, kəndlərdə,
şəhərlərdə bir namünasib durum olsa, o telefona zəng edib məlumat verin. Məlumat
yoxlanılacaq, feyk olsa, bağışlayın, yalan olsa, bir daha sizə etimad göstərlməyəcək...
Hə, o axund haqqında, yalan məlumat yaydığı üçün ölçü götürüləcək... Di
sağlıqla qalın... Hə, İsmayıl müəllim, siz qalın, zəhmət olmasa.
Bu
İsmayıl bizim mühazirə yoldaşımızdır. Yəni adına “potok” dedikləri üç qrupun
birləşməsindəndir. Dlçi alim, professordur.
Gedənləri
yola salıb, İsmayılla söhbət edirəm.
-İsmayıl,
səndən xahiş edirəm, gedirsən Akademiyaya. Bütün institutlarla görüş, mənim
salamımı onlara çatdır. De ki, bu gündən bütün elm adamlarının maaşı üç qat
artırılacaq. Amma bir şərtim var: indiyə kimi olan elmi durğunluğa, bir-birindən
köçürməyə, yalan-palan məqalələr, elmi işlər yazmağa son qoyulsun. Akademiya
siyasətdən uzaq olacaq. Orada yalnız alimlər olacaq. Tezliklə özüm Akademiya
işçiləri ilə görüşəcəyəm...
-Qardaşım
qardaş, bu günlərdə sizin əsərlərinizin dili haqqında yazdığım monoqrafiya
çapdan çıxmalıdır...
-İsmayıl,
xəbərim var. Bilirəm ki, təqvimlə bu ay o monoqrafiya çapdan çıxmalıdır... Amma
səndən acizanə xahiş edirəm, onun çapını bir az yubat... İstəmirəm ki, bu əclaflar
məni vurmağa əl yeri tapsınlar... Kitab çıxan kimi deyəcəklər ki, baş nazir
olan kimi... Daha deməyəcəklər ki, o monoqrafiya illərin məhsuludur... Nə isə,
get, Akademiyadakı dostlarımıza salam apar...
Vəziri
çağırıb diktə edir, qəzetlər və televiziyalar üçün xəbər yazdırıram:
“Baş
nazirin işlər idarəsi məlumat yayıb. Məlumatda bildirilir ki, rayonlardan
birindəki məsçidin axundu feyk məlumat verib minbərdən: guya baş nazir vəzifəyə
başlamazdan əvvəl Təzəpir məscçidinə gedib, namaz qılmışdır. Əlbəttə, belə bir
şey olmayıb. Düzdür, baş nazirimiz inanclı insanlara ehtiramla yanaşır, hər kəsin
etiqadına, dini inancına hörmət edir. Ölkəmiz çoxmillətli, çoxdinli tolerant
bir ölkədir. Zira burada din dövlətdən ayrıdır, siyasətə qarışmır. Tolerant bir
ölkə olaraq hər kəsin dini inancları qarşılıqlı etimadla həyata keçirilir.
Lakin din adına möhtəkirlik, alver və hər hansı bəd əməl və əks-təbliğat
aparmaq qadağandır.”
Vəzir
gedir və mənim yadıma Kolumbun başına gəlmiş bir əhvalat düşür...
...Kolumbun
gəmiləri azaraq Yamayka sahillərinə gedib çıxır. Özləri yorulmuş, gəmilər xarab
olmuşdu. Onları təmir etmək və dincəlmək üçün xeyli vaxt lazım idi. Gəmilərin
personalı yerli əhalidən kömək istəyir. Bir müddət onlar gəmi əhlinə yeyəcək-filan
verirlər. Amm sonra bu yardımı kəsirlər. Kolumb fikirəşir ki, bu işə necə əncam
çəksin? Güc tətbiq etmək qorxunc vəziyyətə gətirib çıxarardı.
Qəflətən
gözü divardan asılmış təqvimə sataşır. Öyrənir ki, hesablamalara görə, yaxın
günlərdə, təqvimə əsasən ay tutulması
baş verəcək. Tez yerli qəbilələrin başçısının yanına adam göndərir və deyir ki,
siz qonaqlara qarşı belə davrandığınız üçün, bu, allahın xoşuna gəlməyib və o
sizlərə qada göndərib. Üç gün sonra gecə ay tutulacaq və qan rənginə düşəcək.
Təbii
ki, həmin gecə ay tutulur və ay qıpqırmızı qan rəngində olur. Bütün qəbilə
sakinləri Kolumbun gəmilərinə tərəf yürüş edib, ah nalə ilə yalvarır və xahiş
edirlər ki, gətirdikləri sovqatları qəbul edərək allahdan xahiş etsin, onları
bağışlasın.
Kolumb
təqvimə baxır və görür ki, təxminən bir saatdan sonra ay öz rənginə dönəcək.
Qəbilə başçısını çağırıb deyir ki, allah sizi bağışladı.
Bu
qeydlər Kolumbun oğlunun gündəliyindəndir. O hadisədən sonra Kolumb dəftərçəsində
yazıb: “Cəhalət köləlik yaradır.”
Bir
acı bir xatirə var yaddaşımda. Nənəm danışardı ki, əmisi oğlu, din alimi Mirzə
Əsədullah Baharlı məsçidində xütbə oxuyub ki, ay camaat, bu gecə ay tutulacaq,
gecə zülmət qaranlıq olacaq. Ona görə yaylıma heyvan aparanlar, gecə gözü örüşdə
yubananlar, gecə-gecə yolan çıxanlar ehtiyatlı olsunlar.
Kimə
deyirsən?! Mirzənin belə-belə söhbətlərini qulaq ardına vuranlar, hətta onu
lağa qoyanlar əllərini yelləyib gedirlər. Adətən, isti yay günlərində mal
otarmaq çətin olduğundan adamların bir çoxu ay doğanda malını yaylıma
çıxardardı. Hətta bəziləri xırmanda dən sovurardı. Alatorandan zəmini biçib dərz
bağlayanlar at-qatırı yükləyib oğul-uşağın qabağına qatar, aparıb xırmana
boşaltmalarını tapşırardılar...
Amma
o gecə ay bir anlığa görünüb sonra qan qırmızı rəngə düşdü, daha sonra qara
buluda girib yox oldu və gecə gözü iş görənlərin bir çoxunun işi tərs gəldi. Öz
xırmanını qonşu xırmanı ilə dəyişik salan kim, mal-davarını yaylımda qurda-quşa
verən kim, hətta oğurluğa gedib qaranlıqda bostan sahibinin donuz, porsuq, ayı
üçün qurduğu tələyə düşüb zarıyan kim...
Səhəri
kənd əhli Mirzənin atası Baharlı məsçidinin axundu Molla Ağanın qapısına səhvlərinin
bağışlanması üçün üzür diləməyə gəlirlər. Molla Ağa evinin ikinci mərtəbəsindəki
balkona çıxır və deyir:
-Həzərat,
Mirzə Əsədullahı mən Təbrizə din elmi öyrətməyə göndərmişdim, əmma o, orda
oxuduğu elmlə kifayətlənməyib, Şama, Bağdada getmiş, iki il də o ölkələrdəki
mübarək yerlərin mədrəsələrində böyük alimlərdən dərs almışdır. Düzünü deyim
ki, onun elminnən mən də baş tapa bilmirəm. Ötən gecə onun söylədiyi fərziyyəni
biz də kitablardan duymuşduq, əmma ki, bu qədərini deyil... Mirzə Əsədullahın
elmi daha kamil, daha fazildir. Çox istərdim, mədrəsəmizdə övladlarınıza onun
elm öyrətməsinə nail olasınız...
Belə
də olur. Mirzənin şöhrəti tez bir zamanda Zəngəzurdan Şuşa Qalasına, küllü
Qarabağa yayılır. Hətta Cümhuriyyət qurulanda onu Mincivan nahiyəsində vacib
bir işə təyin edirlər.
Bədbəxtlikdən
az sonra işğalçı Rusiya qoşunları Milli höküməti devirdi, XI ordu müstəqil Azərbaycanı
işğal etdi və bir çox aydınlar kimi Mirzəni də məhv etdilər...
Bu
barədə mən “Krım... Qırım...” adlı hekayə yazmışam və Mirzənin obrazına orada
daha geniş yer vermişəm.
-11-
Baxıram
ki, saat birə qalır. Mən saatla yemək yediyimdəm acdığımı hiss edirəm. Amma iki
yazıçının gəldiyini bildirirlər. Onlar içəri girib baş endirir və kağız-qələmlərini
çıxardır, hazır vəziyyətdə dururlar.
-Siz
kimsiniz, nə istəyirsiniz?
-Biz
yazıçıyıq. Bizə dedilər ki, sizin ədəbi düşüncələriniz, bədii yazılarınızı
ağzınızdan alıb, yazıya salacaq, sonra da üstündə işləyib normal hala gətirəcək,
ən sonda sizin razılığınızla çapa təqdim edəcəyik...
-Mən
məgər şil-topalam ki, siz mənim yazılarımı ağzımdan alıb yazasınız?! Axı mən
belə xidmət istəməmişəm. Siz, gedin öz əsərlərinizi yazın. Mən isə, lazım gəlsə,
canım çıxar, özüm yazaram...
Narazı
halda qapıdan çıxırlar. Hiss edirəm ki, bu mirzələr, deyəsən, bütün zamanlarda
başqaları üçün əsər yazanlardandılar. Birini tanıdım hətta – baş nazirin
müavini vardı e, məşhur yazıçı, uzun zaman onun əsərlərini bu yazmışdı... Hələ
qapıdan çıxanda ümidini tam kəsməmişdi. (Bu barədə “Morqda karantin” romanımda
yazmışam.)
Qapıda görünən baş vəzirə acıqlanıram:
-Sən
niyə mənimlə razılaşdırmadan bunları yanıma göndərmisən?! Deyəsən, səni buradan
qovmalı olacağam!..
-Qardaşım
Qardaş, təvəqqe edirəm, məni üzürlü sayın... Bu, qaçılmazdır. Sizin qiymətli
incilər saçan ağzınızdan tökülən o nur danələrini birinin yazıya alması
lazımdır. Hətta ikisinin... Buna mənim istedadım yetməz... Mən yazıçı deyiləm...
Bunlar isə tanınmış yazıçı olmasalar da, biri baş nazirin müavini olmuş
yazıçının mirzəsi idi. Hətta şeirlərinə mahnı da bəstələnib... O biri də...
-Yaxşı,
yaxşı, bəs Şeyx nə oldu?
-Burada,
qəbul otağındadır? İstəsəniz, nahardan sonra... Üzr istəyirəm, Günlükdən sonra
dəvət edərəm?
-Yox,
elə indi çağır, gəlsin... Bunları da yola sal, getsinlər. Mənə belə xidmət
lazım deyil...
-Baş
üstə.
Əmmaməsi
özündən qabaq içəri dürtülür.
-Bişmillahi
ləhmanü ləhim... Allahın yer üzündəki nümayəndəşini, xəlqimijin böyük öndərini,
elimijin, obamıjin başbiləni böyük Qardaşımıjı xos görmüşük...
Mənim
əzəldən bu adamdan xoşum gəlməyib. Təsəvvür edin ki, bu adam kimlərin yerində
oturub? Məhz əyləşməyib, oturub...
Siyahıya
baxın:
Axund
Məhəmməd Əli Hüseynzadə (1823–1846);
Axund Fazil İrəvani (1847–1872);
Axund Əhməd Hüseynzadə (1873–1884);
Axund Həsən Tahirzadə (1885–1894);
Axund Əbdüssəlam Axundzadə (1895–1907);
Məhəmməd Mövlazadə (1908–1909)
Axund Məhəmməd Pişnamazzadə (1909–1918);
Axund Ağa Əlizadə
(1918–1920).....................................................
Birinci
və üçüncü kişilər böyük mütəfəkkir Əli bəy Hüseynzadənin babalarıdır.
Pişnamazzadə
Gəncədə və Gəncəbasarda nə qədər məktəb açıb, xeyriyyəçilik edib. Dəfələrlə Çar
höküməti tərəfindən həbs edilərək sürgün edilib...
Axund
Ağa Əlizadə Cümhuriyyətin etimad etdiyi şeyxülislam idi...
O
siyahıda, məlum məsələyə görə adı olmayan Bəhlul Behcət Əfəndi, hansı ki,
1918-ci ildə Zəngəzurun qazısı idi, Sovet hökuməti tərəfindən həbs edilərək on
il sürgünə göndərilmiş, sürgündən qayıtdıqdan sonra Azərnəşrdə çalışmış və bir
çuğulun çuğullaması səbəbi ilə yenidən həbs olunaraq güllələnmişdi...
Səbəb
də qəribə idi. Həmin çuğul uzun saç-saqqal saxlayan Bəhlul Əfəndiyə demişdi:
-Bəhlul
Əfəndi, bu nə görkəmdir? Saçınıza, başınıza qulluq edin...
Bəhlul
Əfəndi dərhal cavab vermişdi:
-Bu
baş düşmənə qulluq edir, mən ona qulluq etmənəm...
Sonrası
da məlumdur...
Şeyxə
yer göstərirəm.
Daha
heç nə deməyəcəyəm. Və adamla söhbətimiz də müdafiə naziri ilə olan söhbət kimi
qapalı olduğu üçün burada heç nə yazmayacağam...
Bir
onu bildirim ki, şeyxə sərt xəbərdarlıq olundu: işlərinə çəki-düzən verməsə,
siyasətə bulaşmaqda davam etsə, bizneslə məşqul olmağa ara verməsə, İranın
aftafalarını gəzdirməkdə davam etsə......... vəzifəsini itirə bilər... Ən sonda
ciddi tapşırdım:
-Get,
bir xütbə oxu: bu gündən bütün ölkədə yas yerlərində yemək vermək qadağan
edilir! Məclisdə xurma və çaydan başqa bir şey olmayacaq!
O,
narazı halda nəsə demək istəsə də, imkan vermədim... Dalı-dalı otağı tərk etdi.
(Davamı bir həftə sonra elə
burada)

Yorumlar
Yorum Gönder