AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman
AZAD QARADƏRƏLİ
BAŞ NAZİRİN FRAKI
roman
Allahım, ilk öncə dağa, daşa ver,
ormana, heyvanlara, suya ver. Ondan sonra
insanlara, qapı
qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”
(Əski
türk dualarından)
***
“Münəccimbaşı ərz elədi ki:
-Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən belə məlum olur ki,
Novruzdan
on beş gün keçmiş Mərrixin Əqrəb ilə
iqtiranı vaqe olacaq və bu
qirani nəhseynin
təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-
səltənətin
vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən ki, asitaneyi-
səniyyənin
müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti
piş-əz-hadisə
qibleyi-aləmə məruz edim.”*
(M.F.Axundov “Aldanmış kəvakıb”)
***
“İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya
çoxdan düzəlmişdi...”
Yazıçının cib dəftərindən
----------------------------------------------------------------------
*Bu variant bloqumda hissə-hissə
yayımlanarkən bəzi texniki əlavələr etməli oldum. Məsələn, romanı bölümlərə
ayırdım ki, oxu zamanı rahat izlənilə bilsin. (Müəllifin əlavəsi)
*Anlamı:
“Münəccimbaşı
dedi ki:
-
Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş
gün keçmiş Mərrixin Əqrəb ilə toqquşması
nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir
səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də
şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl
xəbər verməyi özümə
borc bildim...”
-12-
Vəzir
başını içəri salıb ürkək səslə deyir:
-Qardaşım
qardaş... Vallah mən çağırmamışam... Özü gəlib...
-Kim?-Vəzirin
günahkarcasına boynunu bükdüyünü görüb heyrətlə soruşuram.
-Anar...
Sizin də dediyiniz kimi... AYIB-ın sədri Anar Rzayev... – Vəzir az qalır
ağlasın.
-A
kişi, a kişi, sən mənim yazıçı olanda dediyim, yazdığım fikirləri bu günkü vəziyyətlə
qarışdırma!.. O başqa, bu başqa... Mən indi dövlət başçısıyam... Özü də AYIB nədi?
Bu, o vaxt deyilən atmacaydı, AYB demək lazımdır. (Özümə də qəribə gəlir. Amma
deyəsən, yavaş-yavaş inanmağa başlamışam dövlət başçısı olmağıma.)
-Salam,
hörmətli baş nazir, gəlmək olarmı?
Ayağa
qalxıram və heyrət edirəm. Son dərəcə qocalmış və demək olar ki, əvvəl gördüyüm
Anara aid bütün fiziki göstəricilərdən məhrum olmuş bir müqəvva dayanıb
qarşımda. Əl verib görüşür və əyləşməyə dəvət edirəm.
-Xoş
gəlmisiniz, hörmətli Anar müəllim...
-Xoş
gördük...
-Qardaşım
Anar müəllim, mən hesab edirəm ki, AYB Sovetdənqalma qurum kimi ləğv edilməlidir...
-Olsun.
Amma bəs bu nəşrlər, bu yazıçıların vəziyyəti...
-Yazıçılar
Birliyi Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərəcək. Nəşrlər də qalacaq,
yazıçılara uzunmüddətli ssudalar veriləcək, bir neçə Yazıçılar Birliyinin
yaradılmasına şərait yaradılacaq... nəşriyyatlara maddi dəstək, uzunmüddətli
ssudalar şəklində veriləcək... Xalq şairi, xalq yazıçısı, xalq artisti kimi
imtiyazlı adlar ləğv ediləcək... Siz isə qoca kişisiniz, gedin, dincəlin...
Sizi heç kim narahat edə bilməz... Siz hər şeydən əvvəl, bu xalqın böyük
yazıçısısınız... Bizim müəllimimizsiniz...
-Doğrudan?
Axı mənə deyirdilər ki, siz... Qardaşım qardaş...
-Bəli,
Sizi – sədr Anarı dəfələrlə tənqid etmişəm... lakin yazıçı Anarı deyil... Gedin
və bu gündən etibarən AYB-ın özünü buraxdığını elan edin...
-Bilirsiniz,
Birlikdə mitinq eləmək istəyən qüvvələr var, mən onlara dedim ki, qoy Baş
nazirlə, bağışlayın, Qardaşla görüşüm, fikrini öyrənim...
-Mitinqə
ehtiyac yoxdur. Kimin nə istəyi var, sosial şəbəkədə yazsın, mənə
çatdıracaqlar. Elə bilirəm ki, biz yazıçıları yüz illərin boyunduruğundan, köləlikdən
azad edirik – yazıçını siyasətdən, siyasətçilərə qulluq etməkdən qurtarırıq...
Zənnimcə, siz bununla razılaşarsınız... Siz axı “Səhra yuxuları”nı yazan
yazıçısınız, “Şəhərin yay günləri”, “Macal”, elə “Ağ liman” özü... Nizamidən
üzübəri yazıçılar hökmdarlarla hayhəşirdədir... Kimisinin dərisi soyuldu,
kimisinin başı getdi, kimisinin də abır-həyası... Üzünüzə demək olmasın, sizin
gənclik illərindəki fəaliyyətiniz bir başqa aləm idi... Sonra... Gəlin, oralara
girməyək... Bu yaşda ürəyinizə toxunmaq istəmirəm... Gedin, gedin rahat
yaşayın... Heç kimdən asılı olmayın... Təkrar edirəm, siz bu xalqın böyük
yazıçısısınız...
Kişi,
elə bil, gümrahlaşır. Qəddini bir az düzəldib, zirək addımlarla zalı tərk edir.
Hələ ayağının biri qapıdaykən yadıma mühüm bir məsələ düşür və onu səsləyib
dayandırıram:
-Anar
müəllim, bir dəqiqə... Çox vacib bir məsələ var, ayaqüstü də olsa, onu müzakirə
edək...
Kişi
dayanır, bilmir nə etsin. Mən tez ən yaxınındakı stulu göstərirəm:
-Böyrünüzü
ora qoyun, ayaq üstə qalmayın... Hə... Siz Nizami Gəncəvinin beyin sümüyünün
Moskvada saxlanıldığını bilirsiniz? Mən bu barədə böyük Rəsulzadənin kitabından
oxumuşdum bir vaxtlar?
Kişi
bir qədər tutulan kimi olur. Amma tez də özünü ələ alır:
-Bəli,
təəssüf ki, belə bir fakt var...
Heyrətlə
bu qocaya baxır və düşünürəm:”Bu adam elə bil eynən o vəzir kimi 500 yaşlı
birisidir. Heç vaxt etiraz etməyib, heç vaxt şəxsi təşəbbüsü ilə fikir bildirməyib,
yalnız rəhbərliklərin fikrini təsdiqləməklə kifayətlənib. İndi də gözləyir ki,
mən nə desəm, “Bəli, baş üstə” desin.”
-Yaxşı,
əziz Anar müəllim, Sovet dövrü heç də, onda bizim Moskvaya etiraz etmək
imkanımız olmayıb... Amma sonrakı dönəmdə... Müstəqillik illərində axı biz
Moskvadan belə bir tələbdə buluna bilərdik... Ki, apardığınız neft, pambıq,
üzüm, pomidor, xiyar sizin olsun, amma Nizamimizin kəllə sümüyünü qaytarın...
Heçmi ağlınıza gəlmədi bu fikir? Axı bu ədəbi vicdan məsələsidir həm də... Təsəvvür
edirsiniz? Düz yüz il sonra Rusiyadan Azərbaycana ekspedisiya gəlir və sizin qəbrinizi
açırlar, iraq olsun, kəllə sümüyünüzü götürüb Moskvaya aparırlar...
Adamın
əlləri əsir, üzü səyriyir, oturduğu stulda gərnəşən kimi hərəkət edir.
-Dddüz
dddeyirsiniz... Eeetmək olardı... Lllazımdırsa, indi edə bilərik... Məəktub
yazarıq... Xahiş edərikkk...
-Xahiş
yox, tələb etmək lazımdır! O məktuba bütün Azərbaycan yazıçılarının, mədəniyyət
xadimlərinin, siyasət adamlarının adını, elə mənim də adımı yazmaq lazımdır...
Xahiş edirəm, bu məktubu hazırladın, göndərin, mən də imzamı atım, sonra
Moskvaya yola salaq... Səfirlik vasitəsi ilə Rusiya rəhbərliyinə çatdıraq... O
məktubu mətbuatda da çap etdirmək lazımdır...
...
Anar
gedib. Özü getsə də aurası otaqda qalıb. Hələ də onunla höcətləşirəm...
Başımı tutub oturmuşam. Bu yaşda, qocalıb az qala bütün fiziki göstəricilərindən
məhrum olmuş adama, özü də bu xalqın yetişdirdiyi istedadlı adama bütün bunlar
lazım idi? Niyə gedib əsərlərini yazandan sonra evində rahat əyləşibən istirahət
etməsin ki? Hələ eşitmişdim ki, həyat yoldaşı da xəstə imiş. Sənə bütün bu
xırraş-boğuş lazım idi? Yaşın 90-nı keçib, övladlarını vəzifələrə təyin
etdirmisən, nəvələrin, nəticələrin, bəlkə kötücən də var? Niyə, niyə axı
hakimiyyətin aftafasını gəzdirirsən? Bir tikə çörəyin yoxdur? Deputat olmusan,
buna görə, hələ birliyin sədri olduğuna görə də yəqin ki, yaxşı təqaüd alırsan.
Axı niyə, niyə mütləq seçilmək, kimlərisə əzən rəhbər işdə olmalısan və həm də
kimlərin qarşısında quyruq bulamalısan? Niyə axı, niyə?
Özü
də o tək deyil. Mərhum Bəxtiyar Vahabzadə də oğlanlarını baş prokurorun
müavini, səfir təyin etdirməmişdimi? Elçinin qızı deputat deyilmi? Zəlimxan
Yaqubun oğlu hardasa polis rəisi olmalıdır? Dostum Aqil Abbasın oğlu da polis rəisidir?..
Mənim
“Nə olsun ki, bura Şərqdir?”, yaxud “Yazıçıların mövqe müharibələri” adlı yazım
var. Həmin yazını bir də gözdən keçirməli oluram. “Renessans həsrəti”
çoxcildlik kitablarımın 2-ci cildində gedib. Sağ olsun, vəzir bir saatın içərisində
hər kitabımdan bir nüsxə hardansa tapıb gətirib. İndi o kitabdan həmin yazını
oxuyuram...
“NƏ OLSUN Kİ BURA ŞƏRQDİR...
(Yazıçılarımızın mövqe müharibələri tarixindən)
Şirvanşahlar sarayında məliküşşüara
Əbül Üla Gəncəvinin başçılığı ilə
böyük bir ədəbi mühit yaranmışdı. Şahın
mehr-ülfətini qazanmaq üçün qafiyə, vəzn şairlərə yetmirdi. İş o yerə çatmışdı
ki, mədhiyyə ustaları onların hamısından
daha ötkün sözə sahib gənc Xaqanini şərləməkdən belə çəkinmirdilər. Hətta
qaynatası Əbül-Üla ilə də aralarını vurdular – o da Xaqani poeziyasından qopan
söz çınqılarından qorxdu. Zatən qorxulası idi də.
İstəmirəm adımı çağırsınlar Xaqani,
Mən yoxsullar şairi xəlqaniyəm, xəlqani, -
(Be xod qoftəm
ke Xaqani dəriğaguy-i mən başəd
Dəriğa, mən şodəm axər dəriğaguy-i Xaqani –
به خود
گفتم که خاقانی دریغاگویِ من باشد
دریغـا،
من شدم آخر دریغاگویِ خاقانی )
- deyən
birindən nə desən gözləmək olardı...
Söz döyüşü gizli qılınc döyüşünə
çevrilirdi. “Gedər qılınc yarası, getməz söz yarası” deyiblər. Nəticə gecikmədi:
Şamaxıda parlayan bu istedadı – Əfzələddin
Xaqanini həbs edib Şamaxı qalasında zindana atdılar. Sanki istedasızlar
duymuşdular: “Töhfətül-İraqeyn” kimi parlaq bir əsər yazacaq bu yetənək sahibi
onların onsuz da qısıq olan ədəbi istedadlarına kölgə salacaqdı.
Şair həbsxanada da dinc durmadı.
Bir-birindən gözəl əsərlər yazdı. Xüsusilə, onun “Həbsiyyə” əsəri həbsxanada olan şairi bütün Şərqdə tanıtdı.
Qorxuya düşən şirvanşah onu azad etməyə məcbur oldu. Təbii ki, şərtlə: əslində
bu, zorən mühacirətə göndərilmə idi. Şair doğma torpağa – Təbrizə gedəsi oldu.
Bütün Şərqdə adı dillərdə dolaşan Xaqani
Təbrizdə vəfat etdi. Kiçik ürəkli və ürəkləri qədər də yaradıcılıqları
olan saray avantüristlərindən fərqli olaraq heç bir saraya sığmayan böyük
Nizami o vaxt ustadı Xaqaniyə mərsiyə
yazdı:
“İstərdim Xaqani mənim mərsiyəxanım olsun,
Amma
mən ona mərsiyə yazası oldum.”
(Be xod qoftəm
ke Xaqani dəriğaguy-i mən başəd
Dəriğa, mən şodəm axər dəriğaguy-i Xaqani –
به خود
گفتم که خاقانی دریغاگویِ من باشد
دریغـا،
من شدم آخر دریغاگویِ خاقانی )
***
Zaman-zaman şahların davalarına şairləri də qatıblar həmişə. Ya bəlkə
şairlər özləri qarışıblar bu savaşa. Bu davaların pik nöqtəsi Qacar - İbrahim xan davasında Vaqifin başının
getməsi olub. Vaqifin şairliyinə sözüm yox, amma iç və dış savaşlara tərəf
olmağı onun mübarək başının vurulmasıyla nəticələndi. Vidadi ona mərsiyəxanlıq
etdi.
***
Və gəldik
çıxdıq mütəqəlqəl covet dövrünə. Əvvəl-əvvəl S.Rüstəm, S.Vurğun, R.Rza
qılınclarını sıyırıb düşdülər Hüseyn
Cavidin, Əhməd Cavadın və Mikayıl Müşfiq də daxil millətsevər gənclərin
üstünə. Döy ki döyəcəksən, kəs ki kəsəcəksən. “Bəs mənim ölkəmin varlığı
hanı?” deyən S.Vurğun ustad Cavidə dərs keçməyə başladı. R.Rza dostlarıyla birləşib Müşfiqi gedər-gəlməzə
yollayandan xeyli sonra “Qızılgül
olmayaydı” poemasını yazdı. S.Vurğun Ə.Cavadın məhv edildiyinə əmin olandan
sonra onun “Azərbaycan” şeirini imitasiya edərək özünüküləşdirdi. Sonra
“Bakının sayrışan ulduzlarından, çadrasız, boyasız türk qızlarından rəhbərə
(oxu – Stalinə) salam” apardı. Bir başqası isə
isə lap gül vurdu:
Stalin, sənə qurban
olsun, canım, başım,
Bir də evimizdəki
həyat yoldaşım...
Bu da
cəhənnəmə, onlar təbiətin də işinə əl apardılar - özlərinin kanalizasiya qoxulu
misralarını artıq məhv edilmiş şairlərdən Leninə, partiyaya çevirdilər, özü də
necə!
Günəş şimaldan
doğmaz deyir təbiət elmi,
Lenin şimaldan
doğdu, Lenin günəş deyilmı?!
Cavid getdi, Cavad getdi, Müşfiq getdi... Amma yazıçıların iç davası səngimədi.
Səməd Vurğun cəbhəsiylə Rəsul Rza cəbhəsi uzun illər Azərbaycan ədəbiyyatını düz yolundan
sapdırdı. Məqsəd xalqın rifahı, quldur sovet rejiminə qarşı mübarizə, azadlıq
idealları olmalıykən, “seyid atı”yla (R.Rza 11 hecalı şeirə ironiya ilə belə
deyirdi) sərbəst şeir tərəfdarlarının
davası oldu. “Sərbəst şeiri” uzun-qısa misralardan ibarət şeir kimi başa düşənlər
anlamadılar ki, “sərbəst” sözü ancaq Nazimə yaraşırdı –“Bəylər,
bu vətənə necə qıydınız?!” deyən Nazimə! Yoxsa
Lenin haqqında poema yazan R.Rzaya yox!
Özlərindən ağsaqqal şairləri gedər-gəlməzə göndərənlər əsl istedadlara
da qənim kəsilmişdilər: Əli Kərimi işsiz qoyduqları yetmədi, onu alkoqolun
girovuna çevirib məhv etdilər. Uzun zaman işsiz qalan Sərdar Əsəd özünü asdı. Məsud
Əlioğlu da, Tofiq Qəhrəmanov da elə...
R.Rza ilə S.Vurğun savaşı bu gün də sürür Azərbaycanda. Dəyişən
adlardır. Mahiyyət qalır. Bir tərəfdə Cavanşir Yusiflinin qılınc qurşamasına
baxır cavanlar, o biri tərəfdə adı bəlli şairin (Qəşəm Nəcəfzadənin) qalxan
tutmasına. Əcəba, bunlar özlərimi? Təəssüf ki, ayıq olanlar bilir belə
olmadığını. İşin mahiyyəti çoooox dərindədir. Arxada görünməyən qüvvələr var.
Amma xoruzun quyruğu çöldədir axı...
Bir
gənclə bu yaxınlarda söhbət edirdik. Onun sözləridir: “Müəllim, biz gənclər
sizi çox istəyirik. Amma niyə orta nəsil, yaxud sizdən yaşlılar sizi və sizin
min bir əziyyətlə buraxdığınız dərgini
ciddiyə almırlar, görməməzliyə vururlar?” dedi. Mən güldüm və sevindim də. Demək,
mən o mənasız savaşlarçün doğulmamışam.
Facebook səhifəmdə yazdığım statusu burada təkrarlamaq zorundayam:” Tələbələrimə
və yazıya yeni başlayan gənclərə: sükut pozuldu. Ədəbiyyatımızda min il əvvəl
başlayan və sovet dövründə pik nöqtəsinə qalxan ölüm-dirim savaşı yenidən start
götürüb. Heç bir tərəfə qoşulmamaq şərtilə bu şər savaşına tamaşaçı olun və
özünüzçün qeydlər edin. Lazımınız olar.”
Bir
neçə kəlmə də “cinah döyüşü” aparanlara: nə etdiyinizlə işim yox, gəncliyə pis
örnək olmayın. Daha vacib, daha önəmli iş üçün vuruşun. Həyat çox qısadır. Nə
olsun ki, bura Şərqdir, nə olsun ki, sizin tarixdə “şair şairin başın istəyib?”
Baş vurdurmaqdan baş işlətmək daha sərfəlidir.”
Bu
yazının ikinci hissəsi də var. İnşallah, yeri gələndə onunla da oxucularımı
tanış edəcəyəm...
Vəzir
həyəcanla içəri daxil olur. Rəngi sapsarıdır. Deyirsən, bu dəqiqə yıxılacaq.
-Nə
olub, a kişi?!
Əlindəki
qəzeti mənə sarı uzadıb udqunur:
-Əslində...
Qarşısını ala bilərdik... Amma... amma...
-Bir
aydın danış görüm! Nəyin qarşısını alırsan?!
-Baxın,
bu qəzetdə yazılıb ki, aşağıda adları çəkilənlər, üzvlük haqqı vermədikləri
üçün AYB-dan xaric ediləcək...
-Hə,
nə olsun?
-Qardaşım
qardaş, iş ondadır ki, siyahıda sizin də adınız var?!
-Yox
əşşşi! Ola bilməz! Mən axı o xarabanın üzvü deyiləm!
Qəzetə
baxıram, siyahını tapıb oxuyuram, gözüm kəlləmə çıxır. Düzdür, adım və təxəllüsüm
yerinə adım, soyadım, atamın adı yazılıb... Amma ki bu, təhqirdir!
Vəziri
yola salıb kompüteri açır və 5-10 dəqiqə məni narahat etməməsini tapşırıram.
Telefon
zəngi gəlir dalbadal. Onlar açıqlama istəyirlər bu barədə. Təbii açıqlama verirəm...
Amma
məsələ bununla bitmir. Təxminən yarım saat sonra vəziri çağırıb aşağıda
oxuyacağınız yazıdan parçaları verirəm...
MƏN
38 İL SONRA NECƏ “AYB ÜZVÜ” OLDUM?
Yazılarımda
“niyə AYB üzvü olmamışam?” sualına yetərincə cavab vermişəm. Və son zamanlar
AYB-la bağlı verilən suallara ya cavab verməkdən imtina edir (axı üzvü
olmadığın bir təşkilat haqqında nə danışasan?), ya da mümkün qədər subyektivizmə
yol verməməyə çalışırdım.
Atəşkəsi
yenə AYB pozdu.
Bu
yaxınlarda üzvlük haqqı vermədiyinə görə Birlikdən xaric olunacaq şəxslərin
adını açıqladılar və o siyahıda Vəliyev Azad Vəli oğlu adlı birisi də vardı.
Anadolulu qardaşlarımız demiş, bu şaka kimi olaya reaksiya verməməkmi olardı?
Feysbuk
səhifəmdə yazdım: “İndi bir şey oxudum, ayağımın altından yer qaçdı: AYB üzvlük
haqqını verməyən üzvlərin siyahısını dərc edib və orada Vəliyev Azad Vəl oğlu
adda adam var. Əgər bu mənəmsə, mən oranın üzvü deyiləm və olmamısam.Yox, məndən
başqa bu adda yazıçı varsa, allah xeyir versin.”
Xatirlatma: mən düz 38 il əvvəl Azad Vəliyev imzası ilə yazmışam,
sonradan bütün əsərlərim və kitablarım Azad Qaradərəli imzası ilə cap olunub.
Bir
xeyli sonra kulis.az-dan sual gəldi:
“Salam,
Azad bəy. Kulisdə AYB-yə üzvlüyünüzlə bağlı sənədlər təqdim olunub. Xəbər
yayımlanıb. Siz isə deyirsiniz ki, mən AYB-dən lap çoxdan çıxmışam. İstəyərdim
ki, bu mövzuda açıqlama verəsiniz.”
...Kulis
üçün yazdığım cavab:
“Demək,
mən bu barədə bir neçə dəfə yazmışam. Ötən əsrin 80-lərində (ilini dəqiq
xatırlamıram) Sabir Əhmədlinin məsləhəti ilə sənədlərimi toplayıb AYB-a
vermişdim. Elə rəyin birini Sabir müəllim, birini də gərək ki, İsa İsmayılzadə
vermişdi.
Üstündən
xeyli vaxt keçəndən sonra (onda mən rayonda yaşayırdım) gəldim Bakıya və getdim
AYB-a. Sənədləri məndən qəbul edən Kamal adlı birisi idi, dedi ki, nə sənəd, sənin
bizdə sənədin-zadın olmayıb. (Mənə dedilər ki, o, Anarın qohumu imiş.)
Və
elə o gedən getdim. Özümə söz verdim ki, bir də bu təşkilata üzv olmağı ağlımın
ucundan da keçirməyəcəyəm...
....Beləcə, mənim AYB sərgüzəştim bu şəkildə başa çatıb.
Amma
başa çatmayıbmış! Demiyəsən, 80-lərdəki imzamla məni düz 19 il sonra AYIB-a qəbul ediblər - Vəliyev
Azad Vəli oğlu! Pəh!
A
kişi, mən 38 ildir ki, Azad Qaradərəliyəm! Yalnız birinci kitabım 1987-ci ildə
AZAD VƏLİYEV imzasıyla nəşr olunub, ondan sonra 60-dan artıq kitabım çıxıb,
hamısı Azad Qaradərəli kimi.
Bu təşkilat
hələ də 80-lərdə qalıb. Hələ də Sovet dövrünün ab-havasıyla nəfəs alır. Mən
Azad Vəliyev deyil, Azad Qaradərəliyəm! Və allah da şahiddir ki, o təşkilatın
üzvü olmamışam, ölüncən də olmayacağam! Bu qədər sadə...”
Bizdə
bir söz var: qanım içimə axır.
İnanın
beləyəm...
-13-
Vəzir
bu dəfə qaralmış halda içəri girir:
-Qardaşım
qardaş, bir qadın gəlmiş... Tələb edir ki, onu qəbul edəsiniz...
-Niyə?
Kimdir ki?
-Nə
bilim, qardaşım qardaş... Deməyə də dilim var gəlmir...
-De...
Ay kişi, burda nə var axı?!
-Belə
deyir ki... Deyir, onun sizdən uşağı var...
-Nə?!
Hamilədir?!
-Yox
e, qardaşım qardaş, uşağın on beş-on altı yaşı var...
-Həəəə...
Nə yaxşı, nə yaxş... Bəs özünün neçə yaşı olar?
-Altmış
yaşı var... Amma verməzsən... Cəsarət edirəm... Qardaşım, qardaş...
-Gözəldimi?
-Çox!
-De
ki, şəxsi işlərə ayırmağa vaxtı yoxdur. Qoy qəbula yazılsın, baxarıq...
-Qardaşım
qardaş, bu qorxulu qadındır... Deyir ki, qəbul etməsəniz, mətbuat konfransı
çağıracaq...
-Çağırsın.
Biz də onu uşaq oğrusu kimi məhkəməyə verərik... Vəzir, Amerikada Monika adlı
qadın belə bir şey eləmişdi, yadındadır?
-Yadımdadır,
qardaşım qardaş...
-Mən
o vaxt düşünmüşdüm ki, bizdə, Şərqdə belə şey ola bilməz... Amma oldu... yaxşı,
qoy nə edir, etsin... Qov onu buralardan!.. Haranın lotusudur, Allah bilir...
-Axı...
-Nə
axı?!
-Buna
baxın... Kitabdır... Deyir, hələlik, iki nüsxədədir, əgər siz onu qəbul etməsəniz,
gedib min nüsxə buraxdıracaq... İçərisində sizinlə şəkillər də var...
-Ver
baxım! – Maraq güc gəlir və alıb kitabın üstünə baxıram: “MƏHƏBBƏTİN NÜBARI”
yazılıb iri hərflərlə. Bir qədər aşağıda isə qadının ad-soyadı yazılıb. Ha
fikirləşsəm də bu ad-soyadda adam xatırlaya bilmirəm. Və kitabı vərəqləməyə
başlayıram. (Kitab elə bil mətbəədən indicə çıxıb, hətta əlim rəngə batır.)
Ortadan o yana şəkillərdir. Opppbaaa! Tanıdım qadını! Keçmiş tanışlardandır.
Bir yüngülvari o söz... Amma bəs kitabın üstündə niyə ayrı ad yazılıb? Həəəə, yəqin
özünə yeni təxəllüs götürüb?.. Bunu bu vəziyyətdə
buraxmaq olmaz. Bizim kənddə bir biədəb məsəl vardı, biədəb yox, ədəbsiz, hə,
deyirdilər: “İt oturmamış şeyi çıxdı.” İndi bu lotunu hirsləndirərəm, gedər bir
axmaq nəşriyyatla müqavilə bağlayar, məni rüsvay edər. Uşaq-filan boş şeydir.
Amma şəkillərimiz var axı... Qoy gəlsin, görək, xanımça nə istəyir?..
-Yaxşı,
burax gəlsin.
Söz
ağzımdan çıxan kimi qadın özünü atır içəri. Altmış nədi, heç əlli də verməzssən.
O qədər kraska-filan vurub ki, lap Hollivud aktrisalarına bənzəyir... Həmin o
M. xanımdır. Bir zaman birlikdə olmuşduq. (“Şəhərcik” romanını oxuyanlar onu yəqin
ki, yaxşı xatırlayırlar.) İndi onun altını çəkmədəyəm...
-Salamlar...
-Salam.
Əyləşin.
-Bu
rəsmiyyət nəyə lazım? – Ağzını büzə-büzə oturur. Sonra çantasından kitabın digər
nüsxəsini çıxardır, az qalır soxsun gözümə:
-Bu
olmaseydi məni qəbul etmiyəcəkdin, eləmi?!
-Bunu
haçan yazmısan, haçan çap etdirmisən?! - Heyrətlə soruşuram.
-Yazmağına
çoxdan yazmışam... Baş nazir olmasaydın, gözləyəcəkdim, iraq, iraq, sən ölənnən
sonra buraxdıracaqdım... Amma biləndə ki... Hə, getdim, pulunu verdim, PDF-dən
iki saata çap eləyib verdilər...
-Dedin,
sən ölənnən sonra... Nə bilirdin ki, mən sənnən qabaq öləcəyəm? Bəlkə?
-Sən
mənnən düz yeddi il yaşlısan axı... Nədi, acığıva getdi?!
-Yaxşı-yaxşı...
Olsun... Hə, kitabı başa düşdük, bəs bu uşaq söhbəti haradan çıxdı? – Bir az
ironiya ilə soruşuram.
-Guya
sən bilmirdin, mən sənnən həmişə uşaq istəmişəm?!
-Hə,
nə olsun?!
-O
olsun ki, biz səninlə ayrılanda mən artıq hamilə idim. Bilirdim ki, sən məni məcbur
edəcəksən uşağı aldırım, ona görə bir daha gözünə görünmədim...
-Özün
də bilirsən ki, mən sənin bu tip ssenarilərinə inanmamışam. Belə hoqqaları düzəltməkdə
mahir olsan da, özünə nahaq əziyyət verirsən. Buna heç kim inanmayacaq.
-Necə
yəni?! Əvvəla, oğlan lap özünsən, fırt eləyib burnunnan düşüb, elə bil.
İkincisi də, həkim var, analiz var, test var... Buyur, bu da səninçün həkim rəyi!
–Hirslə zərfi qabağıma atır.
-Yaxşı,
tutaq ki, belədir. İndi mənnən nə istəyirsən?
-Heç
nə. Mənim hər şeyim var... Baxma ki, prezident-zadsan, mənə bir qəpiyin də
lazım deyil... Sadəcə, istəyirəm, oğlunu etiraf edəsən və familyanı ona verməyə
razı olasan... Yəqin görmək istəyərsən oğlunu? Qəbul otağındadı... Bacısı ilə
orada oturub. Bax, qarşında monitor var ki! Bax, gör özünə necə oxşayır!
O
gəlib monitora yaxınlaşır və bu zaman döşlərini çiynimə toxundurur. Mən bir az
geri çəkilib, qısıq səslə deyirəm:
-Ay
qız, yığışdır bu komediyanı! Uşaqları da götür, get evinə. Telefonunu isə bu
kağıza yaz, mən səninlə əlaqə saxlayaram. Baxaq, görək nə edə bilərik...
Qadın
məmnun halda əyilib masaya atdığı zərfin üstünə telefonunu yazır, bu zaman
imkan tapıb, əlini üzümə də çəkir və qapıdan çıxa-çıxa deyir:
-Bay-bay,
əzizim... Qorxma, elə bu gecə səni gözləyirəm... Konum da atacam...
Yanmış,
doğrudan gözəldir. Onunla danışa-danışa gözucu monitora baxırdım: oğlan, həqiqətən
mənə oxşayır. Bu lotu məni biyabır eləyəcək... Nəsə etməliyəm...
Amma
nə?!
-14-
...Oturub
fikir-zikirdəykən gördüm anam qapıdan
girdi içəri. Baş endirib, qayıtdı ki, ədə, qardaşım qardaş, bun nə hal, bu nə qəziyə?!
Qalxıb, arvadı qucaqladım, ağlamamaq üçün üzümü basdım sinəsinə, amma
özümü saxlay bilmədim, hönkürdüm, nə hönkürdüm.
Dedi,
ağlama. İş adam başına gələr. İndi neyniyək, vəzifə bir şahlıq quşudu, qonar
adamın başına, amma gərək qondurmuyasan, qondurdunmu, qudurmuyasan...
Sonra
nə oldu, nə olmadı, arvad harasa qeyb oldu, amma səsini eşidirəm. Danışmır e,
sanki kino göstərir, teatr tamaşası qurur... Nə bilim axı...
“...Dünya
sirlərlə doludu, a bala. Ən böyük sirr isə ən güclünün gücsüz qarşısında
qolubağlı qalması, gücünü hər dəm işlədə bilməməsidi. Bəzən, güc hər şeyə
yetmir axı. Ya da yetsə belə, güclünün gücü özünün məhvinə səbəb olur. Məzlumun
ahı zalımın evini yıxar misalı...
Bir
aslan varmış. Meşənin padşahı, heyvannarın qənimi, ovçuların ən mahiri imiş.
Ceyran ətiylə bəslənər, balalarını da bəslərmiş.
Gün
o gün olur ki, aslan körpə balalarına ov tapa bilmir. Ceyran nədi, heç dovşan
da tuta bilmir. Balalarını yuvasına yığıb, uzaqlara üz tutur. Onun əlinnən
dağ-dərə aşıb yaşıl vadidə otlayan sürüyə rast gələndə sevinir. Gizlicə sürüyə
yaxınlaşır. Qəfil tullanır və sürünü qovmağa başlayır. Baxır ki, sürü bərk
qaçsa da, bir ceyran geri qalır. Düşür onun dalıncan. Orda, burda, ceyranı
tutub parçalayır. Qarnını dişləri ilə dağıdanda oradan bir bala ceyran çıxır və aslan hərəkətsiz
körpə ceyranı o yan-bu yana çevirsə də, artıq öldüyünü görür. Yanıqlı səslə
bağırır, çəkilib bir tərəfdə başını pəncəsi üstə qoyaraq yatır.
Sonradan
bu anı izləyənlər qorxa-qorxa aslana yaxınlaşırlar və gördüklərindən qanları
donur: aslan ölmüşdü!
Adamlar
ölmüş aslanın qarnını yarıb ölüm səbəbini öyrənmək istəyəndə ürəyinin
partladığını görür. Nə qədər güclü olursan ol, bir gücsüzün ahına dayanamazsan!
Aslan ürəyi bu imiş...
A
anan ölsün, ürəyin amanatı...
Bir
də əlinə imkan düşəndə, güc sahibi olanda gücsüzü arxasız bilib əzmə. Güclünün
gücü varsa, gücsüzün də allahı var. Hələ uşaq olanda nə öyrətmişdim sənə? Yol
gedəndə ayıq ol: bir qarışqanı da ayaqlama...”
Sonra biləcəm ki, danışan anam deyilmiş, kimsə süni intellektin köməyi
ilə anamın səsində bu aslan əhvalatını səsləndirib...
Və
ayıldım. Elə kreslodaca mürgü aparıbmış məni. Bir az sonra yuxu vaxtım
olmalıdır axı...
Amma
yenə analı xatirələrə dalıram. Axı mənim ondan böyük arxam, köməyim olmayıb!
Hətta
haqqında yazdığım romanın da adı “Ən böyük adam” idi...
Yadıma
nə düşür?..
Bu
xatirə “Məndən sonra” memuarındadır...
SÖYÜŞÜN İŞƏ
YARAMASI
Kənddə
məktəb direktoru işləməyin min cür çətinlikləri vardı. O çətinliklərdən biri
kimi hər il yay tətili vaxtı meşədən məktəbin kişi müəllimləri, texniki işçiləri,
yuxarı sinif şagirdləri və meşə idarəsinin işçiləri ilə birgə qış üçün odun tədarükü
məsələsini deyə bilərəm. Bir rahatlığım vardı ki, əmim Kamran meşə idarəsində
sürücü işləyirdi. Üstəlik, həyat yoldaşı bizim məktəbdə xidmətçi idi. Deməli, təkcə
əmim kimi deyil, meşə işçisi kimi deyil, həm də məktəbin işçilərindən birinin əvəzindən
bu işdə mənə cani-dildən kömək edirdi. Əmimin adına “Drujba” dediyimiz
avtomatik ağackəsən mişarı vardı və bu
da işimizi asanlaşdırırdı.
Xülasə, meşə gözətçisi Xansuvar kişini də götürüb getdik meşəyə. Bir
yandan əmim, bir yandan da Xansuvar başladılar ağacları doğramağa. İşin yağ
kimi gedən vaxtında əmimin aparatı xarab oldu. İncəvara, Xansuvar dayanmaq bilmədən,
kəsir, doğrayırdı.
Təxminən,
üç maşın doğranmış odunu aparıb məktəbin həyətinə boşaltmışıq. Son iki maşının
birini doğrayıb bitirən kimi Xansuvarın da aparatı dayandı...
(Hə,
bir məsələni yazmağı unutmuşam. Anam bu ağır və çətin işi görməkdə yardımçı
olmaq üçün özü də bizimlə meşəyə getmək istədi. Təbii, razı olmadım. “Qadın
xeylağının orda nə işi var? Meşə yeridi, ağac yıxılar üstünə, bilməm nə olar...
Yox, otur evdə, işinə bax.”
Anam
isə israr edirdi:”Həm bir-iki bel sapı, yaba kəsərəm. Sizə çay qoyaram. Özü də
məhlim uşaq-zadam, üstümə ağac yıxıla?! Həm də saa göz-qulax olaram... Səni ora
tək buraxa bilmərəm...”
Nə
isə, saqqızımı oğurladı. Hələ üstəlik, əmim də dedi ki, ay bala, qoy getsin,
bizə çay qoyar, havasın da dəyişər. Uşaq-böyüyə də nəzarət eliyər. Sənin o gədələrin
şuluxdular...” (Yuxarı sinif şagirdlərini nəzərdə tuturdu.)
Əlacsız
qalıb, razılaşmışdım və anam da bizimlə getdi.)
İndi
əmimlə Xansuvar aparatı sökürlər, yığırlar, amma işə düşmür ki, düşmür.
Xansuvar ağzını doldurub nə isə söymək istəyir, anamı görüb, sözünü geri
qaytarır...
Axırı
adam aparatı yerə çırpıb ağlamsındı:
-Ə,
Kamran, bı bacı da bırdadı, söyüb ürəyimi boşalda bilmirəm, ə, indicə ürəyim
pardıyacax!
Bacım
arif adam idi. Tez durub hara isə getdi. Və Xansuvarın ağzı açıldı, nə açıldı.
Bu “Drujba”nı kəşf eliyənin cəddabasını qəbirdən çıxardı, həftədü püştadını
laxlatdı, min cür eşitmədiyimiz söyüş söydü və axırda da qayıtdı mənə ki, ə, məllim,
sən allah sən də bağışda, lətərcin sözlər danışdım...
Məni
də gülmək tutdu, dedim, allah bağışlasın...
And
olsun haqqı-salama ki, az sonra “Drujba” işə düşdü, elə nərildədi ki, dedim
bütün meşəni doğrayacaq...
S.A.(Söz
Ardı)
Demək,
bizdə bəzi kənd qadınları uşaqları dalaşanda, ya bir-biri ilə dava-şava edəndə
elə pis-pis söyüşlər söyürdülər ki, qatı açılmamış! Anam onda qulağını tutub içəri
girər, “allah sizi biyabır eləsin” deyərdi. Və mənim də hərdən söyüş söyməyim
vardı. Amma anamın yanında qəti söyüş söyə bilməzdim. Çünki uşaqlıqdan o məni
belə tərbiyə etmişdi.
Di
gəl ki, bəzi yazılarımda obrazın xarakterini açmaq lazım gələndə onun dilindən
nisbətən qələmə gələn söyüşlərdən istifadə etmişəm. Hər dəfə də bunu
qorxa-qorxa, üşənə-üşənə yazmışam. Çünki
bu, anamı qəzəbləndirə bilərdi. Ona bunu niyə yazdığımı heç cür izah edə bilməzdim.
Təbii ki, o buna görə məni uşaqlıqdakı kimi döyməyəcəkdi, amma üzünü çevirib öz
otağına çəkilər, məni günlərlə danışdırmazdı. Bundan böyük cəza isə təsüvür eləmirəm...
Allah bizi analarımızı qəzəbləndirəcək addımlar atmaqdan qorusun...
Anama, əmimə, Xansuvar kişiyə min rəhmət.
...O
gün meşədə qorxunc bir hadisə də olmuşdu. Əmimlə Xansuvar kişinin doğradığı lülə
kötükləri işçilər sürüyüb maşına doğru gətirirdilər. Bu yer çox dik yoxuş kimi
idi. Qəfil kötüklərin biri işçilərin əlindən çıxdı və üzü aşağı yomalanmağa
başladı. Əmim qışqırdı ki, aşağıda dayanan adamlar aralansın, kötük onları
vurmasın.
Bu dəm elə bir hadisə baş verdi ki!..
Anam
hardansa tapdığı iri sallamanı çəpinə bir palıda dayayıb bir ucunu əli ilə
tutdu və kötük sallamaya çırpılıb dayandı. Mən özümü anama tərəf atıb bağıranda
o gülümsündü:
-Nə
var, a bala? Qorxma, sallama uzun idi, kötük maa xətər toxundurmadı...
Anamı
qucaqlayıb ağlamağımı görməməsi üçün
üzümü başındakı şalı ilə gizlətdim.
...Anam
haqqında düşünəndə cib dəftərçəmdə olan bir qeydi tez-tez xatırlayır və məmnunluqla
gülümsünürəm. Dünyanın bütün anaları eynidir. Balasını qorumaq üçün aslan kimi
düşməninin üstünə atıla bilər! Ən ağır yükü belə qaldıra bilər...
Angela
ana kimi...
1982-ci ildə ABŞ-ın Corciya ştatında Angela Cavallo adlı qadın
ağlasığmaz bir şey edir. Onun oğlu köhnə Chevrolet Impala avtomobilinin altında
təmir işləri görərkən qəfildən hidravlik domkrat qırılır. Çəkisi bir ton
yarımdan çox olan avtomobil gurultu ilə oğlunun üzərinə düşür.
Səs-küyü eşidən Angela dərhal evdən çölə qaçır və
yalın əlləri ilə maşını oğlunun üstündən qaldırır.Qonşular gəlib metalın
altında qalan oğlunu xilas edənə qədər ana maşını havada saxlamağı bacarır.
Elm adamları bunu "hipermaternal reaksiya" adlandırırlar: ana
instinktinin yaratdığı an, bədənə qeyri-adi adrenalin verir və bir neçə saniyə ərzində ona fövqəlbəşəri
güc gəlir.
...Mənim anam, ola bilsin,
avtomobil qaldıra bilməzdi, amma o bundan daha çətinini etməyə qabil
idi. Etdi də - orta məktəbin, kitabxananın, hər hansı bir mədəniyyət müəssisəsinin
olmadığı ucqar dağ kəndində bir maarifçi, bir demokrat, bir müəllim, məktəb
qurucusu, jurnalist və... ən ümdəsi öz nəslinin, kökünün, irqinin bədii
taieyindən bəhs edən nəsr əsərləri yazan bir yazıçı yetişdirə bildi...
-15-
Vəzirdən
soruşdum, saat neçədir? Dedi, Qardaşım Qardaş, saat 14-dür.
Dedim, ədə, bu saat nə yaman yavaş gedir. Ya mənə belə gəlir?! Dedi,
xeyir, böyük ədib, bu ssenarini siz yazdığınızdan mən də, sarayın, bağışlayın,
Haqq qapısının bütün işçləri də bir şey edə bilmərik. Saat da sizindir, dəyqə də,
saniyə də...
Dalağım
sancdı. Necə yəni “ssenari?” Bu nə demək istəyir?
Bu
vaxt vəzirin təraş olmuş, kremlənmiş, ətirlənmiş halı diqqətimi cəlb etdi. (Ona tapşırmışdım
ki, mənim qıl-qıpdan zıhləm gedir, üz-başına əl gəzdirsin.)
-Bir
nəfər gəlib, amma... Keçmiş müxalifətçidir... Bəlkə qovum getsin?
-Müxalifət?!
Nə danışırsan?! İndi müxalifət var? Burax, burax içəri... Qoy gəlsin...
Ümidsiz
halda içəri girirb baş endirir.
Adam
çox sınıxıb. Əvvəllər yaxşı imici vardı. Sadəcə, ailəsində baş verənlər, daha
doğrusu, hakimiyyətin düzüb-qoşduğu olaylar onun nüfuzuna ciddi zərbə
vurduğundan səhhətində də problemlər yaranıb.
Ordan-burdan
danışırıq. Qəfil mövzunu dəyişib, maraqlı və tükürpədici bir əhvalat danışır...
Danışmır e, elə bil yazır. Hekayə yazırmış kimi...
(Qəribədir.
Burada, elə bil hamı yazıçıdır. İçi anamqarışıq mənimlə danışanlar sanki son dərəcə
istedadlıdır. Danışdıqları əhvalat adi əhvalat deyil, bir hekayədi. Hələ anamın
danışdığı o şir əhvalatı nə idi?! Qadın elə danışırdı ki, elə bil beşinciyəcən
oxuyan anam deyil, iki universitet qurtaran biri idi. Bizdə şirə heç vaxt aslan
deməyiblər, amma arvad aslan deyib durmuşdu. Danışdığı da müfəssəl bir hekayə
idi... Nəsə... Ya mənim yazıçılığımdandır bu olub bitənlər, ya da... Daha ya
dası yox ki!..)
“Onun yaşıl ilan gözləri iliyimə işləyirdi. Elə danışırdı, mənim kimi
qorxmaz azadlıq aşiqini də qorxudurdu. Düzdür, mən onun yanında özümü tox
tutmağa çalışırdım, amma bu həmişə alınmırdı. Çünki mənə demişdi ki, ovlarını
sındırmaq üçün onun xüsusi kəşfləri olub. Birinin şərti adı “falaqqa” imiş.
Ciddi-ciddi deyir, mən milli-mənəvi dəyərlərə bağlı adamam. Niyə fransızların
gilyotini olsun, bizim falaqqamız olmasın. Üç qarışlıq iki dəmir parçasını
qoyursan bir-birinin yanına, başlarına bir qarış dəmir svarkalayırsan. Sonra
ikisinin arasına dikinə bir dəmir də bərkidirsən. Daha sonra adına “klyuç”
dediyim iki ağızlı zamoku yerləşdirirsən dik dəmirə, fsyo... Falaqqa
hazırdır!.. Obyekti nə döyürsən, nə söyürsən. Yıxırsan yerə, ayaqlarını
keçirdirsən zamoklara, klyuçu burursan, falaqqa başlayır ayaqları sıxmağa...
Düzdür, bir az İspan çəkməsinə oxşayır, amma tam o deyil... Bu, milli
falaqqadır... Dərsini yaxşı bilməyənin ayaqlarını salırdılar ora,
burururdular qədimlərdə... Bizdə də belədir...
Zamok sıxıldıqca, obyekt inildəyir, sonra eşşək kimi anqırır, sonra quzu kimi mələyir...
Mələdimi? Hazırdır... Çıxart, ölüm hökmü yazsan, qol çəkəcək...
Bir
dəfə Qorxmaz adlı gənc dustağı bizim kameraya salmışdılar. (Hə, unutdum deməyi:
biz artıq bir həftədir ki, onunla bir kamerada qalırıq. Mən əvvəllər təkadamlıqda
idim. Sonra bir axşam onu gətirib saldılar yanıma. Əvvəlcə elə bildim oyundur.
Amma sonra gördüm yox, bunun özünün də vəziyyəti yaxşı deyil. Yaşlı adamdır, nə
qədər olmasa da, türmə türmədir.) İçəri girər-girməz Arpadarini gördü və bir də
baxdım ki, işədi şalvarına və tirtap yıxıldı yerə. Gədəni qaldırdıq ayağa. Üzünə
su çilədik, birtəhər ayıltdıq. Elə Arpadari də əl-ayaq eləyirdi ki, onu ayılda
bilək.
Nəhayət,
oğlan ayıldı və ayılan kimi ağlaya-ağlaya bağırdı:
-Məni
çıxardın burdan! Çıxardın məni bu kameradan!..
Mən
onu qucaqladım, özümə sıxıb dedim:
-Dayan
görüm, nə olub sənə?! Nədən qorxursan?! Bax, mən də burdayam...
Oğlan
handan-hana məni tanıdı və ağlamsındı:
-Almas
bəy... Sizsiz? Bəs bu adam burda neynir?! Mən onnan qorxuram... Nolar Almas bəy...
Eyyyy! Çıxardın məni burdan!...
Yenə
bağırmağa başladı və az sonra gəlib onu apardılar. Mən Arpadariyə baxıb nə baş
vediyini soruşdum. O siqaretini alışdırıb başını buladı.
-Bunun
dayısı milyoner idi... O keçmiş nazir
vardı e “Kozır” ləqəbli, villalarının, obyektlərinin sayını unudan...
Kozur ləqəbini elə-belə verməmişdilər ki. Dəhşət qumarbaz idi. Bir gecədə azı
bir milyon qoyurdu sekaya... Nəysə. Bu da onun cangüdənlərindən biri idi. Bir axşam
ovladı bizimkilər. Xırdalandakı podzemli bazamda bunu dindirdim. Çox o yan-bu
yannan sonra, dedim salın falaqqaya... Elə ras, dva... Mələdi... Sonra
dayısının hər sirrini açıb tökdü. Cibinə balaca aparat qoyub buraxdım. İki günə
“Kozır”ın videosu əlimdəydi. Nəydi o məşhur teleaparıcı, əzilə-əzilə şeir deyir
e... Hə, bax onunla kef çəkdiyi yerdə videosu... Dayısı on milyon qusdu, bu
heç... Amma bu qodux da özünü yaxşı aparmadı. Bir gün gəldi yanıma ki, bəs mənim
faizim hanı?.. Kimdən, kimdən, general Arpadaridən faiz istiyir!..
Ha-ha-ha...Haaaaa-ha! Dağıl, a dünya! Mənnən - allahın özünnən faiz istəyən
Arpadaridən bu dılğır faiz istəyir... Elə o vaxtdan boynuna zorrama hadisəsi
qoydurub attırmışam dama... Bir dəfə falaqqanı görüb. Ona görə verdi şalvara...
Kstati, mən özüm sənin kamerana salınmağımı xahiş eləmişəm... Sizin partiyanı
maliyyələşdirə bilərəm... Burda olmağıma baxma... Çöldə çox böyük imkanlarım
var... Sadəcə, mənim siyasi dustaq almağıma yardımçı olun... Səninlə bir şəkil
də çəkdirək burda... Vəkilimnən ötürüm mətbuata... Vsyo! Skaji svoy summu...
Mən
güldüm. Adam təəccüblə gülməyimə baxıb çiynini çəkdi:
-Niyə
gülürsən? Məgər sizin pula ehtiyacınız yoxdur? Var axı, bilirəm ki, xarici
qrantlar olmasa, batarsınız... Mən də olum daxili qrantınız... Sadəcə, məni
siyasi dustaq edin, vəssalam...
-Sən
bu “Falaqqa”nı müəllif agentliyinə göndər. Şimali Koreyada, Venesuelada,
Eriteriyada-filanda daha böyük qonararla istehsal edərlər, amma sanıram ki,
özümüzdə də biganə olmazlar...
Bir
az təəccüb, bir az da təşvişqarışıq ədayla üzümü baxır:
-Ciddisən?!
Mən bunu sənə sözgəlişi danışdım, amma sən... – Başını yerə dikib incik görkəm
alır. – Dolamısan məni? Amma mən sənə çox böyük ümidlə yaxınlaşmışdım... Bilirsən,
sən burdan tez çıxmağını da tezləşdirərsən, təklifimi qəbul etməklə...
-Arpadari,
sən bizi nə hesab edirsən?! Ağlın başındadı?! Tez çıxansan, özün çıx görüm! –
deyib üzümü divara çevirdim. O isə hələ də danışırdı.
-Bilirsən,
mənim kimisini burda çox saxlamazlar... Mən adi adam deyiləm ki... İntəhası,
tabeliyimdəkilər bir az tamahkir çıxdılar. Bir oğraş mayor vardı, sağ əlimdi.
Xeyli də pul qazandırmışdım ona. Yəni, tutalım ki, bir prorektordan iki milyon
almışdım, onun yüz mini bu mayorun idi. Çünki o əclaf həm ədazil idi, həm də
texnikalı idi - falaqqanı yaxşı işlədirdi. Ovu çox üzməzdi. Amma bir dəfə
zırrama bir biznesmeni biz lütləyib buraxandan sonra onu təkrar qapazlayıb, beş
yüz min də əlavə alıb... Bu cəhənnəmə e, bir zamministri necə falaqqaya
basmışdısa, insult keçirdi. Elə onnan sonra dönəlgəmiz döndü. Onu padzamok
basdılar içəri, məni də, görürsən, hələ ki, burdayam... Amma mən tez çıxacam, sən
başına qonmuş dövlət quşunnan imtina eləmə. Yazıqsan, bilirəm ki, düz-əməlli
ev-eşiyin də yoxdu, sənnən boşanan arvadın evi əlinnən alannan sonra təzə
arvadın qoltuğuna qısılıbısan – arvad evində yaşamağın sıxıntısını çəkdiyin
gözlərinnən bilinir – sizlər namuslu adam olursunuz axı...
-Sən
namusdan dəm vurma barı! Görürəm, dərsini yaxşı çalışmısan... Bəlkə, elə səni mənə
görə tutub bura salıblar?! Mənim ailəmin adını bir də ağzına alsan!......
Yerimdən
qalxıb bu qoca kaftarı əzişdirməkdən özümü güclə saxladım. O isə məni özünün
söz falaqqasına salıb sıxmaqda idi.
-Nə
deyirəm ki... Bu, sadəcə, bir təklifdi... Sənin yanına salınmağım isə adi bir təsadüfdür...
Yaxud mən belə istəmişəm ki, səni maddi sıxıntıdan xilas edim... Bir də özünə və
partiyanıza bir o qədər də arxayın olma... Sizin poyeziniz uje Biləcərini
çoxdan keçib...
Pis
başa düşməyin. Bu əclafı sınamaq istədim. Dedim, yaxşı, razıyam. Amma bir şərtim
var.
-Nə
şərt desən, mən indidən razı...
-Məni
bir həftəyəcən buradan çıxardın, dediyinizi edim.
Güldü.
Elə güldü ki, ruhum ağrıdı. Özümü alçaldılmış, namusuna təcavüz olunmuş adam
kimi hiss edirdim. Elə bil birinci həyat yoldaşım mətbuata çıxıb mənim haqqımda
hədyan danışdığı gün idi. (Guya mənim kişiliyim yoxmuş, qızlarım da məndən
deyilmiş... Daha dalısını deməyə dilim gəlmir. Əlbəttə, ayıq adamlar bilirdilər
ki, o bunları sifarişlə edir. Amma milyonların bundan xəbəri yoxdur axı! Tik-tok
kimi əcaib bir şəbəkənin ağzına düşdünsə, bu, Arpadarinin falaqqasından da betər
bir şeydir.) Amma daha söz ağzımnan çıxmışdı. Ona görə üzümü yenə divara
çevirdim.
İnanmazsınız,
düz dörd günün tamamında məni çağırıb kağız-qələm verdilər və dedilər ki, bu
kağızda yazılanların altınnan imzanı at, sonra onunla bir şəkil çəkdir, vəssalam,
azadsan...
Əlbəttə,
mən bunları etmədim. O məşhur əfsanədədə deyildiyi kimi bağırdım: “Məni
samanlığa qaytarın!”
Altı
ay sonra qoca generalı buraxdılar. Məni isə düz iki il orada saxladılar. Nəhayət,
əfv fərmanı ilə azad edildim...
Bunları
sizə niyə danışıram?
Bax,
o Arpadari (soyada bax sən allah!) kimiləri çağırıb tələb etmək olar ki, ölkənin
ağır günündə gətirib dövlətin xəzinəsinə müəyyən qədər, heç olmasa beş milyon
pul köçürsün... Bir də belələrini ev dustağı kimi cəmiyyətdən təcrid etmək
lazımdır. Yoxsa, onun kimilərin qorxunc zəkası ölkəni vəba kimi çənginə alar...
Hə, istəsəniz, o nadürüstü çağıranda mən də gəlim, sizə danışdıqlarımı sillə
kimi sifətinə çırpım...”
Adam
gedib. Getsə də, yerində acı, iyrənc bir xof qalıb. Onun təsvir etdiyi Arpadari
haqqında şəhərdə əfsanələr dolaşırdı. Guya keçmiş KKB şefi olan o nazirin adı
çıxıbmış. Bütün planları bu qururmuş. Hətta onun xüsusi yeraltı bunkeri də
varmış. Oğurladığı imkanlı adamları orada falaqqaya salırmış...
Beləsi
haqqında rəhmətlik Hüqo gözəl deyib:”Çörəyini qana batırıb yeyənlər...”
Onu
da danışırdılar ki, bu qoca general həmin bu müxalifətçini də sındırıbmış.
Arvadının, qızlarının onun haqqında internetdə görüntülü paylaşımları da, guya
onun işi imi...
İndi
bu belə desə də, Arpadari ilə şəkilini özüm görmüşdüm internetdə. Hətta şəkilaltı
yazı da vardı, təxminən belə: “Müxalifətin sıraları genişlənir...”
Gülməlidir.
“Avtobus müxalifəti”, nə bilim nə müxalifət vardı, amma “falaqqa müxalifəti”
ağıla gələn məsələ deyildi, onu da gördük...
-16-
Nahar
fasiləsinə çıxmağa hazırlaşsam da, vəzir boynunu büküb deyir:
-Qardaşım
qardaş, bir nəfər var, deyir, şairdir, yeni yazdığı şeiri sizə oxumaq istəyir...
Dedim, get, sonra gələrsən, dedi, acam, hara gedim? Qaldım naçar...
Gülümsündüm.
Əlimi əlimə sürtüb iştahla dedim:
-Vəzir,
mən bərk acmışam. O şairi də çağır, birlikdə nahar edək. Daha ac adamı qapıdan
qovası deyilik ha...
Mən
əl-üzümü yuyub nahar otağına girəndə əlim üzümdə qaldı. Bütün zamanlarda (yəni ədəbi
aləmdə olduğum bu əlli ildə) ən zəhləm gedən zümrə olan yaltaq şairlərin ən
yaltağı yemək masasının xas yerində əyləşib plov tıxışdırırdı. Məni
görcək qaşığı buraxıb, üstümə atıldı. Yağlı ağzını uzadıb üzümdən öpməyə çalşsa
da, imkan vermədim, uzatdığı əlini də geri qaytarıb yerimə keçdim. O isə heç nə
olmamış kimi irişə-irişə yenə yeməyə girişdi.
İştahım qaçsa da, yeməyə məcbur idim. Özümün sifariş verdiyim muxəşərli*
plovdan bir neçə qaşıq çəkdim, üstünə də toyuq döşü qoyub dedim:
-Sizi
hansı rüzgar atmış bura? Danış görüm, ölkədə nə var, nə yox? Şəhərdə nə
danışırlar?
Ağzındakı
yeməyi güclə udub dedi:
-Möhtərəm
prezident!..
-Mənə
qardaş deyə bilərsən. Mən elan etmişəm ki, bu gündən hamı ölkədə qardaşdır.
-Hə,
möhtərəm qardaş! Siz ölkə başçısı olandan ölkədə qurd quzu ilə otlayır. Hamının
kefi sazdır. Hamının...
Onun
sözünü kəsdim:
-Amma
mənə dedilər ki, siz ac imişsiniz?.. Hamının kefi necə sazdır ki... – Dalısını
deməyə özümə sığışdırmadım. Nə olsun tanıdığım şairlərin ən aşağısıdır... Onun
da heysiyyəti ola bilər...
Başını
aşağı saldı. Bir qədər susub qəfil ağlamağa başladı. Elə ağlaya-ağlaya dedi:
-Bilirsiniz,
mən bəxtsiz adamam. Nə qədər çalışsam da, prezident təqaüdü ala bilmədim... Gəldim ki, bəlkə, siz mənə bir
gün ağlayasınız... Təqaüdə adımı salsanız, siz salarsınız... Necə deyərlər,
yazıçı həmrəyliyi! – Qəfil ağladığı kimi qəfil də gülməyə başladı və sevincək
dilləndi:
-Mən
axı sizə şeir oxumaq istəyirdim... Olar oxuyum?
-Hələ
dayan, oxuyarsan, - dedim. – De görüm, hardasa işləyirsən?
-Yoo,
mən ömrümdə heç yerdə işləməmişəm. Mən azad sənətkaram... Möhtərəm...cənab...
eeee... qardaş prezident... Qarışdırdım ki...
-Yaxşı
yeməyini ye, sonra şeirini oxuyarsan... Təqaüdə gəldikdə isə, mən göstəriş
vermişəm, bütün fəxri adlar ləğv ediləcək, o cümlədən də prezident təqaüdü...
O,
çox inamsız halda üzümə baxıb gülümsəməyə çalışır.
-Onda
göstəriş verin, Mədəniyyət Nazirliyi, heç olmasa 500 kitabımı satın alsın... Mənim,
elə bütün yaradıcı adamların ümid yeri sizsiniz... Bəlkə şeiri oxuyum?
Başımla
“olar” işarəsi verib kənd çolpasının döşünü dişimə çəkdim.
O
isə ayağa durub sağ əlini ürəyinin üstünə qoyaraq pafosla şeir söyləməyə
başladı, əgər buna şeir demək mümkünsə:
-Siz
ey əngin fəzaların qəhrəman oğlu!
Sizə
bəsləmişəm bir kök qurbanlıq toğlu!
Ah,
tanrıdan naxışdır vəzifə payınız,
Görüm
hər vaxt şad olsun gününüz, ayınız...
Məni
gülmək tutur. O isə daha da şövqə gələrək oxumağındadır:
-...Allah
sizə vermiş hüsn, mərdlik nişanəsi,
Siz
oldunuz ölkəmin canlı əfsanəsi,
Səpdiniz
zəkanızla ləl, qızıl danəsi,
Görüm
hər vaxt şad olsun gününüz, ayınız...
Bərəkətlə, səxavətlə artsın soyunuz...
Əlimin
işarəsi ilə onu saxlayıram. İştahımı qaçırdan bu yalağa nə deyəcəyimi düşünəndə
başımdan ağrı qalxır. Bilirəm ki, bu bədbəxtin qəlbini qırmağa ürəyim gəlməyəcək,
necə olmasa da, adamdır, canlıdır. Bəs nə edim? Bunun cibinə xərclik qoysam,
gedib orda-burda danışacaq ki, ölkə başçısına şeir oxudum, mükafat verdi.
Qovsam, özümün ürəyim ağrıyacaq.
-------------------------------------------------------------------------------------
*Zoğalın tumunu çıxardıb qurudurlar ki, biz tərəflərdə
buna muxəşər deyərlər. Vaqifin “Bizim evdə axta zoğal da yoxdur” misrası da ona
işarədir.
Onu süfrədə qoyub, əlimi yumaq üçün tualetə gedirəm və vəzirin başını
görüb rahatlayıram.
-Köməyin
lazımdır. Bu yaltaq şairi necə yola salım ki, bu şeiri heç yerdə bir daha nə
oxusun, nə də sosial şəbəkəyə-zada qoymasın, biabır olarıq?
-Qardaşım
qardaş, onu mənə həvalə edin. Siz işinizdə olun... Hərdən yazılmayan yazıya,
yaxud yazdığını pozana da qonarar verilir. Biz də bu dəfə o cür edərik...
-Vəzir,
mənim, təxminən yarım saat sonra yatmam lazımdır. Bir saat gündüz yuxusu almalıyam...
Bu, illərdir qəbul edilmiş rejimdir...
-Buyurun,
siz istirahət edin, mən nə lazımdır, həll edərəm.
(Ardı
gələn həftə elə burada)

Yorumlar
Yorum Gönder