AZAD QARADƏRƏLİ KLEZİONNN “RAQA” ROMANI VƏ BİZİM QARADƏRƏNİN GÜZƏRGAHLARI
AZAD QARADƏRƏLİ
KLEZİONNN “RAQA” ROMANI VƏ BİZİM QARADƏRƏNİN GÜZƏRGAHLARI
(Nobel
mükafatçısı fransız yazıçısı J.M.Q. Lö Klezionun “Raqa” romanından bizə yansıyanlar)
Fransız
yazıçısı Nobel ödüllü J.M.Q. Lö Klezionun, təxminən, on beş il əvvəl oxuduğum
“Raqa” romanını niyə və nə vaxt təkrar oxumağa başladığımı heç cür izah edə
bilmirəm. Bu barədə bir status da yazmışdım: nadir hallarda bir əsəri iki dəfə
oxumağım olur. Amma olur. Məsələn, “Əlvida Gülsarı”nı da, haçansa ikinci dəfə
oxuyub feyziyyab olmuşdum...
Raqa
Okeaniyada yerləşən çoxsaylı adalardan biridir ki, yazıçının ata-babaları olan
fransızlar da daxil, avropalılar bu adalardakı aborgen əhalinin başında turp əkmişdilər...
Yazıçı
sanki bu əsəri yazmaqla ata-babalarının törətdiyi o vəhşiliklərə görə
üzürxahlıq etmək istəyib...
Bəs
o “üzürxahlıq” alınıbmı?
Alınıb.
Zatən alınmasaydı, mən nə o əsəri ikinci dəfə oxuyar, nə də bu yazını
yazardım...
Yox.
Düz olmadı. Mən bu əsərdə və ya bu Raqa adasında daha nələrsə gördüm ki, əslində
məni bu yazıya və həm də bu adaya bağlayan o “daha nələr”dir...
Bu
barədə bir az sonra...
***
Əsərin
ilk cümlələri oxucunu ağır söhbətə çağırır:”Afrikanı unudulmuş qitə hesab edirlər.
Okeaniya isə gözəgörünməz qitədir.”
Roman
o gözəgərünməz “qitə”nin içərilərinə doğru çəkir bizi.
Bir ailə əldəqayırma qayığa dolaraq uzaq adaya uzun yolçuluğa çıxıb – hədəf
bol məhsul verən torpaqlar fəth etməkdir. Yazıçının qələmi elə bu qayığın
ardınca düşür...
Müəllif
“Geri dönüşü olmayan səyahət” adlandırdığı parçada məhz qədim dövrün qayığını
da təsvir etməyi unutmur:”Uzun ağacların gövdəsinin içini kərki ilə çox çətinliklə
oyub, qayıqlar hazırlayırdılar” (kərki – arxeoloqlar buna edz deyir, ağacdan
hazırlanmış dəstəyə bərkidilmiş hamar daş).
Mötərizədə
verilmiş fikri israrla oxucuya xatırladıram – axı bu mənim də yazılarımda var.
Fikrimi iki tərzdə bir mötərizəsiz, bir də mötərizədə kursivlə çatdırıram. Bu
mötərizədən əvvəlki fikrin həm aydınlanmasına, həm də bir növ yeni fikrin təzahürünə
meydan açmış olur... (Yox, mən bunu Kleziodan oğurlamamışam, sadəcə, bəzi
hallarda fikir və yazı maneramız üst-üstə düşdüyü üçün ayrıca qeyd etdim.)
Qayıqda
anası Matantarenin qucağında uyuyan körpə, ucsuz-bucaqsız dəryanı seyr edən
qızcığaz Matankabi, yanlarında Matanasi, ondan aralıda ata Tabitan, bir az
aralıda qoca Matanseze və qəfəsdə saxladıqları diri donuz... Və qayığın
qabağında və arxasında sürətlə avar çəkən kişilər...
Qayığa
minəndə qoca Matansazedən soruşmuşdular ki, niyə Raqaya gedirsən? Maraqlı cavab
verir “ikicə dişini qıcardaraq: - Çünki burada adamları yeyirlər.”
Avar
çəkməkdən, aclıqdan və susuzluqdan əldən düşmüş kişilər qayığın yan-yörəsində
döşənib bayğın halda yatırlar.
Xəyallarında
boy verən əfsanəvi Raqa adası və onun sehrli Melsisi kəndi yolçuları indidən
özünə çəkir. Oranın bol suyundan doyunca içəcək, torpağını becərəcək, meyvələrindən
yeyəcəklər. Heç kimin onları təhdid etmədiyi əfsanələr diyarı Raqayadır səfərləri...
Əcəba,
doğrudanmı belədir?
***
Başlığa
fikir verdiniz yəqin? Bu yazıda Raqanı bizim Qaradərə ilə müqaisə cəhdi var. Nədən,
əcəba? Raqa dörd yanı su ilə əhatələnmiş bir ada ikən onu bir qədim Azərbaycan
kəndi, sonra çar Rusiyasına mənsub olsa da, öz yetirməsi Qaçaq Fərzalının sayəsində
az qala müstəüillik statusuna malik Şimali Azərbaycanın qosqoca kəndi, sonra
müstəqil Azərbaycan Cümhuruyyətinin, babam demişkən ənəhət* kəndi, lap sonra
Sovet Azərbaycanının gözdənçıxarılan kəndi və lap, lap, lapca sonda müstəqil Azərbaycanın
erməni daşnakları tərəfindən xarabaya qoyulan Qaradərə kəndi ilə necə müqaisə
etmək olar axı?!
Tələsməyin,
görəcəksiniz ki, Raqanın Melsisi bizim Qaradərənin ta eynisidir...
***
“Açıq
körfəzin üzərində sıldırım boz qayalara söykənən bir kənd...
...Kənd
sanki buludların yelləndiyi boz divara yapışıb...”
Burada
kəndin adı ilə adlanan gur dağ çayı Melsis axıb dənizə tökülür. Adada ən çox əzab
çəkən qadınlardır ki, yazıçıya da onlardan biri Şarlot bələdçilik edir...
...Sizi
indi bizim Qaradərə ilə tanış etmək istəyirəm.
“Kəndimizin
üstündə bir dağ vardı – Qaraquzey adında. İlin hansı vədəsi olur-olsun, o dağın
üstündə kosa saqqala oxşayan bir çəngə
qara bulud asılıb qaldımı, kövşəndəkilər, örüşdəkilər, zəmi yerindəkilər, xülasə,
bütün kənd əhli uşaqdan-böyüyə özünü sürüyüb salardılar evlərinə. Körpə quzuları,
buzov-çəpişi, hind quşu balalarını, cücəli toyuqları da heheləyib-kişləyib
doldurardılar pəyələrə. O buluddan xata əskik olmazdı.” (Bu mənim “Burda kişi
var?” hekayələr kitabımdandır.)
...Sonra
Raqaya işğalçılar gəlir... ingilislər... fransızlar... Və hər gələn bu adaya əzablar
gətirir...
Romandan:
“...bu yerlərin əhalisi inkişafdan və müasir həyatdan qismən uzaqlaşdılar, ta qədimdən
onların dadlarına çatan şeylərə - otlardan istifadəyə, adət-ənənə, nağıl və
xülyalara, antropoloqların kostom, adət-ənənə adı altında cəmləşdirdikləri
uydurma aləmə geri döndülər...”
Və
bu da oradandır: ”Əgər hər şey tamam başqa cür olsa idi, nəyə görə bu insanlar
yamaclardan uzaqlarda, adaya gəldikləri ilk vaxtda olduğu kimi keçilməz yüksəkliklərdə,
aralarında saatlarla məsafə olan qartal yuvalarında inadkarcasına yaşayaydılar
ki?”
...Gələk
bizim Qaradərəyə və Azad Qaradərəliyə...
1993-cü
ilin payızıdır. Qaradərəyə xəbər gəlib ki, erməni işğalçıları Qaradiz yolunu
bağlayıb, əhali yeganə nicat yolu kimi Araza toxuyub İrana keçmək üçün gücü
çatanından şəllənib Araz qırağına tələsir. Amma bir iş də var ki, qonşu uşağı 9
yaşlı Mürsəl kəndlə üzbəüz Qaladaşındakı qırğı yuvasına dırmaşıb, qalıb orda. Nə
irəli gedə bilir, nə geri. “...yuxarı qalxmağa başladım. Anladım ki, uşağı ürəkləndirməsəm,
oradan yıxıla bilər. Ona görə qalxdıqca ucadan danışmağa başladım:
-...Möhkəm
dayan. Mən artıq sənin yanına çatmağa azalmışam. Ora çatanda sən ayağının
birini mənim əlimin içinə qoyarsan. Sonra yavaş-yavaş birlikdə ordan enəcəyik...
Yolda
Mürsəlin ağlaya-ağlaya dediyi söz məni ilan kimi çaldı:
-Müəllim,
mən istəyirdim ki, Qaladaşındakı qalaçaya çıxam, sonra kəndimizin bütün
adamlarını da ora yığam ki, ermənilər gələndə bizi tapa bilməsinlər... Axı
deyirdilər, ordan o taya yol var... Bir də deyirdilər ki, siz mən yaşda olanda
ora çıxmısınız? O yol var?
Uşaq
hönkür-hönkür ağladı. Mən bütün yolların bağlandığını, təkcə Araza toxumalı
olduğumuzu bu körpə fidana necə deyəydim? Onun qəlbini necə qıraydım? Axı onlar
müəllimlərini hamıdan güclü sanırlar... Amma indi mənim də gücüm qalmamışdı.
Uşağa qoşulub ağlamamaq üçün ayaq götürüb irəli keçdim. Köhnə dəyirman yerinə
çatanda çiyinlərim sözümə baxmırdı.”
...Raqada
gəlirli işlərdən biri qadınların vip bitkisinin liflərindən toxuduğu həsir sənətidir...
Qaradərədə
isə, daha çox ipəkqurdu bəsləməklə qazanc əldə edirdi əhali.
“Barama
qurdunun qızğın yemlənən çağı idi. Camaat gecə-gündüz işləyirdi. Həyət-bacalarda
bir canlanma vardı ki, gəl görəsən! Tut yarpaqlarının üstündə harın-harın
uzanaraq bir ucdan “gövşəyən” ağappaq qurdlar elə hey yem istəyirdi. Adətən,
belə vaxtlarda baramaçıların digər işlərdən xəbəri olmaz, toyuq-cücə, mal-qara
bir müddət uşaq-muşaq ümidinə qalardı...” (Bu da mənim ilk kitabım olan
“Dumduru su”dandır.)
...Okeaniyadakı
bütün adalarda, o cümlədən də Raqada hətta 20-ci yüzilliyin əvvəllərinəcən qul
alveri mövcud idi. Yerli insanları avropalı insan tacirləri oğurlayaraq məcburi
əməyə cəlb edirdilər. Utanmaz-utanmaz buna blacbrid – qaratoyuq adı da
qoymuşdular...
...Qaçaq
Fərzalıya görə təhdid altında yaşayan Qaradərə kəninin camaatı dəfələrlə
sürgünlə hədələnmişdi ki, kəndin bağrından qopan, İranda, Ermənistanda və
Rusiyada Qaçaq Nəbidən sonra ən qorxunc qaçaq kimi tanınan Fərzalı 1928-ci ildə
silahı yerə qoyaraq dəstəsini buraxıb, xoşluqla hökumətə təslim olur...
“Qaradərə kəndi, bəlkə də SSRİ-də yeganə kənd
idi ki, bir dənə də olsun kommunist yox idi. (Babam Məmmədqulu deyirdi, gərək
ki, iyirmi dördüncü il idi. Bartazdakı firqə mərkəzindən məni çağırıb bolşeviklər
partiyasına üz yazdırdılar. Axı irayon mərkəzi də elə onda Bartaz kəndində idi.
Hə, elə ordaca bir az qalıntəhər dinişka verdilər – bu yəqin ki, rus sözü olan
“knijka”nın pozuq formada deyilişindən yaranan kəlmə imiş... Hə, babam deyirdi
ki, axşam evə gələndə dayım Fərzalı hirsli-hirsli çağırıb dedi ki, ə,
hardaydın, böyünnəri gözə dəyməmisən?
Dedim ki, bəs ay dayı, Bartaza firqə mərkəzinə çağırmışdılar, dedilər, səni
partiyaya qəbul elədik, oldun bolşevik. Sohra da bu dinişkanı verdilər...
Deyir, dinişkanı aldı, o üzünə, bı üzünə baxdı,
sohra iki bölüb atdı yerə, ayağıynan taptalayıb dedi: “Bir də belə yerələ əyağıı
qoysan, əyaxları verrəm güllənin ağzına!”
Sohra, bərqəs
onatılanı çəvirib əyağımın altını verdi güllənin qabağına...
İncəvara
güllələr yerə pərçim oldu, maa dəymədi...
Sonra babam danışırdı ki, o gecə Bartazdakı firqə mərkəzini oda verdilər,
mənim dinişkamın kötüyü də orda yandı. Onnan sohra day nə məni partiyadan
itirib axtardılar, nə də mən onları yadıma saldım.)
Ta
ki, səksənlərin əvvəlində meşə idarəsində sürücü işləyən əmim Kamran partiyaçı
oldu. Ondan 7-8 il sonra məni məktəb direktoru qoydular və yalnız bu zaman məlum
oldu ki, mən partiyanın üzvü deyiləm. Zor-xoş məni də partiyaya keçirdilər...
Keçirməsəydilər
kaş...
İki
il sonra 20 Yanvar faciəsi baş verdi və mənim kommunistliyim qursağımda qaldı –
biletimi təhvil verdim.
Sonra da kommunist partiyası gorbagor oldu.
1991-ci ildə dağıldı.
Beləcə,
Qaçaq Fərzalının kəndi balaca Qaradərə bu nəhəng partiyaya dov gələ bildi.
Hərdən, bizimkilərə zarafatla deyirəm ki,
kommunist partiyasını qaradərəlilərin inadı dağıtdı.
("Məndən
sonra" memuarından)
***
“Raqa”da
bir yer var. Onu oxuyanda dəhşətə gəldim. İçində kraliça II Yelizevetanın da
olduğu gəmi gəlir adaya və geri dönəndə özü ilə balaca qız uşağı Veveonu da
aparır. İllərdir ki, ada sakinləri o uşağın yolunu həsrətlə gözləyirlər.
Romandan
sətirlər:”...Ağalar balaca qız Veveonu əsir alıb, böyük gəmidə özləri ilə
apardılar, qız çığır-bağır salıb çox yalvardı, bununla belə onu buraxmadılar və
valideynləri o qızı bir daha görmədilər...
Bu
da Qaradərənin itgin “uşağı” barədə olanlar...
“Səttar
Abbasov belə xatırlayırdı: “Dayımın başçılığı ilə rus polku və sərhəd
zastavasının soldatlarına qarşı döyüşdə çoxlu saldat və onların başçısı
polkovnik Qulbinski öldürüldü. Ruslar meyidlərini at və öküz arabaları ilə
bizim kəndin içərisindən daşıyıb aparırdılar. Onda mənim 7-8, qardaşım Salehin
isə 3-4 yaşı olardı. Bu əhvalatdan 20 il keçəndən sonra kənddə iclas çağırdılar
və yerli kommunistlər qardaşım Salehin üzünə durdular. Guya o qaratikan koluyla
Qulbinskinin meyidinin ağzına vura-vura söyürmüş ona ki, sənin ağzını belə
eliyim, sən mənim dayıma güllə atmısan?.. (Söhbət 3-4 yaşlı uşaqdan gedir!) Elə
bu sözə görə Salehə 10 il iş verdilər. Yazıq qardaşım düz 10 il Qazaxstanın
çöllərində qaldı...” (Azad Qaradərəlinin “Qaçaq Fərzalı” uzun hekayəsindən.)
...Adada
ilk din bir ağacın koğuşunda oluşan “kilsə”də meydana gəlir...
...Qəribədir
ki, bizim Qaradərədə də pir, məhz çinar ağacının koğuşunda idi. “...kəndimiz
Qaradərədə bir Çinar piri vardı, adına Çeşməli piri deyərdilər. Rəvayətə görə,
bizim kənddə Hümbətalı adlı bir kişi olur. Gedib həmin çinar ağacının bir
budağını kəsir, odununu doğrayıb qatıra yükləyir və evə qayıdanda qatır qayadan
uçur, kişi yüklü qatırı saxlamaq istəyəndə özü də qatırla bərabər qayadan düşüb
ölür... Və o qayanın adı qalmışdı Hümbətalı uçan qaya...”
***
Müstəmləkəçilər
adalarda insanların torpağa bağlı olduqlarını görüb əsəbləşir, onları bu doğma
yerlərdən ayırmaq üçün öz əlləri ilə bu torpaqlara böyürtkən və qaratikan
toxumu səpdirirlər ki, torpaqdan əl çəkib, onların plantasiyalarında qul kimi
işləməyə razı olsunlar...
...Sovet
höküməti də Qaradərə camaatının çəltik və buğda sahələrinə məcburi qaydada
pambıq əkdirmişdi ki, bu quldarlıq peşəsi bizim kəndin adamlarını, sözün əsil mənasında
qula çevirmişdi – var-yoxdan çıxmış, əlləri mal-heyvan və əkin-biçindən uzaq
düşmüş, yalnız Sovetlərin pambıq tarlasında günün altında çalışmağa məcbur
edilmişdilər. Nə yazıq ki, bunun da nəticəsi acınacaqlı oldu – pambıq təzəcə
ağarmağa başlayanda yağışlar başlayardı, pambıq tələf olardı, insanların əlləri
boş qalardı...
***
“...Matantare,
Tabitan və Matanvip qayıqlardan enib, iki həftəlik səfərdən sonra ilk dəfə
torpağa ayaq basdılar. Onlar daha heç vaxt bu torpağı tərk etməyəcəkdilər...”
...Təəssüf
ki, rusların havadarlığı ilə ermənilərin işğal etdikləri torpağa hələ də dönə
bilməyən qaradərəlilər, bütün qarabağlılar kimi otuz il işğal altında talan
edilmiş, tam dağıdılmış o torpaqlarda quracaqları güzəranın həsrəti ilə
yaşayırlar...
Otuz
ildən çoxdur o torpaqlarda nə insan doğulur, nə də ölü dəfn edilir...
Doğma
insanından uzaq düşmüş torpaqlar insan üçün bərk acıxıb. Həm dirisi üçün, həm
ölüsü üçün...
02.07
- 02.08.2026.
----------------------------------------------------------------------------------
*Ənəhət, yaxud anahat – mənası azad,
asılı olmayan deməkdir. Çox güman ki, hansısa sözün deformasiyaya uğramış şəklidir.
Bizim kənddə, yaxud Baharlı çayına aid olan kənd-parada işlənən sözdür. Güman
ki, 20-ci əsrin əvvəllərində çar Rusiyasının çöküşündən sonra yaranan dövrə
işarə olaraq meydana gələn deyimdir.


Yorumlar
Yorum Gönder