AZAD QARADƏRƏLİ AYLANIN MAHNISI (Müəllifin uşaq hekayələrindən nümunələr)

 

 

 

                        AZAD QARADƏRƏLİ

 

               AYLANIN  MAHNISI

             (Müəllifin uşaq hekayələrindən nümunələr)

 


 

                         AYLANIN SAÇLARI

  

            Ayla hələ çox balacadır. Əllərini tərpədib ora-bura baxır, qığıldayır.

            Amma onun uzun, şabalıdı saçları var. Bir gün Aylanın saçlarına diqqətlə baxan Pakizə anasına dedi:

            -Ana, Aylanın saçı niyə uzundu?

            Anası gülümsünüb dedi:

            -Gözəlim, sənin saçını qırxmışıq ki, təzəsi gəlsin.Tezliklə saçların

uzanacaq.

 

                            ULDUZ YAĞIŞI

 

           

         Pakinin dostu Ayla hələ çox balacadır. İki yaşına yenicə girib. Yeriyir, yıxılır, durub qaçır, qaçır. Yenə yıxılır... Hər dəfə də yıxılanda bir oyuncağını da özüylə yıxıb sındırır.

            O bu günlərdə evlərinin yanındakı “Kualo parkı”nda oynayanda yenə yıxıldı. Üstündə ulduzlar sayrışan oyuncağı da daşın üstünə düşüb qırıldı. Düyməsini basanda şən musiqi çalınan, rəngbərəng ulduzlar görünən oyuncağın düyməsi də əzilmişdi, ulduzları da.

            Hələ beş-altı söz bilən, eşitdiyi sözləri tutuquşu kimi təkrarlayan qızcığaz həm ağrıyan ayağını, həm də sınmış oyuncağını göstərib deyirdi:

            -Ul-du-jum uf oldu...

            ...Axşam atası göydə sayrışan ulduzları Aylaya göstərib dedi:

            -Bax, gör sənin nə qədər ulduzun var.

            Ayla o gündən gecələr gözünü göylərdən çəkmir. O bu ulduz yağışına heyranlıqla baxır və özünün yeni “oyuncaq”ları ilə oynayırdı.

 

                              PAKİZƏNİN AYLAYA MƏKTUBU

 

    Paki eşitmişdi ki, dostlar bir-birinə məktub yazırlar. O da Aylaya məktub yazmaq istəyirdi. Amma necə yazsın? Axı o hələ hərfləri tanımır. Çox düşündü, daşındı, axırı götürüb bir qız şəkli çəkdi. Özü kimi qızın paltarı qırmızı, çantası göy, ayaqqabısı isə palıdrəngi idi. O, şəkli babasına göstərib dedi:

   -Bunu Aylaya ver, de ki, Paki belə qızdı. Qoy yazsın göyək o necədi?

   Baba bu qəribə məktubu “oxuyub”  qəhqəhə ilə güldü və dedi:

   -Sağ ol, mənim balam, tezliklə hərfləri öyrənib əsl məktub da yazarsan.

 

                    

                             AYLANIN  AD GÜNÜNDƏ

 

   Aylanın ad gününə bir gün qalmışdı. Qohumları, yaxınları bu  balaca qızın bir yaşını qeyd etmək üçün əməlli-başlı hazırlıq görürdülər. Babası onun şəklini sifariş verdiyi tortun üstünə vurdurub, altından da yazdırmışdı: ”Bir yaşın mübarək!”

   Paki bütün bunları görür və nəsə yeni bir şeylə Aylanı təbrik etmək istəyirdi. İstəyirdi ki, onun təbrikini heç kim təkrarlamasın. Fikirləşdi, fikirləşdi, axırı tapdı. Necə? Tələsməyin, qoy ad günü başlasın, deyəcəyəm.

   ...Hə... Ad günü başladı. İlk olaraq üstündə Aylanın şəkli olan tortun yanlarına düzülmüş şamı yandırdılar. Sonra Ayla püfləyib şamı söndürdü. Elə bu vaxt Paki qabağa keçib dedi:

   -Mən Aylaya bir şeyir oxumaq istəyiyəm, hamı qulaq assın.

                          Ayla gözəl bir qızdı,

                          Gözləri də ulduzdu!

   Hamı əl çaldı. Pakinin öz gözləri isə doğrudan da, ulduz kimi parıldayırdı. Elə Aylanın da.

 

 

                                    TƏBRİZ HARADIR, BABA?

 

   Pakı bir dəfə Aylagildə heç vaxt görmədiyi qonaqlar gördü. Anasından onların kim olduqlarını soruşdu. Ana dedi:

   -Yaxşısı budur, babandan soruş.

   Baba dedi:

   -Bu xanım Aylanın nənəsidir, bu oğlan əmisidir, bu qız da bibisidir. Onlar Təbrizdən gəliblər. Axı Aylanın atası Təbrizdəndir.

   Qız deyəsən bir şey anlamamışdı, təkrar soruşdu:

   -Bəs Təbyiz haradır, baba?

   Baba ah çəkdi:

   -Təbriz bizim ən uzaq, həm də ən yaxın şəhərimizdir.

   Qızcığaz yenə bir şey başa düşmədi:

    -Həm uzaq, həm də yaxın?

    Baba uşağı necə başa salacağını fikirləşib günəşə baxdı və dedi:

    -Bax, günəş çox uzaqdadı, amma həm də işığı, istisi bizə tez çatır… Təbriz də onun kimidi… Böyüyəndə biləcəksən bunları.   

 

 

                        SENTYABR HƏSRƏTİ

 

                

 

            Aylanın dörd yaşı var. Onun çoxlu oyuncaqları var. Səbinə və Pakizə kimi o da tez məktəbə getmək istəyir. Qonşularındakı məktəbyaşlı uşaqların sentyabr gələndə məktəbə hazırlaçdıqlarını görüb oyuncaqlarını bir kənara atdı, əl-ayağa düşməyə başladı. Hər gün gedib həyətdəki gavalı ağacının dibində durur, əlini ağacın budağına uzadırdı. Amma əli budağa çatmırdı ki, çatmırdı. Bəs niyə belə eləyirdi? İş ondaydı ki, qonşularındakı Rüstəm adlı nadinc bir oğlan ona demişdi ki, haçan sənin əlin o gavalı ağacının budağına çatsa, onda sən məktəbə gedəcəksən. Qız da neçə vaxt idi ki, bu gavalının budağına baxa-baxa qalmışdı.

            Bir gün babası Aylanın gavalının budağına həsrətlə boylandığını gördü. Məsələnin nə yerdə olduğunu biləndə gülümsünüb dedi:

            -Mənim qəşəng balam, sən böyüdükcə gavalı da böyüyür axı! Belə getsə, sənin əlin o budağa heç vaxt çatmaz. Amma bu o demək deyil ki, sən heç vaxt məktəbə getməyəcəksən.

            -Bəs mən haçan məktəbə gedəcəyəm?-deyə Ayla  mızıldandı.

            Baba onun barmaqlarını qatladı və dedi:

            -Gəl sayaq.

            Qız qatladığı barmaqlarını saymağa başladı:

            -Bir, iki, üç, dörd...

            Baba dedi:

            -Dayan görüm, bəs dörddən sonra nə gəlir,

            -Beş...

            -Bəs beşdən sonra?

            -Altı.

            -Ay sağ ol, bax, altı yaşın olanda sən məktəbə gedəcəksən.

            Ayla sevincək Pakizəgilə tərəf qaçmaq istəyirdi ki, gözü gavalı ağacına sataşdı. Elə bil gavalının budağı bir az aşağı əyilmişdi.

 

 

                                 SƏNİN YERİN

 

 

          Ayla Pakizəgilə qonaq gəlmişdi. Onların evi evi ikimərtəbəlidir. O, hər gün evlərinin pəncərəsindən

Uzaqlara baxmağı xoşlayır. Hərdən də göy üzündə süzə-süzə elektrik məftillərinin üstünə dəstə ilə qonub oynaşan göyərçinlərə tamaşa edir. Hər dəfə də qardaşı Fəxri pəncərəyə tərəf gəlir, onu kənara itələyir, özü baxmaq istəyirdi. Buna görə də az qala hər gün onlar bunun üstündə dalaşır, küsüşür, barışırdılar.

            Bir dəfə bibiləri  qızı Ayla onlara gəlmişdi. Qızlar baş-başa verib pəncərədən çölə baxışır, nə barədə isə söhbət edirdilər. Bu vaxt Fəxri onlara tərəf gəldi və ucadan dedi:

            -Bura mənim pəncərəmdi, çəkilin!

            Qızlar çəkilmək istəmədilər, nəticədə səs-küy düşdü. Səsə babaları da gəldi və işdən agah olanda dedi:

            -Balalarım, bu ev də, onun qapısı, pəncərəsi də burada yaşayanların hamısınındır. O ki qaldı hər kəsin öz yerinə, bax, bu ayrı məsələdi. Siz yaxşı oxumaqla, yaxşı tərbiyə almaqla gələcəkdə öz yerinizi tapa biləcəksiniz. İndi isə bax, o göyərçinlər kimi mehriman olun, bir-birinizi sevin.

            Göyərçinlər elektrik məftillərinin üstünə sıra ilə qonmuşdular. Hamısına yer çatırdı.

 

 

                       

                                       BUZ

 

 

            Fəxrinin üç, Aylanın isə ondan bir qədər  az yaşı  var. Keçən il hər tərəf buz bağlayanda Fəxri navalçalardan sallanan buza baxıb qışqırmışdı:

          -Ayla bax, Qənd!Qənd, qənd, qənd!

          Ayla sevincək qışqırmışdı:

          -Mən qənd istiyirəm! Qənd, qənd, qənd!

          Bacısı bunu görüb buzdan bir az qırıb onlara verdi. Fəxri buzi bir az əlində saxlayıb qışqırdı:

         -Uyyy!Əlim yandı ki! Qənd əlimi yandırdı!

         Ayla da qışqırdı:

        -Qaqaş, qənd mənim əlimi üşütdü! Üşütdü!

         Bacısı onların əlindəki buzu alıb dedi:

        -Uşaqlar, bu qənd deyil, buzdu. Su donub buz olub!

         Onlar ilk dəfə tanıdıqları buzlara baxıb qışqırdılar:

         -Buz, buz, buz! Ura, biz buz görmüşük!

 

 

                                            YEMLİK

 

 

             Pakizə  dostları Ayla, Fəxri, Ayxan və balaca Əli ilə birlikdə yaylaqda gəzirdilər. Birdən hələ təzəcə ayaq tutub yeriyən Əli özünü kolluqda dalğalanan sarı-sarı güllərə tərəf atdı. Uşaqlar hamısı bu sarı güllərə heyranlıqla baxırdılar. Ayla dedi:

            -Mən bilirəm. Bunlar balaca günəbaxandılar...

            Fəxri kəvərə oxşayan yarpaqları olan bu sarı çiçəkli bitkinin birini kolun içindən ehtiyatla dərdi və dedi:

            -Yox, Ayla, məncə bu başqa bitkidir... Günəbaxan çox yekə olur.

            Pakizə onlara yaxınlaşan babalarını görüb dilləndi:

            -Mən də tanımıram bu bitkini. Gəlin babamızdan soruşaq.

            Baba əlini uzadıb qırılmış yerindən  südə oxşar maye damlayan  bitkidən ən tərinin birini üzdü, sonra ağzına aparıb ləzzətlə çeynəyərək udub dedi:

            -Ayla düz deyir: bu kiçik günəbaxana oxşayır. Amma o deyil. Bu pencərin  adı yemlikdir... Biz siz yaşda olanda dərələrimizdən bunlardan çoxlu yığar, yeyərdik... Yemlik insan üçün çox faydalı bitkidir. Həm də gözəl görünüşlü gülü var.

            Uşaqlar babanın sözündən ruhlanaraq kolların arasında bitmiş bu sarı çiçəkli bitkidən çoxlu-çoxlu dərib yedilər. Həm də sevindilər ki, bu gün bir yeni bitkini tanıdılar.

 

 

                        “QARAGÖZ BOY-BOY-BOY!”,

                                yaxud on iki il sonra

 

            Ayla babasıgilə gələndə dayısıqızı Pakizə ilə hökmən görüşər, oynayardılar.

            Beş yaşı olanda bir dəfə yenə onlar babagilin həyətində görüşüb oynayırdılar. Ayla Pakiyə dedi ki, mən təzə bir mahnı öyrənmişəm, istəyirsən, səninçün oxuyum?

            Paki dedi, yaxşı, oxu.

            Ayla nənəsinin kəlağayısını başına salıb, şirin bir səslə oxumağa başladı:

            Burdan iki pəri gələr,

            Gələr nazlana-nazlana...

            Aşiqinin könlün alar,

            Alar nazlana-nazlana...

            Qaragöz boy-boy-boy...

            ...Bu əhvalatdan düz on iki il sonra Ayla Daşkənd Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olundu...

            Özbəkistana yola düşməzdən əvvəl babasının ona hədiyyə etdiyi lüğətdən özbək dilinə aid sözlərin mənasını öyrənmək istəyəndə sevindi. Bizim sözlərlə özbək sözləri çox yaxın idi:

            Kənd – qişloq (kişlok)

            Şəhər – shahar (şaxar)

            Oğlan – oqil bala

            Qız – qiz (kiz)

            Salam – solom

            Sağ ol – rəhmət və sair...

            Bir də axı Ayla orada ingiliscə təhsil alacaqdı...

            Paki, Fəxri (o da bu il Çində ali məktəbə qəbul olunub), Dilşad, Murad, Əli, Mələk, Şahin, Atilla Aylanı təbrik edib uğur arzuladılar.

            Babası da alnından öpüb dedi:

            -Baba qurban, “Qaragöz boy-boy”u orda da oxuyarsan.

            Uşaqlar gülüşdülər...

 

 

 

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman