AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman

                              AZAD QARADƏRƏLİ 


                                  BAŞ NAZİRİN FRAKI

                                        roman




 

 

 

 

                                Allahım, ilk öncə dağa, daşa ver, ormana, heyvanlara, suya ver. Ondan sonra  

                              insanlara, qapı qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”

                                                                                                                (Əski türk dualarından)

 

 

                                                                                 ***

 

 

                                   “Münəccimbaşı ərz elədi ki:

                                     -Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən  belə məlum olur ki,  

                                    Novruzdan on beş gün keçmiş  Mərrixin Əqrəb  ilə  iqtiranı vaqe olacaq və bu 

                                    qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-

                                   səltənətin vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən  ki, asitaneyi-

                                   səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti                                         piş- əz-hadisə qibleyi-aləmə məruz edim.”*

                                                                                            (M.F.Axundov “Aldanmış kəvakıb”)

 

 

                                                                                   ***

 

 

                         “İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya çoxdan düzəlmişdi...”

                                                                                                                       Yazıçının cib dəftərindən

             

           

 

 

 

 

 

 

 

 

----------------------------------------------------------------------

*Anlamı:

 “Münəccimbaşı dedi ki:

  - Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş gün  keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir  səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə     

borc bildim...” 



                        BEŞİNCİ BÖLÜM


           

             -20-

 

            İKİNCİ SƏFƏR

 

 

                                                   Qadına hərdən hökm etmək üçün, gərək həmişə onun itaətində durasan.

                                                                                                                                 V.Hüqo

 

                                                        Gözəl qadın almaz kimidir, onu əldə etmək üçün                          

                                                                                                                                                                                                                                                                               döyüşməlisən.                                                                                                                                               A.Qaradərəli

                        

            Burdakı epiqrafın biri babama məxsusdur. Hansısa əsərində deyib bunu. Digər epiqraf isə onun sevdiyi yazıçı Hüqonundur. Bu səfərin sirri bu iki yazıçının aforizmində gizlənib. Siz onu çözüncən mən söhbətimə, daha doğrusu yazıma davam edim.

 

                                               ***

 

            Bu səfər, əslində bir qədər qeyri-adidir. Belə deyək, rəsmi səfər deyil. Maliyyələşdirəni, “get” deyəni, arxasında duranı yoxdur. Düzdür, bizi bir nazirlik yola salıb, amma... Belə, necə deyim, rəsmi sərəncam-filan yoxdur ortada. Səfərin qayəsi də, belə bir az rus demiş, qrubı çıxmasın, baş-götdür. Məqsədimiz, guya haylar yaşayan sərhədləri tədqiq etməkdir, amma bu ad altında biz rast gələcəyimiz kəndlərdə qız uşaqları ilə bağlı...

            Yox, yenə olmadı.

            Qoy təzədən başlayım...

             Ölkədə iki böyük problemimiz var. Biri haqqında BİRİNCİ SƏFƏR yazısında bəhs etmişəm. O biri isə QIZ məsələsidir.

            Qız məsələsinə başlamazdan öncə onu qeyd edim ki, bu iki ayrı-ayrı problemin oxşar və hətta yaxın tərəfləri var. Birincisi, qızlar da su kimidir, murdarlıq götürməz. Hətta bütün insanlıq kimi qızlar da su ilə pak olarlar. İkincisi, qızlar da su kimi təmiz və arı olarlar. Bu arı sözü özü də bir zaman təmiz mənasını verib, heyf ki, yüz ilə yaxındır ki, leksikonumuzdan çıxıb. Arı demişkən, Eynşteyn deyirdi ki, arılar, daha çox isə bal arıları məhv olub qurtaranda insanlığın da sonu gələcək. Mənim babam yazıçı Azad Qaradərəli isə yazırdı ki, balıqlar tükənəndə insanıq məhv olacaq...

            (Bu qız məsələsinə istəyirəm bir az köklü yanaşam. Deyim ki, məndən əvvəl də bu faciəni dərk edən, əsərlərində ona toxunan yazıçılar olub. Görkəmli Livan yazıçısı Emin Maaloufun  “Beatricədən sonra birinci yüz il”, mənim babam Azad Qaradərəlinin “Morq içəkləri” romanlarında qız uşaqlarının ana bətnində məhv edilməsi ağrılı bir dildə təsvir edilib. Hətta Emin Maalofun əsərində Misirdə qadının bətnindəki qız uşağını oğlana çevirən bir möcüzəli həbdən bəhs edilir...)

            Demək birinci səfərdə məşhur fizik Stiven Hokinkdən gətirdiyimiz misal öz qorxuncluğunu qorumaqdadır...

            Bəli, bəli, biz ölkədə, o cümlədən dünyada böyük fəlakətlərlə üz-üzəyik. Ən böyük fəlakətimiz isə qızların yoxa çıxmasıdır. Hə. Nə yazıq ki, indi on oğlana bir qız düşür. Ona görə də, qız üstündə bir-birini bıçaqlayan, güllələyən gənclərə tez-tez rast gələ bilərsiniz. Dədələrimizin oğlan aşiqliyi nəslimizin kəsilməsinə gətirib çıxartmaq üzrədir. İllərdir ki, ölkəmizdə əhali artımında böyük durğunluq var...

            Qadınlar hamilə olan kimi ərlərinin dutkası ilə (vallah əvvəllər ərləri tələb etsə də, indi özləri daha çox istəyirlər!) aparata qaçırlar ki, uşağın cinsiyyətini öyrənsinlər. Qızdırsa, abort etdirirlər...

            Ay kişi, indi ya bir uşaq saxlayırlar, ya da heç ümumən doğmurlar. Qadın var ki, məmələri qız məməsi kimidir. Elə başqa yerləri də. Hə də, doğmayan, uşaq əmizdirməyən qadın nə olasıdır ki!?

            ...Bu səfər həm qorxunc, həm də vahiməlidir. Ona görə ki, arxamızda kimsə yoxdur. Nə helikopter, nə süni intellekt köməyimizə çatan deyil. Biz bu səfərə özümüz qərar vermişik. Ölümə gedənlərin, kamikadzelərin səfəridir bu...

            Tanka oxşayan maşınımız bu yerlərdə əl vermədi. Həm sərt dağlar var, həm də maşının hansısa hissəsində nasazlıq olduğundan ondan istifadə edəsi olmadıq.

            (Sizə deyim ki, əgər təhlükə ilə üzləşsək, hər birimizin yalnız bircə dəfə istifadə edə biləcəyimiz aeromobilimiz - qısaca biz ona amobil deyirik - var. Kürək nahiyəmizdə çip formasında yerləşdirilən o kiçik aparatın düyməsi sağ sinəmizdəki cihaza bənddir. Əgər təhlükə hiss etsək, o düyməni basmaq kifayətdir. Sonra kürəyimizdəki cihaz işə düşür, qanad formasında açılır və bizi havaya qaldırır. Təxminən 30 kilometrəcən uça bilmək ehtimalımız var. Ən yaxın, ən səliqəli yerdə enməyi də cihaz özü müəyyən edir. Sadəcə, bu şansdan bir dəfə yararlana bilərik. Çünki sonrakı mərhələdə cihazı şəbəkəyə qoşmaq və 5-6 saat gözləmək lazım gəlir... Ayağımıza bağlı uçan aparatdan isə bu səfərdə tez-tez yararlanırıq. Amma ondan da az istifadə edirik. Tapşırıq var ki, mümkün qədər ayaqla gəzək ki, lazimi tədqiqat işlərini da rahat görə bilək.)

            ...Yalnız xarabalıqları qalmış Örd (Ördəkli) kəndinin ərazisində bircə yerdə sızqa bulaq tapdıq. Onu da bir az qazan kimi su batdı. Bulaq çıxartmaq anlayışımız yox idi deyə, nə edəcəyimizi bilmirdik. Hətta Şah Abbası taxtda, Nadiri qundaqda görən bələdçimiz El də bizə kömək edə bilmədi. Yalnız Ze köməyimizə çatdı. Onun proqramında bunun texniki tərəfi varmış.

            Zenin təklifi ilə bulağı dikinə deyil, dolayısına qazmağa başladıq. (Bir vaxtlar bizim kəndlərimizdə varmış bu texnika. Kəhriz deyilən daha böyük bulaqların qazıntısında o üsuldan istifadə olunurmuş.) Bir xeyli qazandan sonra batan su üzə çıxdı və bir qədər axandan sonra duruldu. Yanan ürəyimizi su ilə söndürdük. Qab-qaşığımızı da doldurub xəritəyə əsasən Şəf (Şəfibəyli) kəndinə doğru irəliləməyə başladıq.

            Bu çaylaq ilə irəlilədikcə dəhşətli bir mənzərə ilə rastlaşdıq. Burada vaxtilə Avropada birinci, dünyada ikinci olmuş çinar meşəsi varmış. İndi o çinar ağaclarının yerində tək-tük quru çinarlar gözə dəyir ki, onlar da qurumuş qollarını göylərə uzadıb imdad diləyən ağac ruhlarına bənzəyirdi. Hətta vaxtilə torpağın köksünə sancılan bu əzəmətli ağacların bəziləri susuzluqdan quruyaraq o qədər  zəifləyib ki, himə bənddir, biri onu itələsin, aşıb yerə yıxılacaq...

            Mən bu fəlakət meşəsi ilə irəlilədikcə ölü meşənin xoflu səslərini eşitdim:

            -Uuuuuuuuuu... Huuuuuuuuu... Yuuuuuuuuu.... – kimi səslər qulağıma dolduqca özümü qorxunc bir aləmdəki kimi hiss etdim və az qaldım, bələdçimiz və ümumi rəhbərimiz Elə üz tutub, yalvaram ki, gəlin, geri dönək. Amma fikrimdən daşındım. Çünki yaşım otuz ikiyə çatsa da, hələ də əlim bir qadın əlinə dəyməyib. Hə, doğru sözümdür. Kitablarda yazılır ki, vaxtilə fahişələr, fahişəxanalar olub ki, kişilər, mənim kimi gənclər orada ilk dəfə qadın görüblər. İndi qadın var ki, fahişə də olsun? Hə, fahişə kişilər var əvəzində. Üzünü, sinəsini lazerlə təmizlədən, qadın kimi danışan, qadın kimi geyinən, mənim kimi bir çox gəncləri yoldan çıxardan belələrinə mən pis baxıram. Pis baxıram nədi, iyrənirəm.

            Arada istədim ki, mən də çıxıb Moskva respublikasına gedəm, ya da elə hələ də ölkəsində çoxlu ruslar yaşayan Qazaxıstana ki, bəlkə özümlə bir rus qızı tapıb gətirəm. Onu da edə bilmədim. Bu səfər məsələsi ortaya çıxdı, anam dedi ki, oralar bizim ata-baba torpaqlarımızdır, bəlkə gedəsən, bir xəbər gətirəsən? Mən də razılaşdım.

            (Qoy mötərizədə də olsa yazım – bu mötərizə məsələsi mənim babam sayılan və adını daşıdığım yazıçımızdan qalmadır, o da hekayə və romanlarında çoxlu-çoxlu mötərizələr açarmış. Düzdür, mən o kitabların hamısını oxuya bilməmişəm, amma bir-ikisini anamın xahişi ilə oxuyası oldum... Hə, sözüm bu açdığım mötərizədə. Deməli, anamın xahişi və verdiyi yol xəritəsi ilə bir gecə Zeni də yanıma alıb babamın xarabalıqları qalan evinə getdim. Bilmirəm, 2020-ci ildə bu torpaqlar haylardan təmizlənəndən sonra niyə babamgil bu evin yerində yeni bir ev tikdirməyiblər? Axı babam tanınmış yazıçı idi. Hər halda o müraciət etsəydi, bəlkə, ona bir ev tikib bağışlayan olardı. Lakin ümumən bu kənddə İkinci Qarabağ savaşından sonra evlər bərpa olunmayıb. Çox da uzaq tarix deyil, amma mən bunu araşdırmamışam. Gərək mütləq bunu öyrənəydim. Bir rahat saatda gərək anamla vedefonla danışım, görüm bu nə məsələ imiş?)

            Bax, Zenin verdiyi məlumata görə, bu keçdiyimiz ərazinin adı Çərçi bağı imiş. Nə bağ canım, burada heç bağdan nişanə də yoxdur. Bəs, görək bu çərçi nə imiş? Hə, Ze məlumat göndərdi ki, “çərçi” qapı-qapı gəzərək xırdavat satana deyirmişlər.

            Burada bir dağdağan ağacına rast gəlirik. Yeganə ağacdır ki, qurumayıb. Kölgəsində dincimizi alırıq. El sözə başlayır:

            -Bilirsiniz ki, bitməz işə qol qoymuşuq. Əslində, qəti olaraq bu səfərə qarşı idim və lazimi yerə məlumat ötürüb, önünüzü kəsəcəkdim. Amma mənim də dərdim var. Beş nəvəm qız üzündən ailə qura bilməyib. Yalnız biri 45 yaşında keçən il öz tayfamızdan olan bir qız ilə evləndi. Mən də sizə ona görə qoşuldum ki, əgər getdiyimiz yerlərdə qızdan, qadınnan tapsaq, mən də heç olmasa, birini nəvələrimnən birinə apararam... İndi sözümün ardını dinləyin. Getdiyimiz yerlərdə haylara rast gəlsək, qəti silah işlətmək olmaz. Yalnız al-dillə danışmaq lazımdır. Bir də, hər kəs azuqə barədə də düşünməlidir. Mən eşitmişdim ki, bu meşədə hinduşka boyda quşlar olurmuş ki, adına keygidar deyirmişlər. Əgər hansınız o quşun özünə, yuvasına rast gəlsəniz, çalışın, ya özünü, ya yumurtasını əldə edək ki, ərzaq təminatımıza yardım etmiş olsun. Suya da qənaət edin...

 

                                               ***

                                                          

            Quraqlıq ilk növbədə ən hündür ağaclara təsir etmişdi – ya hamısı quruyub yerə yıxılmışdı, ya da tək-tük orda-burda qupquru budaqlarının səssiz harayını göyə tuşlamışdı.

            Ağacların quruması təkcə onların faciəsi deyildi. Bu ərazidə yaşayan yüzlərlə quş növü yuva qurmağa ağac olmadığı üçün qurd-quşa yem olmuş, nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalmışdı. Təkcə əti yeyilən turac, qırqovul, çöl toyuğu, alabaxta*, göyərçin, qaratoyuq kimi quşlar deyil, qismən yırtıcı olan qarğalar, koryapalaqlar, qarğalar, sağsağanlar da ağacların yoxa çıxmasından əziyyət çəkmiş, yuvalarını əlyetən kol-kosda qurmağa məcbur olmuşdu. Mən bizi görüb uca səslə qırıldayan sağsağanları görüncə qüssələndim. Nənəm deyərdi ki, sağsağanlar xeyir xəbər gətirən olurlar. Əgər onlar qırıldadılarsa, demək ya əziz qonaq gələcək, ya da xeyir iş olacaq. İndi isə başı həşirinə qalmış bu quşların özlərinə xeyir xəbər verən lazımdır.

            Gördüyümüz bir mənzərədən hamımız sarsıldıq. Təsadüf nəticəsində hələ yıxılmaayan bir hündür quru çinar ağacının budaqlarında bəlkə iyirmiyəcən quş yuva qurmuşdu...

 

----------------------------------------------------------------------------

*Cənub-Qərb dialektində göyərçinin bir növünə verilən ad. Hətta bu barədə bir əfsanə də var xalqın yaddaşında. Bu nəğmə də o əfsanədəndir:

         Alabaxta, alabaxta,

         Sinəm olub taxta-taxta.

         Məni vuran bəy oğlu,

         Qan qussun laxta-laxta.

            Ze məlumat verdi ki, məcburən yuvalarını kol-kosda, yaxud otların arasında quran quşların yumurtalarını, yaxud zılğa ətcəbalalarını tülkülər, çaqqallar və başqa yırtıcılar yediyindən həmin quşlar ya buradan məcburən köç etmiş, yaxud özləri də məhv olmuşdular.

            Ağacların məhvi su mənbələrinin, bulaqların və çayların tamam quruması ilə nəticələnmişdi.

            Bir sözlə, buradakı ekoloji fəlakət pik həddə idi.

            Qurumuş çaylaqdan keçərkən bir göyərçin balasının böyürtkən koluna qonaraq yazıq-yazıq mənə baxdığını görüncə ayaq saxladım. Bəlkə də bu yavru quş bizim kürəyimizdəki şələlərdə su ehtiyatının olduğunu hiss etmişdi. Ona görə də əlimi uzadıb onu tutmaq istəyəndə uçmadı belə. Kiçik butulkadakı su qabından ovcuma su töküb onun dimdiyinə yaxınlaşdırdım. Suyu udub özünə gəldi. Uçmaq istəsə də mən onu buraxmadım. Bir az da ona baxmaq, su və yemə olan tələbatını ödəyib buraxmaq istəyirdim. Ona görə də quşu ağzı zəncirbəndlə bağlanan cibimə qoyub ağzını yarıyacan bağladım.                                      

                                               ***

 

            Bir xeyli dincəldikdən sonra yola davam edirik. Yanımcan addımlayan Ze qəfil dayanır, kəsik-kəsik siqnallar verir. Hiss edirəm ki, o nəisə görüb, yaxud hiss edib. Ona görə soruşuram: “Nə olub, niyə narahatsan? Düşmən var? Hücum gözlənilir?”

            O, “xeyir”, deyib məndən aralanır, başını torpağa söykəyib bir qədər dinləyir və qışqırır:”Mən su səsi eşidirəm. Hardasa, yaxında su var!”

            Bilirəm ki, o səhv etməz. Lakin nadir hallarda səhv də olur fikirləri. Ona görə onu irəli buraxıb təqib edirəm.

            Xaraba Şəf (Şəfibəyli) kəndinin dağıntıları arasından keçib gedəndə zəif su şırıltısı eşidib dayandıq. Əlimi Zenin başına çıkib “Əhsən!” deyirəm.

            Bə çayının yerində burada balaca bir arx var. Sevincək bu göz yaşı kimi dumduru sudan içir, əl-üzümüzü yuyur, qablarımızı doldururuq.

 

                                                           ***

 

            Bu Ze haqqında sizə əməlli-başlı danışmağa vaxt olmadı heç. Neynim axı, elə yola qədəm qoymuşuq ki, axırımız nə olacaq, bilmirik.

            Hə, Zedən danışırdım axı. Bu adi bir dəmir parçası olmaqdan başqa, bizim dəstənin həm də qoruyucusudur. Əgər hər hansı bir rəqib qüvvə bizi təhdid etsə (bu vəhşi heyvan da ola bilər, bizə qarşı daim düşmənçilik mövqeyində dayanan Moskva Respublikasının sakinləri olan bəzi ruslar və Hayestan respublikasının əksər üzvləri olan haylar da ola bilr nə yazıq ki), mən Zenin motivini dəyişən düymələri basır, onu bir döyüşçü halına gətirirəm. Xaraba Şəf kəndindən bir az yuxarıda iri bir qaban bizə hücum etdi. Əvvəl özümü itirsəm də, tez Ze yadıma düşdü və onu döyüşə hazır vəziyyətə gətirdim. Ze qabanı beş dəqiqənin içərisində yerlə bir etdi. Hətta qollarını əvəz edən xəncərə bənzər silahı ilə artıq ölmüş qabanı doğram-doğram edib torpağa buladı. (Yol yoldaşlarımızın bəziləri, məsələn El özü, qaban əti yemirlər. Amma Zenin insafsızcasına zirzibilə çevirdiyi bu heyvanın əti bizə çox kömək ola bilərdi. Nə yazıq ki, heyvanın yalnız boyun hissəsi salamat qalmışdı, qalan parçalar kol-kosun içərisində qarışqalara yem olmuşdu.)

            Yol yoldaşlarım ona mane olmaq istəyəndə onlara da hücum etdi. Mən vəziyyətin qorxunc hal aldığını anlayıb fövqaladə hal düyməsini basmalı oldum. Əslində, bu düymə ən qorxunc vəziyyət üçündür. Yəni, bü düymədən adətən istifadə etmirik. Çünki o düymənin basılması zamanı Ze və onun kimi robotlar uzun müddət özünə gələ bilmir...

            Ze mənim ayrılmaz hissəm kimidir. O mənim əvəzimdən düşünür, kitab (təbii ki, elektron kitab) oxuyur, mahnı səsləndirir, çay qoyur, yemək hazırlayır, hətta təhlükəsizliyimi təmin edir.

            İndi bir çox insanların Ze kimi bir əlavəsi var. Bunsuz həyat yoxdur. Bu, son dərəcə bahalı olsa da, biz onu əldə etməyə məcburuq. Əlbəttə, hamının robotu olmur. Mən son dərəcə böyük məbləğdə kredit əldə etməklə Zeni ala bilmişəm. Təəssüf ki, hələ də bizim öz ölkəmizdə bu tip maşınlar hazırlanmır...

            Baxın, əslində 9 nəfər olmalı idik, bəzi məlumatlara görə, bizi bu çətin səfərə hazırlayanlar tək Zeyə görə o iki nəfəri ixtisar etmişdilər. (Əlbəttə, bu, bir mülahizədir. Amma, zənnimcə doğru mülahizədir.)

            Düzdür, bu səfər dövlət əhəmiyyətli olsa da, daha çox millətsevər insanların öz ağıl və zəkasının nəticəsi kimi təqdim olunur sosial mediada. (Bunun da səbəbi məlum: biz zaman-zaman ölkəmizlə rəqabətdə, hətta müharibə şəraitində və açıq müharibədə olmuş bir ölkənin ərazisinə yaxın yerlərə gedib çıxacaqdıq və rast gəldiyimiz hər hansı bir konflikt dövlətlərarası münaqişəyə gətirib çıxara bilərdi ki, bundan qaçmaq üçün bizim səfərimiz özlərinin ata-baba yurdlarını görmək arzusunda olan bir neçə həvəskar adamın istəyi  kimi təqdim olunmuşdu.)

            Qısacası, bu Ze dar günün dostudur. Son dərəcə diqqətli olmaq şərti ilə ondan istifadə, babalarımız demişkən, xarüqaladə işdir. Təkrar edirəm, son dərəcə diqqətli olmaq şərti ilə. (Mənim bu sözümü qəribçiliyə salmayın. Bakıda, bizim bir vaxtlar neftlə zəngin olan məhlədə - Suraxanı tərəfdə bir  nəfər  robotunun hansısa düyməsini səhvən basmış, aparat quzu kimi çalışan, hər tapşırığa canla-başla əməl edən robot döyüş maşınına çevrilmiş, məhlənin əksər sakinlərini yaralamış, hətta bir nəfəri öldürmüşdü. Oğlanın özü isə etdiyi qələtin miqyasını anlamadan qaçıb gizlənmişdi. Mən o müdhiş səhnəni görməyə yaxşı ki, öz robotumla – Ze ilə getmişdim. Döyüş maşınına çevrilmiş robotu sakitləşdirmək heç cür mümkün olmurdu. O məni yaxına buraxmırdı ki, lazımi komandanı verə bilim. Məcbur olub Zeni döyüş müşınına çevirdim və vəhşiləşmiş robotun üstünə göndərdim. Təbii ki, onunla döyüşə-döyüşə lazimi düyməni basmaq komandası da vermişdim. Yəqin ki, xarici filmlərə baxmısınız: şirə dönmüş hər iki aparat bir-birinə amansız zərbələr endirirdilər. Mən Zenin ağır zərbə alıb sınıb-dağılacağından ehtiyat etsəm də, onu saxlamadım. Çox gərgin döyüşdən sonra Ze onu susdura bildi – lazimi düyməsini basa bilməsə də, elə həmin düymənin yerləşdiyi nahiyəyə zərbə endirən kimi robot bir yığın dəmir parçasına çevrilib yerə çırpıldı.

            Ze belə Zedir.)

            Dostlarım irəli getsə də, mən, təxminən iki saat Zenin enerji yığmasını gözləyirəm. (Bizim günəşdən enerji alan cihazlarımız var ki, bu günəvər torpaqlarda onlar daha rahat işləyir. Mən cihazımı sürətlə enerji yığımı mövqeyinə qoyub, özüm bir qədər dincəlmək üçün bir ağac dibində uzanıram. İki saatın tamamında artıq cihazın və eyni zamanda Zenin enerji təminatının yüksək səviyyədə olduğuna dair siqnallar gəlir və qalxıb bu dəfə Zedən məni də kürəyinə alıb qabağa getməsini istəyirəm. Bu, bir az narahat olsa da, yoldaşlarıma çatmağın ən yaxşı üsuludur.)

            Təxminən, qırx dəqiqəyə, Zenin ayağı ilə yolçulara çatıram.

 

                                                           ***

 

            Şəf(ibəyli), Rəz(dərə) kəndlərinin uçuqlarını keçdikdən sonra bir erməni kəndinə çatırıq. Ora-bura baxsaq da, lövhənin yalnız ermənicə olması kəndin adını öyrənməyimizə mane olur. Bu vaxt El başını bulayır və gülümsünür:

            -Bura, səhv eləməsəm Şeşkirtdir. Burada ermənilərlə döyüşmüşdük. Solunda Hənd, bir qədər yuxarıda isə Sav kəndidir. Baxırsınız, bizim kəndlər xaraba qalıb, bunlarınkı isə sağ-salamatdır. Sadəcə, bunlarda da adam yoxdur. Görək kənddə kimsə varmı?

            -Ora girəkmi? Təhlükəli deyil?

            -Nə təhlükəsi? Orda adammı var?

            Bu vaxt beli bükülmüş bir qoca görünür. Elə bil poxyomaladandır, hansısa deşikdən çıxıb bizə sarı gəlir. Çatan kimi dil-dil ötür:

            -Barev. Hayes, türkes? Bildım... Türkes, türkes...

            -Salam. Türkük... – El dillənir.

            Qoca bizi qoz ağacının kölgəsinə dəvət edir.

            -Ara, nə yaxşı gəlmisız? Buralara neçə illərdir nə musurman, nə erməni ayağı dəymədi ki... Bizimkilər də elə bir ujdan gedirler... Deyirəm, ara, hara gedirsiz? Buraları niyə xaraba qoyursuz? Kimə deyirsən?! Gedirlər, ali, gedirlər...

            -Adın nədi? – El zəndlə qocaya baxır.

            -Adım İsaxdı. Sizdə də var bu ad. Mesala İsax Musax quşu-zad deyirsıız... Heç soruşmadım, buralara nə yaxşı gəlib çıxmısız?

            -Sənnən nə gizlədim, bizim bir problemimiz var... Necə deyim? Bax, bu gördüyün oğlanların hamısı subay... Bizdə tam bir katastrofadır... Qız yoxdu, ay kirvə... Gəldik ki, necə deyim, bəlkə sizin kəndlərdə bu oğlanlarla evlənib Bakıya gəlin köçməyə qız ola? El adətincə toy-zad da eliyərik... Daha o düşmançılığımız-zadımız unuduldu getdi, ay İsax kişi...

            Qoca papiros çıxartdı. Alışqanla yandırıb sümürdü və yerə baxa-baxa dedi:

            -Sizə düzünü deyəcəyəm, bizdə indi qız-zad qalmıyıb, hamısı Erivana, ordan da bilməm Amerikayamı, Moskvayamı, haramı çıxıb gediblər. Olsa da sizə qız verməzlər... Niyə, bilirsinizmi? Qoy bu uşaxlar bir az aralıda dincəlsin, mən sana bir əhvalat danışım, onda anlarsan...

            Biz qocaları baş-başa qoyub buz kimi sərin bulağın başında əyləşirik.

            Poların başçısının vurduğu iki dovşanı soyub doğrayır və bulağın qırağındakı paslı manqalda bişirməyə başlayırıq. Mən çantamdakı şərabları da çıxardıram. Bir azdan sərin bulağın kənarında erməni qocanı da yanımıza alıb yeyib-içməyə başlayırıq.

 

                                               ***

 

            Meşənin kənarı ilə qeyri-müəyyən səmtə irəliləyirik. Şərabın ağırlığından ayaq üstəcə yuxum gəlir. Birdən Elə sarı dönürəm.

            -El dayı, o kişi sənə nə danışdı?

            -Eeeeee... Elə bir şey danışdı ki... İnanılası deyil...

            -Axı nə?

            Qoca əlini uzaqda görünən başı qarlı dağlara uzadaraq danışmağa başladı...

            ...-Təxminən, iyirmi, iyirmi beş il bundan əvvəl bizim bu rayondan bir qadın atasının silahını çiyninə salıb, patrondaşını belinə qurşayıb bax o uzaqda görünən dağlara üz tutub. Bilirsənmi niyə? Ona görə ki, ona xəyanət edən ərini güllələyib, divandan gizlənmək üçün qaçıb gedib oralara. O da maraqlı imiş ki, qadın o dağlara üz tutanda hamilə imiş. Az sonra onun bir qızı dünyaya gəlir. Qadın bax o dağlarda özünə daxma tikir, ev-eşik qurur. Deyilənə görə, gecələr əlində silah mağazalara girib qənd, düyü, un apararmış. Sonralar nə olursa, daha bunu tərgidir. Yəqin, ələ keçəcəyindən qorxub, başqa yeyəcəklə keçinməli olur.

            Hə, İsax kişi danışırdı ki, bu qadının o uzaq dağ-dərədə məskən salması adamlarda marağa səbəb olur. Tezliklə ərindən dayaq yeyənlər, qız uşaqlarını abort etdirməkdən qorumaq istəyənlər, zorla istəmədiyi birinə ərə verilənlər qaçıb o qadının yanına gedirlər. Beləcə, bu illər ərzində o dağların arxasında böyük bir kənd yaranır. Əvvəllər ancaq qadınlardan ibarət olan bu kənddə sonradan onların doğduqları oğlan uşaqları da böyüyür. Beləcə, buralarda ailələr qurulur. Amma bu obanın başçısı həmin o qadın olur...

            -Yaxşı, bəs bu qadının adı nəymiş? – mən yazıçı marağı ilə soruşuram.

            -Həcər.

            -Nə?! Həcər?! Bu ki köhnə hekayətdi. Nəbinin Həcəri... O biri əsrdə...

            -Nə Nəbi, nə o biri əsr?! – El əsəbləşir. – Söhbət 20-25 ilin söhbətidi. Bəlkə o qadın hələ də sağdır? Məndən olsa, əl-ayağınızı bərkidin, Həcərin obasına gedək. Həm o maraqlı kəndi görərik, həm də... – O, sınayıcı nəzərlərlə bizə baxır. – Həm də, bəlkə axtardığımızı orda taparıq?

            Sonra cibindən bir dəstə avro çıxardıb saymadan mənə uzadır:

            -Bunu da götür, get qocanın həyətinə. Bax, o birinci ev onunkudur. Bizə dörd at, iki də qatır verəcəklər kiralığa... Onları da uşaqlarla yedəkləyin, gəlin, minək, qalxaq o uca yaylaxlara.

            Daha heç kim danışmır. Erməni kəndində pulla aldığımız iki qoyunun ətini çantalarımızdakı kiçik soyuduculara qablaşdırır, atlara yükləyib özümüz də yəhərə qalxır və minikləri dəhmərləyirik.

 

 

            -21-

 

 

 

            Bir sutka dayanmadan yol getdikdən sonra, nəhayət erməni qocanın verdiyi kordinatlarla axtarıb Həcərin obasını tapırıq. Təxminən, bir kilometr obaya qalmış, bizi beş nəfər qızlığı, oğlanlığı bilinməyən gənc qarşılayır. Əyinlərində heyvan dərisindən geyimlər var. Ayaqlarında bizim bildiyimiz qədimi çarığa bənzər ayaq geyimi. Uzun saçlarını hörüb başın arxasında toppuz kimi bağlayıblar. Bəzisinin əlində tüfəng, bəzisinin isə çiynində ox-yay var. Qəribə ləhcə ilə danışırlar.

            -Hooot, hooot! Harya soxlursuz?! Kimsıız, nəsıız?

            El kişi irəli yeriyir:

            -Biz Bakıdan gəlmişik. Səyyahıq. Yəni səyahət edən... Acıq. Yorğunuq. Allah qonağı istərmisiniz?

            Qıvrım saçlı biri o birilərlə pıçıldaşıb, hara isə yox olur. O birilər isə bizi irəli buraxmırlar. Yəqin ki, cavab gözləyirlər.

            Təxminən, bir saatacan vaxt keçir. Bayaq gedən saçlı gənc başqa bir adamla qayıdır. Yeni gələn orta yaşlı bir qadındır. Qadınlığı dovşan dərisindən geydiyi paltarın altından şişib çıxan döşlərindən bilinir. O bizi diqqətlə süzüb deyir:

            -Biz qunaq qəbul etmirux. Bi yardım lazım, deyin, gətirəx. Sizi obamuza burxammerüx.

            Qadınla El  uzun-uzadı söhbətləşirlər. Bir faydası olmayacağını görüb mən də söhbətə qarışıram. Onun qadın olduğunu düşünüb fəndə əl atıram – qadınlar axı gözəl sözlərin, onlara deyilən komplimentlərin ölüsüdürlər:

            -Bax, gözəl xanım, görürəm ki, sizin isti qəlbiniz bu dağları belə əridə bilər. Biz, sizinlə eyni qandan, dildən, dindən olan adamlarıq. Uzun-uzadı yollar gəlmişik. Hətta ermənilər belə bizi öz kəndlərinə buraxdılar. Yardım etdilər. İndi sizin yardımınıza ehtiyacımız var... Lütfən, bizi geri qaytarmayın. Kömək etməsəniz, bu dağda-daşda qurd-quşa yem olarıq... Bu qocadan başqa hamımız hələ ailə qurmayan, qadın gözəlliyinin sirrinnən agah ola bilməyən bəxtsiz cavanlaraq... Başçınız Həcər xanıma deyin ki, adlısı Həcərin xatirinə bizi qapısından qovmasın.

            Sonra Zeyə göz elədim. O, bayaqdan işarə elədiyim mahnını tapmışdı və səsgücləndirici ilə bu dağlara yayıldı  babamgilin zamanında məşhur olan xanəndə Xanın səsi:

 

            Nəbinin bığları eşmə eşmədir, ay balam, eşmədir,

            Papağı güllədən deşmə-deşmədir,

            Nəbinin atını heç at keşmədi,

            Qoy sənə dsinlər, ay Qaçaq Nəbi,

            Həcəri özünnən ay qoçaq Nəbi...

 

            Bu vaxt boz atın belində bir atlı bizə doğru çapmağa başladı. Çatan kimi bizimlə söhbət edən xanıma işarə etdi və dedi:

            -Həcər ana qonaxları gözdüyür...

            Obanın uşaqları Zenin başına yığışıblar. Kimi əli ilə ona toxunur, kimi bu dəmir adama nəsə anlatmağa çalışır, kimi də onun hansısa düyməsini basmaq istəyir. Mən gülümsəyib dillənirəm:

            -Uşaqlar, bu Ze bizim kimi ağıllı insan tipidir, amma bədəni dəmirdəndir. Həm də beyni çox sürətlə işləsə də, proqram əsasında çalışır. Şeir yazır, mahnı  bəstələyir, ən mürəkkəb riyazi məsələləri həll edə bilir. Amma bütün bunlar müəyyən proqram daxilində olur. Onun müstəqil düşünmək bacarığı yoxdur. İndi bütün işlərimizi bu Ze kimi maşın-adamlar görür. Gərək onu işlətmək üçün dilini yaxşı biləsən. Hər hansı düyməsini yanlış bassan, fəsadları olar. Hətta qorxunc döyüşçüyə də çevrilə bilər. Bir dəfə Azərbaycanın indiki paytaxtında bir alim Ze tipində Süni Zəkaya doğru olmayan komanda verir. Nəticədə həmin süni aparat döyüşçüyə çevrilərək elmi laboratoriyanı darmadağın edir, elmi işçiləri öldürür, hətta bayıra çıxaraq qabağına çıxan hər kəsə xətər yetirir.

            Həmin şəhərdə yeganə Süni Zəka üzrə mütəxəssis olan alimə xəbər verirlər. O həmin aparatın hansısa düyməsini onlayn qaydada söndürür və yalnız bundan sonra aparat küçənin ortasında yıxılıb qalır və bir parça dəmirə çevrilir. Deməyim odur ki, bizim Ze də nə qədər xeyirxahdırsa, bir o qədər də təhlükəlidir.

            Bu vaxt yerli gənclərdən, nisbətən yaşlı bir xanım gülə-gülə deyir:

            -Yadıma nənəmin danışdığı bir gülməli əhvalat düşer. Qədim zamanlarda kəndlərdə bəzi adamların Cini olermiş. O Cinləri tuter, bədəninə iynəmi, sancaqmı keçirder, özlərinə tabe edermişlər. Nənəm deyərdi ki, onun babası da bir Cin qız tutupmuş. Evin bütün ağır işlərini o Cin görermiş. Evi süpürer, qoyun-quzunu  otarer, sağar-sığermış. Tövləni təmizliyer, həyəti əker, bulaqdan su gətirer, su qızdırıb nənəmi çimizdirermiş.

            Bir gecə nənəm görer ki, əri yuxudan oyanıb geder Cin qızın yatdığı odun damına. O gecə ilan vuran yater, nənəm yatmer. Səhər oyanan kimi Cin qızın bədəninə taxdıqları sancağı çəker çıxarder, Cini buraxer. Cin qız getməyinə geder, amma nənəmin ərini də özü ilə aparer.

            Meydana yığışanları gülmək tutdu. Qadın isə əli ilə bizim Zeni tumarlayaraq dedi:

            -Yaxşı, imdi bu kişimi, qadınmı?

            Sual mənə ünvanlandığından çaşıb qaldım. Nə cavab verəcəyimi bilmədim. Bu vaxt bizim dəstədən İl dilləndi:

            -Bunların həm qadın formasında olanı var, həm kişi formasında olanı. Sadəcə, bu zahiri bənzəyişdir. Bunların cinsiyyəti olmaz... Dəmirdir axı... Düzdür, bəzi xarici ölkələrdə qadın, kişi kimi olan Süni insan yaradıblar... Amma bizdə bu qanunla qadağandır...

            -Ona görə ölkənizdə qız çatışmer?

            Yenə gülüşmə...

            Mən utandığımdan cavab verə bilmədim.

            Ürəyimdə özümüzü, nadan atalarımızı, meşşan analarımızı qınadım. Zahirdə nə qədər özlərini gələcək 22-ci əsrin adamı saysalar da, qafalarında hələ də 19-cu əsrdədilər...

            Utandığımdan bilmirəm nə deyəm.

            Zenin burada şuluqluq salacağından qorxaraq onun qırmızı düyməsini basıb söndürürəm.

           

                                               ***

 

            Obada iyirmiyə yaxın ev var. Bir neçəsi daşdan, qalanları ağacdan tikilmədi. Evlərin lap qənşərindəki meydana əlliyəcən qadın və uşaq toplaşıb. Tək-tük kişi də gözə dəyir. Demək olar ki, hamısının əlində ox, yay var.

            Bu vaxt obanın başı üzərindən bir dəstə keygidar quşu qadın qışqırığına oxşayan tükürpədici səslə çığırışa-çığırışa ötüb keçir. Qəflətən on-on iki yaşlı bir qız kamanını çəkib, oxunu atır və keygidarların biri gəlib meydanın ortasına düşür.

            Biz heyrətlə bir-birimizə baxışırıq. Yəni, bu bizə bir xəbərdarlıq idi: özünüzü yaxşı aparmasanız, bu quş kimi oxlanarsınız.

            Lap mərkəzdə yonulmuş  sal daşlardan tikilən, ağappaq əhənglə suvanan yaraşıqlı evin qapısı açılır və uzun boylu, maral dərisindən geyimi olan xanım-xatın biri irəli çıxır.

            -Hanki niyətlə gəldiyıızı bilmirəm, niyətıız xoşdusa, xoş gəldıız...

            El irəli yeridi.

            -Xoş gününüzə gəlmişik, Həcər xanım. Biz Bakı əhliyik... Bakı əhli deyəndə ki, polarımızın, yəni köhnə dilnən desək, polislərimizin birini çıxmaq şərti ilə, hamımız kənd-kəsək adamıyıx. Mən özüm, bir də içimizdəki yazı-pozu adamı olan o gənc elə sizin bu rayon adamıyıx... Gəlişimizin məqsədi...

            O sərt bir hərəkətlə Elin sözünü kəsdi:

            -Adın nədi, əşi?!

            -Adım Eldi... He-he... İndi adamlar hövsələsiz olub... Sözləri axıracan deməyə səbrləri çatmır... Eldardı adım, El deyirlər... –El acizanə şəkildə dilləndi.

            -Qulaq as. Gəl belə eliyək. Görürəm ki, uzax yol gəlibsıız, yorğun-arğınsıız. Qoy bizimkilər sizin adamlara çaydan, sudan, yeməkdən-zaddan versinnər, sən, bir də o dediyin yazıçı, keçin mənim otağıma, orda irahat-irahat söhbət eliyək, görüm sizin qarnıızın dərdi nədi?.. Hardan gəlersııs, hara gedersıız?

            (Bir şey diqqətimi çəkdi. Burada bəzi adamlar ağır bir ləhcədə danışırlar. Bəziləri elə bizim kimi danışır. Həcər xanım isə az qala ədəbi dildə danışır. Görünür, bura başqa-başqa kəndlərdən gələnlər özləri ilə yaşadıqları kəndin ləhcəsini də gətiriblər.)

            Elə də oldu. Ellə mən içəri keçdik. Yerdən salınmış döşəkçələrin üstündə oturduq. Baxdıq ki, Həcər xanım bir qədər hündür yerinə oturanda yanındakı mütəkkəni at kimi mindi. Bu bizə də işarə idi. Əl atıb mütəkkəni aldıq, iki qıçımızın arasına salıb üstünə oturduq.

            Çay içə-içə otağa göz gəzdirdim və küncdəki enli taxtalardan yonulub düzəldilmiş kitab rəfini və rəfdəki kitabları görüb ürəkləndim. Az qaldım yerimdən qalxıb rəfə tərəf cumam. El bunu duyub dizimin üstündən basdı və pıçıldadı:

            -Nağayrırsan?! Dinc otu.

            Çay dəsgahı bitən kimi Həcər xanım dilləndi:

            -Eldar kişi, indi mən sizi dinləyirəm.

            Eldar çox uzaqdan başlasa da, birini belə caydırmadan nə məqsədlə yola çıxdığımızı, su probleminin ölkəmizi təhdid etdiyini, indi qurumuş Bəsit çayı boyunca necə gəlib buralara çıxdığımızı, son məqsədimizin də gənc uşaqlarımıza bir halal-hümbət qadın axtarmaq olduğunu deyib, susdu. Mən arada yaranmış fasilədən istifadə edib icazə almadan sözə başladım:

            -Həcər xanım, nə gizlədim, mən bir qələm sahibi kimi özümü dünyanın ən xoşbəxt adamı sayıram ki, belə bir macəranın içindəyəm. Biz yazıçılar elə hesab edirdik ki, bütün dünyada insanlıq ölmək üzrədir. Nədən? Onnan ki, daha möcüzələrə inam qalmadığını düşünürdük. Necə gözəl əyyamlar olub? İnsanlar dara düşən kimi Musa Peyğəmbər meydana çıxıb, sonra İsa gəlib, yazıq insan oğlunun qolunnan tutub. Sonra Məhəmməd Peyğəmbər gəlib, səhralarda əsir-yesir olan, susuz çöllərdə məhvə məhkum insan oğluna haqqın yolunu göstərib... Və şairlər. Və elm adamları, alimlər, filosoflar... Elə onları da peyğəmbər saymaq olar. “Seçilmiş və sevilən, öz yeni gününün şəfəqlərinnən sökülüb çıxan səhəri əl-Mustafa on iki il Orfales şəhərində onu geriyə, doğulduğu adaya qaytaracaq gəminin gəlməsini gözləyirdi.” Bu sətirlər Cəbran Cəbranın "Peyğəmbər" əsərindəndir... Hər kəsin bir gözləntisi var. Hər kəs qarşıdan gələn hansısa bir yeniliyi, həyati əhəmiyyətli hadisəni, çatacağı xoş günü, yaxud vüsalına yetəcəyi qadını, yaxud kişini gözlərkən, bəs siz nəyi gözləyirsiniz?

             O bu amansız sualdan gül kimi soldu. Maral dərisndən paltarı ona dar gəldi. Acığını üstündə oturduğu mütəkkədən çıxırmış kimi onu hikkə ilə basıb əzdi, gözünü çevirib küncdəki rəfəoxşardakı kitab qalağına nicat umurcasına baxıb tıncıxdı.

             Amma qadın elə bil sınmışdı. Mənim sözlərimmi onu sındırmışdı, yoxsa illərdir sürdürdüyü hakimiyyətindən təngə gəlmişdi? Bəlkə içindəki qadınlıq duyğusu baş qaldırıb onu zəiflətmişdi? Axı bəşəri və dünyanı xilas edəcək iki şey varsa, onun biri qadın zəifliyi, digəri qadın zərifliyidir...

            Bu zaman El tərs-tərs mənə baxdı.

            İçəri girən gözəl bir xanım “yemək hazırdır” deyib çıxdı. Ortalığa çökmüş dərin sükutu bu söz yumşaltdı. Həcər xanım ayağa qalxıb “yemək yeyək, sonra danışarıq” dedi və bizi qabağa buraxıb, özü də arxamızcan bayıra çıxdı.

            Mən isə məmnun idim. Hiss etdim ki, sözlərim qəlbinə daş bağlamış xanımın zəif yerinə dəyib onu yaralamışdı...

 

                                               ***

 

            ...Vəzirin başı görünür. Əsərin oxusunu dayandırıb, ona sarı boylanıram – yəni nə məsələdir?

            O, boynunu çiyninin üstünə qoyur:

            -Bir dəstə meyxanaçı gəlib, sizinlə görüşmək istəyir. Mən əlbəttə, israr etdim ki, vaxtınız yoxdur, amma məni eşitmədilər. Biri hətta məni hədələdi də. Polis çağırıb onları qova bilərdim, amma...

            -De ki, içlərindən bir nəfər seçib mənim yanıma göndərsinlər.

            Az sonra uzun bir adam içəri girir. Əlində təsbeh, gözündə qara gün gözlüyü var. Bir çiyni o birindən qısa görünür. Elə dayanıb ki, elə bil mən onun qəbulundayam.

            -Sizi dinləyirəm.

            -Mən Eltən Bakiyəm... İcazə olarsa, bir meyxana ilə söbətə başlayım?

            -Xeyir. Olmaz. Gəlişinizin səbəbini deyin.

            -Bilürsüz, bizə dedilər kin, süz çox alicənab adamsunuz, şairsünüz, elm adamısınız... Biz də qərara gəldüy kin, süzə müraciət edey, bizim bu meyxananu bir senet kimi kitablara salmaye ğərar verəsünüz... Yazıçılar Birligi, Aşıxlar Birligi kimi bizim də Meyxanaçılar Birligimizin yaranmasına göstəriş vərəsünüz... Özü də, biz də şair sayılırıx, bizə de fəxrü adlar verülsün. Məsələn, əməkdar meyxanaçı, xalq meyxanaçısı...

            Əlimi qaldırıb bu qəribə adamı dayandırıram.

            -Mən göstəriş vermişəm ki, bütün fəxri adlar ləğv edilsin. Elə adını çəkdiyiniz birliklər də ləğv olunur və kim istəsə, özünə birlik də açar, dirlik də... O ki qaldı meyxanaya, bu barədə mən kitablarımda yazmışam, elə o fikrimdə də qalıram ki, meyxana şəhər folklorudur, vaxtında maraqlı meyxanalar yaranıb. Məsələn, Vahidin, Nizami Rəmzinin meyxanaları yaxşı idi. Amma hal-hazırda meyxanaçılar çox ucuz işlərlə məşğuldurlar. Efirdən bir-birini söyür, təhqir edir, yeri gəldi, gəlmədi rus sözləri işlədir, bir sözlə, meyxananı gözdən salırlar. Gedin, Vahidin meyxanalarını tapın, oxuyun... Meyxananı novator tərzdə inkişaf etdirin... Və... Gərək ki, sizin təxəllüsünüz Bakı idi?

            O, ayaqlarının birini götürüb, o birini qoyur və başı ilə sualımı təsdiqləyir.

            -Biləsiniz ki, Bakı təxəllüsünü götürənlərdən biri Seyid Yəhya Bakuvi olub. İkinci Bakı təxəllüsünü götürən isə daha çox bu ada layiq olan Mürsəl paşa Bakidir. Bu iki şəxs haqqında bilginiz varmı?

            O çiyinlərini çəkir:

            -Xeyir... Mən bura...

            -Dayanın. Bəli, siz bura imtahana gəlməmisiniz. Amma gəncsiniz, oxuyub-öyrənə bilərsiniz. Məgər meyxanaçının elmi ola bilməz? Elm hər kəsə lazımdır... Seyid Yəhya Bakuvi on beşinci əsrdə yaşamış, alim, filosof və şair idi. Mürsəl paşa isə 1918-ci ildə Osmanlı ordusunun tərkibində Azərbaycana gəlmiş, Bakını erməni quldurlarından azad edən dəstənin başçısı olmuşdur. Bakı azad olunandan sonra azad şəhərə ilk ayaq basan da o idi! Bax, görürsünüzmü, adam bir imza, yaxud təxəllüs götürəndə gərək buna layiq olsun... Siz hələ gənsiniz... Oxuyun, elm öyrənin... Yeri gəlmişkən, təhsiliniz barədə, daha doğrusu haranı bitirmisiniz?

            Başını qaşıyıb bir az lovğa görkəm alır:

            -Yettincidən çıxmışam meytebden... Ona qalanda Vahid də oxumeyib... Xarrat olub...

            -Hə, Vahid oxumayıb, daha doğrusu, oxuya bilməyib. Axı Vahid 1895-ci ildə doğulmuşdu? Bəs siz? Siz isə 1995-ci ildə doğulmusunuz?!

            -Uy daaa! Siz mənim təvəllüdümü hardan bilirsünüz?

            -Bayaq mənə meyxana demək istəyirdin... İndi mən sizə bir bayatı oxuyacağam, əgər o bayatı gücündə meyxanan  varsa, söylə...

            Gəl gedək daş bulağa,

            Suyu sərxoş bulağa,

            Birin sən de, birin mən,

            Tökək qan-yaş bulağa...

            Hə, buyurun, Buna cavabınız varmı? Varsa, söyləyin...

            Oğlan pərt olub. Anlaşılan, bayatı ona toxunub. Görünür, şeirdən, meyxanadan bir az xəbərdardır. Bir sözlə, hal əhlidir. Sadəcə, indiki şaqqıdı-şuqqudu meyxanaçıların “kruq”una düçüb, olub belə halı xarab birisi.

            Yerimdən qalxıb, əlimi oğlanın çiyninə qoyuram. Oğlum yaşında olan bu gəncə bu hərəkətimin yaxşı təsir etdiyini duyub o biri əlimlə əlini tutur və deyirəm:

            -Deyirsiniz, Vahid xarrat olub... Ona qalsa, İsa peyğəmbər də xarrat olub... Xarratlıq, yaxud dülgərlik müqəddəs peşələrdəndir. İnsanın kor-kobud taxtaya ilk dəfə toxunması, onu hamar, parlaq hala gətirməsi, incəsənətin başlanğıcı olub, mənə görə. Onnan sonra gəlir heykəltaraşlıq... Görürsünüzmü, dünyanın necə sirləri var?! Sizə məsləhətim: gedin, oxuyun, ali məktəbə qəbul olun, tariximizi, ədəbiyyatımızı mükəmməl öyrənin, sonra şeir də yazmaq olar, meyxana da... Hə, dostlarınıza da deyin ki, mənim meyxanaya qarşı elə bir antipatiyam-filanım yoxdur, sadəcə, indiki meyxanaya və meyxanaçılara qarşıyam. Bu barədə yazmışam da... İndiki meyxananın və meyxanaçının lozunqu nədir? “Çək nəşəni, qoy tüstüsü dağlarə yayılsın...” Ay kişi, siz belə meyxana oxuyanda, əsasən dinləyiciniz olan gənclər elə bilirlər ki, nəşə çəkmək qəhrəmanlıqdır... Evlərinə gedib, ən qiymətli ev əşyalarını oğurlayır, dəyər-dəyməzinə satır, gedib nəşə alır, çəkir ki, “tüstüsü dağlarə yayılsın...” Böyük Niyazini ki, tanıyırdınız, bax, o kişinin övladı olmayıb, ona görə gedib uşaq evindən bir uşaq götürüb saxlayıb, sonra o uşağı narkotikə dadandırıblar, Niyazinin də, həyat yoldaşının da başına müsibətlər gəlib bunnan sonra... Hətta o nankor övlad Niyazinin həyat yoldaşını öldürüb...

            Mən özüm də pis olmuşam. Baxıram ki, qarşımdakı gənc də sınmış haldadır. Nəsə yaxşı bir şey demək ehtiyacı duyuram... Və yadıma Heredot düşür...

            -Tarixin atası Heredotu , yəqin eşitmisiniz? Bax o adam meyxanadan söz açıb! İnanmazsan! Bu barədə mənim məqaləm də var...

            Vəzirin başı görünür və Mənim “Renessans həsrəti” kitabımın üşüncü cildini gətirib masama qoyur. Əvvəl təəccüb edirəm ki, axı bu söz ağzımdan çıxan kimi bu adam o kitabı nə tez tapdı? Amma yadıma düşəndə ki, onun 400-500 yaşı var, sadəcə gülümsünürəm. Kitabı açanda görürəm ki, həmin səhifəni tapıb, arasına rəngli əlfəcin də qoyub. O yeri tapıb oxuyuram:

            “...Herodot “Tarix” kitabında bizim yerlər haqqında, eləcə də massaget tayfaları barədə yazırdı  ki, massagetlər qəribə səslər çıxardan daşlara qaval kimi çalaraq qafiyəli şəkildə bir-birinə sözlər deyər, sanki deyişərmişlər...

       Əcaba, bu massagetlər indiki maştağalılar olmasın ki? Əcaba, bu qəribə səs çıxardan o daş bizim Qobustandakı məşhur qavaldaş olmasın ki? Əcaba, bu qafiyəli deyişmə bizim bu xanəxərab meyxana olmasın ki?”

            Adam Maştağa kəlməsini eşidib, diksinir. Elə bil içərisində bir dava baş qaldırır və o davanın əlaməti vurub üzünə çıxır. Bu vəziyyətdə çox dayana bilməyəcəyini hiss edir, baş endirib gedir. Vəzir isə açıq qapını örtüb rahat nəfəs alır...

            Mən masamdakı alma şirəsindən bir qurtum alıb yenidən kompüterimə dönürəm.

 

                                               ***     

 

            ...Yemək süfrəsi yerdən salınsa da, hər kəsin qarşısında, təxminən, əlli santı metr hündürlüyündə qavaldaşa oxşayan daşlar vardı və bu daşlar balaca yemək stolunu əvəz edirdi. Taxta qablarda dağ çiyələyi, alma-armud, böyürtkən vardı. Daha dərin taxta qablarda isə soyutma davar əti, yanında da sarı buğda unundan daşlara salınaraq bişirilmiş qalın, amma çox dadlı çörəklər qoyulmuşdu. Cürdəklərdə buz kimi bulaq suyu vardı.

            Yemək əsnasında heç kim danışmırdı. Nədənsə, bu cür yemək mənə cansıxıcı göründü. Özümü toplayıb, ağzımdakı ət tikəsini udduqdan sonra dedim:

            -Deyilənə görə, Şərqi Türküstanın, yəni uyğurların yaşadığı bölgə olan Uyğurstanın (çinlilər oranın adını dəyişib Sintszyan qoyublar) susuz çöllərində toğrak adlı bir ağac bitir. Qumluq səhranın hamisi olan bu ağac qızılı yarpaqları və yerə sancılan əzəmətli kökləri ilə min illərdir bu səhralıqların nicatına çıvrilib. İş ondadır ki, bu ağacı kəsdikdə susuz çöllərə həyat gələr – ağacın kəsilən gövdəsinnən su fontan kimi fısqırar, susuzdan dodağı çatlayanlar, karvan yolçuları ondan su içib özünə gələr. “Toğrakca yaşın olsun” deyə bir dilək var. Çünki bu ağac min il yaşayar, hətta quruduqdan sonra belə min il dimdik durar. Yox, bitmədi onun kəramətləri – yerə yıxıldıqdan sonra belə min il torpaqda qalsa da, çürüməz... Və bu yerlərdə Dəryaboyu deyilən bir kənd var. Əgər bu yerlərin nicatı olan toğrak ağacını budamağı bacarmayan bir uyğur oğlanı varsa, ona əsla qız verməzlər! Nədən? Onnan ki, əgər bu ağac olmasa, oralarda həyat da olmaz. Axı bu ağacın fəzilətlərindən daha biri də var – səhra qumluqlarının kəndləri basıb udmasını da toğrak ağacı əngəlləyər...

            Adamların bəzilərinin yeməyi unudub mənə qulaq asdığını görübən həvəsə gəldim:

            -Çox möhtərəm Həcər xanım, bəs sizdə nəyi bacarmayan oğlanlara qız verilməz?

            Sualım gözlənilməz olsa da, elə dərin ajiotaja da səbəb olmadı. Sadəcə, araya uzun sükut çökdü.

            Handan-hana Həcər xanım üzünü El kişiyə tutub dəyişik səslə (güman ki, mənim sualım onun damağını basmışdı, ona görə səsi qart hal almışdı) dedi:

            -Hörmətli El kişi! Sizin sualınızı biz gərək öz icmamızda müzakirə edək. Hə, bizdə mən obanın başçısı sayılsam da, təkcə qərar vermək hüququm yoxdur. Yalnız ağsaqqallar və ağbirçəklərin Bölüyünün birgə çıxartdığı qərar gücə malikdir... Bu, ağsaqqal, ağbirçək sözü sizi çaşdırmasın, Bölüyə gənc yaşlarında adamlar da üzv ola bilir. Yetər ki, obada nüfuzu və çəkisi olsun... Hə, siz, gedin, dincəlin, biz də qərar qəbul edən kimi, sizi məlumatlandırarıq.

            Mənə sarı baxmadan ağızucu bunları da dedi:

            -Sizin isə suallarınız bir qədər iddialı səsləndiyi üçün mən bayaq da, indi də cavablandırmadım... Bizim də bir sizin kimi oba əhlimiz var ki, burada olub-bitənləri qələmə alır. İstəsəniz, sizi onunla tanış edərlər...

            Sonra üzünü ortalığa tutdu:

            -Yetərlə bu qonağı tanış edin, bəlkə bir-birinə köməkləri dəydi...

            Həcər xanım getdi. Bizi obanın ayağındakı qonaq evinə göndərdilər. Yorğun olduğumuz üçün elə paltar-palazlı yıxılıb yatdıq. Yox, yoldaşlarım yatdı, mən isə uzun müddət yerimdə eşələndim. Əvvala, verdiyim sual havada qalmış, bir növ saymazlıqla qarşılaşmışdım. İkincisi isə, bu qadının gözlərimə dolan obrazı yavaş-yavaş ruhumu işğal etmədəydi. Hiss edirdim ki, onu hökmən yazacağam. Belə bir mühit və bu mühitin yaradıcısı olan lider – qəhrəman hər bir qələm adamı üçün göydəndüşmə ola bilərdi.

            Elə bu fikirləri beynimdə çözələməkdə ikən nə vaxt yuxuya getdiyimi bilmədim. 

                    (Ardı gələn həftə elə burada)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman