NƏNƏMİN ANDI: “KİTAB HAQQI!”, PROFESSOR RƏHİM ƏLİYEV VƏ KÜÇƏYƏ ATILMIŞ KİTABLAR

 

       NƏNƏMİN ANDI: “KİTAB HAQQI!”,  PROFESSOR

      RƏHİM ƏLİYEV VƏ KÜÇƏYƏ ATILMIŞ KİTABLAR

 


       “...Dərsdən çıxıb evə dönəndə birbaş təndir üstə gələrdim. Əvvəllər həftədə bir dəfə təndir odlayan nənəm, nədənsə son vaxtlar hər gün təndir salardı. Bunun da səbəbini bir az sonra öyrənəcəyəm: Xruşşov dönəmi başlamış və qarğıdalı inqilabçısı necə siyasət yürütmüşdüsə, yarımaclıq deyilən dövr gəlmişdi. Ona görə də arvadlar gen-bol çörək bişirməyə qorxurdular. Gündəliyi gündə bişirir, iqtisadi təhlükəni sovuşdurmaq istəyirdilər. (Bizim camaat çöl-bayır adamı idi deyə, çölçü kimi bir həftənin, on günün quru lavaşını bişirər, yeyəndə də isladıb nazik təndir yuxası yeyərdilər.)

            Çantamı yerə atıb özümü yıxırdım nənəmin dizinin gözünə. İzafə nənəm məni çox istədiyindən çörəyin qıpqırmızı qızarmışından qoyurdu qabağıma. Mən də siçan kimi xırtıldada-xırtıldada gəmirirdim qupquru lavaşlardan. Bu dəm nənəm mənə təpinərdi:

            -Ədə, kitabı yerdən götür, günahdı.

            Bilirdim ki, götürməsəm oxlovla əlimin üstündən çırpacaq. Çörək xırtdatmağa ara verib, çantanı götürər, təndirin tənəkədən* düzəldlmiş çəpərinin bir az yuxarısından asardım. Nənəm bununla da razılaşmazdı.

            -Yuxarıdan as, lap yuxarıdan as ki, toz qonmasın kitaba.

            Çantamı tənəkənin həlqələrinə bağlanmış sivrimlərdən (tut ağacının şivlərinin yaş qabığından soyularaq hörülmüş ipəbənzər əşyadır ki, ədəbi dildə qarşılığını tapmadığım üçün kəndimizdə işləndiyi kimi yazdım) asandan sonra əl çəkərdi məndən.

            Çörəymi evimizin küncündəki balaca boz siçan kimi başlayardım bala-bala xırtıldatmağa. Bu ara qonşumuz Sayat dostum (bizdə əmi, dayı arvadına dostu deyərdilər) çıxardı qənşərə və qeyzlə soruşardı ki, bizim lobya yerinə çəpiş* girib, bax, söyürəm ha, sizinki dəyil ki?!

            Nənəm də əlindəki oxlovla mənim lap hündürdən asdığım çantama vurar və deyərdi:

            -Bu kitab haqqı yox, mənimkilər dəyil! Nə dərər söyəssən, söy...

            Fəxrlə çantama, onun içindəki ana dili, hesab, rus dili kitablarıma baxardım. Zarafat deyil, nənəm mənim kitablarıma and içirdi...

            (Məni qınamayın, elə o vaxtdan kitaba müqəddəs əşya kimi baxmışam. Kitabı yerə atana acığım tutar, qeyzlənərdim. Heç yadımdan çıxmaz. Bir dəfə köhnə dostum professor Rəhim Əliyevlə hardansa gəlirdik şəhərə tərəf. Bir də gördük ki, zibillikdə özüboşaldan ZİL maşın dayandı, bir maşın kitabı əyib zibilliyə tökdü və sürüb getmək istəyəndə professor onun qabağını kəsdi.

            -Bu kitabı hardan gətirirsən? Nöş zibilliyə tökürsən?

            -Ağsaqqal, mən buyruq quluyam, dedilər apar tök, mən də gətirib tökdüm... Mən kiməm ki, mənə qəzəblənirsən?

            -Axı kim dedi, hardan gətirdin bunları?! – Rəhim müəllim lap özündən çıxmışdı.

            -Bax, ay kişi, o zavod var e, Bakraboçidi, nədi, adını da düzəməlli bilmirəm, onun həyətində bir kitabxana varmış... Kitabxana bağlanıb, kitabları da yüklədilər mənim maşınıma, dedilər, apar tök svalkaya... Mən də gətirib tökdüm... Bude ha, on manat da zəhməthaqqı veriblər...

            Sürücülük bir şey yoxdu. Ona görə adamı buraxdıq. Və başladıq kitabları seçələməyə. Neftə aid rus dilində cild-cild kitablar, sonra Şoloxovun, Simonovun, Mixalkovun, Tolstoyun, Nizaminin, Sabirin, Mirzə İbrahimovun... kitabları çıxdı qarşımıza... Mən Çingiz Aytmatovun “Əlvida Gülsarı”sını görəndə dəliyə döndüm. (Üz qabığı paralanmış o kitabı o vaxtdan evə gətirmişəm, kitabxanamda durur.) Sonra Rəhim müəllim başladı kitabları seçib NİVA maşınının arxasına yığmağa. Bunu niyə etdiyini bilməsəm də, mən də ona kömək etdim. Və maşının arxasını doldurub gəldik professorun qardaşının restoranına. Restoranın həyətindəki səliqəli bir otağa yığdıq kitabları və Rəhim gülə-gülə qardaşına dedi ki, bu günnən sənin restoranının da kitabxanası oldu.

          Mən tez maşına sarı gedib, “Yazı”nın son sayından iki ədəd gətirib təzə “kitabxana”ya qoydum və gülə-gülə dedim:

            -Qoy yeni kitabxananın “Yazı”sı da olsun!

            Sonra restoranda yemək yeyəndə Rəhim müəllim dedi:

            -Bir ölkədə ki, kitaba, kitabyazana hörmət qoyulmadı,orada xeyir-bərəkət olmaz. Sən hindi özüvü ora-bura çırpıb bu boyda jurnal buraxırsan, kiminçün?Təbii, insanlarçün, oxucularçün. Amma oxucular mını bilirmi? Xeyir, bilmir... Kitabı svalkaya tökənnən nə gözləyəsən? Vallah mının bədəli ağır olacey...

            ...Xüsusi qüed. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, biz professor Rəhim Əliyev və daha bir neçə dostla birgə bir zamanların məşhur ədəbiyyat dərgisi olan “Yazı”nı bir müddət birgə çıxartmışıq. Bu hadisə də o günlərdə olmuşdu.)

            Axı nənəm də elə-belə nənə deyildi. Bir tərəfi Qara Yusifi taxta çıxardan baharlılardan, o biri tərəfi Dədə Qorqud yadigarı qaragünlülərdən olan bu qadından kəndimizdə hamı çəkinirdi...”

            S.A. (Söz Ardı)

            Bu hadisədən illər sonra İstanbulda “Süd gölü” (onlar “Süt gölü” yazırlar) adlı hekayələr kitabım çıxmışdı. Və “Kaynak yayınları” kitab evi məni o kitabın təqdimatına dəvət etdilər. Bəylik düzündəki TÜYAP deyilən yerdə təqdimatda iştirak edəndən sonra dostum mərhum yazar Orxan Qaravəli məni balıq yemək üçün restorana dəvət etdi. Orada dostlarla yeyib-içərkən sağlıqlar dedik. Mən də bir sağlıq dedim:

            -Əziz dostlar! Mən kitaba and içən bir qadının nəvəsiyəm...

            Sonra yuxarıdakı təndirüstü əhvalatını danışdım və istanbullu dostlar çox mütəssir oldular... And olsun kitaba! Kitab haqqı!

 

-----------------------------------------------------------------------------------------------

*Tənəkə - qamışdan hörülən və yazda üstündə barama  qurdu bəslənən əşyadır ki, ondan bəzən çəpər əvəzi də istifadə olunurdu.

*Çəpiş – keçinin balası, oğlağa dialektdə verilən ad.  

 

                                                                         (Müəllifin “Özünüyaradanlar” əsərindən parça)

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman