NEMƏT MƏTİNİN YAZI PİRAMİDASI
AZAD QARADƏRƏLİ
NEMƏT MƏTİNİN YAZI PİRAMİDASI,
yaxud COVİD – 19 günlərində ədəbiyyat
söhbəti
Bizim gəncliyimizin müğənnisi Demis Rusos haqqında əfsanələr dolaşırdı –
guya o özünü axtalatdırmışdı ki, səsi təmiz qalsın.
Balzak gənc yazıçılara qadınlardan uzaq durmağı məsləhət verəndə Jorj
Sand əsəbləşirdi. Amma nahaq, Jorj xanım, axı müsyö Balzakın bir cümləsini belə
yaza biləmdi ömrü boyu. (Bir tərəfdən də kişinin qızı da haqlı: nədən desən
keçmək olar, qadından əsla!)
Azərbaycana dönsək... Mirzə Cəlil əsər üzərində işləyərkən ağlayıb ona
mane olan körpəsini quyuya atmaq istəmişdi...
Cabbar Qaryağdıoğlu gərək ki, 70 yaşınacan evlənməmişdi – bu da səsini
hifz etməkçün idi.
Bir məşhur müğənnimiz ona oxumağı qadağan etdiyinə görə qardaşını həbs
etdirmişdi.
Bir məşhur yazıçı oğlunu onun kommunist düşüncələrini bölüşmədiyi üçün
intihar etmək vəziyyətinə çatdırmışdı.
Bu da mən - Azad Qaradərəli
haqqında: ana yurdumu ermənilər
işğal etdikdən sonra bağrım çatlamaq əvəzinə,
abırsızcasına qələmə sarılıb yazıçı oldum... Bu da düz iyirmi il əvvəl yazdığım fikir: “Əgər yazdıqlarını
hamı bəyənirsə, demək səndə nəsə qaydasında deyil. Özündən (yazdıqlarından)
şübhələnməyə əsasın var.”
***
Belə
ağır günlərdə ədəbiyyat söhbətləri türkər demiş, iyi gələr fikrindəyəm.
Ağır
günlər deyəndə ki, yazıçı üçün, yaxud yazıçı olmaq istəyənlər üçün əsl məqamdır.
Vallah ciddi sözümdür. Bağlı qapı, dörd divar axtarmırdınızmı? Buyurun, əfəndim,
bu da sizə bağlı qapı! Bu da dörd divar! Əyləşin, yazın...
Hə,
indi də deyəcəksiniz psixoloji halımız-filan... Qardaşım, öz psixologiyasını
kökləyə bilməyən birisi onlarla insanın cəm olduğu “ölkə - roman”da nə edə bilər?
Unutmayın,
bu “ölkə”nin prezidenti də, naziri də, polisi də, həkimi də, hakimi də
sizsiniz... Elə müəllimi, psixoloqu da...
***
Hərdən
özümə sual verirəm: mən yazıçıyamsa, niyə çoxlu sayda esselər, məqalələr
yazmışam?
Cavabım
zaman-zaman dəyişib.
1.Lap gənclik illərində rayonda yaşayanda hekayələrimlə
yanaşı, oxuduğum və bəyəndiyim kitablar haqqında rayon qəzetində, sonralar isə
paytaxt qəzet-jurnallarında resenziyalar yazırdım – kitablardan aldığım həzzi
oxucularla bölüşmək istəyi idi bu.2.Sonrakı illərdə bu istək başqa cür
yozulmalıdır: uzun zaman öz yazılarım haqqında, demək olar ki, fikir bildirmək
amacıyla yazılar yazılmadı, çünki həmyaşıdım olan, yaxud məndən beş aşağı, beş
yuxarı yaş fərqi olan nəsildaşlarım vəzifədə olan 60-cılar haqqında yazıb ənam,
qonorar, iş və “sağ ol” almağa girişmişdilər. (Əlbəttə, sonralar yazmağa
başladılar.) Ona görə də bəzi nəsildaşlarım haqqında esselər və tanıtım məqalələri
yazmağa başladım.3.Özümün yaşadıqlarımı gənclərin də yaşamamsı üçün onlar
haqqında esselər yazdım, fikir bildirdim, yekə çıxsa da, yol göstərməyə
çalışdım.4.Hər bir yazıçının potensial tənqidçilik, esseçilik istəyi də olmamış
deyil və məndə də bu hiss baş qaldıra bilərdi...
Bəlkə
5-ci, 6-cı səbəblər də var. Amma ən mühümləri bunlar idi.
Səbəblərdən
3-cünü xüsusi qeyd etməliyəm. Bəli, son on-on beş ildir ki, həm “Yazı” dərgisində,
həm saytlarda gənclər haqqında xeyli esselər və tanıtım yazıları yazmışam. Hətta
bəzən tənqidi yazılar da olub. Və qəzet-jurnallarda, saytlarda səpələnmiş bu
yazıların hamısını bir yerə yığıb iki hissəlik “Renessans həsrəti” (iki
cildlik, təxminən 700 səhifəlik) kitablarımda nəşr etdirdim. Onu da deyim ki,
az keçməz, kitabın 3-cü cildi ilə də qarşılaşmış olarsınız...
Hə,
3-cü bəndə qayıdaq. Mən gənclər haqqında çox yazdım. Bəziləri tam ürəyimdən gələn,
artıq onluğa vuranların yazıları haqda idisə, bəziləri avansa hesablanmış
yazılar idi. Hətta çox sərt tənqidi yazılar da yazmışam – təbii bu kəsib atmaq
deyil, müalicə etmək, tövsiyə vermək şəklində olub...
Mən
gənclər haqqında bəzən mətbuatda deyil, onların özlərinə məktub şəklində də
yazıram – göndərdikləri hekayələri, yaxud şeirləri oxuyub, məsləhətlərimi verirəm.
Çoxsaylı suallarını cavablandırıram. Bəzən bunlar şifahi şəkildə də olur – üzbəüz
oturub söhbət edəndə söylədiklərimi nəzərdə tuturam...
***
Bu
cür uzun bir girişdən sonra belə gənclərdən daha biri haqqında yazmaq qərarına
gəldim.
Nemət
Mətin, təbir caizsə hekayə gəncdir. Yəni, özündə və üzündə bir hekayə adam
naxışı var - yazıçıya yaraşmayan çox utancaq və məsum görüntüsü o naxışlara
kölgə salsa belə. “Yazıçıya yaraşmayan” dedim, yanlış anlaşılmasın: yazıçı bir
az sırtıqtəhər (üzr istəyirəm, bundan daha uyğun olan ifadə tapmadım)
olmalı, hər sözdən sınmamalı, özünə inamlı olmalı, bir qədər də eldə deyilən
kimi dikdəhrə olmalıdır. Yəni qəddini şax tuta bilən, ustadı bildiyi birisinin
yanında belə bildiyini, yaxud yazdığını sübut etməyi bacaran, bildiyini dədəsinə
verməyən olmalıdır. Lakin bu dediklərim həyasızlıq anlamına gəlməməlidir...
Nemətin
yazıları da özü kimi təmizdir. O adamtanıyandır. Həyatda gördüyünü mətnə
daşımağı bacarandır. “Maraqlısı odur ki, O, yoldaşının ölümü ilə barışmayıb. Hər
gün şəhərdəki saatın altında dayanaraq sevgilisini gözləyir.“ (“Məscid
yolunda gülləri qoxulamaq”)
Nemətin
həcmcə kiçik hekayələrində mistik bir aura hakimdir. Ölməyə hazırlaşan ruhun bədənlə
söhbəti bu baxımdan maraqlıdır. Bəlkə də gənc dostumuz bu ağır situasiyanı – kəskin
psixoloji durumu yetərincə aşa bilməyib, amma oxucunu təsirləndirəcək dərəcədə
təsvir edib məncə. Hər halda ilk qələm təcrübələrini edən bir gənc üçün qənaətbəxşdir:
“Bu gün sonuncu görüşümüzdür.
Sən susacaqsan, bilirəm. Sən mənsiz danışa bilməyəcəksən. Sənə can verən mən
idim. Mən də səni tərk edirəm. Sən çaşqınlıq içindəsən. Mənsiz bir günün olmayıb.
Sən ilk dəfə yıxılıb dizini yaralayanda qonşunun sənin halına yanmasına kövrəlmişdin.
Sən ilk dəfə məktəbə gedəndə parta yoldaşın olan yaşıl göz qıza vurulanda ürəyin
titrəmişdi.” (“Ayrılıq”)
Nemətin
hekayələrində hadisə var, amma hadisəçilik deyil. Bu mətnlərdə artıq söz ya
yoxdur, ya da çox azdır. Onun təsviri klassik təbiət təsviri deyil, bəlkə
yazıçı görümü, kəşfidir: ” Gilavar yerə
düşmüş yarpaqlara sığal çəkirdi. Park boyu düzülən işıq dirəklərində intihar
etmiş lampalar vaxtı çatdığı üçün söndürüldü.” (Sözügedən hekayə)
Lakin
Nemətin bütün mətnləri haqqında bu sözləri demək olmaz. “Gizlənqaç” hekayəsində
müəllif mücərrədliyə varmış, demək istədiyini
deməmiş, yaxud deyə bilməmişdir. Elə hekayənin birinci cümləsindən başlayır
dağınıqlıq:”Yazın ayağı gəlmişdi” cümləsi ilk baxışda maraqlı örünsə də,
oxucuya heç nə demir, hətta onu çaşdırır.
Hekayənin
içi oxucu üçün maraq doğuracaq olsa da, ümumən işlənmə mexanizmi qüsurludur.
Qızı öldüyü üçün başqa bir qız uşağını ata pna görə öldürüb qızının yanında
basdırır ki, qızı qəbirdə tək qorxmasın. Bu şizoreniyalı atanın ruh halı kimi
oxucuya nəsə deyə bilər, lakin heç detektiv yazı stili üçün də bu priyom yerinə
düşmür – “ujas” filmlərində rast gəldiyimiz səhnələr də daxil, bu obrazın
qüsurlarını qələm örtə bilmir. Üstəlik, bu atanın nədən belə bir yola əl atdığı
hekayədə açılmır – onun haçansa yaşadığı travma və ya başqa bir şeylə bu ştrixi
vermək olardı...
Hesab
edirəm ki, gənc dostumuz mətnlərini yayımlamaqda tələsməməli, dəmə qoymalıdır
ki, sonradan özü də çiy yerlərini fəhm edib mətnə bir də qayıda bilsin...
Amma
bu müəllifin yazıları onun yazıçı gələcəyindən xəbər vermədədir.
Çünki
onun mətnlərinə baxa-baxa bir piramida
gördüm sanki. Bu piramidadan sürüşüb yıxılmaq da var, onun təpəsində qərarlaşmaq
da. İkincinin olacağından əminliklə yazdım bu sətirləri. (Piramida deyəndə,
göz önünə ilk olaraq Misir piramidaları gəlir. Bu möhtəşəm abidələrin bir adı
da ehramdır. Piramidadan ehrama keçid artıq sənətdir. Cizginin, tikintinin sənətə
dönüşü möhtəşəm işdir. Belə sənətin qarşısında şapka çıxarıblar.)
***
Mən
bu esseni yazanda sosial şəbəkələrdə, televiziyalarda hamı əsrin bəlası olan
korona virusdan danışırdı. Küçələr bomboş, insansızdı. Nigarançılıqla
düşündüm:”Əcaba, bizim gənc müəlliflər nə edirlər?”
Özüm
özümə təskinlik verdim: inanıram ki, onlar yazıçılıq işinin fərdi iş, təkbaşına
döyüş olduğunu anlayıblar. Və bu ağır günlərdə belə özlərini bir odaya qapadıb
yazırlar.
Belə
olmasa, bu essenin bir mənası olmaz ki...
18.03.2020
Yorumlar
Yorum Gönder