YENİ ƏDƏBİ NATURALİZM
YENİ
ƏDƏBİ NATURALİZM
Bu məqalə neçə il əvvəl “Yazı” dərgisində və bəzi
saytlarda müxtəsər şəkildə yayımlanıb. Lakin dünyada və ölkəmizdə cərəyan edən
dəhşətli korona virus günlərində bu yazının aktuallığını nəzərə alıb, onu daha
genişləndirilmiş formada yenidən yayımlamağa qərar verdim. Ona görə ki,
dünyamızın naturallığın – təbiiliyin
çatışmazlığından əziyyət çəkdiyi düşüncəsindəyəm. Beləliklə, naturalizm
haqqında köhnə-yeni esseni sizə təqdim edirəm.
Müəllif
NATURALİZMİN MƏNŞƏYİNƏ DAİR BİR-İKİ
SÖZ
Latınca naturalis kəlməsindən alınan
naturalizm öz mənşəyini antik filosofların əsərlərindən almışdır. Böyük
filosoflar Sokrat, Platon, elmin atası olaraq qəbul edilən Miletli Talz, təbiət
hadisələrini heç bir fövqəladə səbəb olmadan izah edən ilk filosoflardan idilər.
Aristotel isə insanı və onun yaratdığı sənəti “təqlid” hesab edirdi, yəni
insanın təbiəti təqlidi kimi... İnsanı “ictimai heyvan” hesab edən alim
“Poetika”da yazırdı: “Zenn etmək olar
ki, poeziya (poeziya dedikdə müəllif ümumən sənəti, ədəbiyyatı nəzərdə tutur –
Müəllif.) sənətini, ümumiyyətlə, iki, həm də təbii səbəb doğurmuşdur. Əvvələn,
təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər canhlardan bununla fərqlənirlər
ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də məhz onun sayəsində əldə
edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya zövq verir. Həyatda baş verən
hadiselər də bunu sübut edir: heyatda bize iyrenc görünən şeylərin təsvirinə
baxarkən xoşumuz gelir, məsələn, iyrənc heyvanlann ve meyitin təsviri. Bunun səbəbi
isə ondadır ki, bilik qazanmaq neinki filosoflar, eyni zamanda başqa adamlar
üçün də son dərəcə xoşdur, yalmz bir ferqlə ki, bu sonuncular bilikləri uzun
zaman üçün əldə etmirlər” (“Poetika”, 4-cü fəsil).” Daha sonra oxuyuruq:“Hər
bir sənətin vəzifəsi təbiətən çatışmayan şeyləri tamamlamaqdan ibarətdir”.
Düşünürəm ki, böyük alim gələcəyin insanına önəmli mesaj
verib: siz vəhşi təbiəti dəyişməyin, onun təbiiliyinə xələl gətirməyin, əksinə
təbiətin çatışmayanlarını tamamlayın...
Beləcə erkən filosoflar
naturalizmin əsasını qoyan tədqiqatlara öz töhfələrini verdilər.
Sonralar Avropada
renessans dövrünün sənətçiləri də əsərlərində naturalism ünsürlərinə yer
vermişlər. (Bu nöqtəni tədqiqatçıların ixtiyarına buraxıb növbəti abzasa dönək.)
İncəsənətdə, ədəbiyyatda və fəlsəfədə
naturallığın pik nöqtəsi, təbii ki, XIX əsrlə bağlıdır.
Ədəbiyyatda naturalizm XIX əsrin
ikinci yarısında Fransada yaranmışdır.
Bu cərəyanın nəzəri əsasını fransız Hippolyte Taini yaratmışdır. Tainin düşüncələrindən
təsirlənən Goncourt qardaşları ilk naturalist romanı “Germinie Lacerteux”
(1864) yazdılar. Lakin ədəbiyyatdakı naturalizm orijinal ifadəsini Emil Zolyanın “Le Roman
experimental” ( "Eksperimental roman") adlı esseində tapdı. Goncourt
Qardaşlarından təsirlənən Zolya iddia edir ki, yazıçı ancaq hadisə və faktları
müəyyənləşdirmək və yazmaq üçün kifayət edən bir müşahidəçi deyil, həm də roman
personajlarının iç dünyasını, emosiyalarını və
düşüncələrini əks etdirənbir eksperimençidir. Bu cərəyanı Zolya qədər
yaxından izləyən ikinci bir yazar olmamışdır. Lakin bir müddət sonra məşhur
hekayəçi Gi De Mopassan, ədiblərdən H.İbsen, K.Hamsun, H.Hauptman bu cərəyandan
təsirlənərək naturalist əsərlər yazdılar.
Naturalist yazıçılar obyektiv həqiqətlər
və göz önünə gələnləri yazdılar və ideallaşdırmaya qarşı çıxdılar. Onlar əsərlərində
həyatın qəddar və kobud tərəflərini də əks etdirdilər. Naturalist yazarlar
mühitin və xüsusən təbiətin insana həddən artıq təsir etdiyinə inanırdılar.
Buna görə də, əsərlərində məzlum
insanların həyatı, gecəqondu daxmaları və yeraltı dünyanı sənədli bir
dil ilə insanlara çatdırırdılar. Sonralar Stiven Kran, Frank Norris və Cek
London ABŞ-da naturalizmin Avropa ədəbiyyatındakı
təsiri zəifləməyə başladığı bir dövrdə naturalist əsərlər yazdılar. Teodor Dreiser isə ABŞ-da naturalizmi zirvəyə
qaldırdı. Ceyms T. Farrellin “Studs Lonigan” (1932-35) trilogiyası naturalizmə
aid son əsər sayılmalıdır.
Naturalizm Türkiyə ədəbiyyatına
35 yaşında intihar etmiş tərcüməçi və yazar Bəşir Fuadın təsiri ilə daxil oldu.
Türkiyə ədəbiyyatının ilk naturalist romanı isə 1891-ci ildə Əhməd Midhat Əfəndi
tərəfindən yazılmış “Müşahedat” ("Müşahidələr") idi. Daha sonar
Hüseyn Rahmi Gürpınarın mətnlərində
naturalizm özünə yer aldı.
Azərbaycan ədəbiyyatında naturalism izləri
“Kitabi-Dədə Qorqud” dastanlarında, daha çox M.P.Vaqifin şeirlərində görünsə də,
ədəbiyyat nəzəriyyəçilərinə görə, sistemli naturalism cərəyanına aid yazıçılar
N.B.Vəzirov, Ə.Müznib və C.Bünyadzadə və başqalarını missal göstərə bilərik.
Bayatılarımızda, nağıl və dastanlarımızda kifayət qədər naturalist nümunələr
vardır ki, bular da bizim naturaya, doğallığa meylilli xalq olmağımızı sübut
edir. Təbii ki, naturalist dünyagörüşü, doğallığı həyasızca çılpaqlıqla, arsız
və tərbiyəsizliklə qarışdırmaq lazım deyil. Mən şəxsən, yalnız yeri gələndə
naturalizmə getməyin tərəfdarıyam. Bədii əsərlərdə yeri gəldisə, yerinə
oturdusa, söyüşlərin, natural səhnələrin verilməsini təbii sayıram. Əlbəttə,
aşırı ədəbsizliyin deyil. Məsələn, təbir caizsə, şəhər folkloru olan
meyxanalarımızda da naturalizm elementləri güclüdür. Amma aşağıdakı nümunədəki
kimi yox daha:
Sən mənə bir dərd verdün, qaytarıb on edərəm,
Əgnüvü dəyişdirib, şalvaruvu don edərəm,
Çəkərəm pistonumu, sinəni al qan edərəm
Xəlbirə döndərərəm, edərəm dəlik-deşik
Meyxanə əhliyik, içki-miçki görməmişik?!
İctimai məzmundan uzaq, şit seksizmə hesablanmış bu tip
nümunələr oxucuda müvəqqəti maraq doğura
bilər, amma ciddi sənət numunəsi kimi yaşaya bilməz.
Naturalizm qısa müddətli bir cərəyan
olsa da, romantizmin və realizmin inkişafına, yeni mövzuların kəşf edilməsinə və
formaya üstünlük verməyən və həyata, təbiətə
yaxın olan bir hərəkatın inkişafına təkan verdi. Təəssüf ki, ədəbiyyat və
sənət naturalizmdən uzaq düşdükcə insanlıq da naturadan – təbiətdən də uzaq
düşdü. Daha doğrusu, təbiətin düşməninə çevrilən insan, özünün və nəslinin də
inkişafına zərbə vurdu.
EYNŞTEYN
VƏ NATURALİZM
Böyük alim A.Eynşteyn də zaman-zaman
naturalist fikirlər səsləndirmişdir. Arıları uzun müddət müşahidə edən alim
sonda bu qənaətə gəlir: “Əgər arılar kütləvi şəkildə Yer üzündən itərsə, ondan
sonra insanlar cəmi 4 il yaşaya bilər. Çünki arıların məhvi tozlanmanın, bitki
və insan nəslinin artmasının sonu deməkdir”.
Nə idi nisbilik nəzəriyyəsi kimi möhtəşəm nəzəriyyənin
banisinin arılara belə ciddi önəm verməsinin səbəbi?
Cavabı bioloq alimlər belə verir: arılar 130 min növ
bitkidə tozlanma prosesini yaradaraq, Yer kürəsində bəsit desək, həyatın varlığını
təmin etmiş olurlar. Çünki həmin 130 min bitki bütün Yer kürəsinin oksigen tələbatını
ödəməklə yanaşı, ekoloji tarazlığın bərpasını da təmin edir. Tozlanma
prosesinin ildən-ilə yavaşlaması isə sosial terminologiyada ekoloji böhran
adlanan, əslində isə ekoloji natarazlığı əmələ gətirir, kütləvi istiləşmə və
havada maqnit induksiyasının artmasına gətirib çıxarır.
“QURAN”DA NATURALİZM İZLƏRİ
Təsadüfi deyil ki, “Quran”ın “Ən-Nəhl” surəsində arılar
haqqında önəmli fikirlər var: “Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda,
ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik. Sonra bütün meyvələrdən
ye və Rəbbinin sənə göstərdiyi yolla rahat get! (O arıların) qarınlarında
insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da
düşünüb dərk edənlər üçün bir ibrət vardır!”.
Arının balı həm qida kimi, həm də şəfa qaynağı kimi qiymətlidir.
Arının özü də müasir təbabətdə çarə kimi istifadə olunur. Tarixi qaynaqlar xəbər
verir ki, hələ eramızdan əvvəl Makedoniyalı İskəndər Hindistanda vəfat edərkən
onun cənazəsini təmiz balın içində vətənə gətirmişdilər...
Təəssüf ki, dünyamız bu gün arılarçün arzuolunan səviyyədə
deyil. Elə buna görə də get-gedə bu qiymətli həşəratın sayı azalmağa doğru
gedir.
Hesse yazır ki, insan həyatı o vaxt cəhənnəm əzabına
dönür ki, iki mədəniyyət, müxtəlif dinlər eyni vaxta düşür. Antik dövrün adamı
orta əsrlərdə yaşasa, min əzab içində ölər, hər hansı vəhşini bizim
sivilizasiyaya gətirsən eləcə!
Nə yazıqlar ki, bu gün dünyamız ibtidai icma quruluşu ilə
indiki adı bəlli olmayan quruluşun kəsişmə nöqtəsindədir. Bu isə bizi sonsuz
faciələrə aparmaqdadır. Sanki dünyamız Merfi qanunlarının diktəsinə tabeymiş.
Bəs çıxış yolu nədədir?
Mən bu yazıda bir qələm adamı kimi, (hekayə və
romanlarımda, əslində bunları etməyə çalışmışam) həmin suala cavab verməyə cəhd
etmişəm.
BİZİM FİKRİMİZCƏ NATURALİZM VƏ YA
YENİ NATURALİZM
Ya
göründüyün kimi ol, ya olduğun kimi görün.
Mövlana
Mən qırx ildir yazıram. Elə vaxt olub ki,
yazmağa imkanım olmayıb – kənddə yaşayanda o ki var fiziki iş görürdüm (böyük təsərrüfatım
vardı) və yazmağa sadəcə taqətim olmurdu, onda düşünür, düşünürdüm. Elə ki, boş
vaxt tapdım, qələmə sarılır, hekayələrimi yazırdım. Hələlik, hekayələrimi.
Ondan ki, kənddə hekayədən o tərəfə getməyə güc qalmırdı. Mən axı həm də məktəb
rəhbəriydim və bir rayonun tanınmış maarif işçisi kimi həm məktəbimin problemləri
ilə ilgilənir, həm də rayon maarif şöbəsinin (o vaxt belə adlanırdı) tədbirlərinə
qatılırdım. Yəni yazıçılıqla mütəmadi məşqul ola bilmirdim... amma məşqul
olurdum...
Zorən bakılı olandan sonra (ermənilər rayonumuzu işğal
etdikdən sonra), ailə problemlərindən qurtulan kimi qələmə sarılırdım.
Radiodakı işim yazıçılığıma həm mane olurdu, həm də kömək edirdi. Uşaq şöbəsində
işləməyim mənə həyatın ilkini, təbiiliyini yaxşı öyrənməyə vəsilə oldu. Anladım
ki, insan doğallığı elə uşaqdadır. İnsan uşaqlığından ayrılan kimi rəsmiyyətçi,
əzazil, antihumanist olur...
Sonra bir Komitəyə işə çağırdılar və oradakı qısqılara
(bu qısqılar yazıçı üçün intihara bərabərdir!) dözməyib istefa etdim.
(Etdirildim daha düzgün olardı).
...Və elə o vaxtdan mənim başımın üstündə domokl qılıncı
yox. Sakitcə əyləşib əsərlərimi yazıram. Hərdən sifarişlər gəlməsə, ( qonorar üçün redəktələr, köşə yazıları və
kiçik tərcümələr səviyyəsində) demək
mümkün ki, mənə heç kim mane olmur – yalnız bədii yaradıcılıqla məşqulam...
Yazdıqca və ətrafı müşahidə etdikcə bəzi qənaətlərə gəlmişəm. Onları sizinlə
bölüşürəm.
Son illərdə, bəlkə də lap əvvəldən bədii yazılarımda -
hekayə və romanlarımda bir xətt olub: ədəbi naturalizm. Yəni həm təbiətdə,
həm cəmiyyətdə və eləcə də onların hər ikisinin güzgüsü olan ədəbiyyatda
naturalizmin tərəfdarı olmuşam. Nədir bu?
1.Təbiətin get-gedə saxtalaşdırılması:
nanotexnologiyaların tətbiqi ilə saxta ərzaq və qeyri ərzaq məhsullarının –
QDO-ların yaranması və onların insanlığa mənfi təsirləri;
2.Cəmiyyətin özəyi olan insanın
özünün özünü saxtalaşdırılması: kluonlaşdırma,
süni mayalanma, süni insan və bunların sonucu kimi süni düşüncə, süni dünyabaxış;
3.Ən nəhayət, bunların ədəbiyyatda
təcəssümü: süni və saxta ədəbiyyat!
4.Mən bütün bunlara qarşıyam və
19-cu əsrdə meydana gəlmiş naturalizm cərəyanının dəyişən forması – YENİ NATURALİZM əsasında yeni ədəbi baxışlar
sistemini özümə daha yaxın hesab edirəm.
Və sonda.
Baxmayaraq ki, əsərlərimdə, xüsusən
"Şəhərcik", “Əllidən bir kəm” romanlarımda naturalist baxışlarıma
geniş yer verilib, mən sözügedən konsepsiyanın elmi tərəfini də işləmək
amacıyla bu yazını yazdım. Ümid edirəm ki, yaxın gələcəkdə həm elmdə, həm incəsənətin
bütün sahələrində, eləcə də ədəbiyyatda bu cərəyan və ümumən naturalist düşüncə
önə çıxacaq və ədəbiyyatşünaslar, ədəbiyyat nəzəriyəçiləri də bu barədə daha ətraflı
yazılar yazacaqlar. Əks təqdirdə, həm təbiətin və bəşəriyyətin, həm də bunların
hər ikisinə hesablanan elm və sənətin, o cümlədən də ədəbiyyatın ağır günləri
başlayacaq...
Lap sonda.
Niyə bu yazını indi aktual saydım?
Düşünürəm ki, koronavirus dalğası təbiətin intiqamıdır.
Doğallığı, əsiliyyəti, ilkinliyi məhv edən insan təbiəti yox etməklə özünün də
yox olacağını fəhm edə bilmir. Dünyanı kapsamış kütləvi qırğın silahları,
bioloji silahlar, okeanların çirklənməsi, meşələrin qırılması, güclü insanın
gücsüzü aşağılaması, öldürməsi, kişilərin qadınlara aşırı şiddət göstərməsi,
qız uşaqlarının ana bətnində məhv edilməsi kimi vəhşiliklər anti-natural
dünyanın naturalizmi üstələdiyinə açıq mesajdır. Təbiət öz təbii seçmə üsulu ilə
özünün hamıdan və hər şeydən güclü olduğunu bir daha nümayiş etdirdi. İnsan məhv
etdiyi təbiətin qarşısında nə qədər aciz olduğunu bilməlidir... Qüdrət və qüvvət
yalnız təbiətə, uca yaradana məxsusudur. Onun parçası kimi onun tələblərinə
uymaq məcburiyyətindəyik...
23.03.2020
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Bu yazı saytlarda yayımlananda dünyada və o cümlədən
Azərbaycanda COVİD-19 (korona virus)
virusu tüğyan edirdi. Ölkədə karantin rejimi elan edilmiş və insanlar evlərinə
qapanmışdı.
Yorumlar
Yorum Gönder