ALIŞQAN
AZAD QARADƏRƏLİ
ALIŞQAN
hekayə
(Qarabağ qazisi Zaur Həsənovun xatirəsinə)
“Azərbaycanda sunami gözlənilir, pul sunamisi”
Rino Harniş
ABŞ-ın Azərbaycandakı
keçmiş səfiri
Birinci hissə
Adam
bu dəfə qərarlıydı: nə olur olsun, sədrin qəbuluna düşməli, iradəsini yeritməliydi.
Qarşıdan Yeni il bayramı gəlirdi. Bu yadına düşəndə acı-acı gülümsündü. Gülümsünmək deyildi bu. İçində boğulan qəhərin
gülüş rəngində üzə çıxması idi: “Hələ yalannan Dünya azərbaycanlılarının həmrəyliyi
günü də quraşdırmışıq. Burdan-bura bir-birimizlə həmrəy ola bilmirik, okeanın o
tayındakı azərbaycanlı ilə süni, yalançı
həmrəylik nə təhər olur? Sən mənim
balamın boğazının çörəyini kəs ki, mən həmrəylik günü keçirirəm? Heç gör dəxli
var?.. Mən axı əlil olmasam (vallah bu qazi sözünü heç xoşlamadım – məğlub
ordunun əsgərinə necə qazi demək olar axı? Yaxşısı elə əlildir, əlil... müharibə
əliliyəm...), indi sənin qapını kəsməzdim
ki. Müharibədə güllə yarası alanacan, kimsə mənim qolumu qanıra bilməzdi. Ən çətin, ən ağır işlərə girişmişdim həmişə.
Amma indi yarımcanam... ayağımın biri, qolumun da biri yaxşı işləmir... ona görə
sənnən ayrı şey yox, ədalət istəyirəm...”
Döyüşə
gedirmiş kimi üst-üstə qalın geyindi. Axşamdan hazırladığı lazimi əşyaları nimdaş gödəkçəsinin altından bağladı. Məktəbyaşlı
oğluna da tapşırdı ki, əynini qalın
geyinsin. Belə çətin işə gedəndə onu həmişə özüylə aparırdı. Hələ cəmi on iki yaşında olsa da, atasının məmurlarla,
yaxud polislərlə dartışmasında qolundan
tutar, aradan çıxmasına yardımçı olardı. Bu dəfə qızı da onlara qoşulmuşdu.
Atanın etirazına baxmayaraq, qız özünü yerə sürtüb ağlayır, gedəcəyini
deyirdi. Qız anasına
oxşayırdı deyin, onu çox istəyirdi.
İndi uşağın bu israrına, illah da göz yaşlarına dayana bilmədi. Qəhərdən
əyilmiş üzünü uşaqlarından gizlənməkçün
guya ayaqqabısının bağını bağlayırmış
kimi aşağı əyildi və axır ki, razılaşdı.
***
-Nə olar, məni müəllimlə görüşdürün...
-Olmaz.
-Çox
xahiş eliyirəm... Mən axı...
-Ə,
sən nə sırtıq adamsan! Dedim olmaz!
-Bilirsən,
mən səni tanıyıram... Sən sədrin bacısı
oğlusan! Səni bura qoyub ki, onu mənim kimi şikayətçilərdən qoruyasan... Amma nə
eliyirsən, elə, mən bu gün onu görməliyəm. Qarşıdan Yeni il gəlir. Mənim uşaqlarım acdılar... Mən
haqqımı tələb edirəm! Çayxanamı qaytarsın! Yoxsa...
-Yoxsa,
nə, ə?! Nə eliyəssən?! Belə şərəfsiz adam olar!..
Son
sözlər güllə kimi dəydi ona. Neçə il əvvəl döyüşdə aldığı yaraların yeri gizildədi,
sancdı, sonra harasısa od verib yandı.
Yanığın alovu ağzından çıxıb dil-dodağını qarsdı. Kəkələyə-kəkələyə dedi:
-Mən...
mən... Qa... Qarabağda canımı qoyanda, sən... sən hard... harda sülənirdin,
bilmirəm! Mənim şərəfim... şərəfim o torpaqların uğrunda qurban gedib! Bəs sənin
şərəfin hanı?! Hay?!
Sədrin
köməkçisinin yanında duraraq açıq-aşkar
ona yaltaqlanan yaşlı adam köməkçiyə göz vurdu:
-Bəlkə
çıxardıb göstərəsən?
Köməkçi
irişə-irişə əlini qıçının arasına aparır və şaqqa çəkib gülür. Əsəbindən üzü səyriyən
şikayətçi bir ayağını çəkə-çəkə çəliyinə söykənib onların ikisini də itələyərək içəri keçmək istəyir.
-Çəkilin,
ə! Məni dolayırsınız! Sə... sən... Sənnn
öl, sizi elə doluyaram ki...
Amma
şikayətçi yarımcandır, müharibənin vurduğu yara
sağalsa da, onun fiziki
gücünü almışdır. İki adam birləşib şikayətçini çölə
atırlar. Bu vaxt iki məktəb yaşlı uşaq
bura gəlib asvalta uzanmış adamın qolundan tutub ağlaya-ağlaya qaldırmaq istəyirlər.
-Ata...
-Ay
ata, dur gedək də, nə olar?
-Kəsin!
Döyüşçünün balası ağlamaz! Acınnan ölsəniz
də, ağlamayın bu nakəslərin qabağında!
Siz gedin o tərəfə, mən bir də çalışım
görüm, bəlkə girə bildim içəri...
Bu
vaxt bahalı xarici maşın dayanır, sədr maşından düşür, tələsik kandardan keçmək istəyir. Şikayətçi özünü
onun yoluna atıb qışqırır:
-Müəllim,
mənim balalarım acdır, özüm də müharibədə şikəst olmuşam, day bunu
bilirsiniz...
Sədr
ona tərs-tərs baxır və qışqırır:
-Yenə
sənsən? Ə, səni mən göndərmişəm müharibəyə?! Sənin çayxananı mən əlinnən
almışam? Get məhkəməyə müraciət elə... Ə sən nə...
-Ay
müəllim, məni otarma! Sən göstəriş vermisən, hakim də o cür qərar qəbul edib...
Bayramqabağı məni qana salma!
-Nə
edəcəksən?! Məni hədəliyirsən!?
-Yoox,
sənə gücüm çatmaz. Eləsəm, özümə eləyəcəm.
-Sənin
ona qeyrətin çatmaz!
Sədr
çıxıb gedir. Şikayətçi bayaqkı
dartışmada ağrımış şikəst ayağını tutub yenə qapıya yaxınlaşır və bu dəfə nalə təpib qışqşrşr:
-Bax,
budu sizə deyirəm! Ya bu gün mən sədrin
yanına girəcəyəm, ya da...
“Bacıoğlu” qapıya çıxıb onun üstünə bağırır:
-Özünü
niyə hayasızlığa qoymusan?! Gördün ki, səni qəbul etmək istəmir! Get məhkəməyə
de dərdini!
Şikayətçi
bu dəfə daha bərkdən bağırır:
-Elə
eləməyin ki, qanımı üstünüzə töküm...
Bayaqkı
yaşlı adam “bacıoğlu”ya göz basıb rişxəndlə deyir:
-Neyliyək,
bu qan salacaq!
Bacıoğlu
ağzın əyir:
-Pox
yeyəcək!
Şikayətçi
onu buradan uzaqlaşdırmaq istəyən polislərə bağırır:
-Buraxın,
yoxsa yandıraram özümü!
Birinci
polis onu itələsə də qorxmuş halda geri
çəkilir, “bacıoğlu”ya baxır:
-Rəis,
bu deyir özümü yandıracam.
“Bacıoğlu”:
-Yox,
a? Yalan demir ki?
Yaşlı
adam bu dəfə elə göz vurur ki, elə bil
gözünün qarası itib gedir və açıq lağla deyir:
-Atam
danışırdı ki, o rayonda katib olanda biri nefti töküb üstünə və deyib
ki, bu saat özümü yandıracam! Kişi deyirdi ki, baxdım gözünün içinə, gördüm bu
qorxağın biridir, bunnan özünü yandıran çıxmaz. Çıxartdım kibriti verdim, dedim
di yandır! Kişi dalı-dalı çəkilib getdi... Ha-ha-ha-haaaaaaa!
Əvvəl
“bacıoğlu” hırıldadı, sonra polislər də gülüşdülər. Bu vaxt şikayətçi
qoltuğundan bir “çubuş”
butulkasına bənzər nəsə çıxartdı, (amma
bu faktı sonrakı dəlillər təkzib edir)
içindəki nefti başına tökdü və
bağırdı:
-Sizi
xəbərdar edirəm, bu dəqiqə məni içəri buraxmasanız, özümü yandıracam! Yaxın
gəlməyin, çəkilin, çəkilin deyirəm!
“Bacıoğlu” bahalı siqaretini çıxardıb damağına qoydu, sonra gümşü rəngli alışqanla yandırdı, ləzzətlə
sümürəndən sonra alışqanı şikayətçiyə
uzatdı:
-Hadi,
yandır görək, necə yandırırsan!
Nə
oldusa bir göz qırpımında oldu. Əvvəl alov, sonra ütülmüş
baş iyi, sonra yanıq ət iyi, alov içində ora-bura qaçan şikayətçinin və
onun məktəbyaşlı uşaqlarının bağırtısı...
***
Bir
sutka sonra şikayətçi dərin yanıq diaqnozu ilə öldü. Ölümündən sonra ona... daha doğrusu, onun ailəsinə küllü miqdarda pul verildi. Yüz min, iki yüz
min... Sonra nazirlər bəhsə düşüb pulu
ailəyə şabaş kimi səpələdilər. (Pul gəldikcə gah gülən, gah ağlayan məktəbli
oğlan boğula-boğula deyirmiş: “Atam demişdi də! Demişdi ki, neft çoxalacaq. Yəqin
çoxaldı! Heyf ki, atam görmədi...) Çayxanası ailəsinə qaytarıldı. Hələ qəbiri
də götürəcəkmişlər: qara, ən bahalı mərmərdən.
***
Bir gün sonra başqa bir nəfər də özünü yandırmışdı. Sonra daha birisi.
Yer-göy
neft qoxuyurdu. Alışqana bənd idi.
***
Şəhərin
mağazalarında alışqan qalmamışdı.
Siqaret çəkən, çəkməyən – hər kəs alışqan alırdı özünə. Hətta məktəblilər də
çantalarında alışqan gəzdirirdilər. Bunu eşidən Binə və Sədərək ticarət mərkəzinin
alverçiləri Çindən alışqan idxalını gücləndirməyə başlamışdılar. Təxminən bir
ay sonra şəhəri alışqan basmışdı.
İkinci
hissə
Hadisədən dərhal sonra bir-iki jurnalist hadisə
yerindən reportaj hazırlasa da, ya onların bəzisini çap etmədilər, ya da hökumətdən təzə aldıqları evin yeni il qabağı qaramata
bürünməsini istəməyib özləri çapa vermədilər. (Yazıqları qınamalı deyil. Eləsi var illərdir zirzəmilərdə ailəlikcə
kirayənişin qalmaqdan beziblər. İndi belə vaxtda bu cür gic-gicə məqalə
yazmaqla hökumətin verdiyi qənimətə
burun-damaq eləmək axmaqlıq olardı – nə
olsun senzura götürülüb, bəs sənin öz ağlın, fəhmin?) Həmin yazılardan əlimizə keçmiş bəzi parçaları
burada verəcəyik. (Bu yazıların çoxu
vaxtilə sərt müxalif mövqeyi ilə seçilən, indi isə ayağısürüşkən ərli qadınlar
kimi gecə ərinin, gündüz oynaşının
yanında olan sayt və qəzetlərin
müxbirlərinin əldə etdikləridir.)
“Yenicə
12 min verib polisə düzəlmiş gənc polisin hadisədən sonra dediklərindən:
-Hər
tərəf benzin qoxuyurdu. Elə bil ürəyimə dammışdı. Mən daha təcrübəli
olan paqon yoldaşıma dedim ki, bu adam özünü yandıracaq. O da dedi, qorxma
yandırmaz, mən belələrini çox görmüşəm... Əslində düzdür. Axı kim deyir ki, o üstünə neft töküb.
Gözümün şahidiyəm, çubuş butulkası-filan yox idi. Heç neft iyi də gəlmədi.
Alışqanın şaqqıldamasıyla bədbəxtin alışması bir oldu. Mənə kömək edən olsaydı,
tez söndürərdik, yanıq dərin olmazdı. Hamı qaçdı girdi içəri, kurtkamı çıxardıb
basdım üstünə, çox çətinliklə söndürə bildim... Bax, əllərim də yanıb...”
Bu
vəfat etmiş qazinin oğlunun dedikləridir:
“-Çayxanamızı
əlimizdən alannan sonra məktəbə getmirəm. Hər gün gedib talkuşkada qab-qaşıq
satıram, 5-10 manat qazanıram. Elə vaxt olurdu ki, sabaha çörəkpulumuz
olmurdu, yeməyi az yeyirdim ki,
qardaş-bacıma qalsın... Birdən səhər çörəkpulu olmasa, atam əsəbləşər,
piristupu tutar... (hıçqıqrıb göz yaşlarını əlinin içi ilə
silir, əlinin kiri göz yaşına bulaşıb
üzünə bomboz ləkələr salır) Atam bizə demişdi ki, mən qışqırıb “özümü yandıracam” desəm, siz qorxmayın. Əgər
gördünüz ki, məni döyürlər, onda
qışqırın, hay-küy salın ki,
buraxsınlar... Bacımla mən bilirdik ki, atam əsəbidir, özünü doğrudan yandıra
bilər. Ona görə onu gözdən qoymurduq. Necə olub
atam neft götürəndə mən görməmişəm? Yoxsa yanınnan əl çəkməzdim.
Zajiqalkanı çəkəndə əlindən dartıb alardım. Ya da özümü onun üstünə yıxardım
ki, mənə görə özünü yandırmasın... Bilirsiz,
atam həmişə deyirdi ki, biz neft ölkəsiyik,
tezliklə hamımıza o var-dövlətdən pay
düşəcək... Deyirdim nə vaxt? Deyirdi neft çoxalanda payımızı alacağıq.
Onda səni İngiltərədə oxudacam, özüm də orda müalicə olunacam... Bəs nə oldu?
Bu neft niyə çoxalmadı? ”
Bu
sədrin dostlarına telefonla dediyi sözlərdir. Bunu necə əldə etməyimizi
soruşmayın. Bu ölkədə hər kəsin bir informasiya mənbəyi var, bizim də belə. Nəysə,
telefon söhbətindən parça:
“-Bu,
mənə qurulmuş bir tələdir. Həmin axşam təcrübəli
polisləri də dəyişib, yerinə gəncləri
qoyublar. Biri hətta bir neçə ayın polisiymiş. Yoxsa, onun nə işi vardı özünü
yandıranı söndürməyə qalxışırdı?.. Tamamilə bir oyundur bu, təxribatdır. Düzdür, bu adam tamam yanmamalıymış – özünü
neftlə yox, spirtlə odlamalıymış və yanıq da yüngül olmalıymış... Sadəcə mənə tələ
quranlar bədbaxtı aldadıblar, spirti
daha kəskin yanan maddəylə əvəzləyiblər... Bu, yalnız Bakı neftindən alınır.
Bilirsən də, bizim neft tərkibinə görə dünyanın ən zəngin neftidir. Yadındadır,
İkinci dünya müharibəsində bizim neftdən
alınan donmayan benzinin hesabına almanların başına nə oyun açdı bizimkilər? Bu da heylə bir şeymiş. Gör nə təhər tez
alışan maddəymiş ki, bizim bacıoğlunun
siqaret yandırmaqçün çaxmağını çəkdiyi zajiqalkanın odunu iki metrlikdən
alıb bədəni. Bacıoğlu bir az cəld tərpənməsəymiş, o da yanacaqmış... Kaş elə
yanaydı! İt küçüyü! Deyirəm, sən niyə
duymadın ki, bu it oğlu özünü yandıra bilər? Nə desə yaxşıdır?
Ağlaya-ağlaya deyir ki, dayı, Qafarda oldu günah! (Qafar da bizim qohumdur, uzun illər ÇK-da,
BK-da, iri rayonlarda katib işləmiş ağsaqqalımız Rufan müəllimin oğludur. Mənin
atamla uzun illər dost olmuşdular. Hara gedirdi
papanı da özüynən aparırdı. Sağ əli olub Rufan müəllimin. Papa danışırdı
ki, bir dəfə Mingəçevirə katib göndəriləndə papanı da ideoloji katib aparmaq
istəyib, buraxmayıblar. Özü lişno Kişinin qəbuluna gedibmiş bu iş üçün... Hə də,
indi dövran fırlandı, Rufan müəllimin oğlunu mən yanımda fırlayıram.) Papa
danışırdı ki, hansısa rayonda katib
olanda... Nə? Mənə nə olasıdı ki? Mənlik
nə var e axı burda? Sən də deyəsən, sözlü adama oxşayırsan axı?! Bəsdirin səni
allah! Yaxşı, mən adboy verirəm, indi yuxarıdan zəng gəlməlidir, tapşırıq
var... Əh, zalım uşağı zalım! Qulaqları səs alıb e!”
Bunlar
da vəfat edənin atasının sözləridir:
“-Xahiş
edirəm, mənim oğlumun ölümünü siyasiləşdirməyin... “
Bu
isə orada olan şikayətçilərdən birinin dedikləridir:
“-Mən
düz onun yanındaydım. Neft-zad tökmədi üstünə. Kiminsə ona tərəf atdığı
alışqanı bircə anda yandırıb, bədəninə tutdu, elə qəfil alışdı. İndi özümdən
qorxuram. Deyirəm, birdən yanımda siqaret çəkənin alışqanınnan mən də alışaram.
Uzaq olsun. Bircə bu qalmışdı...”
Nəhayət,
1-ci sinfə dərs deyən Solmaz müəllimənin dərsdən sonra evində hazırlıq keçdiyi uşaqlara şövqlə
dediyi sözlər:
“-Təsadüfi
deyil ki, Vətənimizə Odlar yurdu deyirlər. Alimlər sübut ediblər ki, hələ qədimlərdə
Xəzər sahillərində alov dilləri
ucalarmış. Hətta Xəzərdə də su yanarmış. İndi bizim adamlar da odlu-alovludur.
Sadəcə alışqanı yaxınlaşdırmaq kifayətdir ki, Odlar Yurdunun adamları alova
bürünsünlər.
-Hə,
məllimə, mən bunu televizorda gördüm... Bir adam özünü yandırmışdı... Söndürə
bilmirdilər.”
Uşaq
bunu deyib çantasından çıxardığı alışqanın çaxmağını çəkdi və... müəllimə o dəqiqə
alışan uşağı güclə söndürdü.”
Mavi
ekranda xalq artisti olan bir müğənni isə Yanardağda odların içində
gəzə-gəzə oxuyurdu:
Mən
odlar oğluyam, oddan yoğrulmuşam...
dekabr 2013-yanvar 2014
Yorumlar
Yorum Gönder