HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ
AZAD
QARADƏRƏLİ
HƏMİŞƏRİLƏR MƏHƏLLƏSİNDƏ
hekayə
Urmiyəli qələm
dostum yazıçı, naşir Məhəmməd Sophdelə
“Bura bir az dərə-təpədir, gərək yeriyəndə ayağının altına baxasan, yoxsa ayağın pərtdimi, gurulguppaz gedəcəksən selav aşağı. (Bir çoxları kimi biz də bura əyalətdən – Zəngəzur tərəflərdən
gəlmişik. Selav bizlərdə sel tutan yerə deyərdilər, hardansa gəldi ağlıma.)
Mən də yaşlı adamam, ayağımı ehmal qoyuram bu kəpirli
daş-qayanın üstünə. Bir az qabaqda görüşəcəyim adam da elə mənim kimi yaşlıdır.
Dünən oğlu ilə gəlmişdi mənimlə danışmağa. Söhbətimiz yarımçıq qaldı - ev
sahibini tapa bilmədilər.
Bakının
bu qəsəbəsi yığma futbol komandası kimidir. Ölkənin hər rayonundan adama ras gələrsən.
Hətta ayrıca məhəllələr var: Gədəbəy məhəlləsi, naxçıvanlılar, şəkililər, qarabağlılar,
yerazlar, krazlar, həmşərilər... Hətta belələri də var: tatarski, cuhuddar... (Bu
axırıncılar sovetdənqalma adlardır. İndi burda tək-tük tatar, cuhud
qala-qalmaya. Tatarlar yerli əhaliylə qaynayıb-qarışmış, əriyib itmişlər.
Cuhudların isə böyük əksəriyyəti İsrailə köç ediblər. Yəni, sadəcə adlar
qalıb.)
Həmşərilər,
bəlkə iki yüz il qabaq bura Güney Azərbaycandan neft buruğunda işləməyə gələnlərin
törəmələridirlər. İndi görüşəcəyim adam da həmşəridir kökcə. Ulu babası 1850-ci
ildə gəlib Bakıya, burda evlənib, o qalan qalıb. Kişinin deməsinə görə, kökləri
Ərdəbilə gedib çıxır. Amma bu illər ərzində ailə qarabağlılarla, şirvanlılarla,
naxçıvanlılarla, hətta ruslarla da al-ver edib, şaxələnib, böyüyüb.
Bunları
ağlımdan keçirə-keçirə gəlib çatdıq ki! Hə də. İki döngə getsək, çatırıq həmşərilər
məhləsinə. Kişinin olar 60 yaşı. Özü də, oğlanları da ev alış-verişi edirlər. Mənzil,
bağ, hətta torpaq al veri bunlarlıqdır. Nə təhər olubsa, oğlunun birini elə bu
iş üstündə tutublar. Amma deyir, oğluma şər atıblar...
Düzü,
mən başqasının yanına gedəcəkdim, di gəl, hamı dedi, bunu etsə, etsə, Bəhmən
kişi edəcək. Nə işdisə, adamın üstündə şeytan tükü var. Danışanda bilirsən,
bundan fırıldaq iyi gəlir. Neyniyəsən ki, ayrıla bilmirsən. Ən pis evi də sənə
bir bəzək-düzəklə tərifləsin ki, sıvılasan. (Mən də cavanlıqdan nəfsisıvığın
biriyəm. Bir gözəl söz, bir gözəl surətçün sino gedirəm. O da ola gözəl ev...)
Biz tərəflərdə beləsinə teləkçi deyərdilər. Anası ölmüş quzunu yad qoyuna,
buzovu inəyə, qızı oğlana bir teləyərdilər ki, bayaqdan yiyə durmayan indi əl çəkməzdi...
(Gözümnən görmüşəm: balası ölmüş qoyunun gözünü tutardılar, teləkçi qolunu
yağlayıb salardı qoyunun təninə, sonra qəfil çəkib çıxardardı – guya ki, qoyun
doğdu. Anası ölmüş quzunun üstünə narın duz səpib qoyardılar qabağına,
başlayardı yalamağa. Sonra da quzunu öz balası kimi əmizdirərdi.)
Hə,
nə isə, çox başağrısı verdim sizə, bir belə yol gəldiniz, heç dillənmədiniz, elə
mən danışdım. Mən çatmışam. Odu e, bax, o dikin başındakı adam həmən Bəhmən
kişidir. Oğlu da yanında. Mən gedim, qızımgilə ev danışmalıyam, onlarla
görüşüm, sən də işini gör, gəl birlikdə məhləyə qayıdaq...”
Bu
qonşum gəvəzədi, amma əlindən pislik gəlməz. Oxumuş adamdır, məlumatlıdır.
Özünü qonum-qonşu üçün fəda edər, di gəl ki, üyüdüb tökər, kəsib kiriməz...
Bude ha, indi də ərdə olan qızı üçün ev axtarır. Bu yarım saatlıq yolu da
onunla birgə gəlmişik. Mən ağcaqanad dərmanı alacam bu qabaqdakı taxta marketdən.
Gecələr bizi yatmağa qoymazlar yoxsa... Gedim iki dəstə alım qayıdım evə. Bəlkə
qonşunu da yolda gördüm, evəcən körpü salarıq yola...
***
“Gəldin,
qonşu? Nə yaxşı? Axtardığını tapdınmı? Şükür, şükür... Mən də bir təhər yoluna
qoymuşam işi. Evi bəyəndim, axşam tərəfi qızımla kürəkənim gəlsinlər,
baxsınlar, xoşlarına gəlsə, getsinlər Asan xidmətdə alqı-satqıya... Vallah, sağ
olsun, Bəhmən kişi də, oğlu da yaxşı adammışlar. Düzdü, bizdən də, satannan da
duru yerindən 500 dollar alacaqlar, amma iş görürlər də kişilər...
Ay
qonşu, saa bir söz deyəcəm, məni səfeh hesab eləmə... Bəhmən kişinin yanındakı
oğlu dünən gördüyüm uşaq deyildi... gəl, nəyə istəsən and içim ki, o olmağına o
idi, amma o deyildi...”
Kişinin
ayağı surçur, bu kəpirli qayanın üstünnən az qalır ki, yomalanıb dərəyə
yıxılsın. İncəvara, tez əl atıb tuturam qolunnan. O da özünü toplayıb qalxır və
üstünü çırpıb yenə başlayır danışmağa.
“Dünənki
oğlanın eyni idi. Hətta dünənki paltardaydı. Amma bunun qaşları seyrəkdi, burnu
sivri idi, gözləri... gözləri sönmüşdü... Dünənkinin isə qaşları qalındı və
ağız-ağıza bitişmişdi, burnu yastıydı... Əsas da gözləri alışıb yaıırdı!.. Gözlər
adamı ələ verir, gözlər!..”
Adam
dayandı. Haçansa yolun qırağına düşmüş iri kötüyün üstünə çökdü, məni də çəkib
oturtdu. Sonra siqaret çıxardıb həmişəki kimi mənə uzatdı, sonra “hə, sən buraxmısan” deyib geri qaytardı, özü
birini yandırdı, tüstüsünü ciyərlərinə çəkib davam etdi.
“Bu
teləkçi adam o evi bizə sırıyacaq, bu heç. Amma nəyə desən gəl sənə and içim
ki, dünənki oğlan bu günkü deyildi...”
Mən
onu tərs-tərs süzüb dedim: “Heç nə anlamıram. Nə olsun axı? Dünənki idi, ya
deyildi?.. Bunnan sənə nə, mənə nə?!”
Adam
başını buladı və bu dəfə hirslə tüstünü düz üzümə püflədi: “Mən Sovet vaxtı
türmədə nadzor işləmişəm!.. Türmənin hər fırıldağına bələdəm... Bu gecə bu
qardaş gedib onun yerinə türmədə yatmağa... Atasının yanındakı türmədəki
qardaşdır!..”
“Yaxşı
görək! Sən lap ağ elədin ki!”
“Gəl,
mərc gələk?! Bir qonaqlıqdan... Kəs...”
O əlini
əlimə uzatdı, mən də əlini tutub üstünnən xaç işarəsi kimi qoydum və “kəsdim”
dedim...
Sonra
yol boyu danışdı ki, mən bu söhbəti eşitmişdim, amma inanmamışdım. İndi yüz
faiz inandım belə olmağına.
***
Səhər
bizim məhllənin tarksi sürücüsü İltifatın yanında bu məsələdən söz düşəndə o əlini
əlinə vurub güldü və dedi:
“A
sizi sağ olasınız, məyər bunu bilmirsiniz?! Ə, bunu bütün pasyolka danışır
ki... Dünən Rəhmanı maşınıma qoyub Kürdəxanıya
apardım. Görüş otağında Rəhman paltarını soyunub veridi Əhlimana, Əhliman da
onunkünü geyinib çıxdı çölə, mindi mənim maşınıma, gəldi evələrinə... Asması
var axı, Rəhmanın... eeee Əhlimanın... düzünə qalsa, bu əkizlərin hansının
Əhliman, hansının Rəhman olduğunu heç mən də bilmirəm... Xüləsey, hər axşam da
olmasa, ən azı günaşırı bu hal davam edir. Onu qoyub, bunu götürürəm...”
“Yaxşı,
bəs türmədə bunnan heç duyuq düşən olmur?" – Mən soruşuram.
“Əvvəllər
heç ağıllarına gəlmiyib. Niyə, ona görə ki, gədələr bir cüt alma kimidilər, qəti
seçə bilməzsən... Amma orda bir nadzor varmış, o şüphələnib. Onda da naçalnik
türməynən danışıblar ki, bəs hal-qəziyyə belə: oğlanın asması var, bu bir,
ikincisi də Əhliman qız istiyir, özü də elə belə istəmir e, dəli-divanədi...
Qız bilsə ki, onu tutublar, gədədən üz döndərəcək... Bu da deyib ki, pıçağı
soxacam qarnıma, yaponlar kimi xarakiri eliyəcəm – mən də bilmirdim e,
telefonnan quqla girib yazdım, gördüm, həqqətən də yaponnar belə eliyirmiş... Ona
görə qardaşının yazığı gəlib Əhlimana... Dedim axı, bunların hansının Əhliman
olduğunu mən bilmirəm, heş ataları da bilmir. Tək onu bilirəm ki, bu qardaşları
yalnız rəhmətlik anaları ayıra bilirmiş, bir də bu qız... yəni onun istədiyi
qız bilirmiş hansı Rəhmandı, hansı Əhliman... Deyir, soruşublar ki, sən
Əhlimanla Rəhmanı necə ayıra bilirsən? Qız nə desə yaxşıdı? Deyib nəfəsinnən...
Əhlimanın nəfəsinnən od çıxır, qarsır adamı, Rəhmanın nəfəsi isə soyuxdur...”
Qonşum,
nəhayət dillənir: ”Mən axı bir şey də eşitmişəm. Qol məsələsi... Biri o birinin
əvəzinnən qol çəkib-filan?..”
Taksiçi
ora-bura döyükür, taksi axtaranın olmadığına biləndən sonra dillənir: “Hə, belə bir şey varmış: insan nə qədər əkiz olur-olsun, onları
ayırmağın bir yolu da varmış: xətt məsələsi. Hər bir adamın ayrıca xətti olduğu
kimi, qol çəkməyi də fərqliymiş. Axı heç kim heç kimin dəqiq qolunu çəkə
bilmir. Nə qədər kopyaçı da olsa, saxtalıq o saat görünür. Yazı, xətt, qol çəkmək
məsələsi ürəklə bağlı məsələ imiş... Hə ye, mən bunu qəzetdən oxumuşam... Bir də
biz tərəfdə iki düzəngah vardı, birinə Ağ yazı, o birinə Qara yazı deyərdilər.
Bir dəfə babamnan soruşdum ki, ay baba, bu Ağ yazı, Qara yazı nə deməkdi? Dedi,
a bala, yazı bizlərdə əkinə deyiblər. Cütnən yeri əkmək yerinə yazıxladım-qazıxladım,
yazdım-qazdım deyərmişlər. Heç kotan işləyəndə baxmısan? Elə bil ağ kağızda
qara xətt düşür, yazı yazılır... Yazı ürəknən bağlı məsələdi... Qol çəkmək də
heylə. Əhliman atasınnan da, qardaşı Rəhmannan da yaxşı makler idi. Bahalı bir
evi yüz əlli minə danışıb, razılaşıb, ilkin sənədi özü qolluyıb, amma
alqı-satqıya səhər gedəmməyib, qardaşını göndərib. (Dedim axı, yazığın
asması varmış, tutub onu, boğulurmuş...) Bu da makler kimi Asan xidmətdə Əhlimanın yerinə qol çəkib.
Amma sonra necə olursa, iş dolaşığa düşür, məhkəməlik olur. Müstəntiq
qurdalayıb tapır ki, bir gün qabaq çəkilən qolla, bir gün sonra çəkilən eyni
deyil. Çox apar-gətir olur, Əhliman dözmür, müstəntiqə etiraf edir ki, sonrakı
qolu qardaşım çəkib mənim yerimə... Beləcə, iş türməyə yollanmağa gəlib çıxanda
Əhliman qollarını uzadır qandalın altına ki, Rəhman mənəm və gedir türməyə. İş
belə olanda Rəhman deyir, sənin asma* xəstəsisən, bir gün sən yatanda, iki gün
mən yatacam... Həm də sənin istəklin var axı...”
“...Bəli, bəli, eşidirəm... Hardan? Yaxşı. Beş dəqiqəyə ordayam...
Bağışlayın, mən axı 9933 taksi xidməti ilə də işləyirəm... Zəng gəldi, klyent
gözləyir... di sağ olun...”
O
getdi. Biz iki qonşu bu qəribə hekayətin təsirində bir xeyli əyri-üyrü, dərə-təpə
yerdə gəzişdik. Hətta o dərəcədə təsirləndim ki, onun mənə uzatdığı papirosdan
birini yandırıb yarıyacan çəkdim də. Başım hərlənəndə yarımçıq selava tullayıb
dünənki kötüyün üstünə çökdüm ki, toxtayım.
***
Razinin,
indiki Bakıxanovun stansiya tərəfində bir xudmani yer var, orda oturmuşuq. İki
qonşu bala-bala vururuq. Qonaqlığı mən verirəm. Uduzmuşam axı... İki qardaşdan
birinin o birinin yerinə imtahana girdiyini eşitmişdim, daha türmədə də
yatdığını eşitməmişdim...
Qonşum
burda təzə eşitdiyi bir xəbəri də danışdı. Deyir, türmə yoldaşları biləndə ki,
qardaş qardaşın əvəzinnən gəlib yatır, onlara hörmət birə beş artıb.
***
Babat
tarazıq. Ayağımızı asta-asta qoyuruq ki, bu qayaların üstündən uçub selav aşağı
getməyək... Buralara etibar yoxdu. Qabaqda da Həmşərilər məhləsidir axı...
05.09.2020.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Astma xəstəliyi nəzərdə tutulur.
Yorumlar
Yorum Gönder