SONUNCU QƏHRƏMAN
AZAD
QARADƏRƏLİ
SONUNCU
QƏHRƏMAN
Hekayə
Ona
bəzən Ayadam deyirdilər. Hətta biri and içirdi ki, Onun uzun bir nərdivanla
Aydan düşüb gəldiyini gözləri ilə görüb. Və adamın Aydan düşüb gəldiyinə hamı inanmışdı. O qədər
demişdilər, O özü də şübhələnirdi ki, bəlkə elə doğrudan da, Aydan gəlib haçansa.
Amma
bir pis iş vardı ki, Ayın aydınlığında adamların ulduz olub parıldaması, gecənin
süd kimi ağ olması məmləkətdə kimlərisə narahat eləməyə başlamışdı. Axı necə
ola bilərdi ki, gecələr evlərində mışıl-mışıl yatan adamlar indi Ayın işığında
küçəbəküçə gəzir, Ayın , hələ üstəlik Ayadamın
işığından aldıqları nuru paylaşır, qaranlıq dünyanı süd kimi ağardır, özləri də
işıq olub hər yeri nurlandırırdılar.
Belə
yerdə deyiblər ki, zil qaranlıqda qara tükü, süd kimi gecənin aydınlığında ağ
tükü seçən qaraqılçıq qurd təki bir-birinə höyür olan insanlar, o qədər xoşbəxt
idilər ki, bu gecənin qaranlığında işığın bolluğundan meyxoş olmuş, xoşbəxtcəsinə
bir-birinə ulduzlar sayaq göz vurur, gülümsəyirdilər...
Narahat
olan adamlar öz gecə kimi işlərini gecələr görürdülər və indi bu aylı-ulduzlu gecələrdə
nə edəcəklərini bilmir, gah Ayı, gah da Ayadamını qınayır, bir-birini qapır,
kaftar kimi burunları ilə ora-buranı eşir, vurub-dağıdırdılar.
Bir
gecə adamlar baxıb gördülər ki, Ay çıxsa da, onun üzündə qalın bir pərdə
göründü. Ay nə qədər çalışsa da, üzündəki o qara pərdəni ata bilmədi. Bədrinin
yan-yörəsindən süzülən işıq nə qədər eləsə də qaranlığı aydınlada bilmədi.
Ora-bura boylansalar da, Ayadamı görə bilmədilər. Çağırdılar, bağırdılar, adam
tapılmadı ki, tapılmadı. Beləcə, bu qaranlıq gecə başa çatdı və səhərin gün
işığında yuxusuz adamlar key-key bir-birinə baxdılar ki, bəlkə bu günün işığında bir-birilərinə işıq
saça bildilər. Bu heyni xəbər gəldi ki, bəs Ayadamı məmləkətin padşahı zindana
atdırıb. Nə var, nə var, O Yer adamı deyilmiş, ayrı məmləkətin – Ayın vətəndaşı
imiş.
Aydan ağır sözlər gəldi məmləkət başçısına və
o da dözməyib Ayadamı azad etdi.
Yenə
o gecəki kimi gecələr adamlar ulduz
oldular, Ay işığından hər yan nurlandı, insanlar xoşbəxt-xoşbəxt gülümsədilər...
Ayadam
insanların ümid yeri oldu. Onun varlığında bir kəs bir kəsin malına göz dikmədi,
oğruluq, əyrilik yoxa çıxdı. Təkcə gecə kimi işlər görən gecəquşu adamlar valı
dəyişdilər. Qabaqlar gecələr gecə kimi işlər görənlər indi gündüzlər, hamının
gözü önündə oğurlamağa başladılar. Əyrilik, oğruluq o qədər şüdd elədi ki, daha
buna təəccüb edən olmadı. Hətta gecələr ulduz olan adamlar da kiçik-kiçik
oğurluqlar etməyə başladılar. Bazarda tərəzidəki kilonun içini oyub yüngülləşdirdilər,
məsçidlərdə Quranı soldan sağa oxudular,
məktəblərdə valideynlər müəllimə uşaqlarından rüşvət göndərdilər. (Halbuki əvvəllər
bunu özləri gizlində verərdilər.) İşə qəbul, məktəbə qəbul məzənnəyə oturduldu.
Gecələr ulduz olanlar gündüzlər səs oğrusu kimi oğruya-əyriyə səs verdilər.
Məmləkətin
bir gavur qonşusu vardı. Özündə olan fırıldaqçıları bura təlimçi kimi göndərir,
yalaq, yaltaq,oğru, quldur yetişdirmək işində yardımını əsirgəmirdi. Başqa bir
gavur qonşu isə daha böyük gavura arxalanıb ordu çəkir, məmləkətin torpaqlarını
işğal edir, əsgərini qırır, qız-gəlinini əsir alırdı.
Belə
bir vaxtda Ayadam yada düşdü. Kimsə dedi ki, gəlin onu azad edək. Yenə adamları
ulduza çevirsin, yenə adamlar gülümsəsin. Qoşun çəkək gavur qonşunu yerində
oturdaq...
...Ayadam
zindanda zəifləsə də, hələ gücü vardı. Zindandan çıxan kimi ilk işi öz sehrli nərdivanı
ilə Aya çıxıb onun üzündəki pərdəni atmaq oldu. Gecə Ay doğan kimi Ayadam ondan
güc aldı, işığını adamlara ötürdü. Yenə hər yan nura boyandı. Adamlar ulduza
döndülər. Oğrular-əyrilər gecə kimi işlərini görə bilməyib gizləndilər. Ayadam
silah çəkdi, ulduz adamları da ətrafına yığıb gavur düşməni sınırlardan aovdu, əsir
torpaqları azad etdi. Elə əsir-qız gəlini də düşməndən geri aldı...
...Bir
gün xəbər çıxdı ki, Ayadamı yenidən həbs ediblər. ..
...Bir
gün gördülər ki, yenə Ayın üzünə pərdə çəkiblər...
...Bir
gün xəbər çıxdı ki, Ayadam zindanda işıq aclığına başlayıb...
...Adamlar
daha ulduz ola bilmirdilər. Çünki Ayın üzünə yenə pərdə çəkmişdilər. Çoxları nərdivana
ayaq basıb Aya çıxmaq, pərdəni atmaq istədi, olmadı. Nərdivanı yarıdan kəsmişdilər...
...Ayadam
isə hələ də zindanda işıq aclığı çəkirdi...
Ay
isə pərdə altında olsa da, yerdəki ulduzcuqları başına yığıb kədərli bir nağıl
danışırdı.
...Biri
vardı, biri yoxdu. Dünyanın sonu gəlmişdi. Ayın üzünə pərdə tutmuşdular.
Sonuncu qəhrəman isə zindanda qolubağlı oturub təkidlə işıq aclığı çəkirdi.
Dünyanın sonunda gözlər Sonuncu qəhrəmana dikilmişdi...
10.09.2020
Yorumlar
Yorum Gönder