AZAD QARADƏRƏLİ TORPAĞA QAN TÖKÜLƏNDƏ VƏTƏN OLUR (hekayə-monoloq)
AZAD QARADƏRƏLİ
TORPAĞA
QAN TÖKÜLƏNDƏ VƏTƏN OLUR
(hekayə-monoloq)
Vətən
Müharibəsi şəhidi Cavid Həsənovun xatirəsinə
Mən
sizdən ayrıldım, amma gülə-gülə.
Yadınızdadır?
İlk dəfə hərbi hissədə görüşəndə məndən soruşmuşdunuz ki, niyə hər zaman gülürsən?
Cavab
vermişdim ki, biz bu dünyaya gələndə nə ailəmizi, nə vətənimizi, nə milliyyətmizi
özümüz seçməmişik. Bu bizə həm gendən gələn kodla ötürülüb, həm də anamızın
südü ilə aşılanıb... Və... Bir də demişdim ki, biz bu dünyada müvəqqətiyik. Çiçək
kimi, böcək kimi. Onlardan fərqimiz odur ki, biz daha çox yaşayırıq, 70, 80, hətta
90, 100 il də. Onlarsa bəzən bir saat, bəzən bir gün, lap uzağı iki-üç gün...
Amma bizim 100 illə onların bir saatı arasındakı fərqi kim ölçüb axı? Kim deyə
bilər ki, onların zaman ölçüsü bizimkindən kiçikdir? Axı nisbilik deyilən bir
şey var... Bax, əgər biz bu savaşdan sağ çıxmasaq, şəhid olsaq, bizə ölü deməyəcəklər...
Şəhid ölmür axı, sadəcə yerini dəyişir...
Qəhqəhə
çəkib gülüşmüşdünüz. Mən onda daha ürəkdən gülmüş və demişdim: nə bilirsiniz
ki, bir saat sonra hansımız həyatda qalacağıq? Buranın hər saatında ölüm var.
Ona görə çalışın mümkün qədər çox gülün. Gülüş ürəyin, bir də gözlərin
işidir...
Bir
dəfə yadınızdadır, döyüşqabağı hərə bir təklif etdi. Mən isə dedim ki, gəlin
telefonun yaddaşından bir qəşəng rəqs səsləndirək və elə bu daş-torpağın üstündəcə
rəqs edək!.. Razılaşdınız və bir mərəkə qopdu ki, onda! Şaqraq bir oyun
havasının sədaları altda sındıra-sındıra oynadıq! Bah! Heç çıxmırdıq ki,
oyundan... Amma döyüşqabağı özümüzü yormamalı idik... Tərli-tərli soyuq torpağa
sərildik.
(Sizə
demədim, amma onda torpağın məni çəkdiyini hiss etdim!.. Mən üstünə sərildiyim
bu torpaq uğrunda şəhid olacağımı ilk dəfə onda fəhm etdim, dostlar! Üstünə sərildiyim
bu torpağı elə qucaqladım ki... Onun adi torpaq deyil, canlı olduğunu da onda
hiss etdim...)
Mənə
əvvəllər qeyri-ciddi biri kimi baxan siz silah dostlarımın münasibəti yüzdə yüz
dəyişdi. Hər an qəhqəhə ilə gülməyə hazır idiniz və gülürdünüz də. İçimizin ən
qaraqabağı da gülmək “xəstəliyi”nə tutuldu tezliklə...
Bir
də bir söz demişdim: biz hamımız gübrəyik. Yaranmışıq ki, yaşayaq, ölək, şair
demişkən, torpağımız artsın, çoxalsın... Hə, mən neftçiyəm axı!.. Neft də, qaz
da, daş kömür də, digər energetik maddələr də canlıların, xüsusən də insanın
çürüntüsündən yaranıb! Hə vallah, onlar ona görə tezalışandır ki, tərkibində
insan ruhu var! (Gülmüşdünüz onda da! )
Bir
söz də demişdim:”Torpaq su töküləndə palçıq, tər töküləndə məhsul, qan töküləndə
Vətən olur...” Mən qanımı tökdüm, Vətən olsun. Gərəkirsə, siz də tökün.
Babaların qanı tökülən bu yerləri yenidən Vətən etməyin zamanı gəldi, zalım
dostlar!
Bilirəm,
sizinlə haçansa yenidən görüşəcəyik. Yanıma üzüqara gələsiniz, əgər o namərd
düşmənin ayağını bu torpaqdan kəsməsəniz!..
Bir
də anamı qoymayın ağlasın. Hər şeyə dözərəm, bir onun yanağından süzülən yaşa
dözmərəm – tökülər qəbrimə, qəbrim damar, yandırar məni... Sadəcə ona eşitdirin
ki, Vətən məhəbbəti hər şeydən ucadaymış, hətta anadan da... Ona görə onu qoyub
gedəsi oldum Vətənin yanına ki, düşmən topunun səsindən qorxmasın...
Dəfnimdə
atəş açacaqsınız, bilirəm, amma bir də əl çalın ki, gülən gözlərimə o səsdən
işıq düşsün...
Bir
də...
Heç
bilmirəm, bunu necə deyim... Əgər hamı gedəndən sonra boynubükük qərənfilə
dönüb üstümə gələn qız görsəniz, anama dediyimi ona da deyin... O bilər. Bilər
ki, mən hər səsə gedən deyiləm. Vətən eşqi isə elə bir sevdaymış ki, bihuş kimi
olursan. Bütün sevgiləri üstələyə bilirmiş... Səni sehrinə sala bilirmiş. Səni
öz övladı edə bilirmiş. Hə. Öz övladı. Vətənin övladı...
A
dostlar, zalım dostlar. Şəhidlik hansınıza qismət olmasa, savaş bitəndə,
torpağımız yağıdan azad olanda məzarım üstünə gəlsin. Heç nə. Qəhqəhə ilə gülsəniz,
bəsdir. Anlayacam... İşdir, gülə bilməsəniz, eybi yox, ağlayın. Yetər ki, səzinizi
duyum.
Amma
çox ucadan ağlamayın. Polad paşa qonşumdur axı. Ayıbdır, eşidər, bilər,
utanarıq. Tanrı bizi utandırmasın...
25.11.2020.
Yorumlar
Yorum Gönder