AZAD QARADƏRƏLİ YAZIÇININ KORONA VİRUS GÜNLƏRİ
AZAD QARADƏRƏLİ
YAZIÇININ KORONA VİRUS GÜNLƏRİ
(Xəstəliklə mübarizə təcrübəsindən)
(İnternet statuslarımdan)
Həmişə
bir məsələ məni narahat edib: niyə biz hər şeyə diqqət edən olsaq da, öz canımızın
qayğısına qalmaqda maraqsızıq? Yox, demirəm ki, həddindən çox vasvasılıq edin,
sadəcə adi insani prosedurlar var ki, ona hökmən əməl olunmalıdır. Ən azı, altı
aydan bir özünü həkimə göstərməli, bütün əzalarını yoxlatdırmalısan. İndi təbabət
o qədər imkişaf edib ki, bircə qan analizi ilə orqanizminin nə vəziyyətdə
olduğunu bilmək olur. Lakin daha yaxşısı, uzi deyilən aparatdan keçmək, qan,
sidik analizləri vermək və ürəyin vəziyyətini yoxlatmaqdır.
Nə
yazıqlar ki, bizdə bunları qulaqardına vurmaq dəb halı alıb.
Zəngilanda
bir ağsaqqal vardı – Heydərqulu Kərimov. Qardaşı Nazir Kərimov rayonumuzun
birinci katibi olmuşdu. Hər ikisinin yeri pərqu olsun. Xüsusən, Nazir müəllim dəyərli
adam idi. Onun adı “Kuma-Manıç çökəkliyi” romanımda Sabir Əhmədlidən bəhs edilən
səhifələrdə keçir.
Hə,
Heydərqulu müəllimdən söz açacaqdım axı. Əvvəllər bir sıra vəzifələrdə çalışsa
da, son zamanlar rayon üzrə qiyabi məktəblərə rəhbərlik edirdi. Mən də Çöpədərə
kəndində qiyabi məktəbin direktoru idim. İndi olmasın, bir dəfə hansısa sənəd
üçün yanına getmişdim. Telefonda danışsa da, əli ilə işarə etdi ki, gəl içəri.
Keçib babam yaşda olan bu kişinin qarşısında oturdum. Əvvəl nə danışmışdı,
bilmirəm, burdan beləsinə qulaq günahkarı oldum.”...Soltan, belə bu baş
barmağımın lap sağ ucundadı e... Hə, hə. Qızartı kimi var... Bərk ağrıdır. Yazı
yazmaq? Yox əşşi, heylə qələm tutub çox yazı-zad yazmamışam... Katibə var, nə
lazımdı, deyirəm maşınkada yazır... Nə bilim? Yəni deyirsən ciddi şey olar? Nə?..
Dolama? Allah qorusun, a kişi. Dolama qorxulu şeydir... Həəəə, görmüşəm,
cavanlıqda bir qonşumuz vardı, barmağına dolama çıxmışdı, səhərəcən it kimi
ulayırdı... Yaxşı, yaxşı, iki sahata gələcəm, bir bax, görək nə olan şeydi bu zəhrimar...”
(Soltan həkim uzun zaman Zəngilan Mərkəzi xəstəxanasının baş həkimi və adlı-sanlı
cərrahı olmuşdur.)
Sonra
dəstəyi qoyub keçdi yerində əyləşdi. Çox diqqətlə mənə baxıb: “Hə, hə, Vəlinin
oğlusan, Çöpədərədəki oğlan... Yenə ordasan?” – dedi və gülümsündü. Sonra
barmağını göstərib “bərk sızıldayır” dedi,
mərhum Adil İskəndərovsayağı gülümsündü, yerində qurcalandı və heyrətlə:
-Heç
bir ay deyil həkim yoxlamasınnan keçdiyim... Birdən-birə belə bir şey... –
deyib qarşısına qoyduğum kağızlara ötəri baxaraq kənara itələdi. –Atan necədir?
O da yaşlanıb, gərək özünə baxsın...
Bu
müdrik adam mənim hekayələrimi, məqalələrimi oxuyar, sonra eləməyib tənbəllik
işlədiyim məktəbə zəng vurar, təbrik edərdi. Xüsusən paytaxtın qəzet və
jurnallarında çıxanlar ona ləzzət edərdi. Bir qədər sonra ilk kitabım çıxanda
gedib Bəhrəmin kitab mağazasından birini almış, zəng edib ərki çatanların
hamısına o kitabı alıb oxumağı tövsiyə etmişdi. Sonra da maşına minib mənim məktəbimə
“yoxlamaya” gəlmişdi. (Artıq mən sözügedən məktəbin direktoru idim.)
Məktəb
sənədlərini qarşısına tökəndə diqqətlə bir-iki sənədi götürüb gözəyarı baxmış və
kənara qoymuşdu. Mənimlə məktəbi gəzəndə qəfil üzümə baxaraq demişdi:
-Mən
bura yoxlamaya-filana gəlməmişəm, a kişi. Səninlə görüşməyə gəlmişəm... Babanla
çörək kəsmişəm, atanla kəsmişəm, indi də səninlə çörək kəsmək, yaxından tanış
olmaq istəyirəm...
Hə,
qayıdaq əvvələ, kişi mənimlə hal-əhval tutdu, kağız-kuğuzuma gözucu baxıb “sənin
sənədlərin düz olar” dedi və qapıdan çıxanda ardımcan səsləndi:
-Nə
edirsən et, sağlamlığına fikir ver. Cana bəla cavanlıqda gəlir...
Bu
usta adamın o sözləri həmişə qulaqlarımda cingildədi.
Nə
yazıqlar ki, bizlər çox vaxt yeyişimizə-geyişimizə fikir vermirik ki, bu da səhhətimizə
ciddi zərbə vurub. Rəhmətlik Qulu Xəlilov “Yaşamaq istəyirəm” avtobioqrafik əsərində
bu barədə ətraflı yazmışdı. Elə ağsaqqal-ağbirçəklərimizin nəsihətlərində də bu
haqda istənilən qədə lazımi fikirlər var. Ən qədim el deyimlərimizdə bu barədə
müdrik fikirlərə rast gəlmək olar:
“Bir
ac qudurar, bir yalavac.”
“Heç
bilmir harda bişib, deyir bir çömçə ver.”
“Artıq
tikə diş qırar.”
“Davasını
bilməyənə şahid olma.” (“Dava”nı burada hər iki mənada qəbul etmək olar.)
“Yumurtanı
səhər özün ye, günorta dostuna, axşam düşməninə ver.”
“Ləzzət
verər bal qatanda qaymağa.”
“İgid
canlı, kabab qanlı.”
“Tərli
cana ilıq su da soyuq gələr.”
“Armudu
say ye, almanı soy ye.”
“İstidən
heç kim ölməyib.”
Və
belə bir deyim:”Kəlim, get mənə can al gətir, can olmasa, yarımcan al gətir,
yarımcan olmasa, zagnabud al gətir, zağnabud olmasa, zəhrimar al gətir.” (Bir
nağıldan gətirdiyim misalda sıralananların hamısının cana faydası var: can - ət,
yarımcan – yumurta, zağnabud – qatıq, zəhrimar – ayran.)
Geyimimizdə
də nöqsana yol verənik. “İstidən heç kim ölməyib” deyimində böyük hikmət var.
Xüsusilə, gənclər nazik paltar geyinir, soyuq su içir, canlarının qədrini
bilmirlər. Nəticədə daim burunlarından su axır, öskürə-öskürə gəzirlər... Allah
qorusun, hətta ömrün bu çağında vərəmə tuş gələnlər də olur. Bu yaşda onları həkimə
aparmaq da bir zülümdür. Hər şeyi qulaqardına vururlar...
Nənələrimiz
soyuq havada bellərinə qalın ədyal bağlayardılar. Ona görə də ondan çox uşaq
doğardılar. İndi, üzr istəyirəm, qızların çoxu qarnıaçıq gəzir. Sonra da vaxtı
gələndə ana ola bilmirlər...
Qabaqlar
bir lətifə də vardı bu barədə: əgər bir şəxs öz ayağı ilə xəstəxanaya gəlirsə,
o, cuhuddur. Başqa birisinin qoluna girib xəstəxanaya gətiriblərsə, o, ermənidir.
Əgər ayrı birisi xərəkdə xəstəxanaya gətirilibsə, bu azərbaycanlıdır...
Lətifə
də olsa, acı gerçəklikdir...
Lap
bu günlərdə bir rayonun icra başçısının, daha sonra isə gənc bir hüquqşünasın
koronavirusdan dünyasını dəyişməsi fikrimcə həyəcan təbili çalmağa əsas verir.
Kovidlə ölümlər gəncləşməyə başlayıb...
Əslində,
bu yazını yazmağıma səbəb korona virusun hər qapını döyməyə başlamasıdır...
Necə
ki, bir gün mənim də qapımı döydü.
***
Hər
bir sivil ailənin vəkili, texnik-ustası və xüsusən də etibarlı ailə həkimi hökmən
olmalıdır.
Radioda
işlədiyim dövrlərdə Bakının bir çox qabaqcıl həkimləri ilə, o cümlədən dünya
şöhrətli cərrah, böyük ziyalı, mərhum dostum Cavad Heyətlə yaxın münasibətlərim
olduğundan, həm ailəmizə, həm də yaxın dostlara həkim seçimində həmişə köməklik
etmişəm. Mərhum qələm dostum Rafiq Tağı da o siyahıdıdakı həkimlərdən idi.
Həkimlərlə
belə sıx münasibətimdəndir, ya hansı təsirəndir, bilmirəm, oğlum da həkim oldu.
Hətta burada 6 il oxumasıyla kifayətlənməyib, Türkiyəyə gedərək təhsilini davam
etdirib uzman-cərrah kimi qayıtdı...
Bir
gün oğlum özü kimi uzman-doktor olan həyat yoldaşı ilə bizə gələndə üzümüzə
baxıb, təcili test verməyimizi bildirdi.
Özləri nümunə alıb apardılar və bir gün sonra xəbər göndərilər ki,
pozitivsiniz, heç yana çıxmayın, gəlirik...
***
Açığını
deyim ki, testin nəticələrini həyəcanla gözləyib-eləmədim. Hətta çox sakit
idim. Qəti əmin idim ki, biz covidə yoluxmamışıq. Səbəb isə o idi ki, nə
asqırmaq vardı, nə özkürmək. Heç temperatur da yox idi. Uşaqların anası bir
balaca narahat idi, bunun da onun ayaqlarındakı ağrılardan qaynaqlandığını
düşünürdük...
Dad
da bilirdim, qoxu da.
Və
yarızarafat, yarıgerçək burada bir şeyi də əlavə edim: uşaqların anası ta
cavanlığından dad, qoxu bilməzdi. Xörəyə duz atanda məni çağıradı ki, gəl gör
çox atmamışam?
Amma
son vaxtlar xanımda qəribə hallar baş verirdi: “burdan pis qoxu gəlir, bunun
tamı niyə belədir?” və sair kimi sözlər deyəndə mən şübhələnirdim. Bir dəfə isə
gülə-gülə dedi ki, mənə gülmə, deyəsən korona tutmuşam; axı mən dad-qoxu bilməzdim,
axır vaxtlar iy bilirəm, dad bilirəm...
Mən
də şaqqa çəkib dedim ki, ay qız, covidə yoluxanlar daddan, qoxudan məhrum
olurlar e!
İkimiz
də gülüşdük...
Həkimlərimizə
bunu deyəndə heç təəccüblənmədilər: olur belə şey, covidin sağı-solu bəlli
olmaz. Hərəyə bir cür təsir edir.
İbtidai
sinif müəllimi ola bizim xanım pedoqoji tərzdə zarafata saldı:”Kovid də fərdi
yanaşır.”
***
Nəticələri
oğlum bizə lapdan desə də, əlavə etdi ki, özünüzü qorxutmayın, düzdür, yaş
faktoru var, amma maraqlıdır ki, siz bunu hiss olunmadan keçirməkdəsiniz.
Karantinə riayət edin ki, başqalarına yoluxdurmayasınız.
Qapını
bağladıq, hamıya, oğul-uşağa, qohum-qardaşa , nəvələrə bizə gəlməyi qadağan
etdik. Zatən gələn də yox idi(!) Qorxu köpəkoğlu şeydir.
Həkimlər
bildirdilər ki, sabah dərmanlarla və digər peraparatlarla gələcəklər.
Həmin
gecə xanımın temperaturu 37-2 oldu. Məndə isə olmadı.
“Bunu
biz hardan tutduq?” düşüncəsi məni yatmağa qoymurdu. Elə hey düşünür,
düşünürdüm.
“Arada
Tovuza getmişik... Yox əşşi, bu 15 gün əvvəl olub. Bunü keç... Sonra mən
Şirvana kəndimiz Qaradərənin şəhidi olan gəncin təziyəsinə getdim.
Ağızlığım ağzımda idi daim... (Maska əvəzinə AĞIZLIQ sözünü işlətməyi düşünürəm. Bu söz bizdə bir dar
ağızlı qaba su, yaxud başqa maye halda olan nəyisə tökmək üçün istifadə olunan əşyaya
verilən addır. Buna bəzən qıf da deyirlər. Bir də atın cilovunun altından dəmirdən
əşya olur ki, at bərk qaçmasın deyə onu atın ağzına vurarlar. Buna bəzən dəhnə,
bəzən də ağızlıq deyərdilər. Düşünürəm ki, qadınların vurduğu yaşmağa bənzəyən
bu əşyaya, yəni maskaya ağızlıq desək, pis olmaz. Bu sözün üstündə ona görə çox
dayandım ki, neçə ki, kovid bizimlədir, maska-ağızlıq da yanımızda olacaq. Elə
isə niyə öz sözümüzdən istifadə etməyək?!)
Ordan
qayıdanda xanımımla nəvəm Dilşadın ad gününə yollandıq, amma kovidə görə
getdiyimiz taksi ilə də qayıtdıq...
Yaxşı,
bəs bu zibil bizə hardan sıçradı?!
Bu
il Bakıda üç kitabım çıxıb, Moskvada, Varşavada kitablarım çıxıb, heç birisinə
təqdimat edə bilmədim ki, korona virus təhlükəsi var. Ustadım Sabir Əhmədlinin
90 illiyini keçirə bilmədik virisa görə...
Oğlumun
neçə illərdir gözlədiyim toyunu çox yığcam bir məclislə - 10-15 nəfərin
iştirakı ilə ötüşdürəsi olduq.
Bəs?..
Hə,
psixoloji baskı artıq başlamışdı.
Başqa
heç nə düşünə bilmirdim.
Elə
bil virus canlı bir məxluq kimi gəlib çarpayıda mənim beynimin harasındasa özünə
yuva qurmuş, düşüncələrimə mane olurdu...
Üstəlik,
xanım narahatdır. Həm temperatur var, həm də özünü narahat hiss edir...
Gecəni
belə çalıx-balıx hisslərlə keçirdik...
***
Korona
virus başlayandan onu öyrənməyə çalışdım. Çoxlu məqalələr oxudum. Xəstələrin və
həkimlərin düşüncələrini yotubedən dinlədim. Nəticədə 7 hekayə yazdım ki,
bunların hamısı saytlarda yayımlanıb. Üstəlik, “Morqda karantin” adlı roman da
yazdım, fəqət karona virusa yoluxmağım bu əsərin tam başa çatdırılmasına mane
oldu. Və indi bilirsiniz nə düşünürəm? Nə
yaxşı ki, mən koronaya yoluxdum! Hə, hə! Əgər koronaya yoluxmamış o romanı
bitirsəydim, roman çox şey itirərdi... Mən, sağlıq olsun, korona virusun son
aşamalarını da keçim, təzədən qayıdacam o əsərə.
“Korona
virusun son aşamaları” deyimini elə-belə demədim. On dörd gün keçər, korona
virusdan təkrar test verib neqativ olduğunu bilərsən, amma demə ki, iş bitdi.
Bitmədi... Bu barədə bir qədər sonra bəhs edəcəyəm.
***
İkinci gün.
Səhər
həkimlər gəldilər. Oğlum mənim kimi deyil. O, çox distiplinli, qaraqabaq, ötkəmdir.
Tapşırığı qəti idi. Ciddi rejim və buna əməl etmək!
Gətirdikləri
dərmanlar bunlar idi:
1.Arbivir
200 mg – səhər, günorta, axşam – 1 tablet. (Bu olmasa arbidol, eyni vəziyyət. Fəqət
hər dəfə 2 tablet.)
2.Aspirin
– gündə 1 tablet.
3.
Parasitamol - əgər temperatur varsa, 5 saatdan bir, 1 tablet. Yoxsa, atmayın.
4.Vitamin
C 200 mg, gündə 1 dəfə.
5.
Tylol hot – asqırmaq, öskürək varsa, 6 saatdan bir.
6.
Bol maye.
İçki
qəti olmaz!
Yaxşı
qidalanmaq və meyvə yemək.
Soyuq
şey olmaz, tərlədikdə gündə bi dəfə duş almaq, soyuğa verməmək şərti ilə.
Yeməkdən
qalmırıq. İştahımız yoxdur, amma yeyirik. Xüsusən çox meyvə istifadə edirik.
Mənim
vəziyyətim stabildir. Yoldaşımda isə temperatur var. Xüsusən ayaqları od verir.
Ona görə ona sistem qoşurlar. Bu sistem beş günlük olacaq.
Günü
nisbətən babat yola veririk. Amma qarşıda ağır gecə var. Görək onu necə
aşacağıq.
Bir
yaxşı şey var ki, xəstəliyi yenmək üçün yaxşı motivasiya var: ordumuz hücuma
keçərək düşmənə ağır zərbələr vurur! Çox ümidliyəm.
Gecə
yenə ağır keçdi. Yoldaşımın temperaturu 38-ə çatıb, mənə də pis təsir edib və
özümü heç yaxşı hiss etmirəm. Başım ağrıyır. Ürəyim bulanır.
Kompüterimin
qapağı açılmır neçə gündür.
Cəbhə
xəbərlərini isə telefonla izləyirəm.
***
Üçüncü gün.
Mənim
yazı yazmağım yox e, heç düşünməyim mümkün deyil. Hara baxsam da, gözümə bu
taclı virus görünür. Özümü yığışdırıb dərmanları
vaxtlı-vaxtında içməyə, yeyib-içməyimizə fikir verməyə çalışıram. Həyat
yoldaşımı da motivasiya edirəm. İndi onun ayağa qalxmasına imkan vermirəm, yüməyi
özüm hazırlayıram. Sizə bir sirr açım: mənim bu barədə bir az səriştəm var. Bəzi
adsız yeməklər var ki, onlar yalnız mənə məxsusdur. Gənclik illərindən, tələbəlik
zamanından bunların bünövrəsi qoyulub. Və bu son günlərəcən (təbii, hərdən bir,
məsələn, 2-3 ayda bir dəfə bir eşq kimi) davam edir. Hətta yadımdadır, xanım dərsdə
olanda, mərhum anam ev işləri ilə ilgilənəndə belə xörək bişirmə əməliyyatım
olardı. Onda uşaqlar hamısı mənim yeməyimdən yeyər, xanımın, yaxud anamın yeməkləri
qalıb boyatıyardı...
Bax,
indi o yemək bişirmə eşqi işə yarayıb. Günortaya ətli, göyərtəli, bibərli,
kartoflu, pomidorlu, hətta kəklikotulu basdırma bişirmişəm. “Bəh-bəh-bəh! Ölü
yesə dirilər!” - deyib qazanın ağzını açıram. Xanım “deyirsən, indi biz ölüyük?”
deyə atmaca atır və kefimi qaçırdır. Amma tez özümüzə gəlib əlimizi sabunlayır,
spirtləyir və süfrəyə otururuq...
Bu
gözəllikdə yeməyin dad-duzu yox kimidir. Var əslində, iştah yoxdur ki, onu
duysun. Amma yeməliyik. Və yeyirik də...
Yeyirik.
Amma hərəkət yoxdur deyə, həzm edə bilmirik. Təkli edirəm ki, evin içərisində,
dəhlizimizdə “gəzintiyə çıxaq”. Hə də, guya bura Razinin (Bakıxanovun) bir küçəsidir
və ora getmişik... Özümüzü aldada-aldada
gəzinirik. Sonra tez yorulub qonaq otağındakı kreslolara sərilirik...
Televizora
heç vaxt baxmayan mən, indi bütün verilişlərə baxıram. Nə edim? Kitab oxumaq,
kompüterə, hətta telefona baxmaq belə mümkün deyil. Başım fırlanır, gözüm
qaralır.
Cəbhədən
gələn xoş xəbərlər kefimizi bir az duruldur...
Bir
təhər kompüteri açıb baxıram. Nəyə baxım axı? Müharibəyə görə interneti də
bağlayıblar... Əslində, düz eləyiblər. Savaş gedir axı.
Və
uşaqlar telefonuma VPN yükləyir, internet açılır.
Qəribədir,
beş-altı gün əvvəl yazdığım statusu görüb sarsılıram. Sanki bu günləri görmüşəm:
“Mən dərdi qoxusundan tanıyıram. Özü görünməsə də,
qoxusu adamı min addımdan vurar” – hələ yazmadığım hekayənin qəhrəmanının
sözüdür.“
Feysbukda
üç gün əvvəl belə bir status yazmışdım:
19
oktyabr - Əziz dostlar! Bu sevincli günlərdə təəssüf ki,bir naxoş xəbəri də
sizinlə bölüşəsi oluram: koviddən test yoxlamam pozitiv çıxdı.Onu deyim ki,bir
müddət yaxınlarla,dostlarla birbaşa kontaktdan cəkinəcəyəm.Ev şəraitində həkim
nəzarətində müalicəmi davam etdirirəm.
Səhhətim
normaldır, temperaturum yoxdur. Haminiza can sağlığı. Qələbə bizimlədir.
Nə
qədər dəstək zəngləri, mesajlar gəldi. Hətta xaricdən yazırlar: ”Hocam, möhkəm
olun, bunu da atladacaksınız!” və sair.
Bizdə
lavaş deyilən çoxlu quru yuxalar almışıq ki, hər gün çörək üçün kimsəni narahat
etməyək. Bazarlığı isə fəftəlik edib gətirirlər. Bir əziz adam gətirdiyi şeyi əlində
tutub qalmışdı. Anası gördüm deyir: ”Qoy qapıya, qaç!”
Pis
oldum. Amma sonra onlara haqq qazandırdım... Bulaşıcı xəstəliklə belə
davranmalısan...
***
Mən
həyatım boyu üç dəfə ciddi şəkildə xəstələnmişəm.
Birincisini
xatırlamasam da, vücudumda izi qalıb: 3 yaşım olanda sağ ayağımda ciddi fəsad
yaranıb və həyatla ölam arasında mücadilə vermişəm. Mərhum anam deyirdi ki, o
vaxt hələ çox gənc olan Soltan həkimin (yenə Soltan həkim!) səyi nəticəsində həyata
qayıda bilmişəm. İndi sağ ayağımın diz oynağının solunda və yuxarıda bud nahiyəmin
solunda həmin cərrahi əməliyyatdan qalan yarıqlar var...
(Bu barədə anama həsr etdiyim “Dünyanın ən böyük
adamı” – hələ çap olunmamış – romanımda bəhs etmişəm.)
İkincisi
tələbə vatxı olub.
Boğazımda
yaranan iltihab o həddə çatmışdı ki, az qala huşumu itirəcəkdim. Tələbə
yoldaşlarımın təcili yardıma zəng etməsindən sonra məni xəstəxanaya apardılar və
on günəcən orada müalicə olundum. Burada Kubadan olan Basilyo adlı oğlan və
amerikalı Mersedes adlı zənci qızla
tanış olub dostlaşdım. Bu barədə Eldar Baxış və Səməd Behrənginin xatirələrinə
həsr etdiyim “Yuxarıda kim var?” adlı uzun hekayədə geniş söz açmışam.
Üçüncüsü
isə bax bu yaşımda yoluxduğum korona virus başı batmış oldu.
Həqiqətən,
bu çox ağır imtahan idi...
***
Suqovuşan
(Madagiz), Talış və daha bir neçə kənd azad edilib.
Yoldaşımın
temperaturu hələ tam düşməyib. Ona görə məcburən antibiotik yazırlar. Üç gün
sonra temperatur yox olur. Qismən yaxşılaşmışıq. Cəbrayıl, Füzuli azad olunub. Sevincimizin həddi-hüdudu
yoxdur... Sadəcə səsim qalıb. Tamam ayrı səslə danışıram. Və hələ də kompüterdə
işləyə bilmirəm...
Və
Zəngilanın alınması xəbəri gəlir! O qədər ağlamışam ki! Feysbukda yeni status:
“20
oktyabr - Gözün aydın,anam!Gözün aydın atam! Ruhunuz şad olsun. Zəngilan azad
olundu düşməndən!”
Yaxşı
süfrə açmışıq.
Oğlumdan
icazə almadan evdə olan “Absalyut”dan bir qədəh içirəm və axşama halım pisləşir.
Qorxu
məni bürüyüb: əcaba, korona yenidənmi qayıdır?! (Guya ki, getmişdi...)
Səhər
bunu oğluma telefonda deyirəm. Hirslənir: “Ata, sənə iki ay içki olmaz! Xahiş
edirəm özünü düşünmürsən, heç olmasa, bizi düşün...”
Gerçəkdən
düz etməmişəm. Qızlarım, nəvələrim, qohumlar, dostlar məndən nigaran ikən niyə
axı belə etdim?
Düz
üç gün halım xarab olur. Başım dönür. İncəvara, dördüncü gün düzəldim...
...Bir
gecə mən alız-uluz basdı və yuxumu görürdüm, ya aşkara idi, ayırd edə
bilmirdim. Başında qızıldan tac, ayağında qızıl dikdaban, milli geyimdə bir gözəl
gəlib əyləşib yanımda. İşarə edirəm ki, yoldaşım orda yatıb, görür axı səni,
burda nə işin var?!
Qəhqəhə
çəkib gülür və əli ilə naməlum yerləri göstərib qəribə bir qoşma söyləyir:
Dağlara
qar gəlib, dursana...
Sonra
yoxa çıxır. Və mən özüm onun misrasını davaç etdirməli oluram:
Bağlara
yar gəlib, dursana,
Hamı
gedir Vətənə sarı,
Bağçaya
bar gəlib, dursana...
İstəyirəm
deyəm ki, bu nə təhər qoşmadır ki, doqquz hecalıdır?
Qəfildən
peyda olub daha bərkdən gülür və əlini üzümə çəkir. O anda üzüm alışıb-yanır.
“Nə
danışırsan, dur termometri gətir, isti gəlib...”
Yoldaşımdır.
Tez qalxıb istilikölçəni gətirirəm... Və sevinirəm ki, gördüyüm yuxu imiş.
Əlimi üzümə aparıram; qəribədir ki, istim yoxdur...
Yoldaşım
deyir, sənin istiliyin yoxdur, bəlkə heç yoluxmamısan? Get o biri otaqda yat.
Yox,
deyirəm. Ölsək də, bir yerdə öləcəyik...
Sonra
üzümü göyə tutub o böyük allaha yalvarıram ki, xanımım tez sağalsın. Öldürsən,
məni öldür, ona dəym. Əvvala, mən ondan beş yaş böyüyəm. İkincisi də... Mən
onun qızlarına, oğluna, nəvələrinə nə cavab verərəm? Hamının dilini o bilir...
22 oktyabr – Yenistatus: “Gözəl Qaradərəm! Daha
mənim adıma qısılmayacaqsan! İndi mən sənin qoynuna qısılacam, ana yurdum!”
İstanbuldan zəng gəlib! Rayonumun işğaldan azad edilməsini təbrik edir və
korona virusa yoluxmama görə narahatlığını ifadə edir dostum. Sonra həyəcanla soruşur ki, abi, senin Karadere köyün
ne oldu?!
Fikirləşmədən
dedim ki, abicim, bu gün erməniləri oradan iti qovan kimi qovacağıq.
Canım İstanbul! Ürəyim Türkiyə! Həmişə var olasan!
***
Bir
məsələni xüsusi qeyd etməliyəm: korona virusa yoluxmanın ən kritik dövrü birinci həftədir. Bu həftəni yaxşı başa
vurmaq, sağalmağa doğru getməyə işarədir. Əgər sizdə ağır öskürək, boğulma, ağ
ciyərlərdə xışıltı (bildiyim qədəri ilə
buzlu şüşə də burdan başlayır), davam edən temperatur yoxdursa, deməli
sağalmağa doğru irəliləyiş var. Şükür ki, bizdə artıq irəliləyiş var yaxşı mənada.
27
oktyabr - Bu gün xəstəliyin 9-cu günüdür. Doqqz gündə ilk dəfə həyətə çıxdım. Hava
almaq istədim. Çox qəribə duyğudur. Elə bil qəbirdən çıxmısan. Cüzamlı xəstə
kimi heç nəyə toxunmadan qayıdıb içəri girirəm. Çaşıb nəyəsə toxunaram axı. Hələ
beş gün də keçsin, sonra yeni test verək, bəlkə onda rahatlıqla çölə çıxaram. Günunuz
xoş olsun.
***
Noyabrın
2-də nümunə götürüb apardılar və səhər zəng vurdular ki, neqativsiniz!
Ah
bu neqativ! Sən də gözəl söz sayıla bilərmişsən!
Sevinirik,
amma ehtiyatı da əldən vermirik...
***
Sağalsaq
da, sümük ağrıları bizi incidir. İkimizin də boyun fəqərələrimiz, onurğa
sütunumuz, ayaqlarımız çox ağrıyır. Bir gün, iki gün, axırı dözmürük. Həkimlərə
deyirik. Az sonra yeni dərman yazırlar: MAJEZİK.
Yeni
dərmandan mən yalnız iki gün atıram, xanım isə bütöv həftə dərmanı qəbul
edir...
Kompüterdə
işləyə bilmirəm. Başım fırlanır. Yuxu basır. Boyun fəqərələrim ağrıyır...
Ən
pisi isə düşünə bilmirəm...
***
Daha
bir neçə gün keçir. Artıq qəsəbədə gəzməyə çıxıram, amma ikiqat ağızlıqla.
Yazmağa
başlamışam. Kiçik savaş hekayələri. Hekayələrin həcminin kiçik olması iki səbəbdən
ola bilər: ya mənim kompüterdə çox oturmağa səbrim çatmır, ya da savaşın sürətlə
gedən xarakterindən doğur.
...İlk
hekayəni, hələ xəstələnməmişdən əvvəl qəhrəman general Polad Həşimova həsr
etmişdim. Onun ardınca “Hər gün üzünü təraş edən kişi” meydana gəldi. Hər ikisi
Bakıda və Ankarada saytlarda yayımlandı. Sonra gəncəli körpənin hekayəsi
yazıldı, sonra “Qumru yuvası”, “Xəndək”, sonra “Mkırtıça məktub”, sonra Vətən
müharibəsinin qadın qəhrəmanı Arəstəyə həsr etdiyim uzun hekayəni başladım,
sonra qanında Qaradərə qanı olan şəhid Cavidin hekayəsi... Və erməni generalını,
polkovnikini əlləri ilə boğan Cəbrayıl Dövlətzadə haqqında yazmağa
hazırlaşdığım roman üçün material toplamağa başlamışam...
Nə
bilim? Bu dəqiqə ən böyük arzum Zəngilana, Qaradərəyə sağ-salamat yollanmaqdır.
Ona görə bir daha xəstələnmək istəmirəm.
Hamınıza
can sağlığı arzulayıram.
03.11.2020.
1.S.A.(Söz
Ardı)
Mən
bu yazını yazan gün də daxil, hələ ki, dünya təbabət elmi korona virusa qarşı
peyvəndi kəşf edə bilməyib. Artıq bir ilə yaxındır ki, bu virus at
oynatmaqdadır. Elə bu gün Azərbaycanın çox qiymətli bir adamı – vəkil Adil
İsmayılov bu virusun qurbanı oldu. Onlarla adam ağır vəziyyətdə aparata qoşulu
haldadır... İnanıram ki, tezliklə bu gözəgörünməz düşmənə qarşı mücadilə öz nəticəsini
verəcək və peyvənd kəşf olunacaq.
2.S.A (Söa Ardı)
Telefonuma
qəfil mesaj gəlir: Almaniya alimləri virusun peyvəndini tapıblar!!!
Yalansa,
doğru olsun!

Yorumlar
Yorum Gönder