AZAD QARADƏRƏLİ KÖRPƏ “ƏSİR” hekayə
AZAD QARADƏRƏLİ
KÖRPƏ “ƏSİR”
hekayə
Vətən Müharibəsi qazisi Orxan Məmmədzadəyə
Top səsi dağların damarını qırıb keçirdi. Bu
səs kəsilən kimi pulemyotlar, avtomatlar işə düşür, digər səsləri susdururdu.
Quşlar, heyvanlar da səslərini içinə çəkib bu qorxunc səsləri dinləyirdilər.
İldırım
da çaxmırdı, su da çağlamırdı. Arılar, kəpənəklər də səslərini udmuşdular.
Yoxmuş
dünyada ayrı səs. Müharibə maşını hər şeyin ağası olaraq digər səsləri
batırmış, yeganə qalib kimi ərşi-kürşü lərzəyə salmışdı.
İşğalçı
ordunun əsgərləri geri qaçdıqca daha da vəhşiləşir, döyüş meydanından uzaqda
yerləşən, yalnız dinc insanlar yaşayan şəhərləri raket atəşinə tutur, qan üstünə
qan calayır, daha çox qırğın törətməyə çalışırdılar. Azadlıq ordusu isə qarşı tərəfdə
düşmən ordusu olsa belə, yaşayış yerlərinə zərbə endirmirdi.
İntiqam
qaçan düşmənin qoyub getdiyi ərazilərdə rastlaşdığı mənzərədən çox sarsılmışdı.
Bir
gün onlar azad etdikləri kənddə qarı-qocaya rast gəlmişdilər. İntiqam Xocalıdan
çıxdıqları gecəni yadına salıb avtomatı çevirmək, bu qoca erməniləri güllələmək
istədi. O, köməksiz insanların gözlərinə baxıb, bir anlıq dayanmış, gözləri ilə
aman diləyən, yalvaran köməksiz qocaların imdadına dayana bilməmiş, avtomatı
aşağı salmış, ermənilərin qoyub qaçdığı bu ahıl insanlara kömək etmək üçün
qollarından tutub bayıra çıxarmış, maşına mindirərək arxa cəbhəyə yola
salmışdı.
(İntiqam
1992-ci il fefralın 30-da meşədə, qarın üstündə doğulmuşdu. Uşaq sağ olsa da,
neçə gün piyada, ayaqyalın, başıaçıq yol gələn zahı ananı xilas etmək mümkün
olmamışdı. Elə oradaca birtəhər torpağı qazıb ananı dəfn etmiş, təzədən yola
çıxmışdılar. Bu vaxt ermənilər onları yenidən gülləyə tutmuş, yeni doğulan körpə
qolundan yara almışdı... Nənəsinin əlləri üstdə böyüyüyən uşağa İntiqam adını
da buna görə qoymuşdular... Və İntiqam orta məktəbi beşlə bitirsə də, başqa
universitetə deyil, hərbi ali məktəbə vermişdi sənədlərini. Zabit olmaq, ailəsinin,
şəhərinin və xalqının intiqamını almaq üçün seçmişdi bu yolu... Müharibə
başlayandan öz əsgərləri ilə öndə döyüşən gənc zabit, əslində intiqamını almış, çoxlu sayda düşmən əsgərini, zabitini
məhv etmiş, xeyli sayda əsir də götürmüşdü.
Və budur, tale onu belə səhnə ilə də qarşılaşdırdı.
Amma onun bu erməni qocalarını öldürməyə əli qalxmadı...)
Kişinin
vəziyyəti çox ağır idi, qarı isə hələ canısuluydu. Yaşlı qadın başını maşının pəncərəsindən
çıxardıb təmiz Azərbaycan türkcəsində demişdi:
-Mən
sizə minnətdaram, əsgər...
Ən
dəhşətlisi isə o idi ki, qocaları bizimkilər dərhal Gürcüstan sərhəd-keçid məntəqəsinə
çatdıraraq erməni tərəfə onları aparmaq üçün çağırış etsə də, günlərlə qocalara
sahib çıxan olmamış, onları aparmaq istəməmişdilər. Nəticədə, qoca kişi vəfat
etmiş, qarını isə, nəhayət ki, gəlib aparmışdılar.
Elə
səhəri gün İrəvandakı hosbitalların birində erməni müxbirlərə müsahibə verən
erməni qarı türklərin onları döydüyünü, incitdiyini bildirmişdi...
İntiqam
və yoldaşları bu videonu görüb sarsılmışdılar...
***
Qarşıdakı
kəndə hücum zamanı artileriyadan istifadə etmədilər. Çünki kənddə hələ də
yaşayış vardı və bəlkə də adamların bir çoxu yetirib çıxıb gedə bilməmişdilər.
Artileriyanın iştirakı olmadan hücuma keçmək bizimkilərə baha başa gələ bilərdi.
Amma qərar verilmişdi. Günortaya doğru hücum olmalıydı.
Yarım
saat əvvəl İntiqamgilin dəstəsi artıq düşmən postlarına girmiş, əlbəyaxa döyüş
başlamışdı. Bizimkilər düşmənin qısa çəkən müqavimətini qırıb onları əlbəyaxa
döyüşdə məğlub etdikdən sonra dayanmadan irəli cumurdular. Artileriyanın atəşi
olmadan piyadaların qəfil hücumu düşməni çaşdırmışdı. Belə qəfil hərəkəti gözləməyən erməni əsgərləri hər şeyi
atıb qaçırdılar. Amma bir çoxu buna da nail ola bilmədilər. Səngərlərə doluşan
baş leytenant İntiqamın taqımı əlbəyaxa süngü davasına keçərək rəqibin yarıdan
çoxunu qırdı. Bəziləri əlini qaldırıb təslim oldu, bəziləri isə qaçıb canını
qurtara bildi.
Artıq
azad edilmiş sayılan kəndin girəcəyində görünən inəklər, qoyun-keçilər və donuz
sürüləri atəş səslərindən ora-bura qaçışırdılar. Bir köhnə evin yanından keçəndə
qulağı uşaq səsi aldı. Əvvəl elə bildi qulağı səsə düşüb. Amma yox, səs
dayanmadan eşidilir, onu irəli getməyə qoymurdu.
(Elə
bu dar macalda oxuduğu bir romandan* səhnə yadına düşdü. Keçən əsrin 90-cı illərində
o vaxt adına AZİ dedikləri ali məktəbin həyətində yeni doğulmuş zənci uşaq
tapırlar. Bu institutun hansısa əcnəbi tələbəsinin doğub atdığı körpəni uşaq
evinə verirlər. Uşağa nə qədər süd, süni yemək versələr də, o kəsib-kirimir,
zar-zar ağlayır, səsi bütün internatı başına götürür. Burada işə düzəlmiş
qaçqın bir müəllimə, hansı ki, uşaqları ermənilər tərəfindən öldürülmüş, özü isə
erməni əsirliyindən yenicə qayıtmışdı, uşağı alıb neçə il əvvəl qurumuş döşlərinə
salır... üzünü allaha tutub yalvarır və bir qədər sonra möcüzə baş verir:
qadının döşlərinə süd enir, körpə əmib kiriyir...)
Gənc
zabit oxuduğu romanın o zillətli səhifəsinin qəfil yadına düşməsini, indi
qulağına gələn çağa səsini bir əlamət kimi qəbul etdi. Apardıqları savaşın
başından bəri əsl azadlıq savaşı olduğunu, hələ bir sivil insana, adi canlıya
belə zərər vermədiklərini gözü önünə gətirərək bu çağa səsi ilə tanrının onu yeni missiya üçün
hazırladığını düşümüb ayaq saxladı. Taybatay açıq olan taxta darvazadan içəri
boylandı. Həyətdə kimsə gözə dəymirdi. Güllələnmiş beş-altı ev donuzunun isti
qanı axıb həyətdə göllənməkdə idi. O birilər ölsə də, ombasından güllə dəyən
kiçik çoşka hələ də çabalayır, zarıyırdı. “Alçaqlar!.. Günahsız heyvanı belə
göz qırpmadan güllələyirlər... Guya bizə qalsa, özləri kimi murdar donuz yeyəsiyik...
Səs də bu çoşkanınkıymış... necə də uşaq kimi zarıyırdı... Deyirəm axı, erməni
olanda nə olar, bu qədər qansızlıq etməzlər... Uşağı qoyub getməz...”
Çağa
səsi bu dəfə daha yaxından və daha bərkdən eşidildi. Çoşka isə çabalayıb ölmüş,
səsi kəsilmişdi. “Demək, bunun səsi deyilmiş...”
Ayağının altına baxa-baxa həyətə girdi. Səsin bu evdən gəldiyini dəqiqləşdirdi,
evin qapısını təpiklə vurub açdı, dərhal divara tərəf tullandı ki, birdən qapıya qumbara-filan bağlanmış
olar. Açıq qapıdan içəri boylananda gözlərinə inanmadı: körpə uşaq bələkdə
çığırırdı!..
Ayağını
ehtiyatla qoya-qoya çarpayıdakı çağaya yaxınlaşdı. Ağlamaqdan üzü gömgöy göyərmişdi.
Əlini uzatsa da, dərhal geri çəkdi. “Bu nanəciblər uşağın altına mina-zad
bağlaya bilərlər.”
Ora-bura baxıb, bir ip tapdı. Uşağın bələyinin
ucuna bağladı və qapıdan çıxıb ipi dartdı. Bələk bir qədər yataqdan aralalandan
sonra arxayın olub, onu qucağına aldı. Qəribədir ki, qucağındakı çağanın erməni
uşağı olması heç ağlının ucundan da keçmədi. Çağanın boynuna toxunan ilıq nəfəsi
ona müharibəni bir anlığa unutdurdu.
İnsan
hənirtisi hiss edən körpə ağlamağına ara verib qığıldadı. Sanki ona nə isə demək
istəyən bu 5-6 aylıq körpənin ac olduğunu anladı. Ora-bura baxıb quru çörək qırıntıları
tapdı. Sonra çörəyi suya salıb yumşaltdı, körpənin ağzına tutdu...
***
Dəstənin
irəlidəki üzvləri düşmən əsgərlərini qova-qova kənddən çıxıb xeyli qabağa
getmişdi. Əgər o da taqımın yanında qalmış üzvləri ilə irəli getsə, çağa burada
öləcəkdi. Bəs nə etsin? Onu bayırda gözləyən gənc əsgərlərə etibar edə bilməzdi.
Avtomatını
əsgərlərə verib, uşağı qucağına sıxdı və geriyə, təxminən 5-6 kilometr məsafəni
sürətlə qaçmağa başladı. Hər yer minalı olduğundan yalnız gəldikləri bir
cığırla qaçırdı. Az sonra düşmən snayperləri onu görüb gülləyə tutdular. Zabit isə sağa-sola burulur, güllədən yayınmağa
çalışırdı. Nəhayət, xeyli keçmiş, o gəlib arxadakı məntəqəyə çatdı. “Əsiri qəbul
edin” dedi və özü də öz sözündən şəkləndi: “Beş aylıq da əsir olar?!”
Uşağı
təhvil verəndən sonra, yüngülcə yaralandığını da burda bilib, çiynindəki
sıyrıntını sarıtdırdı, eyni yolla geri qayıtdı. Qaranlıq düşdüyündən bu dəfə
rahat yürüyə bilirdi. İlk dəfə idi ki, qaranlığa sevinirdi. Amma içindəki
sevincin daha dərin kökləri vardı. Gənc zabitin isə bunu axtarmağa vaxtı yox
idi. O, düşməni qovmaqda olan taqımına çatmaq üçün yerişini yeyinlətdi.
15.12.2020.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Söhbət müəllifin “Burda yer
fırlanmırdı” kitabındakı “Günəş tutulan yerdə” romanından gedir.
Yorumlar
Yorum Gönder