AZAD QARADƏRƏLİ ŞƏRƏF TOXUMLARI hekayə
AZAD QARADƏRƏLİ
ŞƏRƏF TOXUMLARI
hekayə
Gəldin də, niçin pəmbə buludlar kimi
axdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə
baxdın...
H.Cavid
“İnsanın
üzü bərk olar.”
Nənəmnən
eşitmişdim bu kəlməni. Düşünürdüm ki, yəqin adamın üzünə nə qədər vursan, əzilməz,
qanamaz, yaralanmaz. Amma bir dəfə ayrı şey gördüm...
Kəndimizə
gələn yad bir oğlanı kəndin cavan-çoluğu tökülüşüb o ki var çırpmış, üz-gözü
tanınmaz hala düşmüşdü. “Niyə a bala, neyniyib o uşaq sizə?” deyən babama söz
qaytarmışdı cavanların biri:”Bizim kəndin qızına söz çıxardıb... Düşüb rayonnan
dalıycan, gəlib düz bura... Biz də verdik payın...”
Özünün də, elə bizim də “Qaşqın” dediyimiz oğlan
bunları danışıb snayper silahının durbini ilə ətrafı gözdən keçirir. O bizə
baxanda bir qədər təcrübəlidir, yəni on yaş bizdən böyükdür. Həm də orduda MAXE
kimi də çalışıb. Əla atıcıdır. Biz “maladoy”ları çox istəyir, qabağa getməyə
qoymur ki, havayı gülləyə tuş gəlməyək. Bir də çox danışandır. Bude, atışma səngiyən
kimi, başlayıb üyüdüb tökməyə.
“Babam
uşağı (uşağı deyəndə, gəncin on səkkiz yaşı olardı bəlkə) bizim evə gətizdirdi,
üz-gözünün yarasını nənəm nəynənsə bişirdi, paralanmış sifətinə əsgi yandırıb
qarasını basdı, nə bilim yüz pəstahdan çıxdı arvad. Axırı ki, oğlan bir az özünə
gələndə şorba da bişirib içirtdi. Mən bu müddətdə oğlanın üzünə baxırdm. “Bəs
hanı bərklik? İnsanın üzü...”
Babam
bunu başa saldı: “O üz sən başa düşdüyün üz deyil, a bala. Bu o deməkdi ki, yəni,
insanın canı bərk olar. Dözümlü olar... insanın çəkə bildiyi dərdi heç fələk də
çəkə bilməz...”
Sonra
babam Qarabağ savaşınnan danışdı. Dedi ki, bu gedişlə, deyəsən, bizi erməniyə
uduzduracaxlar... Uduzmax qorxulu dəyil; uduzarsan, toparlanıb təzədən udarsan.
Amma uduzdurulmax çətin işdi. Adamın gözü qırılır... Beli sınır... Kitili kəsilir...”
Sonra
biz, doğrudan da, bu oyunu uduzdurulduq, torpaqlarımızı itirdik, qaşqına, köşkünə
döndük... yaxşı ki, babam o günləri görmədi, tez öldü kişi...”
Qəfil yanımıza düşən mərmi yerə pərçimlənsə də, bəxtimizdən
açılmır. Mən qorxuram, amma Qaşqın vecinə də almır. Onunla yaşıd olan gizir
dillənir:
-Qaşqın,
heç sevmisən?
Oğlanın
elə bil çibanı deşilir. İnildəyir və mənə baxıb utanan kimi olur. (Bizdən
yaşlılar burda dinc dövrün “malodoy-starik” söhbətini qəti eləməzlər. Abi-qədeş
kimiyik. Hətta yanımızda şit zarafat-zad da eləməzlər.) Sonra gizirə sarı dönür
və məni unudub başlayır:
“Biz
iki dost idik. İkimiz də bir qızı sevirdik. İkimiz də ordudan sonra MAXE olduq.
Sonra bir axşam o, ərizə yazıb ordudan getdi. Elə bil məni ilan çaldı. Səhər mən
də ərizə yazıb getdim. İnsafən, o qıza heç zəng də eləməmişdi. Ya nə bilim, bəlkə
buna macal tapmamışdı? Nəysə, hərəmiz qıza ayrı-ayrılıqda zəng edirik, dərdləşirik.
Şəxsən mən öz payıma dostumun adını çəkmirəm... Guya bunnan xəbərsizəm... İnsafən
– özü belə deyirdi – o da belə edir. Belə-belə, gəlib çıxdıq indiki müharibənin
başına... İkimiz də eyni gündə gedib ərizə verdik, məni səhəri çağırdılar...
Gör neçə vaxtdır vuruşuram... Onu isə hələ çağırmayıblar... Bilirsən, istəmişəm
arada bir gecə minəm maşına gedəm... Sonra ayıbıma gəlib... Əgər mən ölsəm, dostum
qızla evlənsə...”
“Diqqət! Hazır olun! On dəqiqə sonra qarşıdakı yüksəkliyə
hücuma keçirik... “ – taqım komandirinin səsidir.
Bu
vaxt onun telefonuna zəng gəlir.
“Alo,
alo! Eşidirəm!.. Nə?! Ola bilməz?! Məgər onu çağırmışdılar?!”
Telefonu
əlindən düşür və hönkürür. Gizir onu sakitləşdirməyə çalışır. O isə
bağıra-bağıra deyir:
“Dünən
dostum şəhid olub! Bu gün axşam tərəfi torpağa verəcəklər!.. Mən axmaq isə elə
bilirdim... Ay allah! Qardaş, bağışla məni!..”
Hücum
edib yüksəkliyi aldıq. Çiynimnən yüngül də olsa yaralandım. Qaşqın şir kimi
vuruşurdu. Hiss olunurdu ki, dostunun ölüm xəbəri onu dəli edib. Qisas hissi
yazığı təbdən çıxartmışdı. Heç nə danışmır, heç nə yeyib-içmirdi. Yalnız mənim
yaralandığımı biləndə yanıma yüyürüb qucaqladı. Sonra özü sarıq qoyub sarıdı. Və
başladı öyüd-nəsihətə:
“Sən
hələ uşaqsan. Bizə baxma. Biz sirimsəmişik. Sən şəhər uşağısan. Gözlə özünü.
Tez qabağa soxulma. Qoy biz bu it uşaqlarını qıraq, sən də bax, öyrən. Gördün şəhid
olduq, sən başla...”
Gizir
onun boş damarın tutur:
-Yaxşı,
o döyülən oğlanın axırı necə oldu?
Qaşqın
himə bənddir. Başladı e...
“...O oğlan bir gecə bizdə qaldı.
Gecə gözü nənəm onun yara-xorasını bir də yudu, şişlərinə, göyərmiş yerlərinə
buz qoydu... Səhərə yaxın oğlanın üzü tam olmasa da, babat düzəldi... Mən gəncin
üzündə o yumruq, təpik izləriynən yanaşı, başqa şeylər də gördüm. Bu üzdə
qızların ağ parça üzərində saldığı ilmələrə, naxışlara, butalara bənzər şeylər
gördüm. Oğlan o qədər ağrı-acının içində gülümsünürdü və mən o gülümsünməyi
oxuya bilirdim. “Mən sevgiyə qurban getdim. Eşqin adına bağlandım və bu kəndi Kəbəm,
bütxanəm bildim. Dünən yediyim yumruq, təpik də xoşdur mənə. Təki sevdiyim mənə
yox deməsin...”
Oğlanın
atası, anası, əmisi və qardaşı səhər maşınla bizə gəldilər. Qonşu rayondakı Xanlıq
kəndinnən imişlər. Soraqlayıb, bzim evi tapıblar...
Uzun
söz-söhbətdən sonra babam onlara başa saldı ki, oğlanın uzaqdan görüb könül
verdiyi qız da yaxşı bir ailədəndir və əgər razılaşa bilsələr, bu iki gözəl gəncin
birləşməsi məsləhətdir...
İncəvara,
söz-söhbət uzun çəkmədi. Qızın da könlü varmış. Yoxsa “bu gözəllikdə oğlan dəli
dəyil ki, o boyda yolu vurub gəlsin şillə-təpiyə qonaq olsun?..” Nənəm belə
yozurdu...
Elçilik
babamın da aracılığı ilə uğurla başa çatdı və...
Vəsi
odur ki, onlar o gedən oldular. Toy nədi, heç nişan günü də onlardan səs
çıxmadı. “Təpik-yumruq” yiyələri cilov gəmirirdilər. Asıb-kəsirdilər, hədələyirdilər.
Hətta burdan Xanlığa sifariş də eləmişdilər – “gəlib orda bir qan salmasaq, biz
də biz deyilik.”
...Bir
gün kəndimizə üstünə bayraqlar sancılmış, güzgüsünə qara bağlanmış Volqa QAZ
-24 maşını gəldi. İçindəkilər düşüb babamı çağırdılar. Sonra hönkürüşüb
ağladılar və bu vaxt N. gilin evinnən də ağlaşma sədası gəldi.
Aşıq o gül üzünə,
Toxmax
dəydi dizinə.
Ölmüsən, xəbər elə
Məni tay et özünə...
Oğlanın
anasının çəkdiyi bayatı hələ də qulaqlarımnan getməyib...
Sonra
Xanlıq getdi, Xanlığın yan-yörəsi getdi, sonra bizim rayona dirəndi düşmən. Qız
bir gecə evdən çıxıb qaçmış, Xanlıq deyibən getmişdi. Güclə tutub
saxlamışdılar, başa salmışdılar ki, day Xanlıq yoxdur. Erməni gəlir... Böyün-səhər
biz də tərpənirik...”
Sonra ermənilər hücuma keçdilər ki, aldığımız yüksəkliyi
qaytarsınlar. Gizirlə Qaşqın taqımı irəli aparıb onları dərəyə tökdülər. Və
başladıq bu faşistləri dərədəcə qırmağa. Mən də qoşulmuşam onlara. Qırdıq eee!
Qoy dərs olsun!.. Şuşada yallı gedən alçaqlar!.. Di yallı gedin...
Qaşqın
mənim ayaq üstdə atəş açdığımı görüb qışqırdı:
-Bakılı
balası! Əyil aşağı!
Bu
vaxt güllə düz sinəmnən dəydi. Ağzı üstdə düşdüm. Qaşqın mənə sarı atılanda onu
da vurdular. Gizir isə əsgərlərimizlə qabaqda düşməni qıra-qıra gedirdi. Qaşqın
yanımda yerə sərilib nə barədəsə danışırdı...
“...İnsanın
üzü bərk olar...
Hanı?
Bəs o gül üzlü oğlan niyə bir ayın içində namərd gülləsinə qurban getdi? Hələ o
qız? Xəstəxana qalmadı, baxıcı qalmadı, ekstrasens qalmadı... İki ilin içində
soğan “kimi soyuldu, yorğanıynan əridi, döşəyiynən çürüdü...” – nənəmin
yanaşmasıydı...
İlahi! Qaşqın məni də, özünü də unudub o əhvalatın
ardını danışırdı...
Sonra
gözləri alacalandı. Əlini döşünün üstünə qoydu:
“Bakılı
balası, mən deyəsən ölürrrrəmmm... Döş cibimdə qızın telefonunnnnun nömrəsi
var... Zəng edib deyərsən ki...”
Sonra o öldü. Sonra mən öldüm. Bizimkilər isə xeyli
qabağa gedib daha bir yüksəkliyi almışdılar... Mənim qulağıma isə səs gəlirdi.
Kim idi? Asta-asta danışırdı. Ya bu sətirləri yazan adam idi? Ya Gizirin səsi
idi? Ya Qaşqın idi? Yox e, o yanımda uzanıb... Kim idisə danışır, danışırdı...
“Vətən
adı gələndə eşq-meşq yada düşməz” – bunu
müqəddəs müharibəmizin ilk günlərində bir gənc demişdi. Mən bu gənclərin
hamısını internetdən və saytlardan izləyirdim. “Dalımcan ağlasan, haqqımı halal
eləmərəm”, “Vətən adı olan yerdə tək oğul-zad söhbəti yoxdur, ana”, “Heç elə
bil məni doğmamısan, unut məni...”, “Maşını saxla, burda bir yaxşı-yaxşı
oynayım, sonra ürəyimdə qalar...”, “Qardaş, mən bir qız istəyirdim, ürəyimi ona
aça bilmədim, bu dərdi də Vətənə qurban eləyirəm...” – belə-belə sözləri və o
uşaqların şəkillərini yığırdım kompüterimdəki fayla...
Anam!
Bu şəkillərdən boylanan üzlər necə gözəl
idilər, necə oxunaqlı sifətləri vardı, necə gülən gözləri vardı... Hamısını bir
ata əkmiş kimi, bir ana doğmuş kimi... O gülən gözlərdə...
Gülənmi?
Diqqətlə baxsan, gülmürdü o gözlər. Bizə gülürdü bəlkə, özlərinə, nakam eşqlərinə
ağlayırdılar dərinliklərdə... Hə, hə, o gözlər o qədər dərin idi, orda itmək,
batmaq olardı... Orda bir evə, bir ailəyə, bir şəcərəyə, bir nəslə etiraz
vardı. “Daha belə yaşamaq olamz!” “Biz bu biqiryətlikdən qurtarmalıyıq, ya
yox?!” “Xaricə ayaq qoyanda xəcalətdən yerə giririk... Soruşurlar ki, ermənilər
həqiqətənmi qəhrəmandırlar? Nə deyək, deyək ki, yox, qəhrəman bizik?!. Nəbiyəm,
Koroğluyam... Ay nə bilim nəyəm, nəmənəyəm!!!” “Əl çəkin bizdən və imkan verin
bu bədbəxt Vətən üçün ölə bilək!” “Özünüz bu dünyadan şərəfsiz kimi getməyi tərcih
etmisiniz, icazə verin biz şəhid olmaq şərəfinə nail olaq... Eşidirsiniz?! Biz
ya şəhid, ya qazi olacağıq! Əl çəkin bizdən!”
...Onlar
hirslə, hikkəylə getmişdilər. Bizə, sizə, onlara qəzəblənib getmişdilər. 30
illik binamusluğu üstümüzdəm silməyə getmişdilər. Hər qarışa bir igid... Hər
arşına on igid... Üç minəcən igidimiz gülə-gülə getdi yağı üstünə. Gülə-gülə şəhid
oldular...
Bir
o qədər də igid qolsuz, qıçsız, gözsüz, dilsiz
qayıtdı. “Biz də şəhidik. Ağlayanda bizi də ağlayın. O gülən gözümüzdən,
o oynayan ayaqlarımızdan, dostları qucaqlayan qollarımızdan olmağımızı
ağlayın... “Dumannan özümə bir xeymə qurdum...” deyib oxuyan səsimizdən
olmağımızı ağlayın... Xar olan sevgimizi ağlayın...
“Dumannan
xeymə...” Hə, bizim xeyməmiz də, eşqimiz də, könül evimiz də dumannandır... Bir
ah kimi... Duman kimi gəldi, getdi... Yox, getmədi... Hər səhər dağların
başında gəzən dumanı görsəniz, bilin ki, o bizik. Biz yerdə sürünməzik... Biz
orda, yüksəskiliklərdə olarıq. Sz bizi nə olsun yerə gömdünüz, o gömdüyünüz nəşimizdi.
Əsl bizlər o dağlarda yürüyən pəmbə dumanıq. Kəfənimiz kimi ağappaq... Hərdən
üfüqlərə qalxıb qızarsa, bilin ki, o da güllə dəyən yaramızdan açılan
qanımızdır... Axır, axır, bu yer üzünü qanla doyuzdurur ki, daha ayrı qan istəməyəsiniz...
Biz sizə hər şey qaytarıb getdik. İtən adınızı, namusunuzu, şərəfinizi,
bunların hamısının cəm olduğu yeri – torpağı...
Di
gedin adam kimi yaşayın... Yaşamağı öyrənin... Gözəl yaşayın...
Biz
öldük, siz yaşayın...”
Bu da o idi – neçə vaxtdır bizim izimizdən gələn
adam. Məni də çox yerdən soruşub. Nişan verən olmayıb. Axır gəldi özü tapdı.
“Bakılı balası, sənə açdığım fay boş qalıb axı – ölüsünü gözləyən qəbir
kimi. Nə yazım sənnən? Özünü nişan ver.”
Bu
oxuduğunuz yazı belə yarandı. Ona tək bir söz dedim:
“Bizim
nəşimizi çox vaxt tapa bilmirdilər dəfn etməkçün. “Bir gün də qənimətdir”
deyib, göy üzünə baxmağı üstün tutur, qanımızı tökdüyümüz torpaqlarda gizlənərdik.
Dirimiz gizlənmədi, barı ölümüz gizlənsin... Qəbirlərimiz boş qalardı günlərlə...
Elə mənimki də... Bu yazıçı deyən kimi, bizim gözəl üzümüzü qara torpağa necə
qıydınız bəs?
“Bakılı
balası, sizi torpağa verdilər ki, torpaq da gözəlləşsin. Siz o qara torpağa
gömülmədiniz, şərəf toxumları kimi əkildiniz. Yeni bir nəslin doğması, törəməsi
üçün.”
29.01.2021.
Yorumlar
Yorum Gönder