AZAD QARADƏRƏLİ HEYSİYYƏT hekayə
AZAD QARADƏRƏLİ
HEYSİYYƏT
hekayə
Vətən
Müharibəsi şəhidi leytenant Teymur Abbasovun xatirəsinə
Zəif
payız günəşi arabir təbiəti isidir, uzaqlarda atılan top və tank mərmilərinin zəhmli
səsinnən qorxubmuş kimi qayıdıb buludda gizlənir, ürəksiz uşaq əlinə bənzəyən titrək şüalarını qalın buludlara tərəf uzadıb
onları aralayaraq işığını yenidən ətrafa yarmağa çalışırdı.
Birinci taqım dağın sinəsindəki kiçik meşəcikdə mövqe tutmuşdu. İkinci
taqım isə bir qədər arxada, duman yatmış dərədə dayanıb öndəki taqımda olan
komandirin əmrinə müntəzir idi. Aşağılardan qalxlb dağa doğru yeriyəcək dumanın
onların dayandığı yeri bürüməsini gözləyirdilər ki, payız dümanına bürünüb meşəcikdən
xeyli yuxarıdakı düşmən postuna hücuma keçsinlər. Hər iki dəstənin komandiri olan
gənc leytenant arxadakı taqıma əmr etmişdi ki, öndəkilər hücuma keçən kimi onların
durduqları yerə yerləşib hücuma keçəcək birinci taqıma dəstək versinlər. Bu dəstək
əsasən şəhid və yaralıların arxaya aparılması, döyüşdəkilərin silah-sursatla təchizatı,
lazım gəlsə döyüşə qatılmalarınnan ibarət ola bilərdi.
Onun
hesabına görə hələ yarım saatacan vaxtları vardı. Dilinin ucuna yığılıb qalan
sözləri rəhbərlik etdiyi gənc əsgərlərlə bölüşmək ehtiyacı duydu bir anlığa.
***
“Biz
gedəndə arxaya baxmadıq. Çünki arxada əzizlərimiz qalsa da, irəlidə - döyüş
olası yerdə əzizliyinnən endirilən, bəkarəti təhqir olunan, heysiyyəti zorlanan
torpaq vardı - Vətən torpağı. Ona görə biz arxaya deyil, irəliyə baxırdıq...
Əgər
getməsəydik, sabah iş yoldaşlarımızın, ailəmizin və bu torpaq üstündə gəzən
övladlarımızın üzünə baxa bilməzdik. Biz də övladıq axı. Həm ata-anamızın, həm
də o heysiyyəti taptalanan torpağın – adına Vətən deyilən yerin...
Bir
dəfə tanıdığım birinin yasına getmişdim. Saatlar keçsə də, meyidi dəfnə
aparmamışdılar. Dedim, yəqin gözləntiləri var, əzizlərinnən kimisə gözləyirlər
ki, dəfnə çatsın. Az sonra biri qulağıma pıçıldadı ki, qəbir yeri o qədər
bahadır ki, istənilən məbləği düzəldib verə bilmirlər. Ona görə də...
Torpaq,
üstündə min oyunnan çıxanların deyil, xalqın malına göz dikənlərin deyil, hər
şeyi hərraca çıxardanların deyil, kasıblarındır. Bütün zamanlarda belə olub.
Əli qabarlı xalq qoruyub torpağı. Bilir ki, onun gedəsi yeri yoxdur, əzəli də,
sonu da buradır.
Əziz
qardaşlarım! Hünərli döyüş dostlarım! Məni komandiriniz yox, əsgər yoldaşınız
bilin. Ən ağır döyüşlərdən birgə çıxmışıq. Xalq, millət yanında alnımız açıq,
üzümüz ağdır. Geridə qalan döyüşlərdə neçə-neçə şir ürəkli qardaşımızı şəhid
verdik. Ola bilər ki, elə bu döyüşdə mən də, sən də, o da şəhid olsun. Amma
bir həqiqət var: xalqımız arxamızdadır.
Yerimiz boş qalmayacaq. Danışırlar ki, Səfərbərlik idarələrinin qarşısında
adamlar növbələr tutublar. Döyüşə gəlmək istəyənlər o qədər çoxdur ki, istər-istəməz
geri qaytarırlar və deyirlər ki, gedin, lazım olsa, çağıracağıq...
Silah
dostlarım! Bu günkü döyüş həlledici ola bilər. Ana torpağın üstündə gəzmək
haqqımızı qanımız, canımız bahasına ödəməli olsaq belə, geri durmaq yoxdur.
Bunu bizdən Xocalıda öz neftimizlə yandırılan atamız, orada atasının gözü
qarşısında zorlanan bacımız, anasının qarnınnan xəncərlə diri-diri çıxarılan
körpə balamız, erməni əsgərlərinin qəbiri üstündə qurban kəsilən qardaşımız tələb
edir!
O
dağlara baxırsınızmı? Daim başı qarlı olar. İndi də belədir. Hesab edin ki, o
qar deyil. Dağlarımız dağ deyil, qoca bir atadır ki, başına ağ şal bağlayıb və
bizə demək istəyir ki, torpağımızı yağılardan azad etməyincə, məni başı papaqlı
kişi yox, başı şallı bir qadın bilin... (Bilmirəm, vaxtilə şəhərin küçələrində
başına şal bağlayaraq gəzən bir kişini görmüşdünüzmü – Bəşir Kəsirli adlı o
qoca şair kitablarını sataraq deyirdi: neçə ki, Qarabağ azad edilməyib, bu şalı
başımnan açmayacam... Eynən bizim bu dağlar kimi...)
Qardaşlarım!
Biz otuz ilin savaş aclarıyıq. Gözümüzü bu dünyaya açannan, ağlımız kəsənnən
döyüşə hazırlayırıq özümüzü. Ən böyük arzumuz bizi döyüşə səsləyən bir
komutanın gəlməsi olub. Çox şükür! O gün – bu gündür, qardaşlar! Ali Baş
komandanın əmri ilə müqəddəs Vətən savaşı artıq başlanıb. Bu gün o savaşın ən
mühüm həlqəsi olacaq. Düşmənin Hadrut, bizimkilərin Ağoğlan dediyi bu yurdu
yağılardan xilas etməliyik. Unutmayın: bura yağıların ən çox önəm verdiyi nöqtədir.
Qarşıdakı postu tutsaq, Ağoğlan ovcumuzun içində olacaq.
İstəyirəm,
döyüşə girəndə bir şeyi göz önünə gətirəsiniz: biz arxada qoyduğumuz gözüyaşlı əzizlərimizçün
burdayıq, doğma yurd-yuvasınnan qaçqın düşən bir milyon qarabağlı üçün
burdayıq, düşmənin təhqiramız surətdə hədələdiyi Vətənin heysiyyəti üçün
burdayıq...
Hərəmiz
bir sahədə çalışmışıq. Mən, şəxsən bankda işləyirdim. Milyonlarla pulun,
dolların cəm olduğu o binada işləyənlərin rahat və arxayın çalışması üçün
burdayam. Xalqımın, millətimin səadəti naminə o binanın mühafizəsində
dayanardım. İndi isə daha ucadır vəzifəm – Vətənin mühafizəçisiyəm! Biz hamımız
vətən mühafizləriyik, dostlar! Vuran əlləriniz ağrımasın, tətikdə yatan
barmağınız titrəməsin, düşmən üstünə yeriyən ayaqlarınız yorulmasın...
Vətən
eşqinə, torpaq eşqinə, analar eşqinə, irəli, dostlar!”
***
Leytenant
Teymur Abbasov komandiri olduğu dəstənin qarşısında çıxışını bitirən kimi onun əsgərləri
Hadrut istiqmətində ağır döyüşə girdilər. Bu döyüş igid komandirin şücaəti nəticəsində
qələbəylə sonuclandı. Dəstə tapşırığı yerinə yetirdi. Amma əməliyyat zamanı yenə
şəhid və yaralılar vardı. Teymur bir neçə yaralını güllə altından çıxartdı.
Daha bir nəfər də aşağıda, qayaların arasında atışdığı yerdə yıxılıb qalmışdı.
Geciksəydi, qan itirmədəm şəhid ola bilərdi. Gənc leytenant sürünə-sürünə
yaralıya çatdı, onu çiyninə alıb geri qaçmağa başladı. Elə bu zaman snayper atəşi
onu yaraladı. Lakin yıxılmadı, əsgər yoldaşını daldaya çatdırmaq üçün son qüvvəsini
sərf etdi. Bu zaman daha bir neçə güllə onun bədəninə sancıldı. Teymur yaralını
təhlükəsiz yerə qoyub özü də yanına uzandı. İndi yaralı əsgər komandirinə ürək-dirək
verir, yalvarırdı ki, gözlərini qapamasın...
***
İgid
komandir leytenant Teymur Abbasov 12 oktyabr 2020-ci il tarixdə qəhrəmancasına
həlak oldu. Məzarı Bakıda, İkinci Fəxri Xiyabandadır.
Ölkə prezidentinin sərəncamı ilə gənc döyüşçü “Vətən uğrunda” medalı ilə
təltif edilib.
07.02.2021.
Yorumlar
Yorum Gönder