AZAD QARADƏRƏLİ QADAĞAN ZONASI (Uzun hekayə)
AZAD
QARADƏRƏLİ
QADAĞAN
ZONASI
(Uzun
hekayə)
Əzablardan güc yığmaq üçün
istifadə etmək lazımdır.
Tibet ata sözü
Sirr dolu dünyamızda hər adam bir
sirli vücuddur. Adi bağban bildiyinin də azından kimsəyə demədiyi, yaxud deyə
bilmədiyi bir sirri var. Uzağa niyə gedirsinz, bude ha, atamı götürək. Üzü məktəbə
sarı gəlir və gələ-gələ məndən, dost-doğma oğlundan nələri saxladığını düşünür
bəlkə də... Əvvəlki illərdə Sovet höküməti aşılayıb bunu bizə: nə qədər az
danışsan, başın bir o qədər salamat olar. Hələ ondan qabaqkı əski zamanlarda nələr
olmayıb?! İskəndərin buynuzu, sirdən havalanmış dəlləyin dərdini quyuya deməsi
və oxuyan qamışlar... Qalaçalarda divlərin dizinə baş qoyan gözəllər...
(Biz tərəflərdə qala və qalaçalar elə
də çox deyildi. Ondan ki, dağlar, bu dağlardakı kahalar elə
təbii qalaçalar idi. Kəndimizlə üzbəüz Qaladaşında təxminən
üç yüz əlli metr hündürlükdə dağın döşündə adamın yanpörtü keçə biləcəyi
– hər halda uzaqdan belə görünürdü - iri
bir yarıq vardı ki, deyilənə inansaq, o yarıqdan dağın içərilərinə uzun bir yol varmış. Guya o yolun bir ucu gedib Arazın o tayında
Qaradağdakı kahadan çölə çıxırmış. Rəvayətə
görə, qədim zamanlarda düşmənlər elimizin üstünə gələndə ağır döyüş olmuş,
qız-gəlini, qocaları, digər əlsiz-ayaqsızları xilas etmək üçün onları
Qaladaşındakı o yarığa qaldırmış, bir-bir oradan keçirərək sağ-salamat Qaradağdakı o kahadan
çıxardıb sağ-salamat Üçdibinə aparmışdılar...
Kənddə danışırdılar ki, kimlərsə haçansa
ora qalxıb, dağın içərisinəcən gedib, amma geri qayıda bilməyib. Bu da bir sirr
kimi qalıb.
O yarıqda
hər il ala qartalın yuvası olardı və quş balalarını bu hündür qaya döşündəki
yuvasında gözümüzün qarşısında dovşan, kəklik, alapaxta ətiylə böyüdərdi. O
qartal da bir sirr idi bizimçün. Və o sirləri sındırmaqdan ötrü bir gün mən paltarlarımı soyunub çayın
qırağına qoydum, tək bir darbalaqda o sıldırım qaya ilə dırmaşıb qartalın
yuvasınacan çıxmağa çalışdım. Hörümçək adam yüzmərtəbəli binaya necə dırmaşır,
mən də ayaq qoymağa, əllə tutmağa belə yer olmayan bu sıldırım yuxarı
sürünürdüm. Dizlərim və qollarım qan içində olsa da, inadımdan dönmədim. 14
yaşlı bir uşağın əzmi sərt qayalara qalib gəldi. İlk andaca buranın xofu basdı
məni: uzaqdan bapbalaca görünən bu
yarığa 3-4 adam sığardı. Yuvadakı qartal balaları məni analarının gətirdiyi ət
bilib dimdikləməyə başladılar. Lap yaxında ana qartalın da qıya səsini eşidib üşəndim. Başım necə fırlandısa, qayada
bitmiş gənəgərçək kolundan tutmasaydım, yəqin ki, indi bu yazını yaza bilməzdim
– ölməsəm də aşağı yuvarlanıb şil-küt
olacaqdım.
İnanmayacaqsınız: məni dimdikləməyə çalışan qoşa qartal balalarına
gözucu baxsam da, “dağın içinə gedən o
yolu” nəinki görə bilmədim, hətta bircə anda kiminsə mənə sarı uzanmış əlindən
tutub qayalıq aşağı ustubluca endim –
daha doğrusu uçdum - və bir də gördüm
ki, dağın dibindən şırhaşırla axan çayın qırağındayam. O əlin kimin əli olduğu
hələ də sirdir mənimçün. Uzaqdan mənə baxanlar deyirdilər ki, guya o əl, əl
deyilmiş, ana qartalın qanadıymış, uzadıb mənə sarı, ondan yapışıb enmişəm
aşağı...)
Amma
sirr onda sirdir ki, elə əbədi sirr olaraq qalır. Məsələn, Bermud üçbucağı
kimi. Yaxud dünyaca məşhur məşuqənin timsalı: qəzetdən oxumuşdum ki, fransız
qadın Madam Klaudiya Rza şah Pəhləvi,
Con Kennedi, Covanni Aqnelli kimi dünya liderlərinin və digər tanınmışların məşuqəsi
olub. Madam Klaudiya deyirmiş ki, heç bir müştərisinin sirrini heç vaxt
açmayıb.
...Kişi
məktəbin qapısında dayanıb nəfəsini dərir, papağının arxasın qaldırıb forsla
üstdən aşağı (məktəbimiz dağın döşündədir) harasa baxır. Bu balacaboy adamda nə
sirlər yatır, mən bilirəm. Dostu kolxoz sədri Səlimlə kəndçimiz Tahirin beş
tonluq su maşını tutacaq qədər araq içmişdi. Axırı nə oldu? Səlimin qudurub
qız-gəlinə ayrı gözlə baxdığını sinirə bilmədi. Onun bildiyi bir sirrini (yenə
sirr!) gedib “kekebe”nin sədrinə söyləmiş, tutdurmuşdu bədbəxti. Hələ də içəridədir.
Üstündən yeddi il keçib, bir təsadüf nəticəsində öyrəndim bunu – qatarla Bakıya
gedəndə vaqon yoldaşım danışdı. Türmədə Səlimlə bir kamerada yatmışdı. Əlbəttə,
məni tanımadan söylədi bunları. Sonralar atamdan soruşdum ki, o nə sirdi ki,
“kekebenin” sədri bilən kimi dostunu saldı içəri, özü də on beş il verdi? Hirslə
cocudu* üstümə ki, hər yerə burnunu soxma. Çox bilsən, tez qocalarsan.
Yaxud
anamla aralarında olan o müdhiş sirr! Elə OLAN deyirəm ki, guya hər şeyi bilirəm.
Əslində heç nə bilmirəm və yəqin ki, bunlar öz sirlərini bu dünyadan özləri ilə
aparacaqlar. (Elə apardılar da. Atamla anam mənim bir yaşım olanda ayrılmışdılar. Kişi nə qədr
gözləsə də, anam onu qəbul etməyib. Niyə? Bax, bunu heç kim indi də bilmir.
Bura bizimçün qadağan zonasıdır.)
-Rayona
nəvaxt gedəssən?
-Tarifkasiyanı
işləyirəm hələ... Hazırlayan kimi maarif
şöbəsinə gedəcəm. Bu il bir sinfimiz artıb axı...
-Adil
müəllim yadındadı? Mənim köhnə dostlarımnandı... Deyir Əfqanıstannan qayıdıb?..
Mən də
soruşdum ki, axı onu niyə Moskvaya, ordan da Əfqanıstana aparmışdılar? Qayıtdı
ki, nəsə arada poxlu iş var. Axı Adilin oğlu Əfqanıstanda vuruşmuşdu. Sonra sink tabutda meyidi də gəldi. Sən onda
institutda oxuyurdun. Mən getdim yasına. Yazıq kişi pis gündə idi.
Saçını-başını yolub tökdü sink tabutun üstünə. Sonra da bağıra-bağıra dedi ki,
baltanı gətirin, tubutu çapıb, oğluma baxmaq istiyirəm!.. Böyük faciə idi…
Böyük… Oğlan medinstututu bitirən kimi təyyarəyə basıb aparıblar o xarabaya. Həm
həkim kimi, həm də döyüşçü kimi iştirak edib. Çoxlu təltifləri varmış. Rütbəsi
də ki kapitan…
-Tabutu açdımı? – mən soruşuram. Kişi üzünü turşudub mənə baxır. Və
qaşqabağını bir anda tökür:
-Sən
nə danışırsan? Ona da kekebe deyərlər! Bilmirəm, yerin deşiyindənmi çıxdılar,
göydənmi düşdülər, iki adam qəfil aldı Adilin üstünü. Mən yaxındaydım.
Qulağımla eşitdim cins kostyumda olanın dediyini:
-Adil
müəllim, vı suma saşli?!
Səs tanış gəldi. Diqqətlə baxdım və
gözüm kəlləmə çıxdı: bizim rayonnan olan, respublika kekebesində yüksək vəzifə
tutan polkovnik Əzrayıl idi. (Bu, onun
kliçkasıydı.) Atası atamla dost idi deyən, bizi də tanış eləmişdilər… O biri
rusa, ya da yevreyə oxşayırdı. Hər kimdisə, Əzrayıldan vəzifəcə yuxarıydı –
gözü onun ağzındaydı. Rusa, ya da yevreyə oxşayan dilucu “uberiti” deyən
kimi Adilin evini bircə anda
avtomatlılar mühasirəyə aldılar. Yasa gələnləri tüfəngburnu elədilər. Rayon
kekebesinin sədrinin özünü belə yaxına buraxmadılar. Meyidi, yəni o sink
tabutu, özləri aparıb dəfn elədilər. Əzrayılın gözü məni alıbmış. Bir də gördüm
kimsə qoluma girdi və qulağıma dedi: “Taksiyə minin, gedin kəndinizə, beş nəfərlik
yemək hazırlayın, iki saata gələcəyik.”
-Gəldilər?
-Hə,
gəldilər, yaxşı tut arağım vardı, ondan da vurdular, yeyib-içib getdilər… İki
il sonra Bakıda Əzrayılla görüşəndə
soruşdum ki, nə məsələydi o vaxt? Dedi, zibilli iş idi. Adilin həm oğlu öldü, həm
abırı getdi… daha dalısını gətirmədiyinnən, mən də üstünü vurmadım… İndi gör
neçə il keçib? Düz altı il!.. Adildən hələ də əl çəkmirlər… Yazığın rayonla bir
hörməti vardı, katib olmuşdu, maarif müdiri işləmişdi, oğlu Əzim Əfqanıstanda
öləndə məktəb direktorouydu… Elə indi də direktordu deyəsən, hə? Ya
çıxardıblar?
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Cocudu – ola bilsin ki, “cod” sözünün təhrif
olunmuş formasından yaranan feildr. Qərb dialektində “cocumaq”, “cocudu” şəklində
geniş yayılıb. “Bozarmaq”, “cod-cod danışmaq” anlamındadır.
-Yox, direktordu. Çıxartmışdılar.
Rayonda danışırdılar ki, gedib Bakıda
dediyin o Əzrayılın yanına. Nə deyib, nə demiyib, qaytarıblar vəzifəsinə…
-Sirli
məsələdi… Hökmən get ya məktəbinə,ya da evlərinə. Mənnən də dil-ağız elə.
Altdan-altdan soruş-öyrən, gör nə məsələymiş? Ya da heç soruşma. Xatalı işdi… -
Kişi üzünü çevirir və gedir dərsə. Elə bil nəsə bilir, amma məndən gizlədir.
Bunun bilmədiyi şeyə qurd düşər…
Sinfin
qapısına çatanda qəfil geri dönür:
-Əliboş
getmə… Yüngülvari bir paydan-püşdən apar…
Adil
müəllim həqiqətən, ağsaqqal idi. Mən iki il olardı direktor qoyulmuşdum. Maarif
şöbəsində görən kimi yanıma gəldi, əlimi
sıxıb dedi, qardaşoğlu, möhkəm ol, sən yaxşı kişinin oğlusan…
***
İşə
çıxmır dedilər. Hətta eşitdim ki, sarsıntı keçirib nəsə. Yemir, içmir,
danışmır. Adamları elə bil tanımır. Getməməyi məsləhət gördülər. Amma atama söz
vermişdim. Elə özümü də maraq dartırdı ora.
Həyət
qapısında oğlu Lazım qarşıladı məni və üz-gözünü belə bir cür əyib əllərini naməlum
səmtə uzatdı:
-Yaman
əziyyət çəkib… İnan ki, halı yoxdu… İçəri girməyiniz məsləhət deyil… belə pis
çıxmasın e, atanızla da dostdu, bilirəm… Elə sizə də hörməti var…
Bu gədədən
zəhləm gedir nədənsə. Raykomda təlimatçıdır. Amma özünü katib kimi aparır.
Sayqısızın, eşşəyin biridir. Hətta danışırdılar ki, katib kimin evini yıxmaq
istəsə, bunu göndərir yoxlamanın üstündə.
İndi mənim də ağzımı boza verir. Amma gözü əlimdəki mer-meyvəylə dolu
bağlamadadır. Kişi demişdi axı əliboş getmə. Vəzifədə işləyən adamın gözü əllərdə
olar. Mən də həyətdən nübar meyvələrdən yığıb 10-12 kiloluq bir pay düzəltmişəm,
necə olsa rayon mərkəzidir, bazara
baxandılar. İndi bu payı zəhləmgetmişə heç vermək istəmirəm.
-Atamın
sözü var, Lazım müəllim, kişini iki dəqiqəliyə görüb çıxacam, - sivişib girirəm içəri.
Stulda oğlu Əzimin şüşəli çərçivədəki
kapitan formasında şəkli ilə üzbəüz əyləşib. Mənə tərəf heç baxmır da.
Siqaretini tüstülədir eləcə. Bağlamanı açıb içindən bir-iki yay alması çıxardıb
qabağındakı nimçəyə qoyuram. Bircə anda almanın xəfif iyi otağa dolur və elə bil aradakı gərginliyə
toxunur. Gözü almanı tez alır. Qəfil dönüb mənə baxır və gülümsünən təhər olur.
Onun belə gülümsünməyi məni də ürəkləndirir. Yaxına gəlib əlimi uzadıram.
-Necəsiniz?
Atamın da salamı var.
-Sağ
ol. Yaxşıyam. Əyləş…
-Axı
Lazım müəllim…
-Qələt
eliyir Lazım… Onlar məni bu günə
qoymadımı?
-Bilmirəm
necə deyim? Atam da narahatdır, əslində.
Axı sizi niyə çağırmışdılar ki? Gör neçə il keçib? Nə məsələdir?
-Atana
de ki, halım yaxşı deyil… Sən ədəbiyyatçısan axı. Füzuli demişkən:
Olsaydı məndəki qəm Fərhadü mübtəladə,
Bir ah ilə verərdi min Bisütunu badə…
Ölümü
ölüm oldu, zulumu da ondan artıq… Nə aça bilirəm, nə ağarda. Atanın buralara
ayağı düşəndə, gəlsin bir dərdləşək… Bu dediklərimi heç kimə söyləmə. Soruşan
olsa, de ki, özündə-sözündə deyil…
Evə
qayıdanda iş-güc başımı qatdı, Adil müəllimi tamam unutdum. Atamgilə də getməyə
vaxt olmamışdı. Yalnız iki gün sonra
kişi məktəbə gələndə kabinetimə
çağırıb olanları danışdım. O da qəribə tərzdə başını buladı: “Ehhh… Əfqanıstan
orda da adamalrı udur, burda da. Kekebe
bir adama ilişməsin, ilişdi, çətin əl çəkər.”
***
Masazır
qəsəbəsindəki qaçqın şəhərciyinə çağırmışdılar. Orada məcburi köçkünlərin bir
hissəsinə təzə evlərin açarları veriləcəkdi. Mən də işlədiyim qəzetçün nəsə
yazacaqdım. (Müəllimliyi atmışam, indi qəzetçilik edirəm.) Qaçqınkomdan gələn məni
qırağa çəkdi və yavaşca dedi ki, belə yerlərdə daim narazılıq-filan olur, bu təbiidir.
Çalış yığcam bir şey yazasan.
Çıxışlar-filan
oldu və mən də qarşımdakı dəftərçəmə qeydlər edirdim. Bu vaxt qəddi əyilmiş,
gözləri çuxura düşmüş yaşlı bir adam yanaşdı mənə və gülümsünüb (əslində özünü
gülümsəməyə məcbur edib desəm, daha doğru olardı) dedi:
-Ay
xoş gördük! Necəsən? Atan dururmu?
Çox zəndlə
baxdığımı görüb birtəhər oldu. “Adiləm də, Adil müəllim… Hə, çox qocalmışam… Səysən
beşdir e!.. Əh…”
Dik
qalxdım yerimdən. Qucaqladım onu və üzr istədim. (Bir vaxtlar gördüyüm o boy-buxunlu adam, indi balaca uşaq kimi qucağıma sığdı.)
Dedi, tədbir qurtarandan sonar qonağımsan. Və əlavə etdi ki, bizə bir il qabaq
ev veriblər bu qaçqın şəhərciyində, allah kölgələrini qalın eləsin…
***
(Çox
sular axıb o illərdən, çox sular duralıb. Yox, duralmayıb, hələ daha çox
bulanıb. Bizim qəhrəmanların ana yurdu, doğulduğu rayonu, kəndi ermənilər tərəfindən işğal
edilib. Həmin gün bir əhvalat olmuşdu, gərək onu burda danışım sizə.
1993-cü
ilin payızı idi. Bizə xəbər göndərmişdilər ki, nə qədər vəziyyət gərginləşməyib,
Arazdan adlayıb İran tərəfə keçmək, oradan da İmişliyə ketmək lazımdır – artıq
Füzuli və Cəbrayıl işğal edildiyindən, Qaradiz yolu bağlı idi. Buna görə mən rayon mərkəzinə getmişdim ki, məsələni
dəqiqləşdirim. Yəni, axı Arazın suyu çox gur idi. Oradan elə-belə keçmək
olmazdı. Həm də ev-eşikdən yüngülvari yatacaq-duracaq götürməyə maşın-filan
lazım olacaqdı və sair və ilaxır.
Geri
qayıdanda dedilər ki, qonşunun doqquz yaşlı oğlu Mürsəl yoxa çıxıb. Vəziyyət isə
getdikcə ağırlaşırdı: erməni ordusu hər an rayonu işğal edə bilərdi. Ora-bura,
nəhayət, xəbər gəldi ki, uşaq gedib Qaladaşındakı qartal yuvasına qalxmağa cəhd
edib, amma dağın ortasında ilişib qalıb: nə qabağa gedə bilir, nə də geri
qayıda bilmir.
Mən
dağın dibinə gələndə artıq bura xeyli adam yığılmışdı. Biri də dağa qalxmır, bəzisi
uşağın üstünə bağırır, bəzisi məsləhət verir, hətta kimsə ağlayırdı. Mən məcbur
olub daş addamaclardan* keçib dağa tərəf çıxdım. Ayaqqabımı və pencəyimi
çıxardıb yuxarı qalxmağa başladım. Oğlan məni görüb ağlamağa başladı. Anladım
ki, uşağı ürəkləndirməsəm, oradan yıxıla bilər. Ona görə qalxdıqca ucadan
danışmağa başladım:
-Mürsəl, bilirəm ki, sən qorxmaz oğlansan. Ona görə də
sən ordan yıxılmazsan. Hətta onu da bilirəm ki, sən ora niyə çıxmısan... Möhkəm
dayan... Mən artıq sənin yanına çatmağa azalmışam... Ora çatanda sən ayağını mənim
əlimin birinin içinə qoyacaqsan... Sonra yavaş-yavaş birlikdə oradan enəcəyik...
Yolda Mürsəlin ağlaya-ağlaya dediyi
söz məni ilan kimi çaldı:
-Müəllim,
mən istəyirdim ki, Qaladaşındakı qalaçaya çıxam, sonra kəndimizin bütün
adamlarını da ora yığam ki, ermənilər gələndə bizi tapa bilməsinlər... Axı
deyirdilər, ordan o taya yol var... Bir də deyirdilər ki, siz mən yaşda olanda
ora çıxmısınız? O yol var?
Uşaq
hönkür-hönkür ağladı. Mən bütün yolların bağlandığını, təkcə Araza toxumalı
olduğumuzu bu körpə fidana necə deyəydim?Onun qəlbini necə qıraydım? Axı onlar
müəllimlərini hamıdan güclü sanırlar... Amma indi mənim də gücüm qalmamışdı.
Uşağa qoşulub ağlamamaq üçün ayaq götürüb irəli keçdim. Köhnə dəyirman yerinə
çatanda çiyinlərim sözümə baxmırdı.
Biz həmin
gün doğma kəndimizi tərk edib Araza toxuduq.
İran maşınlarına minib Arazın o tayı ilə İmişliyə gəldik. Ordan da
Bakıya çatıb məcburi köçkün olduq... O vaxtdan 20 il keçib...)
----------------------------------------------------------------------------------------------------------------------------------------
*Addamac – iri daşlar addıma bir çaya
atılır, adamlar onların üstünə ayaq qoyaraq tullana-tullana çayı adlayırlar.
“Addamaq” sözündəndir.
***
-Bu dəftəri saa verirəm… Amanatdı… De görüm sən
bilirsənmi ki, mən şərqşünaslıq fakültəsini bitirmişəm? Atan nujeli demiyib?
Allah rəhmət eləsin. O mənim can sirdaşım idi. Hər sirrimi bilirdi. Onnan heç nə
saxlamazdım. Elə o vaxt bu dəftəri saa verəcəkdim, atan qoymadı. Yalvardı ki,
cavandı, beyni qandı, yazar, pozar, xatıya düşərik: sən də, mən də… Ona görə
saxladım bu sirri illər ərzində…
(Ürəyimin
döyüntüsü artmağa başladı. Əvvala, atamın məndən gizlədiyi bir sirrin üstü
açılmışdı, ikincizi, mənə Əfqanıstanda vuruşmuş sirli bir döyüşçünün qələmə aldığı həqiqətləri neçə illər sonra
oxumaq qismət olacaqdı!..)
-Oğlunuzun dəftəridir? – Sövq-təbii dillənirəm. O da heç təəccüblənmədən
“hə” deyir və qat kəsmiş qara məxmərə bükdüyü dəftəri çıxardıb qoyur ortaya. Məxməri
də dörd qatlayıb qadın kimi sığallayır. (Elə bir andaca yadıma düşür ki, Adil
müəllimin arvadı Mülayim xanımın eynən bu parçadan donu vardı. O paltar bu
poylu-poslu qadına çox yaraşırdı. Onun ağ maya
əndamı bu geyimin içində bir ağac kimi çiçəkləyirdi. Bu qara məxmər hüznlü xanımın kədərini bir az da artırırdı. Amma
vallah, kədər də yaraşırdı ona. Adil müəllimlə yan-yana maarifyanı şura
iclaslarına gələndə - o, bağça müdiri
idi və məktəb direktorları ilə yanaşı bağça rəhbərləri də o iclaslara
qatılırdılar – hamı dörd gözlə bu xanım-xatın qadına baxardı. O, iclaslara gələndə
iclaslara rəng qatırdı, kişilər özlərini yığışdırar, bir qədər cavanlaşırdılar
elə bil.) İllərin üstünə öz ağırlığını qoymuş dəftərə elə baxır ki, elə bil
minaya baxır. Protezinin arasından çənəsinə sızan ağız suyunu əlinin dalıyla
silib astaca bir “uf!” eləyir və deyir:
-“Hə”
dedim, şülğüzümmə* oldum, əslində “yox” deməliydim. Yəni həm hə, həm yox…
Çaşıb
qalmışdım. Necə yəni həm hə, həm yox? Kişinin ağlı oynamasın ki? Amma elə məntiqlə
danışır ki…
-Dedim axı, mən şərqşünaslığı bitirmişəm… Farsı öz dilimiz kimi bilirəm,
ərəbi də ala-babat… Bu əllərim qurusun… - Onsuz da quruyub qaxaca dönmüş, göy
damarları torpaq yemiş soxulcan kimi üzə çıxmış əllərini mənə göstərirmiş kimi
qabağa uzadır. – Bu əllərimlə Əzimə ərəb əlifbasını öyrətdim, sonra da fars
dilini… Lazım korazehin idi, götürə bilmədi, amma o sonu qara gəlmiş, gəldi də
elə, toyuq dəni əvdirən* kimi əvdirdi fars dilini, əski əlifbanı… Elə medinstitutu
bitirən kimi basdılar ora… bilirsən niyə? Anketində xarici dil qrafasında “fars
dili” yazıbmış… Namərd oğlu, ingilis yaz də! Axı sən ingilisi də əla bilirsən!...
– Qoca oğluyla üzbəüz danışırmış kimi bir anlığa məni unudur, “ona” müraciət edir. – Sənin nə işin vardı o xaraba
dağlarda?!. Gör neçə il keçib, hələ də oralarda dava səngiməyib…
Nəhayət,
məni “görür.” Əlini qaldırıb salır, canı
çıxırmış kimi“eh” deyib əlləri əsə-əsə siqaret yandırır. Sonra gəlinini
haraylayır:
-Ay
uşax, nolduuz?!
Çox
qısıqıvraq geyinmiş gənc bir xanım biz olan otağa girir. Stola nimçələr, stəkanlar
düzüb gedir. Mən məsələni başa düşüb qalxmaq istəyirəm. Amma kişi bir əlini məxmər üzlükdən araladığı, üstünə solğun hərflərlə,
latın qrafikalı Azərbaycan əlifbasıyla ÜMUMİ DƏFTƏR yazılmış əmanətin üstünə qoyur, o birisi ilə
mənim əlimdən bərk-bərk tutur. Sonra əlimi buraxıb iki barmağını boğazına aparıb az qala yalvarır:
-Bu
çarığın olsun, sözümü sındırma. Yaxşıca əriştə var, dalısıncan da xitəb*
bişiriblər –
həm qarınnan, həm pencərnən… Qubadan da yaxşı tut
arağı gətirtmişəm, nəvəmin xanımı oralıdı axı, onnan da bala-bala vurarıq əmi-bala…
Mən də saa görə bir yüz içərəm…
Daha çevirməyin yeri yoxdur. Bir də ki, mən bu
sirrin təkcə dəftərdən ibarət olmadığını
anlayıram. Kişinin mənə deyəcəkləri var yəqin… Və bir də “həm hə, həm
yox” dedi axı…
Əriştənin
arasında bir qədəh tut arağı vururuq, ikimizi də tər aparır. Kişi usta adammış,
stolda kiçik dəsmalcıqlar var və tərimizi onunla silib girişirik qutaba…
-----------------------------------------------------------------------------------------------------------
*Zamin durmaq, cavabdeh olmaq mənasında; ərəbcədən
keçmiş şuğli-zimmə(cavabdehlik) sözündəndir. Burada bir qədər fərqli mənada –
günahkar olmaq anlamındadır.
*Tək-tək toplamaq mənasında, yerli dialektdə
işlənən feildir.
*Qutabın qərb dialektindəki deyiliş forması
…-Moskvada bir polkovnik söhbət elədi mənnən.
Bu qaraşın adam mənə ilk anda doğma gəlsə də, bir qədər sonra gözümün odunu elə
aldı ki, əlim-ayağım yerdən üzüldü. Qabağıma saqqalı qurşağına tökülmüş bir
oğlanın şəkillərini qoydub zəhmli səslə:
-Znaeş?! – dedi. – Mən də diqqətlə baxanda
başımdan tüstü qalxdı – Əzim idi! Saqqallı, başında basmaçı papağı, əynində
bizim qadınların donuna oxşar əfqan geyimi… Öldüm e, ay oğul, öldüm… Ha istədim
soruşam ki, bəs sink tabutdakı kim idi, səsim çıxmadı. Əvəzində polkovnik
barmağını hirslə basdı Əzimin şəklinin üstünə:
-On
duşman! On basmaçı! On modjaxed! Ni prosto modjaxed, geroy Avqanistana! Panimayeş?!
O birdən qalstukumdan tutub özünə tərəf çəkdi və məni
heyrətə salacaq bir səslə, təmiz Azərbaycanca bağırdı:
-O
bizim xalqımızın adını batırdı! O mənim reputasiyamı korladı! O bizə arxadan zərbə
vurdu! – Qəfil dayandı. Üzü əyildi. Gözləri doldu. Kövrək səslə davam elədi. - Başa düşürsünüz?!
Onu kəşfiyyata mən hazırlamışdım… Burda o murdar xalqın dilini yalnız sizin bu
dönük oğlunuz, bir də mən bilirdim. Əfqan dili ilə fars dili çox yaxındır, bu
bir. İkincisi də, orada bizdən olan, eynən bizim kimi danışan xalq var:
hazaralar. Azik onlarla da kantakta girə bilirdi… Oğlunuzu mən özüm hazırlamışdım kəşfiyyatçı kimi. Bir
üstünlüyü də vardı ki, həkim idi… Onunla kəşfiyyata gedənlərin yaralananına ilk
tibbi yardım göstərə bilirdi. O əla kəşfiyyatçı idi. Tayı-bərabəri yox idi…
Axırda da belə oldu… Vidiş? On nastayaşşiy boyavik!
-Siz
Azik dediniz? – Axırı ki, səsim çıxdı.
-Hə,
bu onun kliçkasıydı.
-Bəs
o indi hardadır?
-Sizi
ona görə çağırmışıq. Ona da artıq məlumat çatıb ki, sabah siz Əfqanıstanda
olacaqsınız. Sizi onunla görüşdürəcəyəm… Amma ehtiyatlı olun. Oğlunuz da olsa,
çox əclaf uşaqdır… O tərəfə keçənnən sonar iki dəfə görüşmüşəm onunla. Hər dəfə
elə söhbət aparıb ki, mən də az qala ona qoşulacaqdım. Bilmirəm, deyir orda
bizim dildə danışanlar var… Deyir, bir zaman bu yerlər bizim olub. Nadir şah
almışmış buraları… Amma həqiqətən, orada bizimlə az qala eyni dildə danışanlar
var… Özlərini xazarlar adlandıran o tayfalar da əldə silah bizə qarşı
vuruşurlar… Əzim, bax onların içərisindədir… Onu ora çəkib aparan nə idi? Bir
onu bilsəydim…
-Bu
xitəblərdən ye, səni mənim canım! Arasını aç, bu kərə yağdan da qoy arasına…
Belə daha dalı olur… Harda qalmışdım? Hə-hə…
…Səhəri
gün biz təyyarə ilə Əfqanıstana uşduq. Elə ayağımı ilk dəfə yerə basan andan
vurdu bu torpaq məni… İnanmayassınız - yer, göy, göydən asılmış kimi görünən dağlar məni özünə çəkdi. İçim-çölüm süslənmişdi sanki. Nə
hikmət vardı, bilmirəm, torpaq çəkirb aparırdı məni. Elə bil bir dəfə olmuşdum
burda. Bilmirəm, bəlkə şərqşünas kmi Şərq tarixini, ədəbiyyatını mükəmməl bildiyimdən idi, ya haçansa ulu
babalarımın Bayram xan Baharlıyla, yaxud Nadir şahla birgə bu çöllərdə at səyirtdiyindən,
qan tökdüyündən idi, ya nəydi, bilmirəm, bu xarabanın torpağı çəkdi məni də.
Axı biz də baharlı tayfalarındanıq. Bu torpaq üstdə baharlılar o qədər at
çapmış ki…
Polkovnik (mən onun adını soruşmadım, heç o da demədi) mənim halımın dəyişdiyini anlamışdı sanki.
Əlini gözünə günlük eləyib göz vurdu mənə:
-Qoca,
bax ha, oğlun elə natsionalistdir ki, adamı öz yolundan sapdırır… Biz səni onun
yanına atanda tək olacaqsan… birdən səni də döndərər…
O
güldü. Amma mənim içimdən qara qanlar axırdı. Mən necə bir oğul böyütdüyümün fərqindəydim.
Ona mərd, əyilməz, qorxmaz olmağı, idmanla məşqul olmağı, həkim kimi hamıya
eyni gözlə baxmağı və nəhayət, böyük SSRİ ölkəmizlə bərabər, öz millətimizi
sevməyi də mən aşılamışdım… Və mən axmaq ona izah eləmişdim ki, biz türkük. Dünyanın
ən qədim, ən böyük xalqlarından biriyik. Ona Cənubi Azərbaycan, Türkiyə, digər
türkdilli xalqlar barədə də danışmışdım… Ona Nizaminin “Xəmsə”sini, Firdövsinin
“Şahnamə”sini orjinaldan oxumağı öyrətmişdim. Onu, əslində o polkovnik deyil, mən
yetişdirmişdim – özümə, ölkəmə, SSRİ-yə
qarşı…
Üç
gün əfqanlarla əlaqə qurmaq mümkün olmadı. Daha doğrusu, Əzimlə. Əlacı kəsilən
polkovnik mənim çıxışımı diktafona yazdı. Cəmi beş, ya altı cümləydi. Təxminən
belə cümlələr vardı orda: Ay oğul, Əzim, mənəm, atan Adil. Xahiş edirəm, gəl
görüşək. Ananın Mülayimin də sənə sözü
var. Mən indi Əfqanıstandayam, Pəncşirin iyirmi kilometrliyində. Sənin dostun,
komandirin polkovnikin yanındayam. Gəl görüşək.
Heç
bu çıxışın yazılmasından 3-4 saat keçməmiş xəbər gəldi ki, Əzim görüşə razıdır.
Mən
polkovniklə bərabər PDM-ə mindim. Arxamızcan da üstü çadırlı, əskərlə dolu
başqa bir maşın irəliləyirdi. Gəlib bir dağın ətəyinə çıxdıq. Maşınlar dayandı.
Onların içərisindəki əskərlər (təxminən 15-ə yaxın olardılar) üç dəstəyə ayrılıb
dağa doğru irəlilədilər. Mən də bu dəstələrdən birinin arasındaydım.
Dağın
yuxarısında bir təbii mağara vardı. Ora 3-4 kilometr qalanda əskərlər qayaların arasında özlərinə səngər
tutub gizləndilər. Polkovnik mağaranı mənə göstərib dedi:
-Burdan
sonra qadağan zonasıdır. Biz daha qabağa gedə bilmərik. Siz ayaqla getməli
olacaqsınız. Mağaranın ağzına çatanda gəlib
sizi aparacaqlar… Onlar puştuca - əfqanlar bu dildə danışırlar - danışırlar,
farscaya çox yaxın bir dildə… Yəni bir-birinizi başa düşəcəksiniz. Elə bizim
dilə yaxın bir dildə də danışanları var – hazarca. Qorxmayın. Oğlunuz onların ən
sevimli adamıdır. Sizə toxunmayacaqlar.
-Qorxurdunuzmu?
– Mən soruşuram. Kişi acı-acı gülümsünür. Qədəhlərimizə araq süzür və “sənin
sağlığına” deyib yaşına yaraşmayan qıvraqlıqla başına çəkir.
-Bəs
qorxmazmıydım? Qışdarım əsirdi. Bir xuduru* gülləni soyutmağım bir yana,
bu yad torpaqda meyidim arada qalacaqdı…
Oğlumu da görmək qismət olmayacaqdı… - Kişi əli ilə qutaba işarə edir. - Bu
qarın xitəbindən yeyin, siz allah… Çox ləzzətlidir… Elə göydən də yeyə bilərsiniz…
Hə, təxminən 300-400 metr qalxmışdım ki, farscanın bir az kobud formasında
qışqırdılar:
-İst!
Destoha bala!*
Əllərimi
qaldırdım. Bir nəfər saqqallı gəlib məni silahının burnunda mağaraya apardı.
Burda gözlərimi bağladılar. Təxminən bir
kilometrəcən yol getdik. Kimsə qoluma girsə də, tez-tez ayağım daşlara
ilişirdi, yıxılırdım. Amma qoluma girən adam məni buraxmırdı. Sonra maşın səsi
eşidildi. Anladım ki, mağaradan çıxmışıq. Məni maşına əyləşdirdilər. Yarım
saatacan yol getdik. Nəhayət gözlərimi açdılar.
Bayaqkı dağın aralıdan silueti görünürdü. Bura qəribə bir kənd idi.
Alçaq, palçıqdan tikilmiş yastı-yapalaq daxmalar. 20-30 daxmanın arasından tək-tük
insan gözə dəyir. Arada bir uşaq səsləri də eşidilirdi. Deyəsən, cəbhə xəttinə
yaxın olduğundan adamlar kəndi tərk eləmişdi. Bir az aralıda iyirmiyə yaxın
mücahid səf vuraraq dayanmışdı.
Diqqətlə
baxsam da, onların içində Əzimi seçə bilmədim. Bu vaxt bir ford maşın bizə
yaxınlaşdı. Maşından iki adam düşdü. Qabaqda gələn saqqallını görən kimi əfqanlar
hamısı smirna durdular. (Əslində yerişindən tanımışdım: boynunu irəli vermiş,
çiyinlərini tarazlayaraq düz qabağa baxa-baxa gəlirdi – eynən uşaqlıqdakı
kimi.) Bu, Əzim idi. İndi desəm ki,
oğlumu görəndə sevinmədim, yalan olar. Hətta gizli bir qürur da duydum. Amma
tez də o qürur suya döndü. Çünki oğlum mənim ölkəmə, SSRİ-yə qarşı vuruşurdu,
satqın çıxmışdı, hətta bunların qəhramanı olmuşdu!.. Gör qabağında necə sluşu
dayanırlar!?
Nəysə,
onu qucaqlayıb bağrıma basdım. O da məni yüngülcə özünə sıxdı, saçımdan öpdü.
Elə bildim kövrələcək, amma yox, elə daş kimi idi. Azca üzünün səyridiyini,
almacıq sümüyünün üstündəki damarın atdığını sezdim.
Bizi
yaxındakı evlərdən birinə apardılar. Əfqanlar hərəsi bir tərəfə dağılışıb keşik
çəkməyə başladılar. Oğlumla təkbətək qaldım.
----------------------------------------------------------------------------------------------------------------
*Xuduru – havayı mənasında. Görünür, qədim
türk sözüdür, ədəbi dildə işləkliyini itirib. Qərb dialektində məhdud şəkildə
işlənməkdədir. Ola bilsin, “xırda” sözü ilə yerdəyişmə nıəticəsində yaranıb.
*Puştuca “Dayan! Əllər yuxarı” anlamına gəlir.
Məni danışmağa qoymadı. Təkcə anasını soruşdu.
Bir də dedi ki, bilirəm niyə gəlmisən. Daha doğrusu, səni bura gətiriblər. Amma
nahaq. Məni nə əsir götürüblər, nə məcbur ediblər. Mən SSRİ-nin ədalətsiz bir
quruluş olduğunu, bizim özümüzün də torpağımızı işğal etdiyini, müstəmləkəyə
çevrildiyimizi bilərək, əfqan xalqının qəhrəmanlığına heyran olaraq bu addımı
atmışam. Mən son nəfəsiməcən onlarla vuruşacağam. Sən isə, ata, get onlara de
ki, mənə göstərilən adam Əzim deyildi. Əzimi mən görmədim.
Və mənə
danışmağa imkan verməyərək gəldiyi kimi də çıxıb getdi…
Sonra
nə fikirləşdisə qayıdıb dedi:
-Bu
gecə burda qalacaqsan. Həm yemək yeyərsən, həm də dincələrsən. Gecə mən də gəlməyə
çalışacam…
…-Götür
birini də vuraq, bu araq can dərmanıdır… Öpürəm, sənin sağlığına…
Arağın dərəcəsi çox yuxarı idi – 60 dərəcə olardı. Ona görə nəfəsimi
güclə udub dedim:
-Gəldi?
-Hə gəldi,
- dedi qoca. – Gəldi, özüylə də bir dəstə adam gətirdi. Kinayə ilə dedim ki, bu
nədi, mənim üstümə qoşunla gəlmisən?
O da
eyni kinayə ilə cavab verdi ki, sənin ölkən, hansı ki, sən o ölkənin
fanatlarınnan birisən, neçə illərdir ki, məni aradan götürmək üçün dəridən-qabıqdan
çıxır… Amma başa düşmür ki, məni əfqanların allahı qoruyur… Onlar doğma atamı
da mənə qarşı işlədə bilərlər… İncimə, bu belədir…
…Hə, mən
geri qayıdanda polkovnik üstümə silah çəkdi. Dedi ki, səni güllələyəcəyəm, qalıb burada qurd-quşa yem
olacaqsan. Amma onun gözlərinə baxanda gördüm ki, yalan danışır. O əvvala,
Əzimdən qorxurdu, ikincisi də məni nə deyib öldürəcəkdi?
Polkovnik
əsib-coşannan sonra başını buladı və dedi ki, məndə bir şey var, onu sənə vermək
istəyirəm. Nə bilim, gələcəkdə lazım olar. Amma gərək aparıb gizlədəsən, ələ
keçməsin…
Sonra
da bu dəftəri verdi. Əlavə etdi ki, biz bir dəfə onların mövqelərini
bombalayandan sonra pexota ora girmişdi.
Uçuqların altında qalan şey-şüyün arasından tapmışdılar bu dəftəri. Oğlunun
gündəliyi imiş. O vaxtdan məndədir…
Budur,
oğlum, həmin dəftərin vaxtı gəlib. Əzim deyən zaman yetişib. Bəlkə yüz dəfə
oxuduğum o dəftəri sənə etibar edirəm. Çox deyil, cəmi 15 səhifədir əl
yazmasıynan. Bəzi yerlərdə əski əlifbayla yazıb. Aydın olsun deyə, mən
qabağında bizim indiki əlifbayla həmin sözü təkrar yazmışam… Sənnən bir xahişim
var, qardaşoğlu, dəftəri istifadə edənnən sonra
özümə qaytararsan…
Mənim
nigarançılıqla ona baxdığımı görüb duruxdu və birdən “ay-hay!” deyib gülümsəməyə
çalışdı:
-Mən
o dəftəri qadağan zonasından çıxartsam da, uzun müddət ona yaxın düşə
bilmirdim. Amma sonralar özümdə güc tapıb onu oxudum. Özü də bir dəfə yox, gecələr
səhərəcən o dəftəri bəlkə yüz dəfə oxudum…Yadındadı sən bizə gəlmişdin o vaxt?
Bax onda mən o dəftərin şonundaydım. Hər gün o dəftərdəkiləri yadıma salır,
havalanırdım.
-Bəs
o “həm hə, həm yox” nə demək idi?
Kişi
elə bil diksindi. Yerə baxıb ağzını sürüdü:
-Axı
bunu mənə polkovnik vermişdi… Xətt oğlumun da olsa… Nə bilim axı…
Mən
qocanı xatircəm edib, onunla xudafizləşdim. Yol boyu bu qocanın qəribə
davranışı, dilinin bir söz, ürəyinin ayrı söz pıçıldamasının vurub üzünə
çıxması – o danışanda bircə dəfə də gözünün içinə baxa bilmədim, daim gözlərini
məndən yayındırırdı – deyirdi ki, sirr
dolu insan mənə atış gəldi, ürəyindəkilərin heç yüzdə birini açmadı. Tək təskinliyim məxmər parçaya
bükülmüş dəftər idi.
ÜMUMİ DƏFTƏR
Dəftər
gündəlik formasında yazılmışdı. Bəzi yerlərdə tarixi yazmaq sadəcə unudulmuşdu.
Elə bil hekayə oxuyurdum. Mən əl xəttiylə yazılmış (sizə xətt deyirəm, elə bil
muncuq kimi sapa düzülmüşdü) 14 səhifə yarımlıq həmin yazını nöqtəsinə,
vergülünə toxunmadan bura köçürürəm.
14
aprel 1982-ci il. Altı aydır Əfqanıstanın Pəncşir vadisindəyəm. Bəxt üzümə
güldü. Əfqanlar hücum edib dəstəmizin hamısını qırdılar. Onların bəzilərinin əfqanca
(mötərizədə ərəb əlifbasıyla puştuca yazılmışdı – müəllif), bəzilərinin isə
bizim dilə yaxın bir dildə danışdıqlarını eşitdim. Çiynimdən yaralansam da özümü toplayıb gizləndiyim yerdən çıxdım, farsca təslim
olduğumu, onlara qoşulmaq istədiyimi bildirdim. Yaramı sarısalar da, düz iki həftə
məni dustaq kimi saxladılar. Nəhayət, başçıları məni sorğu-sual etdi. Biləndə
ki, türkəm, yerindən qalxıb “xoş ğəldin, ğardeş” dedi. Bir ay sınaq müddətindən
sonar mənə inanıb silah verdilər. İki dəfə əməliyyata getmişəm. Axı mən o yerləri
əlimin içi kimi tanıyıram.
20
aprel. Yazmağa vaxtım olmayıb. Pəncşirdən yuxarıda Çopan vadisində əsasən
hazaraların yaşadığı ərazilərdir. Burada əsas söz sahibi Kalan, Çopan və Zingə
türk tayfalarıdır. Mənim döyüşdüyüm batalyonun hamısı hazaralardır. Əslində
bunlar hazara yox, hazarlardır, yəni xəzərlər. Dilləri bizim dilə çox yaxındır.
Çopanların başçısının adı Mahmuddur. O həm də burada döyüşən dəstələrin
başçısıdır. Mən dedim ki, bizdə də bu
söz var - ÇOPAN. Amma biz ÇOBAN deyirik. Çoban, yəni mal otaran adam. Əmir
Mahmud bunu eşidib gülür və deyir ki, biz də mal otarana çupan deyərik. (Əzim
burada çupan, çopan və çoban sözlərini əski əlifbayla da yazıb – müəllifin
qeydi)
25
aprel. Əmirin bir qızı var, adı Səidədir. Əfqanıstanın digər xalqlarından fərqli
olaraq hazaraların qadınları çox da yaşmanmırlar. Ona görə mən Səidəni üzüaçıq
görə bilmişəm. Qız ayrı cür gözəldir. Dünən
onunla axır ki, danışa bildim. Deyəsən, mən də onun xoşuna gəlmişəm.
Amma o atasından və qardaşlarından qorxur. Elə mən də qorxuram. Burda
sevgi-filan qanmırlar. Adamın sağ tikəsini qulağı boyda edərlər. Amma Əmirin mənə
münasibəti yaxşıdır. Axı mən burada onların sağ əliyəm. Əfqanların bir çoxu
yazı-pozu bilmirlər. Savadsızlıqları bir yana, döyüşə də kor-korana gedirlər. Mən
onların döyüş taktikasını dəyişmişəm. Ruslardan öyrəndiyim hücum və müdafiə
haqqında onlarla sistemli söhbət aparıram. Ona görə döyüşdə az itki verirlər.
Buranın havası dünyada ən saf havadır. Gecələr ulduzlar elə iri-iri olur
ki, parıltısı göz oxşayır. Çox maraqlanırdım ki, niyə buranın havası belə gözəldir.
Əmirin bir bacısı oğlu var, adı Əlidir. O,
Londonda ali təhsil alıb. Mənə
dedi ki, burada havanın belə saf, belə gözəl olmasına dair bir sıra əfsanələr
var. Amma onların içində ən realı budur ki, axşama doğru, namaz vaxtı göyün
yeddi qatında bizim gözlə görmədiyimiz kiçicik quşlar uçuşur ki, onlar havadakı
zəhərli qazları udur, havanı təmizləyirlər.
Hazaraların məşhur
bir şairi var, Qulam Səhi Yurddaş adında. Onun misralarıdır bura köçürdüyüm. Görün
bizim dilə necə yaxındır:
Eger menden ilimni sorsangiz ming dasitanim bar
Delim her burcegide
yüz tümen razi nehanim bar.
Yəqin
anladınız? Deyir, əgər məndən elimi soruşsanız, min dastanım var, yurdumun hər
guşəsində yüz minlərcə sirrim var.
Bir
azdan kəşfiyyata gedirik. Polkovnik Nəzərovun yetirmələri ilə qarşılaşırıq hərdən.
Mən onların taktikalarını bilirəm axı, ona görə iki dəstələrini məhv etmişik.
1
May. Bu gün 1Maydır. Bu tarixi mən həmişə sevinclə xatırlamışam. Biz uşaq
olanda kəndimizin cavanları bir yerə yığışıb oyun çıxardar, çalıb-oynayardılar.
Biz uşaqlar da təzə paltarlarımızı geyinib onların dalına düşər, şənlənərdik.
Bu
gün yenə mənə sevinc gətirdi - Səidəylə görüşdüm. Burda bir qədimi qala var,
adına Kızkan deyirlər. Yanından gözəl bir bulaq çıxır. O bulağın yanında gördüm
onu. Qorumaları da başındaydı. Su alıb içdim. Bizim tərəkəmə qızlarına oxşayır.
Özü də ibtidai təhsil alıb. Sonra da evdə dərs. Yəni, oxumuş qızdır. Ya bu
qızın üstündə məni güllələyəcəklər, ya da…
Qıza deyirəm
ki, bizdə də bir qala vardı, adına Qız qalası deyirdilər. Səidə gülümsünür.
Dişimi dişimə sıxıb Əliyə açdım dərdimi.
O da Əmirə deyəcəyini söylədi. İndi elə bil ayağım yerdən üzülüb, havadayam.
20 iyun. Döyüşdə Əmirin oğlu Muxtar
yaralandı. Yarası ağır olsa da, mən həkim kimi onu elə sarıdım ki, qanaxması
dayandı. Sonra isə medpunktacan əlimizdə gətirdik. Çantamı gətirdib onu ilk əməliyyat
etdim. Yarasındakı qurşunları çıxartdım. Ölüm təhlükəsini adladandan sonar mərkəzə
göndərdilər. Bu barədə Əmirə deyiblər. Məni bağrına basdı və öz oğlu kimi öpdü.
Sonra isə mənə döyüş əməliyyatlarına getməyi qadağan etdi. Sadəcə, döyüş
taktikasını qurmaqda onlara yardım edəcəm, bir də döyüşçülərin arxasında
dayanaraq yaralılara ilk yardım göstərəcəm.
Bu gün Səidə də qaldığım otağa gəlib
qardaşına göstərdiyim tibbi yardıma görə təşəkkür etdi. Qızın çənəsinin sağında
xalı varmış. Sonra aramızda belə söhbət oldu:
-Səidə xanım, Hafizin məşhur bir
beyti var. O beyt belədir:
Əgər on torke Şirazi bedəst arəd dele
mara,
Bexale hinduyəş
bəxşəm Səmərqəndu Buxarara…
Mənası belədir ki, əgər o Şiraz gözəli
mənim qəlbimi ələ gətirsə, onun qara xalına Səmərqənd ilə Buxaranı bağışlaram.
Qız gülümsündü. Mən sonra bu beytlə
bağlı Əmir Teymurla Hafizin arasında olmuş əhvalatı xatırlatdım. Dedim ki, Əmir
Teymur həmin beytə görə Hafizi yanına çağırmış və cəzalandırmaq istəmişdir.
Şairlə hökmdarın arasında belə bir
dialoq olmuşdur:
-Sən hansı cəsarətlə mənim ən gözəl
şəhərlərimi bir gözəlin qara xalına “bağışlamaq istəyirsən”?
- Şahim, mən elə deməmişəm. Eşidənlər
yanlış anlayıb.
-Bəs necə demisən?
-Mən demişəm ki,
Əgər on
torke Şirazi bədəst arəd dele mara,
Bexale
hinduyəş bəxşəm se mən qəndy, do xurmara.
Yəni, əgər o
Şiraz gözəli mənim qəlbimi ələ gətirsə, onun qara xalına üç batman qənd ilə iki
xurma bağışlaram.
Teymur şairin hazırcavablığını bəyənir
və onu bağışlayır.
İkimiz də gülüşürük. Sonra mən bədahətən
Hafizin beytini türkcəmizdə belə dəyişirəm:
Əgər bir Pəncşir gözəli məni tay
tutsa həzərə,
Onun qara xalın mehman edərəm Xəzərə!
İzah edirəm ki, Xəzər bizim xalqın –
Azərbaycan türklərinin müqəddəs dənizidir. Bundan sonar o beytin mənasını özü
anlayır və ürəkdən gülür. Hətta qəfil əl atıb saçlarımı qarışdırır. Mən də
özümü ələ ala bilmirəm, onun əllərindən öpürəm. Ala gözlərini dolandırıb mənə
baxır və gedir. Seviuncimdən uçmaq istəyirəm…
***
Dəftəri burda saxlayıram. Maraqlı olmağına çox
maraqlıdır, amma nədənsə, bu yazılanlar mənə qəribə gəlir. Sanki gündəliyə
müdaxilə hiss edirəm. Heç döyüş vaxtı yazılanlara oxşamır. Bundan başqa, atamın
bir-iki dəfə ağzından qaçırdığı bir ad yadıma düşüb. O deyərdi ki, biz üç dost
idik: Adil, Zeydulla və mən. Hər maaş alanda rayondakı Dağüstü parka qalxar,
oradakı kababxanada yeyib-içərdik. Sonra
Zeydulla Bakıya getdi və biz ikimiz
qaldıq.
Onu da bilirdim ki, atam, Adil müəllim
və Zeydulla Bakıda oxuyanda kirayədə bir yerdə qlıblar. Sonra təsadüf elə gətirib
ki, Zeydullanın da təyinatını bizim rayona veriblər. Dostluqlarını müəllim işləyəndə
də davam etdiriblər. Sonra Zeydulla Bakıya dönüb, əsgərliyə gedib və həyat
yolunu hərbçi kimi davam etdirib…
Zeydulla… Zeydulla. Nədənsə bu ad çəkir
məni qəfil. Sanki qulağıma kimsə pıçıldayır ki,
Zeydullanı tapmalısan.
Zeydulla atamla son vaxtlaracan əlaqə saxlayardı. Hətta yasında da
iştirak etdi. Mənə elə gəlirdi ki, bütün
bu işlərin içində mənə aydın olmayan bir dolaşıqlıq var və o dolaşıqlıqda
Zeydullanın da izi var… Ona görə onu axtarmaq qərarına gəldim. Atamın dəftər-kitabının
arasındakı dəftərçədə Zeydullanın həm cib telefonu, həm də ev və iş telefonu
vardı.
***
…-Bilirsən. oğul, allah sir açmayıb,
gəl heç biz də açmayaq. Ona görə ki… - Əlindəki bağ qayçısını səliqəylə
qatlayıb qabına qoyur, sonra sınayıcı nəzərlərlə mənə baxır. (Hə, gərək onu sizə
deyim ki, uzun illər hərbçi kimi çalışan bu yaşlı adamı öz diliylə desək, “kadrovı ofiseri, pexota
mayorunu adi bir məsələnin üstündə uvolit ediblər”. O da məcbur olub bu uzaq
Bakı kəndindəki meşəçilik və bitkiçilik
üzrə ixtisaslaşmış peşə məktəbinin nəbatat bağında bağban işləyir yaşının bu
çağında. İndi onunla bu kiçik bağda söhbətləşirik.)
-Zeydulla müəllim, mən yazıçıyam və
bu sirləri mənə açmaqla, əslində yaxşılıq edirsiniz. Bir də ki, mənim yazdığım
sənədli əsər deyil ki… Bu, bədii əsər olacaq… Əslində, nəsə uydurub yazardım,
amma mən yazının kökündə reallığın olmasını istəyirəm…
-Yaxşı. Amma söz ver ki, Adilin
oğlunun ruhuna toxunan ifadə işlətməyəcəksən yazında… Elə Adilin də. Axı onlar
ikisi də iki tərəfin əlində alət olublar. Ata ilə oğul üz-üzə gəlib orda.
Bilirsən, bu, çox dəhşətli bir məsələdir… Dayan görüm. Axı bunları sənin atan
da bilirdi?
-Atam beş ildir vəfat edib…
-Bay
hə… Allah rəhmət eləsin… Mənə bax e…
Kişi doluxsunur. Siqaret çıxardır və
elə mən də birini yandırıram.
-Adilin sənə danışdığı polkovnikin
adı İmran idi. Mənim dost-doğma qardaşım oğlu. Yəni, Adil
mənnən xahiş etmişdi ki, İmrana xəbər eliyim, axtarıb Əzimi tapsın, onu himayə
eləsin. Onlar belə tanış olublar Əfqanıstanda. Sonrası da o cür… Yəni bilirsən,
əvvəl möhkəm dost, sirdaş, axırda da düşmən olublar.
Hiss
edirəm ki, kişi danışmağa çətinlik çəkir. “Atamın goru haqqı sözümüz sözdür”
deyib and içirəım. Nəhayət, üzündən əzab yağan bu qoca hərbçinin dili açılır:
-Adil
oğlunun ölmədiyini fəhmlə bilmişdi. Yenə mənnən xahiş elədi, İmranla əlaqə
qurdum. Ona dedim ki, Adil ora gəlmək istəyir. O da dedi ki, onsuz da kişini
biz özümüz çağırtdırmağa hazırlaşırdıq. Və Adil getdi. Birinci dəfə gedib
qayıdanda fərqli bir şey öyrənə bilməmişdi deyəsən. Amma üç ay sonra onu yenə
çağırdılar və qayıdanda anladıq ki, məsələ çox ciddidir. Əzim orada elə böyük
bir fiqura çevrilmişdi ki, hətta Moskva başına yaxşıca pul qoymuşdu. Di gəl ki
mücahidlər onu möhkəm qoruyurmuşlar. Adilin üçüncü gedişi daha bizi də şübhələndirdi.
Və mən bunları İmrandan çox-çox sonralar öyrəndim: kişini məcbur edirmişlər ki,
oğlu haqqında ifşaedici materialı efirə oxusun və həmin materialı Əfqanıstan
televiziyası ilə, radiosu ilə, hətta döyüş ratsiyaları ilə yayımlayırmışlar.
Farsca edilən bu çıxışda Adil oğlunun quldur, əxlaqsız və nankor olduğu haqda
danışır, doğma oğluna böhtan atırmış.
Mən
bu qədərini gözləmirdim doğrusu. Amma fəhmim deyirdi ki, vəzifə pillələrində rəqs etməyə öyrəncəli bu
qoca, oğlu Lazımı da qabağa itələmək üçün nəyə desən gedərdi. Zatən o vəzifələrə
gedən yolların haralardan keçdiyini yaxşı bilirik. Nə yazıqlar ki, bu indi də
belədir.
Hələ
atam! “Dilini farağat qoy! Ağzına gələni yazma! Sənnən başqa bunları bilən
yoxdur?! Sən namenklatura adamısan, o qadağan olunmuş söhbətlərlə sənin nə
işin? O zonaya girənin gərək yeddi başı olsun…” kimi ifadələr işlədir, eynən
dostu Adil müəllim kimi o da məni qabağa
getmək üçün susmağa çağırırdı.
-Adil
müəllim mənə bir dəftər vermişdi ki, guya o dəftər Əzimin gündəliyidir… Bəlkə
günah eliyirəm, amma nədənsə mən buna inana bilmədim. Gündəliklərdən çox elmi
araşdırmaya oxşayır – müharibədə o cür soyuq başla yazmazlar axı. Üstəlik, dəftərin
üstündə indiki əlifbayla ÜMUMİ DƏFTƏR yazılıb. O vaxt kirillə yazılırdı axı hər
şey.
-Hə o dəftər
haqda da söhbət etmişdi İmran. Dəftər olmağına olub, amma… İmran onu Adilə
yalnız tanış olmağa veribmiş… Mənə Adil özü danışıb bunu. Dedi ki, ikinci oğlu
var, axmağın biridir… O məcbur edib ki, otur yadında qalanları təzədən yaz, kim
biləcək ki, bunu sən yazmısan, ya Əzim yazıb… Buna görə bir dəfə uçub Moskvaya
gəlmişdi. Yalvardı ki, o dəftəri ver. Bir-iki saat məndə qalsın… Mən də tək
Əzimin yox e, bütün əskərlərimin xatirəsi qalan hər şeyi saxlayıram. Elə o dəftəri
də hələ indiyəcən qoruyuram. Bəlkə gələcəkdə muzeyə-zada verdim…Üstündən az
qala 35 il keçənnən sonra kişi oturub o cümlələri yazıb oğlunun əvəzinnən…
-Axı niyə? Bunnan onlara nə xeyir gələsidir
ki?
-Düzü, mən də yaxşı anlamadım bunu.
Görünür, o axmaq oğlunun bir planı varmış…
-Bəs Əzimin sonu necə olub? Bu barədə İmran bir şey dedi?
-Hə, danışdı. Çox
kədərli olub. Yəqin bilirsən, o həmin vilayətin əmirinin qızıyla evlənmişdi. Həm
həkim kimi, həm də bir bilikli strateq hərbçi kimi əfqanlar içərisində böyük
nüfuza və hörmətə malik imiş. Atasının əfqan televiziyası ilə çıxışlarınnan
birində oğluna qara yaxması, onu hətta binamus adlandırması gəncin qüruruna
toxunub. Tapançasını çıxardaraq başına sıxıb. Bunu İmrana əfqanlardan
tutduqları “dil” söyləmişdi… Hə, bir də “dil” deyirmiş ki, Əzimin bir oğlu
qalıb. Adını da Xəzər qoyubmuş…
Son xəbər məni də yaraladı. Düzü,
belə sonluq gözləmirdim. Elə bil Əzimin özünə sıxdığı qurşun mənə də dəymişdi.
Yerimdən çətinliklə qalxdım. Zeydulla əmi əlinin işarəsi ilə əvvəldə dediklərini
bir daha yada salır – qadağa məsələsi, bəzi şeyləri ki, danışsa da yazmaq
olmaz. Olmaz, olmaz. Daha nə hacət. “Ən azından adları dəyişəcəm” - kişini arxayın salaraq sağollaşıb getdim.
Yarıyoldan dönüb soruşuram:
-Bəs İmran? Yenəmi Moskvadadır?
-Yox, Bakıdadır. Əzimin dəstəsi
İmranın dəstəsini mühasirəyə alıbmış bir dəfə. Deyir, bir aşırımda qarşılaşdıq.
Mənim patronum qurtarmışdı. Əzim silahını çəkib əvvəl sinəmi nişan aldı, nə
fikirləşdisə dizimi Verdi avtomatın ağzına və bağırdı:
-Alçaq! Sən mənim atamı o cür
alçaqlıq etməyə məcbur etdin. Səni öldürmürəm, get, sürünə-sürünə yaşa…
Elə o döyüşdən sonar Əzim özünü güllələyibmiş.
İmran sağalsa da, bir müddət sonra
ayağındakı yara yenidən qövr edib. Axırda qanqrenaya çevirib. Amputasıya edəsi
olublar… İndi Əzimin sözü olmasın sürünə-sürünə yaşayır…
***
Neçə gündür o dəftərə də yaxın düşə
bilmirəm. Elə bil üzü qara çıxmış qızdır, namusunu ləkələyiblər. Yaxud zabit şərəfinə
toxunulmuş Əzimdir – başına güllə çaxıb.
Bir
yandan da kişi demişdi ki, istifadə et, tez qaytar. Birdən yadıma nəsə düşür.
Tez qalxıb qara məxmərə bükülü dəftəri götürüb çantama atır, evdən çıxıram.
Surətçıxardan
qız dəftərin vərəqlərini bir-bir qoyub, düyməni basır və deyir:
-Nəsə qədimi əlyazmadır
deyəsən?
Mən diqqətlə dəftərə baxıb
gülümsünürəm:
-Hə.
Və saralmış bu vərəqləri Lazımın günəşin
qabaığına sərib necə saraltdığını fəhmlə düşündükcə görəcəyim iş lap da gözümdən
düşür. Bu “üzüqara qızı” tez aparıb sahibinə qaytarmaq keçir ağlımdan.
-Bu məxmərin də üzünü çıxardım? –
Qızdır, zarafat damarı tutub, mənə söz atır. İnsafən qəşəng qızdır. Amma o
halda deyiləm.
Elə qızın yanından təzə çıxmışdım
ki, əl telefonuma zəng gəldi. Tanış nömrə deyildi.
-Allo, allo, Lazım müəllimdi e, əmoğlu! Necəsən? Allah köməyin olsun…
Qadan alım, o yazını navaxt vereyissən qəzetdə? Bırda bir əfqan dostumuz var,
biznesmendi, cannara dəyən oğlandı! Deyib kin, müəllimin, yanı ki, sənin dana, əmoğlu,
şirinniyini özüm verəcəm! Hə, qadan alım, əmoğlu, o yazını tez xodda getsin!..
Bir də başaa dönüm, əmoğlu, o dəftəri böyünnəri təcili çattır maa! O əfqan
qardaşımız da isteyib e onu… amanatdı, dana, bilirsən… Bədbaxt qardaşımın əl
izləri var o dəftərdə… (Qəhərlənir – müəllif) Sağ ol, əmoğlu! Yazan əllərin
var olsun! Öpürəm!..
Elə həmin gün bu işi yoluna qoydum –
dəftəri Lazıma çatdırdım. Adil müəllimi
soruşdum, gözləri dirəkləndi, dil-dodağı təpidi:
-Sənnən içənnən sohra, bir
tutovkanın da yarısın içib xitəbnən… O yaşda olmaz axı… Odeee, uzalı qalıb…
özün-sözün bilmir ki…
-Bəlkə məni aparasan yanına? –
Lazıma az qala yalvarıram.
-Booo… Əmoğlu, sən nə danışırsan?! Reanimasiyadadı e… Qəti olmaz… Qəti, qəti…
***
Bir gün evə gələndə bizimkilərin
televizorun qabağına yığışdıqlarını gördüm.. Rayonumuzun tarix-diyarşünaslıq
muzeyinin direktoru Lazım Adiloğlu Az.Tv-də çıxış edir, işğal altında olan
rayonun mədəniyyət abidələrindən şövqlə danışırdı. Sonda o artıq sizə tanış
olan dəftəri
əlində yellədə-yellədə dedi:
- Bu əfqan xalqının milli azadlıq
mübarizəsinə öz töhfəsini vermiş Əfqanıstanın milli qəhrəmanı Əzim Ədiloğlunun
cəbhə gündəliyidir. O mənhus SSRİ-ni bax belə igid oğulların mübarizəsi
dağıtdı. Dağıtdı kin, müstəqil, üçrəngli bayrağı olan Azərbaycan yaransın…
Sonra isə səsini bəyəndiyim Roza
Tağıyeva adamı əzən mistik səsilə “Qadağan zonasından qeydlər” adlandırdıqları
gündəlikdən səhifələr oxumağa başladı.
dekabr 2015
Yorumlar
Yorum Gönder