AZAD QARADƏRƏLİ ÜÇ BARMAĞIN İŞIĞI Hekayə
AZAD QARADƏRƏLİ
ÜÇ BARMAĞIN İŞIĞI
Hekayə
Maarif fədaisi Xanməmməd müəllimin xatirəsinə
Makedoniyalı
İskəndərin əlini də tabuta qoya bilməmişdilər. Tabutdan çıxır, açılırdı əli.
Hikmət sahibləri yığışıb fikir-zikir eləyəndən sonra qərara gəldilər ki, ovcuna
bir çəngə torpaq qoysunlar... Əl ondan sonra qayıdıb tabuta girmişdi...
Bizim
qəhrəmanınkı isə ayrı məsələ idi...
Onun
nəşini yuyata aparanda sağ əlini aça bilmədik.
Yox, əslində əlini deyil, üç barmağını. Baş, işarət və orta barmağı
bir-birinə yapışmış kimi idi. Ölüyuyan qanırıb açmaq istəyəndə müəllim
yoldaşı dedi ki, xahiş edirəm, dəyməyin,
qoyun eləcə qalsın. O müəllim idi. Altmış üç ildir ki, o barmaqlar o cür
bükülüdür – qələm tuturmuş kimi... O müəllim idi... Müəllim barmaqları...
***
-Səfəriniz
hardandır, ustad?
-Ağ
qayadan. Ordan ömür külüngüylə qıxım-qıxım qopardığım bu daşları üç
barmağınızla tutacaqsınız, qara lövhədə bu ağ daşlarla yazacaqsınız,
vuracaqsınız, böləcəksiniz, toplayacaqsınız, sonda çıxacaqsınız – yerdə qalan
sizindir. Bu əməlləri lap axırda qələmlə kağızda təkrarlayacaqsınız. Yenə üç
barmaqla tutacaqsınız qələmi... Üçlük, üçbucaq həyatımızın, taleyimizin
açarıdır: elm, əxlaq və zəhmət... Son ikisini ailədə də ala bilərsiniz, fəqət,
elm Ağ qayanın işıq saçan bu daşınnan süzülüb gəlir. Həyatınız o ağ daşdan və
onu əvəz edən üç barmaqla tutduğunuz qələmnən çox asılı olacaq... O qələmi heç
buraxmayın...
-Ustad,
biz yurd-yuvamızı itirmişik... Siz heç onnan bəhs etmədiniz? Torpağı, Vətəni
olmayanın elimi kimə gərəkdir?
-Biz
torpağımızı bilirsinizmi niyə itirmişik?! Deyəcəksən ki, düşmənimizin arxası,
köməyi vardı, bizimsə adi silahlarımız da yox idi və bu cürə yüzlərlə səbəb...
Amma səbəbin ən böyüyü elmsizlik idi. SSRİ deyilən ölkə dağılmışdı, o xarabanın
üzərində bir qrup görməmiş bayram edirdi; xalq ac, övladları savadsız...
Savadsızlıq yıxdı evimizi. Torpağımız da getdi, əxlaqımız da, imanımız da...
Siz bilin və agah olun: qəhrəmanlıq üçün də elm gərəkdir. Bizim elmimizlə hünərimiz
tən gələndə düşmənə qalib gələcəyik. Torpaqlarımızdan isə arxayın olun: çox
keçməz alarıq inşallah!
***
İllər
sonra yenə görüşdüm onunla. O ağ daşla yazdığı lövhədəki yazıların, üç barmaqla
qələm tutmaq məharətinin nəticəsinin nə olduğunu bilmək istəyirdim. Qurduğu məktəbdə
yurd-yuvasından məhrum uşaqlar oxuyurdu. O uşaqların acısı acısı, şirini
şiriniydi. Bir uşağın lövhədə təbaşirlə adi kəsrə aid misalı həll etməsindən
aldığı ləzzəti heç nədən ala bilmirdi. Eləcə də bir uşağın bir imlada buraxdığı
adi səhvi nə o uşağa, nə onun müəlliminə, nə də özünə bağışlaya bilmirdi...
Nə
ev, nə var-dövlət hayında olmadı. “Vətənə bilikli, sağlam uşaqlar böyütməliyik”
deyib bu mazutlu şəhərin mazutlu sahəsində qurduğu məbədlə öyünürdü. O öz məktəbinə
bir monax kimi sadiq, bir dərviş kimi bağlı idi...
Lap
bu son zamanlar idi...
Harasa
tələsirdi elə bil...
Baxdım
ki, fiziki gücü azalsa da, o gözəgörünməz qüvvədən – ağ daşdan, bənövşəyi mürəkkəbdən
aldığı qüvvə hələ tükənmə – gözlərinin lap dərinliyində işıldayırdı, mən hələ
diriyəm deyirdi. Bir yerdən oxumuşdum bənövşəyi qanlılar bardədə. Onların əzmi,
gücü heç tükənməz ki...
-Ustad,
yenə səfərin hayanadı?
-Elə
ora... Ağ qayaya. Sizin təbaşir dediyiniz, mənimsə məhək daşı – işıq mənbəyi
hesab etdiyim o ağ daşın dalınca gedirəm... Amma... Bu dəfə dönməyə bilərəm...
Heç qorxum yoxdur. Arxamca bilirsən nə qədər adam gələcək? Bir qoşun! Tam bir
ordu!.. Ordu demişkən, gördünmü dediyim düz çıxdı? Elm və yenə də elm azad etdi
torpaqları. Əlbəttə, hünərlə birgə... Mən getməliyəm... Bu dünyadan muğayat
olun... O ağ daşdan süzülüb gələn işıqdan da...
***
Çoxdandır
kompürerlə işləməyim məni qələmdən uzaq salıb. Bir gün hiss etdim ki, burnuma qələm-kağız
düşüb. Axtarıb köhnə, toz basmış ağ vərəqlər, bir də avtoqələm tapdım. Mürəkkəbqabındakı
mürəkkəb qurusa da, üstünə bir az qaynamış su əlavə edən kimi özünə gəldi. İş
otağıma xoş bir rayihə yayıldı. Kağızın, qələmin və qələmə doldurduğum bənövüş
mürəkkəbin qoxusu idi bu. Və kağızı qabağıma çəkib bu oxuduqlarınızı yazmağa
başladım...
...Pəncərədən
süzülüb gözümə düşən ağ işıq ruhumu tərpətdi. Sanki ağ qayada kimsə külüng
çalırdı. Bir-birinə yapışmış üç barmağımı ləzzətlə sxıb yeni günü salamlamaq
üçün o işığın axıb gəldiyi yeni günü qarşılamağa getdim.
Günaydın!
15.08.2021.
Yorumlar
Yorum Gönder