AZAD QARADƏRƏLİ ZƏNGƏZUR AĞACLARI hekayə
AZAD QARADƏRƏLİ
ZƏNGƏZUR
AĞACLARI
Bakının Böyükşor gölü yaxınlığındakı saqqız ağacına sayqı ilə
Ağac ki var, bu dünyanın özüdü. Hər yox olan ağacla dünya bir az da daralır. Dardı onsuz da.
Mənim
kölgəm bir ev misalıdır. Amma sərhədsiz, divarsız ev. Burda insan da dincələr,
quş da yuva qurar, itlər də uzanıb ləhləyər, gecələr tülkü-çaqqal da dibimdə
gecələyər.
Mənim
dibimdə kitab da oxuyublar. Bir dəfə bir oğlan kölgəmdə uzanıb oxudu və birdən
kitaba baxıb-baxıb qayıtdı:”Bir çayı eyni yerdən iki dəfə keçmək olmaz.”
Bu
cümlə qaldı qulağımda. Amma bu şəkildə:”Bir ağaca bir torpaqda iki dəfə bitmək
olmaz...”
Amma
olarmış...
Hətta
üç dəfə!
Bu
nə deməkidir?
Hövsələniz
olsun, bir azdan hamısını biləcəksiniz...
Mən
dünyanən ən binəsib ağacıyam. Oduncağım sərt, meyvəm hər kəsin tamah salmadığı,
adım da ki latayır. “Nə qırsaqqız olub yapışmısan mənə?!” kəlməsi bəsdi ki,
başımdan keçənlərin məni nə hala saldığına tanıq olasınız.
Mən
dağlar ağacıyam. O uca-uca dağların gədiklərində, bir az aşağıya doğru yastanlarda bitərəm. Zəmi yerlərində qalın
kölgəmdə biçinçilər halay çəkib oturar, istinin başlarında qaladığı odu sərin
dibimdə söndürərdilər. Onların xırda-mırda uşaqları da gövdəmdən axan göz yaşı
kimi sıvıq* mayenin quruyub ağarmasını, günlər keçdikcə bərkiyib saqqıza dönməsini
həsrətlə gözləyər, sonra tutub kibrit qutularına yığar, ordan da ağızlarına
qoyub bir ləzzətlə çeynəyərdilər ki...
Tutub
dedim ha... Bunu elə-belə demədim ki. Saqqız tutmaq bir peşə kimidi, lələ. Quş
tutmaq, balıq tutmaq... kimi. Mənim saqqızımı
hər adam tuta bilməz. Ağappaq, bal qoxuyan dağ saqqızının yerin bələdləmək var,
saqqızın “ağlaması”nı gözləmək var... Hə, mən kefimin gələn vaxtı, gecənin
birində “ağlayaram”. O “göz yaşlarım” get-gedə quruyar və ağarar. Ağardıqca
saqqıza dönər...
Saqqız
tutmaq, beləcə uzun bir iş olar. Bunu bacarmayanlarsa gedib evlərin damına
tökülən o qara qırsaqqızdan bir barmaq qopardar, salar ağzına şaqqıldadar, dişləri
də qaralar, günü də...
Amma
ən qorxulusu o qara saqqız deyil.
Qorxulusu
İranın saqqız fabriklərində gecə-gündüz hansı süni maddələrdənsə bişirilən və
konfet kağızına oxşar rəngli kağızlara bükülən saqqızlardır. Bizimkilər düz
otuz ildir o saqqızları daşıyıb gətirir, burda satır, bizim uşaq-böyük də onu
ağzına salıb gövşəyir, çiynəyir, hələ şar kimi püfləyib partapart
partıldadırlar da...
...Mənim
gövdəmdən tutulan saqqızın bihişedici ətri vardı, yahu...
...Bura
Bakının Böyükşor gölünün ətrafındakı bağ-bağatdır. Vaxtilə burada bir qəsəbə
vardı və elə gölün adıynan Böyükşor adlanardı. Gün gəldi, burada bir stadion
tikdilər, qəsəbə də plana düşdü; sökhasök başlandı. Evləri buldozerlərin ağzına
vermişdilər ki, bir ağıllı adam bu evlərin həyət-bacalarındakı bağ-bağatı,
yaşıllığı, göz oxşayan bağ-başçanı görüb əmr elədi:
-Söküntünü
elə aparın ki, bağ-bağat ziyan görməsin. Yaşıllığa, xüsusən bu ağaclara
toxunmayın!..
Evlər
söküldü, amma bu ağaclar, içi mən qarışıq qaldıq...
Mən
bura hardan gəlib düşmüşəm, bilirsiniz?
Eeeeeee...
Uzun hekayə...
***
Mən
Göyçə gölünün yanındakı Göyçə mahalında,
Aşağı Şorca kəndindəki zəmi yerində qoşa saqqız ağacının dibindən şiv
kimi çıxmışdım. Qarışıqlıq düşən ili Hidayət kişi ev-eşiyini Azərbaycanla sərhəd
kənddə yaşayan əmisi oğlunun göndərdiyi özüboşaldan ZİL maşına yükləyəndə həyətindən
bir tut şitili də çıxardıb maşının banına atdı. Erməni saqqallıları iki saat
vaxt vermişdi deyin, kişi ailəsini də maşına yığıb sürdü və Orta yoldakı qaçqın karvanına yetişmək üçün
sürəti artırdı. Amma mal yatağının üstündəki zəmi yerinə çatanda maşını
saxladı, qaçıb zəmi yerinin ortasında iri saqqız ağacının gövdəsindən çıxmış
şivi, yəni məni dartdı, dartdı, əlini şiv kəssə də, axır ki, dibindən çıxartdı,
gətirib o tut şitilinin yanına qoydu...
Hüseynbəy
çəməninin yanından ötürdülər ki, Hidayət kişinin arvadı geri qanrıldı, illərin əzabıynan
saldıqları bağ-bağata baxdı, gözündən yaş axıb yanaqlarına, ordan da sinəsinə
töküldü və elə bil o göz yaşları söz-söz dirildi, kəlmə-kəlmə gərildi, qadın
bir bayatı çəkdi, göydə quşlar qanad saxladı:
Söz
qaldı el gələnə,
Çırmandı sel gələnə,
Gözəl bir bağ salmışdım.
El gələ kölgələnə...
Girdə
meşənin yanından ötəndə Hidayət kişi maşını yenə saxladı, enib taladakı biçənəyinin
otuluğuna sərildi, iylədi, qoxladı, sonra qalxıb bir az aralıdakı tək vən
ağacına sarıldı, bir sevgili kimi oxşadı və qəfil gözü vənin dibindən pöhrələmiş
şivlərə sataşdı. Əl atıb birini dartdı, güc verdi, axır ki, çıxardıb gətirdi,
qoydu o biri şitillərin yanına. Sonra biçənəkdən bir az aşağı enib böyürtkən
kolunun yanında ötən il calaq elədiyi cavan armud şitilinin dibini əlləri ilə
oydu, sonra bir ağac tapıb onunla eşdi, eşdi, quzulamış torpağı əlinin kəfəsilə
qırağa tökdü, barmaq yoğunluğundakı şitili darttıb çıxartdı, calağının artıq
tutduğunu, sürüb uzandığını görüb, sevindi və onu da gətirib şitillərin yanına
qoydu...
***
Köhnə
ZİL maşınını Bakının hansısa bir gölünün kənarıyla sürəndə gölün yanındakı
kiçik qəsəbəyə baxıb, bu şəhərdə ali məktəbdə oxuyan oğlundan soruşdu:
-Buranın
adı nədi, a bala?
-Böyük
Şordu dədə... Göl böyük Şordu, pasolkada eləcənə Böyüy Şor pasolkasıdı...
-Nə?!
Böyüy Şor?! Dayan əəəəə!.....................................................................................
Elə
o dayan, bu dayan. Kişi maşını sürdü gölün qırağına. Dedi, öldürün, burdan o
yana getmərəm. Oğlu dedi, ay dədə, bizim institutun yataqxanasında iki otaq
tutmuşam, qoy gedək ora. Kişi dedi, yox ki, yox. Elə burda düşəsiyik...
Qəsəbənin
ayağından bir qoca çıxdı, ailənin qaçqın-köçkün olduğunu görüb dedi:
-Güzarınız
hardandı?..
Hidayət
kişi papirosunu yandırıb dedi:
-Zəngəzurruyux,
Göyçəliyiy, ağrın alem. Aşağı Şorcadanıx... Gədə dedi, bura da Şorcadı... Böyük
Şordu, dedim maa elə Şorca adı bəsdi. Burda yurd salacam... Beş-on manıt
yamangünnüyümüz də var... Bir az torpax verən olsa, özüm bajarıram, bircə otax
qaralaram, yığışarıx içinə...
Kişi
dedi:
-Bəryəl,
ay kişi. Mən də Göyçəliyəm... İntəhası 50-lərdə gələnnənəm... Burda saa beş sot
yer verəjəm, istroymaterialı-zadı da içində... Tik, qur, yarat... bağ-bağça da
sal... Bir daş qoyarsan divar olar, min daş qoyarsan, ev olar...
***
Hidayət
kişi o qalan qaldı Böyük Şorda. İki göz ev, qabağından bir böyük eyvan, şüşəbənd,
hamam, tualet... Sonra da bağ-bağat... Məni, bax, gördüyünüz bu saqqız ağacını
o vaxt, 89-da burda bitirəndi... bax-bax-bax, o da şivərək vən ağacıydı, gör
indi nə boydadı, qucağa yerləşməz... Hələ o yuxarıdakı Şorca qızbiləyi – qızbilək
armud! Pəh! Dadınnan doymaq olmaz ki... Sən canın, bir o tuta bax! Bir qanadı
ağ tutdu, o biri qanadı xar tut! Pəh!..
Ev
də uçuruldu, şüşəbənd də, hamam-tualet də. Əmbə biz, Aşağı Şorcadan Böyük Şora
gələn ağaclar qaldıq burda. İnşallah əbədi qalarıq... Əmbə dedim...
...Eeeee...
Nəvlim, ağrın alem, mənim ağac olmağıma baxma, mən üzü bərk ağacam. O Hidayət kişinin
törəmələriynən ordan-ora, burdan-bura gəzib mənim də nəslim-köküm. Hara gedibsə,
bizi də özləriynən aparıblar. Şivimiz ağac olub, yaşıllaşmışıq, artmışıq...
Bax
o vən ağacı ki var, hamımızdan boylu-postludu. Biz görmədiyimizi o görə bilir.
O irəli eşidib ki, bizimkilər, yəni o Hidayət kişinin nəsli-nəcabəti sözü bir
yerə qoyub, gedib o əsli-nəsli olmayan tayfanın üstünə, düz 44 gün cəng-cidal
eləyib, Qarabağı qaytarıb... Biz ağaclar da o xəbəri eşidib burda bir ünnəşdik,
yarpaqlarımızı bir-birinə çırpdıq, çalıb-oynadıq. Hələm bir söz də eşitmişdi,
deyirmişlər ki, sırada Zəngəzur var!.. Zəngəzur varsa, Şorca var, lələ...
Düzdü,
burda da bizə xoşdu, bura da Şordu, hələ Böyük Şordu, əmbə... Şorca ayrı
şeydi...
O
söhbəti eşidəndən cucuxlamışıq, şivləmişik.
O gün görürəm ki, iki əsgər
dibimizə gəldi, biri şivlərdən bir-ikisin şəkdi, çıxardı... Yanındakına nə desə yaxşıdı? “Aşağı Şorcaya aparajam
bunları. Babama söz vermişəm. Orda əkəjəm...”
Baxdım
ki, Hidayət kişinin özüdü ki var! Yəqin, nəvəsidi...
Hər
gedişin bir dönüşü də var deyiblər.
Dönəlgəmiz
dönmüşdü, indi gəlhagəlimizdi.
O
gethagedin bir gəlhagəli də olmalıydı. Oldu belə...
04.07.2021.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
*Sıvıq – duru maye anlamənda. Bizim
saqqız ağacının vətəni Zəngəzurda işlənən söz.
Yorumlar
Yorum Gönder