AZAD QARADƏRƏLİ NARIN POEZİYA ÜZÜ
AZAD QARADƏRƏLİ
NARIN POEZİYA ÜZÜ
(Gənc
dostum Səxavət Sahilin “Nar” silsiləsi haqqında qısa qeydlər)
Heyvanı,
armudu, almanı qonaq otağına qoyardıq ki, ətri yayılsın. Şamamanı da elə. Narı
isə gözə yaxın yerdən budağıqarışıq asardıq... narın görünüşə xeyri var deyərdi
nənəm...
Narı
gərək elə yeyəsən ki, dənələri yerə düşməsin – bunu da babam deyərdi.
Sehrli
bilmişdim narı. Bir də ona müqəddəs meyvə kimi baxmışam həmişə. “Xəstə könlü
nar istər” deyiminə görəmi, ya bu qızılı dənələri ilə sehrli qutuya bənzəyən
meyvənin dad-tamına heyarnlığımdanmydı, xalamgilin böyük nar bağında gəzməyin məndə
yaratdığı xoş auradanmı gəlirdi... ya ölü düşəndə gedib nar bağından iki ədəd
nar çubuğu kəsərək mərhumun kəfəninin altından “qoltuq ağacı” qoymalarındanmı
qaynaqlanırdı?..
Bilmirəm.
Bir
bildiyim var ki, nara həmişə sehrli meyvə kimi baxmışam. Hələ-hələ ağzı
çatlayan, qan qırmızı dənələri ilə gülümsəyən, aıçq ağzı ilə sənə nəsə demək
istəyən nar ola!
Payızda çox darıxıram,
əziz dost, çox
darıxıram –
nə quşlar olur,
nə də yarpaqlar.
İndi məni təklik
dimdikləyir
xatirələr çatladır məni...
...İndi mən o budaqdakı nar
kimiyəm.
Pəh! Bunun ayrıca yeri olub könlümdə...
Çatlayan
nar - o sehrli qutudan boylanan billur dənəciklərin bu saat dil olub dillənəcıyinə
inam.
Toğrul
Nərimanbəyovun “Narlar”ı – budaqda, məcmeyidə və qızın sinəsində...
Və
nar haqqında şeir oxumaq! Əcaba, nar özü elə şeir deyilmi? Hələ şeirdən ötəsi də
var...
Gənc
dostum Səxavət Sahilin “Nar” silsiləsi isə mənim nara olan sevgimi bir az da
körüklədi...
Yuxarıdakı
nümunədə narlı xatirələr sizi də “dimdikləyir”mi? Elə isə davamına baxaq.
Səxavətin
şeirlərini çoxdan izləyirəm. Hələ “Yazı”nın ardıcıl çıxan vaxtlarında çap da
etmişdik. Amma bu “Nar” silsiləsi mənə ayrı cür toxundu. Kəndimizə qaytardı,
uşaqlıq duyğularımı oyatdı, rəngli toxunma corablarımı, nənəmin güllü fərməşini,
o fərməşin artığından kəsib mənə tikdiyi güllü məktəbli çantamı, bir də nədənsə
əlifba kitabımı yadıma saldı... Bir də yazbaşı suların daşması, yazın qoxusunun
bulanıq sulara qarışması...
Yazın qoxusunu
qızaran
tumurcuğuyla alır
bomboz
nar budağı.
Tutulduqca
baharın nəfəsinə
yel
tutan kösöv kimi
közərir,
alışır
güllənir
ağaclar…
Təbiətlə
insan bir-birinin oxşarı, bir-birinin eynidir sanki. “Bar budağı yerə gəlir”
ifadəsi ilə “bari-həmlini yerə qoydu” ifadəsindəki qohumluq kimi. Nar bəhərinə
“hamilə” nar kolu ilə “uşaq gözləyən ana” assosasiyası burada yerinə düşür:
İndi şax durmuş şüvüllər
utancaq
qız kimidir
payızda
qızaran narın yükündən
başını yerə dikəcək.
...İndi
budaqlar
utancaq
qız deyil,
uşaq gözləyən ana kimidir.
Dedim axı, nar həmişə məni uşaqlığıma
çəkib. Əlimdən tutub, Nar dərəsinə aparıb, Nalıparamızda gəzdirib, narın şirəsi
ağ köynəyimi qızardıb, “uşaqlığım torpağa düşüb”:
Körpəliyim
pöhrələrin
altında qaldı,
uşaqlığım
torpağa düşdü
budağından
vaxtsız qopan
nar
kimi.
Şirin
nar, gülövşə nar və narların ən qəlizi turş nar… Və nar gazallarının çürüyüb
torpağa qarışımı. Babam narlı həyətləri bərəkətli sayardı. Narın gazalı da
(qabığı) dərmandı, yandırıb yaraya qoyarsan, qaynadıb qarnı ağrıyana içirdərsən,
bir də çürüyər, torpağı artırar deyərdi torpaq bilicisi. Ona görə Narlıpara
deyilən bağımızdakı özü bitən turş narları kəsməyə qoymazdı. Onun da yiyəsi
var, uşaq-muşaq yeyər, quşlar dənləyər…
Tutulduqca
payızın ölüm nəfəsinə
bozarır
dodaqları,
sinəsindən
qan açılır...
Kimi
haraylasın, kimi –
yarpaqlar
öz hayında.
Tökülmüş
göz kimi
ovulur
qurumuş qabığı,
tökülür,
tökülür dənəsi.
Əzilib, torpağa qarışır –
elə bil
dağılır yer kürəsi.
Ədəbiyyata
“həyatın dərs kitabı” (N.Q.Çernişevski) deyiminin sahibi yəqin ki, mənim bu
fikri bir az da irəli götürüb “… və təbiətin dərs kitabı” kimi ifadə etsəm,
razı qalardı. Səxavətin şeirlərində bir nar meyvəsinin, yaxud bitkisinin yaratdığı bu qədər duyğu, bilavasitə ədəbi
materiala çevrilirsə, demək yanılmamışam. “Meyvələrin özünəməxsus rəngi –
onların özünəməxsus dadının, çiçəklərinin biçimi - onların ətrinin şəklidir” (R.Ulusel) deyən
filosof da sanki Səxavət Sahilin “Nar” silsiləsini oxuyub, bu cür yazıb. Şair
dostumuzun narlı şeirlərinin bizi hələ daha mübhəm məqamlara götürəcəyinə
inanıram.
22.02.2022
Yorumlar
Yorum Gönder