AZAD QARADƏRƏLİ QANADLARIN ƏVƏZİ
AZAD
QARADƏRƏLİ
QANADLARIN
ƏVƏZİ
(Gənc
qələm Günel Rəcəbin “Çanta”sından tökülənlər...)
Onu
heç tanımırdım. Qəflətən girdi yazı-pozu aləmimə və “Ucubuluq” haqqında elə bir
yazı yazdı ki!.. “Əcaba, kimdir bu xanım”, sualına cavab tapmamış, kitabımın təqdimatında
aparıcılıq məharəti ilə məni daha da təəccübləndirdi...
Sonra
yazı-pozu məni öz aləminə çəkdi yenə, bu
gözəl qələmli, gözəl düşüncəli xanımın kimliyini, nə işlə məşqul olduğunu araşdırmağı
unutdum...
Ta
o vaxtacan ki, şəxsi bloqu qarşıma çıxdı və oradakı bircə şeir mənə bu sətirləri
yazdırdı...
...Əslində
“Ucubuluq” haqqındakı araşdırması deyirdi ki, bu gənc xanım adi adam deyil, ədəbiyyatın
tam ortasından durub gəlib, elmdə bişmək üzrədir və tək onu bildim ki, magistr
və doktorantura təhsili var...
“Axı
belə bir mükəmməl elmi dünyagörüşə malik birisini niyə elmi araşdırmalara cəlb
etmirlər? Axı niyə onun potensialından kifayət qədər istifadə olunmasın ki?!”
Belə
sualların qarşısında aciz qalarkən imkanım olduğu halda vəzifə pillələrindən
imtina edib, yalnız yaradıcılığımla məşqul olmaq kimi xudbinliyimə acığım tutur
və bəzi vəzifəli qələm dostlarıma haqq qazandırıram: gör nə qədər adama çörək
verir, qolundan tutur, elmin qapı-bacasını açıq saxlayırlar...
...Lap
təsadüfən, gözəlim yazı pozudan başım ayrılan vaxt qarşıma bir bloq çıxdı və məlum
oldu ki, bu, bayaqdan haqqında bir Quranlıq söz xırdaladığım sevimli Günel Rəcəbin
bloqudur. Digər yazılar da gözəl idi, zira bir şeir dedi ki, adam, bu xanım
şairdir, şeir əhlidir və sən bu şeiri oxu...
Şeirin
adı “Çanta” idi...
Bir
neçə gün sonra o şeiri yenidən oxumaq ehtiyacı yarandı, indi o bloqu tapa
bilmirəm. Uzun əziyyətdən sonra tapdım və təkrar-təkrar oxudum. İlk baxışda elə
ciddi bir şey yoxdur. Hamı kimi bizim Günelin – şeirdəki mənin – də qanadları
varmış..............................................
...Qanadımı
qıranlar
Öz
qanımdan idilər...
“Öz
qanından olanlar!” Hə, hə, onların, qanı qanımızdan olanların zərbəsi yıxıb
bizi həmişə!.. Yoxsa, hər vurana yıxılsaydıq, çoxdan ölmüşdük... Ölmədik, öz
odumuzdan od alıb təzədən dirildik, təzədən yanmaq üçün...
O
misralar şeirin ortasındandı. Qayıdaq əvvələ. Şair xanım bütün yazı əhli kimi təkliyindən
bəhs edir və qəribə bənzətməsi var:
Təkliyimi gəzdirirəm
Çanta kimi özümlə.
İçində bir az sükut,
Bir az da küskünlük var...
Şairi
və şeiri çatladan sükut var “çanta”da. Ona görə dırnaqda yazdım ki, bu hələ
çantanın özü deyil, təkliyin çantaya dönüşüdür... Bir də küskünlük... Yox e,
yooooox, sizin bildiyiniz hər gün, hər saat rastlaşdığımız küskünlük deyil bu.
Bunun adı küskünlükdür, içi dərdlə ləbələbdir – zəhərə qalmış xatirələr, sətirlər...
miras... Miras da ki, bir ayrı aləmdir – ölü paltarı kimi alarsan əlinə, əlini
yandırar...
Sonuncu sevgidən miras
Xatirələr, sətirlər,
Bir də bu kədərli şeirlər…
Məsafələr uzandıqca
Yoxluğun ağır gəlir.
Daşımağa gücüm çatmır,
Təkliyim məni əzir..................................................................
Və
daha nələr, nələr... Yuxarıda iki yerdə uzun nöqtələr qoymuşam. Biri mənim
sözümdədi, bu heç, bu mənlikdir, amma biri xanım yazarın şeirindədir,
bağışlasın məni, “Təkliyim məni əzir” misrasının altında nələrin yatdığını o
nöqtələr bilir ancaq...
Və...
Və...
Son misralar, adamın illacını kəsən (bu sözü türkiyəli qardaşlarımızın dərmana
ilac deməsi kimi yozmayın, bu söz bizlərdə illacın kəsilməsi - əlacın əldə
olmaması, ixtiyarın əldən getməsi, lap belə ümidin ölməsi anlamına gələr), həyatını
qaraldan, oxunu daşa çalan anın gəlməsi kimidir...
Qanadımı qıranlar
Öz qanımdan idilər.
Qanadlarım əvəzi
Mənə çanta verdilər.....................................................
Xanımların
çantaya niyə belə önəm verdikləri yalnız indi anlaşıldı...
O
çanta deyilmiş ki...
06.02.2022.
Yorumlar
Yorum Gönder