AZAD QARADƏRƏLİ QALXMAYIN, MƏHKƏMƏ GƏLİR! Hekayə
AZAD QARADƏRƏLİ
QALXMAYIN, MƏHKƏMƏ GƏLİR!
Hekayə
20 Yanvar hadisələri
zamanı itkin düşmüş hakim Şövkət Ağayevin xatirəsinə
-Qalxın, məhkəmə gəlir!
Hamı qalxsa da, orta cərgədə əyləşmiş
iki gənc qalxmadı. Hamı, o cümlədən artıq yerlərini tutmaqda olan hakim və
iclasçılar da təəccüblə onlara baxdılar. Bunu görən gənclərdən biri cəld ayağa
qalxıb bağıra-bağıra dedi:
-Bu gün-sabah rus ordusu Bakıya girəcək. Siz isə hələ də burada saxta
ittihamla həbs olunan bir gənci məhkəmə önünə çıxardırsınız. Məhkəmə qarşısına
çıxarılası biriləri varsa, o da sizlərsiniz! Rüşvətxor, xalqının cibinə girən,
rus boyunduruğundan azad olmaq istəməyən müftəxor məmurlar! Biz tələb edirik:
bu məhkəmə komediyası dərhal dayandırılsın, hamı Azadlıq meydanına yollansın!
Əks təqdirdə...
-Əks
təqdirdə nə olacaq? – Orta yaşlarında, güləriz hakim gəncə baxdı. Oğlan elə bil
utandı. Başını aşağı salıb yavaş səslə:
-Pribalkikada,
Gürcüstanda məmurlar da xalqın tərəfinə keçiblər... Amma siz burada bir
günahsız gənci mühakimə edirsiniz... Bütün şəhər bilir ki, o, günahsızdır...
Siz isə bildiyinizi edirsiniz, halbuki rus ordusu sərhədlərimizi keçməyə
hazırlaşır...
-Siz
hardan bilirsiniz ki, ordu sərhədlərimizi keçməyə hazırlaşır?
-Dəqiq
məlumatdır... Qoşunlar artıq bizi üzük
qaşı kimi mühasirəyə alıblar... – Bunu qabaq sırada oturmuş gənc və gözəl bir
xanım dedi. Hakim bir onunla çənə-boğaz edən gənc oğlana, bir gözəl xanıma, bir
də yanındakı iclasçılara baxıb ah çəkdi. Sonra iki milis işçisinin arasında
durmuş oğurluqda ittiham olunan kəndli oğlana üzünü tutub dedi:
-Bax,
hamı deyir ki, sən o bankdan oğurluq etməmisən. Ya da kimlərinsə əlində alət
olmusan... Elə mən də bu fikirdəyəm. Amma sən deyirsən ki, o boyda pulu sən
özün tək oğurlamısan... İndi mən sənə nə edim? Bax, yaşıdların da neçə gündür
deyirlər ki, sən oğurluq edə bilməzsən... Səni qorxudan varsa, qorxma, düzünü
de.
Oğlan
qıpqırmızı oldu. Burnunu çəkdi və kəkələyə-kəkələyə
dedi:
-Mmmən...
mən ööözüm oğurlamışam...
Bankın
vəkili ayağa qalxdı:
-Cənab
hakim, mən etiraz edirəm! Bu adam hər şeyi boynuna alıb. Daha nə çək-çevirə
salırsınız? Bir aydır davam edən bu çevir tatı, vur tatı nəyə lazımdır? Pulu bu
adam oğurlayıb, boynuna da alır, vəssalam.
İkinci
vəkil qəfil yerindən qalxdı:
-Bəs
o boyda pulu kimə verib? Qoy yerini desin!
Sonra
qovluğundan bir sənəd çıxardıb hakimə üz tutdu:
-Möhtərəm
hakim! Mən bu oğlanın doğulub boya-başa çatdığı kəndə gedib bu məlumatları
toplamışam. Oğlan məktəbdə əlaçı olub. Amma ali məktəbə girə bilməyib...
Bayaqkı
gənclərdən biri söz atdı:
-Adamı
olmayıb, ona görə!
Hakim
qələmi stola döyəclədi:
-Xahiş
edirəm, yerdən danışmayın.
Vəkil
davam etdi:
-O,
halal çörəklə böyüyüb. Atası kolxozda suçu olub. Anası klubda xadimə. Özünü də
bu banka qarovulçuluğa bankın milisoneri
düzəldib... Nəzərə alın ki, o milisoner də bank müdirinin qohumudur. Bu
yazıq heç seyfin kodunu belə bilməyib. Kodu bilməyibsə, pulları oradan necə
çıxarda bilərdi?
Bayaqkı
gəncin yanındakı oğlan üzünü təqsirləndirilənə
tutub yerindən qışqırdı:
-Ay bədbəxt
oğlu bədbəxt! Dünya dağılır, rus qoşunu sərhəddimizdədir, əmr gözləyir ki,
Bakıya girib dinc adamları qırsınlar! Sən isə hələ də kimlərinsə təhriki ilə
suçu öz üzərinə götürürsən!.. Heç olmasa indi ayıl... Bax, sənə deyirəm: bu gün
tarixi bir gündür... Sabah bu millət nə gündə olacaq, kim öləcək, kim qalacaq,
bilmək olmaz... Sən isə tarixin yaddaşında bir qorxaq, rəzil adam kimi
qalacaqsan... Boynuna al: pulu kimin təkidi
ilə götürmüsən? Kimə vermisən?!
Prokuror
hirslə hakimə dedi:
-Möhtərəm
hakim! Mən anlamıram, bura məhkəmədir, ya obşi dvordur?! Hər kəs yerindən
danışır, atmaca atır, hakim gələndə ayağa qalxmır?! Bu nə deməkdir, anlamıram!?
Hakim
prokurora etiraz etdi:
-Demokratiyadır,
yoldaş prokuror... Mən xalqın səsini boğa bilmərəm.
Təqsirləndirilən
şəxs yerində qurcuxdu. Başını qaldırıb qeyzlə danışan gəncə, sonra isə dərin
fikrə getmiş hakimə baxdı. Hakim bunu sezib gülümsədi. Sonra başını bulayaraq
dedi:
-Hə,
mənim balam, o oğlan sənin yaşıdındır. Biz içəri girəndə hətta ayağa belə
durmadı. İndi də yerdən icazəsiz danışır. Amma düz danışır... Ona görə sözünü kəsmədim...
Sən, deyəsən nəsə demək istəyirsən? Qorxma, biz səni sonacan müdafiə edəcəyik...
(Aylardır
içəridə olan oğlan indi, deyəsən anlamağa başlayırdı vəziyyəti: artıq gedişat
onun xeyrinə dəyişirdi. Təqsirləndiriləni müdafiə edənlərin sayı çoxalır. Hətta
hakim də! Ölkədəki ab-hava məhkəməyə də sirayət etmişdi.)
Təqsirləndirilən gəncin gözlərindən böyük bir vahimə oxunurdu.
Əllərində, üzündə işgəncə izləri görünürdü.
Hələ boynunun yetim tükü tökülməyən bu oğlan qəfildən ağlamağa başladı və
öz vəkilinə yazıq-yazıq baxıb güclə
dedi:
-Ggggecə
ssseyfin ağzını açıq qqqoymuşdular....Pppulu... pppulu bankın müdirinin oğluna vermişəm – Kərəmə...
Zala
çaxnaşma düşdü. Bayqkı gənclər də, qabaq sırada əyləşən gözəl xanım da ayağa
qalxıb əl çaldılar. Hakimin üstündən elə bil dağ götürüldü. İlk dəfə anladı ki,
ölkəyə əsən azadlıq küləyi onun da ruhuna toxunub. O da həqiqətin üzə çıxmasına
sevinirdi. Baxmayaraq ki, prokurorun dediyinə görə, bu kəndli oğlanı içəri basandan
sonra hakimə də, prokurora da yaxşı rüşvət vəd olunurdu...
(O da
zaman-zaman rüşvət almışdı, zatən bu ölkədə rüşvət almayanı yüksək posta yaxın
qoymazdılar ki. Hakim isə heç qoymazdılar. Hər rübün sonunda yuxarı
distansiyaya hesabat təqdim ediləndə müəyyən məbləğdə haqq da verməliydin.
Haqq... Sözə baxırsınızmı? Gör haqq kimi müqəddəs söz hansı məqamda işlənirdi...
Amma o imkan dairəsində haqsızlıq etməməyə çalışmışdı. Rüşvəti o adamdan alırdı
ki, onun verməyə varıydı və o alacağı bir başqasının haqlarını tapdamırdı. Və
ölkənin belə ağır günündə həqiqətin üzə
çıxması naminə bütün ömrü boyu ona bəs edəcək böyük məbləğdə puldan imtina
etdi.)
***
Axşam
işdən evə gələndə özünü çox gümrah hiss edirdi. Tez televizoru açdı ki, çay içə-içə
son xəbərlərə baxsın. Amma televizorun ekranı qaralıb söndü. Ürəyi sıxıldı.
Bayaqkı gəncin sözləri yadına düşdü: “Bu gün-sabah rus ordusu Bakıya girəcək.
Siz isə hələ də burada saxta ittihamla həbs olunan bir gənci məhkəmə önünə
çıxardırsınız. Məhkəmə qarşısına çıxarılası biriləri varsa, o da sizlərsiniz!
Rüşvətxor, xalqının cibinə girən, rus boyunduruğundan azad olmaq istəməyən müftəxor
məmurlar! Biz tələb edirik: bu məhkəmə komediyası dərhal dayandırılsın!”
“-Doğru
sözə nə deyəsən? –içində gumuldandı. –O gün eşidirəm ki, bütün idarə müdirləri
xidməti maşınlarını “istifadəyə yararsız” adı altında sildirmiş, sonra suyu
qiymətinə özləri almışlar. Sual verən də yoxdur ki, bəs istifadəyə yararsız
idisə, niyə alırdın?... Görünür, bu bank müdiri də deyib day belə soxhasoxda
kimdi pul axtaran?! Rayon əhalisinin iki aylıq əmək haqqını o kəndli balasının əli
ilə oğurladıb... Gündə bir maşın minən oğlu isə pulu götürüb ölkəni tərk
edib... Ay siz öləsiniz! Son qəpiyinəcən ödəyəcəksiniz!..”
Telefonu qaldırdı, o da işləmirdi.
-Zakon
podlosti! – deyib qapıya yönələndə arvadı qabağını kəsdi:
-Hara?
Bu gün şəhərdə bəd sözlər danışırdılar... Ordu girəcəkmiş... Otur yerində...
Həmişə
ona iltifat göstərsə də, bu dəfə acıqla “çəıkil” deyib çölə çıxdı. Elə bil
bankı qarət edənlərin də, şəhərə ordu yeridənlərin də günahını ondan çıxacaqdı.
Soyuq
yanvar havası sümüklərinə işlədi. Alaqaranlıqda hamı şəhərə tərəf tələsirdi. Qəsəbənin
girəcəyində bir dəstə adam gördü. Məhkəmədəki gənclərdən biri də onların
arasında idi. Oğlan əllərini ölçə-ölçə danışır, həyəcandan səsi titrəyirdi:
-Binə
tərəfdən uje giriblər. Əsas hücum Şamaxinkadan olacaq. Dənizdən də şturm gözlənilir.
Bizim gəmiçilər silahsız olsalar da artıq müdafiə mövqeyi tutublar... Biz də
buranı bağlamalıyıq. Avtobusları, bartovoy maşınları yığırıq yola... Biz burada
barrikada qura bilsək, onları bircə saat saxlaya bilsək...
-Nəylə,
a bala? Boş əllə nə barrikada? Bəlkə heç atmayacaqlar? Elə-belə, şəhərə girəcəklər?
–Bunu o dedi və deməyinə peşman oldu. Hərə bir tərəfdən töküldü üstünə. Məhkəmədə
qəzəblə danışan gənc onu tanıdı:
-Uşaqlar,
bu bizdən deyil... sudyadı... Onun beyni Moskva vaxtıyla işləyir, fikir verməyin...
Pərt
olsa da onlardan aralanmadı. Nədənsə ürəyinin harasındasa artıq bu cavanların tərəfində
olmalı olduğunu düşünür, içindəki ikinci məni ilə çarpışırdı.
“-Mən
bilirəm, ordu şəhərə ona görə girir ki, paqromların qarşısını alsın, ermənilərlə
toqquşmaya imkan verməsin... Heç bir günahsız adama güllə atılmayacaq...”
“-Bəs
elə isə niyə üç-dörd gün qabaq eləmirdilər bunu? Niyə ermənilər şəhəri tərk edəndən
sonra əl-ayağa düşüblər?”
“-Şişirtmə,
partiya belə məsləhət bilib...”
“-Məncə,
artıq partiya deyilən bir şey qalmayıb...”
O bu
çək-çevirdə ikən odlu güllələr qəsəbənin üzərinə yağmağa başladı. Hətta uzaqdan,
Qala tərəfdən tank gurultusu eşidildi. Təxminən
15-20 dəqiqə sonra tanklar yola düzülmüş avtobusları, yük maşınlarını əzib
keçdi. Tankların tırtılları arasında qalan yeddi-səkkiz cavanın qanı yola çiləndi.
Kişi barrikadanı dağıdıb şəhərə üz tutan tankların ardınca baxa-baxa qaldı. Bu
vaxt bayqkı gənc hardansa çıxıb onun qarşısında dayandı və bağırdı:
-Həəəə!
Gördün?! Bəs deyirdin atmayacaqlar?! Gördün uşaqları nə günə qoydular, yoldaş
hakim?!
O, əyilib
cəsədi asvalta yapışmış gənclərin meyidlərini qaldırmaq istədi. Amma yeni tank
kalonları buna imkan vermədi.
Ona
yaxın tank düz əzilmiş avtobusların və cəsədlərin olduğu yerə şütüyürdü. O, əlini
cibinə salıb cib yaylığını çıxartdı, açıb əlində bayraq kimi yelləyə-yelləyə
tankların qabağına yüyürərək bağırdı:
-Rebyata,
astanavitis! Ya kak sudya Sovetskoqo Soyuza, volya qosudarstvo i naroda
prikazıvayu! Ne strelyayti!
Arxadan gəncin qışqırtısı eşidildi:
-Sudya,
qayıt! Onlar dayanmayacaq! Səni də əzərlər!..
Amma
onun son kəlmələri tankların nəriltisi altında əzilib yox oldu və o dəmir
azmanlar hakimi də bayaqkı cəsədlərin üstünə yoğurub irəli şığıdılar. Gənc
oğlan da tanqların atdığı güllələrdən ağır yaralanıb yerə yıxıldı.
Arxadan
gələn yük maşınlarındakı əsgərlər yerə atılıb tanınmaz hala düşmüş cəsədləri
qaldırıb maşınların banına atdılar və rus dilində söyə-söyə maşınlara minib
tanklar irəliləyən istiqamətdə uzaqlaşdılar.
***
O gecə
Bakıda qanlı hadisələr oldu. Azğınlaşmış Sovet ordusunun “smertnik”ləri şəhərdə
sağa-sola güllə yağdıra-yağdıra insanlara divan tutdular. Küçələrdə üst-üstə
qalanan meyidləri maşınlara doldurub dənizə tökdülər. 147 nəfər öldürüldü, 744
nəfər yaralandı. Bu da hamısı deyildi. Neçə-neçə soydaşımız itkin düşdü.
Onlardan biri də bizim qəhrəmanımız – hakim idi. Onun ailəsi hələ də yolunu
gözləyir. Vəfalı həyat yoldaşı isə ölümünə qəti inanmır...
***
B u hadisəni mənə hakimin apardığı məhkəmə
işində təqsirləndirilmiş şəxs qismində iştirak edən kəndli Oğlan danışıb. Deyir
ki, bankın müdiri iki çamadan pulu mənim əlimlə bankdan çıxartmışdı oğurluq adı
ilə. Hətta atamgilə də çoxlu pul vermişdilər. Elə hakimə da yaxşı rüşvət vəd
olunmuşdu. Amma o, rüşvəti yox, şəhidliyi seçdi.
18.01.2018
Yorumlar
Yorum Gönder