AZAD QARADƏRƏLİ YAZIÇI MƏQSƏD NURUN RƏSSAMLIĞI
AZAD QARADƏRƏLİ
YAZIÇI MƏQSƏD NURUN
RƏSSAMLIĞI*
(Yazıçının
yeni kitabının çapdan çıxması münasibəti ilə prozası üzərinə gəzişmələr)
Kimi
yazını olduğu kimi hərfbəhərf yazır. Məsələn, quşun göydə uçmasını ikicə söznən
verir, yəni belə: QUŞ UÇDU.
Kimi
yazının şəklini çəkir bir fotoqraf sayaq: QUŞ QANADLARINI AÇMIŞ VƏZİYYƏTDƏ
HAVADADIR.
Kimi də
quşun uçmuş halının rəsmini çəkir: QUŞUN QANADLARININ RƏNGİ, DİMDİYİNİN
SƏRTLİYİ, KİÇİK GÖZLƏRİNİN İTİLİYİ, KƏKİLİNİN UZUN GÖDƏKLİYİ (bununla onun fərikliyini,
xoruzluğunu də bilmək olour), CAYNAQLARININ İLGİNCLİYİ, HƏLƏ QUŞUN İÇİNDƏN
KEÇƏNLƏR, O BİRİ QUŞLARIN DAHA UZAĞA UÇMASINI QISQANMASI və sairə və ilaxır təsvir
olunur bir rəssam sayaq...
Birincidə
yazıçı daha çox xəbərçidir, yəni yazıçıdan çox repartyor-jurnalistdir. Nə yazıq
ki, bizdə bunların sayı daha çoxdur.
İkincidə yazıçı daha çox fotoqrafdır,
fotoqraf-repartyordur... Belələri də yetərincədir.
Üçüncüdə
yazıçı daha çox rəssam olsa da, əsl yazıçı odur. Çünki onun rəssamlığı
boyalarla deyil, hərflərlə, yaxud heroqliflərlədir. Bizdə belələri nadirən də
olsa, var.
Məncə,
Məqsəd Nur üçüncülərdəndir.
Niyə
bu qənaətdəyəm? Məqsəd Nurla şəxsi tanışlığımız çox ötəri səviyyədə olsa da (əslində
mənim tanıdığım bir çox yazıçılarla şəxsi tanışlığım elə bu səviyyədədir; məsələn,
mətnlərinə çox dəyər verdiyim şair və nasirlər var ki, özləri ilə təmasımız
sıfır səviyyəsindədir...), əsərlərini və imzasını daim izləmişəm.
Özü də
təkcə bədii nəsri ilə deyil, dostum Tehran Əlişanoğlu ilə yaratdıqları ilk Azərbaycan
saytı yenisi.az, habelə təkrarsız qəzet nümunəsi “press-Fakt”, Məqsədin bədii
yaradıcılığına bacardığı qədər mane olan televiziyanın məmur jurnalistikası...
(Həmin sahədə, konkret radioda 15 illik iş təcrübəsi olan birisi kimi deyirəm
bunu. Tele-radio işçilərinin məşhur bir deyimi vardı: bura bir gələn sevinər,
bir qaçıb canını qurtaran...)
Məqsəd
bəyin hər hekayəsi bir bədii naxışdır. O hekayələrdə yazıçı şəriştəsi ilə insan
psixikası elə çuğlaşıb ki, kimin öndə olduğunu söyləmək müşkül məsələ.
Tərs
kimi, Məqsəd həm də kənddən gələn və şəhərə tez bağlanıb, şəhərliləşib
yazıçılaşan yazıçıdır. Təbir caizsə, Məqsədin şəhər hekayələrinin içində hündür
bir dağ boy verir. Bilmirsən bu göydələn binadır, yoxsa, elə onun enib gəldiyi
dağların nostalgiyası?!
Tərs
kimi...
Hə...
Məqsəd Nurun ömürlüyündə, yazıçı taleyində bu tərs kimilərin ölçü vahidi hətta bəzən tragediya həddinəcən qalxıb...
Onu yazıçı edən də bu tərs kimilərdir desəm, yanılmaram.
Məqsədin
bu adda bir hekayəsi də var. Hətta ilk və son hekayələr kitabının da adı belədir...
“Tərs kimi”...
Məqsəd
bəyin hekayələrində birinci cümlə söhbəti də marağımı çəkdi. Yazıçı ən adi bir
sözlə - söz cümlə ilə də başlayar yazısını, bütün mətni ehtiva edən ağır bir
cümlə ilə də. Ağır deyəndə uzun, vergüllü, qoşa nöqtəli, hətta nöqtəli vergüllü
yarım səhifəlik cümləni qəsd etmirəm. Belə, sadəcə bir cümlə, amma içində nə qədər
ağırlığın gizləndiyi cümlə:
“Bu
erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdi... “
Mən
bu cümləni xırdalayar, hətta tək bu cümlədən bir esse də yazardım. Zira buna
ehtiyac görmürəm, hədəfimiz tək bu cümlə deyil. (Yadıma ustadım Sabir Əhmədlidən
bir kiçik xatirə düşdü, “Əhləd daşı” adlı hekayə yazmışdım. Üstündən qalın bir
xətt çəkdi başlığın və dedi: “Bunu qəhrəmanın adı ilə adlandıraq. Ad heyifdir.
Bu adda bir roman yazarsan.”)
“Bu erkək
tut ağacının altında ölüb-qalmaq xəcalətdir...”
Yazıçının hekayə boyu izləyəcəyi letmotiv də bu cümlədə gizlənib. Erkək
tut barsız olur...
Demişdim axı, Məqsəd rəssam-yazıçıdır. Təsvirdə hələm-hələm rəssama
uduzmaz. Baxın hələ:
“...Hamısı da üst-başına maya qoyub gəlmişdi.
Saçlarını düzəltdirib parıldatmışdılar, üzləri həmişəki kimi tüklü deyildi. Elə
birinci adam ayağını taksidən çölə qoyanda paltosunun ətəyindən gördüm:
talkuçka malı geymişdi...”
Yaxud
belə:
“...müxənnət
müharibə olamseydi indi onlar da belə müxənnət şəhərdə pərən-pərən gəzməz,
Qaragüneyin talasında - iri armudun
altında, bax bu gün erkək tutun altında oturduqları kimi - əllərindəki gərməşoy
çubuğu yaşıl cəmənliyə çırpa-çırpa qoyun qırağında günlərini keçirər, nə
oğurluq edər, nə nəşə çəkər, nə də bir-birlərinə qarşı bu qədər müxənnət
olmazdılar...”
Mən lap bu yaxınlarda bilmişəm Məqsədlə məni birləşdirən nöqtəni: bir
mövzunu, yaxud mövzuda gizlənmiş hekayənin, yaxud romanın tumunu ikimiz də
çırtlamağa cəhd etmişik. Mənim, təxminən 25 il əvvəl mifiə batırıb yazdığım mətnin
(“Aprel havası”) başqa versiyasını Məqsəd lap bu günlərdə özünəxas tərzdə yazıb
və məni də heyrətləndirib. (“Qoz ağacının göyə baxan gözləri”) Özünə də demişəm
bu barədə.
Çox
qəribədir ki, daha bir mövzunu – loru dildə desək, oliqarxın lotuluğunu da
ayrı-ayrı baxış bucağından ikimiz də işləmişik: mən yalnız “Yazı” dərgisində
işıq üzü görən “Şüşə ev” romanında, o isə “Arxac” hekayəsində. (Hekayəni oxuyub
bitirəndə hiss elədim ki, yazıçının sözü ağzında qalıb, nədən, ondan ki, bu
mövzu bir kiçik hekayəyə sığacaq şey deyildi!)
Məqsəd
Nurun yaradıcılığı indən sonra başlayır. Bu yaşacan Məqsəd Nur yazıçılıqla televiziya
məmurluğunun arasında qalmışdı, indi isə rəssamlığına, yazıçılığına qayıdır.
Qayıdışın qutlu olsun deyək!
27.04.2023.
----------------------------------------------------------------------------------------
*Bu mətn yazıçının kitabının təqdimatında oxunacaq, yaxud söyləniləcək çıxış kimi qələmə alınmışdı. Yüngülvari əl gəzdirib esseyə dönüşdürdüm. Yaxşı ki, belə oldu. İndi daha çox adam oxuyar. (Müəllif)
Yorumlar
Yorum Gönder