AZAD QARADƏRƏLİ PULKƏSƏN PROFESSORUN HƏBSİ hekayə
AZAD QARADƏRƏLİ
PULKƏSƏN PROFESSORUN HƏBSİ
hekayə
Dünya
şöhrətli iqtisadçı alim Qubad İbadoğlunun*
həbsindən sonra nə edəcəyimi bilmədim. Hətta bir etiraz
dolu müraciət də yazdım. Lakin həmin müraciəti göndəriyim
saytlar “yox” dedilər. Yenə fikirləşməkdə ikən qəfil yadıma
düşdü
ki, mən yazıçıyam və oturub bu hekayəni yazdım.
Müəllif
Professor
hər il dünyanın bir qabaqcıl ölkəsinin ən ən nüfuzlu universitetdə dərs
deyirdi. Elə ki tətil olurdu, hava gəmisinə minib qaçırdı ölkəsinə. Deyirdilər,
a kişi, nə işin var axı orda?! Sənin bu qabaqcıl universitetlərdə bu qədər
işin-gücün tökülüb qalmışkən, niyə ora gedirsən?!
Cavab
verirdi ki, vallah mən bir az çox milli adamam, mental yanlarım zəifliyim
sayıla bilər...
Ötən
il professor doğma şəhərinə gələn kimi buradakı kabinetinə girmiş, qapını bərk-bərk
bağlamış və yalançılar sözü düz bir həftə xarici mühitlə əlaqəni kəsmişdi.
Qohum-əvlad, dost-tanış da nə qapını döymüş, nə onsuz da zəng çatmayan
telefonunu aramışdı. “Dahi adamdır. Sən hələ onun dərs dediyi universitetlərin
siyahısına bax: Çapel Hilldə ABŞ-ın Şimali Karolina Universiteti , Dürhamda
ABŞ-ın Duke Universiteti, Prinsetonda ABŞ-ın Qabağcıl Tədqiqatlar İnstitutu,
Nyu Brunsvikdə ABŞ-ın Rutgers Universiteti...”
Vallah
çoxunun adı dilimə yatmır, bir də Londonda bir... Yox. Qoy o hələ qalsın,
bizimkilər professorun gecə-gündüz kabinetinə girib nə iş gördüyünü götür-qoy
eləyərkən kimsə mənim yarımçıq siyahıma bir universitet də əlavə edib – bu
haçan olub, düzü, xəbərim olmayıb, elə bil kimsə gecəynən bizim evə girib, mənim
kompüterimdəki yazıya barmaq eləyib – guya professor ABŞ-ın (ax bu ABŞ!)
Pensilvaniya Fətüllah Gülən Universitetində də bir müddət dərs almış, sonra da
dərs aparmış və pulkəsən sənətinə də oarada vaqif olmuşdur...
Maraqlı
burasıdır ki, dünyada pulkəsən elminə bələd olan 3-5 müqtədir alimdən biri olan
professor bu sənətlə ancaq öz ölkəsinə tətilə gələndən-gələnə məşqul olmuşdur.
Bu
günlərdə yenidən vətəninə dönmüş və günlərlə kabinetinə çəkilərək tək-təkana
(bir ehtimala görə xanımı ilə) pulkəsmək elminin ona verdiyi imkanlardan
yararlanaraq çoxlu miqdarda ABŞ dolları kəsmişdir. Çox qəribədir ki, onun kəsdiyi
dollarlar ABŞ-ın ünlü pulkəsən sənətkarlarının işlərindən geri qalmır ki, irəli
gedir...
----------------------------------------------------------------------------------------------------------------
*Azərbaycan Demokratiya və Rifah
Partiyasının qurucusu və ilk sədri. 2023-cü ilin iyul ayından etibarən saxta
pul kəsmək iddiası ilə həbs olunub.
Həbsqabağı
tamaşaçılara qolu qandallı şəkildə intervü verən sənətkar “siz niyə vətənə gələn
kimi saxta pul kəsməyə başlayırsınız?” sualına belə cavab verib:
-Vallah
kim nə deyir desin, bu da mental bir şeydir. Baxın, mən dünyanın bir çox ölkələrində
qabaqcıl iqtisadi modellərlə aparılan işlərə rəhbərlik edir, qabaqcıl
universitetlərdə bu praktikanı tələbələrimə öyrədirəm... Amma Vətənə gələn
kimi... Məni məzur tutun, xalqımın və Vətənimin mənə verdiyi sonsuz havayü-həvəsdən
vəcdə gələrək pul kəsməyə başlayıram!.. Özü də saxta-zad yox ha, həqiqi pul!
Dollardan tutmuş, bizim AZN-cən, İran realınacan, rus rublunacan... Hətta yapon
yenini də uğurla dövrüyyəyə buraxmışam... Vətən belədir də! Bura gələn kimi
eşqim vurub çıxır kəllə çarxa!...
Sonra
professor onun başını sığallayan polis işçisinə təşəkkür mimikası göndərərək
demişdir:
-Biz
çox istedadlı millətik, dünyanın nadir millətlərindənik... Bilmirəm, “Toxum”*
adlı bir roman var, onu oxumusunuz, ya yox?! Mən o əsri dərs dediyim
universitetlərin tələbələrinə oxutmaqdan həz alır və qürur duyuram!.. Sizə söz
verirəm ki, o kiçik romanı ingiliscəyə, fransızcaya və Fətulla müəllimin təklifi
ilə Osmanlı türkcəsinə (indiki türk dilinə xayır, məhz qədim Osmanlı ləhcəsinə)
çevirtdirəcəyəm və böyük tirajla çap etdirəcəyəm, inşallah!..
Yəqin
çoxunuz o romanda nədən bəhs olunduğunu fikirləşirsiniz, eləmi?
Kitab
oxumaq lazımdır, qardaşlar!
O əsərdən
bir parçanı sizə bu tribunadan oxuyum, qalanını özünüz müzakirə edərsiniz...
“...Yadıma
illər əvvəl bizim rayonda baş vermiş başqa bir əhvalat da düşüd. “Əhməd əməliyyatı”
adı ilə məşhur olan o əhvalat daha dəhşətli imiş. Marif şöbəsinin baş mühasibi
olan Əhməd adlı kişi necə işləyirmişsə, ayın sonunda müəllimlərin maaşını verəndə,
o maaşın beşdə biri qədərində artıq pul qalırmış özünə. Tutaq ki, rayonda 500
müəllim var, hərəsi 200 manat maaş alır, bu edir 100 min manat. Bu beşdə biri –
20 min pul Əhmədə qalırmış, əlbəttə heç kimin maaşına toxunmurmuş, sadəcə bunu
necə edirmişsə, axırda hesab-kitab düz çıxırmış. Bu, təxminən on iləcən davam
edir və iş böyüyüb gedib Moskvaya çıxıb. Bir cuhud müfəttiş gəlib yoxlayır Əhmədi
və axırda məsələni açır. Gedəndə Əhmədə deyib ki, sən dahi adamsan, amma heyf
ki, bu dahi başı belə xırda məsələyə sərf eləmisən...
Əhmədi
tuta bilməyiblər, amma o cuhudun məruzəsindən sonra “kəşf”ini o vaxtkı Xalq Təsərrüfatı
İnstitutunun dərsliyinə salıblar “Əhməd əməliyyatı” adı ilə... “
Əziz
qardaşlar. Vallah məndə günah yoxdur. Elə ayağımı təyyarənin trapınnan yerə
qoyan kimi Vətən torpağı mənə impuls verir: “Pul kəsməyə baş-la! Marş!”
Bir-iki
dəfə istəmişəm imtina edəm, olmayıb. Vətəndir axı, xalqdır axı, ölkənin bayrağı,
gerbi və qayda-qanun... deyəsən axı mən ucunnan tutub çox ucuzluğa getdim?.. Gəlin
məsələni belə primitivləşdirməyək. Biz böyük ideallar, böyük strateji əhəmiyyətli
layihələr üzərində çalışırkən pul kəsmək səviyyəsinə enməyək... And olsun o
böyük idealların ülviyyətinə ki, mən ömründə pul kəsmək kimi aşağı səviyyəli
bir işə qol qoymazdım, əgər Vətən və millət təəsübü...”
Televizorun
ekranı qaraldı...
Professoru,
deyilənə görə həbsaxanaya salıblar. Amma orada da boş dayanmır. Qarşısına bir
pulkəsən maşın qoyublar ki...
Mən
bu yazını yazanda hava çox isti idi. Amma Vətən göylərində üfüqlər bəmbəyazdı.
Vətən göyləri hələ bu qədər geniş, bu qədər sərhədsiz, bu qədər masmavi
olmamışdı...
Vətən
yerləri isə...
Səsindən
gənc olduğu bilinən qadın üzünü və sinəsini bürüdüyü kirli parçanın altından əlini
irəli uzadaraq kömək istəyirdi...
Nə
yazıq ki, mən pul kəsə bilmirdim..
iyul
– 2023
-----------------------------------------------------------------------------------
*Müəllifin “Toxum” adlı hekayəsi nəzərdə
tutulur.
Yorumlar
Yorum Gönder