AZAD QARADƏRƏLİ “TORPAĞI GÖZƏ DƏRMAN...” ŞƏHƏRİN ADAMININ YAZDIQLARI (Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi” kitabı haqqında əlüstü qeydlər)
AZAD
QARADƏRƏLİ
“TORPAĞI
GÖZƏ DƏRMAN...” ŞƏHƏRİN ADAMININ YAZDIQLARI
(Vahid Qazinin “İtmiş yaddaşın şifrəsi”
kitabı haqqında əlüstü qeydlər)
Adamlar
var ki, mənimçün imza şəklindədir. Boy-buxunu, xasiyyəti, geyim-keçimiylə
imzadır mənimçün. Heç üzünü görmədiyim Murakami, Pelevin, Pol Oster... Bahar
Zamanı... Bir də üzünü bir neçə dəfə görsəm də, əslində yaddaşımda iz
buraxmayan, yalnız sonralar imza şəklində yaddaşıma daxil olan Vahid Qazi...
Vahid
bəyi illər öncə Müsavat partiyasının əski qərərgahında görmüşdüm. Onun orada nə
etdiyini bilməsəm də, mən orada mərhum Nəsiman Yaqublu ilə “Müsavat” dərgisini
buraxırdım...
Əksər
qələm adamları bizim kiçik otağımıza ayaq açsa da, Vahid bəy dərginin yerləşdiyi
hücrəyə bircə dəfə də gəlmədi. Çünki onda hələ imza şəklinə düşməyibmiş...
Sonralar
mən oradan radioya getdim, Vahid bəyi isə tamam unutdum. Bir də yalnız onun bir
yazısını oxudum və Ukraynadan bəhs edən o yazısında mən də yazar kimi ukraynalı
bir aristokrat qadının havası ilə neçə gün yatıb-qalxdım... (Təəssüf, o yazı
yalnız havayı həvəs kimi qalıb yaddaşımda... Bu yazıda YADDAŞ sözünü mən bilərəkdən
çox işlətmirəm, sadəcə, Vahid bəy özü bir imza olmaqla bərabər, həm də
yaddaşdır, yaddaş adamdır, yaxud yaddaş adamıdır... Az sonra “itmiş yaddaşların
şifrəsini” qırmağa çalışacağıq...)
...Bu
yaxınlarda mənə messencerdən “İtmiş yaddaşın şifrəsi” kitabının təqdimatı
haqqında şəkilli reklamın altından bunları yazdı: “...Salam. Vaxt tapıb gələ
bilsəniz şad olaram. Görüş 29 oktyabr saat 16.00- da "Misra Book
Kafe"də olacaq. Ünvan: Lev Tolstoy 156. Səmt: "Torqovı", Nəsimi
heykəli həndəvəri.”
Getdim,
çıxış da etdim, bu yazıda yazdıqlarımın bəzisini orada söylədim də. Amma bu
yazıya qədər müəllifin aldığım kitabını oxumaq vardı...
Vahid
bəyin kitabınacan bir sıra kitablar növbədə olsa da, onu bir az qabağa saldım.
Necə olmasa, Vahid Qazi qəribdir... Vətəndə qərib... Evi, şəhəri – şəhərlər şəhəri
Ağdamı dağıdılan, özü diyarbadiyar olub düzü-dünyaya üz qoyan, axırda gedib uzaq
İsveçdə hovur alan Vahid Qazi...
...Ağdamı
mən də görmüşəm, cəmi bircə dəfə. 70-lərdə uzaq bir kəndə müəllim göndərilmişdim,
ora isə atla getmək olardı. At aldım, yəhər tapılmadı. “Olsa, olsa, Ağdamda
olar” dedilər köhnə kişilər. Və Ağdamdan dəyirman daşı gətirməyə gedən Hüseynqulu
dayıya qoşulub o əfsanəvi şəhərə getdim. Yəhəri aldım almağına, amma biri
ilişdi mənə ki, qaqa, cücəli toyuq istəməzsən ki?
Dedim,
ay qaqa, bizim həyətdə onnan doludu, neynirəm cücəli toyuğu?
Bu
vaxt Hüseynqulu kişi özünü yetirdi ki, bəs nə işdi?
Dedim,
bəs belə, fialn...
Dedi,
o saa tapança satmaq istiyirmiş. Toyux - tapançadı, cücələri də güllələri...
Əlim
üzümdə qaldı qalmağına, amma təzə-təzə hekayələri mətbuata ayaq açan biri üçün
Ağdam səfəri göydəndüşmə olmazmı?!
Yaddaşımın
lap dərinliklərində, əl çatmayan, ünyetməyənində bir qərib bayatı gizlənib. Hər
adamın yanında deyilməz, hər adamın yanında çağrılmaz, türkəçarə kimi yalnız
ona inananlarçün görünən bayatı.
Ağdamın
yolu fərman...
Aman
allah, bu nədir? Yol da fərmanmı olar?!
Torpağı
gözə dərman...
Pəh!
Bunun heç açması yox ki!...
Yardan
bir namə gəlib,
Yarı
dərd, yarı dərman...
Lap
Vahid Qazinin Ağdamıdı ki var...
“Sübh
çağı nənəmin divar radiosundan gələn aşıq havaları, evimizin alt qatında
yaşayan kirayənişin tələbə qızların pianoda, skripkada çaldıqları klassik
musiqilər. Bəzən lap körpəlik çağın belə yaddaşımda diri qalmasına təəccüb edirəm...”
(“Şifrəsiz yazılanlar”, səh. 16.)
Vahid
bəy yazır ki, baletlə (əslində, burada klassik musiqi anlamındadır, çünki
Vahid bəyin musiqi duyumu bu sferada daha güclüdür) tanışlığım “Sonalar gölü”
ilə başlayıb. Atasının dayısı İsmayıl Bekgildə təsadüfən ailənin baletə
televizorda tamaşa etdiyini görüb və...
...Rusiyanın
Marinski teatrının İsveçdə “Sonalar gölü” baletinin tamaşasına baxa-baxa Ağdamda
Bekin evində doqquz yaşında gördüyü baleti xatırlayır...
Bizim
Vahid Qazi ilə tale qohumluğumuz var. O da yurd itirib, mən də. O da yurd
itkisinin niskilini qələminin gücü ilə ovudur, mən də... Amma bir fərqimiz var:
mən xaricə getmək şansımı dəyərlədirə bilmədim, o isə...
...Azadlıq
radiosu Almaniyadan Praqaya köçmüşdü və radionun Praqdakı ofisinə rəvan nitqi
olan, rusca babat bilən və təbii ki, jurnalistik bacarığı olan birisini
axtarırmışlar. Radionun rəhbərliyində təmsil olunanların rəğbət bəslədiyi Dost
məni yanına çağırıb belə bir parametrə uyğun gəldiyimi dedi və əlavə etdi ki, sənin
razılığın olsa, bir həftəyə səni Praqya göndər bilərik...
Təbii,
bir sıra ailə problemlərim, əsas da məni tək böyüdən anam (sonralar ona roman həsr
etdim) gəldi durdu gözümün önündə, içimdən gələn iniltili sələ “yox” dedim...
...Başqa
bir “qohumluğumuz” da var. Mən də Vahid bəy kimi klassik musiqyə sevgimi (elə
baleti də) nə intiligentlər ailəsində, nə də özəl məktəbdə əxz etməmişəm. Bu şərəfə
bir dostun – mərhum yazıçı Tofiq Qəhrəmanovun sayəsində nail olmuşam... O mənə
təkcə yazıçı kimi deyil, həm də bir klassik musiqi aşiqi kimi təsir etmiş,
evindəki val kolleksiyasından həmişə nadir klassik musiqi nümunələri səsləndirərək
qanıma işlətmişdi. Sonralar onun haqqında yazacaqdım:“Gördüyüm yazı adamlarının
ən istedadlısıydı o. Təkcə yazısına görəmi? Deyil. O bir klassik musiqi
aşiqiydi – Şopeni, Bethoveni, Oqinskini, Qara Qarayevi ilk dəfə onun Yuxarı
Dağlıqdakı balaca otağında dinləmişdim.”
Vahid
bəy bir demokrat kimi dünyanı gəzərkən hər yerdə Azərbaycan axtarır, hər yerdə
Ağdam, Qarabağ axtarır və iş ondadır ki, bunu tapa bilir – spesfik qələmi sayəsində.
Bu qələmin sayəsində “Fellininin “Yol”u Qarabağdan keçir”... (Səh.49.) “Sonra əlimi
İsa Məsihə tutub deyəcəm:”Gəl, əlindən tutub, səni şəhərimə aparım.” (Yenə
orada)
Kitabda
müəllifin aforizmə yaxın deyimləri var:”...başa düşdüm ki, musiqi azadlıq
duyğusunun səsli izahıdır.” (səh. 39.) Yaxud, “Azadlığa qapalı ölkələrin
adamlarına fikir vermisinizmi heç, üzlərində gülüşlərin belə örtə bilmədiyi qəm
kölgəsini necə, görmüsünüzmü heç?” (Səh. 39.)
Vahid
Qazinin ədəbiyyat barədə də maraqlı yazıları var. Onların bir çox, xüsusən
dostları olan yazıçılar haqqında mübahisə etmək də olardı, zira nə bu yazı elmi
tədqiqat işidir, nə də Vahid bəy, özünün də dediyi kimi bir yazıçılıq, ədəbiyyatşünaslıq
eşqinə düşən birisi deyil...
Bəs
bu yazılar, nədir onda?
Məncə,
bu yazılar yazıçı ilə oxucunun, yaxud tənqidçi ilə yazıçının arasında, eləcə də
müsiqiçi ilə, kinoçu ilə tamaşaçının arasında özünə möhkəm yer eləmiş bir zadəgan
insanın qeydləridir ki, bu yazılar bizim artıq tanıdığımız Bekin, yaxud Tofiq Qəhrəmanovun
əlindən su içib...
Vahid
bəyin əlimdəki kitabı və digər kitabları oxucularçün bir böyük qaynaqdır həm də.
Bir məlumatlı adamın, ensiklopedik biliyə sahib bir ziyalının qeydləri kimi...
Uzaq
İsveçin qış soyuğunda Vahid bəyə Azərbaycanın isti salamını göndərir və
oxuculara da deyirəm ki, sözügedən kitabı tapıb oxusunlar. İtirməyə çox şey
itirmişik, barı ağlımızı, zəkamızı zənginləşdirməyə çalışaq...
22.11.2024
Yorumlar
Yorum Gönder