AZAD QARADƏRƏLİ KƏRİMİN İTİNİ ÖLDÜRDÜLƏR! hekayə
AZAD QARADƏRƏLİ
KƏRİMİN İTİNİ ÖLDÜRDÜLƏR!
Yaradıcı gənclərimizə ithaf edirəm
Müəllif
– Kərimin itini öldürdülər! Kərimin
itini öldürdülər!
Muğan günəşinin torpağı qovurğa kimi
qovurduğu tozlu yolla qaçışan uşaqların qışqırtısı 6 nömrəli kəndi başına
götürmüşdü. Südəcər uşaqları ətəklərindən sallaşan kənd arvadları bu səsə tərəf
uçuna-uçuna boylanır, dillərinin altında nəsə vıdılayırdılar. O birisilərin
dedikləri başa düşülməsə də, kəndin girəcəyindəki həyət qapısından boylanan dul
Şəmsiyyənin dilindən qopanlar aydınca eşidilirdi:
– Allah, sən saxla...
Bir az sonra kəndə bir yük maşını
gəldi və sürücünün yanında oturmuş qaraşın, hündürboy oğlan olan Simran
kabinədən düşüb bana qalxdı, hələ canı tam çıxmamış, yerində zəif-zəif
qıvrılan, qıvrıldıqca da ulartıdan çox zavıldamağa bənzər səs çıxardan iti (əslində
itleşi demək daha düzgün olardı) ehmalca endirib yerə qoydu.
(Adı Pələş olan it külrəngiydi.
Qulaqları səliqəylə kəsilmişdi, quyruğu da bir qarış aşağıdan vurulmuşdu.
Oğlanın güclə maşından endirməsindən iri çoban iti olduğu bilinirdi. Əl-ayağını
zəif-zəif tərpətməsindən hiss olunurdu ki, onu möhkəm əzişdiriblər).
Adamlar buna bəndmişlər kimi
iki-bir, üç-bir maşına tərəf irəlilədilər. Bir anın içərisində artıq canını
tapşırmaq üzrə olan it leşinin ətrafında bəlkə yüzə yaxın arvad-uşaq vardı. Yavaş-yavaş
ordan-burdan çıxan kişilər də həyət-bacada, yaxud iş yerlərində işlərini
yarımçıq qoyub dəstəyə qoşulurdular. Arvad-uşaqlar nə qədər çaxna-vaxnalı,
səksəkəli idilərsə, kişilər bir o qədər qaradinməz, daş kimi soyuq idilər.
Handan-hana aralıdan 80 yaşlarında
qoca, amma qoca olduğu qədər şövqlü bir kişi də dəstəyə tərəf gəlməyə başladı.
Əynində bahalı kostyum, başında qaragül papaq, damağında tüstülənən qəlyan olan
qoca adamların toplaşdığı yerə çathaçatda bir an ayaq saxladı. Bunu görən
adamlar ikiyə şaqqalandılar və kişi gələn səmtdən it leşinəcən iri bir yol
yarandı. Bu yolla qıvraq addımlarla yeriyən qoca bir sağ dəstəyə, bir sol
dəstəyə baxıb, nəhayət it leşinə doğru getdi.
İt daha tərpənmirdi. Bayaq maşında gələn
qaraşın gənc qocanın qabağına çıxıb günahkar görkəm aldı və dedi:
– Baba... Şotlanlılar...
Kişi sağ əlini qaldırdı, oğlanın
sözü ağzında qaldı. O gəlib artıq ölmüş itin sağına keçdi, soluna keçdi, ağzından
qan gələn heyvanı ayağının burnuyla yüngülcə itələdi və soruşdu:
– Gülləynən vurublar?
– Yo-ox, baba, araya salıb ağacla,
armaturla döyüb öldürüblər...
– Bə ora nə təhər gedib çıxıb?
– Qancıq aparıb...
Oğlan son sözü deyəndə qəhərləndi.
Kişi dik onun üzünə baxdı və təpindi:
– Kiri, ə. Deyərdim sən də get,
onnarınkini öldür, amma demərəm. Olmaz. Day o zamana dəyil. İtdi, qanmıyıblar,
öldürüblər, öldürüblər. Neynək...
Sonra üzünü yığılanlara tutdu:
– Amma yadınızdan çıxartmıyın, bu
tayfa biznən köhnə düşmançılığın davam elətdirir... Biz bırda qonağıq... Beş
ilmi, on ilmi, bilmirəm... Amma qonağıq. Gərəy, elə oturax-durax ki, adımıza
söz yapışdırmasınnar... Aparın, bir tərəfdə çala qazın, bunu da quyluyun orda.
Pələş
Məni qurban verdilər. Bilirdim ki,
bir gün məni öldürəcəklər. Bilirsiniz haçan bildim? Şotlanlılar sürüyə
toxuyanda. Hər iki tərəf silahlıydı, amma qorxudan silaha əl atmadılar. Öz
rayonları deyil axı. (Hə, belə xoruzlanmaqlarına baxmayın, erməni “hu”
eləyən kimi veriblər şalvara, mənim kimi minlərlə iti-pişiyi,
eşşəyi-atı-qatırı, kəndləri-şəhərləri, ataları-babaları yatan qəbiristanı qoyub
qaçıblar... Yaxşı bizə çımxırarlar: “Rədd ol! Pəşol!...”) Teymur məni
qısqırtdı bunların üstünə: “Pələş, tut! Kıs-kıs-kıs! Fışt-fışt-fışt!” Mən də
axmağın təkiyəm də. Özümü atdım Şotlanlılara tərəf. Biri belimə ağacla vuranda
dalın qamarladım, şirin ətin şalvarqarışıq qopartdım. O qaçanda o birisinin də
yançağın yığdım ağzıma... Hə, bilirdim ki, bunun qisasını mənnən çıxacaqlar...
Bu Kərim kişi var ha, bizim ağamızı
deyirəm, özü çox saf adamdır. Adamların da, itlərin də qədrini biləndi. Amma
oğlu... Oğlu axmağın, qəpikgüdənin biridir. Əlində əlacı olsa, bizə yal da
bişirtməz. Amma atasından qorxur. Hə də, axı fermer təsərrüfatına o baxır –
Teymuru deyirəm. Özüm qulağımnan eşitmişəm, Kərim kişi bir dəfə əl ağacıyla
qıcandı bunun üstünə ki, ay çaqqal gədə, mən sənin adını Teymur qoydum ki,
Teymurləng kimi cahangir olasan, ya o düdəmə rus şairi Yevtuşenko kimi mırtın,
çənənin biri!?
Mən adam dilin, illah da Kərim
kişinin dilin çox adamdan, lap elə oğlu Teymurdan yaxşı qansam da, bu Yevtuşenko
əhvalatı nədir, anlamaram. Sonra iki çobanın söhbətindən bildim bunu.
Demiyəsən, o şair Kərim kişinin qonağı olanda arvadı bu Teymura hamiləymiş.
Arvad bir-iki dəfə rus şairinə baxıb-baxmıyıb, gədə elə bil fırt eləyib onun
burnundan düşüb... Zahiri oxşamağına baxma ha, ağılda heç onun topuğunnan da deyil.
Nə şair, canım, heç dədəsi Kərim kişiyə də çəkməyib. Deyirlər, bir gic dayısı
varmış, axşamacan kəndin küçələrində it döyürmüş. (Sözə bax də, səni allah!
Bu camaat bizsiz heç keçinə bilmir e. Kəlməbaşı biz itləri dillərinə
dolayırlar: “İt olub hürərəm”, “İt oğlu, it”, “İti görüm, qurdu görüm, səni
görməyim”, “İt itliyiynən qıçın qaldırıb bunun üstünə işəməz”, “İtdən alıb, itə
verdi”...) Adına Dəli Güləli dedikləri o kişini nə qədər eləsələr də, işğal
günü kənddən çıxarda bilməyiblər. Elə həmişə ağzında olan siqaretini
tüstülədə-tüstülədə deyirmiş ki, bəs mən burdan getsəm, tükanı hardan tapacam,
siqareti hardan alacam? Maqazin ki, yerində qalır, mən onu qoyub gedə
bilmərəm...
Sonralar bacısı ağlaya-ağlaya
deyirmiş ki, yazıq qardaş, bəs o xaraba dükanda siqaret qurtarannan sonra sən
siqaretsiz necə qaldın? Burda bu adamların sözü yada düşür: itin olum, ay
allah, demir ki, ay qardaş, erməni sənin başına nə oyun açdı, deyir siqareti
hardan aldın, siqaretsiz necə ötüşdün?
Day nəfəsim boğazıma yığışıb
deyəsən... Səsim də çıxmır. Əlvida, işıqlı dünya. Əlvida sevgili Sarı qancıq...
Müəllif
Qaragünnü kəndinin camaatıynan
Şotlanlı kəndinin camaatı neçə yüz illərdi ki, o dağlarda bir yaşamışdılar. Bu
iki kəndi bir çay ayırırdı. Qaragünnülər bu çaya Qaragünnü çayı, şotlanlılar Şotlan
çayı deyirdilər. Qaragünnülər zərif, bir az təmiz-tarıx adamlardılar, şotlanlılar
qaba, bir az kələ-kötür idilər. Qaragünnülər yavaş danışar, danışanda da elə
bil şeir deyər, avazla mahnı oxuyardılar. Şotlanlılar ucadan, bağıra-bağıra
danışardılar, əsas da söyüşnən. Uzun sözün qısası, bu iki kənd bir-birinin tam
tərsi idi. Burda qədimlərdə qan düşmənçiliyi də olmuş, amma ağsaqqal-qarasaqqal
yığışıb qanı bağlamış, artıb-çoxalmasına imkan verməmişdilər.
Son zamanlarda, yəni erməni
işğalınacan bu kəndin başbilənləri bir-biriynən dil tapsa da, camaat bunu
bacarmamış, yenə bir-birini asıb-kəsmişdilər. Hətta lap elə işğal günündən iki
gün qabaq şotlanlılar vurub Qaragünnülərin birinin atını şikəst eləmişdilər.
Qaragünnülərdən də bir nəfər eləməyib tənbəllik onların iki atını
quyruq-quyruğa bağlamış, atlar dartıb bir-birinin quyruğunu qopartmış, pis günə
qalmışdılar. Bu at-quyruq məsələsi də nədi, nə deyil, day bunu çözələmirəm.
Əgər erməni işğalı olmasaydı, şotlanlılar bunun hayıfını mütləq nəynənsə
çıxacaqdılar. Amma köpək oğlunun ermənisi kəndləri almış, buna imkan
verməmişdi.
İndi bude, üstündən iyirmi il keçib,
axır ki, qəsdə qəsdlə cavab vermişdilər... Özü də necə? Kəndin başbiləni, ağsaqqalı
Kərim kişinin itini öldürməklə! Yüz il əvvəl bunun üstə adamın anasını
ağladardılar. İti öldürmək, elə oğulu öldürməyə bərabərdi. Qapının itini
öldürmək, sənin qapının qarovulçusunu öldürür deməkdi. Yəni, sənin evinin,
həyətinin qoruyucusunu öldürdüm, dalınca da girib nə istəsəm, onu edərəm... Bu
namus məsələsi kimi bir şeydi əslində... Namus da ki... zəhərə qalsın onu,
buralarda üstünə çəkməyə yorğanın, yeməyə bir qarın çörəyin olmasa da, namusun
olmalıydı. Bu bir emblem kimi, etiket kimi, yarlıq kimi, lap elə bayraq kimi
idi buralarda.
Qoca bunları ürəyində götür-qoy
edir, bir mətləb üstə gələ bilmirdi. Əsas da ona yer edən oydu ki, allahın
verdiyi ömrü başa vurandan sonra onun kəndi, camaatı, nəsli-nəcabəti həm
çölləməçöl olmuşdu, üstəlik də bu avara tayfanın əlində əsir-yesir qalmışdı.
(Amma hərdən şotlanlıların
varlığına sevinirdi kişi. Bunnarın varlığı bizim bu kür-küçüyü ayıq-sayıq
olmağa vadar eliyir. Yoxsa, günortayacan yatar, gün göbəklərinə düşəndə durub
acıqlarını arvadın üstünə töküb gedərlər iş-güc dalıncan. Elə bir vər otu biçib
qurtarmamış axşam düşər, kor-peşman evə dönərdilər. İndi əlinə döndüyüm şotlanlılar
bunların biçənəyin naxırla basanda, otlarını gecəynən biçəndə, qoyunlarını
sürünün dalından çəkib aparıb kəsəndə bunların da gərək gözü dörd ola. Necə ki
olur da).
Kərim kişi rayonda ən sözükeçən adamlardandı.
Əvvəl texnikumda, sonra da Bakıda institutda oxuyanda çoxlu tələbə dostları
qazanmışdı ki, indi onların hərəsi bir yerdə yaxşı vəzifədəydi. Biri – ən yaxın
dostu isə nazir idi. Elə bu nazirin əliylə Kərim kişi rayonda hər vəzifədə
işləmişdi. Təhsil şöbəsinin müdiri, camaatın “raypo” dedikləri idarənin –
Azərittifaqın rayon şöbəsinin rəisi, raykomda ikinci katib, öz məktəblərinin
direktoru, kolxozlarının sədri və nəhayət üç kəndin – Qaragünnü, Gümüşlü və
Şotlanlı kəndlərinin sovet sədri.
Hamısına dözmüşdü şotlanlılar, təkcə
bu üç kəndin birləşdirilib bir sovet olmasına razı olmamışdılar... İllah da bu
vəzifəyə Kərimin qoyulmasına heç cür dözə bilmirdilər. Aradabir Gümüşlüyə
ismarış göndərmişdilər ki, gəlin, birləşək, raykoma şikayət edək, Kərimi
vəzifədən götürdək. Gümüşlülər buna getməmişdilər. Nədən ki, onlar Qaragünnülər
kimi dinc adamlar idilər, hətta onlarla dədə-babadan qohumçuluqları vardı, qız
alıb-qız vermiş, kirvəlik-şorbalıq eləmişdilər. İndi durub nə adla Kərimin
üzünə ağ olsunlar?
Adamın allahı var, Kərim də heylə
pis adam deyildi. Düzdü, yeməyinə kolxozun, dövlətin malın bir tərəfdən
xımır-xımır yeyirdi, amma nə olsun? Bal tutan barmaq yalayar. Kimi qoysan,
yeyəcək. Kərim isə həm yeyirdi, həm yedirdirdi. Bu “yedirdirdi” sözü hər mənada
yerinə düşür. O, həm sovetliyə gəlib-gedən hökumət adamını yemləyirdi, həm də
kəndlərin camaatına yaxşı baxır, dolanışıqlarının yaxşı olmasına çalışırdı.
Daha beləsinin üzünə niyə ağ olasan ki? Gümüşlülər bunu göz önünə alıb yelə
getməmişdilər.
Kərim rayonun təhsil şöbəsinin
müdiri olanda Bəxtiyar Vahabzadə, Fərman Kərimzadə, daha bir neçə şair-yazıçı məşhur
rus şairi Yevgeni Yevtuşenkonu da götürüb rayona gəlmiş, orada rayon fəallarıynan
görüşmüşdülər. Yevtuşenko şeir oxumuş, çıxış etmiş, sonra da birinci katibin də
iştirak etdiyi qonaqlıqda içib keflənmiş, elə kefli-kefli də demişdi ki, tez
olun mənə bir Azərbaycan qızı tapın. Bəxtiyar xahiş eləmişdi ki, Gena, nə olar,
bizi biabır eləmə, əgər dediyini eşidən olsa, səni burda doğrayarlar, biz də
zibilə düşərik.
Deyilənə görə, Fərman “ya xaçu
azerbaydjanskuyu babku” deyib zulum-zulum ağlayan rus şairinə usta bir şillə də
çəkmişdi. Onda məsələnin şişəcəyindən ehtiyatlanan katib üzünü Kərim kişiyə
tutub “Məsməliyev, bunu götür apar kəndinizə, qatıq içirt, kəklikotu çayı ver, yatsın,
səhər işıq-işığa bas maşına, yolla Bakıya” demişdi.
Kərim Məsməliyev bunu bir partiya
tapşırığı kimi qəbul etmiş, Yevtuşenkonu Bəxtiyarla birgə kənddəki evinə
gətirmiş, təzədən gecəykən süfrə açdırmış və eyhamla demişdi:
– Bizim camaat dinc camaatdır, amma
qonşu kənd var, Şotlanlı, onlar nadincdirlər. Bizimlə də qanlı-bıçaqdırlar. Elə
eliyək ki, səs-sədamız çıxmasın, yeyək-içək, yıxılıb yataq...
Rus şairi “Şotlanlı” sözünü eşidən
kimi dirçəlmişdi:
– Kak, kak, zdes şotlandı jivut? –
deyib onlarla görüşmək istədiyini bildirmişdi. Bəxtiyar müəllim bir təhər ona
başa salmışdı ki, bu Şotlan o Şotlanddan deyil.
Yevtuşenko butulkanı qucaqlayaraq
göz yaşı tökmüş, Yesenindən şeirlər demiş, içmiş, yenə şeir söyləmişdi:
Шаганэ ты
моя, Шаганэ!
Там, на
севере, девушка тоже,
На тебя она страшно похожа,
Может, думает обо мне...
Шаганэ ты моя, Шаганэ.
Qəfildən üzünü Bəxtiyar Vahabzadəyə
tutub demişdi:
– Nu, Baxtiyar, a kak vaşi adarili devku
k Yesenunu?
Bəxtiyar müəllim tarixdəki Mərdəkan –
İran məsələsini açıb Yevtuşenkoya danışmış, o qızın da erməni qızı olduğunu
bildirmişdi. Hinduşka kababıyla tut arağı içən Yevtuşenko onda bədahətən
demişdi:
Ya Gena, tı ni Gena,
Ya geni, tı ni geni.
Tı qavno, ya ni qavno,
Tı davno, a ya ni davno...
(Bu sətirləri Kərim kişi elə ayaq
üstəcə dəftərçəsinə yazmışdı).
Daha sonra rus şairi tut arağından bezib
demişdi ki, mənə şotland viskisi gətirin. (Bir az əvvəl Kərimin ağzından Şotlan
kəndinin adını eşitmişdi və yadında qalmışdı). Ona başa salmışdılar ki,
burda Şotlanlı adlı kənd var, amma şotland viskisi yoxdur...
Uzun sözün qısası, Kərim kişi
ömründə o gecəki kimi zibilə düşməmişdi. Səhərəcən rus şairinin keşiyini çəkmişdi
ki, birdən içkidən partlayıb ölər, düşər qana-xataya. Elə səhər işıq-işığa
Bəxtiyar Vahabzadənin sürücüsü ilə köməkləşib onu birtəhər maşına basıb Bakıya
yola salmışdılar. Gedhagetdə Bəxtiyar Vahabzadə demişdi:
– Çalışın, dünən baş verənlər haqda
söz-söhbət Bakıya gəlib çıxmasın.
Amma elə səhərin gözü açılan kimi
bərəni bağlayan Şotlanlının suçusu Qaragünnünün suçusuna demişdi:
– Ə, eşitdik gecə urus şairinin
yatağına arvad salmısıız, həylədi?
O da qayıtmışdı ki:
– Vallah, it oğlu ayağın dirəmişdi
ki, gərək bu gecə maa bir Şotlanlı qızı tapasıız...
Suçular beli götürüb bir-birinə
hücum çəkmiş, axşama yaxın o biri suçular ikisini də al-qanın içində sahədən
tapmışdılar. Üstündən iki gün keçən kimi suçuların ikisi də aldıqları dərin bel
yarasından ölmüşdü. Şairlərin gəlişi iki ailəni başsız qoymuşdu.
***
İndi durub neyniyəsən? Beşaçılanı
götürüb gedib o Şotlanlı kopayoğlunun başbiləni Rəsulun qarnını doldurasan
qırmayla? (Rəsul onun rəqibi idi. Qaragünnüdə bunun sözü nə təhər keçərliydisə,
Şotlanlıda da onunku heylə keçərliydi. Özü də Rəsul ondan düz on yaş cavan idi.
Bu da pis əlamət idi. Ən pisi isə o idi ki, Kərim kişi ölsə, yüz faiz yerinə
Rəsulu sovet sədri qoyacaqdılar. Ona görə də ayağını bərk dirəmişdi, ölməyi
ağlının ucundan da keçirtmirdi. Bu xaraba Qaragünnüdə isə axır vaxtlar kadr
qıtlığı idi. İçi Kərimin oğlanları, nəvələri qarışıq, bir dürüst, ağlı üstündə
kadr yetişmirdi. Babatı oğlu Teymur idi, Pələşcən fəhmi yoxdu). Bilsə ki,
bununla iş düzələcək, edərdi vallah. Amma yox, bunlar onun əvəzində kişinin bu
il ali məktəbə girmiş, bayaq it leşinə baxıb ağlayan yaraşıqlı nəvəsini
öldürər, heç uf da deməzdilər. Özü də bu qaçqın-köçkün günümüzdə bizə həyan
olmuş Muğan camaatını özümüzə güldürərik. Nömrəmiz də belimizdə! Nə qədər
yalvardım ki, ədə, a bala, “6 nömrəli kənd” nədi!? Qoy yazaq Qaragünnü,
dedilər, həşəbi xeybər, olmaz, yuxarının tapşırığı var, ancaq nömrəynən
olmalıdır, vəssalam...
Kişi nə düşündüsə, gedib
Şotlanlıların kəndinin – “7 nömrəli şəhərciy”in qabağında dayandı. Kəndin lap
girəcəyindəki ikimərtəbəli binanın qapısını döydü. Bir qadın çıxdı qapının
ağzına, kişini görən kimi təpəsi üstə qayıdıb girdi içəri. Az sonra başqa bir
qadın çıxdı və kişiyə tərəf götürüldü, onun ayağına düşüb hönkürdü:
– Allah, dədəm gəlib! Allah, itin
ollam... Dədə, qədəmlərinə mən balan qurban... Ay dədə, ay dədə...
Üüüüü-ühü-üüü...
Kişi qadının qolundan tutub
qaldırdı, sonra üzünü ona tutub dedi:
– Səməndər hanı?
Qadın şəfqətlə kişiyə baxıb bircə
anda kiridi və arı-duru səslə dedi:
– Əvdədi, televizora baxır...
İndi iş çətinləşdi. Qoy burdan
beləsini Kərim kişi özü danışsın.
Kərim kişi
...Bu qızımdır. Düz 25 il qabaq şotlanlıların
ən varlı-hallı, ən nüfuzlu ailəsinin – Səfərovların oğlu Səməndər mənim qızımı
qaçırtdı. İkisi də Bakıda APİ-ni bitirmişdi, elə bir məktəbdə də müəllim
işləyirdilər. Mən axmaq bu boyda yaxınlığı hiss eləməmişdim. Beləcə, qoşulub
Qafana – oğlanın xalasıgilə qaçmışdılar. Biz ora gedib çıxanacan iş-işdən
keçmişdi. Elə oradaca nikahlarını kəsdirmiş, gərdəyə girib ər-arvad olmuşdular.
Mən düz 25 ildir qızım Rəfiqə tərəfə üz də çevirməmişəm. Onu qızlıqdan
silmişdim...
İndi budu gəlmişəm onlara. Səməndər
əlində qoşalülə qapıya çıxdı. Məni silahsız görüb pərt oldu. Elə qapıdaca
quruyub qaldı. Pəncərələrdən uşaqlar – nəvələrim heyrətlə boylanırdılar. Nəsə
demək lazım idi. Və deyirəm:
– Səməndər, atan ölüb, allah rəhmət
eləsin. İndi sizin tayfanın ağsaqqalı sən sayılırsan... Elə şotlanlıların da
ağsaqqalısan... Səninlə danışmağa gəlmişəm...
Üzbəüz oturmuşuq. Bu yekəpər gədə ürək
eləyib mənə tərəf heç baxmır da. Buna görə mən onu rahatca müşahidə edə
bilirəm. Başı başdan çox tumbuçkaya oxşayır. Burnu kal Hadrut armududur ki,
durub. Qulaqlarını da elə bil kimsə dartıb uzadıb. Mənim suyuşirin,
gözəl-göyçək, təmiz-tarıx qızım bu öküzün nəyin bəyənib, bilmirəm? Eh,
qadınlardan heç fələk də baş açmaz. Qızım cəsarət edib bizə çay da vermir.
Nəhayət Səməndər ona him-cimlə başa salır ki, çay qoy... Çay gəlir, içmirəm.
Guya elçiliyə gəlmişəm, qızı verməsələr, çayı içən deyiləm.
Nəhayət, Səməndər göy gözlərini
fırladıb tamam ayrı bir səmtə baxa-baxa dedi:
– Kərim müəllim, sizi dinləyirəm...
Bir xeyli onun üzünə baxdım, baxdım
və bura niyə gəldiyimi tamam unutmuş kimi dedim:
– Mənim itimi öldürüblər...
Səməndər bir mənə, bir bayaqdan bəri
qapının ağzında quruyub qalmış arvadına baxıb bomboz sifətini əllərilə
ovxalayıb “eeeehhh” elədi və gülümsünməyə çalışdı:
– Kərim müəllim, siz dünyagörmüş
adamsınız... İndi it-filan zəmanəsi deyil axı... Biz əslində şəhər yerində
yaşayırıq... 6 nömrəli, 7 nömrəli kənd, şəhərcik... İtimiz də, pişiyimiz də,
var-dövlətimiz, qəbirlərimiz – hər zadımız erməniyə qaldı...
Mən boğuq bir səslə onun sözünə
qüvvət verdim:
– Hə, orası elədi. Özü də burda
qonağıq...
– Hə, qonağıq...
– Gəldim ki... deyim...
Heç nə deyə bilmədim. Dalısı
gəlmədi. Anladım ki, daha heç nə deyə bilməyəcəyəm. Mən əslində bura niyə
gəldiyimi bilirdim. Amma bu Şotlanlı kişisi, hansı ki, mənim oğlum yerindəydi,
üstəlik kürəkənim idi, mənə bu saat müdrik bir adam təsiri bağışlayırdı. Oturuşu-duruşu
ilə, ağır taxtalılığı ilə. Bir də artıq Şotlanlı adamlarının da dəyişdiyini,
elmə, maarifə qovuşduğunu sevinclə duyurdum. At oğrusu, mal-qara oğrusu, qız
qaçırdan, yolkəsən, adam öldürən bu tayfa əməllicə dəyişib Səməndərin və elə
həm də mənim qızım Rəfiqənin timsalında.
Ürəyim qəfil sancdı. Tappatap
döyünməyə başladı. Elə bil birdən-birə susadım. Rəfiqənin bayaqdan bəri
süzdüyü, soyuyub buza dönmüş çayı birnəfəsə başıma çəkdim və çıxıb getdim.
Simran
Babam arif adamdır. O gün məndən soruşur ki, xeyir ola
bir ayağın Şotlanlıdadır? Dedim, baba, orda tələbə yoldaşım var. Qayıdıb nə
desə yaxşıdır? Oğlandı, qız? Mən də almaz-salmaz dedim ki, qızdır. Əlini əlinə
vurub güldü, qəlyanını qullablayıb əlindəki ağacla həyətdə gəzişən hinduşkaya
birin çəkdi, quşcuğaz böyrü üstə yıxılıb çabalamağa başladı. Başa düşdüm ki,
kəsməsəm, murdar olacaq. Tez bıçağı çıxardıb qibləyə tutdum, başını üzdüm. Kişi
o ağacı elə bil hinduşkaya yox, mənə çəkmişdi. İnanın, neçə gündür belim
uzunasına göyüm-göyüm göynəyir. Mən neyniyim e? Kişinin qızı 25 ildir Şotlanlı
oğlana qoşulub gedib, mən indi dünyanın düz vaxtında sevdiyimdən əl çəkəcəyəm
ki, nə var, nə var, onlarla haçansa qan düşmənçiliyimiz olub?...
Keçən dəfə deyirəm ki, daha SSRİ də
yoxdur, soyuq müharibə də aradan qalxıb, dünya sülhə doğru gedir... Kişi
qayıdıb mənə nə desə yaxşıdır? “Ə gədə ey, dilini fərəqat qoy! Ağzına gələni
danışma”. Neynəyəsən belə adamlarla? Düzdür e, babam bizim hamımızın
başbilənidir, hətta Bakıda belə, onun adını çəkəndə hamı ehtiramla danışır
Kərim Məsməliyevdən. Hətta bir fəlsəfə müəllimimiz vardı. Familiyama baxıb:
“Dayan, dayan, sən Qaragünnü Kərim Məsməliyevin nəvəsi döyülsən ki?” deyib
“Bəli” cavabını eşidincə, dərsin yarısını babama həsr eləmişdi. Mən onunla fəxr
edirəm. Amma... bu itin nə günahı vardı, hə?! Onun küçüklüyünü düz on il qabaq
mən yerli camaatdan bir hinduşkaya almışdım. İt deyildi, adam kimi dil bilirdi.
Bir dəfə Rəsulun adamları, yəni bu Şotlanlılar bizim sürüyə girib qoyun aparmaq
istəyiblər. (Axı babamın bir az aralıda fermer təsərrüfatı var.
Çobanlarımız, itlərimiz sürüynən qoyunlarımıza, mal-qaramıza baxırlar)
Pələş onların üstünə nə təhər cummuşdusa, hamısının şalvarının dalını para-para
eləmişdi. Həmin gün babam bir quzu kəsdirib yarısını Pələşə, qalanını da o biri
itlərə atdırmışdı.
Pələşin sədaqətini, qorxmazlığını
görən babam onu çobanların yanından qapımıza gətirmişdi. Son vaxtlar qapımızı
qoruyurdu ki, axırı da belə oldu.
Müəllif
Kərim kişi beş gün sonra öldü.
Yan-yana düz beş mağar qurulmuşdu. Muğan düzü hələ belə yas görməmişdi.
Bakıdan, ayrı-ayrı rayonlardan gələn maşınların sayı-hesabı yox idi. İlk dəfə
olaraq Qaragünnü yasına Şotlanlı camaatı da gəlmişdi. Səməndər Kərim kişinin
oğlanları ilə qabaqda durur, gəlib-gedənə yer göstərir, başsağlığı verib
gedənlərə dil-ağız edirdi...
İçəri otaqdan Kərim kişinin
kostyumunu, paltosunu, qaragül papağını araya açıb ağlayan arvadların ağısı
eşidilirdi. Arada qəhərli-qəhərli ağı deyib ağlayan isə dul Şəmsiyyə idi. O
“Dullara arxa duran, yetimlərin qarnın doyuran, korların gözü, çolaqların ayağı
olan Kərim dayı heeeeeeeyyyyyy!” deyəndə çöldə Simran hönkürüb ağlayır, başını evin
divarına çırpırdı.
Bir ay sonra qaçqın-köçkünlərə baxan
komitənin işçiləri Şotlandiyadan gəlmiş bir dəstə qonağı 7 nömrəli qaçqın
şəhərciyinə gətirmişdilər. İndi sovet sədri olan Səməndər müəllim onların
televiziyasına müsahibə verəndə demişdi:
– Bu sadəcə bir səs oxşamasıdır.
Sizin ölkənizin adı Şotlandiya, adamlarınız da şotlanddır. Bizim kənd isə
Şotlanlı kəndidir, sonda “d” yoxdur. Bizim kəndin həndəvərində belə yer adları
çoxdur: Şotarız, Şomunlu, Şumlu... Heyf ki, sizə oraları göstərə bilmirik.
Ermənilər işğal edib bizim rayonu, kəndimizi... Bizim Şotlanlının o üzündəki
kənd isə Soltanlı idi... Yəni belə oxşarlıq olur həmişə...
Televiziya müxbiri tərcüməçinin
vasitəsiylə başa salmışdı ki, burada bir it qəbri var deyirlər, şotland
cinsiymiş o it. Məni onun qəbrinin üstünə aparın.
(Doğrudan da,
Simran itin qəbrinin üstünü özü götürmüş, baş daşı kimi bir ağ daşdan it
heykəli düzəldib, baş tərəfə bitirmişdi).
Şotlandiyadan gələn müsafirlər itin
qəbri üstündə xeyli əlləşmiş, axırda Səməndərə “sənkyü” deyib çıxıb
getmişdilər.
Düz bir ay sonra Şotlandiyanın
paytaxtı Edinburqda yayımlanan televiziya kanallarından birində “Qafqazda kiçik
Şotlandiya” adlı veriliş vermişdilər. Simran danışırmış ki, öz gözüylə baxdığı
verilişdə Şotlanlı camaatını haçansa Şotlandiyadan köçüb gələn şotlandlar,
itlərini isə şotland cinsli “doq” adlandırmışdılar.
...Yalançılar sözü, deyir bu
əhvalatdan sonra Pələşin qəbri ortadan çat vermişdi.
10.12.2013
Yorumlar
Yorum Gönder