AZAD QARADƏRƏLİ ƏSTAL hekayə
ƏSTAL
hekayə
“
Amin.
Mən iki
poema öldürmüşəm.
Doğurmadan dəfn
etmişəm.
Sən necə də oğlunun
şıq gəzməyini,
Düz
yeriməyini istərdin!
-Qalx, ana,
mən iki poema öldürmüşəm...
Rəhmət diləməyə,
goruna and içməyə
Əbədi
xatirə olsun deyə...”
A.Voznesenski
“ Sındırırlar qapını. Basırlar, mən bu üzdən
var gücümlə saxlamağa çalışıram, qapının bir
taxtası qopur, oradan, yarıqdan
onları görürəm.
Sir-sifətlərindən qatillik yağır.”
Sabir Əhmədli, “Kef” romanından.
“Birinci cümlə necə
idi?”
Neçə müddət idi
ki, bu suala cavab tapa bilmirdi. O, uzun illər ilk
cümləni necə başlamağın əzabını çəkirdi. Yazı
beynində hazır olsa da, o zəhirmar
birinci cümlənin ucubatından əyləşib
yaza bilmirdi. Yazmırdı, yazmırdı, bir də görürdü ki,
həvəsi içində ölüb.
Ona
belə gəlirdi ki, yazı prosesi, əsas
da nəsr, itin, pişiyin kürsəyə gəlməsi
kimi bir şeydi. Kürsək
vaxtı o heyvanlar bu dünyayla
deyil, tamam ayrı bir dünyayla bağlı
olurlar. Yazı adamı da belədi. Gərək həmin o
vaxtı əldən verməsin...
...Yadına uşaqlıqda gördüyü bir əhvalat
düşdü. Aprelin axırları idi.
İydə çiçəklərinin, qızılgüllərin ətri
bağı-bağatı başına götürmüşdü. Dostu Nadirlə
Cuqqanın bağı deyilən yerdən adlayıb mərəvçə (onların kəndində qulançara
belə deyirdilər) yığmaq üçün Qəlbi kövşənə
gedirdilər. Yoncalığa çatmışdılar
ki, bir dəstə it süpürləşə-süpürləşə təpildi bağa. Nadir it ölüsü idi
deyə, it xılına tərəf cumdu. İtdən
qorxsa da, istər-istəməz o da Nadirin dalınca
bağa girdi.
Ona yaxın it
haradansa gəlib çıxmış bir qancığın üstünə tökülüşmüşdü.
Amma İsfəndiyar dayının Pələşi
qancığı nə təhər qamarlamışdısa, o
biri itlərə bir-birinə kərkinmək və qapışmaq
qalırdı. Qəribəsi bu idi ki, artıq Pələş özü də qancıqdan
aralanmaq istəyirdi, amma nə qədər çalışsa
da, qancıqdan qopa bilmirdi, ya da qancıq onu
buraxmırdı.
Nadir gülməkdən qəşş eləyərək əyilib
Pələşlə qancığın cütləşməsinə baxır və deyirdi:
-Ə, bınnar
kayfdadılar ki!
“...Bəs
birinci cümlə necə idi axı?...”
...Cəmi dörd
makina səhifəsi həcmində olan həmin hekayə artıq çapa
hazırlanırdı. Sabir Əhmədov “Əstal”ı (hekayə belə
adlanırdı) o
ki var tərifləmişdi. Sevinə-sevinə demişdi
ki, bu sənin bizdə çap
olunan üçüncü hekayəndir. Yavaş-yavaş keç
povestə, romana. Genişliyə çıx...
Uça-uça qayıtmışdı
rayona.
Hər həftə əlləri əsə-əsə “Ədəbiyyat
və incəsənət” qəzetini açar, hekayəsini
görməyib məyus olar, gələn həftəyə kökləyərdi özünü.
Aylar ötdü, “Əstal” çıxmadı ki, çıxmadı. Axırı dözməyib durub gəldi Bakıya.
Qatardan düşüb bir baş Avakyan küçəsinə (o vaxt belə
adlanırdı) - qəzetin
doqquzuncu mərtəbədəki redaksiyasına yollandı.
Sabir
müəllim onu həmişəki
kimi gülərüzlə qarşılamadı.
Hekayənin indiyəcən görmədiyi,
səhifənin bir üzündə çap
olunmuş qəzetçilərin diliylə desək
“ottisk” variantını sərdi
masanın üstünə. Qırmızı rəngli qələmlə xətt-xətt olmuş yazını iri əlləri ilə sığallaya-sığallaya
dedi:
-Təzə baş
redaktor qoymadı çap olunmağa...
Boğuq səslə soruşdu:
-Niyə?
-Deyir antisovet hekayədir...Tanıyırsan
onu?
-Kimi?
Kişi
hirslə:
-Nə
kimi?! Şairi deyirəm də...
Sabir müəllim
elə bil qocalmışdı.
Romanlarında yerlə-göylə əlləşən bu
kişi elə bil gücdən düşmüşdü. Siqaretini səliqə ilə sümürüb gülümsəməyə çalışdı, əlini
saçına çəkib
dedi:
-Fikir eləmə, mən belə şeyləri çox görmüşəm...
Sonra Sabir müəllim
daha nələrsə danışdı. O isə onun dediklərini eşitmirdi.
Gözünü qıpqırmızı rəngə boyanmış birüzlü qəzet səhifəsindən ayıra
bilmirdi. Qulağına bıçaq səsləri gəlirdi...
...Avakyan küçəsi,
Azərbaycan nəşriyyatı, təzə baş redaktorun - şairin
kabineti. Masanın üstündə ucu enli perolu “kitayski”, ”sovetski” qələmlər
bircə anda dönüb ovxarlanmış bıçaqlara,
mişarlara, dəhrələrə,
baltalara... çevrilirlər.
Şair ən iri
“bıçaq”lardan birini götürüb “Əstal”a
yaxınlaşdı. Masanın üstünə uzadıb başladı kəsməyə. Qan
vərəqlərdən sıçrayıb onun üzünə,
oradan da Sabir müəllimin ağ köynəyinə sıçradı.
Sabir müəllim dözmədi:
-Adını da şair
qoymusan...O xırdaca hekayəni niyə o
boyda qələm... eee... bıçaqla kəsirsən?
Şair
isə bağıra-bağıra hekayəni qol-bud eləyirdi:
-Dayan görüm, ə! Mən bu
məqamda şair-filan döyüləm...
Mən indi Kamçatkadan Kalininqradadək böyük Sovet elinin
məmuruyam! Qoymaram dana otaranın biri
onun qanunlarına rişxənd eliyə! Bını elə doğram-doğram
eliyim ki, yerində bir hərf nədi, heç vergül də qalmasın!
Xırhaxır xırıldayan
kəsik başın çıxardığı səs bıçaq-mişar səslərinə, ”kitayski”, ”sovetski” peroların dəftər üstə çıxardığı səslərə qarışıb
onun beyninə dolurdu...
...Əlləri əsirdi.
Yıxılmamaq üçün Sabir müəllimin
pencəyinin ətəyindən tutdu. Qan onun üzünə, sinəsinə yayılırdı.
-Ə,
Sabir, ə bura gəlin... Bu uşağı qan
apardı axı...
(Burada onun özündən başqa üç
Sabir işləyirdi.)
...Dodağı iki
yerdən partlamışdı. Qan
dayanmaq bilmirdi. Həkim buz qoydu, dərman
içirdi. ”Stressdəndi”,-
deyib bir iynə də vurdu. ”Qanın gec laxtalanandır,
hansı məşğuliyyət səni bu günə salıbsa, ondan gen qaç”,-
deyib bir qırmızı onluğunu aldı və soruşdu:
-Bəs
indi mən bura nə yazım?
Hadisəyə səbəb nə göstərim?
-Yazın ki,
it tutub.
Ağlına gələn
cavabdan çox məmnun olmuşdu.
...Hekayə
ortadan yadında qalmışdı. Cəmi dörd
makina səhifəsinin birinci, ikinci səhifələrini
elə bil yaddaşından
siləcəklə silmişdilər. (Siləcəyi adətən məktəbdə qızlar
düzəldərdilər. Bambazı parçanın içinə yun,
yaxud pambıq yığar, qıraqlarını səliqə ilə tikərdilər. Bəzi qızlar hətta eləməyib tənbəllik, qırağına naxış da salardılar.
Bu da riyaziyyatdan dərs deyən Telman müəllimi hövsələdən çıxarardı:
”Yazmağa can çəkirlər, pozmağa naxış salırlar”.)
Diktofondakı lent yazısını bilərəkdən,
yaxud bilməyərəkdən pozan kimi... Hə, axı o
indi radio işçisidir. Lentin birini işlədir,
o birini onun üstünə yazır, yəni
pozur. İnsafən, o heç pozmur, yenisini yazır,
sadəcə olaraq avtomatik pozulma baş
verir. Bir dəfə başına qəribə bir iş gəlmişdi...
Məşhur
bir cərrahdan müsahibə alırdı. Bu
yerə-göyə sığmayan ağsifət,
toppuş kişinin belə şeylərə sərf edəsi
vaxtı olmasa da, saqqızını oğurlayıb
birtəhər razı sala bilmişdi.
Kabinetə ayaq
basanda onu ilk qarşılayan iri gözlü, yekəbaş bir
it oldu. ( Yenə it! ) Kəndlərindəki Pələş
boyda idi. Fərqləri o idi ki, Pələşin
qulaqları kəsilmişdi, bununki yerində idi.
Hərdən başını qaldırıb mırıldanırdı. Diktofonu işə salanda yarıkönül “bəlkə
iti...” deyə mızıldansa da, həkimin narazı baxışlarını görüb xırp kəsdi.
Axırı da o oldu ki,
iki cümlədən bir it hürdü, özü də cərrahın sözləri ilə üst - üstə...
...Çıxışı təmizləyən
operator qıza
“itin səsini montaj eləyib
atarsan” deyib girmişdi studiyaya. Qız gözünə döndüyüm də (təzə işçi idi) eləməyib tənbəllik,
itin hürüşün saxlayıb, cərrahınkını
pozmuşdu.
...Birinci
cümləni tapa bilsə, qalanı yadına düşəcək.
Tapa bilsə...
...Yenə atırdılar.
Amma bu dəfə ayrı cürdü məsələ. Qrad susurdu, top başlayırdı, top
susurdu, tank başlayırdı. Xəbər gəlirdi ki, mühasirə
halqası yavaş-yavaş daralır. Rayonun diribaşları için-için
evlərini çıxarmışdılar. Onun da üstünə adam
salmışdılar ki, evdən yatacaq- filan çıxarsın.
Razı olmamışdı. ”Mən bu rayonun yeganə yazıçısıyam”,-
demışdi: - “Mən evimi çıxarmağa çıxardaram, bəs
torpaq necə olsun?”
Minnətə gələnlər başlarını
bulayıb getmışdilər. ”Bəlkə əlyazmalarımı..?”
Beynində dolaşan bu qəfil sualı da
qovmuşdu. ”Torpağın yanında
heç nəyin dəyəri yoxdur...”
Beləcə,
rayon işğal olunanda quruca canlarını görürüb çıxmışdılar.
Hər şeyi qoyub gəlmişdi - əlyazmalarını da,
içi “Əstal” qarışıq...
...Yenə həmin
bina, həmin redaksiya, fəqət
indi baş redaktor Sabir Əhmədli özüdür.( İndi
soyadını belə yazırdı. )
Camaat əmisgilə, dayısıgilə, qardaşıgilə gedər, o
da durub Sabir müəllimin yanına gəlib...
özü də əliboş.
Sabir müəllim
ondan çox şey soruşdu, o da həvəssiz-həvəssiz
danışdı. Sabir müəllim qəfildən
dedi:
-“Əstal”
yadındadı?
-Əvvəli
yadımda deyil. İllah da birinci cümləsi
tamam silinib yaddaşımdan. Ortadan qalıb yadımda...
“...Qış qəhər gəlmişdi. O
qədər qarlamışdı ki,
tövlələrin qapısını açmaq
olmurdu.Yem tükəndiyindən kişilər növrəs böyürtkənin (böyürtkənin yarpağı çox,
tikanı az olan növünə belə
deyirdilər) qarını təmizləyər , oraqla biçib heyvana tökərdilər.
Onda mənim 12 yaşım vardı.
Babama çöl işlərində əl tuta bilirdim. Həmin qəhərli qış günündə
babam iki iri çuvalı eşşəyin üstünə atıb məni də özü ilə götürdü. Babam qabağa düşdü, qarı
yara-yara Səvəcir meşəsinə tərəf yollandıq. Buna yollanmaq demək
olmazdı. Nədən ki, yol-riz yoxa çıxmışdı. Elə bil
hər tərəf ağ şalla örtülmüşdü. Yox, ağ yox, bu ağ rəng
deyil ki! Bu qar rəngidir; kədərli,
vahiməli. Qəribədir, kəndimizdə çox
sevdiyim bu qar, meşədə əsl vahimə, qorxu yaradırdı.
Adama elə gəlirdi ki, hər yeri basıb-bağlayan
bu göy cismi indi
bizim də üstümüzü örtəcək. Əslində mən də, babam da, qara eşşəyimiz
də ağappaq idik, amma hərəkət etməyimizdən
bilinirdi ki, qarın hələ bizə gücü çatmayıb.
Nəhayət, Səvəcirə çatdıq. Bu
meşədə palıd, vələs, (bizdə ulas
deyirlər ) vən, yemişan, saqqız,
qarağac, bir sözlə, hər cür ağac
vardı. Amma ən çox
palıdlıq idi bura.
Babam
cibindən kağız, kibrit çıxarıb
kolların arasından yığdığı quru ot-ələf və çör-çöplə ocaq
qaladı. Sonra yanından asdığı dəsmaldakı
pendir-çörəkdən hərəyə bir dürmək yedik. Babam iri palıd ağacını göstərib
dedi:
-Çıx bu
ağaca, amma ehtiyatlı ol,
sürüşüb yıxılmıyasan. Bərk-bərk
budaqları silkələ ki, qarı tökülsün.
Təpikləyib
qarı tökdüm və gözlərimə inanmadım. Qarı tökülən
budaqların üstündə yamyaşıl yarpaqlar görünürdü.
Fevral ayında palıd necə
yarpaqlaya bilərdi?
-Bu nədi,
ay baba? Mən heç belə palıd yarpağı görməmişəm.
-Sən belə elə...
Danışmağı sonraya saxla. O budaqları əlinlə qır, tök yerə.
Qorxma, kövrəkdi, öz-özünə qırılasıdı.
Bir palıdda nə qədər yaşıl
budaq var idi? Amma elə əlimi atan kimi qopub düşürdülər yerə. Növbəti
qanada çıxanda hiss elədim ki, iri palıd
qanadı dibindən qopur. Qurumuşdu
deyəsən. Babam qanadın şaqqıltısını eşidib
qışqırdı:
-Yavaş, a
bala! Yadımdan çıxmışdı deyəm... Bu bitkinin adı əstaldı. Düşür palıdın
budağının üstünə, sümürür, ağacın canını alır, qurudur. Palıd
quruyur, əstal göyərir. İndi bax, o çıxdığın
qanadı da qurudub, Gözlə, yıxılarsan.
Bir az
aralıda bir palıd böyrü üstə
uzanmışdı. Amma bu quruyub yıxılmış ağacın üstü
yamyaşıl əstalla dolu idi.
Çuvalları
doldurduq. İki bağ da ayıboğanla bağlayıb
qoyduq çuvalların arasına.Yol
boyu babam danışırdı:
-Bu əstal
ki var, çox yağlı olur. Palıdın şəhdini,
şirəsini sümürür axı... Heyvanları yaman kökəldir...
-Kolxoz sədrimiz
kimi,- mən belə dedim, babam təəccüblə dönüb mənə baxdı:
-Nə?!
Yol boyu
daha bir kəlmə də kəsmədik...”
... ( Anam rayon sovetinin deputatı idi.
Hər il xırman
komissiyonunun sədri olurdu. Beş-altı tayını da
bizə verdikləri kolxozun o boyda taxılının yarıdan çoxunu
anamın qolu ilə satdırırdı sədrimiz.
Babamın bu yekəqarın kişidən xoşu gəlməsə də o beş-altı taya görə susurdu. İndi mənim sözümə təpkisi
o səbəbdən idi. )
...-Sən “Əstal”ı gör təzədən
yaza bilsən, yaz gətir, çap
eliyək.
İndi “Əstal”
hayında deyildi. Amma neyləsin
Sabir müəllim, bir söz deməli
idi, ya yox...
Bircə anda
yenə gözlərinin qabağını qan
tutdu, təzə baş redaktor, onun kabineti, bıçaqlar,
”Əstal”ın doğranması, qan fışqırtısı...
Sonra top səsi, tank səsi, qrad səsi...
Meşədə qar vahimə doğuran
kimi qan vahiməylə basırdı hər tərəfi... Elə bil göydən qar
əvəzinə qan yağırdı...
...Üzünü
tutub otaqdan tülyan çıxdı. Deyəsən, hansısa damarı
partlamışdı; qan şırhaşır içinə axırdı.
Zəngilan-1978,
Bakı-2008

Yorumlar
Yorum Gönder