AZAD QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 13-CÜ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
AZAD
QARADƏRƏLİNİN ƏSƏRLƏRİNİN 13-CÜ CİLDİ ÇAPDAN ÇIXMIŞDIR
Yazıçı
Azad Qaradərəlinin əsərlərinin 13-cü cildi çapdan çıxmışdır.
Bu
cildə müəllifin “Morqda karantin” romanı və bir neçə hekayəsi daxil edilmişdir.
Cilddə
yer alan “Morqda karantin” romanı “Morq çiçəkləri”nin davamı kimi qələmə
alınıb. Uşaq xəstəxanasının morq şöbəsində yaşayan məcburi köçkünlərin
acınacaqlı həyatı azmış kimi, bir yandan da koronavirus pandemiyası yayılır və
karantin elan olunur. Yazıçı, baş nazirin müavini Rüzgar Metenin ailəsinin,
yaxınlarının paytaxtı tərk edərkən karantinə düşmələri, uçub-dağılmaqda olan
bir qədim karvansarada gecələmələri, bu zaman baş verən mistik hadisələr,
qorxunc vaqeələr oxucunu alıb aparır. Əsərdəki hər iki xətt bir-biri ilə əlaqədardır
– məlum olur ki, Morq məhəlləsində yaşayanların bir çoxu elə Rüzgar Metenin
qohumları imiş.
Roman
bitəndən az sonra edebiyyat.az saytında hissə-hissə yayımlanmış, haqqında bir
neçə məqalə çap olunmuşdur.
Kitabdakı
hekayələrin də mövzusu koronovirus pandemiyası günlərində baş verən hadisələrdən
qaynaqlanır. Burada da qəribə hadisələr, pandemiyanın yaratdığı mistik aura
oxucunu tanış mənzərələrlə qarşılaşdıracaq. “Kaşğarlının göz yaşları”, “Göyərçinlər
və qarğalar” hekayələrində əski zamanlardakı pandemiya ilə günümüzdəki
koronavirus qarşılaşdırılmış, insanın zaman-zaman təbiətin sınağına çəkilməsi
ön planda verilmişdir.
Bu
cildə daxil olan “Arəstə” uzun hekayəsində isə 44 günlük savaşda 3000 şəhidin
yeganə bacısı Arəstə Baxışovanın döyüş yolundan bəhs olunur. O da maraqlıdır
ki, Arəstə və onun qardaşları məhz pandemiya şəraitində düşmən üzərinə yeriyərək
torpaqlarımızı yağılardan azad etdilər.
“Yazıçı gözü, yazıçı sözü” rubrikasında isə müəllifin
koronavirus pandemiyası günlərində bu təhlükəli virusa yoluxması, ona qarşı
mübarizəsi və bu təcrübənin qələmə alınması əksini tapmışdır.
Qanun nəşriyyatında işıq üzü görən yeni
cildin redaktoru Vaqif Osmanlı, rəssamı Sehran Allahverdi, tərtibçisi Türkan
Azadqızıdır.
Kitabı
yaxın günlərdə Milli Kitabxanadan (əski M.F.Axundov adına kitabxana), AMEA-nın,
ADPU-nun (əski APİ), Folklor İnstitunun, Xəzər Universitetinin, Zəngilan
rayonunun Mərkəzi kitabxanalarından əldə edib oxumaq olar.

Yorumlar
Yorum Gönder