AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman

 

             AZAD QARADƏRƏLİ 

             BAŞ NAZİRİN FRAKI

                                   roman

 

 

 


 

                                Allahım, ilk öncə dağa, daşa ver, ormana, heyvanlara, suya ver. Ondan sonra  

                              insanlara, qapı qonşuma, möhtac olana ver. Qalarsa, ən sonda mənə ver...”

                                                                                                                (Əski türk dualarından)

 

 

                                                                                 ***

 

                                   “Münəccimbaşı ərz elədi ki:

                                     -Qibleyi-aləm sağ olsun, bu övqat kəvakibin seyrindən  belə məlum olur ki,  

                                     Novruzdan on beş gün keçmiş  Mərrixin Əqrəb  ilə  iqtiranı vaqe olacaq və bu 

                                     qirani nəhseynin təsiri budur ki, məşri-zəmində və bittərcih mülki-İranda sahibi-

                                     səltənətin vücuduna sədmeyi-üzma yetişəcəkdir. Buna binaən mən  ki, asitaneyi-

                                     səniyyənin müxlis və cansipar bəndəsiyəm, özümə vacib bildim ki, bu keyfiyyəti  

                                     piş-əz-hadisə qibleyi-aləmə məruz edim.”*

                                                                                            (M.F.Axundov “Aldanmış kəvakıb”)

 

 

                                                                                   ***

 

 

                         “İnsanın imkanı ilə arzusu bir olsaydı, dünya çoxdan düzəlmişdi...”

                                                                                                                       Yazıçının cib dəftərindən

             

           

 

 

 

----------------------------------------------------------------------

*Bu variant bloqumda hissə-hissə yayımlanarkən bəzi texniki əlavələr etməli oldum. Məsələn, romanı bölümlərə ayırdım ki, oxu zamanı rahat izlənilə bilsin. (Müəllifin əlavəsi)

*Anlamı:

 “Münəccimbaşı dedi ki:

  - Qibleyi-aləm sağ olsun, kəvakib seyrindən belə məlum olur ki, Novruzdan on beş gün  keçmiş Mərrixin Əqrəb ilə toqquşması nəticəsində Şərqdə, xüsusilə İran mülkündə bir  səltənət sahibinin vücuduna böyük bir sədəmə yetişəcəkdir. Buna görə də şahın sədaqətli və fədakar bəndəsi olduğum üçün, bunu hadisə başlamazdan əvvəl xəbər verməyi özümə     

borc bildim...”

 

  



 

YEDDİNCİ  BÖLÜM

 

 

 

            -25-

 

                                                          

            Kitabxanaçı gedib. Naziri, nazirliyin kitaba, kitabxanaya baxan şöbə müdirini, Kitabxana Kollektorunun müdirini polislər itqustu gətiriblər. Ayağa qalxıb bu adamları döyməkdən özümü güclə saxlayıram. Artıq məsələdən hali olan nazir nələrsə danışaraq özünü sığortalamaq istəyir:

            -Bizə Nazirlər kabinetindən ixtisarla bağlı ilin əvvəlindən məlumat daxil olub. Amma biz neçə ay idi ki, bunu gecikdirirdik. Yalnız ixtisar olunanların maaşının kəsiməsi ilə bağlı məsələ ortaya çıxanda bu addımı atmağa məcbur olduq... O ki qaldı kitabın maşınlara doldurulmasına... Bizim... Bizim...

            Əlimi masaya çırpıb qəşqırıram:

            -37-ci il olsaydı, uf demədən özüm sizi güllələyərdim! Gedin, yazın ərizənizi! Kitab düşmanları!

 

            ...Qulağıma hardansa yanıqlı ney səsi gəlir...

            Sonra dördnala çapan at ayaqlarının səsi...

            Və çox pəsdən Hacıbaba Hüseynovun səsinə bənzəyən tökmə səslə oxuyan xanəndənin adamı dəlib keçən sözləri:

            Qamış səslənincə “ney oldum”, sanır,

            İplik gərilincə “yay oldum” sanır.

            Sarayda oturmaqla padışah olmaz kişi,

            Aptal ata minincə “bəy oldum”, sanır...

              

                                               ***

 

            ...“El kişi yoxdur. Yolda mən ondan şübhələnmişdim. Yaşı yetmişin üstündə olsa da, axı onun da qadını yoxdur. On il olar ki, ömür-gün yoldaşı dünyasını dəyişib. Bu obaya o bizdən daha həvəslə gəlirdi. Bax, indi bizimkilərin arasında şayiə gəzir ki, deyəsən, Ellə (Eldarla) Hə (Həcır) alışıb-verişiblər. Gör neçə saatdır Həcərin evində ikilikdə oturublar, heç kim bilmir ki, orada nə edirlər? Mən Zenin düyməsini basır və ona sual ünvanlayıram:”Ze, səncə El dayı ilə Hə orada nə edirlər?”

            Ze bir qədər “fikrə gedir.” Yəqin ki, onlar haqqında aldığı hazır məlumatları sərf-nəzər etdikdən sonra yazır:”Ellə Hə artıq evlənmək haqqında qərar qəbul ediblər. Yalnız bir məsələdə qərara gələ bilmirlər. El deyir, bizim şəhərə gedək, Hə isə israr edir ki, ya bu obada qalaq, ya da aşağıda xaraba kəndlərin birinin ərazisində yeni yaşayış massivi salıb yaşayaq. Hələlik, qərar qəbul edə bilmirlər.”

            Sevinirəm və bu şad xəbəri Yetə də çatdırıram.

            O biri dostlarımız da, Ze istisna olmaqla, hərəsi özünə bir xanım tapa bilib. Düzü, bu işin belə asanlıqla düzələcəyini güman etmirdim. Amma təbiət özü hər şeyi nizamlayır. Kişiyə qadın lazım olduğu kimi, qadına da kişi lazımdır.

            “Olub e belə şey. Əksəriyyəti qadınlardan ibarət böyük bir ordu ilə düşmən üzərinə qurd kimi cuman Tomris xatunun əsgərləri!”

            Yetin maraqla mənə baxdığını görüb, bu tarixi rəvayəti həvəslə danışmağa başlayıram...

            ...Eradan əvvəl Saka, yaxud İsket türklərinin başçısı Tomris xatun idi. Əri öldükdən sonra ölkənin başına keçən Tomris onun bir ucu Orta Asiya, bir ucu Şərqi Avropa, bir ucu da Qara dənizin sahillərinəcən uzanan Saka imperiyasının torpaqlarına göz dikən İran şahı Kirin qoşunlarına qarşı mərdliklə vuruşurdu. Hiylə ilə oğlu Sparqapı zəhərləyib öldürən Kirə qarşı daha böyük qəzəblə vuruşan Tomris and içərək demişdi:”Ey Kir! Sən qana susamısan. Günəşə and içirəm ki, səni qanda boğacağam!”

            Kişi döyüşçülərin çoxu uzun sürən savaşda həlak olan Saka ordusunda 13 min əsgərdən 9 mini qadın idi. Antik yunan tarixçisi Herodot bu igid qadın döyüşçüləri amozonlar adlandırırdı. Sayca qat-qat az olan bu ordu Kirin 100 minlik ordusunu Qurd oyunu və Aypara taktikası ilə məğlub edə bildi. Tomris xatun Kirin başını kəsərək qanla dolu tuluğa saldı və dedi:”Sən qana susamışdın! Nə qədər istəyirsən iç!”

            (Yadıma bir maraqlı söhbət düşür. Yazıçı babam romanlarının hansındasa belə bir şey yazmışdı. “Alman dostum Mikael Herhart – o mənim bir hekayəm haqqında özünün Almaniyada çıxan kitabında geniş bəhs etmişdi – Bakıda olanda görüşüb söhbət etdik. Söz sözü çəkdi və necə oldusa mən bizim ellərin mərd qızı, İskit xaqanı Tomrisdən bəhs etdim. Onun İran hökmdarı Kirin başını kəsməsindən – sonralar rusların Azərbayvana başçı göndərdiyi Kirovun soyadının da Kirdən qaynaqlandığını deyəndə dostum çox duyğulanmışdı – bəhs edəndə o, qəribə tərzdə qımışaraq dedi ki, Drezdendə Tomrisin heykəli var, əlində də Kirin kəsilmiş başı və bu xəbərdən bu dəfə də mən çox duyğulandım və sosial şəbəkəni ələk-vələk edərək o heykəlin fotosunu tapıb uzun müddət tamaşa etdim. Həmin foto kompüterimin ekranında indi də durur.”)

            Yetin gözləri yaşarır. Mən onu güldürmək üçün deyirəm:

            -Yet! Sənin Obanın başçısının adı Hə, sənin adın isə Yetdir. Yəni “hə” deyənlərin köməyinə “yet”ənlər gələr! Biz də sizə yetmək üçün özümüzü yetirdik!

            Qız gözü yaşlı halda gülür. Mən daha qəribə bir faktı da söyləyib onu təəccüblədirirəm.

            -Yet, 1920-ci ildə ruslar Azərbaycanı iğal edəndən bir qədər sonra ölkəmizin başına bir rus gətirirlər. Onun adı Sergey, atasının adı Miron, soyadı isə Kirov idi. Bilirsən bu Kirov nə demək idi?! O həmin rəvayətdəki Kirin adını özünə  soyad kimi qəbul etmişdi. Baxırsan,  düşmənlərimiz fərqli ölkələrdəndir, amma bizə qıcanan diş necə də oxşardır!

            Təxminən, bir saatdan sonra Hə ilə El evdən bayıra çıxırlar. Meydanın ortasında ağacdan qurulmuş bir hündür yer var ki, onlar həmin yerdəki masalara əyləşirlər. Hə Ellə astadan nəsə danışır və ayağa qalxır:

            -Qardaşlarım! Bilirsiniz ki, bu söz vaxtilə qadına da, kişiyə də müraciət forması olub, ona görə sizə belə müraciət edirəm. Qardaş, yəni bir qarında yatanlar anlamındadır. Bizdə bu qəbul olunmuş formadır. Çünki bu obada hamı bərabərdir, qazancımız ümumidir, mənafeyimiz də ümumidir... Amma bir şey var ki, o heç vaxt ümumi ola bilməz. Bu, ailədir, evdir, qadın-kişi münasibəti, oğul-uşaqdır. Bilirsiniz ki, mən bura gələndə hamilə idim və məndən sonra bu yerlərin ikinci sakini bətnimdə gətirdiyim uşaq olub. O indi sizin bir çoxunuzun müəllimi olan Nuraydır. Evimi, ocağımı ona əmanət edirəm.

            Çox uzatmayacam: biz Eldar kişi ilə qərar verdik ki, evlənirik! Sizlərin də hansınızınsa bu yerdə qalan altı gənclə evlənmək istəyinə qarşı çıxmayacam. Seçim özünüzündür. Kim harada istəsə, yaşaya bilər. Onsuz da səsvermənin nəticəsi də müsbətdir. Amma bir şərtim var. Buradan gedənlər söz verməlidilər ki, ən azı bu Oba ilə ildə bir dəfə əlaqə yaradacaq, gəlib-gedəcək, xəbər tutacaq. Siz mənim yerimə öz iradəniz və öz seçiminizlə bir rəhbər seçməli olacaqsınız...

            Meydan uğuldayır. Kimsə qışqıra-qışqıra deyir:

            -Siz də bizə söz verin ki, az müddətdə bizə də gənc kişilər göndərəcəksiniz. Axı biz də evlənmək istəyirik!

            Hamı gülüşür.

            Gecəni orada qalırıq. Hənin və Elin icazəsi ilə hər qadın seçdiyi kişi ilə eyni otaqda gecələyir. Səhər açılan kimi Obanın və hayların verdiyi atlara minib yola düşürük.”

 

                                                           ***

 

            Vəzir əlində bir kitab daxil olur:

            -Qardaşım Qardaş, bu kitabınızı oxuyurdum, qəribə bir mətləbə rast gəldim... İstədim yadınıza salım...

            -Nədi elə o qəribə mətləb? – Təəccüblə soruşuram.

            - Yazırsınız ki, Avropa ölkələrindən birində, neçə əsr bundan əvvəl belə bir qanun varmış: küçəyə tüpürənlər ən böyük məbləğdə cərimə olunurlarmış...

            -Hə, elədir.

            -Siz yazırsınız ki, əgər bir zaman əlim qanunverici orqana çatsa... ilk növbədə küçəyə tüpürənləri ən yüksək həddə cərimə edəcəm...

            -Sağ ol, ay vəzir! Elə isə qələmini çıxart yaz: Küçəyə tüpürənlər yüksək məbləğdə - minimum əmək haqqının dəyərində cərimə olunacaqlar.

            Vəzir yaza-yaza qulağındakı düyməni basır və dinləyib başını tabletdən qaldırır:        

             -Qardaşım Qardaş, tələbəniz olmuş bir nəfər gəlib, deyir yazıçıdır...

            -Adı yoxdur? Bu nə təqdimatdır? De ki, adını öyrənəndə gələr! – Hirslə cavab verirəm.

            Vəzir gedir və yenə qayıdır.

            -Üzr istəyirəm, adı Mübarizdir... Mənim günahımdır... Görünür yorulmuşam...

            -Yaxşı, burax gəlsin.

            Üzümə təbəssüm qonur və bu köhnə dostla qucaqlaşmaq üçün ayağa qalxıram.

            Kök, tösmərək yazıçı dostumu güclə qucaqlayıram və gülüşürük.

            -Ay balam, gəlin də, axmaq-axmaq adamlar zəhləmi töküblər axı... Bir urvatlı yazıçı, bir babat ədəbiyyat adamı gəlməz ki, adam balası kimi söhbət eliyək...

            -Müəllim, təbrik eliyirəm!.. Vallah çox sevinmişik... Belə bir az qeyri-adi şey oldu... İnanılmaz... İnanırsınız, bütün şəhər sizdən danışır... Maşallah, ölkəyə səs salmısınız!..

            -Hə də, Elçibəy demişkən, indi tərifliyirlər, bir il keçməmiş yola salacaqlar...

            Yenə gülüşürük. Amma birdən Mübariz tutulur. Gülüşünə ara verib heyrətlə deyir:

            -Doğrudan e, ay məllim, bu necə oldu?! Adam soruşmağa da qorxur... Yox e, utanır deyəcəkdim...

            Mən də tutuluram. Əyləşib bir qədər susqun halda bir-birimizə baxırıq. Nəhayət, mən dillənirəm:

            -Yaxşı e, bunları keç, de görüm, şəhərdə nə danışırlar? Məsələn, elə yazıçılardan başlayaq...

            -Vallah, mən heç pis danışan görmədim... Kasıb-kusub sizin tərəfinizdədir... Yazıçılar... Əşşi, yazıçını boş ver, onlarınki qonaqlıqdı... Heç gələn olub?

            -Biri gəlmişdi, mənə şeir həsr eləyib... Qoymadım oxuya... Vəzirə tapşıdım, apar yola sal, elə elə bir də gəlməsin... Yoox, ciddi yazıçılardan elə tək Anar gəlmişdi, bir də sənsən...

            Yenə gülüşürük.  Mübariz başını bulayır.

            -Məni göndəriblər ki, qonaqlıq üçün sizdən bir az xərclik istəyim... Vallah utanıram da deməyə... Düzü, istədim, özüm beş-on manat düzəldəm, deyəm ki, müəllim verdi, amma sonra dedim, gələrlər yanınıza, soruşub eləyərlər, üstü açılar... Nə bilim...

            -Xərclik asan məsələdir... Bəs bu yazıçılar ölkənin ictimai həyatında iştirak etmək istəmirlər? Mən axı göstəriş vermişəm, Yazıçılar birliyi, digər birliklər ləğv olunur, yaradıcı kollektivlərə, ciddi sənət adamlarına ssuda verilir beş illiyinə... Əsərlərini  çap etdirmək, kitablarını satmaq üçün yollar aramaq... Yeni yaradıcılıq təşkilatları qurmaq... Əsərlərini xarici dilə çevirtdirmək, orada çap etdirmək... Bir sözlə, sənət adamının dövlətdən asılılığını ləğv edirik...

            -Vallah bizimkilər hələ belə şeyiləri anlamırlar... Sadəcə, yeni jurnallar, xaricə çıxış, əsərlərinin tərcüməsi və bu kimi məsələlər və bir də qonaqlıq maraqlandırır onları...

            Yenə gülüşürük və vəzir içəri girir:

           -Görüşün bitməsinə....

            Mən işarə edirəm ki, beş dəqiqə də əlavə vaxt ver.

            Və biz bu beş dəqiqədə bəzi vacib məsələlərdən, o cümlədən yazıçılarla mənim görüşümün təşkilindən danışırıq. Görüş üçün ayrıca bir gün təyin edir, qonaqlıq üçün bir az pul tapıb Mübarizi yola salıram. Və gedəndə deyirəm:

            -Örən, bizim bir deyimimiz var ki, şagird ustanı keçməlidir. Amma yaponlar deyir ki, şagird ustanı keçməli və özünü də keçə bilən birini yetişdirməlidir... Mən sevinirəm ki, sənin kimi şagirdim var...

            -Qarşılıqlıdır, məllim. Var olun.

            O gedir və bir qədər toxtayıram.

            Bu dəqiqə o yazıçıların yığışdığı o ucuzvari kafeyə getmək, Gəncə şərab zavodunun istehsalı olan araqla kolanı qarışdırıb içmək üçün ürəyim gedir. Amma olmaz. Tale mənə bambaşqa bir yetki vermiş. İndiyəcən mənə tapşırılan bütün işlərdən alnıaçıq, üzüağ çıxdığım kimi bu işdən də tərtəmiz, sağ-salim ayrılmalıyam. Adımın ölkə tarixinə yaxşı mənada düşməsi üçün əlimdən gələni etməliyəm. Ölkəm, xalqım, ailəm naminə bu işdən şərəflə çıxmalıyam. Hansısa müdrik demişdi ki, tarix sənin qarşına maneələr çıxardırsa, səndən qəhrəman yaratmaq istəyir...

            Qəhrəman gərək deyil, bu işdən insan kimi çıxmalıyam... İnsan kimi.

 

                                                          

            -26-

 

           

            -Qardaşım qardaş, bir nəfər gəlib, deyir, sizi şəxsən tanıyır. Nə qədər təkid etdim, adını demədi, eləcə dirəşdi ki, məni yanına buraxın. Hətta dedi ki, qohumunuzdur...

            -Nə qohum, a kişi?! – Hirslənirəm. Qov çıxıb getsin. İşim başımnan aşır.

            -Bir də dedi ki, sizin nəsil haqqında kitab yazır...

            -Nə?! Bizim nəsil?! İşə düşmədik! Mən o nəsil haqqında nə varsa, yazıb bitirmişəm, əlavə kiminsə yazmasına ehtiyac yoxdur... Amma maraqlı gəldi mənə, kimdi axı bu qabaqdangəlmişlik edən?! Burax gəlsin, görək hansı fırıldaqçıdır...

            Vəzir çıxmamış uca boylu, mənimlə yaşıd olsa da, bir tükü də ağarmayan, heç bir qohumluq əlaqəmiz olmayan, vəzifəlilərə girməkdə ad çıxardan, nəslimizdən kitab yazdığını iddia edən həmin bu alayarımçıq təsvir etdiyim “yazıçı” dürtüldü içəri və qollarını geniş açıb cumdu üstümə.

             Düzü, özümü necə itirdimsə, üstümə hücum çəkən bu yekəpər adamı saxlaya bilmədim – gücüm ona çatdı ki, geniş açılmış qollarının belimə sarılmasının qarşısını almaq üçün qollarımı qollarına dolayıb anadolular demişkən tokalaşdım. Adam töyşüyə-töyşüyə nərə çəkirdi:

            -Əmoğlu, şükür allaha! Çox şükür eee, çox şükür! Anannan əmdiyin halal süd səni bı mərtəbələrə gətirib çıxartdı. Allahın cəlalına min şükür! Axır ki, bizim də elimizə günəş doğdu! Bizim də küçəmizə işıq düşdü! İndi ananızın ruhu şaddır min fayiz. Atanızın da o cümlədən. Ay əmioğlu...

            Birdən dəsmalını çıxardıb ağlamağa başladı. Vəzirin başı görünən kimi işarə elədim, su gətir, yoxsa adamın halı xarablaşacaq, qalacağıq əlində...

            Vəzir su gətirdi, ardınca da dedi ki, görüşün bitməsinə üç dəqiqə qalıb. Adam bir vəzirə, bir mənə baxıb ağlamağını kəsdi, suyu içmədən rişxəndlə vəziri tərs-tərs süzdü:

            -Ə, ay kişi, mən əmioğlumla görüşməyə gəlmişəm e, dövlət başçısıyla yox. İmkan ver dərdimizi-odumuzu danışax...

            Sonra mənə döndü:

            -Qardaşım qardaş! Müraciətə bax, sən allah! Elə bı müraciətin özünə bir kitab düşür, mən ölüm!

            Özümü cəmləşdirib bu saqqız adamdan necə qurtulmağın yollarını düşünərək, biz tərəfdə deyildiyi kimi, xayına-xayın soruşuram:

             -Yaxşı, doğrudan, bu kitab-zad məsələsi nədir?.. Demisən ki...Vəzir indi gəlib işarə edəcək ki, görüşün vaxtı bitdi... Sən vəzifədə-zadda olmusan, bilirsən protokol qaydası-filan...

             -Heşzad... Belə bir kitap hazırlamışam... Bir bax, irazılığın olsun, dərhal verəy çapa...

            Plaşının altında necəsə gizlətdiyi, hardasa 300 səhifəlik kitabın siqnal nüsxəsini qarşıma qoyur.

            Üstündə mənim şəklim olan “Azərbaycan təhsilinin mühüm həlqəsi” adlanan kitabda mənim və atamın pedoqoji fəaliyyətimizdən bəhs olunur(?!). Kitabı bir kənara itələyərək hirslənməməyə çalışıram. Və ilk verəcəyim sualı qoyub ayrı sual verirəm:

            -Kitabın üstünə çıxartdığınız “həlqə” nədir? Bizim dildə məncə “halqa” var, “həlqə” yoxdur axı?

            Pörtür. Yəqin ki, belə sual gözləmirdi. Amma təslim olmaq da istəmir:

            -Halqa... Belə... Zaddı... Halqa, bir az biədəb çıxar axı? – Lap fağır görkəm alır.

            Həmən vəziri çağırıram.

            -Dilimizdə “həlqə” sözü var?!

            Vəzir köhnə qurddu axı! Həmən kitabın üstünə baxıb deyir:

            -Xeyir! “Həlqə” ara-bərədə işlənən şivə sözü kimidir... “Halqa” var ki, o da biədəb çıxar burda... Bilirsiniz də, bəzi sözlərimizin duzunu qaçırdıblar. Üzr istəyirəm, bir də görürsən ki, biri birinin dalıncan belə deyir:“Filankəs halqadır.”

            -Bildiyim qədərilə, siz yazı-pozu ilə məşğul deyildiniz? Bu kitab-filan hardan ağlınıza gəldi? –Zəndlə ona baxır və vəzirin sözlərinin altında əzilən bu qırışmalı daha da əzməyə çalışıram.

            -Düzdür, sizin qədər olmasa da, axır vaxtlarda mən də bu işlə bir qədər məşğul olmuşam. Hətta bir kitabım çıxıb, biri də çapdadır. Bı da üçüncü olacaq, inşallah.

            -Hansı? Bu “Halqa”mı? – Rişxəndlə soruşuram.

            Mənim onu ələ saldığımı anlasa da, pişik kimi arxasını yerə vurmaq istəmir.

            -Bəli, “Həlqə”... Belə, zaddı... Adını dəyişmək də olar. Ad şərti bir şeydir...

            -Dəyişmək yox, bu işi birdəfəlik ləğv etmək lazımdır. Mənim atam adi sinif müəllimi olub. Alim deyil, inqilabçı deyil ki, haqqında ayrıca kitab yazıla... Özüm də o cümlədən. Olsa-olsa, bir adi yazıçıyam ki, onu da alim dostlar yazıblar, sağ olsunlar...

            -Mən... Mən... Sizin və atanızın ictimai mövqeyini...

            -İctimai mövqe böyük sözdür. Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin ictimai mövqeyindən kitab yazmaq olar... Daha mənim kimi təsadüfən baş nazir olanın yox... xahiş edirəm, bu kitabınızı da götürün, gedin, bir daha belə bir şey haqqında düşünməyin belə...

            Adam qalxmaq istəsə də, qalxa bilmir. Vəzir bu heyni özünü yetirib onun qoluna girir. Elə qapıya sarı gedəndə özümü saxlaya bilmirəm və ilk gəlişində verəcəyim sualı indi ona eşitdirirəm:

            -Bir şey mənimçün qaranlıq qaldı axı? Siz bu 300 səhifəlik kitabı bir günə necə yazmısınız?! Axı mənim hakimiyyətə gəlişim...

            Adamın qırışığı açılır və vəzirin əlindən çıxıb vəcdə gəlir:

            -Mən bını görürdüm! Sizin o cildləriniz çıxdıqcan bilirdim ki, siz bı kresloya layiqsiniz... Ona görə də, beş ilə yaxın idi ki, bı kitabın üzərində işləyirdim... Dediyiniz kimi, bı kitabın kitabı bağlandı, bı heç. Day bını üzə çıxartmaram... Amma bı əməyimin bəhrəsi olaraq  bizim rayonun icra hakimiyyətinin müavini vəzifəsi var ha, neçə müddətdir ora boşdur, elə ora göndərsəniz, bəsimdir. O Əbilfəzlabbasın qələm olan qolları köməyiniz olsun!

            Vəzir adamın qolundan tutub zorla bayıra çıxardır...

            Mən min ilin yorğunu kimi kresloya çökürəm. Gözümü təzəcə yummuşdum ki, vəzir geri qayıdıb sözlü adam kimi üzümə baxır.

            -Hə, vəzir, biz tərəfdə deyildiyi kimi, genə nə var?! Utanma, söylə, - deyə əlacsız və yorğun halda gülümsəməyə çalışıram.

            -Qardaşım qardaş, cəsarət edirəm, bağışlayın, sizin heç yaxın qohumunuz yoxdur? Qardaşdan, bacıdan... Ən yaxın adamlar...

            -Var, niyə ki?! Yerdən çıxmamışam ki?! Hətta doqquz qardaş (biri vəfat edib), bir bacıyıq... Beş övladım var... Əmim uşaqları, xalam uşaqları, bibim – biz tərəfdə deyildiyi kimi mamam uşaqları var... Yenə sayım?

            -Yoox, Qardaşım qardaş, bəs niyə gəlib sizdən bir vəzifəyə qoyulmaqları barədə, yaxud nəsə istəməkləri barədə xahiş etmirlər? Siz allah, şəxsi məsələlərə qarışdığım üçün üzr istəyirəm... Məni məzur tutun...

            -Eeeee, ay vəzir... Mənim xasiyyətimi yaxşı bildikləri üçün nə gəlirlər, nə də zəng edirlər... Bir də axı hərənin öz işi-gücü var. Mən müğənni qardaşıma, aşpaz qardaşıma, satıcı qardaşıma necə kömək edə bilərəm? Yaxud həkim oğluma, müəllim qızlarıma nədə kömək etməliyəm? Gedib onların əvəzindən mahnımı oxuyacam, ya aşpazlıqmı edəcəm, ya xəstələri əməliyyatmı edəcəm, sinfə girib dərsmi deyəcəm? Özün gördün ki, müəllim qızımı təhsil şöbəsinə müdir qoymaq istəyənlərin qarşısını necə kəsdim! Yaxud dissertasiya müadafiəsi olacaq qızımdan xahiş etdim ki, müdafiəyə tələsməsin... Eeee, ay vəzir, bəs sənin qohumun-zadın yoxmu? Onlar niyə xahişə gəlmirlər?

            Vəzir ah çəkir. Sonra qəfildən ağlamağa başlayır. Elə ağlaya-ağlaya deyir:

            -Qardaşım qardaş, mənim bütün yaxın qohum-qardaşım vəfat edib... Hətta övladlarım da... Düzdür, sonrakı arvadlardan uşaqlarım var, amma... Amma onlar da hamısı xarici ölkələrdə təhsil alırlar...

            Qaşlarım düyümlənir. Bir an fikirləşib deyirəm:

            -Vəzir, yaz! Elm və Təhsil Nazirliyinin rəhbər heyətinə: elə işləməliyik ki, xaricdə təhsil alan mütəxəssislər təhsillərini bitirən kimi geri qayıtsınlar. Onlar üçün pristijli iş yeri, yüksək maaş, ev-mənzil şəraitinin yaxşılaşdırılması, ali məktəblərimizdə mühazirə oxumaları təmin edilsin. Elə etməliyik ki, yaxın beş il ərzində xarici ölkələrdə oxumaq istəyənlərin sayı yarıbayarı azalsın. Ölkəmizin universitetlərində təhsil almaq üçün yüksək savada və bacarığa malik yerli və xarici müəllimlərin iştirakı təmin edilsin. Xarici ölkə universitetləri ilə yerli ali məktəblərin əməkdaşlığına, müəllim və tələbə mübadiləsinə şərait yaradılsın... Dəqiq elmlər sahəsinin mütəxəssislərinin həvəsləndirilməsi və mükafatlandırılmasına dair ixtira və kəşflər üçün stimul kimi müsabiqələr təşkil olunsun. Xarici ölkələrdə çalışan mütəxəssislərimizin də o müsabiqələrdə iştirakı təmin edilsin... Bu sahədə geniş tədbirlər planı hazırlansın və Baş nazirin aparatına təqdim edilsin....

            Bir an duruxub diqqətlə vəziri süzürəm:

            -Vəzir, yaxşı yadıma düşdü, bəs bizim aparat işçiləri hardadır? Yoxsa bütöv aparat elə sənnən ibarətdir?

            Vəzir bir az karıxır. Cavab verməyə sanki vaxt qazanmaq üçün sinəsini artlayır, öskürür və nəhayət dillənir:

            -Qardaçım qardaş, hər baş nazir gələndə köhnə aparatı buraxır, yenisini yaradır. Yəni öz dost-tanışı, tanış-bilişi, tələbə yoldaşları, birlikdə çalışdığı həmkarları əsasında... yeni aparat təsis edir... Düşündüm ki, yəqin siz də belə edəcəksiniz... Ona görə köhnə aparatın işçilərini buraxmışam gediblər evlərinə... Siz nə vaxt istəsəniz...

            Hirsimdən başımdan ağrı qalxır. Bu min yaşlı adamı təhqir edəcəyimdən qorxub susuram. O da qırımımı görüb asta-asta çəkilir.

            Əlimi uzadıb kompüterin qapağını açıram...

 

                                               ***

 

            Vəzir qəfil təpilir içəri, az qalır başını yolsun.

            -Nə olub, a kişi?! – Mən də heyrətlə soruşuram.

            Əlini əlinə vurub ağlamsınır:

            -Soruşmayın... Az qalır ürəyim partlasın! Bir qrup məcburi köçkün Haqq qapısının girəcəyində piket keçirəcəklərini bildirib.

            -Keçirsinlər. Nə olasıdı ki?! Buna görə belə hala düşmüsən?!

            -Qardaşım qardaş, onlar sizin doğma rayonunuzdandırlar axı... Görən, bilən, nə deyər?! Adamın öz həmyerliləri belə işmi tutar?!

            -Nə?! Ola bilməz! Axı onlar nə istəyirlər?

            Vəzirin qəddi əyilir. Əlini göyə uzadır:

            -Allah şahiddir ki, mən bunu eşidən kimi onları dəvət etdim görüşə, amma imtina etdilər...

            Bu vaxt əlini qulağındakı düyməyə aparıb alçaqdan danışır və sevincək deyir:

            -Razılaşıblar, qardaşım qardaş! Gəliblərmiş, burdaymışlar!

            Gülümsünür və deyirəm:

            -Yaxşı, get, dəvət elə, görək nə istəyirlər?

            Az sonra biri qadın, doqquzu kişi olmaqla on nəfər içəri girir. Girən kimi də başlayırlar bir-birinin sözünü kəsə-kəsə danışmağa. Heç nə başa düşmədiyim üçün əlimi qaldırıb bu qa-qunu kəsirəm.

            -Bir əyləşin, görək... Özü də bir-bir danışın. Hamınızı dinləməyə vaxtımız çatacaq.

            Nisbətən yaşlı kişiyə üzümü tuturam:

            -Sizdən başlayaq. Buyurun.

            Adam duruxur. Ayağa qalxmaq istəsə də, əlimin işarəsi ilə qalxmağa qoymuram.

            -Biz üç ildi orda yaşıyırıx... A kişi, qardaşım qardaş, yaşamırıq e, sürünürük... Ayın başını gözləyirik ki, gedək çörəkpulu alaq, mənim kimi penisionerdisə, pensiya alaq... İş yox, güj yox... Qalmışıx belə...

            Onun yanındakı adam az qalır qışqırsın:

            -Ə, bircə dayan! Ay qardaş, bax, maa pəyə lazımdı, içində inək, camış, keçi, qoyun, at, eşşək, it, pişik lazımdı! Kəndin təzəyi olar, peyini olar...

            Nəhayət, qadın başını qaldırır.

            -Qardaş, bax, mənim beş uşağım var, üzüm ayağıın altında, beşi də işsizdi. Qızdar ərə getməlidi, gedə bilmir, ona görə ki, cehizi yoxdu... Oğlan evlənməlidi, evlənəmmir, ona görə ki, üzüy, sırğa, gəlinlik, day nə bilim nə almağa pulu yoxdu! Torpaxlarımız qalıb başına...

            Biri yerdən bağırır:

            -Nə başına, aaz!? Kimlərsə əkillər, biçillər!.. Biz də qalmlşıq ağzı günə!

            Qadın mızıldanır:

            -Heş onnar da əməlli başarmıllar, yarımənsil* eliyillər torpağımızı...

            Yaşlı kişi yerdən dillənir:

            -Dilin bilmillər axı! Gərəy torpağın dilin biləsən! Biz çörəypulu istəmiriy! Bizə torpax verin, mal-heyvan verin!

            Nəhayət, əlimi qaldırıb onları sakitləşdirirəm.

            -Siz, yəqin bilirsiniz ki, mən də sizin rayonnanam, hətta mən də qaçqınam, məcburi köçkünəm. Və sizin dediyiniz problemləri mən həm bədii yazılarımda, həm məqalələrimdə dönə-dönə qaldırmışam. Amma təəssüf ki, bunlara fikir verən olmayıb. İndi imkan düşüb, özümüz bu problemləri həl etməliyik...

            Sonra gələn nümayəndələrlə tək-tək danışıram. Çalışıram ki, tək onların deyil, bütün qaçqınların problemlərini anlayam. Qərara gəlirik ki, Qaçqın və Məcburi köçkünlərlə bağlı məlum komitənin rəhbərliyinin də iştirakı ilə bir görüş keçirdək. Gələnlər ümid və inamla bizdən ayrılırlar.

------------------------------------------------------------------------

 *Yarımənsil - əski sözlərimizdəndir. Torpaqdan təyinatı üzrə düzgün istifadə etməmək anlamına gəlir. Məsələn, Zəngilan, Qubadlı rayonlarında Sovet vaxtı pambıq əkərdilər. Elə pambıq yetişməyə az qalmış soyuqlar düşər, yağıntılar başlar, məhsul zay olardı. Yaxud taxıl əkiləsi torpağa üzüm əkərdilər və sair. Bu da torpağı qısırlaşdırar, bəhərsiz hala gətirərdi. Bu cür mənasız əkinə Cənub-Qərb dialektində yarımənsil deyərdilər. Dilimizdə qarşılığı yoxdur deyə, mətnə gətirdim. (Müəllif)

 

 

       -27-

                                                          

 

            Vəziri elə bil dəyişdiriblər. Cizgi filmlərindəki personajlar kimi hoppana-hoppana gəzir. Səsi də dəyişib. Bir az belə cavantəhər olub e.

            -Qardaşım Qardaş, ölkədə törən var. Xarici qonaqlar, səfirlər, sizi tanıyan məşhur yazıçılar da iştirak edəcək... Belə, bu fərqli törəndir... Necə deyim, hamı frakda olacaq. Sizin də frak geyməniz lazım...

            -Nə?! Frak?! Niyə axı frak?! Bəlkə, mən milli geyimdə olum? Bu daha orijinal olmazmı?

            -Bilirsiniz, bu törənin qaydası budur... Düzdür, siz indi ölkə başçısısınız, amma axı siz həm də məşhur yazıçısınız? Sizi bir çox ədəbiyyat və mədəniyyət xadimləri yazıçı kimi tanıyır...

            Pəh! Bu son deyilənlər canıma yağ kimi yayılır. Hiss edirəm ki, edilən təklifə biganəliyim azalmaq üzrədir.

            -Axı mən heç vaxt frak geyməmişəm... Heç frakım olmayıb e... İndi də yoxdur? Bu dar macalda... Bu nə təhər olacaq?

            Vəzir barmaqlarının ucunda gəzinərək danışır.

            -Qardaşım qardaş, siz bu ölkənin rəhbərisiniz, əlinizin üstündə əl yoxdur. Yetər ki, əmr edin, bir saata hər şey hazır olacaq... Nə məsələdirsə, İsveçdən gələn nümayəndələr özlərini çox müəmmalı aparırlar. Elə bil ki, bizdən çox mühüm bir sirri gizlədirlər... Düzdür e, mən soruşdum, öyrənməyə cəhd etdim, amma dedilər, məlumat məxfidir, yalnız baş nazirin iştirakı ilə olan törəndə açıqlayacağıq... Ona  görə də...

            Çar-naçar razılaşıram:

            -Yaxşı, de, qoy bir neçə dəst frak gətirsinlər, görək nə edə bilirik.

            Söz ağzımdan çıxan kimi iki nəfər qucaqlarında çoxlu pal-paltar içəri daxil olurlar. Hardansa mənə tanış gələn qızbibi-qızbibi danışan biri frakları bir-bir boyuma tutub gülümsəyir:

            -Boooy, yazıçı qardaş, boyunuz nə balacaymış?! Ho-ho! Elə bil o cild-cild əsərləri siz yazmamısınız?! Belə şirin-şəkər kişinin boyu da hündür olsaydı, necə gözəl olardı, sən allah!

            Açıqca görürəm ki, bu arvadyosunlu adam məni geyindirmək əvəzinə, ora-buramı əlləşdirir. Əlini qasığıma aparanda hirslə qolundan tutub itələyirəm. Vəzir ona gözünü ağardıb bayıra qovur. O biri adam, nisbətən ciddi birisidir. Dinməz-söyləməz mənə uyğun bir frak seçib geyindirir. Kəpənək qalstuku bağlayanda  ağzından gələn pis qoxu məni iyrəndirir. Buna görə, əlindən alıb özüm bağlamalı oluram.

 

                                                           ***

 

            Güllə səsləri eşidilir. Vəzir başını içəri salıb təşvişlə əlini tapança kimi tutur, sonra qışqırır: “Part, part, part!” Və sonra “tapançanı” gicgahına tuşlayıb “part” eləyir və yerə yıxılır. Qəribədir ki, bircə anda onun ağzından qan gəlir.

            Mən heç nə olmamış kimi yerimdə oturub barmağımdakı üzüyü fırladıram. Üzüyün firuzəyi qaşının parıltısı onsuz da zəif olan göz qişamı cimildədir. Amma nədənsə onu çıxartmağa tələsmirəm. Bu vaxt O adam göydən düşübmüş kimi qarşımda dikilib durur və bağırır:

            -Hə, hə, hə! Çıxardın üzüyü!

            Mən saymazyana qışqırıram:

            -Ölsən də çıxartmayacağam! Düdük! Məni dolamısan?! Vəzirin də sənin kimi düdüyün biri idi... Oyuncaq tapança ilə (oyuncaqmı?) özünü vurdu...

            -A kişi, məni zibilə salma! Aldığım məlumata görə, ölkənin sahibləri Xəzərdə yeni neft yatağının kəşf olunduğunu eşidib geri dönüblər! Sənin hakimiyyəti zəbt etməyin...

            -Mən hakimiyyəti zəbt-zad eləməmişəm! Ulduzların və onları idarə edən Tanrının əmri ilə baş nazir olmuşam... Bu yaxınlarda Milli Məclisi buraxıb yeni seçkilər təyin edəcəyik... Artıq bu məsələ gündəmdədir, birinci oxunuşdan keçib... Elçibəy vaxtından sonra ölkədə ilk dəfə ədalətli seçkilər olacaq... Sənin dediyin adamlar da gəlib həm parlamentə, həm də baş nazirliyə namizəd ola bilərlər...

            -Prezidentliyə...

            -Xeyir, indi bizdə parlament respublikasıdır!..

            İki silahlı içəri girib mənimlə danışanı güllələyirlər. O ölə-ölə deyir:

            -Təcili istefa verin, yoxsa sizi də...

            Üzüyü barmağımdan çıxardıram və bayaq güllələnən admın eynisi hardansa daxil olub qarşımda baş əyir:

            -Məni əsgərlər saxlamışdılar, ona görə gecikdim. Yaxşı ki, üzüyü çıxartmısınız... Bu axmaq isə mənim falşivi dublyorumdur...

            -Rus sözü işlətməyin! – Qeyzlə qışqırıram.

            O baş əyib mızıldanır:

            -Qardaşım qardaş, üzr istəyirəm... Qalxın, biz təcili getməliyik...

            Onun ardınca sarayı tərk edirəm. Birdən yadıma düşür ki, kompüterim orda qalıb. Geri dönürəm. Adam yaxamdan yapışır:

            -Hara gedirsiniz?! Ora indi təhlükəlidir!

            -Mənim kompüterim sarayda qalıb! Mən onsuz...

            Qoltuğundakı kompüteri mənə uzadır:

            -Bir ilə bərabər bir gün yaşadınız burda, hələ bu kompüterdən də ayrılmadınız! Siz, doğrudan da yazıçı imişsiniz... Götürün, mən çıxanda qoltuğuma vurmuşdum...

            Sevincək kompüteri alıb az qalıram öpəm. Öpməsəm də, üz-gözümə sürtürəm.

              Bir nəfər gözündə gözlük yəhər-yüyən təmir edir sarayın qapısında. Bizi görcək baş endirir.

            -Bu kimdir? Tanış gəlir, amma xatırlaya bilmədim...

            -Yusif Sərracdır də... Elə o vaxtdan burdadır, saray qapılarında sərraclıq edir... Bəxtinnən indi at minən də yoxdur... Mənnən xahiş etmişdi ki, sənin qəbuluna gətirim, ona babat bir iş verəsən, vaxt edib gətirə bilmədim... Yazıq burda çürüyüb gedəcək...

            O isə baş əyə-əyə gileyli-gileyli deyinir:

            -Beçeşm, beçeşm... Qurban, bə indi mənim axırm noolacax?

            Əlimi cibimə salıb ona xərclik vermək istəyəndə adam qoymur:

            -Taksi pulu saxlayın, mən daha sizə cavabdeh deyiləm... Burdan belə özünüz gedəcəksiniz... Bolt çağırın...

            -Məni tək qoyub gedirsən, yaxşı edirsən, axı bir sual ac qurd kimi içimi gəmirir?..

            -De... Vaxtım azdır...

            -Niyə mən?

            -Hə... Bunun uzun cavabı var, amma sənə kəsəcə deyəcəyəm: evə çatanda kitablarını qabağına töküb yaxşı-yaxşı baxarsan. Cavablar ordadır.

            -Anlamadım?

            -Nəyi anlamadın, a kişi?! Sən bədii əsərlərində, məqalələrində hakimiyyətləri tənqid etmirdinmi?! Daha yaxşı rəhbər obrazı yaratmırdınmı? Biz də fikirləşdik ki, demək, bu adam daha yaxşısını bilir... Ay-hay! Bircə gün çəkmədi, ölkəni qatdın bir-birinə. Xəbərin var, təkcə reklam söküntülərinə görə ölkəyə milyonlarca ziyan vurmusan?! Populist-populist əmrlər vermisən: maaşlar bir belə, uşaq pulu bir belə, pensiyalar bir belə...

            -Təqaüdlər... Rus sözü işlətmə.

            - Hə, yaxşı yadıma saldın: Rusiya ilə, onsuz da it günündə olan münasibətləri lap da xarablamısan... Amma bir xeyirin oldu...

            (Rişxəndlə gülür.)

            -Az qala bütün ölkələrdə əsərlərinin tərcümə olunub yayılmasına başlanılıb... Nobel-zad almasan yaxşıdır!..

            Bu vaxt döş cibimdəki yumru bir nəsnədən nə isə siqnal gəldiyini hiss edib əlimi ora uzadıram. Çıxardanda görürəm ki, bu gəvəzənin mənə verdiyi üzükdür, qaşında işıq yanır-sönür və kəsik-kəsik mesaj səsi eşidilir. Elə bil əlimə bu qəribə üzükdən elektrik cərəyanı keçir. Tez yerə atıram.

            -Neynirsən?! Hara atdın üzüyü?! Görmürsən siqnal gəlir?!.

            O əyilib üzük axtaranda Boltdan sifariş verdiyim taksi yanımda dayanır, ona əyləşib Sabunçuya – doğma evimə sürdürürəm...

            Yol boyu baxıram ki, xarici dildə bircə reklam da görünmür. Sürücü pəncərədən sökülən bir reklamı göstərib deyir:

            -Görürsünüz, bizim təzə hökümətin işləridir! Allah arxasında dursun! Maaşları, pensiyələri qaldırıb, uşaq pullarını verməyi tapşırıb! A kişi xarici dillərdəki reklamları sökdürür e! Allah bizə belə bir rəhbər yetirib, şükür kərəminə!..

            Məni ağlamaq tutur. Göz yaşlarımı sürücünün görməməsi üçün kompüteri üzümə tuturam...

           

                                                           ***

 

            Qəribə bir kürsüdə oturmuşam. Elə bil hamıdan yüksəkdəyəm. Hamı mənə altdan yuxarı baxır.

            Əvvəl elə bildim ki, baş nazir kürsüsündəyəm. Sonradan yadıma düşdü ki, orada elə səndeyən yüksək kürsü-zad yox idi. Bəs bu nə kürsüdür ki, məni hər kəsdən ucada göstərir. Oturduğum kürsünü tumarlayır, az qala öpürəm. Hiss olunur ki, bu kürsü də mənimçün darıxıb. Dili olsa, o da məni oxşayar, öpər... (Handan-hana hiss edirəm ki, iş otağımda yazıçı masamdayam. Gözlərim dolur.)

            Xanımım içəri girib təəccüblə mənə baxır:

            -Ə, bı nədi geymisən? Bıy, biyabır olmuyasan səni... Niyazinin paltarını hardan tapmısan? Çıxard ə, çıxard. Uşaxlar gələcəy indi...

            -Frakdı də... Dedilər ki, tədbir olacax... Hamı frakda olmalıdı... Mənə də geydirdilər... Dayan e, uşaxlar niyə gəlir?

            -Booo... Necə yəni niyə? Böyünnəri martın beşidi axı... Ad günündü də... Ə, sən allah çıxart ə, bını! Get, 70 illiyində geydiyin o ağavış kastyumu gey... Di dur dayna, arxaı yerə verdin, bəsdi... Gör nə qədər yatmısan?.. Pah! Frakmış...

 

            ... Birdən içimdəki İkinci Mən (siz artıq o qırışmalı tanıyırsınız – 70 ildir mənlə müxalifətdədir) irəli durub, köhnənin pionerləri kimi əlini sinəsinə qoyub şeir söyləyir. (Hə, axı mənim hərdən şeir yazmağım da var. Amma sonra biləcəm ki, bu İkinci Mən-zad deyilmiş, ChatGPT-nin əməlləriymiş.) Çox qəmli notlarla söylənən bu şeirin misraları məni yaralayır...

 

Yarpaqlarım vağan oldu,

Dəyişik düşən vaxtım kimi.

Nar da sonda çiçək açdı,

Geç açılan baxtım kimi.

 

Bəs sən harda qaldın axı,

Sənsizlik yandırıb-yaxır.

O taydan bir yetim baxır,

Talan-tarac taxtım kimi.

 

Mənə sarı baxmadılar,

Heç əlimi sıxmadılar,

Qarşıma da çıxmadılar,

Davrandılar yoxdum kimi.

 

Könlüm sızlar için-için,

Dərd qalaqlandı çin-çin,

Bir sormadılar niyə? Neçin?

Azad ölüb çoxdan kimi...

 

            “Ölüb?” Necə yəni ölüb? Axı mən sağam?! Bu nə cəfəngiyyatdır?!

            Həəəəə... İroniya. Şeirdə olur belə şeylər...

            Şeir bitən kimi baxıram ki, köhnə iş otağımdayam. Kompüterim də açıq. Sevincimdən az qalıram qol götürüb süzəm...

            “Şükür, şükür! Azad olmuşam o həbsxanadan! Allah böyükdür...”

 

                                   Son.

                                                                                                                      2024-2026

 

 

             

 

           

           

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman