AZAD QARADƏRƏLİ ÇOBANI ŞEYXƏ ÇEVİRƏN SÖZ (19-20-ci əsrlərdə Zəngilanda yaşamış el şairi Şıxməmməd Bağbanın sözü və özü haqqında )


                        AZAD QARADƏRƏLİ

 

                 ÇOBANI ŞEYXƏ ÇEVİRƏN SÖZ

(19-20-ci əsrlərdə Zəngilanda yaşamış el şairi Şıxməmməd Bağbanın sözü və özü haqqında )

 

 


            87-ci il idi. İlk kitabım çıxmışdı və rayonda yaşayan qələm adamı kimi bunun ləzzətini çıxartmağa macal tapmamışdım.  İş-güc, məktəb, şəxsi təsərrüfat başımı elə qatmışdı ki, kitab-zad yadıma düşmürdü. Belə günlərin birində rayonda “zimlever* Şirin” kimi tanınan adam kəndimizə gəldi, evlərin hamısını ölçüb-biçəndən sonra (niyə evləri hər il ölçürdülər, bilmirəm) lap axırda bizə üz tutdu. Mənimlə köhnə tanışlar kimi görüşdü, elə qapalaqdaca bir bənd şeir söylədi:

            Atılıb qəmzə eliyir,

            Butada qoşa tellərin.

            Gördü xoşgəldin etmədin,

            Dönübdü daşa tellərin, -Bağmana  min rəhmət... Yaxşı deyib... Sənin kimi birinin xoşgəldini min tümənə dəyər!..

             Evimizi qəti ölçmədi.

            -Evdi də, yekəlmədi ki, gəl otur görək...

            Çay-şörək hazırlatdım. Elə əlimizi süfrəyə təzə uzatmışdıq ki, dedi:

            -Məllim, məni yaxş tanıyırsan, şeirin-qoşmanın bazıyam... Özüm zemlemer olsam da, ədəbiyyat aşiqiyəm. Zəngilanın Şərikan kəndində bir Şıxməmməd Bağban olub, onun şeirlərin əzbərdən deməyi xoşlayıram. İcazə versən, elə sənin kimi bir qələm adamıynan görüşüməyimi Bağbanın bir şeyriynən qiyaslıyım:

            Bir cavanın sevgi olsa sərində,

            Onun üçün söhbət nədi, dəm nədi?

            Öldürər özünü yarın yolunda,

            Xana nədi, dövlət nədi, cəm nədi?

 

            Sən qəmdə dünyaya gələn olmasın,

            Xəncərlə bağrını dələn olmasın,

            Süzürsən çeşmini, bilən olmasın,

            Ağlamısan, kirpiyində nəm nədi?

 

            (Evdə xanımlar var deyə kişi bu yerdə səsini qısır)

 

            Danışasan, mazaqlaşıb, güləsən,

            Bir-birinin ürək dərdin biləsən,

            Bircə gecə şəfa sürüb, öləsən,

            Heç kim deməz, belə ömrü kəm nədi?

 

            Bağban, insafdırmı yarın naz sata,

            Yalqız qalıb, tənha gəzib, tək yata,

            Bir yarı ki, könül gəzib, göz tuta,

            Lampa nədi, fanar nədi, şam nədi?

 

            -İndi ay məllim, lətifəsi sizdən uzaq, burda yardan, aşiq-məşuqdan danışılsa da, əsas mətləb insanın özünə bab insanla görüşüb, dərdləşməsidi... Sənin yazılarıı bizim “Kənd həyatı” qəzetində oxuyuram, hətta öyünnəri eşitdim ki, kitabın da çıxıp... Vallah, qınama məni, elə sevindim ki, gedib rəisdən xahiş eləmişəm ki, məni Qaradəriyə göndər... Deyib, xeyir ola? Demişəm ki, orda bir söz xridarı var, onuynan görüşməy istiyirəm...

            Mən də nələrsə dedim, yeyib-içdik, adama bir kitab hədiyyə edib yola saldım. Elə gethagetdə dedim ki, ay Şirin kişi, mən bu Şıxməmməd haqqında eşitmişəm, hətta kitablarda adı çəkilir, şeirlərindən nümunələr də verilir. Bəlkə, bir gün gəlim Pirçivana*, onun şeirlərini söyləyəsiniz, mən yazam, bir tərəfə çıxardaq, adı itib-batmasın...

            -Olar, olar, - deyib getdi. Amma o istəyimi reallaşdıra bilnmədim nə yazıq ki...

            Əvəzində rayon qəzetində işləyəndə əslən şuşalı olan, Zəngilanda yaşayıb-yaratmış 19-cu əsrin görkəmli şairi Məhəmməd Bəy Aşiq, onun oğlu Əbdüssəməd Bəy Aşiq və onun da oğlu Xosrov Cavanşir haqqında məqalələr yazdım, şeirlərini topladım və illər sonra “Aşiqlər” adlı kitab da buraxdırdım...

            Şıxməmməd isə ürəyimdə yara kimi qalmışdı...

            Radioda işləyəndə Avdı Qoşqar zəng elədi ki, mənim yanımda sənin yerlilərin var, səni arzulayırlar...

            Məlum oldu ki, gələn Bağbanın həmyerlisi Cəmil müəllimdir. Cəmil Tağıyev “Dardanyuxarı” dediyimiz kəndlərdə müəllim işləyirdi. “Aşiqlər” kitabında bir gözəl xanımın (Cavanşirlərin qohumu) şəklini verdiyim üçün mənimlə bozalaşımış, sonra barışmışdıq. (Eşitdim, deyirmiş ki, arvadımın şəklini kitabına vurduğu bəs deyil, hələ bir...)

            Nə isə. Məlum oldu ki, Cəmil kişi mənim edə bilmədiyimi edib – Şəxməmməd Bağbanın şeirlərini toplayıb, “Yaddaşlardan yığılan kitab” adıynan çap etdirib. İndi televiziya üçün veriliş çəkilir. İstəyir ki, mən də bu verilişdə çıxış edim, Şıxməmmədin yaradıcılığından söz açım.

            O veriliş çəkildi də, efirə getdi də. Amma ürəyimdə Şəxməmmədə deyiləsi və yazılası sözlər qaldı ki, indi bu yazdığım yazı onun çınqısıdır.

            Bəs kim idi Şıxməmməd? Yaxşısı budur, onun öz cavabını bura yazım:

            Şıxməmməd eylər könlünü abad,

            Yetim qalarsa da Məhəmməd, Cavad,

            Kağızsız, qələmsiz özü bisavad,

            Dünyanın dərdini yazan necoldu?

 

            Adı çəkilən kitabda qeyd olunur ki, Şəxməmməd Bağban 1835-ci ildə Cəbrayıl qəzasının Şərikan kəndində (İndiki Zəngilan rayonu)  anadan olub. Yazı-pozusu olmayıb. Bədahətən, sinədən söylərmiş. Orası da var ki, söylədiklərinin çoxu xalqın yaddaşında yaşasa da, şair arif adammış, bir mollanı oturdub, şeirlərini diktə edərək yazdırıb. Nə yazıq ki, onun bu əlyazmaları erməni-müsəlman davası zamanı yandırılıb...

            Əbədi etibarlı yer isə xalqın yaddaşıdır ki, əlimizdə-ovcumuzda olanları məhz ordan əldə edib söz xridarları.

            Təkrar-təkrar deməliyəm ki, bir sıra söz əhli kimi Şıxməmmdəin də ilk oxu daşa dəyib və elə bəlkə də onu şair edən də bu “ox-daş” məsələsi olub. Bəli, bütün söz əhlinin bir tale yazısı, tərcümeyi-halının qanlı səhifəsi olur ki, o səhifədən sızan qan damcıları həmin adamın butası tutmasa da söz butası elə tutur ki, ömründə buraxmır – ya şair olacaqsan, ya da...

            Daha “ya da”sı yox ki!

            Şıxməmməd də Nabat adlı bir qıza vurulmuşdu. Amma qızı ona yox, Şərikandan bir xeyli aralıda yerləşən Pirveyis sakininə ərə verirlər. Nabat da Şıxməmmdədə bənd olmuşdu. On görə bir səhər səhəngini götürüb bulağa getmiş və elə o səhəngin çatısı ilə bulağın yanındakı armud ağacından özünü asmışdı...

            Bir Nabat ölmüşdüsə, ikinci Nabat dirilmiş, Şıxməmmədi şair edən o məsum qızın dastanı başlamışdı. Şairin meyvələrin və digər yeyəcəklərin vəsfinə həsr olunmuş “Qanlımdı, qanlım” şeirində Nabatın faciəli ölümü təsvir olunur. Qoşmadan bir parçaya göz ataq:

            Çox istərəm böyürtkənin xətirin,

            Gedin, yığın bayda-bayda gətirin.

            Turş almanı aralıqdan götürün,

            Atamı yandırıb, qanlımdı, qanlım.

 

            ...Ətlərdə tamahım budadı, buda,

            Bu şərtlə doğranıb bişirilə suda.

            Necə deyim, durun gedək armuda?

            Yarımı öldürüb, qanlımdı, qanlım...

 

            Şairin bir “Nabatım” qoşması var ki, o zamanın çal-çağır adamlarının, söz sərraflarının dillər əzbəri olub. Elə son zamanlaracan Zəngilanın söz-bez adamlarının bir çoxu bu şeirin havasına çox yanıb-yaxılıblar...

            Hələ Nabatı əğyara verməyiblər, hələ Şıxməmmədin yaralarından qan sızmır, hələ Nabat o lənətlənmiş armud ağacından özünü asmayıb... Pəh! Görün şairin kefi ala buluda necə meydan oxuyur!..

            Başına döndüyüm. Ey boyu bəstə,

            Atma xəyalından uzağa məni.

            Zülfünü göstərib, dərdim artırma,

            Salma eldən-elə, sorağa məni.

 

            Yeriyəndə yemişlərdən məzəsən,

            Dindirdikcə qaş-gözünü süzəsən.

            Əhdim budur, kişmiş kimi əzəsən,

            Sürtəsən, tel üçün darağa məni.

 

            Nabatım, gəl, getmə məndən qırağa,

            İstəklim, dərdimə sən eylə dava,

            Piltə tək yağlayıb, tutma alova,

            Döndərmə od almış çırağa məni...

 

            (Bu son iki misra, ola bilsin, gənc nəsil üçün qaranlıq olsun. Ona görə, izahat verməli oluram: elektrikin olmadığı zamanlarda lampa ilə yanaşı çıraqdan da istifadə edərdilər. Çırağı yandırmaq üçün pambıqdan piltə düzəldib yağlayardılar və çırağın içinə salıb alışdırardılar.)

             Biçarə şairin ikinci sevgisi də uğursuz olur. Sədəf adlı qıza vurlsa da, onu başqa bir qoluzorluya verirlər. Şıxməmməd isə yeni qoşmasını söyləyən kimi dillər əzbəri olur:

            Bağban deyər, qoyma məni nişanə,

            Öldürər gözlərin düşərsən qanə,

            Baxan camalına olur divanə,

            Bacaran döşünə tar alı, Sədəf!

            “Xanpəri”, “Bənövşə” və bu kimi qadın adlarının rədifi ilə meydana gələn qoşmalarda əsil Azərbaycan gözəllərinin boyu görünür:

            Ağ geyinən al əbanı bürünsün.

            Şamaxı ört, ucu yernən sürünsün,

            Yaxan düyməlidir, qoymur görünsün,

            Qoynundakı heyva, nardı, almadı...

            Şıxməmməd həm də həcv ustası idi. Onun həcvlərindən qorxan qoluzorlular şairdən gen gəzərdilər. Adi bir naxırçı olsa da, şair yalanı və yalansevərləri qırmanclamaqdan çəkinməyib:

            Yalanı özünə artıqlıq bilən,

            Nakişisən, nakişinin oğlusan!

            Torba sal boynuna, kəndlərdə dilən,

            Zindəndənəsən, sən dişinin oğlusan!

            Qəribədir ki, peşəsi naxırçı olsa da, şair özünə Bağban təxəllüsünü seçmişdi və yazdığı həcvlərində də bu təxəllüsdən istifadə edərdi. O da maraqlıdır ki, şairin şeirlərinin hərəsinin öz hekayəti var. İllah da həcvlərinin!..

            “Gəyəli” həcvi, deyilənə görə belə yaranıb: şair aclıq zamanı oğlu Cavadı da götürüb qonşu Gəyəli kəndinə gedir ki, yundan toxunma cecimlərini* və mahud şalvarını satıb taxıl alsın. Lakin Məşhəd ziyarətindən qayıdaraq dam üstündə halay vurub söhbətləşən kənd başbilənləri şairi görüb dağılığırlar. Bundan qəzəblənən Nağban Molla Həmidin yanına gələrək bədahətən dediyi həcvini yazıya aldırır:

            Cecimi unutmuşam, ağ şalvarla ağlamışam,

            Yazmışam bu qissəni, qiyamətə saxlamışam,

            Şairəm, muzd-babalım boynunuza bağlamışam,

            Hünərin varsa, cavab yaz mənə, ay vız Gəyəli,

            Yoxsa ....... tüstüyə bir qız Gəyəli!

            Bu bənd Cəmil müəllimin adını çəkdiyim kitabında olsa da, sonuncu misra ora düşməyib. Mən bu bəndi tam halda Zəngilanda “Kənd həyatı” qəzetinin redaktor müavini olmuş rəhmətlik Şükür müəllimdən eşitmişdim, özü də nöqtələrin yerini tam şəkildə!..

            Bu həcv deyildiyi gün adamların əzbərinə çevriləndə Gəyəli qoluzorluları şairə söyüş göndərir və onu ölümlə hədələyirlər. Bağban “Üstümə qoşun gəlsə, yendirmərəm avazımı” misrasının da daxil olduğu bəndi söyləyərək onları susdurur...

           

            O bilirdi ki, onu axtaracaqlar, arayacaqlar, salıq salıb soruşacaqlar. Haqqında kitab yazılacağını da bilirdi, verilişlər çəkiləcəyini də... Hətta bu yazının yazılacağını da! Axı o vergili idi...

            Küsülülər barışsalar,

            Həsrətimə qarışsalar,

            Bu bağbanı soruşsalar.

            Deyin getdi Şərikana...

           

            Şıxməmməd Bağban adi bir çoban idi. Nəsil adının nə olmasından asılı olmayaraq xalq bu çobanı şeyx (şıx)  kimi tanıyır, Şıxməmməd çağırırdı. Özünün götürdüyü Bağban təxəllüsü isə poeziya bağının bağbanı kimi yozula bilər...

            Bu yazı da böyük şairin – şeyxin ruhuna ərməğan olsun!

 

                                                                                                          14.10.2026.

 

-------------------------------------------------------------------------------------

*Zimlever - el arasında rusca zemlemer (yerölçən) sözünün təhrif olunmuş formasıdır.

*Pirçivan – Zəngilan şəhərinin əski adı.

*Cecim – iplik toxunma kilimin ləhcədə işlənən adı.

*Şəkili müəllifin təklifləri əsasında süni intellekt çəkmişdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman