AZAD QARADƏRƏLİ Mən Cəbrandan dönmərəm

 

          AZAD QARADƏRƏLİ

          Mən Cəbrandan dönmərəm

       (Yazıda C.X.Cəbranın “Şərq-Qərb” nəşriyyatında 2009-cu ildə çap olunmuş “Sükutun poeziyası” kitabından istifadə olunub)

 


      Mən ucqar bir kənddə doğulmuşam. Orada mədəniyyət adına tək bircə ibtidai məktəb vardı ki, onun da müəllimi atam idi. Vəssəlam. Nə kitabxana, nə klub, nə uşaq bağçası... Amma min kitaba dəyən sözlər bilən nənəm vardı ki, onun da sözləri məni yazı-pozu adamına çevirdi. Amma yalançı, bayağı və qafiyəpərdaz şair də edə bilərdi. Qanımın arasına orta məktəbi oxuduğum Mincivan qəsəbəsi girdi. Burada hər axşam film verilən kino-teatr, bir neçə məktəb, kitabxana və böyük bazar vardı. Üstəlik, burada ruslar,  ermənilər də yaşayırdı. Burdan Bakıya, Yerevana, hətta Təbrizə qatarlar keçirdi...

      Bu dəmiryolçular qəsəbəsi bizim rayonun balaca Parisi idi. Bakıda çıxan ən yeni romanı azı on gün sonra bura gətirirdilər. Sonra da həmin romanı oxumaqçün növbəyə durardılar.  Ən birinci dəbdə olan paltarı uzağı bir həftə sonra buranın aristokratları, sonra da hamı geyinirdi.  Ən yeni xörəklərin  resepti  tezliklə Mincivana çatdırılırdı. Ən təzə siyasi söhbətlər Tarışın pinəçi budkasında müzakirə olunardı.  Kimi dolamaq lazımdırsa, onun da ssenarisi burada yazılar-cızılardı...

       Burada hamı qəzet oxuyurdu.

       Bu qəsəbənin dəmiryol məktəbi adnandı. Müəllimlərinə müəllim çatmazdı. Siniflərdəki 30 uşaqdan azı 20-si ali məktəbə girirdi.

Bakıda çoxlu mincivanlı yaşayırdı.  Əlləri Moskvaya da çatırdı: dəmiryol biletiylə bütün İttifaqı pulsuz gəzmək olurdu.

      Burada mədəniyyət əsl mənada  qıcqırırdı.

      Amma buranın avaraları, qumarbazları, lotuları, “türemşikləri”  də adnandı. Amma onlar da savadlı idilər.

      Mincivan  şəxsən mənim bir avropalı kimi inkişaf etməyimdə böyük rol oynadı. Hətta o dərəcədə ki, uzun illər  Şərq kitablarından, Asiyadan qaçdım – ayağım yer tutuncan. Elə bilirdim ki, Sədi, “Qobusnamə”, “Min bir gecə” Asiyanın başının bəlasıdır... Əlbəttə, bunda mənim haqqım da vardı. Axı mən tək deyildim. Arxamda M.F.Axundovun, M.Cəlilin, Sabirin hənirtisini  daim duymaqdaydım: “Harda müsəlman görürəm qorxuram.”

     Bir Cəbran Xəlil Cəbran varmış. Uzun zaman bizdən gizlədilən Cəbran. Dərsliklərimizə salınmayan, tərcümə edilib yayılmayan Cəbran... Amma Qərbi Şərqə qatıb yoğuran, yeni bir nemət düzəldən Cəbran özü də Şərqdən Qərbə getmiş, sonra qayıtmış və getməyiynən qayıtmağından YENİ DÜNYA yaranmışdı.

      Cəbran məni də Şərqə qaytardı.

      “Yeddi dəfə öz ruhuma  nifrət etmişəm:

       Birinci dəfə, o yüksəkliyə qalxmaq üçün itaət edəndə.

       İkinci dəfə,  onun şikəstlər yanında axsadığını görəndə.

       Üçüncü dəfə,  ona asan və çətin arasında seçim etmək lazım gələndə asanı seçəndə.

       Dördüncü dəfə,  o zülm edib haqq qazandıranda ki, hamı belə edər deyəndə.

       Beşinci dəfə, o öz zəifliyi ucundan səbri güc kimi qələmə verəndə.

       Altıncı dəfə, o kifir bir simadan üzünü çevirəndə və bilməyəndə ki, bu onun öz simalarından biridir.

      Yeddinci dəfə, o mədhiyyə oxuyub, bunu xeyirxahlıq zənn edəndə.”

      Son qənaətim budur: təkcə şərqli təfəkkürüylə uzağa gedə bilməzsən. Zira təkcə qərbli təfəkkürüylə də  çox məsafə qət etmək çətindir.  Bunların birindən məhrum olana da Cəbranın sözü var:” Sən korsan, mən isə kar və lal. Elə isə gəl əl-ələ tutuşaq. Bir-birimizi anlamağa çalışaq.”

      Lap sonda: Şərqi duymamaq, Qərbi bilməmək, Cəbranı bilməməkdən keçir. Şəxsən mən Cəbrandan dönmərəm.

Yorumlar

Bu blogdaki popüler yayınlar

AZAD QARADƏRƏLİ QUŞ DİLİNDƏ YAZILANLAR (Mahir Rəsuloğlunun hekayələri üzərinə)

AZAD QARADƏRƏLİ BAŞ NAZİRİN FRAKI roman