Qadın Komitəsində seks sözündən qorxurlar
Qadın
Komitəsində seks sözündən qorxurlar
(Yazıçı
Azad Qaradərəli qaynar.info saytının suallarına cavab verir)
Xəbər
verdiyimiz kimi, yazıçı Azad Qaradərəli dövlət qulluğundan azad edilməsi ilə
bağlı ərizə yazmağa məcbur olub. O, bu barədə öz facebook səhifəsində məlumat
verib.
Məlumatda
qeyd olunub: "Bu gündən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsindəki tutduğum baş məsləhətçi vəzifəsindən azad olundum.
Qarşımda iki şərt qoyulmuşdu: ya ədəbi yaradıcılığımı dayandırmalı, ya da ərizə
yazıb işdən azad olunmalı. Mən təbii ki, ikincini seçdim. Ərizəmi yazıb
getdim".
Məsələ
ilə bağlı yazıçıdan aldığımız müsahibəni təqdim edirik:
-
Narazılığın səbəbləri nə idi? Hardan qaynaqlandı? Konkret hansı yazıdan və
hansı məqamdan...
-
Əslində məsələnin kökü dərindədir. Bu adamlar özlərindən başqa heç kimin
öndə olmasını sinirə bilmirlər. Yadınızdadırsa, mənim əsərlərim iki müsabiqədə
- həm AYB-nin müsabiqəsində, həm də Milli Kitab Mükafatında onluğa düşmüşdü.
AYB-nin müsabiqəsində mükafata əsas namizədlərdən biri olsam da (bunu mənə
eşitdirmişdilər) imtina etdim. Bütün qəzetlər, saytlar, hətta televiziyalar
belə bunu işıqlandırdı. Onda eşitdirdilər ki, sən niyə AYB-ni tənqid edirsən?
Məgər oranın üzvü deyilsən? AYB-nin üzvü olmayan necə yazıçı olar və sair.
Sonra mənim saytlardakı yazılarıma, fs-dəki statuslarıma ilişməyə başladılar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Aynur
Sofiyeva jurnalistikanı bitirsə də, bu sahədən xəbərsiz adamdır. Mənim
cümlələrimi savadsızcasına redəktə edirdi. Mən bir dəfə
susurdum, iki dəfə susurdum, axırda dözmürdüm, etiraz edirdim.
Burda isə etiraz qəbul olunmur. “Bəli, baş üstə” lazımdır. Ən
nəhayət, sizin saytda və “Azadlıq” radiosunun Oxu zalında yayımlanan “Eteri”
hekayəmi oxuyub şok keçirmişdilər. Təsəvvür edirsiniz? Qadın Komitəsində “seks”
sözündən cin dəmirdən qorxan kimi qorxurlar. Hamısını demirəm, amma bir
çoxları o hekayəni oxuyandan sonra mənə salam vermirdilər. Sonra bunu donos
kimi hazırlayıb sədrə verirlər. Sədr də işçilərinin sözünü tutdu. Əslində mən
bundan artığını gözləmirdim heç. Sonra “Kaspi” qəzeti məndən xəbərsiz o
hekayəni çap elədi. Bu onları daha da qızışdırdı. Qarşımda qəti tələb qoyuldu
ki, yazmamalıyam! Məcbur olub başqa ad altında yazmağa başladım. aktivistplyus.com
və carci.az saytlarında Ayxan Murad mənəm (Nəvələrimin adlarıdır).
Şəkli də internetdən tapmışdım. Mən belə vəziyyətə cəmi on gün dözdüm. On
birinci gün indi, Oxu zalında olan “Fəlsəfə asvalta yıxılmışdı” hekayəmi yazdım
və yayımlandı. Eşitdiyimə görə o hekayə çıxandan sonra mənim haqqımda
qəti qərar verilib. Vaqif Yusiflinin “Burda yer fırlanmırdı” kitabım haqqında
yazdığı möhtəşəm məqalə isə bu qərarı daha da sürətləndirib.
“Publika.az” saytına verdiyim geniş müsahibə isə son nöqtəni qoydu.
-
Dövlət qulluğu haqda qanunda yaradıcılığa icazə verilir. Eyni zamanda bu Konstitusiyada təsbit olunur... Bunu
bilmirlərmi?
- Mən bunu onların nəzərinə
çatdırmışdım. Hətta Elçini misal çəkmişdim. Gülməli cavab verirdilər: o, baş
nazirin müavinidir, ona olar. Quyuya su tökməklə olmaz... Bilirsiniz, buradakı
adamların əksəriyyəti ana dilimizi bilmirlər. Əsasən rusdillilər və qismən də
ingiliscə bilənlərdirlər. Ona görə də onlar nə Konstitusiyanı, nə hansısa
əsasnaməni anlayırlar. İnanın, mənə Komitənin saytına qoymağa xəbər
gətirirdilər, 5-ci sinif şagirdinin səviyyəsində idi bu yazılar. Orada bütün
ağırlıq 5-6 adamın üstündədir. Qalanları səhər-axşam qol çəkənlərdirlər,
vəssalam.
- Niyə
ərizə yazdınız? Bəlkə hüquqlarınızın müdafiəsi üçün müvafiq instansiyalara
müraciət edəydiniz.
- Bilirsiniz, bizim kimi avtoritar
ölkələrdə bu çox çətin məsələdir. Gərək əlimdəki yarımçıq yazılarımı saxlayıb
ora-bura lazımsız ərizələr yazaydım. Onsuz da bu bir il iki ayda mənə dəyən
dəymişdi. İki kitablarını hazırlayıb çap etdirmişdim, biri də hazır idi, Aynur
Sofiyeva axırda əlimdən alıb iki cümlədə beş səhv buraxan birinə verdi.
Məni yandıran o idi ki, o kitab şəhid uşaqlara həsr olunmuşdu və mən orada
onacan hekayə yazmışdım. Buradan bəyan edirəm ki, əgər həmin kitabı
kiminsə redaktorluğu, yaxud müəllifliyi ilə çap etdirsələr, onları məhkəməyə
verəcəyəm. Kitabdakı iki hekayənin müəllifi Lətafət Tağızadə (onu da
urvatsızcasına təqaüdə göndərdilər), qalanları isə mənə məxsusdur. Ümumən
kitabı mən hazırlamışam. Sağlıq olsun, o kitab haqqında mətbuatda ayrıca
söz açacağam. Hə, onların bir jurnalı da var: “Ailə, Qadın, Uşaq”. Mən ora
gedənəcən, ildə yalnız bircə nömrə buraxa biliblər. Mən isə bir ildə 4 nömrə
buraxdım. Təsəvvür edirsiniz, sədrin bütün çıxışları, məqalələri sənin
çiynindədir, kitablar, jurnal, üstəlik saytın idarə olunması... Aynur Sofiyeva
sayta guya cavabdehdir. Amma bir yazını on dəfə oxuyur, qorxa-qorxa gah
bir cümləni əlavə edir, gah çıxardır. İnanın ki, oraya bir xəbər qoyunca, ətim
tökülürdü. Amma dözürdüm. Bilirsiniz niyə? Mənim təqaüd yaşıma 4 il
qalmışdı. Düşünürdüm ki, dövlət qullıuqçusu kimi çıxaram, yenə bir şey alaram,
əgər belə adi jurnalist, yaxud müəllim kimi çıxsam, 150 manat
təqaüd alcağam... Amma dözümün də bir həddi var axı...
- Məcburi
köçkünsünüz, sosial vəziyyətiniz necədir hazırda?
- Mən sızıldayan adamları sevmirəm. Kişi
sızıldamaz. Amma haqqımı da almamış, heç kimə havayı iş görmərəm. Orada
mənim haqqımı yeməyə başlamışdılar. Ona görə əvvəl təklif etdilər ərizəmi yazmağa,
sonra təhrik... Mən də görünür buna özümü hazırlamışdım... “Uf” demədən yazıb
getdim. Qaçqın-köçkünə gəlincə, indi respublikada hamı qaçqın-köçkündür. Mənim
yaxşı övladlarım var, alın təriylə pul qazanırlar. Yoldaşım
müəllimədir... Mən də, dostların canı sağ olsun, bir yerdə
işləyəcəyəm yəqin ki. İndi əlimdə lki romanım var, çapa hazırlayıram. Bir
hekayələr kitabım çapa hazırdır. İngilis dilində hekayələr kitabım da
hazırdır, görək Amerikadamı, ya İngiltərədəmi çap etdirəcəyəm... Bir romanımı
da yenicə bitirmişəm. Onun redəktə işləri durur. Mən onların felinə
uysaydım, bir belə işi görə bilməzdim axı...
- Sizcə
niyə yazıçıların hüquqlarını müdafiə üçün üz tutacaqları bir məkan yoxdur?
Məsələn, jurnalistlərin bu imkanları qat-qat üstündür.
- Cavab çox sadədir: yazıçılardan
qorxurlar. Yazıçının sözünün çəkisi var axı (Mən qulbeçə yazıçılardan
danışmıram, sözünün ağası olanları deyirəm). Ona görə də yazıçını
ələbaxan etmək, özlərinə mədhiyyə yazana çevirmək istəyirlər. Elə 90 faiz
yazıçıları bu kökə sala biliblər. Qalır təmizlər, əyilməyənlər, onları da
sındırmağa çalışırlar. Əyilməyən sınmağa meyilli olur axı – sındırmaq asandır
belələrini. Amma hamını sındıra bilməzsən ki! Lap öldürərsən, intihar
etdirərsən, amma o, ölümüylə də sənə meydan oxuyacaq, səni məğlub edəcək...
Bunlar da məni AYB-çilərdən sanmışdılar. Vur başına, çörəyini əlindən al. Amma
məni bu bir ildə tanımaq imkanı qazanan kimi sındırmağa cəhd göstərdilər,
alınmayanda qapını göstərdilər.
-
Yaradıcılıq və məmurluq. Azərbaycanda ədəbiyyatla yaşamaq mümkün deyil deyə
yazıçılar müxtəlif sahələrdə işləyir. Məmur-yazıçılar da çoxdur. Sizcə indiki
vəziyyətdə məmur yaxşı yazıçı ola bilərmi?
- Yuxarıda dedim ki, indi iki romanımı
çapa hazırlayıram. Sizə bir sirr açım: o romanın biri, yəni “Kuma-Manıç
çökəkliyi” çap olunsa da (redaktoru olduğum “Yazı” dərgisinin 4
nəmrəsində çıxıb, yazidergisi.com ünvanında onlayn oxumaq olar), o
biri – “Şəhərcik” romanı isə həmin romandan əvvəl yazılsa da, çap olunmayıb.
Romanın mövzusu elədir ki, onu çap etdirsəydim, gərək işdən çıxıb evdəcə
oturaydım. Bax, görürsünüz, sualın cavabı öz-özünə gəldi: xeyir, bu, heç bir
halda mümkün deyil. Yazıçı heç kimin pul kisəsindən asılı olmamalıdır. Mən
əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanını bu yaxınlarda
oxumağa başlamışam, sizi inandırıram ki, mənim “Kuma-Manıç çökəkliyi”
romanım ondan geri qalan əsər deyil, bəlkə irəlidə olar (İstəsəniz, bu barədə
Pərvizdən, Tehran Əlişanoğlundan, Qismətdən soruşa bilərsinz – onlar əsəri
oxuyublar). Sadəcə Xalid Hüseyni ABŞ-da yaşayır, həkimdir... Bizdə isə ən yaxşı
halda işlədiyin yerdən 300 manat alırsan, onu da ailə işlərinə sərf edirsən...
- “Yazı”
dərgisinin adını çəkdiniz. Necədi vəziyyət, onu buraxa bilirsiniz?
- Rusların “zakon podlosti” dediyinin
bizdə qarşılığı təxminən belədir: “Bir başa iki yumruq”. Mən işdə təhdid
olunmağa başlayandan üç ay qabaq dərgimizin Avstryada yaşayan xeyirxahı
Əkrəm bəy vəfat etdi. O, Bakıya gəlməyə hazırlaşırdı və biz bir-birimizi
ancaq internetdə tanımışdıq. Qəribə adam idi, özü haqqında qəti bilgi
vermək istəmirdi. Hətta məndən xahiş etmişdi ki, bu sirri onun ölümündən
sonra da açmayım. Amma buna sadəcə yazıçılığım imkan vermədi: oxucular
qoy bilsin ki, belə təmənnasız insanlar olub. Allah rəhmət eləsin. Oğlu
dilimizi bilmir, mənə almanca məktub yazmışdı, oxutdurdum, məlum oldu ki, o,
atasının mənimlə hansı ilişkiləri olduğunu bilmək istəyirmiş. Cavabı alan kimi
susdu... Nəysə, dərginin vəziyyəti də ədəbiyyatımızın günündədir. Amma
toparlanacağıq, imkanlı, imkansız dostlarımıza müraciət edəcəyik. Sadəcə, bir
az nəfəs dərməyə ehtiyac var.
- Sizə
uğurlar.
- Çox təşəkkür edirəm.

Yorumlar
Yorum Gönder